Super User

Super User

Понедельник, 17 Апрель 2023 12:30

“Qısa fikirlər xəzinəsi”ndə Səhid Seyyid Qütbidir

“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Şəhid Seyyid Qütbdür fikirlərini çatdıracaq.

 

 

***

Yarısı dünya, yarısı axirət üçün çırpınan bir ürəklə yaşaya bilmərəm.

 

***

Atamın ən çox diqqət yetirdiyi şey ruhumuza axirət duyğusu aşılamaq idi...

 

***

Mən Allah yolunda gördüyüm bir iş üçün əsla üzr istəmərəm.

 

***

Kimin üçün öldünüzsə, mükafatınızı ondan gözləyin!

 

***

Gecənin ən qaranlıq olduğu an, şəfəqə ən yaxın olan zamandır...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

 

 

67 yaşı olan Azərbaycan Televiziyasının çox zəngin arxivi olduğu sirr deyil, tariximizin bu son dönəmlərinin ən qiymətli görüntüləri həmin arxivdə cəmləşib. Televiziyanın “Qızıl Fond"u hazırda 52 mindən çox fiziki daşıyıcıda cəmlənib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AzTV arxivini qoruyub saxlamaq, dövrün yeni İKT texnologiyalarına uyğunlaşdırmaq zərurəti daim duyulurdu və budur, lazımi qərar verilib. AzTV arxivi artıq rəqəmsallaşdırılır. Televiziyanln İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən və bu məqsədlə ayrılan 1 milyon manat vəsaitdən yararlanmaqla televiziyanın tarixinin rəqəmsallaşdırılması prosesinə start verilib.

 

Audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün dövlət başçısının göstərdiyi diqqət televiziyanın daha keyfiyyətli və operativ çalışmasını təmin edəcək, arxivin təhlükəsiz şəraitdə qorunub saxlanılmasında fundamental baza rolunu oynayacaq. 

Hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Paralel olaraq proqram təminatı üzərində işlər yekunlaşma mərhələsindədir. Proses bitdikdən sonra elektron arxiv proqram təminatının istifadəsinə başlanılacaq. Bütün bunlar isə çox qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilir. Əsas məqsəd təxminən bir əsr ərzində formalaşan arxivi daha etibarlı və uzunmüddətli qorumaq, mədəni irsimizin gələcək nəsillərə ötürülməsini təmin etməkdir.

Bundan əlavə, elektron arxiv sisteminin təhlükəsizliyi də diqqətdə saxlanılır. Bunun üçün yanğından mühafizə sistemi qurulub. Elektron arxivin yerləşdiyi otağın qapısı isə yanğına davamlı materialdan hazırlanıb və buraya daxil olmaq üçün kart-buraxılış sistemindən istifadə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu AğsəsinSavaş – qardaşın başqa adıdı və yaxud in god we trust” essesini oxucularına təqdim edir. İnsanlar niyə bir-birinə savaş açır? Savaşlar öz qaynağını haradan götürür? İnsan ona qucaq açan yer üzəruində düzgünmü yaşayır? Nifrət və təəssübkeşlik bir-birini necə sıralayır? Şair bu suallara cavab axtarır.

 

 

ESSE

 

Qulu AĞSƏS

 

SAVAŞ  – QARDAŞIN BAŞQA ADIDI VƏ YAXUD İN GOD WE TRUST...

 

Belə baxanda Üçüncü Dünya müharibəsi çoxdan başlayıb:

Ukrayna Rusiya ilə vuruşandan bəri yox,

bəşər Əsədlə döyüşəndən bəri.

Suriya üç yerə bölünəndən başlayıb

Üçüncü Dünya müharibəsi.

Ondan bəri.

Hələ ondan da irəli.

“Bütün insanlar qardaşdır və lakin...”

Savaş – qardaşın başqa adıdı.

Dünyada ilk qırğını iki qardaş törədib:

Habillə Qabil.

Aralarında bir hərf fərqi var.

Qabil Habili heyvanın çənə sümüyü ilə öldürüb.

Dünyada son savaş iki qardaş arasında gedir:

Vladimirlə Volodimirin.

Aralarında bir hərf fərqi var.

İnsanlar öz çənəsini işə salanda sülh yaranır,

heyvan çənəsinə cumanda qırğın düşür.

