Super User

Super User

Вторник, 07 Февраль 2023 13:30

“Avatar” sürətlə temp yığır

Məşhur rejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi beynəlxalq kassada “Titanik”i üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub. O, xarici bazarlarda 1,538 milyard dollar toplayıb.

 

Bu barədə “The Variety” məlumat yayıb.

Birinci yerdə isə ekran əsərinin birinci hissəsi  (sadəcə “Avatar”)- 2,1 milyard dollarla qərarlaşıb. Hələ ki, xaricdə ən çox gəlir əldə edən film olaraq qalan “Avatar” ikinci olan 

“Avengers: Endgame” (1,9 milyard dollar) cüzi fərqlə üstələyir. 

Qeyd olunub ki, beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

4) Yüksək səviyyəli təhsil ala bilmək.

Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.

 

 

“Ədəbiyyat və incəsənət”

(07.02. 2023)

 

Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.

 

Bu kitabçada toplanan söz və ifadələr “Yolda”, “Sərhəddə”, “Hoteldə”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Rabitə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Gündəlik istifadə olunan söz və ifadələr”, “Vaxt və tarix” kimi fəsillər üzrə təqdim edilib.

Sözlüyün tərtibçisi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov, redaktorları – Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

Qeyd edək ki, nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Fəriba Murtəzayinin şeirləri təqdim edilir.

 

Fəriba Murtəzayi Təbrizdə anadan olmuşdur. İqtisad fakültəsində təhsil etmişdir. İlk Farsca şeir kitabından sonra, "Dilim ağzımda ağlayır" adlı şeir kitabı 2014-cü ildə Urmiya şəhərində nəşr edilmişdir. 

Fəribanın şeirləri İran, İraq, Azərbaycan və müxtəlif ölkələrin qəzetələrində çap olunmuşdur.

 

 

 

BİR TİKƏ YAŞAM

 

Bir tikə yaşam üçün

Ölümün qucağında

Qan bəllələrin boy-boy udub

Və gecənin incə yerindən qopartdıq

Qalın-qalın haraylarımızı!

Və nisgil dolu istəklərimizi

Baş örtülərin ortasına buraxıb

Qorxmadan, qurşunların önündə

Saçlarımızı uzun-uzun havalandırdıq! 

Və yıxılıb, yıxılıb yenidən ayaqlandıq

Və illər boyu udqunduğumuz qışqırıqlar!..

Gec boğazlardan çıxdı! 

Haray-haray,

Mən burdayam

Sən burdasan

Biz burdayıq.

Gəlin,

Gəlin qızlar

Gəlin qızlar qorxmayaq!..

Və qan tər içində islanan gəncliyimizi

Azadlıq döngələrinə səpək,

Bəlkə hər gələn, gedəndən toz qoparmasın!..

Göyçək qızlar ağlamasın, ölməsin

Uzun-uzun saçları ipək yolunu tutmasın!..

Gəlin

Gəlin

Gəlin qızlar qorxmasın!..

 

 

 

YAŞADIĞIM HEKAYƏ

 

Mən heç sevincimi gülmədim ki! 

Görüncə də ağladım, gedincə də,

Doğurdan sevinc nədir?

Hüzün nədir?

Öylədir yanılmamışam, ağlamaqdan ibarətdir! 

Mən duyğularımı ağladım,

Diqqət ilə atamın gözlərinin içinə baxardım,

Nədir bala, nə istəyirsən?! 

Dərindən bir ah çəkdim

Uşaq ürəyim böyük ağladı! 

Bir uşaq nə istər?

Anadan savayı nə istər?!

 

  

QƏDƏMLƏRİN GÖZÜM ÜSTƏ

 

Sənə olan sevgim,

Ürəyimdən 

Boğazıma yol açıb. 

Xımır-xımır 

Baxışımda yol tapıb. 

Gözümdə

Bir dam söz yığışıb. 

Gəl dam üstə

Sənə söyləmişdim:

"Qədəmlərin gözüm üstə" 

 

REYHAN

 

Baxdım sətirlərə

Adım yoxdur! 

Kaşki reyhan olaydım,

Bir axşam üstü.

Ürəyinin süfrəsində

Bağ-bağ açılaydı,

Bir tikə çörək

Bir az da pendir.

Bəlkə,

Məni yeyib

Udub qurtaraydın! 

 

 

BAL BAXIŞLAR

 

Gözlərinin rəngini,

Bal baxışlarını yalamışam.

Dilim boğazıma yapışıb

Sevginin ölçüsü olmaz

Bilirəm,

Gəl bağrıma

Son ölçüdür,

Danışa bilmirəm!

 

Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

 

 

 

 

 

 

Günün fotosu: Türkiyə və Suriyadakı zəlzələ gündəmdədir

 

Türkiyənin Cənub-Şərq hissəsində baş verən dağıdıcı - 7,8 ballıq zəlzələ qonşu Suriyada da öz gücünü göstərib. Zəlzələ Qahirədə, Beyrutda, Dəməşqdə belə hiss edilib. 

Bütün dünyadan, o cümlədən Azərbaycandan fəlakət zonasına yardımlar göndərilməkdədir.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Yaxın Şərq, Afrika və Asiyadan 53 ölkənin 1047 nəşriyyatın iştirak etdiyi 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində azərbaycanlı müəlliflərin kitabları təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, Qahirə Universitetinin professoru Seymur Nəsirovun “Ərəb elminin inkişafında azərbaycanlı alimlərin rolu” adlı kitab sərgiyə gələnlərin böyük marağına səbəb olub. Tədqiqatçı alimin bu əsərində orta əsrlərə aid ərəb mənbələrində azərbaycanlı alimlərin fəaliyyəti barədə müfəssəl məlumatlar yer alıb. 

