
Super User
Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər
Astana şəhərində Şamşi Kaldayakovun “Mənim Qazaxıstanım” adlı beynəlxalq mahnı festivalı keçirilib.
AzərTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalda Özbəkistan, Ukrayna və Qazaxıstan, Azərbaycan və Qırğızıstanın incəsənət nümayəndələri iştirak ediblər.
Festivalda Şamşi Kaldayakovun qazax musiqi mədəniyyətinin simvoluna çevrilmiş məşhur əsərləri səsləndirilib.
Festivalın təşkilatçısı qismində Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə “Kazakhkonsert” Dövlət Akademik Konsert Təşkilatı çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Qırğız Respublikasının birinci xanımı Türk Mədəniyyəti və İrsi Fondunda olub
Qırğız Respublikasının birinci xanımı Aygül Japarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüş zamanı türk mədəni irsinin qorunması və təbliği sahəsində əməkdaşlıq perspektivləri və təşəbbüsləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, fond Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində fəaliyyət göstərir. Fondun prioritet vəzifələrindən biri "Turkheritage" ümumtürk mədəni irs obyektlərinin çoxdilli kataloqunun, Türk dünyasının mədəni irs obyektlərinin rəqəmsal platformasının yaradılması, təcrübə mübadiləsi üzrə beynəlxalq təhsil proqramlarının həyata keçirilməsidir. Fond, həmçinin mədəni irs mərkəzlərinin açılması, eləcə də qardaş türk xalqlarının mədəni dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi kimi vəzifələri də yerinə yetirir.
Beynəlxalq Muğam Mərkəzinin solistləri və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin iştirakı ilə birinci xanım üçün türk xalqlarının mədəni müxtəlifliyini təmsil edən konsert proqramı təşkil olunub.
Qeyd edək ki, birinci xanımın ziyarəti Qırğız Respublikasının Prezidenti Sadır Japarovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı çərçivəsində baş tutub.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
COP29 çərçivəsində Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner arasında ikitərəfli görüş olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir COP29 kimi mötəbər bir tədbirdə iştirak etdiyinə görə xanım qonağa təşəkkür edib. Bildirilib ki, Azərbaycan dövləti tarixi-mədəni irsin qorunduğu muzeylərin fəaliyyətinə xüsusi diqqət göstərir. Azərbaycanın aparıcı muzeyləri fəaliyyətini müasir tələblər səviyyəsində qurur, dünyanın məşhur muzeyləri ilə, o cümlədən ICOM-la əməkdaşlığa əhəmiyyət verirlər.
ICOM-un rəhbəri qurum haqqında məlumat verib, həyata keçirdikləri tədbir və layihələrdən danışıb.
Medea Ekner Azərbaycan muzeylərinin şura ilə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin milli komitənin qurumun işində aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan muzeylərinin ICOM-un layihələrinə cəlb olunması, ölkəmizin təşkilatın 2025-ci ildə Dubayda (BƏƏ) keçiriləcək baş konfransında təmsil olunması məsələləri ilə bağlı müzakirə aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Azərbaycanla ICCROM arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif tədbir və təqdimatlarla davam edir, ikitərəfli görüşlər təşkil olunur, müzakirələr aparılır. Sessiya çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Francesca Maria Gujral arasında ikitərəfli görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli COP29 tədbirində iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan dövləti mədəni irsin qorunmasını və bərpasını daim diqqətdə saxlayır. Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin qorunmasında uğurla iştirak edib. Azərbaycan Parisdəki Luvr Muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb.
Nazir qonağa 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində tarixi-mədəni irsimizə qarşı həyata keçirilən vandalizm və talan haqqında da məlumat verib. Deyib ki, hazırda dövlətimiz tərəfindən dağıdılıb talan olunmuş abidələrin bərpası istiqamətində sistemli iş aparılır.
ICCROM-un baş direktoru COP29-un yüksək səviyyədə təşkilinə və görüşmək imkanına görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanla ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə birgə təlimlərin, seminarların təşkili və digər məsələlərlə bağlı müzakirə aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Komitə sədrindən bayram təbriki
Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı təbrik ismarıcı ünvanlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ismarıcda bu günün anlamına özəl vurğular edilib:
“Bu gün Azərbaycan Respublikasında Milli Dirçəliş Günü - dövlət bayramıdır.
Bu bayram öz qaynağını 1988-ci ilin son aylarında Bakıda baş vermiş tarixi hadisələrdən alır (17 noyabr - 05 dekabr 1988-ci il). Keçmiş SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX yüzilin 80-ci illərinin sonunda respublikamızda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. - 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq (keçmiş Lenin) meydanında baş verən uzunmüddətli və ümumxalq mitinqləri ciddi nəticələrə gətirib çıxardı.
