Super User

Super User

 

UNESCO-nun “Gənclərin İpək Yollarına baxışı” adlı Proqramı çərçivəsində beynəlxalq fotoqrafiya müsabiqəsinə start verilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun İpək Yolları Proqramı çərçivəsində və qurumun Sosial və Humanitar Elmlər Sektorunun UNESCO Gənclər Proqramının məqsədlərinə uyğun olaraq təşkil edilən fotomüsabiqənin 2022-ci il nəşri iyulun 17-dək davam edəcək. 

İpək yolları dəniz və quru yolları şəbəkəsindən ibarət geniş regionu əhatə edir. Cənubi Asiya və Cənub-Şərqi Asiya, Orta Asiya yarımadası, Rusiya düzənlikləri, İran və Anadolu yaylaları, Ərəbistan yarımadası, eləcə də Tanzaniyadan Mərakeşə qədər Şimali Afrika və Şimal-Şərqi Afrika, Fransa ilə Pireney yarımadasını birləşdirən, Şərqi və Cənubi Avropa boyunca uzanan İpək yolu ölkələrinin gənclərinə ünvanlanan “Gənclərin İpək Yollarına Baxışı” müsabiqəsi bu bölgələrdə yaşayan və ya oraya səyahət etmiş gənclərə düşüncələrini bölüşməyə, İpək yollarında qarşılıqlı əlaqə və mübadilələrdən qaynaqlanan ümumi mədəni irsi və plüralist kimlikləri daha yaxşı anlamağa imkanı verir. Müsabiqə İpək yollarının əhatə etdiyi müxtəlif insanlar arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq etmək üçün bu qarşılıqlı mədəni əlaqələri və görüşləri müasir dünyaya yaymaq məqsədilə fotoqrafiyadan istifadəni təşviq edir.

Müsabiqə iki fərqli yaş qrupunu əhatə edir: 14-17 və 18-25. Üçüncü dəfə təşkil olunan müsabiqəyə bu il “İnanc və mənəviyyatlar” və “Birlikdə yaşamaq” kimi iki mövzu üzrə fotolar qəbul edilir. 

Fotolar seçki komissiyası tərəfindən nəzərdən keçiriləcək və hər yaş kateqoriyası üzrə qaliblər müəyyən olunacaq. Müsabiqə mükafatlandırma mərasimi ilə başa çatacaq. Birinci yerin qaliblərinə professional fotoaparat, ikinci yerin qaliblərinə yarıprofessional kamera, üçüncü yerin qaliblərinə isə rəqəmsal kamera (standart) hədiyyə olunacaq. 

Bundan əlavə, COVID-19 məhdudiyyətlərinə uyğun olaraq, qaliblərin mərasimdə iştirakı üçün bütün xərclər ödəniləcək. UNESCO-nun dəvətinə əsasən, yaşı 17-dən az olan laureatları böyüklər müşayiət edə biləcəklər.

Qalib fotolar arasından ən yaxşı 50 fotoşəkil dünyanın müxtəlif ölkələrində sərgilənəcək.

 

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq qısametrajlı film festivalında türkiyəli rejissor Cüneyt İşıkın çəkdiyi “Quş olsaydım” qısametrajlı filmi “Ən yaxşı xarici qısametrajlı film” nominasiyası üzrə mükafata layiq görülüb. 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, festival türkiyəli rejissor Ali Atayın “Ölümlü dünya” tammetrajlı bədii filmi ilə başlayıb. Filmlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. 

Qeyd edək ki, ibtidai məktəbin ikinci sinif şagirdi Berfinin yenicə köçdüyü İstanbuldakı həyatından bəhs edən “Quş olsaydım” filmi gerçək bir hekayədən götürülüb.

