Super User
Nazir Anar Kərimov ABŞ-da Holokost Memorial Muzeyinə olub
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfər çərçivəsində Holokost Memorial Muzeyinə olub.
“Ədəbiyyat və incəsınət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, eksponatlarla yaxından tanış olduqdan sonra Anar Kərimov ABŞ Holokost Memorial Şurasının sədri Stüart Eysenstatla bir sıra məsələlər ətrafında müzakirə aparıb. Azərbaycanın multikultural dəyərlərindən bəhs edən A. Kərimov həmçinin əsrlər boyu ölkəmizdə yaşayıb-yaradan yəhudi icması haqda da məlumat verib.
Nazir bildirib ki, ölkəmizdə yerləşən Quba Soyqırımı Memorial Kompleksi azərbaycanlılara və yəhudilərə qarşı törədilmiş soyqırımın rəmzi olaraq hər zaman dərin sayğı ilə anılır. Bu gün Holokost soyqırımı hətta məktəb dərsliklərində də yer alıb. Azərbaycan illərdir ki, antisemitizmlə mübarizəyə həsr olunmuş konfranslara, müxtəlif səpgili tədbirlərə ev sahibliyi edir.
Görüş zamanı Holokost Memorial Muzeyinin yəhudilərə qarşı törədilmiş soyqırımın gələcək nəsillərə çatdırılmasında daşıdığı böyük önəmdən bəhs olunub. Həmçinin bu sahədə Quba Soyqırımı Memorial Kompleksi ilə gələcək əməkdaşlığın, arxiv materialların üzə çıxarılmasının və təbliğinin, məlumat mübadiləsinin vacibliyi vurğulanıb.
Elə həmin gün Anar Kərimov tanınmış caz ifaçısı, pianoçu Əminə Fiqarovanın rəhbərlik etdiyi musiqi qrupunun konsert proqramında iştirak edib.
Mədəniyyət naziri Anar Kərimovun ABŞ-a səfəri davam edir
Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən kitablar ABŞ Konqresi Kitabxanasına hədiyyə olunub
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfərin ilk günü Anar Kərimov Vaşinqtonda yerləşən ABŞ Konqresi Kitabxanasının Yaxın Şərq şöbəsinin rəhbəri Coan Viks ilə görüşüb.
Kitabxana ilə yaxından tanış olmaq məqsədilə gəzinti baş tutduqdan sonra bir sıra görüşlər keçirilib. Eləcə də zəngin və rəngarəng Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən bir sıra kitablar Konqres Kitabxanasının Afrika və Orta Şərq ölkələri bölməsinin rəhbəri Lanisa Kiçinerə hədiyyə olunub.
Həmçinin nümayəndə heyətinə kitabxananın Azərbaycan tarixi və mədəniyyəti guşəsi barədə ətraflı məlumat verilib. Burada ölkəmizlə bağlı gerçəkləşən araşdırmalar barədə informasiya təqdim olunub.
Mujgan Nazimova Kitabxananın Azərbaycan kolleksiyası və kataloqları ilə bağlı təqdimatla çıxış edib.
Geniş və maraqlı təqdimatlar üçün kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirən A. Kərimov bundan sonra da sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, proqram üzrə bu qəbildən olan görüşlərin keçirilməsi planlaşdırılır.
Həmçinin Azərbaycan Mədəniyyəti gecəsi çərçivəsində caz konsert də reallaşıb.
“999-cu gecə” tamaşası 40-cı dəfə nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası 40-cı dəfə nümayiş edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Qeyd edək ki, premyerası 2016-cı il mayın 25-də olan səhnə əsərinin süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb.
Gözlənilməz situasiyalarla zəngin olan bu səhnə əsərində hətta ikimərtəbəli dekorasiya da xüsusi simvolik məna daşıyır.
Musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və onun digər əbədiyaşar əsərlərindən istifadə olunub.
Tamaşada Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov ifa ediblər.