İnsan əlində nə varsa, onunla xoşbəxt olmalıdı. Yaxud özünü xoşbəxt hiss eləməlidi. “Axı əlimdə nə var ki, bomboşdu...” – deyirsən. Deyil. Bir əlinə diqqətlə bax. Gör nə gözəl barmaqların var! Axı onlar gecəylə daş arasında qala bilərdi. Həm də iki daş arasında yox, beş yüz kilometr (!!!) uzunluğu olan xarabalıq altında.

Türkiyədəki dəhşətli zəlzələ bəşəriyyətin qapısından bir elan asdı:

Özünüzü bu evdə adam kimi aparın, əziz kirayənişinlər!

Deyirlər, müharibə jurnalistikası siqaret kimidi, onu yalnız bir yerindən yandıra bilərsən, filtrindən yox, papiros – mülki mətbuatdı.

Təbii fəlakət də müharibədi. Bəlkə də, ən birinci və ən davamlı müharibə. Onun da yalnız bir yerindən yandırıb çəkə bilərsən. Zəlzələ vaxtı təkcə mətbuat yox, feysbuk-instaqram-tviter yox, vatsap mesajı da nə çəkdiyinin fərqində olmalıydı. Filtrə toxunmaq olmaz! Qədim yunan filosofu “yaşamaq üçün yeyin” deyəndə bir-birlərini nəzərdə tutmurdu. Onun xələfləri filosofu düz anlayıblar. Qonşu ölkənin fəlakətinə Yunanıstan dost kimi qatıldı. Zəlzələdən cəmi bir neçə gün qabaq Türkiyəylə savaş ritorikasında danışan Afinanın başsağlığında dərin insani hüzn vardı. Ermənistan seqmenti isə faciəyə gülüş smaylı qoydu.

Filosofu olmamaq budur!

Kitabı olmamaq budur!

Tarixi olmamaq budur!

Musiqisi olmamaq budur!

Siqaretlə papirosu hardan yandırmağın fərqini bilməmək, ağzındakının nə olduğundan bixəbərlik budur!

Azərbaycan Türkiyənin Zəlzələ savaşında özünü dağıntıların altına atdı.

Qardaşına bir şey olmasın deyə.

Millət əlinə düşəni zərərçəkənlərə yolladı. Qıyıb özü yatmadığı mitildən tutmuş, əlil təqaüdünə kimi.

Amma bütün yolladıqlarımızın bir adı var: qanad!

Biz onlara qanad verdik.

Bir daha binalar yox, sakinlər uçsun deyə.

Dost qanadı.

Bir daha savaş – qardaşın başqa adı olmasın deyə...

 

P.S. Təzəliklə bilmişəm ki, ABŞ dollarının üstündə Tanrının adı  var. İN GOD WE TRUST. Yəni biz Tanrının varlığına inanırıq. Yaxşı sözdü, amma bunu Tanrısı pul olanlar deyir...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

                                                                               

Понедельник, 17 Апрель 2023 11:45

Devrim Erbilin rəsmlərinin mifik izahını kim verə bilər?

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək onun yüzlərlə sərgisi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyənin rəsm sənətinin məşhur simalarından olan Devrim Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Bu rəsmlərdə İstanbul adi fotoraflardakı kimi görünmür. Şəhərin mifik aurası sanki minilliklərdın üzübəri möhtəşəmlik və gözəllik sirlərini özündə daşıyır. Bakıdakı sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur. 

1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.

Muzey barədə türk mütəxəssislərin və

xəbərin qəhərəmanının fikirlərinə diqqət yetirək:

 

Renk Erbil, “Türkiyədən sevgilərlə” sərgisinin kuratoru, rəssamın oğlu:

 

“Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.

 

Kiymet Giray, tanınmış türk sənətşünas, professor:

 

“Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.

 

Devrim Erbil:

 

“Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”. 

 

Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək. Lütfən gəlin, baxın, zövq alın!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 11:30

“Nahaq öldürdün məni...” – Sevinc Qərib

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Sevinc Qəribin şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Sevinc  QƏRİB

 

 

NAHAQ ÖLDÜRDÜN MƏNİ...

 

 

İşığın izinə düşmüşdüm,

sərmişdim əllərimi qaranlığın

üstünə,

Günəş kimi gülümsəyirdi içim.

