
Super User
Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirildi
Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda “Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirildi.
Təqdimat mərasimində AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, şair, tərcüməçi İmir Məmmədli, Gürcüstanın Azərbaycandakı Elçiliyinin nümayəndələri Georgi Buaçidze, Malxaz Xulordava, eləcə də digər ziyalılar iştirak edirdi. Hər biri söz alaraq bu əlamətdar hadisə barədə öz təəssüratlarını bölüşdülər.
Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov çıxış edərək Aşıq Ələsgər irsinin zəngliyindən, gürcü dilində nəşr edilən şeirlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcəyindən söhbət açdı. .
Kitabın “Ön söz” müəllifi Ələsgərşünas alim Fəxrəddin Salim, şeirləri gürcü dilinə tərcümə edən tanınmış şair İmir Məmmədlidir.
Avrasiya Millətlər Assambleyasının “Sülh mahnısı” festivalı ərizə qəbuluna başladı
Azərbaycanlı musiqiçilər, mədəniyyətimizi təbliğ etmək, xüsusən uzun illər işğal altında olan torpaqlarımızda erməni faşistlərinin törətdikləri vəhşilikləri dünya xalqlarının diqqətinə çatdırmaq üçün gözəl bir fürsət yaranıb.
1 avqust 2021-ci ildə Avrasiya Xalqları Assambleyası "Sülh mahnısı"Beynəlxalq incəsənət festivalında iştirak etmək üçün ərizələrin qəbuluna başladı.
Festival Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuşdur və eyni adlı humanitar-mədəni layihə çərçivəsində keçirilir.
Festivalın əsas məqsədləri dünya ictimaiyyətinin sülhün, təhlükəsizliyin və planetə həssas münasibətin qorunması mövzusuna cəlb edilməsi, beynəlxalq yaradıcılıq məkanının yaradılmasıdır.
Müxtəlif ölkələrdən olan musiqiçilər, artistlər, müğənnilər və rəqqaslar festivalda iştirak edə və insanlar və xalqlar arasında sülhə, planetdə həyatın qorunmasına, qarşılıqlı hörmətə, dostluğa və həmrəyliyə həsr olunmuş öz musiqi nömrələrini ifa edə bilərlər. Mahnı ana dilində ifa edilə bilər.
Festival bu il qarışıq formatda (offline və online) keçiriləcək. Festivalın qala-konserti Moskvada, Rusiya paytaxtının Konsert meydançalarından birində keçiriləcək.
"Avrasiyanın səsi"/ "Avrasiyanın ürəyi" statusu almış "sülh mahnısı" Festivalının iştirakçıları Avrasiya Xalqları Assambleyasının günləri "proqramı çərçivəsində konsertlə Avrasiya ölkələrindən birinə dəvət olunacaqlar.
Ərizələrin qəbulu 30 avqusta qədərdir.
Festival haqqında əsasnamə və iştirak üçün ərizə (PDF) aşağıda, rusca mətnin içindədir.
Ərizə göndərmək üçün ünvan:
Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
«ПЕСНЯ МИРА»
1 августа 2021 года Ассамблея народов Евразии открыла прием заявок на участие в Международном фестивале искусств «ПЕСНЯ МИРА».
Фестиваль приурочен к учрежденному Организацией Объединенных Наций Международному дню мира 21 сентября и проходит в рамках одноименного культурно-гуманитарного проекта.
Главные цели фестиваля – привлечение мировой общественности к теме сохранения мира, безопасности и бережного отношения к планете; создание международного творческого пространства.
Артисты, певцы, музыканты и танцоры из разных стран могут принять участие в Фестивале и исполнить свой музыкальный номер, посвященный миру, сохранению жизни на планете, взаимоуважению, дружбе и согласию между людьми и народами. Песня может быть исполнена на родном языке.
Фестиваль ежегодный. В этом году он будет проходить в смешанном формате (офлайн и онлайн). Гала-концерт фестиваля состоится в Москве, на одной из концертных площадок столицы России.
Участники Фестиваля «ПЕСНЯ МИРА», получившие статус «Голос Евразии»/ «Душа Евразии» будут приглашены в одну из стран Евразии с концертным выступлением в рамках программы «Дни Ассамблеи народов Евразии».
Прием заявок до 30 августа.
