Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı bu mövzuya artıq bir neçə dəfə müraciət edib, ələsgərşünas alimlərin, ümumən filoloqların fikirlərinə yer ayırıb. O cümlədən Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın bir məqaləsindən fraqmentlər dərc edib. İndi sizlərə “Aşıq Ələsgər yaradıcılığında irfan məqamları və Həzrət Əli qüdrəti” məqaləsini tam olaraq təqdim edirik.

 

 

Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri

və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq

yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri

xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və

dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə

keçmişdən bugünə çatdırırlar.

Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və

formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-

mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi

qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını

yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar

getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri

melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş,

özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam

edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman

keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu

mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.

Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan

biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar

fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis,

gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq

sənətinin zirvəsini fəth etmişdir.

Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın,

nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki,

Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o

da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus

unikal bir yaradıcılıq yolu keçmişdir.

Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu

motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu

motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür.

O, özündəki bu vergini belə izah edir:

 

Şəhrin şöləsindən buldum bələdi,

Xoş gəldi xoşuma halı qabaqda.

Pir mana göstərdi şah məqamını,

Gördüm cəmdi çox calalı qabaqda.

 

Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda

“buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq,

İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi

xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da

onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa

çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər

“Pеyğəmbərin mеracı” şeirində yazır:

 

        Yеtişdi hücrəyə əzizü əzim,

Şahi-Mərdan dеdi: “Mеracın qədim!”

Göstərdi almanı, еtdi təbəssüm,

Buyurdu: “Hər işin sirri-qüdrətdi”.

 

Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını

(hinduizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin

meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su

kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində

yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb -

şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni

məqama işarə edir.

 

Biçarə Aşıq Ələsgər,

Sığın Şahi-Hеydara;

Onun damənindən tutan

Məhşərdə yanmaz nara.

 

Pirim mana nüsrət vеrib,

Bu gün çıxdım bazara;

Sən sərrafsan, aç xırd еlə,

Bax gör, nə maldı yüküm!

 

Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa

şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı”

şeirində deyir:

 

Gün kimi aləmi tutubdu adı,

İyidlər sultanı, xanı Dəli Alı.

Pirim – Şahi-Mərdan vеrib muradı,

Artırıb şövkəti, şanı Dəli Alı.

*

Dərs alıbdı o, Əliyyi-əladan,

Xof еyləmir Xеybər kimi qaladan.

Gəzən zəlzələdən, yaman bəladan

Hifz еyləsin kərəmkanı, Dəli Alı!

 

Və yaxud:

 

Oxuram inna-fətəhna,

Mətləb allam yuxuda;

Şahi-Mərdan nökəriyəm,

Dərsimi pünhan vеrir.

 

Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslamPeyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib.Məlum olduğu kimi, Həsən Bəsri və Həllac Mənsurun bütün mənəvi aləmi Hz.Əlinin qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər o qədər işıqlıvə pak idi ki, bu biliklərini ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları açabilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.

 

Yazıq Ələsgərəm, bir kəminə qul,

Əysik sözü hərgiz еtmərəm qəbul.

Bəndеyi-xudayam, ümməti-Rəsul,

Dost tutmuşam Şahi-Mərdan Əlini.

*

Dar günümdə yеtiş dada,

Ya Şahi-Mərdan ağa!

Nitq vеr, mеydan içində

Qoyma sərgərdan, ağa!

Həm Əlisən, həm Vəlisən,

Həm səxisən, həm səxa,

Həmi dildə zikrim sənsən,

Həmi əzbərdən, ağa!

 

“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-

oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini

öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm

amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.

İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan

sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən

17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə

“yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq

dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin

şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən

aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.

Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə

İmam Əlinin adı keçir. “İmamlar” şeirini ““Bismillahir-rəhmanir-rəhim!” – dеyib, Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir

imamın adını çəkməklə davam edir və:

 

Mеhdinin şəninə gəlibdi ayat,

İsminə möminlər vеrir salavat.

Yovmi-ərəsətdə еtmə xəcalət,

Yandırma odlara qul Ələsgəri! –

 

deyərək bitirir. “Qabaqda” şeirində:

 

Dünyada əl çəkmə sövmü səlatdan,

Təmiz vеr, qalmasın xümsü zəkatdan.

Ələsgər, xof еtmə puli-Siratdan,

İrəhbərdi Cənab Əli qabaqda. –


deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.

Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə,

hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni

zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa

şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba

yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc

olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.

Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad

ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm,

şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s.

şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz

biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan

üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:

 

…Ölməyincə bu sеvdadan

Çətin dönəm, usanam;

Həqiqətdən dərs almışam,

Şəriətdən söz qanam.

Şahi-Mərdan sayəsində

Еlm içində ümmanam;

Dəryaların qaydasıdı,

Ümmana baş еndirir.

 

Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin

mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.

 

Ahəngər dеyiləm, naşı bəzirgan,

Gözüm dürdanədə, a yəməndədi.

 

…Bir sazım var, yox pərdəsi, nə simi,

Onu çalıb, kim tərpədər nə simi?

Firdovsi, Fizuli, Hafiz, Nəsimi -

Onlar da yazdığı, ayə, məndədi.

 

Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub

gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər

üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan

tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa,

təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı,

şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi

“vergi” ilə açıqlanır.

Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil,

ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər

məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında

ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu

ilahiliyə qədər yüksəltmişdir.

Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da

Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir

ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona

gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında

dediklərini xatırlayaq:

Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm

əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm

səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.”

Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah

olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə

də şamil edir.

Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail

vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu

kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin

sözlərin imama aid olduğunu da ifadə etmiş olur.

Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-

Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə

Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir:

“Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona

mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da

şəfaət diləyəcəyi fikri də öz əksini tapır.

İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.”

kəlamına rəst gəlirik.

Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır.

“Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm?

Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”

İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, -

desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün

və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də

Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi

birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi

dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil,

bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-

qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.

Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz

gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.

 

Əxi, biya, biya, bеqu,

Bеqu, biqof, ağa, bax, bax.

Həyyi, həqqü hakim sənsən,

Həyyə bax, bu bağa bax, bax.

 

Gözüm sağı, sübh ayağı

Gеyək ağı, gəzək bağı.

Hamı sеvib bu sayağı,

Qaymağa, həm yağa bax, bax.

 

Əziz ayə, müəmmayə,

Gərək sayə bu məvayə.

Səbəb sənsən bu qovğayə,

Böyük Ağa, sağa bax, bax.

 

Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək

istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam

təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına

gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq

olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof”

sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax.

(Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).

İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək

ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı)

Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah

yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını –

şəhadətə yetirildiyini vurğulayır.

Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran

təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53)

14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər,

şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və

“Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət

çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq,

inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa

(Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).

Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən

təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq

Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də

Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun

ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı

qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların

onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.

 

Adım Ələsgərdi, əslim Göyçəli,

Ələst aləmində dеmişəm “bəli!”.

Həm aşiqəm, həm dərvişəm, həm dəli,

Canım gözəllərin yol qurbanıdı.

 

Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə

olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar.

Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət

əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun

davamçısı olmasına işarədir.

Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər

(şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər.

Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır.

Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra

edir, mərsiyələr və dualar oxuyurlar.

Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər

hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan

ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən,

cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri

əsaslandırır:

 

Şəriət oxuyan, təriqət bilən,

Haqlıq еyləyirsən, haqq dinə bax, bax!

Qalmayıb dünyada “mənəm” dеyənlər,

Həzrət Sülеymanın taxtına bax, bax!

 

Oxuduğun Quran hardadı, hanı?!

Hansı yola dəvət еdir insanı?!

Salıbsan zindana gözəl bir canı,

İqbalına bax, bax, baxtına bax, bax!

 

Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi

şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn,

 

“Kimi” şeirinə nəzər salaq:

Adı Tərlan, özü tərlan balası,

Cilvələnib tərlan tavarı kimi.

Üzün görən xəstə düşər müttəsil,

Turuncun novrəstə nubarı kimi.

 

…Bu gözəl Zеynəbin nışanasıdı,

Ləbləri qırxların pеymanasıdı,

Dəhanı şahlığın xəzanasıdı,

Düzülüb dəndanı mirvari kimi.

 

(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)

 

Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim

kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı

birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək

məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini

ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu

barədə sonra) bunu təsdiq edir. Yəni, şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq

Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə

aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.

Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı

məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və

mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat

hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii

məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm

dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks

etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin

yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.

Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə

aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında

cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də

araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat

mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda

ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.

 

Qırxlar məclisində dedim “bəlini”,

Sərdar gördüm Şahimərdan Əlini.

…Ələsgər, daməndən üzmə əlini,

Çəksələr nizaya haraya qərəz.

