Super User

Super User

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Sumqayıt Regional Mədəniyyət İdarəsi və Regionala tabe olan uşaq incəsənət məktəbləri, Sumqayıt şəhər İcra Hakimiyyəti, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Əli Kərim adına Poeziya evində "Türkdilli xalqların Novruz adət-ənənələri” adlı beynəlxalq konfrans keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərkəzin 2022-ci ilin I yarımili üçün nəzərdə tutulmuş İş planının əsasında  keçirilmiş konfransın məqsədi türkdilli xalqlarda Novruz adət-ənənələrinin spesifik özəlliklərini aşkara çıxarmaqla yanaşı, milli adət-ənənələrimizin qorunub saxlanılması, tanıdılması və hazırkı vəziyyətinin qloballaşma və texnoloji sivilizasiya şəraitində inkişaf perspektivlərinin müzakirəsi idi.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərinin direktor və müəllim heyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhər İcra hakimiyyətindən nümayəndələr, Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə heyəti, yerli və xarici ölkələrdən qatılan məruzəçi və dinləyicilər iştirak ediblər.

Konfransı salamlama nitqi ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər İcra hakimiyyətinin Humanitar şöbəsinin müdiri Fərman Kərimov və Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva açmışlar.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının “Etnomusiqişünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev, Bakı Xoreoqrafiya Akademiyasının doktorantı Sevinc Əliyeva, AMEA-Naxçıvan bölməsinin Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucov, Sultan Qaboos Universitetinin Musiqi və Musiqi elmləri Departamentinin Fortepiano şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova (Oman Sultanlığı, Maskat), MD in Educational Sciences, www.tum-haberler.com saytının baş redaktoru Ali Rıza Özkan (Türkiyə, İstanbul), Pakistan Beynəlxalq İslam Universitetinin köməkçi professoru Dr.Fareed Brohi (Pakistan, İslamabad), Necmettin Erbakan Universitetinin Ahmet Keleşoğlu Təhsil fakultəsinin İncəsənət təhsili şöbəsinin Musiqi bölməsinin müəllimi Yunus Çağlak (Türkiyə, Konya), Qırğızıstan İslam Universiteti, Sosial elmlər fakultəsi, dekan vəkili, fəlsəfə və Din Bilimleri eğitimi doktoru Ermamat Ergeshov (Qırğızıstan, Bişkek), Dicle Universitetinin Ədəbiyyat fakultəsinin  Müasir Türk ləhçələri və Ədəbiyyat bölməsinin müəllimi  Abdülmukaddes Kutlu (Türkiyə, Diyarbakır), Ulan-Bator Elite beynəlxalq məktəbinin müəllimi Aysel Tilyeukhan (Monqolustan, Ulan-Bator), L.N.Qumilyov adına Eurazya Milli Universiteti, “Otırar kütüphanesi” Elmi-Araşdırma Mərkəzinin baş tədqiqatçısı Erkegül Aryakkarkızı (Qazaxıstan, Nur-Sultan), Gürcüstan Azərbaycan Qadınlar Birliyinin mədəniyyət şöbəsinin rəhbəri, Mirzə Fətəli Axundov adına ev və mədəniyyət muzeyi və Tiflis Yunus Əmrə Mədəniyyət Mərkəzində saz ixtisası üzrə müəllim Nargilə Mehdiyeva (Gürcüstan,Tiflis) çıxış ediblər.

Alimlər öz  çıxışlarında  qədim zamanlardan başlayaraq Azərbaycanda, Türkiyədə, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Krım tararlarında və bir çox Şərq ölkələrində baharın, yəni yeni ilin gəlişini müxtəlif mərasimlərlə qarşıladığından bəhs ediblər. Xüsusən vurğulanıb ki, Novruz bayramı 2009-cu il tarixində YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.

Konfrans zamanı musiqi nömrələri səsləndirilmiş, uşaq incəsənət məktəbləri və rəsm qalereyası tərəfindən hazırlanmış Novruz adət-ənənələri ilə bağlı rəsm əsərləri ilə yanaşı sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunmuşdur.

Bir rəsm əsərində yaşıllıqlar qoynunda Novruz atributlu gözəl qız təsvir olunub. Bu, rəmzi mənada baharın gözəlliyinə işarədir.

Xoş gəldin, bahar!

