Super User
Şuşa musiqiçilərinin rənglənmiş fotoları bu dəfə Sumqayıt Poeziya Evində
Mədəniyyət Nazirliyinin “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı” layihəsi çərçivəsində Sumqayıt Poeziya Evində fotosərgi nümayiş olunub.
Sərginin məqsədi Şuşa musiqiçilərinin gənclər arasında tanıdılmasına xidmət edir.
Sərgi iştirakçıları Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin rəqəmsal üsullar ilə rənglənmiş fotolarını izləyib.
Sərgidə layihə, o cümlədən fotosu rənglənmiş musiqiçilər haqqında gənclərə ətraflı məlumat verilib, onlar sosial platformalarda Şuşa musiqiçilərinin tanıdılmasında fəal olmağa dəvət edilib.
Məlumat üçün qeyd edək ki, "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən fevral-may ayları ərzində icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu günə qədər layihə çərçivəsində ölkənin fərqli regionlarında 10 fotosərgi açılıb.
Şuşanın UNESCO-nun İrs Siyahısına salınması təklif edilib
Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib.
Bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxış edib.
“Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir. Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir”,-deyə R.Bondin vurğulayıb.
“Öz səsimi özümə versələr əgər...” – Nobel laureatı Luiza Qlükün şeirləri
Ümid Nəccarinin tərcüməsində
“Ədəbiyyat və incəsənət” portalı “Dünya ədəbiyyatı” rubrikasında bu dəfə sizləri Nobel mükafatı laureatı Luiza Qlükün şeirləri ilə tanış edəcək. Luiza Qlük/Louise Elisabeth Glück - XX əsrin görkəmli ABŞ ədibi, şairə, esseist, tərcüməçidir.
1943-cü il aprelin 22-də Nyu-Yorkda anadan olub. Uşaqlığı Lonq-Aylenddə keçib. 1961-ci ildə Corc V.Hyulett orta məktəbini bitirib. Təhsilini daha sonra Sara Lourens kollecində və Kolumbiya Universitetində davam etdirib. Qlük 1993-cü ildə "Yabanı süsən" adlı şeir kitabıyla poeziya nominasiyasında Pulitser mükafatına layiq görülüb. Şairə bundan başqa "Axillesin zəfəri" kitabıyla Milli Kitab Tənqidçiləri Birliyinin, "İlkin" kitabıyla isə Amerikan Şairlər Akademiyasının mükafatlarına layiq görülüb. Qugenheym və Rokfeller Fondlarının, eləcə də Milli Sənət Fondunun təqaüdlərini alıb.
Hal-hazırda Kembricdə, Massaçusets ştatında yaşayır. Əvvəllər bu ştatdakı Vilyams Kollecində ingilis dili ixtisası üzrə baş müəllim kimi çalışıb. Şairə hazırda Yel və Boston universitetlərində yaradıcı yazı sənətindən dərs deyir.
"Axillesin zəfəri" (1985), "Yabanı süsən" (1992), "Çəmənliklər" (1996), "Vita Nova" (1999), "Yeddi yaş" (2001), "Averno" (2006) və başqa 11 şeir kitabının müəllifidir.
Ödülləri sırasında Boston Qloub Ədəbi Mətbuat Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Melvil Keyn Mükafatı, Konqres Kitabxanasının Rebeka Conson Bobbit Milli Poeziya Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Vilyam Karlos Vilyams Mükafatı, "Nyu-Yorker" Poeziya Mükafatı da var.
O, eyni zamanda "Sübutlar və nəzəriyyələr: Poeziya haqqında esselər" (1994) kitabına görə Pen-Marta Albrand mükafatına, Yel Universitetinin "Poeziya sənətində ömür boyu qazandığı uğurlara görə" iki ildə bir verilən "Bollingen" Mükafatına (2001) layiq görülüb. Luiza Qlük Amerika Akademiyası İncəsənət və Ədəbiyyat İnstitutunun üzvüdür. Şairə 1999-cu ildə Amerikan Şairlər Akademiyasının kansleri seçilib, 2003-2004-cü illərdə isə (Billi Kollinzdən sonra) ABŞ-ın ən yüksək poetik titulu olan laureat-şair adını alıb.
Qlük 2020-ci ildə isə, yuxarıda qeyd etdiyimiz kimi, "individual mövcudluğu sadə gözəlliklə universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
OLMAMAQ
İndi yenidən görmək olur onları,
boz dağda qırmızı tutları
və göy üzünün qaranlığında
quşların gecə-gecə köçlərini…
Qəmgin edir bu xəyal məni
ölən kəslər, görmürlər...
