Super User
Bu gün xalq artisti Zaur Rzayevin 70 illiyidir
Musiqi
Bir xatırlayın, sovet dönəmində məşhur bir xalq mahnısı var idi, “Dilbərim”. Onu oxumaqla gündəmə gəlmiş müğənni Zaur Rzayev necə sevilirdi. Elə bir dövlət konserti olmazdı ki, orda tamaşaçıların gur alqışı altında Zaur Rzayev bu mahnını oxumasın.
Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci ilin 28 yanvarında Qazıməmməd (indiki Hacıqabul) rayonunda, dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. O, ilk dəfə 8 yaşında Dəmiryolçular klubunun istirahət konsertində səhnəyə çıxıb. Bir müddət sonra Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülüb.
15 illik musiqi təhsili olan sənətçi Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəridir.
Zaur Rzayev 1998-ci ildə Əməkdar, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Tanınmış müğənnimizi təbrik edirik.
Uşaq incəsənət məktəbinin şagirdi beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görülüb
İsrailin Qüds şəhərində keçirilmiş “Bethelehem Star” Yaradıcılıq üzrə Beynəlxalq Festival-Müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin Fortepiano ixtisası üzrə V sinif şagirdi İnci Həsənli uğurla çıxış edib.
Baş İdarədən bildirilib ki, İnci Həsənli “İnstrumental” nominasiya üzrə orta yaş kateqoriyasında “solo piano”da ifasına görə Qran-Pri mükafatına layiq görülüb.
Qənirə Paşayeva: “Hacı Zeynalabdin Tağıyevin abidəsi könüllərdə və könlümüzün paytaxtı Bakıda ucalır”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev İlham Əliyev bu günlərdə, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışını etdi. Dövlətimizin başçısı abidənin açılışında həmişə olduğu kimi dolğun və məzmunlu nitq söylədi. Düşünürəm ki, böyük xeyriyyəçinin abidəsinin açılışı “Şuşa İli”nin ilk mühüm mədəni hadisəsi olması etibarilə mühüm hadisədir.
Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı məsələ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılmışdı. O zaman dövlətimizin başçısı məsələyə öz ilkin müsbət cavabında Hacı Zeynalabdin Tağıyevin böyük insan, böyük xeyriyyəçi və Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyət olduğunu bildirmişdi: “Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərib. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun”.
Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması ilimizin ilk böyük mədəni hadisələrindən biridir. Abidə Azərbaycan Prezidentinin 2020-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı imzaladığı müvafiq Sərəncam əsasında keçirilmiş açıq müsabiqənin qalibi Xalq rəssamı, tanınmış heykəltəraş Xanlar Əhmədovun əl işidir.
Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Abidəsi könüllərdə və könlümüzün paytaxtı Bakıda ucalır” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.
Tarixdə də, bizim şəhərimizdə və ölkəmizdə də varlı, imkanlı insanlar çox olub. Əlbəttə, heykəllər varlılara deyil, könlü varlılara, xeyirxahlara ucaldılır. Ömrü boyu Bakının, ümumən Azərbaycanın inkişafına, abadlaşmasına böyük töhfələr vermiş Hacı Zeynalabdin Tağıyevin dövründə ondan daha zəngin insanlar olsa da, o, xeyriyyəçilikdə ən öndə olan, digər milyonçuları da buna təşviq edən könül zəngini olub. O çox kasıb ailədə böyümüş, lakin sərvət qazandıqdan, böyük imkanlar sahibi olduqdan sonra nə kasıblığı, nə kasıbları unutmayıb. Dövlət başçısının heykəlin açılış mərasimindəki nitqində vurğuladığı kimi, əgər Tağıyevin xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, xalqın yaddaşında bugünkü səviyyədə əziz qalmazdı.
