Super User
Soruşun, cavab verək - Aynur Kərimova kimdir?
“Ədəbiyyat və incəsənət” portalının “Soruşun, cavab verək” rubrikasının poçtunda bir neçə sual təkrarlanır: Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə yeni təyin olunan müdir - Aynur Nurəddin qızı Kərimova kimdir.
Doxsanıncı illərdə ölkədə bir media bumu yaşanırdı, müstəqilliyin gətirdiyi media qaranquşlarından biri də “Press fakt” qəzeti idi və bu qəzetin ən sevimli köşəsi Aynur
Kərimovanın “Silentium”u idi. Bax bu Aynur həmin Aynurdur.
Aynur Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.
2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupunda fəaliyyət göstərirdi. “Texnopolis” və “Sima” sənədli media layihələrinin müəllifidir.
Və ən nəhayət, onu da deyək ki, Aynur xanım sumqayıtlıdır, şəhərin tanınmış ictimai xadimi, şairəsi Ofelya Babayevanın qızıdır.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Sevgi romanları ildə təxminən 1,44 milyard dollar gəlir gətirir
Bütün zamanların 5 ən yaxşı romantik romanı hansıdır?
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar növbəti dəfə reytinqləri saf-çürük edərək bütün zamanların 5 ən yaxşı romantik romanını müəyyənləşdirməyə çalışıb. Müəllifin fikrincə, Azərbaycanımızda həmin roman Xalq yazıçısı Anarın “Beşmərtəbili evin altıncı mərtəbəsi” romanıdır. Redaksiya əməkdaşlarının da fikirləri haçalanmır, onlar da əksərən bu fikirdədirlər. Bəs görəsən dünya üzrə bu göstərici necədir?
Romantika əsrlər boyu incəsənət, ədəbiyyat və fəlsəfədə araşdırılıb. O, klassik ədəbiyyatın ehtiraslı və alovlu eşq macəralarından tutmuş real həyatdakı münasibətlərin sakit və davamlı bağlarına qədər müxtəlif formalarda ola bilər.
“WordsRated” analitik firmasının məlumatına görə, romantikada ən çox qazanan ədəbiyyat janrıdır və sevgi romanları ildə təxminən 1,44 milyard dollar gəlir gətirir. Romantika oxuyanların 82%-ni qadınlar təşkil edir, kişilərin isə faiz göstəricisi cəmi 18% təşkil edir.
Elə bu reytinq də “ən çox satılanlar” listələri əsasında hazırlanıb.
1. “Qürur və Qərəz” - Ceyn Ostin
2. “Ceyn Eyr” - Şarlotta Bronte
3. “Küləklə sovrulanlar” - Marqaret Mitçell
4. “Xarici” - Diana Qabaldon
5. “The Notebook” - Nikolas Sparks
Bax belə, əziz oxucularımız. Sevgi romanlarını siz də oxuyun. Detektiv oxuyub başınızı qatmaqdansa sevgi romanı oxuyub ruhunuzu qidalandırın. Hansısa şair gözəl deyib, sevgi barədə gözəl bədii ədəbiyyat nümunələri oxuyanlar daha gözəl sevirlər.
“Ədəbiyyat və incəsənət”
(10.04.20230
İtmişəm, özümü tapa bilmirəm...
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikaaından ən yaxşı şeir seçmələrini sizin diqqətinizə çatdırırıq.
Sırada Arğın Paşadır.
ÖZÜMÜ TAPA BİLMİRƏM
Külqabı, istəkan... Boşalır tez-tez
Bir payız gecəsi, beş-altı şair.
Göz-gözü görməyir tüstüdən daha
Və dərdlər tökülür ortaya bir-bir.
Keçmişə sürüyür, sabaha çəkir,
Yenə də gülürəm bu çağımda mən.
Ucqarda görünür ayaq izlərim,
Donmuşam hələ də qucağında mən.
Bir neçə saatdır sənin dalınca -
Getmişəm, özümü tapa bilmirəm.
Çağırır dostlarım hardasan Paşa?!
- İtmişəm, özümü tapa bilmirəm...
Sağlıqlar düzüldü masanın üstə,
yenidən özümdə yaratdım səni.
