Super User

Super User

“1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında diplomatik münasibətlər qurulub. 1992-ci il fevralın 6-da Ukrayna və Azərbaycan diplomatik münasibətləri bərpa edib, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açıblar. 

Ukrayna Azərbaycanı həmişə qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq əlaqələri ilə bağlı olduğu dövlət kimi qiymətləndirib və bu, indi də belədir. 

Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində özlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir.

Ümumi ağrımız bizi daha güclü və inamlı edib. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”. 

 

Sitat Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin sosial media hesabından götürülüb. 

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Yadınızdadırmı, bir dəfə Qız qalası daşlarının tarixi izləri olan qara ərpini “laqonda” ilə yondurmaq göstərişi vermişdi ovaxtkı Bakı meri Hacıbala Abutalıbov? Halbuki tarixin izlərinə toxunmaq cinayət hesab edilməlidir. 

 

Turizm və memarlığın vəhdəti - çağdaş dünyamızda sərhədlərin açılması, mədəniyyətlərin inteqrasiyası və əlbəttə ki, turizmin inkişafı tarixi abidələrin qorunmasını aktual edir, turizm yaxşı memarlıq üçün, bir növ, borclu qalır. Elə tarixi abidələrin - qədim tikililərin bərpası işi də turizmə cavabdeh olan qurumun finksiyalarına aiddir. 

Növbəti söhbətimiz bu barədədir. 

 

Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin dəstəyi, ICOMOS Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib.

Dövlət Turizm Agentliyindən cari məsələlər qovluğunda yer tutan təlimdə mədəni irsin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan ICOMOS-un Ənənəvi Memarlıq üzrə Beynəlxalq Komitəsinin (International Committee on Vernacular Architecture - CIAV) prezidenti, professor Hossam Mahdi çıxış edib. 

Milliyyətcə pakistanlı olan Hissam Mahdi mədəni irs abidələrinin bərpa-konservasiya işlərinin texniki tərəfləri, dövrün tələblərindən asılı olmayan xalq memarlığının əsas formaları və növləri, nümunələr əsasında iqlim, ətraf mühit, yerli mədəniyyət və digər amillərin ənənəvi memarlığa təsirləri barədə ətraflı məlumat verib.

Təlimçi konservasiyanın tarixi və nəzəriyyəsi ilə yanaşı, həm də bərpadan öncə aparılmalı olan dəyərləndirmə işləri, bu zaman istifadə olunan metodologiya, önə çıxan meyarlar barəsində fikirlərini bölüşüb, Azərbaycan və Avropada ənənəvi memarlıq nümunələri arasında müqayisə xarakterli məlumatları açıqlayıb.

Təlimdə ICOMOS Azərbaycan Milli Komitəsinin üzvləri, gənc memarlar və mədəni irs üzrə ekspertlər iştirak ediblər. Tədbirin sonunda professor Hossam Mahdi iştirakçıların suallarını cavablandırıb.

 

Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir. ICOMOS Azərbaycan Milli Komitəsi 2022-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılıb.

Sonda təlimçilərə Sertifikatlar verilib.

 

Şəkildə: Hossam Mahdi və təlim iştirakçıları

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Среда, 08 Февраль 2023 09:00

“Milyarder Ruben” Qarabağdan niyə qaçdı?

Üzdəniraq, dırnaqarası Artsax respublikasının bir dövlət naziri var, Ruben Vardanyan. Ermənilər ona “Milyarder Ruben” deyirlər. Ermənistan mediasının məlumatına görə, Ruben Vardanyan Azərbaycan torpaqlarından, konkret olaraq Qarabağın dağlıq hissəsindən qaçıb və Moskvaya sığınıb. Onun geri qayıtmaq niyyətində olmadığı bildirilir. 

 

Əslində, Vardanyanın gec-tez Azərbaycandan gedəcəyi məlum idi. Çünki anlayırdı ki, Azərbaycan öz ərazilərində hansısa separatçı meyillərin baş qaldırmasına imkan verməyəcək. Onun Xankəndidə olması Ermənistan-Azərbaycan, Azərbaycan-Rusiya, hətta Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərirdi. R.Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaq idi. O, hər vəchlə Qarabağdakı ermənilərə “müstəqil dövlət”də yaşamağı aşılamaq istəyirdi, hətta “Qarabağ erməniləri Ermənistan ermənilərindən nə üçün asılı olmalıdırlar?” kimi bəyanat da səsləndirmişdi. Onun bu fikri Qarabağ və Ermənistan erməniləri arasında növbəti qarşıdurma yaratmışdı. O, Qarabağa gəlməsinin məqsədinin buradakı ermənilərin həyat şəraitini yaxşılaşdırmaq olduğunu iddia etsə də, əslində, əsas hədəf Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirmək, daha da varlanmaq, eyni zamanda, separatçılıqla məşğul olmaq idi. Onun fəaliyyəti Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına da mənfi təsir edirdi. İndi isə o, Azərbaycandan qovuldu, qaçdı. Onun hansı şəraitdə qaçdığı məlum deyil. Amma bəlli olan odur ki, bunu heç də normal qaydada etməyib – ya hansısa sülhməramlı avtomobilin yük yerində gizlənməklə, ya çirkli paltarların arasında, ya da özünəməxsus formada – qorxaqcasına, qadın libasında. 

