Super User

Super User

Пятница, 17 Сентябрь 2021 09:31

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı

İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Öncə də bildirdiyimiz kimi, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanmışdır.
Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.
Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür.  Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik.
İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur.

İngilis yazıçısı Suzanna Klarkın  “Bədii ədəbiyyat üçün Britaniya Qadın Mükafatı”na sahibi olması barədə xəbər ötən gün mükafatın təqdim edilməsi mərasimində elan olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir.
“Bessi"nin bürünc heykəlini və onunla birlikdə aldığı 30 min avro üçün çeki Klark sehirli realizm janrında yazılmış və 2020-ci ildə nəşr edilmiş "Piranesi" romanına görə alıb. O romanın ki, onun  səhifələrində öz sonsuz qəsrinin qəribə dünyasında yaşayan baş qəhrəmanın hekayəsi təsvir olunur, günlərin bir günündə qəhrəman sirli yad adamla görüşür. Bununla da onun həyatı büsbütün dəyişir.
Bu romanı Klark özünün "Jonathan Strenge və cənab Norrell" adlı debüt əsərindən tam 16 il sonra dərc edib. XIX əsrdə İngiltərədə yaşayan sehrbazlardan bəhs edən həmin təxəyyül romanı dünyada ən yaxşı satılanlarından biri olmuşdu - Romanın 4 milyon nüsxəsi bütün dünya üzrə satılmışdı. O, bir çox mükafat almış, 2004-cü ildə Buker Mükafatının uzun siyahısına daxil olmuşdu.
61 yaşlı yazıçıya ilk romanın yazılmasından bir müddət sonra xroniki yorğunluq sindromu diaqnozu qoyulmuş, o, uzun sürən sağlamlıq problemləri ilə baş-başa qalmışdı.
“Burada olmaq mənim üçün ikiqat şərəfdir. Mənim əsas ümidim onadır  ki, bu axşam burada mükafata layiq görülməyim davam edən xəstəliklə əlaqədar əmək qabiliyyəti olmayan başqa qadınlara da cəsarət verəcək", - deyə o, mükafat alan zaman bildirib.
Bədii ədəbiyyata görə qadın mükafatı 1996-cı ildə təsis edilmişdir. Onun maraqlı tarixçəsi var. Beş il əvvəl heç bir qadın yazıçı Buker mükafatının qısa siyahısına daxil edilməmişdi. Bu, hətta həmin il nəşr olunan bütün kitabların 60%-nin qadın müəlliflərin qələmindən çıxmasına baxmayaraq baş vermişdi. Belədə, narazı və qəzəbli qadın yazıçılar üçün ayrıca mükafat təsis etmək qərarına gəlindi. Müxtəlif illərdə bədii ədəbiyyata görə qadın mükafatı “Oranj" ədəbi mükafatı və ya "Beylis" bədii ədəbiyyatına görə qadın mükafatı adlandırılmışdır. Mükafatın laureatları arasında Enn Pençett, Merilin Robinson, Hənd Smit, Çimmənd Nqozi Adiçi və başqalarının adlarına rast gəlmək olar.
“Mən çalışacam ki, bundan sonra yeni bir roman da yazım” - ruhlanan Suzanna Klark çıxışını bu sözlərlə bitirmişdir.

“BBC News” televiziya kanalının saytında Azərbaycan zəngin mədəni irsindən bəhs edən “Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir” sərlövhəli məqalə dərc olunub.
AzərTAC xəbər verir ki, məqalədə Azərbaycanın dolğun və çeşidli mədəni irsə malik olduğu bildirilir. Müəllif qeyd edir ki, zəngin və özünəməxsus mətbəx, ənənəvi sənətkarlıq nümunələri və əl işləri, təbiətin gözəlliyi və memarlıq möcüzələri, milli musiqi və incəsənət Azərbaycana ilk dəfə gələnləri ölkəni kəşf etmək üçün haradan başlamaqla bağlı seçimlərində çətinliyə sala bilər.
Qeyd olunur ki, Bakıdan 60 kilometr məsafədə yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu və ya “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu turistlər üçün maraqlı ziyarət yerləridir.
Məqalədə Azərbaycanın piti, plov, dolma, qutab kimi milli təamlarına geniş yer verilir. Hər il Göyçayda keçirilən Nar festivalından bəhs olunur.
Oxucuların diqqətinə çatdırılır ki, milli musiqi, rəqslər və rəngarəng xalq nağılları Azərbaycanın qədim mədəniyyət nümunələri hesab olunur. Bəzi milli incəsənət nümunələrinin tarixi min illərlə ölçülür.
Müəllif Azərbaycanda muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edildiyini vurğulayır.