 

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə kollektivə təqdim olunub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqimetmə  mərasimində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun rəhbəri Könül Cəfərova, tearın direktoru Naidə İsmayılzadə və kollektiv üvləri iştirak ediblər. 

Mərasimi giriş sözü ilə açan nazir müavini Elnur Əliyev çağdaş zamanda kadr seçimi məsələsinin inkişafın əsası olduğunu qeyd edib: “Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Mehriban xanımı geniş təqdim etməyə ehtiyac yoxdu. Onun daha əvvəl televiziyada, kinoda, teatrda gördüyü işlər hamıya bəllidir. Bizim mədəniyyət nazirliyi olaraq son bir ildə çalışdığımız ən ümdə məsələ təlim-təhsil və kadrların düzgün seçimi məsələsidir. Bilirsiniz ki, nazirliyin təşkilatçılığı və dəstəyi ilə az qala hər gün master-klasslar təşkil olunur, təcrübə mübadilələri üçün şərait yaradılır. Hesab edirəm ki, Mehriban xanım kimi istedadlı və zəhmətkeş bir insanın bu teatrda çalışması fərqli, yeni bir ab-hava yaradacaq. Həmçinin bu təyinat teatrın kollektivinin başqa mərhələdə, daha üstün bir komanda kimi görünməsi üçün fürsət olacaq.”

Daha sonra söz Mehriban Ələkbərzadəyə verilib. Sumqayıt şəhərində dünyaya göz açan, 17 nömrəli məktəbin məzunu olan, Azərbaycan Televiziyasında bir neçə diqqətçəkən layihələrlə yadda qalan, teatr sahəsində kifayət qədər uğur sıralayan Mehriban xanım

hər şeydən öncə ona göstərilən bu etimada görə təşəkkürünü bildirib: “Bu teatr mənə çox doğmadır. Çünki elə bu səhnədə “Cəza” tamaşasını oynayırıq. Ümumiyyətlə harda işləməyimizdən asılı olmayaraq, biz Azərbaycan teatr camiəsinin üzvüyük, istənilən yer bizim doğma məkanımız ola bilər. 90-dan artıq yaşı olan və elə 90-na yaxın aktyor heyəti olan nəhəng bir teatrdır. Bu heyətlə çalışmaq və daha böyük uğurlara imza atmaq mümkündür. Daha maraqlı və kreativ təqdimatlar bizim əsas hədəfimizdir. İnanıram ki, alınacaq və mən bu göstərilən etimadı doğruldacam.”

Teatrın direktoru Naidə İsmayılzadə yeniliklərin teatrın, sənətin inkişafına fayda verdiyini söyləyib: “Mehriban xanım teatrla yaşayan bir insandır və düşünürəm ki, Gənc Tamaşaçılar Teatrına gəlişi çox faydalı olacaq. Çünki zaman dəyişiklik və yenilənmələr zamanıdır. Daha maraqlı və çevik olmağımız vacibdir. Teatrda hal-hazırda təmir gedir, yaxın zamanda bu binanın siması yenilənəcək, şövqlə çalışmağımız və daha gözəl işlər ortaya qoymağımız üçün hər cür şərait olacaq. Əlbəttə bütün bu illər ərzində teatrın işgüzar, istedadlı kollektivi çox maraqlı işlərə imza atıblar, biz yeni gələn gənclərə də özlərini ifadə üçün şərait yaratmışıq. Amma bununla belə daha səmərəli çalışmağımız, yeni, fərqli tərəfdən görünməyimiz vacibdir. Bu yolda Mehriban xanıma uğurlar diləyirəm.”

Sonda baş rejissor Mehriban Ələkbərzadəyə kollektiv adından çiçək dəstəsi bağışlanılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

AzərTAC xəbər verir ki, dövlətimizin başçısı qədim köklərə malik Novruz bayramının xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutduğunu, ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramının yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etdiyini, milli özünüdərkin təşəkkülünə töhfələr verdiyini, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırdığını vurğulayıb.

Təbrikdə deyilir: “Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm”.

Prezident əmin olduğunu bildirib ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcək.

“İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!”, - deyə Prezident İlham Əliyev xalqımıza xoş arzularını çatdırıb.

Суббота, 19 Март 2022 09:00

Bugünkü “Ədəbiyyat qəzeti”nin anonsu

 

Azər Turan – Panslavyanizmin qürubu...

Qan Turalı – Heç olmasa, bir məsələdə razılaşaq: Uşaqlar öldürülməsin!!!