Beləliklə, sözügedən dönəmdəki və gündəki hadisələr çağdaş milli-azadlıq hərəkatı tarixinə qızıl hərflərlə yazılaraq, respublikamızın istiqlaliyyət qazanmasında əsas amilə çevrildi.
Çox şadıq ki, son dörd il içində digər bayramlarımız kimi 17 Noyabr - Milli Dirçəliş Gününü də əsl bayram dadına, ovqatında keçirə bilirik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, dövlət-xalq birliyi zəminində Qarabağ və Şərqi Zəngəzurun düşmənin 30 illik işğalından qurtulması əsl milli dirçəliş hadisəsi olaraq xarakterizə oluna bilər. Özəlliklə, ötən ilin sentyabrındakı antiterror tədbirləri nəticəsində terrorçuların ağ bayraq qaldırması və suverenliyimizin tam bərpası çox böyük tarixi hadisədir!
Müzəffər Ali Baş Komandanın 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər yaşayış məntəqələrimizdə qutsal bayrağımızı dalğalandırması xalqımıza əbədi qürur, sevinc və fərəh bəxş edib!
Bəli, 36 il öncə meydanda bir araya gəlmək, kütləvi izdiham yaratmaq, birlikdə Sovet rejiminə etiraz etmək milli dirçəlişimizin komponenti sayılır. Nəticədə Azərbaycan dövləti adlanan müqəddəs dəyərimiz meydana çıxdı. İndi bunlar tarixdir. Özəlliklə, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra başqa dirçəlişə ehtiyacımız var:
İntellektual dirçəlişə,
Mədəni dirçəlişə!
Dirçəlişlə də iş bitmir. Dirçələndən sonra Addımlamaq da lazımdır. Yüksəlişə doğru,
Yeniliyə doğru,
Rifaha doğru…
Milli dirçəlişimizi ayrıca bir 17 Noyabr günündən çıxarıb hər günümüzün yaşam normasına çevirməliyik. - Qalib ölkə vətəndaşı belə bir dirçəlişi - yenidən dirilişi haqq edir.
Bu bayram günündə əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əyir, qazilərimizə möhkəm cansağlığı, ordumuzun hər bir əsgərinə, zabitinə güc-qüvvət diləyirik!
MİLLİ DİRÇƏLİŞ GÜNÜMÜZ QUTLU OLSUN”!
“Ədəbiyyat və incəsənət”
(17.11.2024)
Bu gün Milli Dirçəliş Günüdür
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Milli Dirçəliş Günü, Azərbaycanın müasir tarixində mühüm və taleyüklü bir dönüş nöqtəsidir. Bu gün hər il 17 noyabrda qeyd edilir və xalqın milli azadlıq və müstəqillik yolundakı mübarizəsini simvollaşdırır. 1988-ci ildə Bakıda baş verən hadisələr Azərbaycanın sovet dövründən çıxışının, milli kimliyin və azadlıq uğrunda mübarizənin başlanğıcı kimi yadda qalıb.
1980-ci illərin sonunda Sovet İttifaqının siyasi və iqtisadi zəifliyi mərkəzləşdirilmiş hakimiyyətə qarşı müxtəlif respublikalarda, o cümlədən Azərbaycanda xalq etirazlarını alovlandırdı. Xüsusilə, Ermənistanın Dağlıq Qarabağla bağlı iddiaları, Azərbaycan torpaqlarının ələ keçirilməsi və erməni millətçilərinin separatçı tələbləri Azərbaycanda geniş miqyaslı narazılıqlara səbəb oldu. Bu dönəmdə Sovet rəhbərliyinin tərəfkeş və qeyri-obyektiv siyasəti insanların etimadını itirdi və kütləvi aksiyalar başladı.
1988-ci ilin noyabrında baş verən hadisələr xalqın milli birliyinin və müqavimətinin rəmzinə çevrildi. Bu ayda minlərlə insan Bakının Azadlıq meydanına toplaşaraq erməni təcavüzünə və sovet rəhbərliyinin ədalətsiz siyasətinə qarşı etirazını ifadə etdi. 17 noyabrda başlanan bu mitinqlər təkcə Dağlıq Qarabağ məsələsinə qarşı deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin bərpası, suverenlik hüquqlarının qorunması və öz müqəddəratını təyin etmə arzusunun ifadəsi idi.