Tağıyevin təşəbbüsü, dəstəyi, bir çox hallarda bilavasitə maliyyələşdirməsi ilə ölkəmizdə bir çox önəmli layihə həyata keçirilib. Bakımızda teatr binası, bir çox sənaye müəssisəsinin tikilməsi, Azərbaycanda ilk dünyəvi Qız Məktəbinin açılması, paytaxtda ilk tramvay xətlərinin çəkilməsi böyük xeyriyyəçinin adı ilə bağlıdır. Günü bu gün də Bakının gözəlliyinə, memarlığına zənginlik qatan, şəhərimizə rövnəq verən bir çox gözəl binanın inşası o, yanarürəkli, vətəncanlı xeyriyyəçinin adı ilə sıx bağlıdır. Ayrıca, Tağıyevin təhsillə bağlı özəl təşəbbüsləri yalnız paytaxt Bakı ilə məhdudlaşmır; o cümlədən, Şamaxıda, Gəncədə, Naxçıvanda, habelə qonşu Gürcüstanda soydaşlarımızın sıx yaşadığı bölgələrdə onun ayırdığı vəsaitlə məktəblər açılıb. Yüzlərlə azərbaycanlı gənci Rusiyanın, Avropanın aparıcı ali təhsil ocaqlarına oxumağa göndərən də məhz o, olub.
Paytaxt Bakıya təmiz, keyfiyyətli içməli suyun çəkilməsi (“Şollar su kəməri”) də Tağıyevin çoxsaylı xeyriyyəçilik fəaliyyəti içində aparıcı yerdədir. Yalnız onu deyək ki, o kəmər bu gün də fəaliyyətdədir və Bakı, Sumqayıt, Abşeron sakinlərinə xidmət edir.
Yeri gəlmişkən, Bakıya ikinci böyük su kəməri Prezident İlham Əliyevin təşəbbüsü və Sərəncamı əsasında çəkilib. 2010-cu il dekabrın 28-də “Oğuz-Qəbələ-Bakı su kəməri” xalqcanlılığın, əhalinin rifahının, sağlamlığın dərindən düşünülməsi ənənələrinin yeni keyfiyyətdə davam və inkişafını ifadə edir.
Hacı Zeynalabdin Tağıyev, həmçinin müqəddəs “Qurani-Kərimi” Azərbaycan dilinə tərcümə etdirib, bir çox dini abidə tikdirib, yaxud əsaslı təmir etdirib.
Mədəni irsə münasibətdə özünəməxsus həssaslıq göstərən ali dövlət rəhbərliyinin təşəbbüsü ilə hələ 2000-ci illərin əvvəllərində Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb, 2003-cü ildə isə böyük xeyriyyəçinin evi (hazırda Milli Tarix Muzeyinin binası) əsaslı təmir olunub. Yəni dövlətimiz də, xalqımız da Hacı Zeynalabdin Tağıyevin ölkə qarşısında, tarix qarşısında xidmətlərini, ümumən belə xidmətləri olan hər kəsi öz könlündə uca tutur. Bu ucalıq Azərbaycan xeyriyyəçilik institutunun, ən gözəl ənənələrin müstəqil respublikamızda yeni çağırışlarla davam və inkişafı ilə səciyyələnir. Xeyriyyəçilik sahəsində Azərbaycanda, ümumən Cənubi Qafqazda bu gün ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu iki on illikdir ki, qayğıya ehtiyacı olan insanlara kömək göstərir, mədəniyyətimizi dünyada təbliğ və tərənnüm edir, mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə sahələrinə töhfələr verir.
Azərbaycanın multikultural dəyərlərinin, ümumən çağdaş dövlətimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri danılmazdır. Fondun reallaşdırdığı fəaliyyətlərin nəticəsi olaraq respublikamız getdikcə daha da çox tanınır, Azərbaycan dostlarının sayı artır. Biz bu amillərin təsirini 44 günlük Vətən müharibəsi dövründə aydın şəkildə gördük. Xalqımız çox yaxşı bilir ki, həmin vaxt güclü erməni lobbisi, dünya erməniliyi və onun havadarları Azərbaycan haqqında olmazın yalanları beynəlxalq media məkanında tirajlayır, informasiya təxribatları ilə məşğul olurdu; buna baxmayaraq, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, çoxşaxəli humanitar fəaliyyəti və Azərbaycanın çağdaş, qabaqcıl ölkə olaraq tanıdılması saxta erməni təbliğatını alt-üst etdi.