Varis – “Hələ axşam düşməyib...” (Xalq yazıçısı Anar haqqında)

Cavanşir Yusifli – Unudulmuş sözlərdə qara düşmüş durnalar, yaxud Əhməd Oğuz anı

Mətanət Vahid – “Bu torpağı tanı, sev” - Tofiq Mahmudun uşaq poeziyasında təbiət

“Ədəbiyyatdan böyük meydan yoxdur” – “Fikir bucağı” layihəsinin qonağı şair, yazıçı Sayman Aruzdur (Söhbətləşdi: Tural Cəfərli)

Azad Qaradərəli – “Onun sarı bənizi” (Hekayə)

Süleyman Əlisa – Azərbaycanın dünyada qeyri-rəsmi səfiri (Rüstəm İbrahimbəyov haqqında)

Adəm – “Qəhrəmanın ölümü” (Hekayə)

İtalyan yazıçı Antonio Tabukkinin “Fernando Pessoanın axırıncı üç günü” əsəri Həmid Piriyevin tərcüməsində

Bəxtiyar Qaraca – Sükutdan asılı adam (Şöhlət Əfşardan sonrakı yazı)

Rəvan Cavid – Xatırlamaq haqqında heç nə

Elnarə Qaragözova – XXI əsrin Konan Doylu – Çingiz Abdullayev

Təvəkgül Boysunar – Şeirlər

Nizaməddin Şəmsizadə - Maye işıqda Ruh axtaran loğman (Paşa Qəlbinur-70)

Paşa Qəlbinur – Şeirlər

Rahid Ulusel – XXI əsrin ilk ədəbiyyat nobelçiləri

Gülsadə - Şeirlər

Səhər Əhməd – “Yaz gəlib, bilirsənmi” (Şeir)

Elman Quliyev – Çağdaş türk poeziyasında Şuşanamələr: milli-tarixi yaddaş və müasirlik kontekstində

Atababa İsmayıloğlu – “Müdir havası” (Ssenari)

Türkiyənin Qars şəhərindən salamlar! – Türk yazar Mert Çakmakın Xanəli Kərimlinin “Bayrağını uca qaldır, ana vətən” lirik poeması haqqında dəyərləndirməsi

Fəxrəddin Əsəd – Ruhların sevinən günü (Fəxrəddin Teyyubun “Ruhların sevinən günü” kitabı haqqında)

Tamella Pərvin – Şeirlər

 

Mənbə: Edebiyyatqazeti.az

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında fərmanından irəli gələn vəzifələrin icrasına uyğun olaraq, Azərbaycanda mediasiya institutunun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Yeni yaradılan mediasiya təşkilatlarının ictimai açılışlarına başlanılıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 17 mart 2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı keçirilib. 

Təqdimatda Azərbaycan Hakimlər Assosaiyasının sədri Ələddin Cəfərov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, yazıçı Varis Yolçiyev, Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri-Səkinə Babayeva və digər ictimai nüfüzlu şəxslər iştirak ediblər.

Qonaqlar Bakı 2 saylı Mediasiya Təşkilatınıın fəaliyyət göstərməyə başladığı 05 yanvar 2022-ci il tarixdən bu günə qədər görülən işlərlə tanış olublar. Bakı 2 saylı Mediasiya Təşkilatının sədri İlhamə Həsənova bildirib ki, Bakı 2 saylı mediasiya Təşkilatının Bakı şəhəri, Xan Şuşinski 158 ünvanında yerləşən ofisi mediasiya proseslərinin keçirilməsi üçün yüksək şəraitlə təmin edilib və hazırda təşkilatda 25 mediator faaliyyət göstərir.

Tədbirdə Bakı 2 saylı mediasiya təşkilatının fəaliyyəti ilə bağlı maraqlı təqdimat nümayiş etdirilib.

Təqdimatdan da məlum olduğu kimi Bakı 2 saylı Mediasiya Təşkilatına daxil olan işlərin kifayət qədər əhəmiyyətli hissəsi barışıq sazişləri və tam mediasiya sessiyasına keçid etməklə yekunlaşıb. 

Çıxış edən qonaqlar mediasiya institutunun məhkəmə hüquq islahatlarına, mübahisələrin sayının azalmasına və səmərəli həllinə böyük töhfə verəcəyinə inandıqlarını bildirib və bu yolda təşkilata uğurlar arzulayıblar. 