Qoymuşdum buludları yerinə,

sevinc ələnirdi baxışlarımdan.

Az qalırdı ümidlərimi qovan

ayrılığı keçim,

nahaq öldürdün məni...

 

Təzədən uşaq olmuşdum

yaşamadıqlarını yaşayan,

harda bir sevinc görsə,

ürəyinə daşıyan.

Rənglərə boyanmışdı dünyam,

sənin yuva əllərinlə,

bir az ərköyün olmuşdum,

bir az dəcəl qız kimi:

elə öyünürdüm ki, sevdiyin

tellərimlə,

nahaq öldürdün məni...

 

Şeirlərim əlçim-əlçim

arzuya dönürdü,

duaya sarılırdı dilim,

şükran diləklərim xoşuna

gəlirdi Tanrının.

Könül evimdə qəm çırağı

sönürdü,

sətir-sətir sənə köçürdüm,

heca-heca nur hörürdü

barmaqlarım,

nahaq öldürdün məni...

 

Qu quşu nəğməsiydi

dodaqlarımdan qopan ah,

söz dadında öpüşlərin

süzülürdü gözlərimdən

eşq adına.

Ən gözəl musiqi idi səsin,

xoşbəxt olurdu qulaqlarım

pıçıltılarınla,

nahaq öldürdün məni...

 

Vida məktubuydu üzündən

oxuduqlarım,

çəkdi məni xatirələrin qoynuna.

Qarlı gündə qismətin "tor"una

düşmüşdük,

tapılmayan nemət kimi

görüşmüşdük.

O qar bizi isitmişdi,

bu qar üşütdü məni.

Uddum qəhərimi,

asdım soyuqluğundan

son kəlməmi:

nahaq öldürdün məni.

Ölürdü, vallah, ağrılar ölürdü,

nahaq öldürdün məni...

 

 

GEDİRƏM  KÖNLÜYALIN...

 

Yenə yollar görünür sən olmayan şəhərə,

Əllərinin həsrətin şaxtada dondururam.

Gözümdəki buludu yem edirəm qəhərə,

Bu sərçə ürəyimi ovcuma qondururam.

 

Dualar göndərirəm sevginin Allahına,

Ayrılığın ömrünü bir az gödək eləsin.

Qaranlığa əsirdi hər günüm, vallah, inan,

Az qalır ki, öz əlim özümü kötəkləsin.

 

Aydınlığa çıxaram zülməti pusa bilsəm,

Gəncliyinə susayıb qocaltdığım o qız da.

Yaşayardım, bəlkə də, içimdə susa bilsəm,

Demədiyim hər nə var, boylanır ağ kağızdan.

 

Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,

Qorxuları yenməyə tab gəzirəm özümdə.

Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,

Gün darayan bəxtimi dərd gətirdi gözümdən.

 

Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,

Adıma bürünmüşəm əyilmərəm kədərə.

Kif basmış arzuları əlçim-əlçim didirəm,

Yeni ümid əyirib don hörürəm qədərə.

 

 

 

AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR...

 

Həsrətimin hönkürtüsü buludları silkələyir,

Dağ başında qara dönür yanağımı yuyan yaşlar.

Ayrılığın üzü sərtdi, ümidimi tikələyir,

Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar.

 

Dizimə dayaq etdiyim təpər əsası çatladı,

Ürəyimi calaq etdim rəngə susamış ruhuma.

Off... uzaqlara yerikləyən duyğularım atlıdı,

Oxuma daha, "olmaz" sətirli nəğmələr oxuma...

 

Ömrümdə məğrur dolanan ölçüsüz qəmə asiyəm,

Könlüm libasın dəyişib sevinc geyinir əyninə.

Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm,

Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə.

 

Ağrıları sınaq bilib qollarımı qucaqladım,

Ağacları zikr edirəm ovcumda pöhrə arzular.

Soyuq dərd yükünü atıb yuvamda ocaq qaladım,

İlahi, eşq bulağından axar könlümə ruzular?!

 

 

ANA OLURAM MİSRALARIMA

 

Yollar çox yordu məni,

and içdim ayaqlarıma,

daha qəmə bulaşdırmayacam

izlərimi.

Köçürəm kədərin villasından,

bir sevinc daxması tikdim ruhuma.