Vətən müharibəsindən sonrakı dönəmdə Heydər Əliyev Fondu öz qarşısında yeni – potsmüharibə vəzifələri müəyyənləşdirib. Yəni ənənəvi fəaliyyətlə yanaşı, Fond bu gün azad edilmiş torpaqlarımızda geniş fəaliyyəti ilə seçilir. Örnəyi, azad edilmiş torpaqlarda Fondun təşəbbüsü ilə hazırda dini abidələrimizin əsaslı təmir-bərpası və tikintisi prosesinə başlanıb: əziz Şuşada tarixi Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhərindəki Cümə məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eləcə də, Şuşa şəhərində, habelə Daşaltıda, Ağoğlanda (Hadrut) yeni məscidlərin tikintisi də Fondun təşəbbüsü ilə həyata keçirilir. Vaqifin Məqbərəsi, Şuşadakı bir sıra mədəniyyət ocağı Heydər Əliyev Fondunun hesabına yüksək zövq və peşəkarlıqla əsaslı təmir-bərpa edilib, həyata qaytarılıb, yenidən canlandırılıb. Ayrıca, bu işlərə ötən il bərpa edilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” ilə xüsusi rəng, ahəng və ritm qatılıb...
Müharibədən sonra yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondu da xalqımızın xeyriyyəçilik ənənələrin inkişafına, bu institutun davamlılığına, çiçəklənməsinə xidmət etməkdədir. Vətəndaşlarımız, dünya azərbaycanlıları, Azərbaycan dostları, eyni zamanda, özəl şirkətlər könüllü olaraq həm “YAŞAT” Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna vəsait köçürür və bu vəsait hesabına yüzlərlə qazimiz ölkəmizdə və xaricdə müalicə alır, öz sağlamlığını bərpa edir.
Bir sözlə, Hacı Zeynalabdin Tağıyevdən, onun möhtəşəm heykəlinin ucaldılmasından danışarkən, sövq-təbii, xeyriyyəçilikdən, ənənələrin davamından danışırıq. Nə xoş ki, günümüzdə onlarla örnəklər verə bilir, xalqımızın qədirşünaslığı, öz kökünə, irsinə bağlılığı ilə qürur duya bilirik!
III "Müasir Audiovizual Baxış" mükafatı təqdim olunub
Yanvarın 26-da Azərbaycan Respublikası Mədəniyyət Naziliyi və "AVTO FM"in (107.7 FM) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri yayımlanan “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimetmə mərasimi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimi açıq elan edən tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino-radio kanal və onun mükafatı haqqında məlumat verib.
Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, "ProMediaGroup" MMC-nin təsisçisi və rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublilası Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev "Cinema Radio" kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar. “Cinema Radio” kino-radio kanalının rəhbəri "AzerNyuMedia" şirkətinin icraçı direktoru Kamran Qasımov və kino-radio kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibi onu elan ediblər.
Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən, aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Oxuyur Müslüm Maqomayev” və “Odlar yurdu” filmlərindən əsərlər ifa edib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ildə buraxılacaq nəşrlərin siyahısı müəyyənləşib
Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kitabxanaların fondu üçün Nazirliyin sifarişi ilə çap olunacaq və satın alınacaq nəşrlərə dair meyarların müəyyənləşdirilməsi, müvafiq sahə üzrə şəffaf və effektiv iş mexanizminin təmin edilməsi məqsədilə Nazirliyin 1 aprel 2021-ci il tarixli, 33-f nömrəli əmri ilə Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası yaradılıb. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.
Mədəniyyət Nazirliyinə 2021-ci il ərzində təqdim edilən 43 adda nəşr layihəsi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın üzvləri tərəfindən oxunub, qiymətləndirilib. Komissiyanın qərarına əsasən 29 adda kitabın Nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.
Nəşr planına daxil edilən kitabların cari il ərzində nəşri başa çatdırılacaq.
Eyni zamanda 21 iyun 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında elanlar yerləşdirilib, müsabiqə üçün nəşr məhsullarının qəbulu 22 iyul 2021-ci il tarixinədək davam edib. Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası tərəfindən bir ay müddətində qiymətləndirilib. Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə Komissiyanın seçiminə əsasən Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan nəşrlər arasından 233 adda kitabdan 14.755 nüsxəsinin satın alınmasını 2021-ci ilin son rübündə həyata keçirib. Kitablar Respublika Kitabxana Kollektoruna təhvil verilib, cari ildə bölgüsü başa çatdırılacaq.
Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlara əsasən Komissiya ötən il üçün işini yekunlaşdırıb və Komissiya dekabr ayında buraxılıb. Komissiyanın yeni tərkibi yaxın günlərdə təsdiq olunacaq və qaydalara əsasən şəffaflığın qorunması məqsədilə yeni tərkib haqqında məlumat cari ilin sonuna qədər konfidensial saxlanacaq.
Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın ötən ildə tərkibi və Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəşr planı ilə ilə tanış olun:
AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİNİN
NƏŞR PLANININ TƏRTİBİ VƏ NƏŞRİYYAT MƏHSULLARININ
SATINALINMASI ÜZRƏ KOMİSSİYASININ TƏRKİBİ
KOMİSSİYANIN SƏDRİ
Nizami Cəfərov
–
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının sədri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik
KOMİSSİYANIN ÜZVLƏRİ
Rüstəm Kamal
–
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor
Vidadi Qafarov
–
Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elnarə Akimova
–
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru
Kərim Şükürov
–
AMEA-nın Elmi Şurasının üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun müəllimi, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru
Əsəd Cahangir
–
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, ədəbi tənqidçi
Əhməd Quliyev
–
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Rafail Həsənov
–
Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin üzvü, Azərbaycan Sosiologiya Assosiasiyasının üzvü, Bakı Dövlət Universitetində “Sosiologiya” kafedrasının professoru, Sosiologiya üzrə elmlər doktoru
Əsərlər:
1. “Şuşanın kitab abidəsi”
2. Nizami Gəncəvi. Sirlər xəzinəsi"
3. Aqafangen Krımski“Nizami və müasirləri”470 səhifə
4. Əkbər Ağayev “Nizami və dünya ədəbiyyatı”170 səhifə
5. Röya Tağıyeva“Nizami obrazları xalçalarda”148 səhifə
6. Tofiq Bakıxanov"Xeyir və Şər" məcmuəsi148 səhifə
7. Günel Əsgərova“Xəmsənin xilası” 191 səhifə
8. Sona Xəyal“Əbdürrəhimbəy Haqverdiyev - 150”300 səhifə
9. Nəriman Həsənzadə“Seçilmiş əsərləri” 413 səhifə
10. Vüqar Haqverdiyev“Döyüşçünün zirehli hərb geyimi”28 səhifə
11. Ramilə Qurbanlı“33 pərdəli dram” II cild235 səhifə
12. Yaqub Əlioğlu “Şamonun rənglər dünyası”63 səhifə
13. Soltan Hacıbəyov“İsgəndər və çoban”118 səhifə
14. Rafiq Vəliyev“Tehran Vəliyev. Ömür yolu”400 səhifə
15. Ülkər Talıbzadə“Şaiq Nümunə Məktəbi” 159 səhifə
16. Çingiz Ələsgərli"Səhnəyə sığmayan arzular"311 səhifə
17. İntiqam Mehdizadə “İşığa çıxmış düşüncələr”420 səhifə
18. İlham Nəcəfov
“S.Əsgərovun əsərlərindən seçilmiş nümunələr”
232 səhifə
19. Sahib Sultanov“Qamma və arpeciolar” 94 səhifə
20. Xülya Cəfərova“Qaya – yenilməz şuşalı”85 səhifə
21. Tahir Məmmədov“Rəngkarlıq, qrafika, fotoqrafiya”282 səhifə
22. Etibar Həsənzadə"Kəsişən yollar"240 səhifə
23. Sevda Rəsulova“Daş ilməli şəhərim”818 səhifə
24. Gülnarə Əsgərova“Üzeyir Hacıbəylinin Ev-Muzeyi”148 səhifə
25. Ceyhun Hüseynov“Bir millət, iki şəxsiyyət”400 səhifə
26. Rasim AbdullayevŞeirlər toplusu 45 səhifə
27. Olqa Çumakova
“Sehrli tətil günləri” (Azərbaycan və rus dillərində)
I kitab - 190 səhifə
II kitab - 144 səhifə
28. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, Leyla Həmidova
“Azərbaycan dilinin frazeologiya lüğəti”
I cild - 1132 səhifə II cild - 1039 səhifə
29. “Bir saray bələdçisinin qeydləri” 202 səhifə
Macarıstanda Rüstəm Əmirlinin şeirlər kitabı çıxıb
Macarıstanda yaşayan soydaşımız, Macarıstan Yazıçılar Birliyinin üzvü Rüstəm Əmirlinin “Odlar qızı” adlı şeirlər kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan diasporu üzrə ekspert Elnur Eltürkdən aldığı məlumata görə, kitaba yüz atlmış üç şeir daxil edilib və bu, müəllifin sayca 5-ci kitabıdır.
