Super User
“Kitabi-Dədə Qorqud” dastanı Özbək dilinə tərcüməsi başa çatıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi əsasında Azərbaycan şifahi xalq ədəbiyyatının şedevrlərindən olan, ən qədim yazılı abidə "Kitabi-Dədə Qorqud" dastanı Özbək dilinə tərcümə olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu Özbəkistanlı alim, tərcüman Babaxan Şarif Özbək dilinə çevirmişdir.
Qeyd edək ki, Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” eposu xalqımızın söz abidəsidir. Bu dastan yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dastanın boylarının əsas mahiyyətinin xalqımızın qəhrəmanlıq tarixi, onun müdrikliyi, yurdun və xalqın qorunması, milli mədəniyyətimizin, adət və ənənələrimizin tərənnümü, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı mübarizəsi və s. xüsusiyyətlərin olduğunu qeyd edərək bu gün də sözügedən görüşlərin aktual və əhəmiyyətli olduğunu bildirib.
Diplomat sözügedən əsərin insanlar arasındakı gözəl münasibətlər, humanizm, məhəbbət, ailə münasibətləri, anaya-qadına hörmət, övlad-valideyn münasibətləri, böyüklərə hörmət məsələlərinin bütün dastan boyu öz əksini tapdığını vurğulayaraq, dastanın gələcək nəsillərimiz olan uşaq və gənclərə, habelə cəmiyyətimizə daha çox tanıtmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib. O, Türk dünyasının bir hissəsi olan, böyük mədəniyyət, ədəbiyyat beşiyi olan Özbəkistanda da “Kitabi Dədə Qorqud” dastanına marağın böyük olduğunu və dastanın ölkənin elm, tədqiqat müəssisələrində öyrənildiyini, tədqiq edildiyini vurğulayıb.
Məhz, bu marağı nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, Türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə Özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.
Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədi ilə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb. Yaradılmış səhifə ilə https://uz.wikipedia.org/wiki/Kitobi_dadam_Qo%CA%BBrqut linkində tanış olmaq mümkündür və sözügedən bölmədə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, dastanın boyları, qəhrəmanları, dastanın dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer alıb.
Mədəniyyət naziri Anar Kərimov yanvarın 27-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi ilə görüşüb
Qonağı salamlayan Anar Kərimov artıq 30 illiyi qeyd edilən Azərbaycan-BMT münasibətlərindən söz açıb, ölkəmizin təşkilatın bir sıra institutları ilə fəal və səmərəli əməkdaşlığını vurğulayıb.
Birgə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı dəstəyin əhəmiyyətini diqqətə çatdıran nazir müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən və BMT tərəfindən dəstəklənən “Bakı Prosesi” təşəbbüsünü xatırladıb, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbir və layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb.
Görüşdə həmçinin nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO ilə birgə elan etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışı barədə məlumat verib. Bildirilib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Eyni zamanda bu layihənin “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və ölkəmizin onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdiyi qeyd edilib.
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Vladanka Andreeva qəbula görə nazirə təşəkkürünü bildirib. BMT-nin Azərbaycanla uzun illərə söykənən ikitərəfli əlaqələrinə istinad edərək birgə əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə inandığını və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüş Azərbaycanla BMT arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, gələcək əməkdaşlıq imkanları, yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi ilə davam edib.
Varis Mədəniyyət Nazirliyi yanında “Kitab nəşri və ədəbiyyat” işçi qrupuna rəhbər TƏYİN OLUNDU
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın “Kitab nəşri və ədəbiyyat” işçi qrupu yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İşçi qrupuna rəhbərlik yazıçı Varis Yolçuyevə həvalə olunub.
“Kitab nəşri və ədəbiyyat” işçi qrupunun tərkibinə ölkənin tanınmış nəşriyyat və ədəbiyyat xadimləri daxil ediliblər:
1. Firuz Mustafa
2. Şahbaz Xuduoğlu
3. Qəşəm Nəcəfzadə
4. Aida Eyvazlı
5. Sevda Tahirli
6. Nərgiz İsmayılova
7. Sabir Həsənov.
8. Varis Yolçuyev.
İşçi qrupunu yaratmaqda məqsəd Mədəniyyət Nazirliyinin kitab nəşri işinin tənzimlənməsi, ədəbi istedadların üzə çıxarılması kimi məsuliyyətlərinə yardımçı olmaq, bu sahələrdəki boşluqların doldurulmasına, nöqsanların aradan qaldırılmasına kömək etməkdir.
