Super User
Azərbaycan və Türkiyə arasında mədəni irs əməkdaşlığı genişlənir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı daşınmaz tarix-mədəniyyət abidələrinin müəyyən olunması, dövlət qeydiyyatına alınması, qorunması, istifadəsi və idarə olunması mövzularında əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə Respublikasına səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, 15-17 mart tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsi tərəfindən həyata keçirilən mübadilə proqramında Dövlət Xidmətinin Hüquq sektorunun müdiri Pərvanə Əliyeva, Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi MMC-nin direktoru Rəşad Hacıyev, Dövlət Xidmətinin baş məsləhətçiləri Seyran Quliyev, Fidan İmaməliyeva, böyük məsləhətçisi Elşən Məhərrəmov iştirak edib.
Nümayəndə heyəti ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin müdir müavini Seyit Ahmet Arslan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında müvafiq sahə üzrə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin Ermənistan tərəfindən dağıdılması, hazırda Azərbaycan Respublikası tərəfindən həyata keçirilən bərpa işləri haqqında geniş təqdimatla çıxış ediblər.
Təcrübə mübadiləsi çərçivəsində daşınmaz mədəni irsin bərpa-konservasiyası, müvafiq sahə üzrə laboratoriyanın fəaliyyəti, arxeoloji qazıntılar və onlara nəzarət, abidələrin aşkar edilməsi və qeydiyyatı, inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, qanunvericilik və digər məsələləri əhatə edən görüşlər keçirilib.
Şair Vaqif Bəhmənlini diri ikən öldürmək istəyənlər
Şair Vaqif Bəgmənli Facebook sosial şəbəkəsində çox maraqlı bir paylaşma edib. Onu diqqətinizə çatdırırıq.
Yaxşı deyiblər ki, hər saatın öz hökmü var... Ötən gün axşam telekanalların hansındasa bir aktyor, yaxud ifaçı (Özüm izləmədim deyə, dəqiq bilmirəm) bəndənizin “Anam yuxuma girmir” şeirini təsirli bir şəkildə əzbər söyləyib. İfa bitəndən sonra verilişin aparıcısı yaxşı əsər olduğunu bildirib və həmin ifaçıdan soruşub ki, şeir kimin şeiridi? Bu da deyib ki, rəhmətlik Vaqif Bəhmənlinin. Düzdü, diriyə də rəhmət düşür. Amma, dünən axşam diri, sağlam və kefimin kök olduğunu sübuta yetirmək üçün bir xeyli telefon zənglərinə cavab verməklə ən azı 1 saat vaxt itirdim. Qurban olum millətimə, heç denən diri şair olar? Şair gərək rəhmətə gedə ki, şair sayıla...
Diriliyimə daha tutarlı dəlil kimi “1 saat” adlı şeirimi paylaşır, dünyaya sülh, bütün dostlara uzun ömür arzulayıram. Və həqiqətən də hər saatın bir hökmü var!
1 SAAT
Bizim babalardan hansı birisə
deyib, öz hökmü var hər bir saatın...
Uzun gecələri açıb diricə,
gərək saatında çapasan atı!
Altmış dəqiqədən altmış qat qısa
fürsətdi, müddətdi, andı 1 saat.
Çapığa tənzifdi, çolağa əsa,
sinədən fışqıran qandı 1 saat!
1 saat - dünyanın əvvəli, sonu;
göz qırpıb tarixi geri sayırsan...
Saat axıntıdı, baxır sən onu
hansı əqrəblərlə hesablayırsan.
Ənlik-kirşan vaxtı, ya ayna vaxtı...
kimsə adın cızır yar ağacına.
1 saat – kiminsə sauna vaxtı,
kimisə çəkirlər dar ağacına...
Təki ehsan aşı düşə könlünə -
qıvraq ol, mağarda aşdı 1 saat.
Qız məkri oğlanın şüşə könlünə
çırpmağa hazırca daşdı 1 saat!
Ötür üç-dörd mənzil 1 saatda at,
Deşir toğlu gözün quzğun dimdiyi.
Yirtcı şir üçün nədir 1 saat? –
Ləzzətlə sökülən ahu cəmdəyi...
