2016-cı ilin 16 noyabrında şair, ssenarist, Azərbaycan ədəbiyyatının unudulmaz simalarından biri Fikrət Sadıq haqqa qovuşub. Ruhu şad olsun!
Anım günündə onun qızı Aysel Fikrətin ona ithaf etdiyi bir şeirini təqdim edirik:
BU GÜN ÖLÜMLƏRİN GÜNÜDÜR
Bu gün ölümlərin günüdür.
Bu gün əlini üzüb əlimdən,
Getdin üzü Allaha.
Mən sonra tək qaldım bu qovğada.
Hərdən xəyalına,
elə bərk-bərk sarıldım,
Öz-özümü isitdim.
Sən gedəndən hər gün 16 noyabr, Ata.
Sən gedəndən dünya çılpaq qaldı,
Özümə ata oldum sən gedəndən.
Hər dəfə “sən bu an nə edərdin” düşünüb,
Yaşadım.
Çoxdandı susuram,
Sən nələr olduğunu bilirsən.
Mən sənsizəm,
Sən yerinsən, goyünsən.
Bu gün daha çox salır yadima sənsizliyi.
Mən tək səni sevdim.
Ata.
Bu gün ölümlərin günüdür
Bu gün ölümü bir nəfəslik hiss etdiyim gündür.
Üzünü yana tutub getdiyin,
Qonur gözlərində donduğun,
Qorxudan var gücümlə qaçdığım gün.
Bu gün ölümlərin günüdür ata,
Ölümlərin.
“Ədəbiyyat və incəsənət”
(16.11.2024)