Görmürlər bu kiçik şeyləri-
biz bağlamışıq onları bir-birinə
onlar qayıbdırlar.
Necə rahat olsun ruh?!
Özüm özümə deyirəm;
Daha bu xoşluqlara ehtiyac yoxdur bəlkə,
təkcə olmamaq bəlkə bu rahatlığa bəs edər
Təsəvvürü çətin olsa belə...
KƏPƏNƏK
Bax, bir kəpənək!
Arzu etdinmi?
Bura kimi kəpənəklərlə arzu etməmisən?
Et bunu!
Arzu etdinmi?
Bəli!
O zaman doyunca arzu et!
ƏLAMƏT
Ulduzlar çiçəklərin yumşaqlığında
təpənin yaxınlığında
astaca dolanırlar
bir-birinə hörülmüş kölgələr…
Burada heç bir yarpaq ayrı düşməyib,
hətta tikan belə.
Birgə olmaq üçün
hər şey bir-birinə qovuşub.
Havanı kəsmir Ay işığı,
lacivərdi işıq
uyumaq üçün astaca gəzir.
Gecə boyu heç bir aşkar əlamət yoxdur
mənim qucağımdan başqa.
TRİLLİUM
Oyandığımda ormandaydım,
adi görünürdü qaranlıq...
Küknar ağaclarının arasında,
göy üzü işıq parçaları ilə dolu idi.
Heç bir şey anlaya bilmirdim,
yalnız izləyirdim.
Izlədiyimdə göy üzünün bütün işıqları soldu,
soyuqluq arasında alovlar kimi.
O anda məhv olmamaq mümkün deyildi,
göy üzünü izləmək,
Ölümə ehtiyacı olan canlar,
mənim sığınacağa ehtiyacım olduğu kimi…
Bundan artıq söz desəm,
bu soruya da cavab tapacam,
görəcəyəm onların gördüklərini,
bir nərdivan özündən yuxarı qalxır...
düşün, mənim indi düşündüyümü…
Xəbərsiz ayıldım ormanlıqda,
bir az öncə bildim ki,
öz səsimi özümə versələr əgər
başdan-başa kədərli olacaq,
cümlələrim ağrıların fəryadından olan zəncir,
nə edəcəyimi bilmirdim,
ki, Söz gəldi,
ki, hiss etdim
yağış məndən süzülür…
Anar Kərimov: “Azad edilmiş ərazilərdə abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanıb
“Azad edilmiş ərazilərdə 404 abidə, 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb.
2020-ci ilin noyabrından bu günə kimi Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü artıq aşkarlayıb.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşada düzənlənən beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, işğaldan azad olubmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkar edilib, siyahıya alınıb: “Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Bu proses davamlı olaraq həyata keçirilməkdədir”.
Nazir onu da deyib ki, azad edilmiş abidələr dağıntıya məruz qalma nisbətlərinə və əhəmiyyətinə görə qruplaşdırılır.
“Bu qruplaşdırmadan sonra artıq həmin abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanmalıdır ki, biz də nazirlik səviyyəsində artıq bunu etmişik” deyə o qeyd edib.
Nazirin sözlərinə görə yalnız bundan sonra bərpa işləri planlı şəkildə inkişaf edə bilər: “Bu prosesdə bizə Heydər Əliyev Fondu, Şuşa Dövlət Qoruğu, Prezidentin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəlikləri yaxından kömək edir", - deyə nazir vurğulayıb.
Osloda Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbir keçirilib
Norveçin paytaxtı Osloda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, tədbir “CAN” diaspor təşkilatı və Roseslottet (Osloda Qızılgül Muzeyi) tərəfindən təşkil edilib.
Roseslottet muzeyinin təmsilçisi Martin Romberq tədbir iştirakçılarını salamlayaraq, Norveçlə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. Martin Romberq qeyd edib ki, məşhur səyahətçi Tur Heyerdal onun uşaqlıq qəhrəmanımdır və onun Azərbaycana məşhur səyahətləri və bu günə qədər ölkəmizdə yaxşı tanınması onu sevindirir. “CAN” diaspor təşkilatının Norveçdə Azərbaycanı tanıtmaq üçün vacib və maraqlı layihələr həyata keçirdiyini də bildirən M.Romberq, Roseslottetdə ilk Azərbaycan Mədəniyyəti Günü tədbirini keçirməkdən məmnunluğunu da ifadə edib.