Novruz Bayramı ərəfəsində keçirilən tədbirin rəsmi hissəsindən sonra Novruz süfrəsi ilə qeyri-rəsmi hissə davam etdirilib.

Günün fotosu: Rumıniyada volontyorlar lal-kar ukraynalı qaçqınlara kömək edirlər

 

Bütün dünya bu dəhşətli müharibədə Ukraynanın yanındadır. Budur, Rumıniyada volontyorlar lal-kar ukraynalı qaçqınlara kömək edirlər. Jest dilləri hər ölkədə müxtəlif olduğundan çətinliklə də olsa, dil tapa bilirlər.

Foto: Euronews

 

Ukraynanın ən böyük beynəlxalq ədəbiyyat festivalı olan “Сузiря духовностi“ (Mənəviyyat kəhkəşanı) festivalının Təşkilat Komitəsinin sədri, tanınmış Ukrayna yazıçısı Nataliya Varenik ukraynalı yazıçılar adından “facebook” sosial şəbəkəsindəki qruplarda festivalın azərbaycanlı iştirakçılarına, münsiflərinə, o cümlədən də “Ədəbiyyat və incəsənət” portalına dəstək üçün minnətdarlıq bildirmişdir.

Nataliya Varenik Ukraynanın ədəbiyyat mərkəzi sayılan, eləcə də “Сузiря духовностi“ festivalı müsabiqələrinin keçirildiyi İrpen şəhərinin vəhşicəsinə bombardman edilməsi, viran qoyulması barədə “Ədəbiyyat və incəsənət” portalının yerləşdirdiyi materialı da yaymışdır.

Uşaqlar, qadınlar, qocalar gülləbaran edilirsə, uşaq bağçaları, doğum evləri, mədəniyyət ocaqları mərmi atəşlərinə məruz qalırsa buna susmaq, etiraz səsini ucaltmamaq insanlığa ziddir, təcavüzkara haqq qazandırmaqdır.

 

18 martın - ilin 44-cü gününün təqvimi

 

Varis yazır

 

Beynəlxalq Yuxular Günü

 

Yuxu orqanizm üçün çox vacibdir. Normal və sağlam yuxu zamanı insan  orqanizmində unikal bərpaedici proses baş verir. Hansı ki, bunlarsız insan gümrah ola bilməz, lazımi iş qabiliyyətini hiss etməz.

Tibbi statistikaya görə, Yer kürəsi əhalisinin artıq 50 faizdən çoxu bu və ya digər yuxu pozuntularından əziyyət çəkir, son yüz ildə isə gecə yuxusunun zamanı 20 faiz azalıb.

Ən geniş yayılmış yuxu xəstəliyi insomniya – yuxusuzluqdur, dünya əhalisinin 11-35 faizi bu bəlaya mübtəladır. Yuxusuzluğun əsas səbəbi də günümüzün acı reallığı olan stress və nevrozlardır. Ən çox yuxusuzluqdan əziyyət çəkənlər 50 yaş və ondan yuxarı olanlardır. Risk qrupunda isə hüquqşünaslar, təhsil sistemi işçiləri, mədəniyyət xadimləridir. Yuxusuzluq ən çox payızda, işıqlı günlər azalanda, eləcə də yazda, əsəb sisteminin fəsadları üzə çıxanda, xroniki xəstəliklər cövlan etməyə başlayanda özünü göstərir.

Yuxu ən gözəl dərmandır – qədim aforizmdə əbəs yerə belə deyilməyib ki. Ona görə də yuxusuzluğa düçar olanlar, yatmazdan əvvəl açıq havada gəzinib, sakitləşdirici məlhəmlər qəbul edib çalışmalıdırlar ki, mütləq yatsınlar. Bir də, yatağa uzanmazdan əvvəl mobil telefondan asılıb qalmaq, yataqda fikirləşib növbəti günlərə planlar qurmaq olmaz.

Uzanın, gözlərinizi yumun və sabah qurub yaratmaq, xoşbəxtliyə doğru addım atmaq üçün yatın.

 

“Öz valideyinlərini bağışla” günü

 

Valideyin nə edirsə övladının xoşbəxtliyi üçün edir. Amma hər adam yetkin şüura malik deyil axı, bəzən onlar qaş düzəldən yerdə vurub göz də çıxarırlar. Bununla belə, övlad valideyni ilə düşmənçilik etmək, kin saxlamaq hallarına yol verməməlidir. Bu 18 mart gününün təyinatı da elə məhz valideyinlərindən inciyən övladların onları bağışlaması, onlarla barışmasıdır. Haydı, barışığa doğru!