Ən çox oxunan: Ermənistanda 220-dən artıq nümayişçi saxlanılıb
Baqdasaryanın Euronews-da gedən reportajı çox oxunma sayına görə diqqət çəkir.
“Ədəbiyyat və incəsənət” portalı həmin reportaja istinadən xəbər verir ki, Ermənistan paytaxtında polis etiraz aksiyalarının 220-dən artıq iştirakçısını saxlayıb. Bu barədə reportajçı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək məlumat verib.
Polis qeyd edir ki, kütləvi çıxışlar nəticəsində yenidən iflic olunmuş şəhərin mərkəzində hərəkəti çətinliklə bərpa edə biliblər. Buna baxmayaraq, müxalifət etiraz və itaətsizlik aksiyalarını davam etdirmək niyyətindədir. Manifestantlar Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Onu ittiham edirlər ki, o, Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştlərə getməyə hazırlaşır.
Artur Vanetsyan - müxalifətçı “Vətən" Partiyasının nümayəndəsi Euronews-a deyib: “Biz şəhərin mərkəzini bloklaşdırdıq. Avtobuslar getmir, müəllimlər, tələbələr, fəhlələr bizə qoşulublar. Ümid edirik ki, bizim hərəkətlərimiz daha çox insanı cəlb edəcək və Nikol Paşinyan gedəcək".
Qeyd edək ki, müxalifət bazar günü genişmiqyaslı itaətsizlik aksiyalarının başlandığını bəyan edib. Bazar ertəsi İrəvanda bir çox iri magistrallar bağlanmışdı. Gecə saatlarında kütləvi həbslərə əl atan polis şəhərin kilidini açıb, lakin çərşənbə axşamı səhər saatlarında nümayişlər yenidən başlanıb.
Reportaj bura kimidir.
Bir onu əlavə edirik ki, nümayişlərin başında Rusiyaya meyilli Robert Köçəryanın və Serj Sərkisyanın dayandıqları məlumdur.
Beynəlxalq Silkway ədəbiyyat festivalı major notlarla başa çatıb
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi Qubada, “Şahdağ Quba Truskavets” Sanatoriyasında keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Silkway International Writers Union təsisatının və “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın seçim turunda 300-ə yaxın namizədi qabaqlayan 30 gənc yazar fərqlənərək final mərhələsinə vəsiqə qazanıblar. Onların arasında ədəbi gəncliyin Fərid Hüseyn, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Faiq Hüseynbəyli, Eminquey, Ulucay Akif, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Ruslan Dost-Əli, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür kimi parlaq imzalarına rast gəlmək olar.
Aprel ayının 30-dan may ayının 2-dək 30 nəfər finalçı səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə “Şahdağ Quba – Truskavets” sanatoriyasında yaşayıb, öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alablar. Quba görməli yerlərinə ekskursiyalar, “Çölçü” obasına yürüş də təşkil olunub.
Ayrıca, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad dərsi keçib, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademikİsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları”, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi “Dünya ədəbiyyatının mədəniyyətdə rolu” mövzusunda məruzələr ediblər.
Qubadakı “Azərkitab” mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü, bölgə şairlərinin Bakıdan gələn qonaqlar qarşısında öz şeirlərini oxumaları da festivalın tərkib hissəsi kimi bölgə ədəbiyyatının inkişafına bir təkan olub. Bölgənin tanınmış şairi Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatına layiq görülməsi mərasimi də festivala bir rəng qatıb. Həmçinin yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin gənclərə uğur qazanmaq təlimini açması, onlara kitablarını hədiyyə etməsi də xüsusi rəğbət doğurub.
Festivalın münsifləri Nizami Cəfərov başda olmaqla AYB sədrinin müavini Rəşad Məcid, AYB katibləri Elçin Hüseynbəyli, Xəyal Rza, AYB sədrinin müşaviri Sayman Aruz, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi Nərgiz Cabbarlı, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis olublar.