Acı keçmişimi çəkdim başıma,
Bir qurtum şərabda unutdum səni.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
“Baladadaşın toy hamamı” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” (bəstəkar Firidun Allahverdi) ikihissəli musiqili lirik komediyası aprelin 9-da nümayiş olunub.
Sevilən tamaşalar sırasında yer alan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Əmrah Dadaşov, Aydan Həsənova, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Güldanə Əzimova, Telnaz Hüseynova, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Fisincan, səbzi plov, qatlama…
Bakıda Gənc Kulinarların V Respublika Çempionatı keçirilib
Bakı Gənclər Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən təhsil alan gənc kulinarların beşinci respublika çempionatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, çempionatda paytaxtdakı və müxtəlif bölgələrdəki universitet və peşə məktəblərində təhsil alan gənc kulinarlar iştirak ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, yubilyar Tahir Əmiraslanovun açıqlamasına görə, rəhbərlik etdiyi qurum tərəfindən artıq 5-ci ildir ki, təhsil alan kulinarların çempionatını keçirməkdə məqsəd milli mətbəximizin tanıdılması və gənclərin kulinariya sahəsinə həvəsinin yaradılmasıdır. Belə yarışların və tədbirlərin keçirilməsi Azərbaycan kulinariyasının inkişafına xidmət edir.
Tədbirin ilk hissəsində iştirakçıların hazırladıqları müxtəlif yemək çeşidləri və şirniyyatlar münsiflərə və qonaqlara təqdim olunub.
Sonra münsiflər ən dadlı və ən vizual effektli təamları müəyyənləşdirməyə başlayıblar.
Seçimlərin həm dadlandırmaya, həm da ümumi kompozisiyaya uyğun aparılması, təbii ki, beynəlxalq kulinariya müsabiqələrinin tələbidir. Görünüşü xoş olmayan ən dadlı yemək diqqət çəkməz, eləcə də görünüşcə gözəl olan dadsız yemək.
Qaliblər müəyyən edilərkən təamların təqdimatı və milli xüsusiyyətlərə uyğunluğu da nəzərə alınıb. Sevindirici haldır ki, kulinar iştirakçılar - gənclər və yeniyetmələrin hamısında gözəl əhvali-ruhiyyə və həvəs müşahidə olunub.
Bəyənilən iştirakçılara gəldikdə isə, Naxçıvandan qatılan kulinarların stendi çox bəyənilib, çünki onlar daha çox qədim və milli kompozisiya yaradıblar.
Çempionata Sumqayıt şəhərindən qatılan gənc kulinarların təqdim etdikləri
fisincan və səbzi plov da hədsiz bəyənilib.
Sonda tədbirin rəsmi hissəsi baş tutub və çempionatın qalibləri mükafatlandırılıb.
Hamı tədbiri gözəl ağız dadı və xoş ovqatla tərk edib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Zəif çoxluq güclü azlığa tabedir
“Qarabağda 620 yaşayış məntəqəsi ləğv edilir” məlumatına ekspert baxışı
“Ədəbiyyat və incəsənət” Açıq portfel rubrikasında sizlərin diqqətinə çox maraqlı bir statistikanı çatdırmaq istəyir.
Qayıdış planına görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı mövcud 936-dan 316-dək endiriləcək.
Rayonlar üzrə baxsaq, ən çox azalma Qubadlı rayonunda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən cəmi 24-ü saxlanılacaq.
Kəndlərin sayının Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə endirilməsi planlaşdırılır.
İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib. Xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub.
“Ədəbiyyat və incəsənət” portalı məsələyə ekspert baxışını da diqqətinizə çatdırır. Siyasi ekspert Adəm İsmayılov kəndlərin azaldılmasına sosial mediada rast gəlinən neqativ münasibətin fonunda bu addımın çox düzgün olmasını vurğulayır: “Gəlin unutmayaq ki, 620 yaşayış məntəqəsi ləğv edilir xəbərinin arxasında faktiki yaşayış məskənləri deyil, ermənilər tərəfindən məhv ediımiş 620 xarabazar dayanır. Cəmi 2-3 ailə yaşayan, keçilməz dağ ərazilərində, yolsuzluq şəraitində mövcud olan kəndlərin yenidən bərpa edilməsi qeyri-rentabelli bir iş olduğundan həyata keçirilən mərkəzləşmə siyasəti çox düzgündür. Yalnız bu halda biz Qarabağı yüksək həyat səviyyəsi formalaşdırılmış bir məkana çevirə bilərik.”