İşçi qrupu Kitab nəşri sahəsində ölkə nəşriyyatları ilə bilavasitə kontakta girərək çap edilən kitabların həm məzmunca, həm də poliqrafik baxımından keyfiyyətli olmalarının qayğısına qalacaq, məzmunca Azərbaycan oxucusuna xələl gətirə biləcək, onun zövqünü korlayan, eləcə də onun etik-əxlaqi davranışına mənfi təsir edəcək kitabların üzə çıxarılması yolu ilə bu sayaq nəşrlərin çapına Nazirlik vasitəsi ilə məhdudiyyətlər qoyulmasına nail olacaq.
Eyni zamanda nəşriyyat-yazar münasibətlərinin normallaşmasına, keyfiyyətli ədəbiyyatın dərci işinə töhfə vermək də nəzərdə tutulur.
Ədəbiyyat sahəsində işçi qrupu ölkə hüdudlarındakı ədəbi dərnək, məclis və məşğələlərlə sıx kontakta girərək istedadlı yazarların, xüsusən gənclərin üzə çıxarılması, onların ədəbi orqanlarda dərc edilməsinə yardım edilməsi işini təşkil edəcək. Bu sahədə ümumrespublika müsabiqələri və festivallarının keçirilməsi, istedadların stimullaşdırılmaları da nəzərdə tutulur.
Günün fotosu: Estoniya rus “Memorial”ının namizədliyini Nobel sülh mükafatına təqdim edib
Estoniya Parlamentinin Aleksey Navalnını və digər rus siyasi məhbusları dəstəkləyən qanadı akademik Saxarov tərəfindən əsası qoyulan, Putin hakimiyyəti tərəfindən fəaliyyətinə qadağa qoyulan “Memorial” sülh təşkilatının namizədliyini yanvarın 27-də Nobel sülh mükafatına təqdim edib.
Foto: Euronews.
The Cursed filminin treyleri yayımlanıb
"LD Entertainment" kinostudiyası britaniyalı rejissor və yazıçı Sean Ellisin ekranlaşdırdığı "Lənətlənmiş" (The Cursed) ekran əsərinin treylerini yayımlayıb.
Film fevralın 18-də nümayiş olunacaq, bu barədə TASS xəbər verir.
Oskar və BAFTA mükafatçısı Sean Ellisin imzasını daşıyan film XVIII əsrin sonlarında baş verən hekayədən bəhs edir. Filmin aktyor heyətində Boyd Holbrook, Kelly Reilly və Alistair Petrie kimi tanınmış sənətkarlar yer alır.
“Qolunu boynuma doladın, payız” – Yusif Nəğməkarın yeni şeirləri
“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın folklora, el bayatılarına, klassik aşıq poeziyasına köklənmiş yeni şeirlərini oxucularına təqdim edir.
RUHUMUN SAZ KÖKÜ
Tərlan təbim qıyya çəkdi,
Haqq sözümü şux nazladım...
Dərd sinəmdə sitəm əkdi...
Aşıx burdum, sim sazladım.
Nalə nəğmədən öncəmi?
Göz yaşı üzdə incimi?
Aşıb-daşan sevincimi
Kədərimlə tarazladım.
Ruh sazımın kökü zildi,
Qələm barmaq qəlbə dildi,
Mizrab tutdum, elə bildim
Həsrətimi boğazladım.
Bu yanğım -- bir ah sevgisi,
Şairin agah sevgisi...
Onda ki Allah sevgisi
batinində var, üzlədim.
Hoydu, pər pərdələr, hoydu,
Can çanaq üstə uyudu!..
Dünya qırx arşın quyudu --
Quylanıban yar özlədim!..
ALLAH SƏNƏ KÖMƏK OLSUN, AY ALLAH
Qayğın çoxdur, qayığın yox, üzürsən,
Allah sənə kömək olsun, ay Allah!
Quruya nur, suya işıq süzürsən,
Allah sənə kömək olsun, ay Allah!
Ayətisən neçə sadə aydının,
Pak, üzüağ, az azadə aydının...
Bu rüku da Ağazadə Aydının:
"Allah sənə kömək olsun, ay Allah"!
Yağış yolla, nadan olsun islana...
Tünbə...tülkü diş qıcayır aslana...
Yolu yümrült yolun azan insana,
Allah sənə kömək olsun, ay Allah!
Anlaq ürək ocağında köz qalır,
Anlamazın boğazında söz qalır...
