Super User
Rasim Balayev sədr seçildi
Ötən gün Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. “Ədəbiyyat və incəsənət” portalı İttifaqın saytına istinadən məlumat verir ki, iclasın gündəliyinə katibliyin 2022-ci ilin ilk dörd ayının hesabatı, AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş təşəbbüslərin, Kino Muzeyi layihəsinin müzakirəsi və cari məsələlər daxil idi.
İclasda Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, rejissorlar Oleq Səfərəliyev, Nizami Abbas, Cavid İmamverdiyev, Tahir Tahiroviç, Əli İsa Cabbarov, Adil Qulamov, Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru Lalə Əfəndiyeva, yazıçı Nəriman Əbdülrəhmanlı iştirak edirdi.
Xalq yazıçısı Anarın təklifilə öncə kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iclası giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verdikdən sonra sözü yazıçı Anara verdi.
Xalq yazıçısı mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim etdi. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqlədi.
Xatırladaq ki, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək. Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olundu. Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü təklif kimi təqdim olundu.
Təşəbbüslərin müəyyən hissəsinin Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulsa da, bəzilərinin reallaşdırılması ilə bağlı ölkə rəhbərliyinə müraciət olunacaq.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
“Azərbaycanfilm” kinostudioyasının istehsal etdiyi bir çox filmlərdə(“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, Birisigün gecəyarısı”, “Qanlı zəmi”, “İstintaq”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə”, “Həm ziyarət, həm ticarət”, “Qala”, “Cavid ömrü” və s.) əsas rollarda çəkilib. Eyni vaxtda “Özbəkfilm” “Mosfilm” və b. studiyalarda da filmlərə çəkilib.
1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.
Elçin İsgəndərzadə sumqayıtlılarla görüşəcək
Sumqayıta növbəti qonaq gəlir. Bu dəfə gözəl şeirləri ilə qəlb oxşayan şair gəlir özü də.
Sabah, mayın 13-də şəhərdəki Əli Kərim adına Poeziya Evində tanınmış alim və şair, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə ilə görüş keçiriləcək.
Görüş saat 12-də başlayacaq, bütün şeirsevənlər dəvətlidir.
Mədəniyyət naziri Musiqili Teatrın könüllülərini mükafatlandırıb
Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyət göstərən könüllülər dəstəsinin bütün üzvlərini Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Teatrda bir gün” layihəsində aktiv iştiraklarına görə mükafatlandırıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. Agentliyə teatrın inzibatçısı, Akademik Musiqili Teatrın Könüllüləri qrupunun rəhbəri Aludə Şəkərova məlumat verərək qurumun yaranma zərurətindən və fəaliyyətə başladıqları gündən indiyə qədər əldə etdikləri uğurlardan da danışıb:
“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, “Akademik Musiqili Teatrın könüllüləri” dəstəsi yarandı. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər istedad və bacarıqları ilə bir-birindən fərqlənən teatrsevər gəncləri bir araya gətirə bilmişik və bu ardıcıllıq yenə də davam edir. Ümumiyyətlə, teatr könüllülərinin yaranma məqsədi ölkəmizdə mədəniyyət sahəsində könüllü qisminin yetərsiz olması idi. Biz bu sahədəki boşluğu teatr könüllüləri ilə aradan qaldırmaq istədik və qısa müddətdə qismən də olsa, istədiyimizə nail olduq, incəsənətə, teatra marağı olan gəncləri dəvət etdik. Dəstəmizə qoşulan gənclər əvvəlcə müxtəlif treninqlərdə teatrın pərdəarxası məqamları ilə tanış oldular və müəyyən təcrübə keçdilər. Könüllülər dəstəsinin yaradılmasının pandemiya dövrünə düşməsinə baxmayaraq, biz hər zaman köməyə ehtiyacı olan sənət adamlarının yanında olduq. Ötən il Akademik Musiqili Teatrın UNESCO tərəfindən qəbul edilmiş "İnklüziv teatr" layihəsində jest dilini bilən könüllülər iştirak etdilər və "İnklüziv teatr" studiyasının üzvlərinə bacardıqları köməkliyi əsirgəmədilər. 10 mart - Milli Teatr Günü, 27 Mart - Beynəlxalq Teatr Günü münasibəti ilə düzənlənən tədbirlərdə verilən tapşırıqları çox böyük məsuliyyətlə yerinə yetirməyə çalışmışıq. Bu və ya digər tədbirlərdə fəaliyyətimizə görə də teatr rəhbərliyinin daim diqqətindəyik. Bizə yaratdığı şəraitə görə təşəkkür edirik. Teatr və könüllülük – yüksək dəyərdir və həmişə şüarımız belə olub. Ölkəmizin inkişafı naminə gələcəkdə də teatrsevər gənclərlə birlikdə daha gözəl ideyaları həyata keçirməyi düşünürük. Başladığımız bu ənənələri böyük məsuliyyətlə davam etdirmək və teatra həvəsi olan gəncləri daim yanımızda görmək arzusundayıq”.