Bu aksiyalar Sovet hakimiyyətinin güc strukturlarının zorakı müdaxiləsinə baxmayaraq, Azərbaycan xalqının milli iradəsini sındıra bilmədi. 17 noyabr aksiyası milli dirçəlişin və azadlıq hərəkatının ilk böyük nümayişi kimi tarixə düşdü. Bu hadisələrdən sonra Azərbaycan xalqı müstəqilliyə aparan yolda daha aktiv və mütəşəkkil şəkildə mübarizə aparmağa başladı.
1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Milli Dirçəliş Günü, xalqın birlik və müstəqillik uğrundakı əzmini, milli şüur və kimlik uğrunda apardığı mübarizəni xatırladır. Bu gün Azərbaycanda dövlət bayramı kimi qeyd olunur və həmin tarixdə baş verən hadisələrin əhəmiyyəti gələcək nəsillərə milli iftixar hissi və tarixdən dərs almaq kimi ötürülür.
Milli Dirçəliş Günü, Azərbaycan xalqının azadlıq yolunda göstərdiyi iradə və birliyin, həmçinin milli ideallar uğrunda mübarizənin parlaq simvolu olaraq, hər il xatırlanır və qeyd edilir. Bu bayram Azərbaycan xalqının milli kimliyini qorumaq və müstəqillik ruhunu yaşatmaq üçün bir oyanış, həmrəyliyin və milli mənlik şüurunun ifadəsidir.
REDAKSİYADAN:
Çox istərdik ki, bu gün hansısa ayrı-ayrı şəxsiyyətlərlə (Nemət Pənahlının adını 17 Noyabrla qoşa çəkmək praktikası genişdir) bağlanmasın, bütöv xalqla bağlansın. Çünki Milli Dirçəliş Gününün müəllifi Azərbaycan xalqıdır!!!
Şəkildə: 1988-ci ildə ovaxtkı Lenin, indiki Azadlıq meydanında milyonlar.
“Ədəbiyyat və incəsənət”
(17.11.2024)
A.KƏRİMLİ: “Dünya ictimaiyyətinin diqqəti mədəniyyətin iqlimə təsiri mövzusuna daha çox cəlb olunur”
SİTAT:
“Azərbaycanda keçirilən COP29 çərçivəsində iqlim dəyişikliyi və mədəniyyət mövzusu müzakirələrdən kənarda qalmadı. Bu gün müxtəlif ölkələrdən mədəniyyət nazirləri və həmin nazirlikləri təmsil edən geniş mütəxəssis heyətinin iştirakı ilə Mədəniyyət əsaslı İqlim Fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu Görüşü oldu. İclasda "Mədəniyyət və iqlim dəyişikliyi" mövzusu əsas müzakirəmizə çevrildi.
İclasın vacib məqamlarından biri COP28-də əsası qoyulan və bu gün təsdiqlənən “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu” təşəbbüsüdür. Bu gün həmin təşəbbüs qrupunun ilk şərtlər toplusu təsdiq edilmiş oldu. Təbii ki, Azərbaycan də buna qoşularaq Birləşmiş Ərəb Əmirliyi və Braziliya ilə birgə "Dostlar qrupu" təşəbbüsünün həmsədri olaraq təqdim edildi. Bu gün Azərbaycanın sədrliyi ilə bu şərtlər toplusu ölkələr tərəfindən qəbul edildi.
Artıq "Dostlar qrupu"nun üzvlərinin sayı get-gedə çoxalır. Dünya ictimaiyyətinin diqqəti məhz mədəniyyətin iqlimə təsiri mövzusuna daha çox cəlb olunur.”
Mədəniyyət naziri Adil Kərimlinin jurnalistlərə açıqlamasından.
“Ədəbiyyat və incəsənət”
(16.11.2024)
Bu gün Fikrət Sadığın anım günüdür
2016-cı ilin 16 noyabrında şair, ssenarist, Azərbaycan ədəbiyyatının unudulmaz simalarından biri Fikrət Sadıq haqqa qovuşub. Ruhu şad olsun!
Anım günündə onun qızı Aysel Fikrətin ona ithaf etdiyi bir şeirini təqdim edirik:
BU GÜN ÖLÜMLƏRİN GÜNÜDÜR
Bu gün ölümlərin günüdür.
Bu gün əlini üzüb əlimdən,
Getdin üzü Allaha.
Mən sonra tək qaldım bu qovğada.
Hərdən xəyalına,
elə bərk-bərk sarıldım,
Öz-özümü isitdim.
Sən gedəndən hər gün 16 noyabr, Ata.
Sən gedəndən dünya çılpaq qaldı,
Özümə ata oldum sən gedəndən.