Közlü sözdə nəfsi iti göz qalır...
Allah sənə kömək olsun, ay Allah!
Ağ hökmünlə qaranlıqlar ağarır,
Qaralanan...imdad deyib bağırır...
Daş kəsən də, baş kəsən də çağırır...
Allah sənə kömək olsun, ay Allah!
Xəlq etmədin yarıdəyər, gərəksiz,
Cəmi cəsur, kəmi qorxaq, ürəksiz...
Sən-varlığın Var edəni, şəriksiz...
Allah sənə kömək olsun, ay Allah!
Nəzərindir səpələnən "sağol" tək...
Üzərindir üzgörünməz doğaltək.
Allahlığa qurşanana "sığal çək"!..
Allah sənə kömək olsun, ay Allah!
Zülmət sarıb, bax, gurişıq dünyanı...
Aç qəddini, düz qırışıq dünyanı --
Gidi, qarı -- bu qarışıq dünyanı...
Allah sənə kömək olsun, ay Allah!
Ey tək Uca, ucaya çək ulunu --
Səslə Yusif Nəğməkartək qulunu.
Bizdən kömək -- saxlamaqdır yolunu,
Allah sənə kömək olsun, ay Allah!
ETİRAF ANI
Səhvlərimi mənə deyən
sən mənimçün çox əzizsən.
Atəşimə su çiləyən
Bir bulaq, ya bir dənizsən...
Qüsurları yan-yana düz,
Hər kəlməni gərəklə, de.
Otur səhvimlə üzbəüz,
Nəyim çatmır-ürəklə de.
Şər - öznü yuxarı tutmaq...
Bərabərlik ətrafladır.
Öyüklük - baxarı tutmaq,
Böyüklük etirafladır!
Dəm tutaram o düzümü;
Elə sanma öyrənmirəm.
Axı kənardan özümü
sən görəntək görəmmirəm...
Az ələmə ibrətini,
Son yağmur səbrədək öyrət.
Mum et müşkülü, çətini;
"Beşikdən qəbrədək" öyrət.
Köksümdəki küy-ənama
Yozma ki ritmin yasıdır...
Ürək səsimi qınama;
Sevgi arritmiyasıdır!..
Üzülmərəm iradından,
Süz diqqətlə, üzgüm yoxdur...
Gəl, üzümə tutum hər an -
Səndən gözəl güzgüm yoxdur!..
Hər addımım - hökmüm, qətim,
Aramızda anlaşım var!..
Mənim səntək həqiqətim,
Həm sənsizlik yanlışım var!..
Səhvlərimi mənə deyən
sən mənimçün çox əzizsən!
Atəşimə su çiləyən
bir bulaq, ya bir dənizsən!..
CORDANO YUXUSU
Yatdıq ki, oyanaq,
Oyandıqmı ki yataq?!
Soyuduq ki, yanaq,
Yandıqmı ki qanaq?!
Tanrının əllərilə
toxunmuş xalı kimi
yaş kəndir bağlanıb dilimə,
Atılmışam düşüncələrimin
rənglər tonqalına;
Alışıram ilmə-ilmə...
Sökülür gecə bağrım,
Qeybə çəkilmiş
qorxduğum qorxum,
Çəkdiyim ağrım...
İlahi, səsim yoxkən necə bağırım?!
Kimi çağırım?!
Beş əsrin o üzündən
səsləyimmi Cordano Brunonu?!
Soruşummu ki onu
hansı fikir fəlsəfəsinin "nəfs"i yandırdı?!
Beləmi olur
ilkin dərin düşüncənin sonu?!
Beləmi olur yeni fikir yolunda
ayılıb, ayaq açmaq?!.
Beləmi olur Yer üzünün hər üz yerində
Dominiko monastrından
bilik dalınca qaçmaq?!
Beləmi olur Kopernikə qoşulub,
Kainatı ölçüsüz bilmək?!
Beləmi olur
yaş kəndir alovda quruduqca
sıxdığı adam olub,
"qanı axıdılmadan" diri-diri yandırılıb
könüllü olaraq od içində ölmək?!
Beləmi olur
"hər bir şeydə hər şeyi görüb",
görəcəklə, gələcəklə rabitələşmək?!
Beləmi olur
"yanılıb", yandırıldığın yerdə,
anılıb, andırıldığın yerdə
abidələşmək?!.
A D S I Z
Həsrətimin gözlərini açmısan;
Gözlərinin həsrətidir baxdığım...