Положение о Фестивале (PDF)
Заявка на участие (PDF)
Адрес для отправки заявок:
Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
ICESCO ilə əməkdaşlıq çərçivəsində qlobal akselerator layihəsinə başlanılır
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Bakı Ali Neft Məktəbi və “NewSpace Innovation” ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə “ICESCO akseleratoru” adlı yeni pilot layihəyə başlayırlar.
Mədəniyyət Nazirliyinə istinadən AzərTAC bildirilib ki, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcəkdir: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir.
Layihənin birinci mərhələsində milli səviyyədə keçiriləcək yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş ən yaxşı startaplar yerli münsiflər heyəti tərəfindən seçiləcəkdir. Milli səviyyədə keçiriləcək yarışlar 11 sentyabr tarixində iki günlük düşərgə (bootcamp) şəklində başlayacaq və burada komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçiriləcəkdir.
İkinci mərhələdə düşərgə altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcəkdir. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.
Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar.
Müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan sentyabrın 8-dək qeydiyyatdan keçə bilərlər.
Vilnüsdə əsən külək hansı külək idi?
Xəbər verdiyimiz kimi, Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi, böyük rus yazıçısı Fyodr Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunan festival çərçivəsində “Baltiyskiy Qamayun - 2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibləri arasında “Külək” hekayəsi ilə yazıçı-dramaturq Ülviyyə Heydərova da vardır. “Ədəbiyyat və incəsənət” portalı həmin hekayəni oxucularına təqdim edir.
Ülviyyə Heydərova
KÜLƏK
Mən yenə gəldim. İndi camaat üzünü turşudacaq ki, buna bax, ilin-günün bu vaxtında utanmaz-utanmaz özünü əsdirir. Əlimdən beziblər. Bəzən təkcə adamları yox, elə özümü də incidirəm. Həyatdı da, üzümə xoş baxmayanda, sifətimi bozardıram. Həmişə mülayim ola bilmərəm ki.
Özümçün sağa-sola sülənirəm, hara gəldi baş vururam. Hərdən elə tozanaq qoparıram, gəl görəsən. Qumu camaatın gözünə, başına səpəndə o ki var söyülürəm də. Hələ kişilərin başından papaqlarını qapmağımı, qadınların ətəklərini qaldırmağımı demirəm. Başa düşə bilmirəm də, niyə bəzi kişilərin papağını qaçıranda «vay, namusum əldən getdi» deyirlər? Bəyəm qeyrətlərini papaqlarına yapışdırıblar? Bəs abır-həyalı başıpapaqsızlar neyləsin? Belə məqamda, lap acığa düşürəm. Onların papaqlarını dənizə elə vızıldadıram ki... Heyf deyil qadınlar?! Ətəklərini bir balaca yuxarı qaldıran kimi üzləri gülür, könülləri açılır, hələ ürəklərində mənə “çox sağ ol” da deyirlər. Tellərini rahatca oxşayım deyə, nazlana-nazlana əllərini saçlarında gəzdirirlər. Bax, o zaman özüm də onlara qoşulub, “oxxay” deyirəm. Dünyanın hər dəlmə-deşiyinə girib-çıxan mən bircə qadınların incə barmaqlarında əsir-yesir qalmışam. Axı heç yerdə bu cür əzizlənmirəm. Deyim ki, məndən zəhləsi gedən qadınlar da az deyil. Ətəklərini elə bərk-bərk saxlayırlar ki, amandır, birdən ayaqlarını dünya görər, aləm bir-birinə dəyər. Həmişə üstdən əsirəm, imkan verməzlər ki, bir dəfə də altdan əsim. Amma o kiçik dünyaya yaxın düşə bilmirəm. Bəlkə də belə yaxşıdır. Qoy qadınlar görsün ki, mən də onların qarşısında əriyirəm.
Eh, bu qadınlar, qadınlar… Çox qəribə məxluqdurlar. Yadımdadır, bir dəfə dəniz kənarında sakitcə dayanmışdım. Gəminin yavaş-yavaş dənizi qucaqladığını gördüm. Sərnişinlərdən iki qadın göyərtədə dama-dama yük çantalarının üstündə əyləşib, haqq-hesab edirdilər. Onlardan biri kağıza diqqətlə baxıb fikrə getdi. Dərhal sağ əlini yaxasına salıb pullarını çıxarmağa başlayanda, o biri qadın dedi:
- Ehtiyatlı ol! Birdən pulların dənizə tökülər.