Hər dəfə “sən bu an nə edərdin” düşünüb,
Yaşadım.
Çoxdandı susuram,
Sən nələr olduğunu bilirsən.
Mən sənsizəm,
Sən yerinsən, goyünsən.
Bu gün daha çox salır yadima sənsizliyi.
Mən tək səni sevdim.
Ata.
Bu gün ölümlərin günüdür
Bu gün ölümü bir nəfəslik hiss etdiyim gündür.
Üzünü yana tutub getdiyin,
Qonur gözlərində donduğun,
Qorxudan var gücümlə qaçdığım gün.
Bu gün ölümlərin günüdür ata,
Ölümlərin.
“Ədəbiyyat və incəsənət”
(16.11.2024)
“Kədər ilahilik, maksimal səssizlik üçün ən əsas duyğudur” deyən RAUF RA vəfat etdi
Gənc şair, publisist Rauf Ra vəfat edib.
Medianın dünən gecə yaydığı xəbər hamını sarsıtdı.
Yaxınlarını verdiyi məlumata görə o, dəm qazından boğularaq dünyasını dəyişib.
Rauf Ranın şeirləri və publisistik yazıları dövri mətbuatda mütəmadi şəkildə çap olunurdu.
“Ədəbiyyat və incəsənət” onun böyük istedadını göstərən bir sənətşünaslıq yazısından və bir essesindən fraqmentlər gətirərək mərhumun ailəsinə başsağlığı verir.
Birinci yazı “Alleqorik kompozisiyalar” adlanır.
Quruluş, məkan və qrup dinamiklərinə toxunaraq, rəsm və fotoqrafiya arasındakı sərhədi pozan alleqorik kompozisiyalar yaratmaq və ya qısaca - müasir fotoqrafiya.
Rəsm və fotoqrafiya arasında olan qırıq xətlərdən ibarət sərhəd gözə çarpmayan simmetrik balansın yaranmasının şərti iştirakçısına çevrilir. Müasir fotoqrafiya, eləcə də heç də uzaq olmayan zamanın gələcək üçün klassikləşmiş fotoqrafiya ustaları bu sərhədi pozaraq fotoqrafiyanı rəsmin sənət daxilindəki futurist missiyasına gətirə biliblər.
Fotoqrafiyada bədii obrazın sənədli və şəkilli olması fotoqrafın bədii obrazının spesifikliyinə çevrilərək, bədii fotoqrafiyanı tamamlayıb fotoqrafiyanı məişətdən sənətə ötürür.
İkinci yazı isə “İntelektual mənasızlıqda izoterika” adlanır. Altbaşlığı isə “Kədər”dir.
Qorxu və qəzəb. Bu iki duyğu varsa kədər də vardır. Bəs kədərin bu intellektual mənasızlıqda, heçlikdə rolu nə idi?
Van Qoq ölüm ayağında olan zaman qardaşı Teo-ya belə deyir:
"La tristesse durera toujours”
Yəni, kədər heç bir zaman bitməyəcək. Eyniylə, rəssamın dediyi kimi kədər daima olub və daima da olacaq. Bir çox yazarlar da insanın özünü dərk etməsində ən vacib duyğu olaraq kədəri - ağrını, acını göstərirlər. Razıyam. Belə də olmalıdır.
"Kədər nə qədər dərin olarsa, insan da ilahiyə bir o qədər yaxın olar"
- Dostoyevski
Dostoyevskinin dediyi kimi kədər ilahilik, maksimal səssizlik üçün ən əsas duyğudur. Ezoterikanın təməlidir. Dadaistlər bu duyğudan qurtulmağa, sənətdə bu duyğunu barındırmaqdan əl çəkməyə çalışırdılar.
Qeyd: Yazıların mətni edebiyyat.az-dan götürülüb.
“Ədəbiyyat və incəsənət”
(16.11.2024)
“Qaynana əməliyyatı" səhnədə
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
15 noyabr 2024-cü il tarixində Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində İ.Dağıstanlı adına Qax rayon Xalq teatrı tərəfindən “Qaynana əməliyyatı” tamaşası səhnələşdirilib.
Qeyd edək ki, Gülşad Paşayevanın rejissorluğunu etdiyi, Şəmsəddin Quliyev, Yusif Qurbanov, İbrahim Paşayev, Vüsalə Mustafayeva, Aydan Əhmədli, Nəvai Əliyev və Ceyran Rəcəbovanın rol aldığı tamaşa dördüncü dəfədir ki, nümayiş olunub.
Tamaşa Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri və rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(16.11.2024)