ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Qədim Xivə şəhərindəki İçənqala Memorial Kompleksində şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə açılış mərasimi keçirilib.
AzərTAC-ın xüsusi
müxbiri Daşkənddən xəbər verir ki, mərasimdə Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Əziz Abduhakimov, bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbakov, TÜRKSOY-un üzvü olan digər ölkələrin mədəniyyət nazirləri, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, UNESCO Baş katibinin müavini Gabriella Ramos, Türk Akademiyasının prezidenti Darxan Kadırali, Özbəkistanın ədəbiyyat, mədəniyyət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə Əziz Abbduhakimov qonaqları salamlayıb, Xivənin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə TÜRKSOY-a minnətdarlıq edib, bundan sonra TÜRKSOY çərçivəsində əlaqələrin inkişafı istiqamətində daha böyük layihələrin həyata keçirilməsinə əmin olduğunu bildirib. O deyib ki, bu mühüm tədbirdə türk dünyasının deyil, dünyanın 60-dan çox ölkəsindən gələn 300-dən artıq nümayəndə iştirak edir.
Bilal Çakıcı bildirib ki, TÜRSOY-un elan etdiyi “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ancaq türk dünyasında deyil, bütün dünyada böyük maraq oyadıb. Bu layihəyə hər il maraq artmaqda davam edir. Türk dünyasının qədim şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi üçün bir-biriləri ilə rəqabət edirlər. Hər il türk dünyasının bir qədim şəhərinin mədəniyyət paytaxtı elan olunması xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, mədəniyyət və sənət adamlarının daha da yaxından əməkdaşlıq etməsinə zəmin yaradır.
Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Gabriella Ramos deyib ki, pandemiya şəraitində bu qədər ölkə nümayəndələrini bir araya yığmaq sözün əsil mənasında böyük hadisədir.
Mərasim çərçivəsində TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxt”larının fotosərgisi açılıb, Özbəkistanın milli geyimləri nümayiş etdirilib.
Bununla bağlı keçirilən konsertdə 300-dən artıq sənətçi iştirak edib, trk dünyasının mahnı və rəqslərini ifa edilib. Konsertdə Azərbaycanın mahnı və rəqsləri də ifa olunub.

Kinokritiklər Amerikalı aktrisa, rejissor və prodüser Olivie Vildenin yeni film çəkməsi xəbərini gündəmə gətirəndən film barədə xəbərlər kino mediasının diqqət mərkəzindədir. Ötən əsrin 50-ci illərində baş verən bir hadisədən bəhs edən və maraqla gözlənilən “Narahat olma sevgilim” (Don't Worry Darling) filmi 2022-ci il sentyabrın 23-də nümayiş ediləcək.
İnsanlar arasındakı qarışıq əlaqənin dinamikasını ortaya qoyan filmin süjet xətti 1950-ci illərdə Kaliforniya çölündə bir utopik cəmiyyətdə yaşayan ailədən bəhs edir.
Dərhal tamaşaçılar və tənqidçilər tərəfindən bəyənilən “Booksmart” filmi ilə rejissorluq karyerasına başlayan Olivia Vilde ikinci uzunmetrajlı filmi olan “Narahat olma, sevgilim” üçün tanınmış aktyorları bir araya gətirib. Filmdə baş rolları məşhur ingilis aktrisa Florence Pugh və dünyaca tanınmış aktyor, model Harry Styles canlandırır.

Türkiyənin TV8 televiziyasının sevilən mahnı yarışması olan “O Səs Türkiyə”nin  yeni mövsümdə münsifləri ilə bağlı dəyişiklik olacaq.  
“Ədəbiyyat və incəsənət Haberler.com-a istinadən məlumat verir ki, proqramın rəhbəri Acun Ilıcalı bu barədə açıqlama verib. Ünlü müğənni Hadisenin daha  “O Səs Türkiyə”də  olmayacağını söyləyən Ilıcalı: “Hadisənin yerinə başqa bir isim düşünürük. Hadisəni bundan sonra yeni layihəmiz olan  “O Səs Rep”də görəcəyik" deyib.