- İnan ki, özümü onların arxasınca ataram, - söylədi digəri.
Qadının sözü məni tutdu. Necə yəni?! Pulları dənizə düşsə, özünü təhlükəyə atacaq? Axı həyat kağız parçasından qiymətlidir. Dəliliyimə salıb, onu sınamaq istədim. Qadın gəlişimi heç gözləmirdi, barmağını isladıb saydığı pulları qəfil əlindən qapıb, dənizə tulladım. Bilmədim o, əllərini neçə dəfə dizlərinə çırpdı. Bircə onu gördüm ki, pullar dalğaların qoynunda nazlanır. Qağayılar onlara baxıb iştaha gəldilər, suya enib kağızları dimdiklədilər. Bəlkə də, o an qadının ən böyük arzusu qağayı olmaq, pulları dənizdən toplamaq idi. O möcüzə isə baş vermədi. Rəfiqələr çantalarını götürüb kor-peşman kayuta döndülər, mənsə sahilə qayıtdım. O an anladım ki, həyat, doğrudan da, hər şeydən şirindir...
Küçədə veyillənəndə o qədər hadisələrin şahidi oluram ki. Heç bilmirəm, hansını deyim. Dünən axşamüstü şəhərdə idim. Beşinci mərtəbədə başısarıqlı uşaq eyvanda həvəslə nar yeyirdi. Aşağı mərtəbədəki qadın da ağları zivəyə sərirdi. Mələfələri sağ tərəfə yelkən kimi yellətdim. Uşaq narı böləndə çürük çıxdı. Onu eyvandan tullayanda ağları cəld sola üfürdüm. Nar otluğa düşdü. Uşaq elə sevindi ki. O dəqiqə anasını çağırıb hadisəni danışdı. Qəhrəmanlığını təkrarlamaq istəyəndə anası narı onun əlindən aldı, əvəzində kağızdan əl topu düzəldi. Uşaq sevinə-sevinə kağız topasını var gücüylə yerə vızıldatdı. “Top” ağların üstünə düşəndə o, təəssüflə anasına baxıb, burnunu salladı. Elə bildi, onun üçün yenə hoqqa çıxaracağam. Ay hay?! Düzü, ürəyini qırmaq istəməzdim. Sadəcə, günəşin qarşısında özünü əsdirən ağlara heyifim gəldi.
Uşaqla axşama kimi oynamağa vaxtım yox idi. Yaxınlıqdakı parkda adətim üzrə axşam gəzintisinə çıxmağımın vaxtı idi. Bu dəfə ora hay-küylə deyil, səssizcə gəldim, sükutun xətrinə dəymək istəmədim. Uzaqdan kiminsə hıçqırtısını eşidib o tərəfə cumdum. İki gənc skamyada əyləşmişdi. Oğlan oturacağın bu başında dodağının altında mızıldanırdı, qız isə o biri tərəfdə için-için ağlayırdı. Onun bu halı məni özümdən çıxardı. Qıza kömək etmək istədim. Tozanaq qoparsaydım, ikisi də başlarını götürüb, oradan küsülü ayrılacaqdılar. Onları barışdırmaq üçün ehmalca başlarına dolandım. Bilirdim ki, qız üşüsə, oğlan dözməyib, pencəyini onun çiyninə atacaq. O qədər pençəkləri zərif çiyinlərdə görmüşəm ki. Yanılmadım. Oğlan nəinki pencəyini çıxarıb qızın çiyninə saldı, üstəlik, onu qucaqlayıb öpdü də. Onların umu-küsülərini havaya sovurub özümlə uzaqlara apardım. Bir kəndə çatdım. Ağacları damların üstündə görəndə anladım ki, tufan buraları alt-üst edib, aradan əkilib. Xilasedicilərin işlərini yüngülləşdirmək üçün yeri yerindən oynatdım. Düşündüm ki, ağacları evlərin damından kənara çəkər, qırılmış elektrik məftillərini üzə çıxardaram. Aşmış gövdələri var gücümlə itələyəndə, camaat tufanın acığını üstümə tökdü. Eşitmədiyim “xoş söz” qalmadı! Fikrimdən dönmədim. Ağacları evlərin başından aşırıb, təhlükəli məftilləri kənara çəkəndən sonra özümə fasilə verdim. O an xilasedicilərdən biri: «Şükür, dəlidən canımız qurtardı»,- dedi. Sözlərindən nə əsdim, nə də coşdum. Eləcə yerimdə donub qaldım. Sonra heç kəsin məni duymayacağı yerə üz tutdum.
