Bu gün hansı hadisələrlə əlamətdardır? Ozon qatı, Kopperfild, papuaslar, “Mercedes” və s.

 

16 sentyabr.  Avropada mobillik həftəsinin başlanğıcı

 

Avrokomissiyanın təkidi ilə təqvimə salınan bu gündə bütün diqqətlər ictimai nəqliyyatdan istifadədə, piyada getməkdə və velosiped sürməkdə rahat infrastruktur yaradılmasının stimullaşdırılmasına yönəldiləcəkdir.

 

Bir də görürsən, çox varlı, lüks avtomobilli tanış-bilişinə, qonşularına hədsiz paxıllıq edən, paxıllığı hətta nifrətə çevrilən bir şəxs bu nifrətini yeganə realizə edə bilmək şansından yararlanaraq piyada zolağından saatda 0,000001 km/saat sürətlə keçir, dayanmaq məcburiyyətində olan sürücülərin əsəblərini tarıma çəkir, bax bu gün həm də onların günüdür. Yəni, bu hərəkətə görə söyüş və kötək almaq bu gün istisna edilir.

 

16 sentyabr. Ozon qatının beynəlxalq müdafiəsi günü

 

1994-cü ildə BMT Baş Assambleyası qərara aldı ki, hər ilin bu günü diqqətlər ozon qatının müdafiəsinə yönəldilsin. Bu gün - ozon qatının dağıdan hissəciklər barədə 16 sentyabrda imzalanan Monreal protokolunun şərəfinə təqvimə salındı. 80-ci illərdə Antarktida üzərində alimlər ozon qatının 2 dəfə nazildiyini görüb “ozon yırtığı” ifadəsini leksikona gətirdilər. 1987-ci ildə 36 ölkə, o cümlədən SSRİ ozondağıdan hissəciklərin istehsalını tam dayandırmaq öhtəliyi götürsələr də bu sahədə vəziyyətin əsla düzəlməməsi göz qabağındadır. Ozon qatı nazik bir qaz təbəqəsidir ki, çətir kimi Yer kürəsini Günəşin öldürücü radiasiyasından qoruyur, planetdə həyatı təmin edir. Kosmosdan baxanda, ozon təbəqəsi, sanki Yer kürəsinin başına geydirilmiş bir papaqdır, bu kimyəvi birləşməni 100 kilometr yüksəklikdən müşahidə etmək mümkündür. Bu təbəqə yox olsa bütün biosfer, bütün canlılar üçün təhlükə duyulacaq, ultramavi şüalar birbaşa insana təsir göstərməklə onda dəri xərçəngi, korluq yaradacaqlar. Ozona məhvedici təsir göstərən əsas maddə xlordur, onun oksidləridir. Kimya zavodlarının bu məhsulu məişətdə aparıcı yer tutduğundan, milyardlarla gəlir gətirdiyindən onun istehsalını dayandırmaq absurd görünür. (Bir Sumqayıtın kimya poliqonunu xatırlayın). Ona görə də, insanlığın gələcəyi çox dumanlı görünür.

 

16 sentyabr. Papua-Yeni Qvineyanın müstəqilliyi günü

 