Nə sükutdur - harayından qaçmısan?!
Sükutunun selabıdır axdığım...
Bir ayrılıq buludu var üzündə;
Gah sıxlaşıb, gah seyrələn çağıydı...
Qəzəbinin şimşək çaxan sözündə
Hər ifadən ilgək-barış bağıydı...
Bu, nə istək, bu, nə hissdir - çaşqınam?!.
Ömrə baxmır, günə baxmır, sübh açır,
Ey, sənallah, elə sənin aşqınam --
Diləyimin, ləliyimin əlacı!
Sakitlikdir odla suyun təması,
Yandırdığın bir ürəkdir, gəl apar.
Orda sənsən, yox özgə bir əmması;
Bəlkə mehrin əmanətə yol tapar...
Sən imanlı, mən inamlı dünyada,
Allah eşqi -- bu sevdanın özülü.
Düalarım -- Tanrı yazan bir nida,
Qələm-qələm qiblə xətdə düzülü...
Gecə-gündüz xəyalımda uçmusan;
Ruhum şirin xatirəni imsiyə...
İki göz də həsrətimə açmısan;
Dörd gözlə də baxammıram kimsəyə!..
AYRILIQ GƏTİRMƏ
Qolunu boynuma doladın, payız,
Başımı söykədim sinənin üstə.
Soyuqluq tonqalı qaladın, payız,
Fikirli; barmağın çənənin üstə...
Nədən xəyaldasan, fəsil yazarım?
Neçin təbiəti altun yazırsan?!
Yenə qəlbimizə düşüb güzarın,
Gah dolub, gah da ki avazıyırsan...
Uc-uca qayğılar düyüb-düzdürüb,
Sarı sıralamaq yamandır, payız!..
Sevgi qayığımı qəmdə üzdürüb,
Ayrılıq gətirmə, amandır, payız!
Çöküb vücuduma qalğınlığınla,
Payız görkəmimdən lövhə-yayımsan...
Durumum dolanan dalğınlığınla
Sən xəyal sovqatım -- fikir payımsan...
Qolların -- əyricə ağac qadağın,
Hayqıran həsrətə susmusan, nədir?
Budaqda büzülüb düymə dodağın;
Sarışın gözəlim, küsmüsən, nədir?
Fəraqdan tumurcuq gözüqırpıqlar
Bir çarə umsalar, tap, talama gəl.
Ayağın altında solğun yarpaqlar
Qızıl xatirəmdir, taptalama gəl...
Nigaran halımdan alışır ayaz;
Bu da bir olaydır, bu da bir dönəm...
Bütün dərdlərimin sevinci payız,
Bütün sevincimin payızı mənəm...
Yetər, yetişinlə yeni yetir yol;
Yola könül cala, a tirmə payız.
Vüsal karvanını gətir, savab ol,
Üstünə ayrılıq götürmə, payız!..
MÜHARİBƏ AZADLIĞI
İki min iyirminci il,
Sentyabrın sonu --
İyirmi yeddisi günü
cəsarət addımları
basdı düşmən üstünü;
Çağladı qeyrət seli.
Sürük, çürük çöp kimi
sındı yağının beli;
Pozuldu fitnə-feli...
Bu da qızıl payızda
Əbədi yaz adlığım!!
Hünər həndəvərində
İnad başında ilk tac...
İşğal xəstəliyinə
son təyinat, son əlac --
Müharibə azadlığım.
Bir baxın səadətə --
Bir qərinə yuxulu...
Ərdönməz, qan qoxulu...
Köksü oda sərilən;
Bir ölüb, min dirilən
Ah-fəğanlı, fəryadlı --
Möhtəşəm, zəfər adlı!...
Qeyrət ağlı başında,
Polad yumuruq qolunda...
Səbr, dözüm aşındı
Qərib VƏTƏN yolunda!..
Budur hər əsarətə,
Mənim əzəl yadlığım --
Müharibə azadlığım!
Canın YURDA can səsi --
Canın canlı töhfəsi --
Pik insanlıq zirvəsi!..
Fəzilətin xitliyi --
İgidlər şəhidliyi!..
Eh, daha nələr... nələr...
Döyüş səadətinə --
İntiqama təşnələr...
Bir kərə şahə qalxdı
əzmin köhlən atlığı --
Ruhumun qanadlığı...
O gündən günüm oldu,
Tarixi ünüm oldu
çox sülhdə görmədiyim
müharibə azadlığı!..