 

Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul

edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq

Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da

qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil

depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər,

beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən

verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin

izahlarına əsaslanaraq qısaca izah edək:

Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;

Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn,

Həzrət Həsən;

Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət

Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)

Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da

olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana

gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can

kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı

təmsil edir.

Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə

var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət

dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən

gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə

hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan

əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan

bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb

paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin,

xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn,

duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı –

“vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.

Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.

 

Onun bu gəlməyi, gör, nəyə bənzər,

Nə xana, sultana, nə bəyə bənzər,

Misirdən gəlmiş bir köynəyə bənzər,

Kənanda Yaquba dərman gəlibdi.

 

Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub

peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına

bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.

Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet

ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün

nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər

boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın

yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də

Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin

tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də

indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

 

 

Понедельник, 17 Апрель 2023 15:00

Diqqət! Su böhranı dövrünə keçirik!

 “Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında Aygün Əzizin Abşeronun ən iri yaşayış massivləri olan Bakı və Sumqayıtın içməli su ilə təchizatı problemindən bəhs edən yazısını təqdim edir. Və oxucularını da xəbərdar edir ki, üzümüzə gələn yay mövsümündə daim özlərinə içməli su ehtiyatı görsünlər.

 

 

Bakının və Sumqayıtın su dərdi

 

Məlumdur ki, Bakının, eləcə də Sumqayıtın bəzi ərazilərində içməli su qrafiklə verilir. Rəsmi qurumlar bunu mənbələrdə suyun azalması ilə əsaslandırır. Mütəxəssislər isə çıxış yolu olaraq su təminatı sistemində innovativ yanaşmaların tətbiqini zəruri hesab edirlər.

Azərbaycanda su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. Artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Bakıətrafı ərazilərə suyu qrafiklə verir.

Qeyd edək ki, bir neçə il əvvəl əsas hədəflərdən biri Bakının fasiləsiz su təminatı ilə bağlı maksimum nəticə əldə etmək idi. 8 il öncə Bakının 60, 2021-ci ildə isə 80 faizi fasiləsiz su ilə təmin edilirdi. Hətta yaxın illərdə bu göstəricinin 100 faizə çatacağı proqnozlaşdırılırdı. Fasiləsiz su təminatı ilə bağlı paytaxtda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənləri də yığışdırılmışdı. 

Çox yox, 2 il sonra yenidən Bakı və Bakıətrafı ərazilərə suyun qrafiklə verilməsinin səbəbi nədir? Su problemi nə qədər davam edəcək?

 Bizi nə gözləyir?

 

Ənənəvi mənbələrdə su azalıb

 

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum, su az olduğu üçün Su Komissiyasının qərarına əsasən, bəzi ərazilərdə qrafik rejimlər tətbiq etməyə məcbur qalıb: "Abşeron yarımadasının mənbələrindən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Azalma nəticəsində bəzi ərazilərdə su tənzimlənir, qrafiklə verilir. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalmasıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyir ki, son illərdə Kürün hövzəsinə düşən yağıntının azalması nəticəsində su problemi müşahidə edilir. Onun sözlərinə görə, son 10 ildə bu azalma özünü daha çox büruzə verir: "Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə 5 istiqamətdə ekspedisiya təşkil edilib. Dağlıq ərazilərdə qar ehtiyatları müəyyən ediləcək. Eyni zamanda "Azərkosmos"dan peyk təsvirlərini də əldə edib ümumi təhlillər aparacağıq. Martın sonunda qarşıdakı dövrdə sululuq səviyyəsi ilə bağlı proqnoz veriləcək".

 

Vətəndaş məsuliyyəti də olmalıdır

 

Nazirlik rəsmisi vurğulayır ki, su qıtlığı ilə mübarizədə istifadəçilərin də üzərinə məsuliyyət düşür: "Hər kəs sudan səmərəli istifadə etməlidir. Hər hansı bir yerdə su axarkən buna biganə qalmamalı, hər birimiz bunun qarşısını almağa çalışmalıyıq. Vətəndaş məsuliyyəti olmalıdır".

 

Kürün suyu quruyur

 

Ekoloq Rövşən Abbasov su çatışmazlığının kökündə bir neçə amilin dayandığını deyir. Buraya həm təbii, insan amilləri, həm də idarəetmə amilləri daxildir: "Ölkənin 70 faizdən çox su ehtiyatları Kür və Araz çayları hesabına formalaşır. Bu çaylar xarici ölkələrin ərazisindən Azərbaycana gəlir. Türkiyədə, Gürcüstanda, Ermənistanda çoxlu su bəndləri tikilir. Azərbaycan ərazisinə gələn çaylar su bəndləri vasitəsilə saxlanılır və öz ərazilərində istifadə olunur. Bundan əlavə, iri şirkətlərə məxsus minlərlə hektar ərazi bu çaylar vasitəsi ilə sulanır. Nəticədə Kürün suyu qurumaq həddindədir".