Əlbəttə, bu arada bir çox ölkələr öz müstəqilliyini qeyd edir. Onların hər biri barədə təqvimimizdə söz açmaq mümkün olmadığından biz içlərində ən maraq doğuranları, ən qeyri-adiləri, ən ekzotikləri seçirik. Buyurun, Papua-Yeni Qvineya. Adı Afrikanın Qvineya ölkəsinin şərəfinə qoyulan, sivilizasiyadan kənarda qalmış yarımçılpaq yarımvəhşi insanlar yaşayan, ekvatora olduqca yaxın, 7 milyon əhalisini azı 850 müxtəlif  xalqın təşkil etdiyi, yaxin keçmişədək valyuta əvəzinə iri dəniz balıqqulaqlarının istifadə edildiyi bir dövlətdir Papua-Yeni-Qvineya. Təsəvvür edin ki, orada hələ də bəzi sektalar hannibalizmlə məşğul olurlar. 2012-ci ildə şəhərdə yaşayan, nisbətən sivil olan, kostyum-şalvar geyən, təhsil alan insanlar seçki keçirmək istəyəndə həmin o hanniballar onlara hücum edibmiş ki, məntiqlə kostyum-şalvarlı insanın qanı daha dadlı olmalıdır. Həmin o kostyum-şalvarlı təbəqə 1975-ci ildə Avstraliyadan müstəqilliyini qoparan günü sentyabrın 16-sı imiş, odur ki, indi hər ilin bugünkü gününü papualılar bayram edirlər. Özü də yarımvəhşi insanlar müstəqillik qazanan sivil insanlara nisbətən daha humanistcəsinə müstəqillik qazanıblar, müstəmləkəçi ölkəyə qarşı silah qaldırıb onun əsgərlərini qıran, bayrağını taptayan digər ölkələrdən fərqli olaraq papualılar yığışıb avstraliyalıların başbilənlərinin yanına gediblər, deyiblər, qardaş, səninki səndə, bizimki bizdə, çıx get öz ölkənə, bizdən əl çək. Avstraliyanın bayrağını da ehmalca endirib, qatdalayıb onun qoltuğuna vurublar. O binəva da nədənsə, qəzəblənib savaş əmri verməyib, əyanlarına deyib ki, yığışın, çıxıb gedirik. Bax belə!

 

Daha hansı özəllikləri var papualıların? Orada Cadugərlik haqqında qanun hökm sürür. Yəni, rəsmən cadugərlik qəbul edilir. Ölkənin rəsmi valyutası kinadır, 1 dolları dəyişsən, sənə bir çamadan kina verərlər. Siz heç zəhərli quş barədə eçitmisiniz? Həmin quş sərçəkimilər dəstəsindən olan Milçəktutandır ki (Pitohui dichrous), o da Papua-Yeni Qvineya sakinidir.

 

16 sentyabrı Papua-Yeni Qvineyada bütün xalq bayram edir, oxuyurlar, oynayırlar, yarmarkalar təşkil edirlər, hər yan ölkənin rənglərinə bürünür – qara, qırmızı və qızılı rəngə.

 

16 sentyabr. Mersedes xanımın doğum günü

 

1955-ci ilin bu günündə məşhur Amerika fokusçusu-illüziyaçısı Devid Kopperfild dünyaya gəlib. 1745-ci ildə məşhur rus sərkərdəsi Mixail Kutuzov doğulub. 1824-cü ildə isə məşhur Fransa kralı XVIII Lüdovik dünyasını dəyişib.

 

Mənim maşın bazarında şıdırğı alver edən, həftə səkkiz-mən doqquz Almaniyaya gedib, maşın qəbiristanlığından sahibi tərəfindən atılmış qəzalı “Mercedes”lərdən  gətirib burda “Qardaş canı bu müəllim maşınıdır, hələ buna atvyorka dəyməyib” deyə satan çoxlu tanışlarım var, hamısı heç də ağdamlı deyil, həmin tanışlarıma və digər maşın alverçilərinə səslənirəm, yaxın oturun, görün sizə nə deyirəm. 1889-cu ilin 16 sentyabrında Nitsa şəhərində Mersedes Ellinek adlı bir qız uşağı doğulub. Onun atası Emil Ellinek Avstriya-Macarıstanın Nitsada vitse-konsulu işləyirmiş, eyni zamanda da “Daymler” avtomobil şirkətinin Fransada nümayəndəsi imiş. Mersedes çox gözəl imiş. Yayda Emil müəllim ailəsini də götürüb vətəninə məzuniyyətə gedəndə “Daymler”in patronu ilə görüşür, patron balaca qızcığazın gözəlliyindən vəcdə gəlir, adının da qeyri-adi olması – kişi and-aman eləyir ki, bu çağa kimi Mersedes adı eşitməmişəm - həlledici rol oynayır. “Daymler” şirkəti yeni hazırladığı avtomobilə “Mercedes” adı varir. Əziz “Mercedes”dən çörək çıxaranlar, yeşka, çeşka deməkdən yeşkalanıb çeşkalananlar, bunu sizə ona görə danışıram ki, adam mütləq gərək çörəyi çıxan yer barədə məlumatlı olsun. Bu qədər bəsit.

 

Varisin “11-20 sentyabr” yazısından.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.