İstənilən halda, Ruben Vardanyanın “öz” millətini darda qoyaraq qaçması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinin növbəti təzahürüdür. Çünki Azərbaycan dövləti və Prezident İlham Əliyev Qarabağ ermənilərinə dəfələrlə ölkə qanunları çərçivəsində firavan yaşamağı təklif edib. Mülki ermənilərin buna münasibəti heç də mənfi deyil. Son zamanlar baş verən bir sıra hadisələr - istər Qarabağda aparılan tikinti işləri, yol çəkilişləri zamanı, istərsə də digər fəaliyyətlərdə oradakı mülki ermənilərin davranışları bunu söyləməyə əsas verir. 

Vardanyanın qaçması onu da sübut etdi ki, Qarabağdakı ermənilər bir daha onunkimilərin boş, “şirin” vədlərinə inanmamalı, öz gələcəklərini müstəqil, firavan Azərbaycana inteqrasiyada görməlidirlər. Onlar anlamalıdırlar ki, bundan sonra da kimsə vardanyankimilərin Qarabağa, Azərbaycanın digər ərazilərinə göndərilməsinə cəhd etsə, ölkəmizin qəti, prinsipial mövqeyi, Ali Baş Komandanımızın “Dəmir yumruğ”u ilə üzləşəcək. Azərbaycan bundan sonra da vardanyankimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınan hüququdur.

Vardanyanın Azərbaycandan qaçması bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha çatdırdı. Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”. Vardanyanın Qarabağdan qaçması bir daha onu göstərir ki, Azərbaycanın siyasi iradəsinin əksinə olaraq heç kim Qarabağda hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul ola bilməz. Onun da məqsədi yaşamaq yox, məhz talamaq idi. Onun bu arzusu isə gözündə qaldı. 

Bəs Vardanyan Qarabağdan niyə qaçdı? Bu sualın cavabı isə aydındır. Artıq iki aya yaxındır azərbaycanlı ekofəalların laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlamışdı. Artıq onlar Laçın-Xankəndi yolundan əvvəl olduğu kimi, rahat hərəkət edə, istədiklərini daşıya və ya gətirə bilmirdilər. Görünən odur ki, ekofəalların keçirdikləri dinc aksiya səbəbindən Vardanyan Qarabağdakı faydalı qazıntı yataqlarından çıxarılan qızılı və digər qiymətli metalları ölkədən çıxarmaqda artıq çətinlik çəkirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağa pul qazanmaq məqsədilə gələn Vardanyanın əlavə mənfəət əldə edə bilməməsi onun buradan çıxıb getməsinə səbəb oldu. Burada isə belə bir deyim yada düşür: “Özgə malına göz dikən gözsüz qalar”. Görünən odur ki, Vardanyan artıq “gözündən olacağı” günün yaxınlaşdığını hiss edirdi, ona görə də “malından qalmağı” üstün tutdu. Amma indi o, təkcə malından deyil, həm də “öz xalqı”ndan oldu, özü də birdəfəlik.

Təki! 

 

Analitik yazı dövri mətbuatın, o cümlədən AzərTAC-ın materialları əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)

Вторник, 07 Февраль 2023 18:00

“Təsəvvür edin ki, üç ilin binası çöküb…”

 

Türkiyədə baş verən dəhşətli zəlzələ günümüzün əsas mövzusudur və hər birimiz media ilə bərabər, daha çox Türkiyədə yaşayan tanış-bilişdən obyektiv informasiya almağa çalışırıq. Təbii ki, Türkiyədə yaşayan Xalq artisti Azərinin verdiyi məlumat da jər kəs üçün maraq kəsb edir. 

 

Xəzər TV-də gedən "Səhər mərkəzi" verilişinin canlı yayımına telefon vasitəsi ilə qoşulan Azərin dəhşətli fəlakətlə bağlı danışarkən bunları söyləyib: 

“Allah özü kömək olsun, bütün gecə dualar etmişik. Oradakı insanlar soyuqda qalıblar. Həmin görüntüləri izləmək olmur. Xüsusilə də dağıntılar altından çıxarılan uşaqları izləyəndə insan sevinc göz yaşları tökür ki, onlar xilas edilirlər. Türkiyə özü zəlzələ üzərində olan bir ölkədir. Bundan sonrakı dövrlərdə Allah hidayət versin, o binaları inşa edənlərə. Təsəvvür edin, 3 ilin binası çöküb. Allah hidayət versin, o insanlara ki, Türkiyədə bu binaları tikirlər. Bundan sonra bu bölgələrdə dözümlü binalar tikilsin. Çünki bu insan həyatıdır. Bu binalar o vəziyyətdə olmamalıdır".