Saat ədavətdi - dartdın uzanır,
bilmirsən harandan tutacaq təpik.
Oğru 1 saata milyon qazanır,
doğru – uzaqbaşı, 95 qəpik.
1 saat içində itirir postu,
Qızıl üyüdənin dəni kəsilir.
1 saat içində 40 ilin dostu
Qırxillik dostuna qənim kəsilir!
Saat əbədiyyət yoludur bəlkə,
dünya bir baladır pişik dişində.
Kainat saatın quludur bəlkə,
Allah da baş açmır saat işindən?!
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Cadenza” orkestrinin növbəti konserti
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Cadenza” orkestrinin növbəti konserti keçirilib.
AzərTAC xəbər verir ki, budəfəki konsertdə orkestr fleyta ifaçısı Avital Kohenlə (İsveçrə-İsrail) səhnəni bölüşüb.
Qeyd edək ki, A.Kohen daha əvvəl IV Beynəlxalq Qara Qarayev festivalında iştirak edib. Konsertdə Karlhaynz Ştokhauzenin “Pikkolo”, Antonio Vivaldinin Konsert No.3, Haynz Holligerin “Lied”, Türkər Qasımzadənin “Mürəkkəbin su həllində naxışları” və Arif Məlikovun “Konsertino” əsərləri ifa edilib.
Milli Dram Teatrı uşaqları Novruz bayramında “Sehrli Buta” ilə sevindirir
Dünəndən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sehrli Buta” adlı Novruz tamaşasının nümayişinə başlanılıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, balacalar üçün ərməğan olan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.
Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır.
“Sehrli Buta”da Əməkdar artistlər Mehriban Xanlarova, Elnar Qarayev, Rəşad Bəxtiyarov, aktyorlar Rada Nəsibova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Şəhla İsmayılova, Firuzə Balayeva, Corc Qafarov, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Tural İbrahimov və Elsevər Rəhimov rol alıb.
Tamaşa 24 mart tarixinədək nümayiş olunacaq.
Biletləri teatrın kassasından və iticket.az saytından əldə etmək olar.
YARAT Müasir İncəsənət Mərkəzində Mişel Fransuanın sərgisi böyük maraq doğurur
Xəbər verdiyimiz kimi, YARAT Müasir İncəsənət Mərkəzində belçikalı rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar” adlı fərdi sərgisi açılıb.
Sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub, insanın azadlıq ehtirasını simvolizə edir.
Sərgi olduqca baxımlıdır, tamaşaya gələnlər çoxdur. Bu sayaq ekstravaqant incəsənət həmişə diqqət çəkməkdədir.
İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M.Fransua sosioloq və filosof Ceremi Bentamın XVIII əsrdə ixtira etdiyi institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən ilhamlanaraq bu əsəri yaradıb və şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazlarından bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər.
Sərginin kuratoru Erix Vays jurnalistlərə müsahibəsində bildirib ki, Mişel Fransua Azərbaycana gələndə onu maraqlandıran bir çox məqamlarla üzləşib. Bunlar Azərbaycan xalqının təbiətlə, və neft, qaz kimi təbii sərvətlərlə birbaşa əlaqəsidir: “İnsanda elə bir təsəvvür yaranır ki, çubuqla belə, yeri qazsan oradan sanki neft püskürəcək. Çalışmışıq ki, instalyasiyalar arasında videogörüntü verməklə palçıq vulkanlarını və digər təbiət hadisələrini sərgimizin mövzusu ilə əlaqələndirək. Alüminiumdan hazırlanmış fontan instalyasiyasına baxdıqda dediyimiz neft və qaz kimi sanki yerdən püskürür. Alüminium özü də bir təbii sərvət olaraq yerfıstığı ilə vəhdət şəklində təqdim olunur”.
Mişel Fransua çıxışı zamanı ziyarətçilərə minnətdarlığını bildirib və sərgiyə daha çox insanın baxacağına inamını ifadə edib.
Sərgi oktyabrın 4-dək açıq olacaq.