 

Mənbələrdən götürülən suyun 40-50 faizi itkiyə gedir

 

Mütəxəssis deyir ki, problemin həlli üçün ilk növbədə Kürdə suyun azalmasının qarşısı alınmalıdır: "Kürdən su götürülməsinin səviyyəsi azaldılmalıdır. Digər mənbələr daha effektiv istifadə olunmalıdır. Bizim mənbələrdən götürdüyümüz suyun 40-50 faizi itkiyə gedir. Bu göstəricinin azaldılmasına nail olmalıyıq. İtkilər əsasən kənd təsərrüfatında baş verir. Köhnə suvarma metodlarından hələ də istifadə edilir. Torpaq kanallar beton və boru kanallarla əvəzlənməlidir. Bundan əlavə, Kürdən götürülən suyu azaltmaqla bağlı Azərbaycan qonşu ölkələrlə razılığa getməlidir. Bu razılaşmalar üçün hökumət hərəkətə keçib. Tədricən müəyyən həllərə nail olunacaq".

 

Niyə yeni üsullardan istifadə edilmir?

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov isə içməli su probleminin həllini yağış sularından istifadədə görür. Mütəxəssis deyir ki, Bakı ərazisində su xətləri, borular təmirsiz, baxımsızdır: "İstanbulda yağış sularından istifadə olunur, lakin bu üsul Azərbaycanda tətbiq edilmir. Bundan əlavə, Bakıda yeni binalar tikilir. Müasir mühəndislik təklifi ilə yeni binalarda məişətdə yağış sularından istifadə etmək olar. Bizdə isə hər yerdə içməli su sərf edilir. Təsəvvür edin, "moykalar"da nə qədər içməli su israf olunur. Bu istifadəyə su dayanmaz. Bundan əlavə, gəlin baxaq, bizim su boruları nə vəziyyətdədir? Əgər bu borular təzə olsa, su itkisi çox azalar". 

 

Sutəmizləmə məntəqələrimiz lazımı səviyyədə istifadə olunmur

 

Mütəxəssis deyir ki, çirkli suların təmizlənərək suvarmada, sənaye müəssisələrində istifadə olunması Azərbaycanda da var, lakin istənilən səviyyədə deyil: "Taxtakörpü su anbarında suyun səviyyəsinin qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Qaldırılsa da, bu, müəyyən müddət olacaq. Yenə həmin problemlə qarşılaşacağıq. Ən müasir sutəmizləmə məntəqələrimiz var, amma lazımı səviyyədə istifadə olunmur. Yollarda su xətlərinin "partlaması" ilə çox rastlaşırıq. Verilən suyun 40 faizi itkiyə gedir. Həll yolu respublikada yağış sularından istifadə etmək və su borularını yeniləməkdir".

 

 “Ədəbiyyat və incəsənət”

(17.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Kulis.az-da yayınlanan Azərbaycan kino tarixinin şedevrlərindən biri, komediya janrında çəkilmiş "O, olmasın, bu, olsun" filmi haqqında maraqlı fikirləri və nadir fotoları təqdim edir.

 

O olmasın, bu olsun filmi Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılmışdır.

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

*

Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.

*

Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.

Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur.

*

Film Azərbaycanın ilk rəngli bədii filmidir.

*

Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ""O olmasın, bu olsun" filmi 40 ölkəyə, cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb".

Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.

*

O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm".

*

 

"O olmasın, bu olsun" ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid etmişlər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir".

"O olmasın, Bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".

*

Rejissor Hüseyn Seyidzadə filmdə baş rola-Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər yenicə başlamışdı ki, aktyor dünyasını dəyişdi. Bundan sonra rejissor yeni Məşədi İbadı-Əliağa Ağayevi tapmalı oldu.