Среда, 11 Май 2022 10:03

İncəsənət xadimləri təltif olunmuşlar

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

 

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Abutalıbov Şirzad Əsəd oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağakişiyev Rauf Fikrət oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Allahverdiyev Ceyhun Kərim oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Arsentyeva Olqa Anatolyevna

Atakişiyeva Mətanət Ağazair qızı

Babayev Allahverən Hacı oğlu

Babayev Əbülfət Məmməd oğlu

Babayeva İnarə Əhməd qızı

Babayeva Töhfə Ağaəli qızı

Bağırov İzaməddin Zeynal oğlu

Bağırova Sənubər Yusufovna

Baliyeva Natalya Gennadyevna

Barateliya Naala Raulyevna

Bayramov Salman Bayram oğlu

Bayramov Təyyar Allahverdi oğlu

Bədəlova Solmaz Əligözəl qızı

Bəşirov Xanlar Əyyub oğlu

Cəbrayılov Elşən Şahin oğlu

Cəfərov Samir Qadir oğlu

Dadaşov Əmrah Balaxan oğlu

Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Yasəf Alxas oğlu

Eyvazova Ayan Fuad qızı

Eyyubov Musa Eyyub oğlu

Əfəndi Elçin Fərahim oğlu

Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı

Əflaki Ədilə Osman qızı

Əhmədli Bəhruz Vaqif oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Əhmədov İlyas Əhməd oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əlili Hüseyn Azad oğlu

Əliyev Ələkbər Həsən oğlu

Əliyev Əliyar Əlişan oğlu

Əliyev İqbal Adil oğlu

Əliyev Sərvər Bəhlul oğlu

Əliyev Vaqif Səfər oğlu

Əliyeva İlahə Yavər qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Ülkər Sabir qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmrahov Rövşən Əbdürəhman oğlu

Əsgərov Əli Rəhim oğlu

Əzizov Əzizağa Ağayar oğlu

Fətullayeva Aygün Bəhruz qızı

Hacıyev Əli Əliyusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Sevil İnşalla qızı

Hacıyeva Siddiqə Zakir qızı

Heybətov Anar Mithət oğlu

Həbibov Nicat Əli oğlu

Həsənquliyev Kazım Feyruz oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Vidadi İsmail oğlu

Həsənova Natavan Mikayıl qızı

Həşimov Orxan İlqar oğlu

Həşimzadə Xanlar Allahverdi oğlu

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova İlahə Həsən qızı

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xəlilzadə Rüfət Eldar oğlu

İbişov Tahir Fidayə oğlu

İbrahimli Qabil Mahmud oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Şəhla İbrahim qızı

İmranova İnna Aleksandrovna

İsmayılov Qurban İbrahim oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimov Elnur Umbay oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Nərgiz Faiq qızı

Qasımov Məmmədsafa Məmmədəli oğlu

Qasımov Yusif Əli oğlu

Qasımova Sevinc Vahid qızı

Qəhrəmanov Abbas Əhməd oğlu

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Elxan Əli Bala oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyeva Səbinə Kasumovna

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanova Pərvanə Yaqub qızı

Makarova Nina Aleksandrovna

Mehrəliyev Vüsal Akif oğlu

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədli Şamil Kamil oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədov Sabir Novruz oğlu

Məmmədova Günel Əzizağa qızı

Məsimov Qurban Abdulla oğlu

Mirişli Nazim Ramiz oğlu

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sucəddin Qiyas oğlu

Mirzəzadə Nicat Qərib oğlu

Musabəyli Nuridə Musa qızı

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayev Vüsal Sədaqət oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Nağıyev Qasım Gəncalı oğlu

Nəzərov İlham İslam oğlu

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Fuad Tacəddin oğlu

Ömərov Gümrah Rza oğlu

Poladov Əkram Nicad oğlu

Ramazanova Nigar Azər qızı

Rəhimov Səxavət Şərif oğlu

Rəhimova Rəna Hacıyevna

Rəhmanov Rəhman Tofiq oğlu

Rəsulov İsrafil Fərhad oğlu

Rüstəmov Elşən Mərdan oğlu

Rüstəmov Mahir Eldar oğlu

Rüstəmov Rüstəm Qərib oğlu

Rzayeva Elvira Nuca qızı

Rzayeva Vəfa Əliseyran qızı

Rzayev-Sarabski İsfar Aydın oğlu

Sadıqov Anar Babalı oğlu

Salamova Gülcahan Əhməd qızı

Salmanov Nicat Fərhad oğlu

Seyidov Aqib İbrahim oğlu

Seyidova Ceyla Uran qızı

Səlimli Mirbala Seyidəsgər oğlu

Səmədov Samir Səməd oğlu

Səmədov Şükür Hacıbala oğlu

Süleymanova Elmira Süleyman qızı

Şirinov Asif Əhməd oğlu

Şirinov Aslan Adil oğlu

Yahyayev Taleh Saleh oğlu

Zeynalov Azər Zeynalabdın oğlu

Zeynalov Yaqub Oktay oğlu

Zeynalova Zülfiyyə Əsgər qızı

Zülfüqarova Əminə Cahangir qızı.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2634 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 471) 1-ci hissəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2022-ci il

 

12-14 may tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə 100-ə yaxın qonağın iştirak etdiyi konsertlər Cıdır düzündə qurulmuş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda  keçirilib.