Daha sonra açılış nitqi ilə çıxış edən “CAN” diaspor təşkilatının rəhbəri Şervin Nəcəfpur qonaqlara tədbirin mahiyyəti haqqında qısa məlumat verib. O bildirib ki, keçirilən mədəniyyət tədbiri Şuşa şəhərinə həsr olunub və burada Azərbaycana həsr olunan, habelə ölkəmizdə yazılıb-yaradılan müxtəlif şeirlər, kitablar və klassik musiqi bəstələri təqdim olunacaq.
Türkiyə Respublikasının Norveçdəki səfiri Fəzli Çorman öz çıxışında Şuşa şəhərinin tarixi əhəmiyyətini vurğulayaraq, bu il Azərbaycanda “Şuşa İli”nin qeyd olunduğunu, Türk Şurasının 2023-cü ildə Şuşanı mədəniyyət paytaxtı elan etdiyini bildirib. Bu cür tədbirlərin əhəmiyyətinə də toxunan diplomat, həmçinin xalqlar arasında əlaqələr və mədəni körpünün qurulmasının vacib olduğunu ifadə edib.
Ardınca çıxış edən norveçli yazıçı Raqnhild Thori öz “Nizami Gəncəvi-Leyli və Məcnun” kitabından bəhs edərək, Nizami Gəncəvinin dünya ədəbiyyatının mühüm dəyərlər incisi olduğunu xüsusi ilə vurğulayıb.
Daha sonra çıxış edən digər norveçli yazıçı Terje Holmedal, öz kitabından seçmələri oxuyub. Cəbrayıldan olan keçmiş məcburi köçkünün hekayəsindən ilhamlanaraq bu kitabı yazdığını deyən Terje Holmedal, Qarabağın qanunsuz işğalı və Xocalı Soyqırımı haqqında da ətraflı məlumat verib.
Bədii hissədə, həmçinin Norveçdə yaşayan əslən azərbaycanlı skripkaçı Ülvi Həsənli və pianoçu Kiril Kutinin duetinin ifasında bir saatlıq klassik konsert proqramı baş tutub. Musiqiçilər Q.Qarayev, F.Əmirov, A.Məlikov, M.Mirzəyev, V.Adəgözəlov, H.Niyazi, T.Quliyev kompozisiyaları ilə yanaşı, Azərbaycan xalq mahnılarını da ifa ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən maliyyələşdirilib.
Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu Şuşada baş mövzu kimi
Xəbər verdiyimiz kimi, dünən Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazorliyinə istinadən xəbər verir ki, beynəlxalq konfransın açılışından sonra tədbir öz işini plenar sessiyalarla davam etdirib. “Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu” mövzusunda birinci plenar sessiya Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardinin moderatorluğu ilə gerçəkləşib. M.Hardi çıxış edərək konfransın təşkilatçılarına minnətdarlığını bildirib. O, Şuşada keçirilən konfransın önəmini vurğulayaraq qeyd edib ki, əsas məqsəd dünyada müharibələrin olduğu və sülhə daha çox ehtiyac duyulduğu vaxtda Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi təqdirəlayiqdir: “Bu günə kimi bizim Azərbaycanla bu mövzuda bir neçə görüşlərimiz olub. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş “Mədəniyyət naminə sülh” (Peace4Culture) təşəbbüsü çərçivəsində görüşlərdə dayanıqlı inkişaf üçün sülhün rolu barədə müzakirələr aparmışıq”. Beynəlxalq Tərəqqi Təşkilatının prezidenti Hans Köchler ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən söz açıb. Deyib ki, Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidmətləridir ki, bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev bu gün uğurla davam etdirir. TÜRSOY-un Baş katibi Sultan Raev, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli, Qahirə Universitetinin professoru, dayanıqlı ətraf mühit üzrə beynəlxalq ekspert Mohsen Abulnaga, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Gülşən Paşayeva çıxışları zamanı ölkəmizin təşəbbüskarı olduğu mədəniyyətlərarası dialoq və bir sıra bu qəbildən olan beynəlxalq layihələrin həyata keçirilməsinin əsas səbəbinin tarixən ərazimizdə fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olduğunu bildiriblər. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən postmünaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək “Mədəniyyət naminə sülh" (“Peace4culture”) qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. * II plenar sessiya “Dayanıqlı sülhün təməli - mədəni irs” mövzusuna həsr olunmuşdu. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin moderatorluğu ilə keçən sessiyada xidmət rəisi çıxışı zamanı diqqətə çatdırıb ki, sülhün dayanıqlı inkişafı hüquqi şərtdir. Mədəniyyətimiz haqqındakı bilikləri gələcək nəsillərə ötürməli və qorumalıyıq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Şuşada belə mötəbər bir tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Bu şəraiti yaradan insanlara dərin təşəkkürünü bildirib: “Qarabağın gözü olan Şuşaya yığılmışıq. Prezident İlham Əliyev 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan edib. Şuşa bizim mədəniyyətimizin paytaxtı, memarlığımızın güzgüsüdür. Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi tarixi addımdır. Bu münasibətlə müxtəlif tədbirlər keçirməyi nəzərdə tuturuq. Şuşa bu gün artıq dirçəlir, şəhərdə festivallar, konfranslar keçirilir. Gələn il isə Türk Dövlətləri Təşkilatı, TürkPA, TÜRKSOY kimi beynəlxalq təşkilatların himayədarlığı ilə bir sıra tədbirlər keçiriləcək”. Günay Əfəndiyeva qeyd edib ki, dayanıqlı sülhün təməli –mədəni irsin qorunması vacib şərtlərdəndir. Daha sonra Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, UQAM-da Yaxın Şərq məsələləri üzrə mütəxəssis Sebastian Bussua və başqalarının məruzələri dinlənilib. Çıxışlar zamanı qeyd edilib ki, mədəni irs, maddi və ya qeyri-maddi irsin mühüm hissəsidir və bu kim olduğumuzu anlamağa kömək edir. Mədəniyyət keçmişin, tarixin toplusudur. Əvəzolunmaz mədəni irsimizi qorumaq və gələcəyə ötürmək bizim borcumuzdur. Mehriban və sakit gələcək üçün sülh və münaqişəsiz dünya yaratmalıyıq. Mədəni irsin və müxtəlifliyin təbliği də mühüm amildir. Sülhü bərpa etmək üçün şəxsiyyət anlayışı, mədəniyyətlərarası mübadiləyə diqqət yetirmək və müxtəlif sosial qruplar arasında dialoq yaratmaqla nail olmaq olar. mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi beynəlxalq hüquqa ziddir. Bu gün dünyamız böyük aşınmalar yaşayır. Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat, dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Multikultural dəyərlərə sahib çıxmaqla sülhə nail olmaq mümkündür.
Beynəlxalq konfransa bu gün yekun vurulacaq.
Hal-hazırda Şuşada beynəlxalq konfrans keçirilir
Bu gün - Mayın 19-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbiri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli açaraq qonaqları salamlayıb.
Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Şuşaya gələn beynəlxalq tədbirin iştirakçılarını salamlayar bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti sayəsində bu gün Azərbaycanın dilbər guşəsi olan Şuşada bir araya gələ bilmişik: “Bu gün tədbirdə iştirak edən xarici qonaqlarda sual yarana bilər ki, nəyə görə Şuşa bizim üçün bu qədər önəmlidir? Ona görə ki, Şuşa Azərbaycan mədəniyyətinin özüdür, zənginliyidir və irsimizdir. Bu şəhərin hər daşı bizim üçün o qədər əzizdir ki, hətta Vətən müharibəsi zamanı bizim igid Ordumuz yalnız yüngül silahlardan istifadə edərək tarixi abidələrimizə zərər yetirməməyə çalışdı. Bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi plan əsasında Şuşada çox böyük yenidənqurma işləri həyata keçirilir. Şəhərdə infrastrukturun yenidən qurulmasına çox böyük diqqət yetirilir. Hazırda göründüyü kimi, burada sosial infrastrukturun inşasına başlanılıb. Bu yenidənqurma işləri vaxtilə Şuşadan didərgin düşən həmvətənlərimizin tam rahat şəkildə doğma ocaqlarına qayıtmalarına şərait yaradacaq. Əminəm ki, Şuşanın ab-havası sizə müsbət təsir göstərəcək və bu məkanda bundan sonra da bir çox tədbirlərdə sizlərlə bir araya gələcəyik”.
Sonra beynəlxalq konfrans panel iclasla işini davam etdirdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçən iclasda TÜRKSOY-un Baş katibi, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru Ebber Ndoro və digər qonaqlar çıxış ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliğindən danışıb. Bildirib ki, Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya daxil edilib. Çövkən artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında geniş yayılıb.