SÖYLƏMƏ GƏLMƏYƏCƏKSƏN
Əgər işin çıxsa görüşdən yana,
Xeyir işdən yana, şər işdən yana,
Könlün də olmasa hər işdən yana,
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Demə qabaqcadan bu sözü mənə,
Qaranlıq eləmə gündüzü mənə...
Vüsaldır gözləmək həm özü mənə...
Gəlməsən, söyləmə gəlməyəcəksən.
De ki, biraz yorğun...iş edir məni,
Özgə qayğılara tuş edir məni...
De, bu gün hava da üşüdür məni...
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Bilsəm əvvəlcədən gəlməməyini
Dadmaram həsrətin məhrəm meyini...
Öyüm yoxluğunun axı nəyini?!
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Çox soyuq nəzərlər bir oddan keçib;
Yanıb, canından yox, bir addan keçib...
Gəlimli-gedimli dünyadan keçib
Gəlməsən, söyləmə gəlməyəcəksən.
İnkarı eşitmək mənə xoş olmur,
Qulaq da, ürək də duyur, daş olmur,
Son həsrət öncədən axı faş olmur...
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Sormayıb əhvalım , bilməməyinlə,
Hərdən sevinməyib, gülməməyinlə...
Sevgin əkizdirsə gəlməməyinlə,
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Ətirli yazım ol sən qışdan əvvəl,
Gizlət fərzi də yır-yığışdan əvvəl,
Gurlayan göy kimi yağışdan əvvəl
Gəlməsən, söyləmə gəlməyəçəksən.
Nə "hə"de, nə "yox" de, sus dəniz kimi,
Bağlan yollar kimi, örtül iz kimi,
Qapan doğru kimi, sapan düz kimi,
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Mənim gələcəyim -- and sədaqətim,
Hökmümün qəlbidir qərarım, qətim,
İsti ismarıcım -- qəlb inayətim:
Gəlməsən, söyləmə gəlməyəcəksən.
Gəlməsən qədəri bölə bilərsən;
Üzüboz inada gülə bilərsən...
Ən azı bir heca "gəl!"ə bilərsən...
Gəlməsən, söyləmə gəlməyəcəksən!
SEVGİ BELƏ OLUR
Bilməm Günəş hardan doğdu...
Şəfa yağmur necə yağdı...
Bu, nə əhval, bu, nə çağdı --
Lələ, sevgi belə olur?!
Ətəkdən atıb daşını,
Uca tutursn başını.
Adam unudur yaşını --
Lələ, sevgi belə olur?!
"Ox"un yıxarı çəkilir...
Yoxun yaxarı çəkilir...
Yuxun yuxarı çəkilir --
Lələ, sevgi belə olur?!
Gah bulaq kimi axırsan,
Gah şimşək olib çaxırsan,
Gah qəribtək darıxırsan --
Lələ, sevgi belə olur?!
Ürək ürəkdən güc alır,
Ruhun zamandan öc alır,
Yolağın yollarda qalır --
Lələ, sevgi belə olur?!
Bəzən qeyibdən gülürsən,
Bəzən qəmdən bükülürsən;
Bilmirsən nədən "ölürsən" --
Lələ, sevgi belə olur?!
Qalırsan hicran əlində;
Bəbəyin ümüd selində...
Bir ad dolaşır dilində...
Lələ, sevgi belə olur?!
Səsin bəstə, könlün səsdə;
Bir şərqisən bu həvəsdə...
Ey Nəğməkar, öt ahəstə:
Elə sevgi belə olur,
Lələ, sevgi belə olur!
“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ərəb dilində nəşr olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının zəngin mədəni irsinin beynəlxalq aləmdə təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın hazırlanması, Azərbaycanın görkəmli şairələrinin şeirlərinin müxtəlif dillərə tərcümə edilməsi və çap olunmasıdır. Azərbaycan, ingilis, alman və italyan dillərində nəşr edilən “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ərəb dilində də işıq üzü görüb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AzərTAC-a bildirilib ki, nəşr ərəb auditoriyasını şairələrin mənəvi dünyası ilə yanaşı, qadınların cəmiyyətdəki mövqeyi və onların ədəbiyyatdakı rolu, eləcə də Azərbaycanın çoxəsrlik mədəni dəyərləri ilə tanış edir.
Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi ucalıq” “Ön söz”ü ilə açılır. Antologiyanı Azərbaycan dilindən ərəb dilinə tərcümə edən Misirin Ain Şams Universitetinin professoru Əhməd Sami Elaydidir. İllüstrasiyaların müəllifi gənc rəssam Məryəm Əsədovadır.