Məşədi İbad rolunun ifaçısı Əliağa Ağayev müsahibələrinin birində deyir: Məşədi İbad rolunu ifa etmək ən böyük və çoxdankı arzum idi. Bakı kinostudiyasında "O olmasın, bu olsun" filminə hazırlıq işləri aparılırdı. Günlərin birində filmin baş operatoru Ə. Atakişiyev teatra gəldi. Həmin axşam mən "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə artist Əhməd Əhmədov oynayırdı. Elə həmin tamaşa axşamı Ə.Atakişiyev Ə.Əhmədovun Hambal roluna ən yaxşı namizəd olduğunu söylədi və onu kinostudiyaya dəvət etdi. Bir neçə gündən sonra məni də Ə.Atakişiyevin məsləhəti ilə kinostudiyaya sınaq çəkilişlərinə çağırdılar...

Gülnaz rolunun ifaçısı Tamara Ağamirova isə o günləri belə xatırlayır: "O olmasın, bu olsun" məni kino sənətinə yaxınlaşdıran ilk və son filmdir. Böyük bəstəkarımız Ü. Hacıbəylinin bu ölməz operettası ekranlaşdırılan vaxt mən məktəbli idim. Bakıdakı 190 nömrəli məktəbin doqquzuncu sinfində oxuyurdum. Yaxşı yadımdadır, filmin rejissoru Hüseyn müəllim öz köməkçiləri ilə bizim məktəbə gəlmişdi. Bütün məktəbə səs yayıldı ki, "O olmasın, bu olsun" filmində Gülnaz rolunun ifası üçün adam axtarırlar. Onlar sinifləri gəzir, şagirdlərlə söhbət edirdilər. Təsadüf elə gətirdi ki, Gülnaz roluna bir neçə namizəd içərisindən məni seçdilər.

*

Sənəm rolunun ifaçısı Barat Şəkinskaya filmlər bağlı müsahibələrinin birində deyir: Bir gün Dram Teatrına işə gələrkən divardan elan asıldığını gördüm. Elanda yazılmışdı ki, teatrın baş rejissoru Adil İsgəndərov məşqdən sonra bütün aktyorları yanına dəvət edir. Biz Adil müəllimin kabinetinə yığışanda kinorejissor H. Seyidzadəni onun yanında gördük. Hüseyn müəllim Ü. Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını ekrana çıxarmaq istədiyini bildirdi.

Adil müəllim aktyorlar adından danışıb çıxışının sonunda dedi: "Biz kollektiv şəkildə filmin çəkilişində iştirak edəcəyik. Lazım olsa, epizodik rollarda belə oynayacağıq". Bu belə də oldu. Adil müəllim özü bazarda dava-şava salan Qoçu Balaqədeş rolunda çəkildi.

Filmdə belə bir epizod var. İki aşiq - Gülnazla Sərvər həyətdəki bağçada oturub söhbət edir. Mən evin içində pəncərədən cavanlara baxıb sonra onların yanına gəlirəm. İş bundadır ki, mənim pəncərədən baxdığım epizod mart ayında çəkilib. O vaxt havalar hələ soyuq idi. Ona görə də əynimə uzunqol paltar geyinmişdim. Sərvərlə Gülnaza yaxınlaşdığım epizod isə beş aydan sonra, yəni avqust ayında lentə alınıb. Bu dəfə qollarımı çırmalamışdım. Tamaşaçı ekranda hər iki səhnəyə birnəfəsə baxır. Ona görə da paltarımda olan dəyişikliyi hiss etmir. O vaxtı isə ikinci səhnədə çəkiləndən sonra evdə gecəyarısı birdən yadıma düşdü ki, ay aman, mən neyləmişəm, kadra qollarım çırmanmış şəkildə girmişəm. Bunu fikirləşəndə başımdan ağrı qopdu. Səhər tezdən Hüseynə zəng vurdum. Əhvalatı ona danışdım. O, ani olaraq fikrə getdi, sonra məni sakitləşdirməyə çalışdı: "Fikir vermə, kinoda belə şeylər çox olur. Bu hələ harasıdır əgər Bondarçukun "Otello"suna baxsan, göydə təyyarə görərsən..."

*

Baloğlan rolunun ifaçısı Lütfəli Abdullayev həyətə girib evə qalxanda pilləkən sınır, qoçu Baloğlan kəlləmayallaq yerə yıxılır. Rejissor bu səhnəni filmə heç də gülüş xatirinə daxil etmədiyini söyləyib onun mənasını belə açıqlayıb: "Pilləkənin sınması, qoçunun yıxılması feodalizmin məhvi deməkdir. Məşədi İbadın simasında isə kapitalizmin dirçəldiyini göstərməliyik. Rüstəm bəy olsa da, o artıq müflisləşib, "quru bəy"dir. Onun cibi boş, sözünün kəsəri yox. Kapitalist, yəni Məşədi İbad kapital sahibidir. O bundan istifadə edir, pul gücünə Rüstəm bəyin - feodalın cavan qızını özünə arvad etmək istəyir. Bax ona görə də sən, Lütfəli, pilləkənlə evə qalxanda elə yıxılmalıdır ki, kənardan baxanda feodalizmin dayaqlarının uçulması hiss olunsun..."