 

16 sentyabr.  Avropada mobillik həftəsinin başlanğıcı

 

Avrokomissiyanın təkidi ilə təqvimə salınan bu gündə bütün diqqətlər ictimai nəqliyyatdan istifadədə, piyada getməkdə və velosiped sürməkdə rahat infrastruktur yaradılmasının stimullaşdırılmasına yönəldiləcəkdir.

 

Bir də görürsən, çox varlı, lüks avtomobilli tanış-bilişinə, qonşularına hədsiz paxıllıq edən, paxıllığı hətta nifrətə çevrilən bir şəxs bu nifrətini yeganə realizə edə bilmək şansından yararlanaraq piyada zolağından saatda 0,000001 km/saat sürətlə keçir, dayanmaq məcburiyyətində olan sürücülərin əsəblərini tarıma çəkir, bax bu gün həm də onların günüdür. Yəni, bu hərəkətə görə söyüş və kötək almaq bu gün istisna edilir.

 

16 sentyabr. Ozon qatının beynəlxalq müdafiəsi günü

 

1994-cü ildə BMT Baş Assambleyası qərara aldı ki, hər ilin bu günü diqqətlər ozon qatının müdafiəsinə yönəldilsin. Bu gün - ozon qatının dağıdan hissəciklər barədə 16 sentyabrda imzalanan Monreal protokolunun şərəfinə təqvimə salındı. 80-ci illərdə Antarktida üzərində alimlər ozon qatının 2 dəfə nazildiyini görüb “ozon yırtığı” ifadəsini leksikona gətirdilər. 1987-ci ildə 36 ölkə, o cümlədən SSRİ ozondağıdan hissəciklərin istehsalını tam dayandırmaq öhtəliyi götürsələr də bu sahədə vəziyyətin əsla düzəlməməsi göz qabağındadır. Ozon qatı nazik bir qaz təbəqəsidir ki, çətir kimi Yer kürəsini Günəşin öldürücü radiasiyasından qoruyur, planetdə həyatı təmin edir. Kosmosdan baxanda, ozon təbəqəsi, sanki Yer kürəsinin başına geydirilmiş bir papaqdır, bu kimyəvi birləşməni 100 kilometr yüksəklikdən müşahidə etmək mümkündür. Bu təbəqə yox olsa bütün biosfer, bütün canlılar üçün təhlükə duyulacaq, ultramavi şüalar birbaşa insana təsir göstərməklə onda dəri xərçəngi, korluq yaradacaqlar. Ozona məhvedici təsir göstərən əsas maddə xlordur, onun oksidləridir. Kimya zavodlarının bu məhsulu məişətdə aparıcı yer tutduğundan, milyardlarla gəlir gətirdiyindən onun istehsalını dayandırmaq absurd görünür. (Bir Sumqayıtın kimya poliqonunu xatırlayın). Ona görə də, insanlığın gələcəyi çox dumanlı görünür.

 

16 sentyabr. Papua-Yeni Qvineyanın müstəqilliyi günü

 