Kitabda 800 il ərzində əsərləri ilə dünya ədəbi irsinə təkrarsız nümunələr bəxş edən Azərbaycanın qadın şairələrinin şeirləri, eləcə də onların həyat və yaradıcılığı barədə məlumatlar öz əksini tapır.
Təqdim edilən antologiyada Məhsəti Gəncəvi, Ağabəyim ağa Ağabacı, Xurşidbanu Natəvan, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün və digər qadın söz sənətkarlarının xüsusi ustalıq və bədii-estetik zövqlə yaratdıqları əsərləri yer alır.
İstiqlal Muzeyində Gənclər Günü münasibətilə tədbir keçiriləcək
Fevralın 2-də Azərbaycan İstiqlal Muzeyində 2 Fevral- Gənclər Günü münasibətilə tədbir təşkil olunacaq.
Muzeydən bildirilib ki, “Qələbə ruhlu Azərbaycan gəncliyi” adlı tədbirdə gəncliyin bu günü və sabahı ilə bağlı görülən işlərdən danışılacaq, onlara dövlət tərəfindən göstərilən dəstəklə bağlı məruzələr dinləniləcək.
Tədbirin musiqili proqramla davam edəcəyi nəzərdə tutulur.
Antarktida, İosif Brodski və 1-ci Pyotr
Bu günə - yanvarın 28-nə təsadüf edən əsas tarixi hadisələri “Ədəbiyyat və incəsənət” portal olaraq diqqətinizə çatdırırıq:
Antarktidanın kəşfi günü
Antarktida sözünün mənası bilirsinizmi nədir? “Ayının əks tərəfində”dir. Qədim yunanlar buzlu şimalı Böyük Ayı qübbəsinin şərəfinə Arktikos adlandırıblar, amma bura çox soyuq olduğundan orda əsl ayılar yaşamırlar. Antarktida da yunancada Arktikanın əksi mənasını bildirir.
1820-ci ilin 28 yanvarında “Vostok” və “Mirnıy” adlı iki gəmi ilə ruslar Bellinsqauzenin və Lazarevin başçılığı altında bu sirli materiki – sonuncu, altıncı materiki kəşf ediblər. Bu gün Antarktida heç bir ölkəyə aid deyil, ərazisi 13, 6 milyon kilometrə bərabərdir. Bura planetin ən soyuq və ən quru zonasıdır. Burda illik yağıntı cəmi 10 santimetrə bərabərdir. Planetin içməli su ehtiyatının 70 faizi Antarktidadadır.
Mütəxəssislər buranın iqlimini Marsın iqlimi ilə eyniləşdirirlər, təsadüfi deyil ki, NASA kosmik sınaqları burada həyata keçirir. Antarktidada ən soyuq hava 91,2 dərəcə şaxtanın qeydə alınması ilə müəyyənləşib, yayda burada 30-50 dərəcə şaxta olur. Burada cəmi iki bitki var – Kolobantuskito və Antarktida çəmənliyi. Heyvanlardan isə burada yalnız pinqvinlər yaşayırlar.
Qitə beynəlxalq qoruq hesab edilir.
Ciddi sözümdür, elə arzulayıram ki, kaş Antarktidada bir metereoloji stansiya qurulaydı, onu işlətməyi də mənə həvalə edəydilər. Pinqvinlərlə, kolobantuskito ilə yoldaşlıq edə-edə oradaca yaşayaydım.
Beynəlxalq Personal məlumatların qorunması günü
İnsanların konfidensial məlumatlarının qorunması, xüsusən indiki İKT-nin hədsiz yüksəlişi, robot casusların, dinlənmə aparatlarının, video kameraların tüğyan etdiyi zamanda vacib hesab edilir. Data Privacy Day – 1981-ci ildən etibarən 27 Avropa ölkəsində, ABŞ və Kanadada qeyd edilir, Avropada bu gün İnformasiyanın müdafiəsi günü adlanır.
Hər bir insan izlənilməməyə, gizlin məlumatlar saxlama hüququna malikdir, amma çox təəssüf ki, bu qaydalara əksərən əməl olunmur. Nə isə.
Ukraynada Dövlət bayrağının təsdiqlənməsi günü
Ukraynanın Ali Radası 1992-ci ilin bu günündə sarı-göy bayrağı rəsmi olaraq təsdiqləyib, odur ki, bu gün qardaş ölkədə Dövlət Bayrağının təsdiqlənməsi günü kimi qeyd ediləcək. Hər ilin 23 avqust tarixi isə Ukraynada Dövlət basyrağı günü kimi qeyd edilir.