 

Paris Kommunası günü

 

1872-ci ildən qeyd edilən bu gün Fransanın əsas bayramlarından sayılır. Əslində, bu gün tək fransızlar üçün deyil, bütün dünya xalqları üçündür, istibdaddan əziyyət çəkən hər bir topluma toparlanıb ayağa qalxaraq şərə qalib gəlmənin mümkünlüyünü özündə ehtiva edir.

1871-ci ilin 18 martı öncəsində Fransa ağır siyasi böhran yaşayırdı. III Napoleon Prussiya ilə müharibəni uduzmuş, General Troşun hakimiyyətə gəlib Milli Müdafiə Hökuməti qurmuşdu, Prussiya Parisi mühasirədə saxlayırdı. Ölkə məcburi seçkilərə gedəsi oldu, keçirilən seçkilərdə monarxlar arzuolunmaz səs çoxluğu əldə etdilər, qoca və mühafizəkar Adolf Tiers rəhbərliyə gətirildi, xalqın istismarı başlandı. Parisdə “işçilər” adını almış xalq kütlələri ayağa qalxdı.

18 mart günü xalqın verdiyi vergi vasitəsilə alınan 271 top və 146 pulemyotu geri götürmələri əmri ilə Tiers Montmartra hərbi qüvvələr yeritdi. Bu təşəbbüs, xalqın müqaviməti ilə qarşılandı. Nəticədə xalq hakimiyyətə qalib gəldi, Tiers hökuməti hərbi birlikləri, polisi, məmurları və Paris burjuaziyasının böyük bir hissəsiylə birlikdə Versala sürgün edildi. Şəhər əsl sahiblərinə, işçilərə qaytarıldı. Parislilərin arzuladıqları ədalətli, demokratik, azad bir hökumət quruldu Paris Kommunası adında.

Amma burjuaziya boş dayanmırdı. Tiers Bismarkın azadlığa buraxdığı əsir fransız əsgərlərindən Versal birlikləri adında yenidən bir ordu topladı. 21 Mayda Versal birlikləri Parisə girdi və şəhəri işğal edənə qədər 3 həftə ərzində qorxunc bir qətliam törətdi. 30 min nəfər öldürüldü, 130 min nəfər hərbi məhkəmələr vasitəsilə həbs olundu, 7 min nəfər Kaledoniyaya sürgün edildi. Paris əhalisinin 25 faizi bu hücumdan zərər çəkdi.

Beləcə, Paris Kommunası devrildi. Şər Xeyirə qalib gəldi.

 

Xəzər Universitetinin yaranışı günü

 

1991-ci ilin 18 mart günündə Azərbaycanın ilk özəl və ilk ingilisdilli universiteti fəaliyyətə başladı, bu, Xəzər Universiteti idi. Bu gün Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 8 kampus və 13 binada fəaliyət göstərən bu universitet beynəlxalq təhsilin keyfiyyətini araşdırma reytinqlərində Azərbaycanın ali məktəbləri arasında ən yüksək mövqelərdə qərarlaşıb, bu da Xəzər Universitetinin böyük nüfuzundan xəbər verir.

Gəlin bu universiteti təsis edən gözəl ziyalımız Hamlet İsaxanlını, pedaqoq və tələbə heyətini təbrik edək.

 

Qurbanlar günü

 

Yox, bizim qurbanlıq qoyun kəsməyimiz kimi bir bayram deyil bu. Qurbanlar – başqalarının yolunda canlarını fəda edənlərdir. Bu gün beynəlxalq miqyasda onlar anılacaq.

Bu zümrəyə öz canlarını xalq, vətən yolunda qurban verən şəhidlərimiz də aid edilir, gəlin bir dəqiqəlik sükutla onları anaq, Allah rəhmət eləsin deyək.

 

Xoli festivalı və yulaf peçenyeləri

 

Bu gün hindistanlılar məşhur Xoli festivalına başlayacaqlar. Bir adı da boyalar günü olan xolidə insanlar küçələrə axışaraq bir-birilərini rəngbərəng boyalarla boyayırlar, hamı şənlənir, deyib-gülür. Bu festival baharın gəlişini bayram etnəkdir həm də.