 

17 sentyabr. Ümumdünya pasientlərin təhlükəsizliyi günü

 

Ay bərəkallah. Belə bir gün hava və su kimi bizlərə lazımdır. Pasient – tibbi müəssisəyə sağlamlıq durumuna görə müraciət etmiş şəxsdir, biz pasient olaraq hər yerdə təhlükə ilə baş-başa qalmırıqmı, qalırıq. İstər xülya olan icbari tibbi sığorta, istər müəmmalı vaksinasiya, istər özəl tibb xidmətlərinin bahaçılığı, istər dövlət tibb müəssisələrinin kasadlığı və s. və i. nəsnələr Demokl qılıncı kimi başımızın üstündən əskik olmur. Bu gün təhlükəsizliyimizə əməl edəcəksinizmi, ey pasientlərlə işləyənlər?

 

17 sentyabr. Betmen günü

 

Bəs deyirsiniz, Super Mario günü ola bilər, Betmen günü ola bilməz? Dünyanın ən böyük komiks istehsalşısı olan DC Comics 2013-cü ilin bu günündə Betmeni üzə çıxartdı, halbuku bu personaj heç də yeni deyildi, ondan 1939-cu ildə bir detektiv komiksində istifadə etmişdilər. Qeyd edək ki, DC Comics “Warner Bros.Entertaiment”  kinokompaniyası tərəfindən alınaraq hazırda onun tərkibində fəaliyyət göstərməkdədir.

 

Betmen super qəhrəman kimi hər bir işə qadirdir, güc və iradə rəmzidir. Betmenlər və Spaydermenlərin dünyanı fəth eləmələri həm də ona hesablanır ki, digər ölkələrin yetişməkdə olan gənc nəsli qəhrəman dedikdə amerikalı superqəhrəmanları tanısınlar, milli qəhrəmanlar diqqətdən kənarda qalsınlar. Qlobalizmin şovinizm miqyası!

 

17 sentyabr. Beynəlxalq “alma ye” günü

 

Maraqlı bir gündür. Tərkibində 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları olan alma təsadüfi deyil ki, yayılma coğrafiyasına və menyuda təmsil olunmasına görə dünyanın ən populyar iki meyvəsindən biridir (digəri portağaldır). Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, pavidla, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

 

Dünyada yeganə alma diyarı kimi tanınan bölgənin məhz Azərbaycanda olması, ağ alma kimi ən unikal alma sortunun Azərbaycanda yetişməsi səbəbindən gəlin bir balaca protesto edək, təqvim başbilənlərinin nəzərinə çatdıraq ki, təqvimin şərhində “alma ye” günündə barı, Qubanın adını çəksinlər. Bəs nə əcəb bu adamlar şaftalıdan danışanda mənfur qonşularımızın adlarını çəkirlər?

 

17 sentyabr. Əlamətdar hadisələr

 

Bu gün Cərrah günüdür, bütün cərrahları təbrik edirik. Ümumdünya evtəmizləmə günüdür həm də. Azərbaycanlı xanımlar təmizkar olurlar, onlar ilboyu ev təmizləyirlər. Bu günü qoy pintilər qeyd etsinlər, ildə bir dəfə barı evlərinin təmizliyinin qeydinə qalsınlar.

 

Təbii ki, oxucularım darıxdılar, nə əcəb, Amerikadan danışılmır, onların növbəti mətbəx bayramlarının adları çəkilmir. Çək deyirsiniz, çəkim də. Demək, bu gün ABŞ-da Milli Monte-Kristo sendviçi günüdür. Siz onu deyin ki, ayrıca sendviç günü amerikalılara bəhs etmir deyə sendviçin növlərinə bir-bir bayram qururlar. Amma Monte-Karlo sendviçi tək deyil, bu gün bayram bayrama qarışacaq. Bu gün həm də milli testdə alma günüdür. Üstəlik, bu gün həm də amerikalıların Viskonsiya pendiri günüdür.