Və elə bu yerdə bir zəruri qeydi də aparaq. Yerlə yeksan olmuş bəzi keçmiş yaşayış məskənlərini muzey kimi saxlamaq, dünyaya və gələcək nəsillərə nümayiş etdirmək də məntiqli olardı. Eynən qapaq şəklində gördüyünüz fotodakı kimi.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
O getmək istəyirdi, amma gedə bilmədi…
Azərbaycanın Xalq artisti İrana Tağızadə vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə ötən gün səhər vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Və rəsmi açıqlama yayaraq mərhuma Allahdan rəhmət diləyib.
Xatırladaq ki, həyatını Rus Dram Teatrı ilə bağlamış aktrisa 11 il bundan əvvəl teatrdan gedəcəyi barədə bəyanat vermişdi.
“Hələlik üç ay ərzində "Azdrama"da layihədə çalışacam. İş çox ağırdır, buraya bütün gücünü sərf etməlisən. Mənim "Karamazov qardaşları" tamaşasındakı rolum yüksək təəssürat yaradıb. Elçin Əfəndiyev məni öz pyesində görmək istəyir. "Artist" pyesi klassik formalı bir tamaşadır", - demişdi. Amma 3 aydan sonra yox, heç 11 ildən sonra da tetardan getməyə ürək eləməmiş, doğma kollektivdən ayrıla bilməmişdi.
O əməkdar artist Firdovsi Ağakişiyevin həyat yoldaşı, görkəmli rejissor Tofiq Tağızadənin isə qızı idi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Görəsən, 60-da ülviləşən sevgilər çoxmudur?
Şəhərin mədəni həyatına canlanma gətirən bir tədbir barədə qeydlər
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Kənan Məmmədlinin şair İbrahim İlyaslının Sumqayıt Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyi barədə qeydlərini təqdim edirik.
Yubiley bitəndən və tamaşaçılar Sumqayıt Dövlət Dram Teatrının gözəl və rahat zalını tərk edəndən sonra hələ uzun müddət orada saz-söz cingiltisi duyuldu, insanların xoş təəssüratlarının əksi dövran etdi.
Bəli, Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir uzun müddət yaddaşlarda qalacaq. Tədbirdə MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri və oxucular iştirak edirdilər. Tədbirin aparıcısı isə MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı idi. Səhnədə qoyulmuş kreslolarda iki şair, iki türkçü və iki dost - İbrahim İlyaslı və Əkbər Qoşalı qoşa əyləşmişdilər.
Öncə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları və tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışdı, onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd etdi. Teymur Səmədovun gözəl intonasiya ilə şairin “Necəsən” şeirini söyləməsi isə tədbirin lap başlanğıcında bir kulminasiya oldu. Və hətta tədbirə dəvət ediımiş qiraətçilər belə etiraf etdilər ki, onlar bu şeiri bu qədər gözəl deyə bilməzdilər.
Yubiley gecəsinin ilk musiqi töhfəsi - “Sumqayıt” Milli Kamera ansanblının ifasında şairin “Sumqayıt” şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı oldu, mahnı ansanblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer aldı və alqışlarla qarşılandı. Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış etdi, poeziyanın gözəl bilicisi olan Qənirə xanım şairin yaradıcılığına rakurs etdi və komitə adından ona at rəsmli tablo hədiyyə etdi. At murazdır, bu rəmzi məna poeziyamızda iz qoymağı özünə amal götürmüş şairə bir çağırış oldu həm də.
Milli Məclisin Sumqayıtdan seçilmiş depuatatı Müşviq Məmmədli də şairi 60 illik yubileyi münasibəti ilə təbrik etdi, şəhərin mədəni həyatında onun rolunu dilə gətirdi. Hər iki millət vəkili İbrahim İlyaslının həyat və yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndirdilər. Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB “Fəxri Diplom”unu yubilyara təqdim etdi və onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açdı. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırdı, onu idarənin Fəxri Fərmanı ilə təltif etdi.