Əlbəttə, bu arada bir çox ölkələr öz müstəqilliyini qeyd edir. Onların hər biri barədə təqvimimizdə söz açmaq mümkün olmadığından biz içlərində ən maraq doğuranları, ən qeyri-adiləri, ən ekzotikləri seçirik. Buyurun, Papua-Yeni Qvineya. Adı Afrikanın Qvineya ölkəsinin şərəfinə qoyulan, sivilizasiyadan kənarda qalmış yarımçılpaq yarımvəhşi insanlar yaşayan, ekvatora olduqca yaxın, 7 milyon əhalisini azı 850 müxtəlif  xalqın təşkil etdiyi, yaxin keçmişədək valyuta əvəzinə iri dəniz balıqqulaqlarının istifadə edildiyi bir dövlətdir Papua-Yeni-Qvineya. Təsəvvür edin ki, orada hələ də bəzi sektalar hannibalizmlə məşğul olurlar. 2012-ci ildə şəhərdə yaşayan, nisbətən sivil olan, kostyum-şalvar geyən, təhsil alan insanlar seçki keçirmək istəyəndə həmin o hanniballar onlara hücum edibmiş ki, məntiqlə kostyum-şalvarlı insanın qanı daha dadlı olmalıdır. Həmin o kostyum-şalvarlı təbəqə 1975-ci ildə Avstraliyadan müstəqilliyini qoparan günü sentyabrın 16-sı imiş, odur ki, indi hər ilin bugünkü gününü papualılar bayram edirlər. Özü də yarımvəhşi insanlar müstəqillik qazanan sivil insanlara nisbətən daha humanistcəsinə müstəqillik qazanıblar, müstəmləkəçi ölkəyə qarşı silah qaldırıb onun əsgərlərini qıran, bayrağını taptayan digər ölkələrdən fərqli olaraq papualılar yığışıb avstraliyalıların başbilənlərinin yanına gediblər, deyiblər, qardaş, səninki səndə, bizimki bizdə, çıx get öz ölkənə, bizdən əl çək. Avstraliyanın bayrağını da ehmalca endirib, qatdalayıb onun qoltuğuna vurublar. O binəva da nədənsə, qəzəblənib savaş əmri verməyib, əyanlarına deyib ki, yığışın, çıxıb gedirik. Bax belə!

 

Daha hansı özəllikləri var papualıların? Orada Cadugərlik haqqında qanun hökm sürür. Yəni, rəsmən cadugərlik qəbul edilir. Ölkənin rəsmi valyutası kinadır, 1 dolları dəyişsən, sənə bir çamadan kina verərlər. Siz heç zəhərli quş barədə eçitmisiniz? Həmin quş sərçəkimilər dəstəsindən olan Milçəktutandır ki (Pitohui dichrous), o da Papua-Yeni Qvineya sakinidir.

 

16 sentyabrı Papua-Yeni Qvineyada bütün xalq bayram edir, oxuyurlar, oynayırlar, yarmarkalar təşkil edirlər, hər yan ölkənin rənglərinə bürünür – qara, qırmızı və qızılı rəngə.

 

16 sentyabr. Mersedes xanımın doğum günü

 

1955-ci ilin bu günündə məşhur Amerika fokusçusu-illüziyaçısı Devid Kopperfild dünyaya gəlib. 1745-ci ildə məşhur rus sərkərdəsi Mixail Kutuzov doğulub. 1824-cü ildə isə məşhur Fransa kralı XVIII Lüdovik dünyasını dəyişib.

 

Mənim maşın bazarında şıdırğı alver edən, həftə səkkiz-mən doqquz Almaniyaya gedib, maşın qəbiristanlığından sahibi tərəfindən atılmış qəzalı “Mercedes”lərdən  gətirib burda “Qardaş canı bu müəllim maşınıdır, hələ buna atvyorka dəyməyib” deyə satan çoxlu tanışlarım var, hamısı heç də ağdamlı deyil, həmin tanışlarıma və digər maşın alverçilərinə səslənirəm, yaxın oturun, görün sizə nə deyirəm. 1889-cu ilin 16 sentyabrında Nitsa şəhərində Mersedes Ellinek adlı bir qız uşağı doğulub. Onun atası Emil Ellinek Avstriya-Macarıstanın Nitsada vitse-konsulu işləyirmiş, eyni zamanda da “Daymler” avtomobil şirkətinin Fransada nümayəndəsi imiş. Mersedes çox gözəl imiş. Yayda Emil müəllim ailəsini də götürüb vətəninə məzuniyyətə gedəndə “Daymler”in patronu ilə görüşür, patron balaca qızcığazın gözəlliyindən vəcdə gəlir, adının da qeyri-adi olması – kişi and-aman eləyir ki, bu çağa kimi Mersedes adı eşitməmişəm - həlledici rol oynayır. “Daymler” şirkəti yeni hazırladığı avtomobilə “Mercedes” adı varir. Əziz “Mercedes”dən çörək çıxaranlar, yeşka, çeşka deməkdən yeşkalanıb çeşkalananlar, bunu sizə ona görə danışıram ki, adam mütləq gərək çörəyi çıxan yer barədə məlumatlı olsun. Bu qədər bəsit.