Emin Hüseynov milli-mədəni dəyərlərimizin qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətlərini də diqqətə çatdırıb.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos konfrans iştirakçılarına videomüraciətində Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfünü bildirib. Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən M.A.Moratinos dünyada sülh çağırışı edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda mədəni ruhu geri qaytarmaq üçün ilk öncə sülhü qurmaq lazımdır. Ali nümayəndə sülh anlayışının və sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.
BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən M.A.Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib: “Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq”.
Sonra konfrans iştirakçıları italiyalı fotoqraf Fabrizio Continin işğaldan azad edilmiş ərazilərimizdə lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.
Xatırladaq ki, Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans mayın 20-də işini davam etdirəcək.
Qoca skripkaçı haqqında ballada
“Ədəbiyyat və incəsənət” portalı bundan öncə oxucularına gənc yazar Habil Yaşarın hekayəsini təqdim etmişdi. Bu dəfə Habil Yaşar qarşınızda başqa ampluada dayanacaq. Onun poemasını sizlərin ixtiyarına buraxırıq.
Zibil qabı yanında,
Zibillik eşələyən,
qoca, nurani kişi,
Yamanca deyinirdi.
O, bəzən gülümsəyir,
bəzən gileylənirdi…
“Ah, mənim amansız, qara taleyim,
Məni məhrum etdi işıqlarından.
Yoluma daş qoydu bu həyat mənim,
Heç üzüm gülmədi uşaqlığımdan.
Ey cansız və ruhsuz, kor zibilqabı,
Bilirəm, zərrə də məni duymmazsan.
Bəlkə də hissimdə çox yanılıram,
Məni məndən yaxşı anlayanımsan…
Hər gün ətrafında hey fırlandıqca
Sən mənə baxırsan oyuncaq kimi.
Halbuki mənim də xəyallarımda,
Gələcək var idi, çox parlaq idi.
Sənin ətrafında fırlandığım tək,
Mənim dörd yanımda tamaşaçılar,
Bu cür fırlanardı xəyallarımda,
Ah, mənə qıymadı xəyallarım da.
Gözlərim kor ola, görməyəydi kaş,
Qaranlıq dünyamın qaranlığını.
Ya məni heç anam doğmayaydı kaş,
Ya da ki, doğaydı bəxtəvər kimi...
Ah, yenə anamı qınayıram mən,
Yazığın özü də bədbəxt adamdı.
Taleyin amansız sınaqlarından,
Onun da heç üzü gülmədi, əfsus…
İndi torpaq altda qəm çəkir yenə,
Bu bədbəxt oğlunun bədbəxtliyinə.
Həm cansız, həm ruhsuz yarandığından,
Bəlkə də xoşbəxtsən ey zibilqabı,
Nə bilim, bəlkə də elə deyilsən…
Olmaya, mənim tək gileylənirsən,
Sən də taleyinin dönüklüyündən?”
Bu ara adamlar keçir yanından,
Kinayəylə dolu, kəskin baxışlar.
Fələyin rəhmsiz oyunlarından,
Min qat daha betər öldürür onu…
Bumudur ədalət? Bumudur həyat?
Hər an bir-birindən daha narahat.
O, baxır ətrafa gözlərində qəm,
Adamlar şeytan tək görünür ona.
Yer üzü deyilən sanki cəhənnəm.
Yox “sanki” artıqdır, özüdür ki var,
Elə cəhənnəmin özüdür ki var...
Keçir əllərinə neçə cür əşya,
Hər əşya kimsədən bir xatirədir.
Qəfildən əlinə toxunan nəsnə,
Onu yerindəcə yaman titrədir.
Astaca qaldırır onu göylərə,
Baxır həsrət dolu, intizar dolu.
Onsuz fəsillərə, onsuz illərə,
O, qədəm qoymuşdu ahu-zar dolu.
Qabarlı əlləri toxunur simə,
Azacıq musiqi səsləndirərkən,
Hönkürtü qoparıb, çökərək yerə,
Ağlayır məhv olmuş ümidlərinə.
Ancaq skripka da düşmür əlindən.
Bağrına basmışdır, qucaqlamışdır.
Onun qoxusuyla, musiqisiylə,
Cənnəti dünyada o yaşamışdır.
Yenidən adamlar keçir yanından,
Necə də duyğusuz, ruhsuz və cansız.
Ölmüş ürəklərə təsir edərmi?
Musiqi sədası, insan həyatı,
Bax budur həyatın sonsuz təzadı.