Sovet imperiyasından qopan bütün xalqlar eyni acılar yaşayıblar, müstəqillik onlar üçün ağır itkilər bahasına başa gəlib. İndi bu xalqlar öz müqəddəs bayraqlarına sarılaraq müstəqilliklərini qorumaq uğrunda çabalar göstərməkdədirlər. Bu ukraynalılar üçün müqəddəs gündə hər bir ukraynalını, eləcə də Azərbaycan – Ukrayna dostluq və qardaşlığına töhfələr verən Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladıslav Kanevskini təbrik edir, jovto-siniy (sarı-göy) bayrağın daim dalğalanmasını arzu edirik.
Kazu günü
Amerikalıların bu nəfəs çalğı aləti 1840-cı ilin bu günündə kəşf edilib, dünya musiqisinə möhkəm daxil olub, xüsusi skiffl stili məhz bu alətlə yaranıb.
Odur ki, təqvimə ayrıca Kazu gününü salmaqla bu alətə rəğbət izhar edilir. Adi hakim fitinin böyüyünü xatırladan kazu ilə bağlı amerikalıların böyük planları var, yeni dünyanın özünəməxsus nələrisə çox az olduğundan, onlara dəyər verməyi vacib bilirlər.
Erməni ordusu
Nə deyirsiz deyin, amma bədxah qonşularımız bu gün Ordu gününü heç də alnıaçıq və üzüağ keçirə bilməyəcəklər. 44 günlük müharibədə onların ordusu necə pazlanıbsa, hələ də “dadı damaqlarından” getməyib.
Bolqarlarda bu gün Qavril Lesnovskinin xatirəsi günüdür. 11-ci əsrin məşhur din xadimi, Lesnovski məbədinin yaradıcısı olub bu şəxs.
ABŞ bu gün işdə şənlənmək gününü qeyd edəcək. Hamı iş yerində şənlənir, deyib gülürlər, yeyib içirlər. Burun sallayan əsla ola bilməz. Maraqlı təyinatdır, eləmi? Bu gün Amerikada həm də Milli Pediatr günüdür. Bəs mətbəx? Sualınız aydındır. Təqvimin hər gününə bir mətbəx bayramı salan amerikalılar bu gün də boş dayanmayacaqlar. Bu gün onlarda həm də Milli qarağatlı oladi günüdür.
Zəfər Tağı
1986-cı ilin 28 yanvarında havaya uçmasının 73-cü saniyəsində canlı yayımda Kanaveral burnu üzərində Amerikanın “Çellincer” kosmik gəmisi partlayıb. 1958-ci ildə Lego kompaniyası öz konstruktorunu üzə çıxarıb, hazırda dünya uşaqlarının bir nömrəli oyuncağıdır Lego konstruktorları. 1921-ci ildə Parisdə 1-ci dünya müharibəsində həlak olmuş naməlum əsgərə qoyulmuş abidənin açılışı olub. Bu abidə məşhur Zəfər Tağı adlanır. 1906-ci ildə Rusiya İmperiyasında qadınlar üçün ilk ali texniki məktəb – Sankt Peterburq qadın politexnik kursları yaradılıb.
Bu sonetlər əsla unudulmaz
1978-ci ilin 28 yanvarında biri İtaliyanın Toskana şəhərində, biri Azərbaycanın Sumqayıt şəhərində iki nəfər dünyaya gəlib, birincisi dünya futbol tarixində ən dahi qapıçı kimi ad çıxarmış Canluicci Buffon, digəri Azərbaycan ədəbiyyatşünaslığına və ədəbi tənqidinə layiqli töhfələr vermiş Elnarə Akimovadır.
1952-ci ilin bu günündə müğənni, xalq artisti Zaur Rzayev doğulub. Onun barəsində ayrıca yazı gedib.
1925-ci ilin 28 yanvarı Azərbaycan şairi, sonetləri ilə məşhur olan Adil Babayevin doğum günüdür. İllər ötsə də bu sonetlər sanki indi yazılıbmış kimi canlıdırlar, ruh oxşayırlar, bu, fenomenal haldır.
Qoy yapışsın əlimdən günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfiqləri,
Çağlasın varlığımda işıq dolu bir ilham.