Əlbəttə ki, sarsıdıcı məlumatdır. Əgər inşaatçılar vicdanla iş görsəydilər, yəqin ki, ölü sayı və dağıntı miqyası bu qədər olmazdı.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 15:10

Efirdən əyləncə yığışdırılıb

 

Türkiyədə baş verən dəhşətli zəlzələdə çox sayda insanın vəfat etməsi səbəbilə 7 gün matəm elan edilib, qardaş ölkənin kədərinə şərik çıxan Azərbaycan da müəyyən direktivlərə əl atır. Məsələn, televiziyaların efir siyasətinə. 

 

Ana televiziyası olan AzTV qardaş ölkədəki faciəni nəzərə alaraq proqramında bir sıra dəyişiklik edərək bunu elan edib. Digər yerli kanallar da bunu ediblər. Bu səbəbdən bu gün bir sıra əyləncəli verilişlər efirə getməyib və getməyəcək. 

ATV-də yayımlanan "7 canlı", ARB TV-də yayımlanan "Həmin Zaur" proqramları yayımlanmayıb. Zaur Kamalın aparıcılıq etdiyi verilişin sabah da efirə getməsi nəzərdə tutulmur.

Bundan başqa, Xəzər TV-də yayımlanan "Xəzər axşamı"nın da bugünkü buraxılışında mövzu Türkiyədə baş verən təbii fəlakət olub.

Həmçinin, "Space" TV-də "Milli səs" yarışması yayımlanmayıb və "Bir axşam səhnədə" proqramı bu həftə efirə getməyəcək.

“Mədəniyyət” kanalında da verilişlər matəm nəzərə alınmaqla efirə getməkdədir. 

 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 15:09

Bakılı oğlan Vado Karovin Space-in direktoru təyin olunub

 

Space Müstəqil Teleradio Şirkətinin direktoru dəyişilib. 20 may 2021-ci ildən Space televiziyasına direktorluq edən Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə "Parni iz Baku" ŞHK komandasının aktyoru Vado Karovin təyin olunub.

Məlumat üçün bildirək ki, Vado Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. O, uzun müddət "Şən və Hazırcavablar" klubunda - "Bakılı Oğlanlar" komandasında təmsil olunub. “Planet Parni iz Baku” ŞHK teatrının konsertlərində daim yer alıb. Bundan başqa, Vado Karovin "Lider" və ATV telekanallarında müxtəlif vəzifələrdə çalışıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 15:08

Diqqət! Hava kəskin soyuyacaq!

 

Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, əhalini gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur. 

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

 

İndi bu ünvan qərənfil yağışına tutulmaqdadır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini hamı yad edir. Hazırda zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzməkdədirlər. 

 

Statistika açıqlandıqca və dağıntılar altından yeni cəsədlər tapıldıqca ölənlərin say hesabı sürətlə artır, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Nəticədə 3419 nəfər ölüb, 20 mindən çox insan xəsarət alıb, 5775 bina çöküb.

Allahdan ölənlərə rəhmət, yaralılara tez sağalmalarını diləyirik. 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 14:28

Bu gün görkəmli rejissor Tofiq Tağızadənin 104 illiyidir

 

Azərbaycan kino tarixində qızıl lentlər sırasında qərar tutan iki film də var, “Uzaq sahillərdə” və “Yeddi oğul istərəm”. Bu gün o filmlərə təkrarən baxmağın yeri var. 

 

Bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 104 il ötür.

O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.

Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

Görkəmli rejissorun ərsəyə gətirdiyi “Görüş”,  “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.

Yazının əvvəlindəki qeydimizə qayıdaq: Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.

Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.

Ruhu şad olsun!

 

Şəkildə: Tofiq Tağızadə (solda) çəkiliş zamanı. 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Вторник, 07 Февраль 2023 13:15

Anar sədaqəti

 

Ülviyyə Hrydərova yazır

 

Rüstəm İbrahimbəyovun doğum günü ilə bağlı məzarını zirarət etdim. Düzü, heç kimə xüsusi dəvət gəlməmişdi. Yəni kim istəyirdi gedə bilərdi. Birinci Fəxri Xiyabanın darvazasından içəri girəndə gördüm uzaqdan Xalq yazıçısı Anar ağır addımlarla dostu Rüstəm müəllimin məzarından ayrılıb əlində bir dəstə güllə daha bir yaxın dostu Vaqif Səmədoğlunun uyuduğu məzara doğru gedir. Yanında heç kim yox idi. Mənzərə məni o qədər duyğulandırdı. Onu heç vaxt unutmaram. Anar müəllimə yaxınlaşa da bilərdim. Amma narahat etmək istəmədim. Eləcə ayaq saxlayıb uzaqdan baxdım. Anar müəllimin dostluğu da bir nümunədir. Fəxri Xiyabandan çıxanda gördüm Ramiz Həsənoğlu maşınını parkovka edir. Buna əbədi, əzəli dostluq deyilir. Anar müəllimə, Ramiz müəllimə can sağlığı arzulayıram! Rüstəm müəllimə, Vaqif müəllimə Uca Tanrıdan rəhmət diləyirəm. Nur içində yatsınlar!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.