Rüstəm Əmirli çox gənc yaşlarından şeir yazır, istedadı dəfələrlə təsdiqlənib, kitabın çapına lazım olan vəsaiti də Macarıstan Yazıçılar Birliyi qarşılayıb.
Kitab Macarıstan kitabxanalarına verilib, kitab mağazalarında satışa çıxarılıb. Şeirlərinin əsas ana mövzusu sevgi, həyat və ölümdür. Qeyd edək ki, Rüstəm Əmirli atası Ramiz Əmirli "Qardaşlıq" Macar-Azərbaycanlı Birgə Cəmiyyətinin sədr müavinidir. Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri, Macarıstanda "Azərbaycan Evi"nin üzvüdür.
Beynəlxalq Türk Akademiyası və Türkiyə Təhsil Nazirliyi əməkdaşlığı gücləndirir
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşüb.
Danışıqlar zamanı türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub. Xüsusilə, məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının Türkiyədə keçiriləcək yekun iclasına hazıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.
Günün fotosu: Uçan avtomobil reallığa çevrildi
Slovakiyanın Klein Vision kompaniyası avtomobil və təyyarə gibridinə sertifikat alıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
Tarixdə ilk dəfə belə bir gibrid Bratislava üzərinə uçub.
AirCar 200 uçuş edib, ümumən 75 saat səmada olub.
Bir vaxtlar uçan avtomobil ən böyük möcüzə sayılırdı. Artıq bunu da gördük.
“Göyə çöp daşıyan bir quşam, ana” - Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalı şair Əlizadə Nurinin yeni şeirini təqdim edir.
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Bu sel quruyarmı günəşə sərsəm?
Sən qədim mövzusan, təzə əsərsən.
Dünyanın ən qoca ağacı sənsən,
Mən də o ağacda koğuşam, ana.
Qanadım var idi, qırıldı bu gün,
Sonuncu ümid də vuruldu bu gün...
Dərd mənə qalxınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana.
O dağlar uludan uludu, sənsən?!
Bəlkə danışdıran bu udu, sənsən?
Bəlkə göy üzünün buludu sənsən-
Mən səndən tökülən yağışam, ana?
Sənin haqq bildiyin haqq-hesab imiş...
Ölüm-iynə imiş, ömür-sap imiş.
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
Devid Suşe “Cəngavər bakalavr” ordeninə layiq görülüb
Britaniyalı aktyor Devid Suşe yaratdığı belçikalı detektiv Erkül Puaro obrazına görə cəngavər rütbəsi alıb. “Cəngavər bakalavr” ordeninin təqdimat mərasimi Vindsor qəsrində keçirilib.
TASS xəbər verir ki, dramaturgiya və xeyriyyəçilik sahəsində xidmətlərinə görə aktyora ordeni Kembric hersoqu şahzadə Uilyam təqdim edib.
Hersoq bildirib ki, Britaniya təltif sistemində “Cəngavər bakalavr” ordeni yalnız kişilərə verilir: “Fəxri ad şəxsin monarx tərəfindən cəngavər olmasını təsdiqləyir, lakin onun Böyük Britaniyanın mütəşəkkil cəngavər ordenlərinə daxil olmasını nəzərdə tutmur”.
Qeyd edək ki, britaniyalı aktyorun karyerası 1960-cı illərdə televiziya şouları və seriallarda görünməsi ilə başlayıb. Aktyor Aqata Kristinin “Puaro” əsəri əsasında çəkilən serialda (1989-2013) detektiv Erkül Puaro rolu ilə dünya şöhrəti qazanıb.
David Suşe Britaniya Kino və Televiziya Sənəti Akademiyasının üzvü və beş dəfə BAFTA mükafatına namizəd olub. 2011-ci ildə aktyor Britaniya İmperiyası ordeninin komandoru adına layiq görülüb.
Suşe öz təəssüratlarını sosial mediada paylaşıb: “Kembric hersoqu bu gün Vindsor qəsrində məni cəngavər elan etdikdən sonra qürur hissi keçirir və bir qədər də sıxılıram”.