Qollarımı boşluq zindanından azad edirəm,

qucaqlayıram özümü.

Ölməkmi?

Nə ölmək, yaşamaq lazım, yaşamaq!

Ulduzların öpüşünü təbəssüm

edirəm dodaqlarıma,

bu gecə ay da eşqlə baxır gözümə,

göy üzü ritmini tutur xoşbəxtliyin.

Bəyaz gəlinlik geyinir hisslərim,

duyğularımdan sevgi doğulur,

bətni sevinir ruhumun,

ana oluram misralarıma...

 

 

SƏN EY, İLAHİ ADAM...

 

Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,

əllərini arayıb boşa çıxmaq zülümdü.

Bu kədərlə nə etsəm olmur "diri" dayanmaq,

bu ayrılıq deyil ki, bu, bildiyin ölümdü...

 

Yolları yadırğayan izə dönüb gözlərim,

çəkilib uzaqlara, su səpir yanağıma.

Elə taqətdən düşüb qollarınsız dizlərim,

cavab verə bilmirəm özümün qınağına.

 

Qorxuram son nəfəsdə adını sayıqlayam,

diksinib xatirələr dualara qarışa.

Yalanları adlayıb, gerçəyi ayaqlayam,

əcəlin barmaqları xəyalınla yarışa.

 

Yaddaşına sığal çək, gözləyənin var burda,

ruhum əsir üstünə, duymursanmı, sevdiyim?

Qubarında boğulan bu ürək qalıb darda,

Sən ey, ilahi adam, sən ey evim dediyim!..

 

 

BARMAQLARIMIN MATƏM SƏSİ...

 

Ən çox barmaqlarım ağladı

yazılmayan misralara.

Qəfil yaxalandı rütubətin

analıq bəxş etdiyi hüceyrələrə.

Dərd süzülən ovcumda

ağrısını ovudardı, bəlkə də,

ruhumda qırılan səs öldürdü

şeirini itirən barmaqlarımı.

Kötük yükü çəkir indi

qələmə yadlaşan barmaqlarım.

Duyğularım havada asılı qalır,

ağ vərəq kəfən olur çiliklənən hecalara.

"Toppuşluq yaraşır əllərimə" təsəllisi,

bir dəqiqəyə məğlub olur gözlərimə.

Göyərmiş dırnaqlarımın rəng boyası

su dəyənəcəndi əllərimə.

Ümidlərin "bəlkə" qışqırığı

bətninə inam salır çarəsizliyin,

susur gecənin üzünə

barmaqlarımın matəm səsi...

 

 

BİLMƏZSƏN...

 

Bir az unutqanlıq səpələnər çiyinlərinə,

unudarsan saçlarımın döyüş bölgəsində olduğunu,

xatırlamaszan ayaqlarımın yerimədiyini.

Əllərində aha çevrilər dilində susan kəlmələr...

gözlərindən gilə-gilə ayrılıq tökülər.

 

Bir az sıyrılmış dizimin qanı qorxudar səni,

heyfin gələr göyərmiş dodaqlarıma.

Köz arayarsan atəşin söndüyü yerdə,

qığılcıma sarılan hisslərin yaddaşsız doğular,

bilməzsən ocaq öpüşündən alovlanar....

 

Bir az yağışa düşər baxışların,

yanaqlarımın yaşında isladarsan kirpiklərini.

İtirərsən qollarını boynumda,

sığınar köksünə ürək döyüntülərim,

unudarsan bunun qucaqlamaq olduğunu...

 

Bir az aynalarda əksini axtararsan,

üşüdər könlünü yoxluq havası...

Hənirti arayarsan sükut notunda,

pıçıltılar aldadar qulaqlarını...

Duymazsan ruhumun "əlvida"sını,

bilməzsən getdiyimi, bilməzsən öldüyümü...

 

 

BİR QARA ƏL OYNAYIR SEVİNCİMİN İÇİNDƏ

 

Ayrılıqdan vüsala salınıb bu körpülər,

Eh... hələ də uzaqlar yetimlik çəkir orda.

Qorxuram bu yolların etibarı qırıla,

Həsrət yerin bərkidir, təzə ev tikir burda...

 

Körpülərin tağları qırıq bəndə söykənib,

Bir qara əl oynayır sevincimin içində.