Təkilat Komitəsinin həmsədrləri yazıçılar Əlibala Məhərrəmzadə və Varis olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun may ayının 1-də təşkil edilmiş Qala gecəsində Xalq artisti Malik Mansurovun bədii rəhbəri olduğun “Naz-nazı” muğam qrupunun ecazkar musiqisinin, təbrik nitqlərinin, banket süfrəsinin müşayiəti ilə bütün iştirakçılar “Festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla mükafatlandırılıblar. Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşib.
1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif və 3-cü yeri Cavid Qasımov tutublar. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqlənib.
Növbəti mərhələlərdə festivalın qalibinin kitabının nəşri, piarı, mükafatçıların beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.
Dünyadakı anologi layihələrdən ödənişli olmaması üstünlüyü ilə seçilən və devizi “Sonda ədəbiyyat qalib gələcək!” olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun hər il keçirilməsi nəzərdə tutulur.
Günün fotosu: Əl-Aksa məscidində qanlı olaylar baş verib
Günün fotosu: Əl-Aksa məscidində qanlı olaylar baş verib
Şərqi Qüdsdəki Əl-Aksa məscidində ötən gün fələstinlilərlə İsrail polisi arasında toqquşma bərpa edilib. 40-dan artıq insan yaralanıb.
İsrail polisi günahı onlara daş atan fələstinlilərdə görür, buna görə gözyaşardıcı qazdan istifadə edildiyini bildirir.
Yeri gəlmişkən, Qədir gecəsində burda 250 min müsəlman ibadət etmişdi.
Foto: Euronews
Sevilən “Koroğlu” operası növbəti dəfə səhnədə
Bu gün - Aprelin 30-da dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur.
Bu münasibətlə elə həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası təqdim olunacaq.
Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Respublikanın Əməkdar artisti, istedadlı vokal ustası Ramil Qasımov ifa edəcək.
Tamaşada Xalq artistləri Əli Əskərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev və başqaları çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, "Koroğlu" Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Bu əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olub yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.
Filarmoniyada “Yeni adlar layihəsi” çərçivəsində növbəti konsert keçirilib
Aprelin 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar layihəsi" çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun rəhbərli ilə təqdim olunan konsertdə solistlər beynəlxalq müsabiqələr laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Rüstəm Zeynalov və BMA-nın məzunu Ceyhun Əzizov çıxış ediblər.
Musiqili gecədə tamaşaçılar dünya musiqi klassiklərinin incilərini dinləyiblər.
Musiqili Teatrın may repertuarı maraqlı tamaşalarla zəngindir
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının may repertuarını təqdim edirik:
1 may – “Yatmış gözəl və cırtdanlar”, “999-cu gecə”
6 may –“Bəxtiyar” (premyera)
7 may – “Bremen musiqiçiləri və Pen”, “Bəxtiyar”
8 may – “Qırmızı papaq və Redmüzi” (premyera), “Paris Notr–Dama ithaf”
13 may – “Bir dayan, canavar”
14 may – “Meşə çaqqalsız olmaz”, “Qafqazlı qardaşqızı”
15 may – “Qızıl cücə”, “Mən dəyərəm min cavana”
21 may – “Dəcəl çəpişlər”, “Qızıl toy”
22 may – “Qırmızı papaq”, “Psix”
27 may – “Fransızsayağı qarnir”
28 may – “Buratino”, “Ər və arvad”
29 may – “Qoğalın macərası”, “Beş manatlıq gəlin”
Yuğ” teatrının may repertuarını təqdim edirik
Azərbaycan “Dövlət” Yuğ Teatrı may ayında maraqlı tamaşalar göstərəcək.
1 may -“Vəsvəsə”
7 may - “KLOUN Z”
8 may - “Təklif”
14 may - “Lənət”
15 may - “Quş dili”
21 may - “Lənət”
22 may - “KLOUN Z”
28 may - “Metamorfoza”
29 may - “Vəsvəsə”
Qeyd edək ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında göstəriləcək tamaşalar müvafiq olaraq saat 19.00-da başlanır.
Biletləri teatrın kassasından əldə etmək olar.