 

1993-cü ilin 17 sentyabrında sonuncu rus əsgəri Polşanı tərk etdi. Sağ əlləri hələ də rus əsgərinin sülhməramlı adı altında at oynatdığı ölkələrin başına. 1935-ci ilin 17 sentyabrında dünyaca məşhur olan “Ququ yuvası üzərində uçuş” romanının müəllifi, hippi hərəkatının banisi, Amerika yazıçısı Ken Kizi dünyaya gəlib. 1924-cü ilin 17 sentyabrında dünyada ilk özəl beynəlxalq məktəb açılıb – ünvanı Jenevrə olan bu məktəbdə cəmi 8 tələbə təhsil alırmış. 1883-cü ildə Amerika şairi və dramaturqu, XX əsr Amerika tarixinin ən nəhəng şairi sayılan Uilyam Uilyams doğulub. 1857-ci ildə kosmonavtikanın pioneri rus Konstantin Siolkovski doğulub.

 

O ki qaldı bu gün ad günü olan tanınmış azərbaycanlılara, Sovet diktaturası dövründə Azərbaycan SSR-ə baş katiblik etmiş Mir Cəfər Bağırovdan tutmuş indikilərə keçid almaqla millət vəkilləri Səməd Seyidovun, Ülvi Quliyevin bu gün doğum günləridir.

 

Varisin “11-20 sentyabrın təqvimi” yazısından

 

 

 

Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bildirir ki, markalar fondun himayəsi ilə türk dünyası mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyalarla tanış etdirmək məqsədilə çap olunub.
Tədbirdə rəsmilər, səfirlər və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Tədbirin rəsmi hissəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı çıxışların edilməsi və poçt markaların möhürlənməsi mərasiminin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və Müslüm Maqomayev adına 26 nömrəli on bir illik musiqi məktəbinin tələbələrinin ifasında milli musiqi alətlərinin müşayiəti ilə Üzeyir Hacıbəylinin bəstələdiyi əsərlərdən ibarət mahnıların səsləndirilməsi və səhnəciklərin nümayişi ilə davam edəcək.

Nyu-York Metropoliten muzeyində Met Gala kostyum İnstitutunun bal mərasimi keçirilib. Ənənəvi olaraq, tədbir mayın birinci bazar ertəsi günü keçirilir, lakin pandemiyanın yaratdığı məhdudiyyətlər səbəbindən, 2021-ci ildə Bal bu ilin sentyabrınadək təxirə salınmışdı.
“Ədəbiyyat və incəsənət” XXL dərgisinə istinadən məlumat verir ki, bu dəfə qırmızı xalçadan keçən ən dəbli (və çoxdan gözlənilən - 2020-ci ildə Bal keçirilməmişdir) libaslar  Amerika modasınln bütün təzahürlərini əks etdirən libaslar oldu. Bir çox qonaqlar üçün Met Gala yalnız kostyumların sərgisi deyil, həm də möhtəşəm gözəlliyi nümayiş etdirmək üçün bir fürsətdir. Belə ki, dünyaşöhrətli Cennifer Lopez podiuma mövzuya əməl edərək kovboy şlyapasında və xəzlərində çıxmışdı; Müğənni Lord Nyu - Yorkda Azadlıq heykəlinin tacını xatırladan Baş geyimində idi. Müğənni Debbi Harri Amerika bayrağının rənglərinə boyanmış paltarıda peyda olmuşdu. Bızi qonaqlar isə sadəcə Amerika dizaynerlərinin geyimlərinə üstünlük vermişdilər.