Gün təzə boylanırdı duman özün yetirdi,

Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

 

Bir talesiz yurd orda, üstü kədər örtüklü,

Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.

Çırağının nefti yox, suyu başdan bulanıb,

Ocağı közsüz qalıb, oğurlanıb kömürü.

 

Şeytan quyruq bulayır tüstüsüz bacasında,

Qapısında iblisin nökərləri yallanır.

İlahi göydən baxıb nə düşünür,görəsən, –

O yurdun adamları yenə nəyə aldanır?!

 

Yenə savaş oxuyur meşələrdən gələn səs,

Səbri daha dar gəlir bu torpağın əyninə.

Ağaclar qulağını söykəyib qayalara,

Güllələrin səsini həkk eləyir beyninə...

 

 

YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR

 

Bircə adam saxlayaydın gözümdə,

Kiçiltməzdin ucaltdığım “dağlar”ı.

Bircə ümid, bircə inam, tək güvən...

Qaraltmazdın dürr bildiyim “ağlar”ı.

 

Gətirməzdin gözlərimə payızı,

Başlamazdı yarpaq-yarpaq xəzanlar,

Yalanına bulaşmazdı taleyim,

Yıxılmazdı ürəyimdən adamlar.

 

O qadın da yalançıymış, İlahi,

Aldandım şeytanın mələk üzünə.

İblisiymiş, qaranlığın Allahı

İşıq kimi görünürmüş gözümə.

 

O adam da babasıymış günahın,

Savab bilib yar seçmişəm özümə.

Düz sözəydi apardığım pənahım

Güvəndim...aldandım kişi sözünə.

 

Bircə adam saxlayaydın gözümdə,

Bircə ümid, bircə inam, tək güvən...

 

 

MƏNİM ÜRƏYİM

 

Mənim ürəyim sənin ürəyin kimi

çoxotaqlı varlı mənzilinə bənzəməz.

Biradamlıq çarpayıda nəfəsini bölüşən

iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.

Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan

pəncərə kimi cansız deyil mənim ürəyim.

 

Mənim ürəyimin divarları sevgidən hörülüb

içində olanlar sevgiylə qorunur.

Kasıb komalarının köhnəlmiş damından

yağış daman kimi

göz yaşı damar, ağrı damar mənim

ürəyimdən hərdən.

 

Mənim ürəyim üç-beş dost sığacaq qədər

geniş,

əzablarını içində boğacaq qədər dardı.

Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlar

kimi,

mənim də ürəyimin öz laylası var,

sevgidən başlanır, sevgidə bitir bütün notlar.

 

Birnəfərlik kupe kimidi mənim ürəyim,

bileti əlində qalar, keçməyə həddi olmaz

hansısa sərnişinin...

Sən o balaca otağa necə sığmısan, bilmirəm,

rahatca gəzib dolaşırsan künc-bucağında.

"Zəbt etdiyin" bütünümün evi, yaşamağa

davam yeri olmusan.

 

Mənim ürəyimin mətbəxi, dincəlmək,

yemək hücrəsi

divarlarına hörülən sən adlı sevda çırağıyla

işıqlanır,

acanda xatirələrdən süfrə qurur,

hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.

 

Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,

səliqəyə salıram dağınıq eşq süfrəsini,

gündüz tökdüklərimi yığıram öz yerinə.

Sonra öpüb gözündən enirəm yatağıma,

gecə də layla çalır dizlərində uyuyan

o bəxtəvər qadına...

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Kuturyelərdən biri, gərək ki, Versaçe demişdi ki, moda birləşdirir. Həqiqətən də eyni zövqlü adamlar həmişə oxşar üslubda geyinir, bir çox cəhətdən birləşirlər. Amma moda tək fərdləri deyil, mədəniyyətləri də bəzən birləşdirməyi bacarır. 

Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Daşkənddə keçirilən "Şuşa günləri" çərçivəsində Qarabağ geyimlərinin moda sərgisi təqdim olunub.

 

“Ədəbiyyta və incəsənət” portalı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası Daşkənddə böyük maraqla qarşılanıb. Defiledə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri iştirak ediblər. Qeyd edək ki, Gülnarə Xəlilova özü də defiledə 

öz tikmələrini nümayiş etdirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er Türk, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr, tarixi və qardaşlıq münasibətlərindən bəhs edib, “Şuşa günləri”nin əhəmiyyətini vurğulayıblar. 