Aparıcı Əkbər Qoşalı tədbirə qatıla bilməmələri səbəbindən yubilyarı təbrik teleqramı ilə yada salan ağsaqqal xalq şairimiz Nəriman Həsənzadə və Sumqayıtın eks icra hakimiyyəti başçısı, ədəbiyyatın böyük dostu Şakir Abuşev barədə bilgi verdi. Daha sonra səhnəyə başında yaşıl fəs olan qonaq təşrif buyurdu. Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışdı və ona “Təşəkkür Məktubu” təqdim etdi. Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, gözəl şairə Marina Karyagina özünün Azərbaycan sevdasından danışdı və burada ədəbiyyatın rolunu yüksək dəyərləndirdi, İbrahim İlyaslını yubileyi münasibəti ilə ürəkdən təbrik edərək, ona Çuvaşıstan Yazıçılar İttifaqının mükafatını təqdim etdi.
Tədbirin növbəti kulminasiyası şairin qardaşı, müasir Azərbaycan aşıq sənətinin ən zirvələrində qərarlaşmış İlham Aslanbəylidən gəldi. O sazı necə dilə gətirdisə qardaşının poeziyası telli sazın sayəsində coşdu, kükrədi, ürəkləri riqqətə gətirdi. Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunna rəhbərlik edən Tərlan Qasımov da çıxış edərək, yubilyarı təbrik etdi və ona xatirə hədiyyəsi təqdim elədi.
Qeyd edək ki, şairimiz əslən Qazax rayonunjn Aslanbəyli kəndindəndir, gənc yaşlarından Sumqayıta gələrək ali təhsil alaraq bu şəhərin Alüminium zavodunda əmək fəaliyyətinə başlayıb.
Bu səbəbdən də “Qazax” Xeyriyyə İctimai Birliyinin təbriki gözlənilən idi. Birliyin sədri, çox hörmətli professor İlham Pirməmmədov çıxış etdi, şairin yaradıcılığından və ictimai fəaliyyətindən söz açdı və İbrahim İlyaslını Birliyin təsis etdiyi “Səməd Vurğun” diplomu ilə təltif etdi. Və daha bir kulminasiya: Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev muzeyinin yeni təyin ediımiş direktoru, tanınmış gənc musiqiçi Vurğun Vəkilov təqdim etdi.
Tanınmış qiraətçi Xəzər Süleymanlının şairin şeirini səsləndirməsi də onsuz da xoş olan ovqata bir qədər də müsbət aura əlavə etdi. Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şairə Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açdı, onun “Dəniz” ədəbi birliyi, Poeziya evi vasitəsilə ədəbi gəncliyin inkişafına təkan verdoyini vurğuladı, yubileyi münasibəti şəhərin ədəbi ictimaiyyəti adından onu təbrik etdi. Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər də şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi. Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar təbrik nitqi ilə çıxış edərək İbrahim İlyaslını DGTYB-nin 25 illik Yubiley Medalı ilə təltif etdi. Tədbirin sonunda çıxış edən yubilyar tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirdi və “Zəfər Marşı” şeirini səsləndirdi.
Və mən bu yazını hələ də İbrahim İlyaslının haqqında bol-bol tərif dediyimiz “Necəsən” şeirini oxumayanlar üçün şeiri təqdim etməklə yekunlaşdırır, sevimli şairimizə isə “Həmişə yaxşı olasan” mesajını çatdırıram.
NECƏSƏN
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
Fotolar sumqayıtlı fotoqraf Şakir Rəhmanındır.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Biri Amerikada, biri Belçikada
“Ədəbiyyat və incəsənət” sizlərə iki həmyerlimizin beynəlxalq uğuru barədə söz açmaq istəyir. Söhbət uğurlarını redaksiyamızla bölüşən Ümid Nəccaridən və Soltan Soltanlıdan gedir.
Şair Ümid Nəccarinin “Oktyabr gülləsi” adlı şeiri Amerikanın “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.
Rəssam Soltan Soltanlı isə Belçikada keçirilən beynəlxalq karikatura yarışmasında Sertifikat qazanıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Bir dəhşətli qalanın sirri
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas, şairə Adilə Nəzərin “Əlamut qalası” yazısını oxuculara təqdim edir. Xatırladaq ki, söhbət 12-ci əsrdə dünya xalqları üçün vahimə mənbəyinə çevrilmiş bir məkandan gedir. Azərbaycanda çəkiləcək ilk tarixi serial - 44 bölümlük “Azərbaycan Atabəyləri: Şəmsəddin Eldəniz” filmində, yeri gəlmişkən, bir çox hadisələr həmin məkanda cərəyan edəcək.