İndi həmin o ucsuz-bucaqsız düzənlikdəyəm. Düşünürəm ki, niyə insanlar çox vaxt məni istəmirlər? Üstəlik, dəli, mərdimazar adlandırırlar. Niyə qoymurlar ki, onlara heç olmasa bir addım yaxınlaşım? O dəqiqə qapını - pəncərəni üzümə bağlayırlar. Elə hamı məndən üz döndərir, bir xəbər-ətər də tuta bilmirlər. Düzdür, çox şıltaqlıq edirəm. Amma nə olsun? İnsanların ki arasından əsmirəm.
Yerimdə də qala bilmirəm axı. İndi mən neyləyim? Ən yaxşısı üz tutum şəhərimə… Bakıma.
İraqla mədəni əlaqələrin davamlı olması çox vacibdir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İraq Respublikasının ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl-Şaibani ilə görüşüb.
Qonağı salamlayan nazir Anar Kərimov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan və İraq arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan nazir hazırkı səfərin də faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan Anar Kərimov bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən Anar Kərimov ölkəmizin ərazisinin bir hissəsinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə mədəniyyətimizə və tarixi irsimizə dəymiş ziyan, vandalizm aktları barədə qonağı məlumatlandırıb. Nazir İraqın Azərbaycandakı səfirinin də işğaldan azad olunan ərazilərə baş çəkdiyini xatırladaraq bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. Anar Kərimov qeyd edib ki, hazırda Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarda geniş yenidənqurma və bərpa işləri həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən asılı olmayaraq bütün inanc yerləri qorunur, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlanılıb.
Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından danışan Anar Kərimov bildirib ki, bu kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımını, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri ölkələrimiz arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasından söz açaraq qarşılılıqlı əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Arkan Şihab Əhməd Əl-Şaibani qədim sivilizasiyaların məkanı olan İraqda tarix boyu çoxsaylı müharibələrin olduğunu, bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya məruz qaldığını, mədəni irsə dair eksponatların oğurlandığını, talan edildiyini vurğulayaraq bu baxımdan Azərbaycanın qarşılaşdığı vəziyyəti aydın şəkildə anladığını bildirib.
Anar Kərimov söhbət zamanı İraq Respublikasının mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında mədəniyyət sahəsində yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki məqbərəsinin bərpası məsələlərinə də toxunub.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Qobustan” jurnalının növbəti sayı çıxdı
AYB-nin orqanı olan “Qobustan” jurnalının bu il üçün ikinci nömrəsi işıq üzü görüb.
Jurnal Vaqif Vəlixanlının “Qırx sətir” sərlövhəli yazısı ilə başlayır. Yazı islam Şərqinin mədəniyyəti, özünəməxsus ab-havası barədədir.
“Gəncənin Nizamisi” bölməsində İradə Musayeva “Məhəmməd Əmin Rəsulzadə Nizami haqqında”, Xəzangül “Nizami Gəncəvi yaradıcılığında dünyəvilik”, Zülfiyyə Dəvəliməhəmməd “Nizamidə din-iman”, Ağaverdi Xəlil “Nizami Gəncəvidə Azərbaycan ruhu”, Sədnik Paşayev “Nizamidə folklor kökləri” məqalələri ilə çıxış ediblər.
“Dünyanın Nizamisi” bölməsində Nizami haqqında deyimlər yer alıb. Akademik Y.Bertelsin “Nizami dünyası”, “Nizami sufiydimi?”, “Nizami və yer-göy elmləri”, “Nizami niyə saray şairi olmadı” adlı məqalələri jurnalın bu nömrəsində oxuculara təqdim olunub.
“Şeyx Nizami” bölməsi Qəzənfər Xalıqovun müəllifi olduğu Nizami portreti barədə yazı ilə başlayır. Bu bölmədə yer alan “Nur heykəli” adlı yazı heykəltəraş Fuad Əbdürrəhmanovun sənətkarlığı barədədir.
