XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
AzərTAC xəbər verir ki, bu günlərdə Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin qonağı olub. Mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri səfiri” diplomuna layiq görülüb.
Görüşün sonunda Cefri Verbok səmimi ab-havada təşkil olunan görüş üçün Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovaya və onun komandasına təşəkkürünü bildirərək, görüşdən məmnun qaldığını qeyd edib.