Qədim Xivə şəhərindəki İçənqala Memorial Kompleksində şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə açılış mərasimi keçirilib.
AzərTAC-ın xüsusi
müxbiri Daşkənddən xəbər verir ki, mərasimdə Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Əziz Abduhakimov, bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbakov, TÜRKSOY-un üzvü olan digər ölkələrin mədəniyyət nazirləri, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, UNESCO Baş katibinin müavini Gabriella Ramos, Türk Akademiyasının prezidenti Darxan Kadırali, Özbəkistanın ədəbiyyat, mədəniyyət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə Əziz Abbduhakimov qonaqları salamlayıb, Xivənin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə TÜRKSOY-a minnətdarlıq edib, bundan sonra TÜRKSOY çərçivəsində əlaqələrin inkişafı istiqamətində daha böyük layihələrin həyata keçirilməsinə əmin olduğunu bildirib. O deyib ki, bu mühüm tədbirdə türk dünyasının deyil, dünyanın 60-dan çox ölkəsindən gələn 300-dən artıq nümayəndə iştirak edir.
Bilal Çakıcı bildirib ki, TÜRSOY-un elan etdiyi “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ancaq türk dünyasında deyil, bütün dünyada böyük maraq oyadıb. Bu layihəyə hər il maraq artmaqda davam edir. Türk dünyasının qədim şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi üçün bir-biriləri ilə rəqabət edirlər. Hər il türk dünyasının bir qədim şəhərinin mədəniyyət paytaxtı elan olunması xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, mədəniyyət və sənət adamlarının daha da yaxından əməkdaşlıq etməsinə zəmin yaradır.
Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Gabriella Ramos deyib ki, pandemiya şəraitində bu qədər ölkə nümayəndələrini bir araya yığmaq sözün əsil mənasında böyük hadisədir.
Mərasim çərçivəsində TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxt”larının fotosərgisi açılıb, Özbəkistanın milli geyimləri nümayiş etdirilib.
Bununla bağlı keçirilən konsertdə 300-dən artıq sənətçi iştirak edib, trk dünyasının mahnı və rəqslərini ifa edilib. Konsertdə Azərbaycanın mahnı və rəqsləri də ifa olunub.