“O illərin havası” Yaşar Rzayevin 80 illik yubileyinə həsr olunub. “Qobustan”ın bu nömrəsində Cabir Albantürkün şeirləri də yer alıb. “Göy qurşağı” bölməsində Həşim Paşayev Fikrət Həşimovun bənzərsiz sənətindən, Pakizə Kazımova isə Qarabağ mənzərələrindən yazıb. Esmira Nəzərlinin “Hər şey unudulur, səndən savayı” adlı yazısı Xalq artisti Qara Tağızadənin ruhuna ithaf olunub.
Jurnalın anonsu AzərTAC-ın məlumatı əsasında hazırlanmışdır.
4 gün davam edən Qəbələ Musiqi Festivalı başa çatdı
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açdı.
Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam etdi.
Mədəniyyət Nazirliyinin məlimatına görə, builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzaladı. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biri idi.
Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngin oldu. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq aldılar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olundu. Bu ilki Qəbələ Musiqi Festivalının ən başlıca məziyyətlərindən biri o oldu ki, ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak etdilər.
İyulun 31-də XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi oldu. Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Bakı Musiqi Akademiyasının rektoru, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış etdilər. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrin ifasında geniş konsert proqramı təqdim olundu.
Avqustun 1-də Konqres Mərkəzində BMA-nın müəllim və tələbələrinin iştirakilə kamera-instrumental musiqi gecəsi keçirildi. Respublika və beynəlxalq müsabiqələr laureatları olan tələbələr – pianoçular Fəqan Həsənli, Vüsalə Babayeva, Ləman Seyidova, Elxan Niftiyev, Leyla Zeynalova, Cəmalə Abdinzadə, Jalə İslamova, qoboy ifaçısı Əziz Pənah, vokalçılar Lalə İbrahimova, Mahir Tağızadə, Rza Xosrovzadə, violonçelist Ərol Rzayev və digər gənc ifaçılar konsertin məxsusi təravətli ab-havasını yaratdılar.
Həmin gün baş tutan kamera musiqi axşamında Respublikanın xalq və əməkdar artistləri, BMA-nın müəllimləri olan Zəhra Quliyeva, Yeganə Axundova, Murad Hüseynov, İlham Nəzərov, “Bakı Kamera Orkestri” və onun dirijoru Fuad İbrahimov, Cavad Tağızadə, gənc qoboy ifaçısı Əziz Pənah konsertin əsas iştirakçıları oldular. Gənc bəstəkar, II Qarabağ Müharibəsi qazisi Vüqar Məmmədzadənin “Şəhidlərə ithaf” adlı əsəri konsertin məxsusi qəhrəmani və zəfər ovqatını ifadə edə bildi.
2 avqust tarixində BMA-nın müəllim və tələbələri digər bir maraqlı kamera konsertini təqdim etdilər. Gənc bəstəkar Vüqar Məmmədzadənin (prof.A.Əzimovun sinfi) “Ay üzlü Nigarım” əsərinin ilk ifası, respublikanın Xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan klassik musqi inciləri, Əməkdar müəllim Nəzakət Rimazi ilə Elnarə Kəbirlinskayanın duet ifasında səslənən Ravel, BMA-nın “Lumineux” vokal ansamblı və onun bədii rəhbəri, BMA-nın Əməkdar müəllimi Naala Barateliya, gənc pianoçular –Züleyxa Abdulla, Fəqan Həsənli, Səidə Tağızadə, Nərgiz Kəngərli, Leyla Əhmədxanova, “Clarte” klarnet kvartetinin parlaq ifaları alqışlandı.
Eyni gündə açıq səhnədə keçirilən “Zəfər muğam kompozisiyası” adlı konsert – festivalın əlamətdar musiqi gecələrindən biri oldu. Respublikanın Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Əhmədovun ifalarında muğamlar və Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürü (R.Axundova və M.Məmmədovun quruluşunda) səsləndi.
Avqustun 3-də Konqres Mərkəzində respublikanın tanınmış ifaçıları, xalq və əməkdar artistlər Murad Adıgözəlzadə ilə Əvəz Abdullanın, vokalçı Gülnaz İsmayılova ilə bəstəkar Ceyhun Allahverdiyevin, messo-soprano müğənni Fəridə Məmmədova ilə bəstəkar Elnarə Dadaşovanın duet ifaları, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin iştirakı ilə baş tutan kamera-vokal musiqi axşamı XII Qəbələ Musiqi Festivalını uğurla başa vurdu.