II və III festivalların yekun konsertləri Bakıda indiki Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirilib.

Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın 28 il sürən işğaldan azad edilməsindən sonra bərpa olundu. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış etdilər.

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın yeni növrağını, səsini dünyaya duyuracaq.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

 

Abdullayev Kyazım Ənvər oğlu

Balayev Məmmədəli Bəşir oğlu

İmanova Gülbacı Əliəkbər qızı

Qarayev Fərəc Qara oğlu

Novruzova Nubar Qulu qızı

Sadıqov Faiq Əbülfəz oğlu

Verdiyev Fikrət Süleyman oğlu.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2022-ci il

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının dəstəyi ilə Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı Xeyriyyə konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konsertdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar iştirak etmişdir.

Konsertdən öncə çıxış edən Nazir müavini Elnur Əliyev, ölkəmizin əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamış, mədəni ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd etmişdir.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunmuşdur. Ansamblın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə, direktoru Əməkdar artist Elçin Qədimov, ansamblın baletmeysterləri Əməkdar artist Xanlar Bəşirov, Saina Əhmədova, ansamblın məşqçiləri, Əməkdar artist Fərid Əliyev, Alina Qontareva, solistlər Anar Məmmədov, Orxan Səfərli, Toğrul Şərifov, Aytən Alxasova, Valeriya Konkina, Rifan Qəhrəmanov, İsmayıl Məmmədzadədir

Böyük anşlaqla keçən konserti izləyən tamaşaçılar hər nömrədən sonra sürəkli alqışlar səsləndirmişdir.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcəkdir.

 

Son günlərin ən çox oxunan xəbəri ABŞ-ın Alabama ştatında ölüm hökmü alması gözlənilən cinayətkar residivistlə həbsxana rəisinin müavini olan xanımın həbsxanadan birgə yoxa çıxmaları xəbəridir.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, bütün hüquq-mühafizə orqanlarının axtardıqları, haqlarında məlumat verəcək şəxslərə böyük mükafat vəd edilən bu cütlük ötən gün İndiana ştatında ələ keçiblər. Düzdür, quldurun xanımı qorxudaraq onun qaçmasına vasitə eləməsi, özünü də girov götürməsi ehtimalı da var. Amma daha inandırıcısı sevgi motivləridir. Olsun ki, qadın kişiyə vurularaq öz həyatını riskə atıb ki, onunla birgə olsun. 

Məhəbbət, sən nələrə qadirsən!

 

  

“Ədəbiyyat və incəsənət” portalı istedadlı şair Zaur Ərmuğanın şeirlərini təqdim edir. 

 

Zaur Ərmuğan (Əsgərov) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda çap olunur. "Ədəbiyyat qəzeti", "Ədalət", "Kredo" və digər qəzetlərdə, "Mədəni-maarif", "Sözün işığı", "Xəzan" kimi jurnallarında çap olunub. Şeirləri özbək dilinə də tərcümə edilib, "Mənəviyyat çeşməsi" qəzetində və "Müasir Azərbaycan şeirləri" antologiyasında dərc olunub. 

“Muğanın səsi", "Türk dünyası şeir seçkisi", "Xəzər nəğmələri ədəbi birliyi", "Xarıbülbül", "Zirvə", "Şərqin səsi", "Rəvan" kimi müxtəlif toplu, məcmuə,  antologiya və almanaxlarda, ədəbi-bədii nümunələrlə çıxışlar edib.

2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucularla görüşə gəlib.

2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 

ÇIXIB GEDƏSƏN

 

Bir səssiz gecəni bələdçi tutub

Qaçasan bir ayaq dəyməyən yerə.

Bütün olanları elə unudub

Gedəsən gümanın gəlməyən yerə.

 

Gedəsən, gözündə ümid solmaya,

Gedəsən, gedəsən axıra kimi.

Gedəsən, qəmlənib könlün dolmaya,

Gedəsən, nə deyim, yol hara kimi?!...