 

Bu gün meksikalılar neft, monqollar kişilər, suriyalılar müəllim, arubalılar bayraq, niderlandlılar kökə gününü qeyd edəcəklər. Mətbəx bayramları bol olan amerikalılar isə bu gün Milli yulaf peçenyesi gününə sevinəcəklər.

 

Qallipoli döyüşünün xatirə günü

 

Bu gün türk qardaşlarımız 1-ci dünya müharibəsində baş tutmuş Qallipoli döyüşünün xatirəsini anacaqlar. 

Britaniya (bura Avstraliya, Yeni Zelandiya, Hindistan qüvvələri də daxil idi ) və fransız qoşunlarının I Dünya müharibəsində - 1915-ci ildəki Dardanel əməliyyatı Britaniyanın dəniz naziri Uinston Çörçillin təşəbbüsü olmaqla, boğazlarla birlikdə Türkiyənin paytaxtı İstanbulu tutmaq məqsədini güdürdü. 

Hələ 1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri boğazın fortlarını qısa müddətdə bombalamışdılar. Türklər bundan sonra Dardanelin müdafiəsini gücləndirmişdilər. Sonra buraya 80 gəmidən ibarət ingilis-fransız eskadrası göndərildi. 1915-ci ilin yanvarında qərara alındı ki, donanma Dardaneldə müstəqil qaydada, ordunun köməyi olmadan vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə tutmağa başladı. Türklər boğazın sularına qoruyucu minalar qoydular və martda eskadra boğaza daxil olanda türklərin atəşi altına düşdü. Üç gəmi batırıldı, üçü isə zədələndi. 

Məhz həmin dönəmdə müttəfiqlər Qallipoli yarımadasına desant düşürmək istədilər. Desant 81 min adamdan, 178 topdan ibarət idi. Türk komandanlığı Dardaneli müdafiə etmək üçün əlavə ordu yaratdı. Martın 18-də başlanan şiddətli döyüşlər çoxlu itki vermələri səbəbindən Britaniya qoşunlarının geri çəkilməsi ilə nəticələndi. Türk artilleriyası sahilə əsgərləri çıxarmaq üçün gəmilərdən endirilən çox sayda qayıqları da sərnişinləri ilə birlikdə məhv etmişdi. Desant əməliyyatının təkcə birinci günü müttəfiqlərin itkisi 18 min nəfərə çatırdı.

Müttəfiqlərin sonrakı hücumları da uğur gətirmədi. Avqustda əlavə 10 min nəfər əsgər gətirildi. Lakin ingilis-fransız qüvvələri irəliləyə bilmirdilər və artıq aydın oldu ki, Dardanel əməliyyatı uğursuzluğa düçar olur. Qallipolidən desantın evakuasiyası başlandı və bu ağır iş dekabrda başa çatdı. İngilislərin itkiləri 120 min nəfər, fransızlarınkı isə 26 min həfər idi. Uğursuz əməliyyatın təşəbbüskarı kimi Çörçil istefaya getməyə məcbur oldu.

Hər il 18 martda türklər Qallipolidə verdikləri şəhidlərin xatirəsini anırlar. Allah cəmi şəhidlərə rəhmət eləsin.

Türklərin bu qəhrəmanlıq tarixini lütfən yadda saxlayın, əzizlərim.

 

“Bağdad oğrusu”

 

2014-cü ilin 18 mart günündə Rusiya Krımı işğal edərək öz ərazilərinə qatıb. 2010-cu ildə Azərbaycan ilə Fici arasında diplomatik əlaqələr qurulub. 1989-cu ildə futbol üzrə Kamerun yığması ilk dəfə Afrika Millətlər Kubokunu qazanıb. 1962-ci ildə Fransa və Əlcəzair müharibənin başa çatdığını elan ediblər, Əlcəzairə müstəqillik verilib. 1946-cı ildə Vaşinqtonda Ümumdünya Bankı fəaliyyətə başlayıb. 1924-cü ildə o dövrün ən bahalı filmi çəkilib. O vaxt ancaq səssiz filmlər çəkilirdi, “Bağdad oğrusu” adlı həmin səssiz filmin büdcəsi 2 milyon dollar olub. 1921-ci ildə Polşa-Sovet müharibəsi Riqa sülh müqaviləsinin bağlanması ilə başa çatıb. 1917-ci ildə sonuncu rus çarı 2-ci Nikolay həbs edilib. 1892-ci ildə Milli Hokkey Liqasının məşhur “Stenli” kuboku təsis edilib. 1869-cu uldə məşhur rus kimyaçısı Mendeleyevin dövri elementlər cədvəli barədə ilk açıqlamanı Rusiya Kimya Cəmiyyəti verib. 1839-cu ildə Çin hakimiyyəti ölkəyə həşiş gətirilməsini qadağan edib deyə ilk həşiş müharibəsi başlayıb. 1662-ci ildə Parisdə ilk ictimai nəqliyyat marşruta çıxıb – bu, səkkiz yerlik kareta olub.