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul etdi
Ötən gün mədəniyyət naziri Anar Kərimov Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Anar Kərimov nümayəndə heyətini səmimi salamlayıb, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının törətdiyi fəsadlardan sarsıldığını bildirib, eləcə də yanğınlar zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb.
İnstitutun rəhbəri isə öz növbəsində qardaş Azərbaycanın göndərdiyi yardım heyəti və texnika dəstəyinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət, kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin zəngin və qədim tarixi ilə tanınan Qarabağa həsr olunmuş filmlərin çəkilməsi, ortaq mədəni irsin qorunması, qarşılıqlı uzunmüddətli təlimlərin keçirilməsi, tarixi abidələrin araşdırılması ilə bağlı müzakirələr aparılıb. Digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.
Şeref Ateş qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyəti bundan sonra da uğurla davam etdirməyə hazır olduqlarını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Şərqi Avropanın ən böyük ədəbiyyat platformalarından biri “Ədəbiyyat və incəsənət” portalından yazdı
Portalımızda bir həftə öncə şimal qonşumuzun ədəbiyyat funksionerlərinin yay günlərində istinin və pandemiyanın mərhumiyyətləri şəraitində ədəbiyyatsevərlərə üçgünlük III böyük onlayn layihə ilə əsil bayram yaşatması barədə “Dünyaşöhrətli Alan Din Foster III Böyük Beynəlxalq onlayn-layihəyə rəng qatdı” başlığl altında geniş yazı dərc edilmişdi. Beynəlmiləl Yazıçılar İttifaqı, “Rossiyskiy kolokol” jurnalı, Moskva Yazıçılar İttifaqı və digər təşkilatçıların birgə ərsəyə gətirdikləri bu layihə barədəki yazı oxucuların geniş marağına səbəb olmuşdu.
Yazıya xarici partnyorlar da diqqət göstərmişlər. Belə ki, inwriter.ru platformasında portalımızla bağlı təqdir yazısı getmişdir. Ayrıca, portalımızda dərc edilən “Dünyaşöhrətli Alan Din Foster III Böyük Beynəlxalq onlayn-layihəyə rəng qatdı” yazısının linki də qoyulmuşdur ki, maraqlananlar yazı ilə tanış ola bilsinlər.
Xatırladaq ki, sözügedən layihədə Rusiya yazarları ilə yanaşı Ukrayna, Belarus, İsrail, ABŞ, Avstraliya, o cümlədən Azərbaycan yazarları da iştirak edirdilər. Festivalın əsas sürprizi isə Alan Din Fosterlə – elmi-fantastik filmlər üçün ssenarilərin (o cümlədən dünyaca məşhur "Ulduz yolu" serialının), məşhur kinolentlərin ( o cümlədən "Qaranlıq ulduz", "Yad", "Riddikin Salnamələri", "Nə isə" və s.) dünyaşöhrətli müəllifi ilə görüş olmuşdu. Dünya fantastikasının klassiki ilə görüş videogörüntülər formatında keçirilmişdi. Alan Din Foster həyatımızda kitabın mənası, fantastika janrının yolu, onun dünyagörüşünü necə formalaşdırması, müasir oxucu çevrəsi haqqında danışmışdı. Onun tarixin fəlsəfəsinin dünya fantastikasına necə təsir etməsi və hazırda dünya fantastikasının necə dəyişməsi, mədəniyyəti hərəkətə gətirməsi və sivilizasiyanın inkişafına kömək etməsi haqqında mülahizələri hədsiz maraq doğurmuşdu.
Kəpənəklərin göz yaşlarını göstərən misralar
Bir neçə gün öncə “Azərkitab-Kitab Mərkəzi”ndə növbəti kitab təqdimatı baş tutmuşdu, İki müddətlik Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının üzvü, Gənclər mükafatçısı, "Azərkitab-Kitab Mərkəzi"nin mətbuat katibi Aysel Kərimin "Kəpənəyin göz yaşı" adlı şeir kitabının təqdimat mərasimi keçirilmişdi. Tədbirdə ədəbi elitanın xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin katibibləri Rəşad Məcid və Səlim Babullaoğlu kimi nümayəndələri qatılmışdı. Hacı Nuran və digər ziyalıların iştirakı təqdimata bir ayrı rəng qatırdı. Tədbirin giriş sözünü Kitab Mərkəzinin layihə rəhbəri Mirsabir Həsənov etmişdi.