Şəkildə: Cennifer Lopez podiumda

Пятница, 17 Сентябрь 2021 09:24

“Nargin – saralmış kədər” tarixi romanı

Əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” kitabı tarixi roman janrındadır. Nargin əsirlərinin taleyindən bəhs edir.  
1915-1918-ci illərdə Bakıdan cəmi on kilometr aralıda – Xəzərin qoynunda qubara dönən Nargin adasında qətlə yetirilən minlərlə əsir türk qəhrəmanlarının əziz xatirəsinə ithaf olunan əsərdə insan taleləri, ağır həyat dramları sanki tarixin canlı şahidləri kimi görünür. Üstündən 100 ildən çox vaxt keçsə də, bu mövzunun hələ də aktuallığını qoruyub saxlaması həqiqətdir.
Milki hissləri gücləndirən və Türkiyə ilə bağlılığı artıran bu əsərdə ötən əsrin əvvəllərində, Birinci Dünya müharibəsinin gedişində regionumuzda baş verən hadisələrə, Nargin adasında saxlanılan türk əsirlərin acı taleyi və bunları özündə əks etdirən tarixi sənədlərə istinad edilib.
Qeyd edək ki, kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə çap olunub.

Azərbaycan Televiziyasının rektoru tanınmış telejurnalist Faiq Hüsiyev olan Teleradio Akademiyası ilə Medianın İnkişafı Agentliyi (MEDİA) birlikdə təlimlərə başlayır.
TİKA-nın (Türkiyənin Koordinasiya və Əməkdaşlıq Agentliyi) dəstəyi ilə reallaşacaq layihədə məqsəd jurnalistlərin bacarıqlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, həmçinin jurnalistikada yaranan yeni trendlərin öyrənilməsidir.
Layihə media işçiləri üçün yeni nəzəri və təcrübi biliklərin əldə olunmasına şərait yaradacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, yeni layihə Teleradio Akademiyası, Medianın İnkişafı Agentliyi və Türkiyənin Nişantaşı Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.
“Qabaqcıl televiziya proqramlaşdırması” adlı layihədə Nişantaşı Universitetinin müəllimləri - Hüseyn Çelik, Burcu Kurtiş, Ahmet Sinav və digər təcrübəli mütəxəssislər “Qloballaşma və televiziya”, “Xəbər yazma texnikası”, “Kinematoqrafiya”, “Canlı yayım komandasının birgə fəaliyyəti”, “Televiziya jurnalistikası”, “Ənənəvi televiziya proqramları”, “Ssenarinin yazılması”, “Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar”, “Çəkiliş prosesi”, “Dublyaj və musiqi”, “Tətbiqdən sonrakı yayım prosesləri”, “Seriallar bazarı və digərləri” mövzular üzrə onlayn dərslər keçəcəklər.
Eyni zamanda, texniki vasitələrdən səmərəli istifadə ilə bağlı nəzəri və təcrübi məlumatların verilməsi də planlaşdırılır.
Onlayn dərslər sentyabrın 23-dən başlayacaq, və noyabrın 4-də yekunlaşacaq.
Qeyd edək ki, layihədə respublika üzrə 70 nəfərə yaxın elektron media və TV əməkdaşının iştirakı planlaşdırılır. Treninqlərdə ən fəal iştirak edən 30 jurnalist isə 5 günlük Türkiyəyə təcrübəyə göndəriləcək. Türkiyədən olan mütəxəssislər səfərdən öncə media təmsilçiləri ilə müsahibə aparacaq.