 

Saxta sifətlərdən, süni nəfəsdən

Canını qurtaran addımın ola.

Boşboğaz ağızdan, hay-küylü səsdən

Uzaqda balaca bir damın ola.

 

Ağzı açıq qala yalançı dostlar,

Yalançı qonşular, yalançı qohum.

Daha səslənməyə yalançı tostlar,

Bir məclis qurasan, keflənə ruhun.

 

Arxanca qarğıyıb üzə gülənin

Üzü də, gözü də yada düşməyə.

Bir yerə gedəsən, gəlib gedənin

Heç tapılmaya da bir görüşməyə.

 

Hər dedi-qodudan gen dolanasan,

Düşüb daban-daban güdənin ki yox!

Onda nəfəs alar rahatlıqla can,

Səni səndən özgə görənin ki yox!

 

Düzünü min yerə əyri yozanlar,

O yaman ağızlar, o bəd çənələr,

Sənə diri-diri qəbir qazanlar

Elə yox ola ki, nə var dinələr?!

 

Gecə sübhə kimi yol yorğunutək

Ulduzlar, bir də ay işığın, nurun...

Başını götürüb lap o başadək

Qaşasan, təki bu qurğudan qorun!

 

Qovub ömürlərdən çəni, dumanı,

Zülmətdə qalana gün bağışladım.

Olmadım əllərin nəsnə umanı,

Mən səsə səs verdim, ün bağışladım.

 

Əritdim canımı yanar şam kimi,

Yanıram, üstümə su tökənim kim?!

İçildim bir dolu qızıl cam kimi,

Görmədim, gözümə mil çəkənim kim.

 

Aldanıb fəndgirə saflıq ucundan,

Hiyləgər məkriylə tora düşdüm hey.

Çoxunu qurtardım dar ağacından,

Özüm də çıxılmaz dara düşdüm hey.

 

Hənirsiz ürəkdir odsuz adamlar,

Titrədər köksümü buz soyuqluğu.

Hələ adından da adsız adamlar

Elə pay yedilər, oğru ki oğru!

 

Nə deyim, kimlərə tutum üzümü?

Mənim göz yaşımı silsin içimdən?

Bircə bu düyünün budur çözümü,

Allah! Bir bəxt doldur bu bir içimdən.

 

Gedəsən bir yolluq, çıxıb gedəsən,

Sevdiyin o qız da unuda səni.

Qəlbin nə deyirsə, onu edəsən,

Səsin sığal-sığal ovuda səni.

 

Dönüb geriyə də baxmaya gözün,

Gedəsən bulaqlar ağlayan yerə.

Qəlbə sirdaş olan sirr daşın özün,

Gedəsən çağları çağlayan yerə.

 

O yerin nə yolu, cığırı ola,

O yerin adını kimsə bilməyə.

Getdiyin o yolda uğurun ola,

Arzular sönməyə, ümid ölməyə.

 

Dünyanın bir dağı, çölü, meşəsi,

Dünyanın quşqonmaz daşı deyimmi?

Dünyanın elə bir rahat guşəsi

Ola, bir çıxasan başa deyimmi?

 

Bir səssiz gecəni bələdçi tutub

Gedəsən ayağın dəyməyən yerə.

Nə varsa, nə varsa, daha unudub

Gedəsən dönməyin gəlməyən yerə.

 

 

QONAĞAM

 

Dünya dərin bir dəryadır,

Toruna düşən balığam.

Yeri, göyü də səhradır,

Yolundan keçən çarığam.

 

Əlimdədir əl ağacım, 

Duamdan yetə əlacım.

Məzara gedir bir ucum,

Beşikdəki o uşağam.

 

Ömür ucuzmuş, gün baha,

Gördüyümü gördüm daha.

Diş altındadır iştaha,

Dişi ağrıyan damağam.

 

Hərə öz bəxtini yeyir,

Ağız dediyini deyir.

Dünyadan umum nə xeyir?!

Yola verilən qonağam.

 

 

DÜNYA

 

Dünya tərsinə fırlanır,

Cızından çıxıbdır dünya.

Sınıb çarxı, sınıb oxu,

Özündən çıxıbdır dünya.

 

Düşdük bu yollar ardına,

Tapıb gətirək yurduna.

Tapşıraq dağda qurduna,

Düzündən çıxıbdır dünya.

