Bu gün şair-dramaturq Adil Babayevin vəfat etdiyi gündür. 1977-ci ilin 20 avqustunda Azərbaycan Sovet ədəbiyyatına təkrarsız sonetlər müəllifi kimi düşmüş Adil Babayev 52 yaşında gözlərini əbədi olaraq yumub.
Ölümündən bir neçə gün əvvəl şair “Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır” sətirləri ilə başlayan soneti öz xəttiylə cib dəftərinə yazıb. Həmin sonetdə amansız xəstəliyin bir ömrə nüfuz etməsi, işıqlı dünyanı zülmətə çevirmək çabaları, amma ümidlərin sonadək duruş gətirməsi, yaşamaq istəyi böyük ustalıqla qələmə alınıb. O, şeiri yazıb, dərc olunması üçün “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasına təqdim edib, taleyin hökmünə baxın ki, məhz şairin vəfat etdiyi gün həmin sonet dərc olunub. Özü də bilmədən, sən demə, şair öz elegiyasını yazıbmış.
Bu gün Adil Babayevin vəfatından 44 il ötür. Ruhu şad olsun!
SON SONET
Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır,
Ağrılar, üzüntülər əskilməyir canımdan.
Bilmirəm bu əziyyət haçan qurtaracaqdır,
Azad olacağammı qıfılsız zindanımdan?
Yaşamaq istəyirəm, axı şirindir həyat,
Yuvalanıb sinəmdə arzular dəstə-dəstə.
Sığmayır varlığımda neçə dolu kainat,
Heyif ki, səfərdəyəm... Yol üstəyəm, yol üstə...
Kaş yapışsın əlimdən Günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfüqləri.
Çağlasın varlığımda işıq dolu bir ilham.
Mən ömür istəmirəm riya, xəyanət üçün.
Yurduma gərək olan söz üçün, sənət üçün –
Qələmdən doymamışam, ömürdən doymamışam...