 

Kimlər gəldi

 

1837-ci ilin 18 martında ABŞ prezidenti Qrover Klivlend dünyaya gəlib. Məşhur Klivlend xəstəxanasının yerləşdiyi eyniadlı şəhərə onun adı verilib. 1858-ci ildə alman mühəndidi Rudolf Dizel doğulub. Bəli, daxili yanma mühərrikinin banisi, adına yanacaq olan həmin o dahi şəxs. 1874-cü ildə 20-ci yüzilliyin ən böyük filosoflarından biri, rus Aleksandr Berdyayev doğulub. O, azadlıq fəlsəfəsinin original konsepsiyasının müəllifidir.

1919-cu ilin 18 martında fransız müğənnisi Mişel Arnaud, 1968-ci ildə tanınmış gürcü futbol məşqçisi Temuri Ketsbaya dünyaya gəliblər.

 

Kimlər getdi

 

1584-cü ilin 18 martında İV İvan – Qroznıy adını almış tarixin ən qəddar və qaniçən rus çarı dünyadan köçüb. 1979-cu ildə dahi Azərbaycan xanəndəsi Xan Şuşinskini itirmişik. 1980-ci ildə məşhur alman sosioloqu Erix Fromm, Azərbaycan aktyoru Yusif Vəliyev, 2003-cü ildə noutbuku dünyaya bəxş etmiş şəxs – ingilis ixtiraçısı Adam Osborn, 2008-ci ildə görkəmli boyakarımız Maral Rəhmanzadə, ən nəhayət, 2017-ci ildə ABŞ müğənnisi Çak Berri vəfat ediblər.

 

 P.S.

“Azadlıq dərin mənada hüquq deyil, borcdur. Bu, insanın tələb etdiyi şey deyil, insandan tələb edilən şeydir, onun əsl insan olması üçün tələb edilən şeydir”. Bu, Berdyayevin fikirləridir.

Təbii ki, bu dahi şəxsiyyət öz dövründən bu günə boylana bilsəydi bugünkü rus insanının qardaş Ukraynanı işğal etmək istəyinə hesablanan şəhərləri bombalamasını, dinc sakinləri qırmasını lənətləyərdi.

 

Aprelin 3-də “Auction Baku” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının metodiki dəstəyi ilə Novruz bayramı münasibətilə növbəti auksion təşkil olunacaq.

Aiksion Azərbaycanda hərrac ənənələrinin inkişaf etdirilməsi, bu sahədə rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayenin rolunu artırmaq məqsədilə keçiriləcək. Auksionda 5 tanınmış rəssamın- Vüqar Muradov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Cəlal Ağayev və Milena Nəbiyevanın Novruz atributlarından olan yumurta forması üzərində çəkdiyi əsərlər hərraca çıxarılacaq. Bununla yanaşı, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan Novruz bayramı mövzusunda əsərlər sərgilənəcək.

Xalqımızın milli adət-ənənələrini və ən nadir xüsusiyyətlərini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer vermiş və bədii dəyərə malik əsərlər yaratmışlar.

 

"Qardaşıq marşı" Novruz bayramı münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlar, zabitlər, şəxsi heyət üçün keçirilən konsert proqramı çərçivəsində ifa olunub.

AzərTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Xor Kapellasının artisti vokal ifaçısı Fərhad Ələkbərov Azərbaycan və Türkiyə dostluğuna həsr olunan "Qardaşıq marşı"nı Ali Hərbi Məktəbin orkestrinin, orkestrin rəisi, hərbi dirijor, polkovnik-leytenant Fariz Məmmədzadənin müşayiəti ilə səsləndirib.

Fariz Məmmədzadənin təşəbbüsü ilə keçirilən tədbirdə Fərhad Ələkbərov konsert proqramında çıxış etdiyinə və şəxsi heyətin mədəni istirahətinin təşkilində göstərdiyi köməkliyə görə Fəxri fərmanla təltif olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.