 

Varisin “11-20 sentyabr” yazısından.

 

 

 

Mədəniyyət Nazirliyi əməkdar artist Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb.
Nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.
Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.
Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.
Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!”

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bu gün Xarkovun mərkəzi hissəsində ona ucaldılan abidənin rəsmi açılış mərasimi keçiriləcək.
AzərTAC-ın Ukrayna üzrə xüsusi müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədri Rüfət Quliyev, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, şəhər ictimaiyyəti nümayəndələri, mədəniyyət xadimləri iştirak edəcəklər.
Açılış mərasimindən öncə Azərbaycan nümayəndə heyəti Xarkov vilayət və şəhər Administrasiyasının rəhbərləri ilə görüşəcək.
Azərbaycanın Ukraynadakı səfirliyi və Fəxri Konsulluğunun birgə dəstəyi ilə ucaldılan abidənin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.
Qeyd edək ki, Azərbaycanın dahi şairinin daha bir heykəli Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukrayna paytaxtında, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında ucaldılacaq. Bu heykəlin də müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.

Türk musiqisi sevənlər üçün gözəl xəbərimiz var. Ünlü sənətçi İbrahim Tatlısəs uğradığı silahlı hücum  ardından 12 il boyunca uzaq qaldığı  konsert səhnələrinə geri dönür.
“Ədəbiyyat və incəsənət” portalı Snob Magazin-ə istinadən məlumat verir ki, tanınmış yönətmən Polat Yağcı ənənəvi olaraq keçirilən Paraf Kuruçeşme Açıkhava Konsertlərini bu il İbrahim Tatlıses ilə qapatmağı  planlayır.
Tatlısəsin Kuruçeşme səhnəsində 3-4 konserti ard-arda verməsi gözlənilir. Ünlü sənətkar artıq özünə dev bir orkestr hazırlayır ki, konsertlərdə onu müşayiət etsin.

Çərşənbə, 15 Sentyabr 2021 10:28

Buker mükafatının qısa siyahısı elan edildi

 

Məşhur  Buker mükafatının (Booker Prize) qısa siyahısı Londonda dünən gecə saatlarında elan olunub. Proqnozlar özünü doğrultmayıb. Builki Nobel mükafatı laureatı Kadzuo İsiquro qısa siyahıya düşə bilməyib. Bu barədə mükafatın jürisinə başçılıq edən Mayya Djasanoff mətbuat-konfransında məlumat verib.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, şort listə birdən-birə 3 amerikalı müəllif düşüb. Bunlar "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauers, "Böyük dairə" (Qreat Circle) romanı ilə Maggi Şipsted və "Bu barədə hamı  susur” (No One Is Talking about This) romanı ilə Patrişa Lokvuddur. Həmçinin Şri-Lankdan Anuk Arudpraqazam ("Şimala yol"- A Passage North romanı ilə), Cənubi Afrika Respublikasından Deymon Qelqut ("Vəd" - The promise romanı ilə) və Somalidən Nadifa Mohamed ("Avantüristlər", The Fortune Men romanı ilə) şort listdə qərarlaşıblar. Cəmi 6 bəxtəvər.

 

Qısa siyahıya alınmış kitablar 1 oktyabr 2020-ci il tarixindən etibarən Böyük Britaniyada və ya İrlandiyada nəşr olunmuş 158 əsərdən seçilmişdir. 50 min funt (69 min dollar) mükafatı qazanacaq şəxsin adı noyabrın əvvəlində məlum olacaq.