 

Bu göyərən, bu solanı,

Niyə saldı bu talanı?

Üzə duran ağ yalanın 

Yüzündən çıxıbdır dünya.

 

Vədələri nağıl imiş,

Bəxtimiz nə ağır imiş?!

Gör bir necə cığal imiş,

Sözündən çıxıbdır dünya.

 

 

ÜMİD PUÇ OLANDA

 

Tale yüküm dağdan ağır,

özümü daşıyıram çiynimdə.

Kədərim

təzələnən dərdim kimi

həmişə geyindiyim

köhnə libasımdır əynimdə.

Ümidimin qaralıb nəfəsi,

Başı üstə dayanıb 

tutmuşam üzünü qibləyə.

Allahımdan səs çıxmır.

Bağlanıb qapılar sabaha.

Əl-ələ tutub dayanmışıq ölməyə.

 

 

SƏNƏ SARI

 

Elə duyuram səni,

günəşi

kor öz içinin nurunda görən kimi,

işığı sevən kimi.

Xoşbəxtliyin yaşanırkən

görünməz olduğu qədər,

bilinməz olduğu qədər

bir həsrətsən.

Sevgin

yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.

Hələ də axtarıram səni

qəlbin qəlbimdə var ikən

əllərini əlimdə tapmağa.

Sənə yol gəlirəm

daha bu sənsizlikdən qopmağa.

Qarşıla məni.

 

 

ÜRƏYİMƏ

 

Gözümdən axır göz yaşı,

Nəmi yığdım ürəyimə.

Dərdin mənə yol yoldaşı,

Qəmi yığdım ürəyimə.

 

Ərşə çəkdin sən yuxumu,

Həm azımı, həm çoxumu.

Əkdin bircə dərd toxumu,

Zəmi yığdım ürəyimə.

 

Bir gileyin min havası,

Bir talanam, eşq yuvası.

Köklənmişəm, var havası,

Dəmi yığdım ürəyimə.

 

Məni məndən alan aldı,

Məni məndə oda saldı.

Kimim getdi, kimim qaldı?

Kimi yığdım ürəyimə?

 

Ərmuğan, bil, dərdim çoxdur,

Başım üstə şimşək çaxdı.

Vayıma el şərik çıxdı,

Cəmi yığdım ürəyimə.

 

 

ƏBƏDİ BAHAR

 

Bir zülmət içindən çıxıb günəşə,

Özümlə gətirdim dünyama səni.

Telinə taxdığım bircə bənövşə

Əbədi bağladı yazına məni.

 

 

DARLIQ

 

Ayaqlarım ilişib 

Yer kürəsi tələsinə.

Təpiklərimlə döyəcləyirəm 

divarlarını dünyanın.

Nə qaça bilirəm,

Nə uça bilirəm

bu darlıqdan.

 

Вторник, 10 Май 2022 12:30

“Azərkitab” 5 yaşını mənzilsiz qeyd edir

 

Azərbaycanda kitabın təbliğində müstəsna rol oynayan “Azərkitab” kitab təbliğatı mərkəzi ötən gün öz 5 illiyini qeyd etdi. Özü də mənzilsiz. Bir müddətdir ki, Mərkəz Yasamal rayonu, Akim Abbasov 78 ünvanında kirayələdiyi binanı icarə haqqının qaldırılması səbəbindən təhvil veribdir.

 

Əlbəttə ki, acınacaqlı haldır.

5 illik yubileydə hansı hissləri keçirməsi ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının əməkdaşına “Azərkitab”ın rəhbəri Mir İsrafil Həsənov belə cavab verib: “Çox təəssüf ki, bu gün "Azərkitab" 5 yaşını "Azərkitab"sız qeyd edir. "Azərkitab" müvəqqəti də olsa öz fəaliyyətini dayandırıb. Lakin biz inanırıq ki, o yenə də öz qapılarını oxucuların üzünə açacaqdır. Əziz “Azərkitab”! Adın da, günün də mübarək! Sən həmişə yaşayacaqsan! Yaşa ki, mənəvi dünyamız yaşasın!”

Biz də ümid edək ki, “Azərkitab” yenidən ölkənin kitabçılıq həyatına bir canlanma gətirəcək.

Rəsm qalereyası: Səttar Bəhlulzadə, “Natürmort”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.