Super User

Super User

Çərşənbə, 17 Avqust 2022 16:54

Həyatınızda kitaba heçmi yer yoxdur?

 

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər şəhərlərin başçıları, icazə verin bizim də belə küçəmiz olsun. Hər şəhərdə bir kitab passajı olsa dünyamı dağılar?

Amma vətəndaşlarımız da gərək bunu istəsin. Hər yana baxsan ət bazarıdır. Həyatınızda kitaba, incəsənətə heçmi yer yoxdur?

 

Şahbaz Xuduoğlu

Çərşənbə, 17 Avqust 2022 15:00

Günün fotosu: Okeanlar xilas edilməlidir

Günün fotosu: Okeanlar xilas edilməlidir

 

Nyu-Yorkda, Bruklin körpüsünün altında Greenpeace-in fəalları dünya okeanı üzrə Konvensiyanın imzalanmasına çağırış edən banner yerləşdiriblər.

Nəticəsiz dörd sessiyadan sonra BMT-yə üzv dövlətlər okeanların müdafiəsi haqqında müqavilənin yekun bağlanmasına yönələn danışıqları bərpa ediblər.

 

Foto: Euronews

 

“Şantaram” romanını oxumayan çətin tapılsın. Apple TV+” şirkəti “Şantaram” serialının premyera tarixini açıqlayıb. 

 

“Ədəbiyyat və incəsənət” TASS-a istinadla xəbər verir ki, rejissoru Bharat Nalluri olan, Çarli Hunnamın rol aldığı ekran əsəri 2022-ci il oktyabrın 14-də yayımlanacaq. Premyera günü ilk üç seriya nümayiş olunacaq. 

Qeyd edək ki, Qreqori Devid Robertsin eyniadlı epik romanı əsasında çəkilən “Şantaram” serialının ssenari müəllifi Stiv Laytfutdur.

Maraqlıdır ki, o, peşəkar ssenariat deyil, prodüsserdir.

Çərşənbə, 17 Avqust 2022 12:00

Monteneqrodakı kəpənəklərin göz yaşları

 

Siyasət və mədəniyyət xadimləri bir araya gələndə mütləq kreativ ideyalar ortaya çıxır. 

Monteneqronun Fəxri Konsulluğunda Fəxri Konsul Dr. Vüqar Əliyev Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katibi, İki dəfə Prezident təqaüdçüsü, Gənclər Mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Müdafiə Nazirliyi ilə birgə həyata keçirdiyi "Tarixi Yaşadanlar" adlı layihənin rəhbəri, YAP-üzvü Aysel Kərim ilə görüşmüşdür. 

 

Aysel Kərim “Ədəbiyyat və incəsənət” portalına məlumat verir ki, görüş zamanı bir çox məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. O cümlədən Azərbaycan mədəni həyatında mühüm rol oynayan tədbir və layihələr, mədəni irsi əks etdirən mövzular ətrafında söhbətlər getmişdir. 

Vüqar Əliyev müəllifi olduğu "Monteneqro- Adriatik sahilinin incisi", Aysel Kərim isə müəllifi olduğu "Kəpənəyin göz yaşı" adlı kitabını qarşılıqlı şəkildə bir-nirilərinə bağışlamışlar. 

Sonda xatirə fotosu çəkdirilmişdir.

 

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı  nəşr olunub.

Qeyd edək ki, jurnalın bu nömrəsində oxucular maraqlı mövzularla tanış ola biləcəklər. 

 

“Xəzər”in oxucuları jurnalın bu nömrəsində “Korifeylər” rubrikasında Fyodor Dostoyevskinin “Zavallılar” romanı, “Azərbaycan ədəbiyyatı”nda Musa Yaqubun şeirləri, “Hekayə”də Nikolae Yesinenkunun “Bizim nəsil ağacımız” hekayəsi, “Slovakiya ədəbiyyatı”nda Peter Yaroşun “Ceviz” və “Ay bədirlənəndən sonra” hekayələri, “Polyak poeziyası”nda Vislava Şimborskanın şeirləri, “Türk dünyası”nda Timur Pulatovun “Mülk” hekayəsi, “Gündəlik”də Virciniya Vulfun gündəlikləri, “Memuar”da Vladimir Mayakovskinin məktubları, “Dublin mükafatı laureatları”nda Kolm Toybinin “Bruklin” romanı, “Çağdaş rus ədəbiyyatı”nda Vladimir Sorokinin “Snayperin səhəri” və “Ov mövsümünün açılışı”, eləcə də “Ağ gözlü qara at” hekayələri, “Teatr” rubrikasında isə Harold Pinterin “Mətbəx lifti” pyesi və digər əsərlərlə tanış ola biləcəklər.

 

Oktyabrın 2-də Heydər Əliyev Sarayında bəstəkar, Xalq artisti, bıstəkar, insrtumental musiqisi ilə qəlbləri riqqətə gətirən Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan möhtəşəm konsert proqramı keçiriləcək.

 

Sarayın mətbuat xidmətindən mediaya yayılan məlumata görə, yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Ağadadaş Ağayev, Murad Adıgözəlzadə, Cavan Zeynallı, Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və başqaları çıxış edəcəklər. 