Sərgidəki Azərbaycan stendində ərəbdilli oxuculara daha bir kitab - "Discover Azerbaijan" layihəsi çərçivəsində nəşr olunmuş "Azərbaycan sədası" adlı əsər təqdim edilib. Doktor Sədaqət Əliəşrəf, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Koordinasiya Şurasının Misir üzrə əlaqələndiricisi Səbinə Sultan və Ayn-Şəms Universiteti tibb fakültəsinin tələbəsi Sandi Ənvərin müəllifi olduqları və Misirin 10 kitabxanasına təqdim olunmuş kitabda Azərbaycanın şəhərləri (Bakı, Gəncə, Şamaxı, Lənkəran, Şəki, Şuşa, Laçın) haqqında geniş məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 08:30

Müğənni Zeynəb Dostəliyeva dəfn olunub

Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib. 

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, onunla vida mərasimi ötən gün Nazpəri Dostəliyevanın  evində keçirilib. 

Mərhumun nəşi dəfn olunmaq üçün Səngəçal qəbiristanlığına aparılıb və orada dəfn olunub. 

Qeyd edək ki, Z.Dostəliyeva uzun müddətdir xəstəxanada müalicə alırdı.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Məşhur bakılı oğlan, Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkələrdə ünvanına yazılanlara öz instaqram səhifəsində etiraz edərək yazıb: 

 

"Hörmətli olmayan qeyri-dostlar! Sizin qəzəbiniz o qədər əvvəldən bilinəndir ki, hətta sizinlə həqiqətən darıxdırıcıdır. Bəlkə sosial mediamı oxumağı dayandırasınız? Niyə özünüzə belə işgəncə verirsiniz? Yoxsa o qədər intellektdən məhrumsunuz ki, öz neqativinizi kiməsə tökmək üçün sadəcə fizioloji istəkləriniz var? Düzünü desəm, bundan bezmişəm... Tək mən yox... Çingiz Abdullayev, Anar, Həmid Həmidov və bir çoxları da daimi çirkab şəlalələrinə və çirkli sellərə məruz qalırlar.

Səhifələrimdə nə etdiyimi, hansı dildə yazdığımı, hansı fikirləri paylaşdığımı və necə kreativ olduğumu bəyənmirsiniz? Onda buradan gedin! Daha yaxşısı, psixoloq və ya psixiatrın yanına gedin. Mənimlə eyni dalğada olan bütün həmfikirlərimə şadam. Qalanları üçün sosial şəbəkələrdəki səhifələrim bağlıdır. Qaranlıq enerjinizi atmaq üçün özünüzə başqa bir yer tapın. Buradan xoş getdiniz!".

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 08:00

Gənclər tarixi abidələri qoruyacaqlar

“Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı olub

 

“İçərişəhər” və Qala qoruqlarının ərazisində yaşayan sakinlərin layihəsi olan “Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı keçirilib. Məqsədi çox ali bir məqsəd olan “qoruçulara” bundan sonra qəhvəyi uniformada tez-tez rast gələcəksiniz. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, “Qoru” Gənclər Təşəbbüs qrupunun əsas məqsədi tariximizin yadigarı olan qoruqların qorunmasına yönəlib. Qrupun əsas fəaliyyət istiqamətlərinə - əhali arasında könüllük fəaliyyətinin aşılanması, qonşuluq ənənələrinin möhkəmlənməsi, qoruqların fəaliyyətində sakinlərin iştirakının təmin edilməsi, sakinlərdə qoruqlara və Qoruq İdarəsinə loyallığın artırılması, icmanın inkişaf etdirilməsi (bilik, savadlılıq, sosial bacarıqlar, dünyagörüşü), qoruğun qorunmasında maraqlı tərəflərin birgə fəaliyyətinin təşkil edilməsi kimi istiqamətlər daxildir. 

Sözügedən təqdimat mərasimində “İçərişəhər” qoruğu  İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Səadət Qəndilova çıxış edərək gənclərə uğurlar arzulayıblar.

Sonda “Qoru” Gənclər Təşəbbüs qrupunun fəaliyyətinə həsr edilmiş kiçik videoçarx nümayiş olunub.

Və uğurlu yol arzulayanlarla “qoruçular” xatirə fotosu çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Kriminal xəbərlər müxtəlif cür olur. Bəzilərində onu törədənlərdən qəddarlıq, vəhşilik, amansızlıq, bəzilərində isə aktyorluq, savadlılıq, elmlilik tələb olunur. İndi haqqında sizə danışacağımız cinayət işində isə qəhrəmanlarımız məhz aktyorluq qabiliyyətlərini ortaya qoyublar. Təfsilatı xəbərdə. 

 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan İlkin Babayev, Eldar Muradov və digərlərinin özlərini dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin edilməsinə kömək göstəriləcəyi barədə yalan vəd verməklə şəxslərə məxsus 150 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, faktla bağlı başlanmış cinayət işi üzrə qrup üzvləri Cinayət Məcəllənin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İş üzrə digər qanunazidd halların müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.