Həmçinin konsert proqramı təqdim olunub. 

Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilməsi, xüsusən “Qarabağ” kolleksiyasının xaricdə təbliği olduqca sevindirici haldır.

Öndə qeyd etdik axı, moda birləşdirir.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 10:45

“Natəvan” operası səhnəyə qayıtdı

Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş olunub. Librettosu mərhum Nazim İbrahimova, şeirlər Rüzgar Əfəndiyevaya məxsus tamaşa yenə də anşlaqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, operanın debütü uzaq 2003-cü ilə təsadüf edirdi. Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulmuşdu. Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı – Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşçusu – Xalq artisti Tamilla Şirəliyeva, xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. 

O vaxtdan sonra uzun illər opera tetarın repertuarına salınmırdı. Bu il, necə deyərlər, buz əridi. 

Səhnə əsərində tamaşada Xan qızı Xurşidbanunun obrazı ilə yanaşı, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də geniş yer verilmiş və bu günümüzlə səsləşən mövzuya toxunulub.

Səhnə əsərində rolları Xalq artisti Samir Cəfərov, teatrın solistləri Selcan Nəsibli, Taleh Yahyayev, Mahir Tağızadə, Cahangir Qurbanov, Tural Ağasıyev, Fəhmin Əhmədli, Atəş Qarayev və başqaları ifa ediblər. 

Dirijoru Xalq artisti Yalçın Adıgözəlov olan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Səfərovdur. 

Operanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. 

“Hümayun" muğam-dəstgahının əsas intonasiyaları ilə açılır. Üzeyir Hacıbəyovun təbirincə desək, "Hümayun" dinləyicidə dərin bir kədər hissi yaradır. Bu muğamın melodiyasını eşitdikdə hiss olunur ki, həm ayrı-ayrı şəkillər, həm də epiloqun özü belə qəm-qüssəli, kədərli, faciəvi əhval-ruhiyyə ilə tamamlanacağını əvvəldən tamaşaçıya bir növ xəbər verir. Bəstəkar özü də muğamın məhz «Mayə» şöbəsindən bilərəkdən istifadə etmişdir. Çünki, bu şöbənin musiqi materialı həzin, mülayim, kədərli ovqata malikdir.

Şuşanın füsünkar gözəlliyini tərənnüm etdikdən sonra təntənəli səciyyəli musiqidə xor «Rast» muğam dəstgahının «Əraq» şöbəsindən bir parçanı oxuyur. "Əraq" isə vəziyyətin gərginliyindən xəbər verir. Ümumiyyətlə, bu şöbəni oxumaq üçün xanəndədən yüksək səs tessiturası, şaqraq zəngulələr, mürəkkəb vokal texnikası tələb olunur. Bu çətin missiyanı isə müəllif məhz xora, yəni xalqın obrazına həvalə etmişdir.

Birinci pərdədə Şuşanın Cıdır düzündə böyük bayram şənliyi keçirilərkən (xatırladaq ki, bu şənlik uzunmüddətli səyahətdən gələn xan qızı Natəvanın şərəfinə idi) xalqın Natəvana müraciətində "Eşq olsun" nidaları, bir növ odaya bənzər xalq xorunun sədaları ucalır. Bu tərənnüm məhz "Şikəsteyi-fars"ın intonasiyalarına əsaslanır. Ümumiyyətlə, məlumdur ki, şikəstələrin xarakterinə yanıqlılıq, həzinlik, şikayət motivləri xas olmağına baxmayaraq, müəllif-bəstəkar "Şikəsteyi-fars"ın musiqisi vasitəsilə xalqın təntənə ovqatını göstərməyə müvəffəq olmuşdur. Sonrakı nömrələrdə də xan qızının şərəfinə aşıqların mahnıları, "Qıtqılıda" xalq rəqsi və sonra bir səhnəni təşkil edən "Qarabağ şikəstəsi" məhz "Segah" məqamı üstündə yazılmışdır.

Xatırladaq ki, "Qarabağ şikəstəsi" bəstəkarın eyni adlı oratoriyasının son – yeddinci hissəsindən alınmışdır.