Leyla Əliyevanın şeirləri Çili ədəbiyyat jurnalında dərc edilib
Çilinin “Ærea. İspan – Amerika poeziyası” (“Ærea. Revista Hispanoamericana de Poesía”) jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş “Gedim bir az ağlayım”, “Tərk edə bilmərəm heç zaman səni” və “İnanmıram” şeirlərini nəşr edib.
“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən bildirir ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə redaktoru – tanınmış argentinalı tərcüməçi Raul Poggi Alexandrodur.
Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo Espina, Monika Velaskes Qusman, Karlos Aquasako, Leonel Alvarado, Luis Benites, Viktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti kimi tədris proqramlarına da salınır.
Jurnalının baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.
ABŞ-da Albert Aqarunova həsr olunmuş foto müsabiqəsi elan edilib
ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan diasporu Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş “Mən Azərbaycanı hər yanda axtarıram” mövzusunda foto müsabiqəsi elan edib.
“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaşarası uşaqlar və gənclər iştirak edə bilərlər. Mayın 28-də başa çatacaq müsabiqənin şərtlərinə əsasən, fotolar plagiatdan uzaq olmalıdır. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanacaq.
Həmin gün keçiriləcək mərasimdə I, II və III yerləri tutan qaliblərə pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək.
Birinci yerin qalibinə 500, ikinci yerin qalibinə 300, üçüncü yerin qalibinə 200 ABŞ dolları məbləğində pul mükafatlarının verilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyən uşaqlar və gənclər Azərbaycana aid olan şəkilləri Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron ünvanına göndərməlidirlər.
Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi keçirilmişdi. Özü də yüksək səviyyədə.
Bakıda Yaponiya mədəniyyət festivalı başlayacaq
Banzay, ikabana, xarakiri, karate… Gündoğan Yaponiyanın adı gələndə ilk olaraq bunlar yada düşür. Mədəniyyət aşiqləri isə rejissor Kurasavanı, yazıçı Murakamini xatırlayırlar. Bakıda yapon küləkləri əsəcək.
Yaponiyanın Azərbaycandakı səfirliyi bu gündoğan ölkə ilə maraqlanan hər kəsi , mayın 15-də keçiriləcək “Yaponiya mədəniyyət festivalı 2022” tədbirinə dəvət edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu, “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində ilk böyük və bütün ictimaiyyət üçün açıq tədbir olacaq. Tədbir yalnız bir gün - “Landmark Baku” otelində keçiriləcək.
Tədbirdə Yaponiya ilə bağlı rəqslər, mahnı ifaları, kospley çıxışları, bu ölkənin mədəniyyət nümunələri ilə bağlı stendlər, əl işləri nümayişi ediləcək.
Yaponiya mədəniyyəti ilə maraqlanan hər kəs iştirak edə bilər, tədbirin qapıları açıq olacaq.
Bu gün Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı öz işinə başlayacaq
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalınln keçirilməsi təsdiqlənib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Xarıbülbül” festival bu gün rəsmən açıq elan ediləcək, 14 may tarixinədək Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək.
İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilmişdir. Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
Həsən Məmmədovun Ələsgər Ələkbərovdan yediyi şillə
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə ƏLƏSGƏR ƏLƏKBƏROVun (1910-1963) xatirələrini təqdim edəcəyik.
***
Cavan vaxtlarımda bir özündənrazı aktyorla tərəf-müqabili idim. Adam həm istedadsız, həm də təkəbbürlü idi. Məşqləri zay edib qoyur, vaxtımızı alır, əsəblərimizi tarıma çəkirdi. Rejissor da ona görə məni qınayırdı:
– Tərəf müqabilinə kömək elə, onu öz arxanca çək apar.