Sabah Kukla Teatrı uşaqları sevindirəcək
Sabah, martın 20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.
Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.
Ramiz Rövşən yaradıcılığı Almaniya ədəbiyyat portalında dərc edilib
Almaniyanın “Aphorismen.de” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “İlan balası” şeirinin və poeziyasından seçmə misraların yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan materialın alman dilinə sətri tərcümə müəllifi Mərkəzin alman dili tərcüməçisi Məryəm Səmədova, bədii redaktoru Tomas Şefterdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Aphorismen.de” müntəzəm olaraq səhifələrində Sokrat, Demokrit, Çarlz Dikkens, Yunis Əmrə, Yohann Volfqanq Höte, Teodor Fontane kimi dünya şöhrətli filosofların, yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib.
Ötən ilin noyabrın 16-dan elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Yekunda müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib.
Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
“Nizami Gəncəviyə məktub” müsabiqə komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınan ümumi nəticəyə və komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.
I yer – Selçuk Karakılıç “Büyük Kahraman”: Nizami Gencevi”
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi”
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”.
Nazirliyin müvafiq əmrinə əsasən müsabiqənin birinci yer üzrə qalibinə 2021 ABŞ dolları, ikinci yer üzrə qalibinə 1141 ABŞ dolları və üçüncü yer üzrə qalibinə 880 ABŞ dolları məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.
Qısa müddət ərzində Mədəniyyət Nazirliyi tərəfindən qaliblərin mükafatlandırılması təşkil ediləcək.
İçərişəhərdə Novruz bayramı təntənəli şəkildə qeyd olunacaq
Novruz bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmamışdır. Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.
İdarədən bildirilib ki, bayram şənlikləri martın 19-dan 27-dək İçərişəhər ərazisində və Qala Qoruğunda təşkil olunacaq.
Tədbirlər çərçivəsində qonaqlar müxtəlif yaş kateqoriyası üzrə ustad dərslərinə, qədim sənət növlərinə həsr olunmuş müxtəlif təlimlərə, eləcə də sabunbişirmə, suvenirlərin hazırlanması və naxışlanması, uşaqlar üçün üzdə maraqlı təsvirlərin çəkilməsi kimi əyləncəli məşğələlərə, habelə İçərişəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərində təşkil ediləcək ustad dərslərinə, xalqımızın sevimli milli mətbəx nümunələrinin bişirilməsi, təndirə çörək yapılması, kofe dəmlənməsi kimi maraqlı tədbirlərə qatıla biləcəklər.
Qoşa Qala meydanının mərkəzi hissəsində səhnədə təşkil olunacaq musiqili və əyləncəli tədbirlər qonaqların zövqünə oxşayacaq.
Ramiz Qusarçaylının “Vətən” kitabını alimlər müzakirə edib
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda şair Ramiz Qusarçaylının “Vətən” epopeyası müzakirə olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov tədbiri açaraq poemanın bədii məziyyətlərindən bəhs edib, belə əsərlərin tarixi, milli düşüncəni ifadə etmək baxımından çox əhəmiyyətli olduğunu bildirib.
Millət vəkili, tarix elmlər doktoru, professor Anar İsgəndərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Eynulla Mədətli, tarix elmləri doktoru, professor, şair Şahin Fazil, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix elmlər doktoru, professor Cəbi Bəhrəmov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdirləri,- tarix elmlər doktoru, professor Qafar Cəbiyev, tarix elmlər doktoru, professor Əsədulla Cəfərov və başqalalarının çıxışlarında “Vətən" poemasında müqəddəs Vətən sevgisindən qaynaqlanan könül duyğularının və poetik düşüncələrin mükəmməl şəkildə ifadə edildiyi, poemanın müasir poeziyamızın və Vətən tarixi ədəbiyyatımızın ən gözəl nümunələrindən biri kimi çox qiymətli olduğu qeyd edilib.
Sonda Ramiz Qusarçaylı çıxış edib, başda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov olmaqla tədbirin təşkilatçılarına, əsər barədə xoş ürək sözlərini bildirən dəyərli alimlərə təşəkkür bildirib və yeni şeirlərini oxuyub.