İfaçıları səhnədə Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. 

Yubileydə bəstəkarın unudulmaz “Bayatılar”, “Bakılıyam mən”, “Melody”, “Yarı məndə, yarı səndə”, “Gecələr keçir”, “Ola bilməz”, “Bu sevgi”, “Bayatı-şiraz”, “Bir daha”, “Dünya köhnə dünyadı”, “Karnaval” və s. əsərləri səslənəcək.

Qeyd edək ki, yubiley konsertinin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək mümkündür.

Çərşənbə, 17 Avqust 2022 10:05

Bu gün İrem Derici Mərdəkanda konsert verəcək

 

Türk pop dünyasının məşhur ifaçısı İrem Derici bu gün - 17 avqustda Mərdəkanda, Dalğa Beach-də yerləşən Şazeli bahçe restoranında konsert verəcək. 

 

Yeməklə birgə proqram şəklində təşkil olunan İrem Dericinin konsertinə biletlər sayılı saydadır. 

Səhərə qədər davam edəcək şouya rezervasiya üçün bu nömrələrə müraciət edə bilərsiniz: 050 777 76 91 // 050 777 76 92

 

“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.

 

Rahel Bluvşteyn

Xanım Rahel Bluvşteyn 1890-cı ildə Rusiyada - Saratovda anadan olub. Uşaqlığı və gəncliyi Poltavada keçib. Yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb. 1909-cu ildə Rusiyanı tərk edərək indiki İsrail dövlətinin Rehovot şəhərinə köçüb. 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və geri qayıda bilməyib. Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Vərəm xəstəliyinə yoluxub. Elə ən yaxşı şeirlərini bu zaman - tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb.

Bu dövrdə bədii tərcümə ilə də ciddi məşğul olub.  Şeirlərinə çoxlu mahnılar qoşulub. İsrailin milli şairəsi olaraq qəbul edilir.
1931-ci ildə Tel-Əvivdə  vəfat edib

 

***

Titrək əllərinlə sığal çəkəndə
saçıma, istidən üşüdüm, dondum,
çəkilməz dərdlərin məngənəsində
qaldım, qəfil kədər ruhuma qondu.

 

Bizdən yer üzündə biri-birinə
göydəki ulduzlar daha yaxınmış,
içək badəmizi, enək dibinə -
tale yazısını beləcə yazmış,


***

Görüş, yarımgörüş, qaçaraq baxış,
asta salamlaşma...kimsə udqunur.
Hər şeyi elə bil yuyur bir yağış-
səadət dalğası, dərdin uçqunu.

 

Deşilib bərəsi unutqanlığın,
Dəf etməz tufanı, duruş gətirməz.
Çökürəm diz üstə, neyləyim axı,
içirəm, bu yanğı çiçək bitirməz.

***

Nə şirin misralar,
nə xoş kəlmələr
yazmadım adına
gözəl vətənim.
O çay kənarında
o palıd ki var,
mən əkdim,
o  izlər mənimdir, mənim.

 

Bilirəm,  ay anam,
yoxdur bir şübhə -
qızının sovqatı
yaman kəmdir, kəm.
Bir azca qəhqəhə-
günəş doğanda,
Bir azca göz yaşı-
bədbəxtliyimdən.

***

Qapı taqqıltısı, kilid, cingilti,
Səngiyir addımlar bu gecə vaxtı.
Neyçündür çağırış, qüssə, inilti,
Sən ki eşitmirsən...zavallı baxtım.

 

Hə qürur, ürəyə qoy bir işarə.
Hə kədər, qəlbimə dol, doldur məni.
Elə tənhayam ki, eh, mən biçarə-
Meydanda yol azmış kor adam kimi.

 

***

Qollarımda qara qandal qıvrılanda ağrılardan,
Ehtiyacın dar zamanı sızıltılar dərdli-dərdli
Boyunbağı salacaqmış vərəqlərə misralardan,
Bəyaz-bəyaz kitabları doğacaqmış fərqli-fərqli.

 

Sınacaqmış xəzinənin qapısı da, bacası da,
Mənim küskün ürəyimdə qövr eləyən
Yaraların - incilərin cavanı da, qocası da
Yağmalanıb köçəcəkmiş vərəqlərə.

Rəsm qalereyası: Kazemir Maleviç, “Qara kvadrat”

Çərşənbə axşamı, 16 Avqust 2022 14:57

Tünzalə və Anna Netrebko Bodrumda bir araya gəliblər

Xalq artisti Tünzalə Ağayeva Rusiyanın Xalq artisti Anna Netrebko ilə bir araya gəlib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı axşam.az-a istinadən xəbər verir.

 

ifaçılar Türkiyədə görüşüblər. Hazırda Bodrumda dincələn Tünzalə Anna ilə birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayıb. 

Müğənni paylaşımına "Möhtəşəm Anna Netrebko və Yusif Eyvazovla birlikdə" sözlərini yazıb. 

Qeyd edək ki, Anna Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.