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdədir. Qurumun rəsmi məlumatına görə, Sentyabrın 15-də Anar Kərimovun Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü keçirilib.
Nümayəndə heyətini salamlayan Baş nazirin müavini əsrlərlə dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu olduğunu vurğulayıb. O, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərini çatdırıb, Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini bildirib.
Baş nazirin müavini 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakından söhbət açıb, səfər çərçivəsində İçərişəhərdə olduğunu xatırladıb. Bakının bu tarixi məkanının Xivədəki İçan Kala şəhər qoruğu ilə oxşarlığından, İçərişəhər təcrübəsinin İçan Kala qoruğunda tətbiqi barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Anar Kərimov Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.
Daha sonra nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm barədə məlumat verib. Bildirib ki, 30 illik işğal zamanı Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus tarixi abidələr, məscidlər də daxil olmaqla, bütün infrastruktur dağıdılıb, talan edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və yenidənqurma işləri aparılır.
Görüş zamanı yeni konservasiya və bərpa mərkəzlərinin, arxeoloji ekspedisiyaların yaradılması, mədəniyyət sahəsinin dəstəklənməsi məqsədilə müvafiq fondların təsis edilməsi ilə bağlı Özbəkistan təcrübəsinin bölüşülməsi məsələsinə diqqət çəkilib. Azərbaycan və Özbəkistanın bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, bu sahədə Özbəkistanınmüvafiq təhsil ocaqlarında yaradılan fakültələrdə təhsil barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Özbəkistanda məşhur olan xalq yaradıcılığı, xüsusən ağac üzərində oyma, keramika, ipək və digər sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi barədə söhbət açılıb.
* * *
Həmin gün Anar Kərimovun Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla da görüşü olub. Nazir ilk olaraq Özbəkistana dəvət üçün təşəkkürünü bildirib, keçirilən tədbirləri yüksək qiymətləndirib. Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü barədə söhbət açan Anar Kərimov müzakirə olunan məsələlər haqqında məlumat verib.
Görüşdə Özbəkistanda əl sənətinin inkişafı xüsusi vurğulanıb, birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.
Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb. Həmçinin tanınmış sərkərdə haqqında araşdırmaların aparılması, fəaliyyətinin müəyyən bir dövrünün Azərbaycanla bağlı olmasına görə ölkəmizə də elmi ekspedisiyanın təşkili və s. məsələlər diqqət mərkəzinə çəkilib. Bundan əlavə, “Özbəkfilm”lə birgə Türk dünyasının məşhur əfsanəvi siması Molla Nəsrəddin haqqında filmin çəkilməsinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO, TÜRKSOY və Türk Şurası çərçivəsində əməkdaşlığının gücləndirilməsi, UNESCO-nun müvafiq siyahıları üçün Azərbaycan və Özbəkistan tərəfindən birgə nominasiyaların hazırlanmasının əhəmiyyəti qeyd olunub.
Nazirlərin görüşündə həmçinin Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın elan edilməsi və gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.
AzərTAC-ln Ukrayna müxbiri xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycanın Ukraynadakı səfirliyi, Xarkovdakı Fəxri konsulluğu və Xarkov şəhər meriyasının birgə dəstəyi ilə ucaldılıb.
Şəhərin mərkəzi hissəsində ucaldılan abidənin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, Xarkov vilayət Administrasiyası rəsmiləri, deputatlar, Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız, şəhər sakinləri iştirak ediblər.
Açılış mərasimi Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən İqor Terexov bildirib ki, adları dünya tarixinə qızıl hərflərlə yazılmış şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. “Mən Azərbaycana öz minnətdarlığımı bildirirəm ki, Nizami Gəncəvi kimi dahi insanın abidəsi üçün Xarkov şəhərini seçib”, - deyə İqor Terexov əlavə edib.
Dahi şairin abidəsinin Xarkovda ucaldılmasının tarixi hadisə olduğunu deyən Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Xarkov şəhəri Ukraynanın paytaxtı olub, burada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Nizami Gəncəvinin heykəlinin ucaldılması soydaşlarımız və şəhər sakinləri üçün əlamətdar hadisədir. “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Bu gün bu qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Elnur Əliyev vurğulayıb.
Səfir Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. O dünyəvi şair olduğu üçün bəzi ölkələrdə abidəsi ucaldılır. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri onu dünyada sevdirib. “Mən inanıram ki, Nizami Gəncəvinin abidəsi olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir əlavə edib.
Tədbirdə daha sonra Milli Məclisin deputatı Rüfət Quliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov çıxış edərək iştirakçılara öz təbriklərini çatdırıblar.
Abidənin müəllifi, Ukraynanın xalq rəssamı Katib Məmmədov göstərdikləri dəstəyə görə, Azərbaycanın Ukraynadakı səfirliyinə, Xarkovdakı Fəxri konsulluğuna və Xarkov şəhər meriyasının rəhbərliyinə təşəkkürünü bildirib. Bundan sonra Nizami Gəncəvinin abidəsinin üzərindəki örpək açılıb.
Təntənəli açılış mərasimlə əlaqədar olaraq Xarkov Vilayət Filarmoniyasının binasında konsert keçirilib. Konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xarkov Simfonik Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında da Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.