Mən ömür istəmirəm riya, xəyanət üçün,
Yurduma gərək olan söz üçün, sənət üçün,
Ömürdən doymamışam, həyatdan doymamışam.
Bu cür yazırdı Adil Babayev. Ruhu şad olsun!
1912-ci ildə abstrakt ekspressionizmin ilk görkəmli nümayəndəsi olan Amerika rəssamı Cekson Pollak, 1884-cü ildə isveçrəli alim, stratostat və batiskafları kəşf edən Oqyüst Pikar, 1706-cı ildə ingilis çapçısı, adına şrift olan Con Baskervill, 1693-cü ildə rus çaritsası Anna İvanovna, 1611-ci ildə Ayın ilk xəritəsinin müəllifi, polyak astronomu Yan Qaveliy dünyaya gəliblər.
İosif Brodskidən 1-ci Pyotradək
2015-ci ilin 28 yanvarında Vaqif Səmədoğlunu itirdik. Şairin xatirəsinə ayrıca yazı vermişik.
2010-cu ilin 28 yanvarında yazıçı Sabir Azəri, 2002-ci ilin 28 yanvarında “Balaca və Damda yaşayan Karlsson” və “Uzuncorab Peppi” kimi uşaqlar üçün şedevrlər yaratmış isveç yazıçısı Astrid Lindqren, 1996-cı ildə Nobel mükafatçısı, yəhudi əsilli şair, esseist İosif Brodski, 1980-ci ildə Azərbaycan peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı, 1944-cü ildə görkəmli maarifçi Qantəmir, 1725-ci ildə rus imperatoru 1-ci Pyotr vəfat ediblər.
“Ölülərim, dirilərim dolanır içimdə” - Vaqif Səmədoğlu üçün rekviyem
Bu gün Vaqif Səmədoğlunun anım günüdür. 7 il öncə - 2015-ci ilin 28 yanvarında Vaqif Səmədoğlu dünyaya əlvida deyib.
Onun barəsində rəsmi mənbələr belə məlumat verir: Vaqif Səməd oğlu Vəkilov; 1939-cu ilin 5 iyununda Bakıda, Səməd Vurğunun ailəsində dünyaya gəlib. Şair, dramaturq, publisist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Milli Məclisin deputatı (2000, 2005). Milli azadlıq hərəkatının liderlərindən biri olub. “İstiqlal” və “Şərəf” ordenləri kavaleridir, Humay və Nəsimi mükafatları laureatıdır.
Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən, Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Dövlət Konservatoriyasında təhsil alib. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri (1982–1985) vəzifələrində işləyib, "Oğuz eli" və “Cumhuriyyət” qəzetlərinin baş redaktoru (1992–1994) olub.
Poeziya, musiqi, teatr və kino sahəsinə yaddaşlarda qalan, dəyərli töhfələr verib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk kitabı – “Yoldan məktublar” 1968-ci ildə işıq üzü görüb. Yüz minlərlə insanın pərəstiş etdiyi şeirlərin, “Bəxt üzüyü” kimi filmin, “Bir axşam taksidən”, “Sən uzaq yaşıl ada” kimi mahnıların, “Yaşıl eynəkli adam” kimi tamaşanın müəllifidir.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib, Birinci Fəxri Xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında büstü açılıb.
Rəsmi məlumat bu qədərdir. Amma, məncə, burda heç nə yoxdur. Vaqif Səmədoğlu bu məlumatlara əsla sığmaz.
O, sanki bu dünyanın adamı deyildi. Onun dilini küləklər bilirdi, buludlar, yağışlar, Günəş, Ay bilirdi, insanlar isə ya bilmirdi, ya da bilməkdə çətinlik çəkirdi.
Qohumluq əlaqəmiz olsa da Vaqif əmiylə çox az-az görüşürdük, onun üçün darıxanda şeirlərini oxuyurdum. O şeirlər bizim qalaktikadan kənarda yaranıb göndərilirdilər bizim ixtiyarımıza.
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...
Bunu yalnız Vaqif əmi bu cür yaza bilərdi. Başqa heç kim.
Eləcə də bunu:
Bu payız da başlandı,
Bu yağış da...
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm...
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək.
Çox təəssüf ki, insan ömrü həqiqətən böyük vağzallara deyil, kiçik stansiyalara sığışır yalnız. Və ən böyük həsrət, ən böyük nisgil kiçik stansiyaların dayanmadan, sürətlə ötüb keçən ekspress qatarlara olan həsrətidir.
Ruhun şad olsun, Vaqif əmi.
VARİS