Bir anlıq xəyala qapılır qoca,
O, böyük səhnədə cürətə gəlir.
Kiçikdən böyüyə tamaşaçılar,
Musiqi səsindən heyrətə gəlir.
Mələklər də səsin seyrinə gəlir.
Onun taleyinin gözləri kimi,
Ətrafda bərq vurur rənglər, işıqlar.
Dünya nə gözəldi, necə gözəldi,
Hər dörd tərəfində bir yaraşıq var.
Hər kəsdən bəxtiyar bir insan kimi,
Unudub kədəri, unudub qəmi,
Taleyə təşəkkür eləyir qoca.
Başı zirvələrdən daha da uca.
Ona yaraşardı ah bu ucalıq,
Bəlkə də şansı var, amma qocalıq
Taqətdən və gücdən salmışdı onu…
Yox, yox, yanılıram, gülərsə gözlər,
O qüvvət, o taqət qayıda bilər.
Qocalıq da cildin dəyişdirərək
Özünü bir xeyli cavanlaşdırar.
Bax budur həqiqət, budur reallıq,
Fərqi nə, qocalıq, yoxsa cavanlıq.
Anidən bir cavan tutur qolundan,
Ayırır gül kimi xəyallarından.
Guya ki yaxşılıq edirmiş kimi
Savabın dalınca gedirmiş kimi
Ayırır qocanı xəyal plovdan.
Alın yazısını bu qovhaqovdan.
Bax beləcə bitir nağılın sonu,
Azacıq sevincə tab gətirməyib,
Tale xoşbəxtikdən ayırır onu.
Yenidən qayıdıb bu cəhənnəmə,
Qərq olur amansız kədərə-qəmə.
Dünya başdan-başa gözündən düşür,
Bir tək skripka, o sirli alət,
Qalır yüksəklikdə, səslər gülüşür.
Sıxıb əlləriylə yoxlayır onu,
Körpə tək sevgiylə qoxlayır onu.
Gözünün işığı, bircə dənəsi,
Amansız taleyin xoş hədiyyəsi,
Məhz bu skripka mübaliğəsiz,
Yeganə səbəbdir xoşbəxtliyinə.
Əlini göylərə qaldırıb yenə,
Şükürlər eləyir yaradanına,
Ən böyük sevinci bəxş edib ona,
Beləcə gətirib, gətirib sona.
Yük götürüldü canımdan, unuduldu qayğılar.
İlahi xoşbəxtliyim bu şeirlə yaşandı.
Ah necə də gözəldir kama yetmiş arzular,
Zamanın özü belə müvəqqəti dayandı.
Ömrün qəmli günlərindəyəm… - Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 112-ci ildönümüdür.
Ömrün qəmli günlərindəyəm,
Xəstəliyim üzündən,
Qocalığım üzündən.
Həkim deyir ki, yorulub ürək.
Deyirəm, yorulmusan, ürəyim.
Ötən günlər gözümdə,
Bir xəyal dünyasıdır,
Göynədir göyüm-göyüm.
O günlər doğmam idi,
Bu günlərim ögeyim.
Günlər var çeşid-çeşid.
İnciklisi bu yanda,
Fərəhlisi o yanda.
Belə olurmuş demək,
Ömür-günün sonunda.
Poeziyanın, hisslərin kulminasiyası Rəsul Rzanın bu misraları deyilmi?
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.
İkinci Dünya müharibəsi illərində Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeirlər kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk toplular, “Vəfa” pyesi və s. dillər əzbəri idi.
20-ci əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.
Rəsuı Rzanın “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.
Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.
Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.
Rəsul Rzanın yoxluğundan 41 il ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.
Allah rəhmət eləsin!
Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb
Beynəlxalq Muzeylər Günü Gürcüstanda da geniş qeyd olunub. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin Rəsm Qalereyasında gənc rəssam Şenay Sadiqin əsərlərindən ibarət sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “World mythologies” (Dünya mifologiyaları) adlı sərgidə gənc rəssamın 15 əsəri nümayiş etdirilir.
Sərginin açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan və Avstriyanın Gürcüstandakı səfirliklərinin, SOCAR-ın, AZEBİ-nin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sərgi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Azərbaycan səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə açılıb.
Sərgidə Azərbaycan, Türkiyə, Skandinaviya ölkələri, eləcə də Hindistan mədəniyyətinə dair yağlı boya və rəngkarlıq üslubunda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.