– Çəkməyinə çəkim ey, adam yerindən tərpənmir axı.
– Heç bilirsən tərəf müqabili nə deməkdir? Tərəf müqabili səhnədə iki ağıllı adamın söhbətidir.
– Əgər o iki adamdan biri həm ağılsız, həm də istedadsızdırsa, onda necə?
Rejossor məni başa düşdü, başını qaşıyaraq:
– Onda, ağıllı zülülm çəkəcək, – dedi.
***
“Böyük dayaq” filminin çəkilişləri rayonda gedirdi. Filmdə belə bir yer var, Rüstəm kişi evə gələndə oğlu Qaraşın səsini qaldırıb narazılıq elədiyini eşidir və ona bir şillə çəkir. Epizodu bir-neçə dəfə məşq elədik. Qaraş roluna o vaxt cavan olan Həsən Məmmədov çəkilirdi. Mən rejissorun komandası ilə otaqda gözləyirdim. Anası ilə bacısı Qaraşın arxasınca düşüb yan otağa gəlirdilər. Yan otaqdakı çəkilişlərin səsini eşidib əsəbiləşmişdim. Yadıma qonşuluqda baş verən bir hadisə düşmüşdü. Bu vaxt Həsən mənə yaxınlaşdı. Onun üstünə çığırıb:
– Binamusluğun bəs deyil, dədəsiz-nənəsiz qıza zülm eləməyin bəs deyil, hələ bir ağbirçək anana da söz qaytarırsan, – deyib, şillə çəkdim. Məşqlərdə Həsən şilləni sağ tərəfdən gözləyirdi. Çünki kadr elə qurulmuşdu ki, mən şillə vuranda görünməməli idi. Amma mən özümdən asılı olmadan Həsənə sol əlimlə yağılı bir şillə çəkdim. Epizodu sona qədər davam etdik. Stop komandası veriləndə Həsəni pərt gördüm. Yaxınlaşıb könlünü aldım:
– Bu sənə məndən bir ata şilləsi, böyük şilləsi olsun, – dedim, – elə yaşa ki, heç kəs sənə həyatda belə şillə vurmasın.
Həsən Məmmədov gözəl ailə başçısı oldu.
İstanbulda Qara Qarayevin Birinci simfoniyasının tarixi premyerası keçirilib
İstanbulun böyük konsert salonlarından olan Cemal Reşit Rey konsert zalında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1943-cü ildə yazdığı və İkinci Dünya müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr olunan Birinci simfoniyanın Türkiyədə premyerası keçirilib.
AzərTAC xəbər verir ki, Cemal Reşit Rey konsert salonunun simfonik orkestrinin ifasında təqdim olunan əsər dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb. Simfoniyanın ifasından sonra dirijor Əyyub Quliyev Qara Qarayevin “Yeddi gözəl” baletindən nümunələri proqramdan əlavə olaraq dinləyicilərə təqdim edib. Konsertin ikinci bölümündə dirijor Əyyub Quliyev dünya şöhrətli ispan gitara ifaçısı Marko Soçiasla bərabər Xoakin Rodriqonun gitara və orkestr üçün musiqilərini dinləyicilərə təqdim edib.
Proqramın sonunda simfonik janrın ən mürəkkəb nümunələrindən olan Klod Debüssinin “Dəniz” lövhələri ifa olunaraq türkiyəli dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsertdən öncə keçirilən mətbuat konfransında tanınmış dirijor və bəstəkar Murat Cem Orhan, məşhur türkiyəli musiqişünas Nasir Antep, eləcə də dirijor Əyyub Quliyev Qara Qarayevin yaradıcılığı və onun Birinci simfoniyasının yaranma tarixi barədə dinləyicilərə məlumat veriblər.
Günün fotosu: Balaca İsmayıl böyük İsmayılın məzarı önündə
Günün fotosu: Balaca İsmayıl böyük İsmayılın məzarı önündə
Foto Fəxri Xiyabanda çəkilib. Xalq yazıçısı İsmayıl Şıxlının məzarını ziyarət etməyə nəticəsi İsmayıl gəlib.
Ruhu şad olsun böyük İsmayıl Şıxlının!