Vladimir Bartolun "Fədailər qalası Əlamut" kitabını oxuyub bitirdim. (Bundan əvvəl Peter Villeyin də "Ələmut" kitabını oxumuşdum. Müəyyən qədər fərqlərlə əsər demək olar ki, eyni məzmunu təşkil edir)
Kitabda Xəzər dənizinin cənubunda, İranın şimalında yerləşən Ələmut qalasının XI əsrdə necə, hansı sirlərə şahidlik etdiyi ortaya çıxır.
Əsərin qəhrəmanı dünya tarixinin ən əsrarəngiz və ən qorxulu liderlərindən biri olan Həsən Sabbahdır. Həsən Sabbahın yaratdığı Xaşxaşilər təriqəti İslamın şiəlik qoluna, daha dəqiq desək bu qolun İsmayili təriqətinə əsaslanır. Xaşxaşilərin (təriqətin adı çox şey deyir) lideri Həsən Sabbah mənə görə insanı insan edən bütün əxlaqi və mədəni dəyərləri rədd edən və bu dünyagörüşünü çox qısa bir müddətə dünyanın hər yerinə yaya bilən, özünə tərəfdarlar toplamağı bacaran bir avtoritetdir.
Roman sadəcə bədii əsər deyil. Yəqin ki, müəllifin uzun illər ərzində İslamın IX-XII əsrlər dövrünü tarixi və elmi yöndən əsaslı şəkildə tədqiqi sayəsində yazılıb. Çünki əsər özlüyündə tarixi faktları əks etdirir. Belə demək olarsa, müəllif min illərin tozunu çırparaq altından ziddiyyətli dini fikirləri, qorxunc qətlləri ilə tarixə iz qoymuş, Ələmut qalasının fatehi Həsən Sabbahı üzə çıxarır. O Həsən Sabbahı ki, qəlbi təmiz, niyyəti saf, fiziki cəhətdən sağlam insanları cənnət vədi ilə aldadaraq din fədailəri ordusu (əslində isə sui-qəsdçilər ordusu) yaradıb, hökmlər, fətvalar verib öz siyasi əməllərinə alət etmişdi.
(Ələmut qalası 1256-cı ildə Moğollar tərəfindən alınana qədər bu təriqətə məxsus olmuşdur)
Romanı mümkün qədər yaşından asılı olmayaraq dini inancında boşluq olan hər kəsin oxumasını tövsiyyə edirəm.
Niyə?
Əsərdə təsvir olunan hadisələr min il əvvəl baş verən və bitən hadisələr deyil, bu gün də davam edən, gələcəkdə də davam edəcəyinə şübhə olmayan hadisələrdir. Bəlkə də bu gün bu mövzuda vəziyyət o zamankından daha ciddidir. Çünki əvvəllər bu növ fırıldaqçı çox nadir və insanların daha az inanclı olduqları yerlərdə görünürdüsə, indi bu cür vicdan istismarçıları fərqli qurumlar altında eyni işləri davam etdirirlər.
İndi dünya Həsən Sabbahlarla doludur.
Kitabın əvvəlində diqqət çəkən bir cümlə var ki, bu cümlə əsər boyunca özünü gah H.Sabbahın süni yaratdığı cənnətin mələyi, gah həmin cənnət uğruna qatil olmağı, hətta daha tez ölümə qovuşmağı gözə alan fədailərdən biri kimi təsəvvür edən oxucununun sonda gəldiyi nəticəyə çevrilir. Bir də maraqlısı budur ki, həmin cümlə din adı altında ağlagəlməz qətllər törədən, qadağalar qoyub zülmlər edən qəhrəmandan qalan yeganə kitabdan götürülüb. (Hülaki xan qalanı əsir alanda H.Sabbahın bütün kitablarını yandırmışdı, bir kitabından başqa. Çünki o kitab H.Sabbahın avtobioqrafiyası idi.) Cümlə belə idi:
“Heç bir şey gerçək deyil. Hər şeyə icazə var.”
Şəkildə Həsən Sabbah. Ələmut qalası XI əsrdə və hazırkı görüntüsü.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)