 

Münsiflər heyətinin rəyi

 

Mayya Djasanoff əsərlərin seçimini onların bizim günlərin hadisələri ilə həmahəng olmaları ilə izah edib və qeyd edib ki, “Onlarda da bugünkü real dünya kimi "insanlar, eyni zamanda, onların özlərindən üstün olan qüvvələr tərəfindən həm ilhamlanır və həm də onların qarşısında geri çəkilir. Bəziləri bizi Şri-Lankada vətəndaş müharibəsinin yara izlərini öyrənən Tamilin beyninə köçürür, bəziləri ailə böhranı ilə mübarizə aparmaq üçün İnternetdən uzaqlaşan amerikalı qızla üzbəüz qoyur, bəziləri tarixi transformasiyaların əzablarını yaşayan cəmiyyətlərə transfer edirlər. Bəziləri də Britaniyanın dekolonizasiyasının ilk illərində Kardiff dokları ilə, Aparteidin son illərində Pretorya çöllərindəki hadisələrlə üzləşdirir”. Yeri gəlmişkən, Münsiflər heyətinin sədri amerikalı tarixçi və yazıçı, Harvard Universitetinin müəllimidir. O, fikrini belə tamamlayır: “Şort-listə elə əsərlər də düşüb ki, bizləri iqlim dəyişikliyi barədə maarifləndirir, Yer kürəsi ətrafında dövrə vurmaq istəyən  müasir astrobioloqla tanış edir.”

 

Mükafat haqqında

 

Buker mükafatı 1968-ci ildə təsis edilmişdir. Onun təqdimatı ilk dəfə 1969-cu ildə olmuşdur. 2013-cü ilə qədər bu mükafat Britaniya birliyinin, İrlandiyanın və ya Zimbabvenin – bu ölkələrdən hər hansı birinin vətəndaşı olan müəllifə verilib. Lakin sonra münsiflər başqa ölkələrdən olan yazıçılara ingilis dilində yazılmış və Birləşmiş Krallıqda çap olunmuş əsərlərə görə iddiaçı olmaq imkanı veriblər. Keçən il mükafatın sahibi “Şuqqi Beyn” (Shuggie Bain) debüt romanı ilə şotland yazıçısı Douglas Stüart olub.

 

Favorit barədə

 

Hər halda, 2021-ci ildə Bukeri kim alacaq? Yekdil fikir və proqnoz yoxdur. Amma ümumi tendensiya belədir ki, mükafat mütləq Birləşmiş Ştatlara gedəcək. Favorit isə, hər halda "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauersdir.

 

 

 

Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilən Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsi başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.
Cari il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusu (bir və ya bir neçəsi) əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri iyulun 20-nə kimi müsabiqəyə təqdim edib. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.
Avqustun 15-nə qədər münsiflər heyəti audioyazı və həmçinin PDF faylı şəklində təqdim olunmuş əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova həyata keçirib.
Dahi bəstəkarımızın doğum günü ilə əlaqədar keçirilən müsabiqənin qaliblərinin adları 18 sentyabr – Milli Musiqi Günündə açıqlanacaq. I, II və III yerlərin sahiblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Bundan başqa, iki iştirakçı Üzeyir Hacıbəyli adına Diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.
Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək Qala konsertdə ifa olunacaq. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət simli kvarteti, CadeNZa qrupu, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Nərgiz Əliyarova və gənc bəstəkar Zərrin Şükür də iştirak edəcəklər.
Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində Hacıbəyli Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun konserti keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.

Çərşənbə, 15 Sentyabr 2021 10:25

İslam irsimizi tanıyaq: Şah Abbas məscidi

Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsini davam etdirir. Bu dəfə Şah Abbas məscidi barədə videoçarx təqdim edilmişdir.
XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib. Xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.
Görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs deyib. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan nəstəliq xəttini öyrənib.
Məscidin salonunda möhkəm palıddan hazırlanmış bir minbər var. Unikal incəsənət əsəri olan, şəbəkə üsulu ilə, bircə mismar belə işlədilmədən hazırlanmış bu minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eynidir.
Şücaəti ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilmiş Cavad xanın məqbərəsi də Şah Abbas məscidinin yaxınlığındadır.
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.