Bayram təntənəsi davam edən zaman xidmətçinin gətirdiyi məktubda yenə də qara qüvvələrin baş qaldırdığı xəbərini bilən Natəvan çox həyəcanlanır. Və o, bir neçə şer misrasını kədərli musiqi təranələri ilə ifadə edir:

Yurdunu Pənah xanın
Qoy almasın duman, çən,
Müqəddəs torpaqdan vermərəm,
Vermərəm heç zaman.

Bəstəkar Natəvanın ariozosunda segah pərdələrində, necə deyərlər, «gəzişərək» müxtəlif qeyri-adi keçidlərlə çox cazibəli musiqi yaratmağa nail olmuşdur.

Göründüyü kimi, istər proloqda, istər birinci pərdədə, istərsə də sonrakı gördüyümüz pərdə və şəkillərdə bəstəkar "Segah" muğamına və eyni ladın intonasiyalarına aludə olur, yaradıcılıq ilhamı ilə faydalanır, müxtəlif vəziyyətlərdəki ovqatlardan çox orijinal şəkildə istifadə edə bilir. Bu keyfiyyəti V.Adıgözəlovun "Natəvan" operasında maraqlı axtarışlarına və tapıntılarına aid etmək olar. Bütün bunlar bizi belə qənaətə gətirir ki, operada "Segah" leytmotiv mənasında işlədilirsə, şəxsən əsərin qəhrəmanı Natəvan obrazı üçün isə «Segah» əsər boyu leytobraz səciyyəsini kəsb edir. Belə ki, Natəvanın partiyalarında melodiyalar hər hansı bir məqam intonasiyasında başlayırsa-başlasın, o, bəstəkar tərəfindən müvəffəqiyyətli bir melodik gedişlə mütləq segaha yönəlir və həmin ladda da melodiya inkişafa uğrayır.

Əlbəttə, müəllif bu keyfiyyətdən təsadüfi olaraq istifadə etmir. Axı, Qarabağda bütün dövrlərdə, ələlxüsus XIX əsrdə dahi xanəndələr bu gözəl diyarda fəaliyyət göstərən zaman onların repertuarının əsasını «Segah» muğam dəstgahı və onun variantları — "Xaric segah", "Segah-Zabul", "Mirzə-hüseyn segahı", "Yetim segah" və s. təşkil edirdi. Bu ümdə əlamət onu göstərir ki, Azərbaycanın digər regionlarından fərqli olaraq "Segah" muğamı məhz Qarabağda özünə təşəkkül tapmış, inkişaf etmiş, təkmilləşmiş, yüksək peşəkar musiqi kompozisiyasına çevrilmişdir. Mübaliğəsiz demək olar ki, bu günün özündə də «Segah» muğamının və onun variantlarının ən məşhur ifaçıları (həm xanəndələr, həm də sazəndələr nəzərdə tutulur) Qarabağdan çıxmış sənətkarlardır.

Natəvan operasındakı bütün əhvalatlar məhz Qarabağda (Şuşada) vaqe olduğu üçün V.Adıgözəlov bu cəhətləri nəzərə alaraq operada segaha və ona əsaslanan digər muğam, təsnif və rənglərə söykənir…

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 11:00

Beynəlxalq Teatr Olimpiadası başlayıb

Macarıstanın paytaxtında - Budapeşt şəhərində Beynəlxalq Teatr Olimpiadası başlayıb. Bu, sayca 10-cu olimpiadadır. Tədbirə 58 ölkədən 400 teatr kollektivinin qatıldığı və onların 70 səhnədə 750 tamaşa göstərəcəklərini bildirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tetar olimpiadaları idman olimpiadaları kimi 4 ildən bir keçirilir. Son dəfə bu tədbir 2019-cu ildə Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda keçirilib. 

Tamaşalar Budapeştlə yanaşı, digər şəhərlərdə də nümayiş olunacaq: Debretsenə həvəskar teatrlar gələcək, Peç şəhəri tələbə kollektivlərini qəbul edəcək, Zalaeqerseqdə isə kukla və küçə teatrları yığışacaq. Macarıstan hökuməti tədbirin keçirilməsi üçün 4,5 milyard forint (12 milyon avro) ayırıb. İstirahət günləri Budapeşt meydanlarının bir çoxu teatr səhnələrinə çevrilib. 