Qeyd edək ki, şairənin lirik mənini ortaya qoymağa müvəffəq olan “Kəpənəyin göz yaşı” kitabında xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının geniş rəyi yer alıb. Ön söz müəllifi isə Rəşad Məciddir. Bu kitab Aysel Kərimin oxucularla ikinci görüşüdür. Bundan öncə onun "Bir ovuc yağış" adlı şeir kitabı nəşr edilmişdi.
Aysel xanım ovuca sığan yağış barədə gözəl lövhə yarada bilmişdi, bu dəfə isə o, kəpənəyin göz yaşlarını əyani olaraq göstərə bildi.
“Ədəbiyyat və incəsənət” Ayselin bir neçə şeirini oxucularına təqdim edir.
ŞAHİD
Mənim belə şahid nəyimə lazım?
Sükut ondan yaxşı danışa bilir.
Bu alın yazımı onunla yazım?
Gah küsür, gah da ki, barışa bilir.
Bu dəli şeytanın oyununa bax,
Göstərmək istəyir mənə öz görkün.
Etdiyin hər şeyi gəl başıma qax,
Sənin özgələrdən nə fərqin var ki?
Açdın qıfılını bağlı sandığın,
Çəkildi sinəmə çalın-çarpaz dağ.
Ey mənim içimdə hər gün andığım,
Qapımı döyürsən, gir, içəri bax.
Gəl öz gözlərinlə halımı gör ki,
Sonra vicdanına yenilməyəsən.
Həsrət körpüsünü sevginlə hör ki,
Bir də ayrı düşüb, bölünməyəsən.
SEVGİ HƏSRƏTİ
Yenə xatirələr göz önündədir,
Qəlbimdə yenə də sevgi həsrəti.
Bu könül mülkünü küsdürən nədir?
Dözümdən savayı yox cəsarəti.
Yenə varlığım da puç olur, inan,
Həsrətdən don geyir hər gündüz-gecə.
Həsrət məkanında gizlicə dayan,
Ruhumu aldadım mən də beləcə.
İndi viranədir yamyaşıl bağlar,
İlahi, şəfa ver qanlı yarama.
Görsən ki, səninçün bir doğma ağlar,
Onda yad ünvanda məlhəm arama.
Kimsələr dərdini dərindən bilməz,
Heç kim güzgüdəki üzümüz deyil.
İllər sovursa da, qəlbindən, silməz,
Bu şirin vədəli sözümüz deyil.
DUMAN
Yolu azdırdı duman,
Qərib ellərə getdik.
Ulu yazdırdı zaman,
Dönüb sellərə getdik.
Düşdük dar cığırlara,
Qaçmağa yerimiz yox.
Rəhm eylə fağırlara,
Başqa bir qibləmiz yox.
Əlimiz sənə qalxır,
Qəlbimiz səni deyir.
Bu gözlər sənə baxır,
Axan yaşları silir.
Bizi qaytar geriyə,
Biz burda neyləyirik?
Nə vaxt qarlar əriyər,
Onda yenə gələrik.
Ömrün havası kimi,
Göz oxşayan bir zərik.
Bir göl sonası kimi,
Biz də gəldi-gedərik.
MÖHÜR
Möhür vurdun bu ömrümə indi sən,
Sualsız, vergülsüz, nöqtəsiz gəldin.
Sən demə o çılğın nidaydın əsən,
Əsərək ömrünə tabe elədin.
Nədir istədiyin, nədir umduğun?
Nədir, bu canımdan nə istəyirsən?
Hər zaman sevgiylə açıb-yumduğum,
İndi bu gözlərdən nə gizləyirsən?
Köç etdi taleyin yüklü karvanı,
Büküldü arxanca qaçan bu dizlər.
Get ara, istəsən indi haranı,
Hər yer mənə aid addımlar, izlər.
Sızıldar bu yara, qanatma onu,
Əzilər, bükülər bir kağız kimi.
Bəlkə yuxudadır, oyatma onu,
İlləri həbs olub bir məhbus kimi.