Bəs Beynəlxalq Teatr Olimpiadası anlamına nə daxildir? Nəzərinizə çatdıraq ki, bu forumun təşəbbüskarı məşhur yinam tetar rejissoru Teodoros Terzopulosdur. İlk olimpiada onun vətənində - Yunanıstanda, doğulduğu Delfı şəhərində keçirilib. Olimpiadanın məqsədi ən müxtəlif teatr məktəblərinin ən yaxşı tamaşalarını tamaşaçılara göstərməkdir. 

Onu da bildirək ki, Budapeştdəki X olimpiadada Rusiya teatrları iştirak etmir. Rusiyalı aktyorların olimpiadaya dəvət edilməməsi barədə qərar digər iştirakçıların onlara etirazı nəzərə alınaraq qəbul olunub. 

Ruslar bunun hayıfını çıxırlarmış kimi özləri özləri üçün aprelin 25-də Moskvada teatr olimpiadası təşkil edəcəklər. Amma bu, çox zəif təsəllidir. Əsl avtomobilin qarşısına oyuncaq avtomobil çıxarmağa nə lüzum?

Azərbaycanın olimpiadada hansı kollektivlə təmsil olunması barədə məlumatı növbəti buraxılışlarımızda sizlərə çatdıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 10:15

Dövlət Film Fondunda kinorejissor Musa Bağırovun xatirəsi anılıb

Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Əməkdar incəsənət xadimi, kinorejissor Musa Bağırovun yaradıcılığına həsr olunub.

 

Dövlət Film Fondunun məlumatına görə, tədbiri Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Musa Bağırovun yaradıcılığından və onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi xidmətlərindən, eyni zamanda, 1981-ci ildə lentə aldığı “Belə bir kənd var” filminin qəhrəmanı, Ağdamın Xındırıstan kəndinin inkişafında böyük xidmətləri olmuş İldırım Cəfərovun fəaliyyətindən danışıb. 

Sonra rejissor M.Bağırovun “Belə bir kənd var” və “Divlər sarayı” sənədli filmləri nümayiş olunub.

Nümayişdən sonra rejissor Musa Bağırovun ailə üzvləri adından Ziya Seyidbəyli, həmçinin İldırım Cəfərovun ailə üzvləri adından Bəhram Şükürov və Aybəniz Cəfərova çıxış edərək, filmin çəkiliş qrupuna və nümayişin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 10:30

Pravoslavların Pasxa bayramında yenə də hədsiz soyuq oldu

Bizim xalqın bir deyimi var: mart çıxdı, dərd çıxdı. Bu, baharın gəlişinə səbirsizlənən babalarımızın fikridir. Amma son illər bu deyimin variasiyası da yaranıb. Pasxa çıxdı, dərd çıxdı. Həqiqətən də bu xristian bayramı  bərk soyuq olur, sonrakı günlər isə artıq bahar təravəti duyulur. Dünən növbəti Pasxa günündə temperaturun birdən birə 14 dərəcə aşağı düşməsi də elə buna bariz sübutdur. Hər halda məhz həmin gün havanın illərlə kəskin soyumasını müşahidə eləmək sirli, heyrətamizdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanda yaşayan pravoslavlar ötən gün əsas xristian bayramlarından olan Pasxanı qeyd etdilər. Pasxa - xristianların ən qədim, mühüm və sevimli bayramlarından biri özündə dini məna kəsb edir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı hesab edilir, bu il pravoslav təqvimi ilə qeyd etdiyimiz kimi dünən - aprelin 16-da qeyd edildi. 

Pasxanın bizim Novruzla oxşar cəhətləri çoxdur. Bizim şəkərburanı onların piroqu əvəz edir, biz də, onlar da yumurta boyayırıq, şam yandırırıq. 

Ənənəyə görə, xristian dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.

Şənbə və bazar günlərində ölkəmizin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirildi. Bayram ibadəti gecəyarısı – şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlandı. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asdılar, şamlar düzdülər.

Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristianları icmasına təbrik ünvanlamışdı. Dövlət başçısı qeyd etmişdi ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb. “Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə müraciətdə bildirilirdi.

Elə bu müraciət bizim pravoslavları bayrama daha həvəsli, daha sevincli olmalarını özündə ehtiva edirdi. 

 

Foto Sabir Məmmədovundur

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.