Hambal obrazının ifaçısı Əhməd Əhmədov "O olmasın, bu olsun" filmində çəkilişə başlayanda rejissor H.Seyidzadə və operator Ə.Atakişiyev Hambalın xarici görünüşü ilə əlaqədar onun qarşısına şərt qoyurlar ki, başını ülgüclə ortadan qırxdırsın. Bu təklif isə onun xoşuma gəlmir. Lakin, bir müddət sonra o, "İncəsənət qurban tələb edir" deyərək razılıq verir.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

“Warner Bros. Discovery” şirkəti rəsmi olaraq Harri Potter haqqında kult kitabları üzrə serialın çəkilməsini elan edib. Serialda yeni aktyor heyəti çəkiləcək. 

 

AzərTAC “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, çox yaxınlarda "Max” adlandırılacaq “HBO Max” yayım platformasının Yutubdakı kanalında bildirildiyinə görə, “Amerikanın Warner Bros. Discovery” kinoşirkəti Harri Potter haqqında kitabları yenidən serial formasında ekranlaşdırmaq niyyətindədir. Belə ki, 40-saniyəlik video-anonsda sehrli dünyanın bütün pərəstişkarlarına filmlərdən yaxşı tanış olan musiqi diqqəti çəkir, gələcək serialın adı isə yaxşı bilənlər tərəfindən asanlıqla tanınan qaranlıqda uçan şamlardan əmələ gəlir. Onlar Hoqvarts qalasında tavanı bəzəyirlər. 

Bu serialın yeddi sezondan ibarət çəkilməsi planlaşdırılır, hər bir sezon gənc sehirbaz haqqında kitablardan birinə əsaslanacaq. Birinci epizodun buraxılış tarixi hələ məlum deyil. Yaradıcıların fikrincə, serial on il davam edəcək.

Maraqlıdır ki, icraçı prodüserlərdən biri orijinal kitabların müəllifi Coan Rouling, eləcə də Nil Bler (“Fantastic canlı məxluqlar” filmlərindən tanınan) və Rut Kenli-Letts (“Strayk”) olacaq. “Bloomberg” agentliyinin həmsöhbətinin sözlərinə görə, britaniyalı yazıçı ssenarinin orijinal kitab mətninə uyğun olub-olmadığını yoxlayacaq. Eyni zamanda, o, hər gün çəkiliş meydançasında olmaq məcburiyyətində qalmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 08:00

Millətimiz və mədəniyyətimiz üçün xeyirli olsun!

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzaladı. Anar Kərimovdan sonra mədəniyyət naziri vəzifəsini icra edən və bəzi hallarda konkret və qəti addımlar atmaqla yadda qalan Adil Kərimli kimdir?

 

Adil Kərimlinin dosyesini internet məlumatları üzərindən hazırladıq. 

Adil  Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur. Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.

 

Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

 

P.S. Bəlkə elə təqdim edilən fotoda

Adil Kərimlinin arxa fonunda Sabah sözünün yazılması da rəmzi xarakter daşıyır. Bu gün atılan hər addım sabaha hesablanmalıdır, əks halda o, dünənə xidmət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 14:00

Yazı yazmaq barədə 10 maraqlı fakt

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar bu dəfə sizlərçün “Yazmaq barədə 10 maraqlı fakt” təqdim edəcək. Düşünürük ki, tək ədəbiyyatsevərlər üçün deyil, hamı üçün bu faktlar maraqlı olacaq. Hamı kitab oxumur, amma hamı mütləq yazır.

 

1. Ən qədim yazının 5500 yaşı var;

2. Aqata Kristi əslində asanlıqla yaza bilmirdi, yəni yazmaq vərdişi onda cüzi idi;

3. Con Steybek gündə 60-a qədər qələm istifadə edirdi;

4. Yaradıcı yazıçıların dominant beyin yarımkürəsi yoxdur;

5. Yaradıcı yazı peşəkar atletikaya bənzəyir, yəni bu qənaətə gələn mütəxəssislər məhsuldar beyin gərilməsi ilə məhsuldar əzələ gərilməsini eyniləşdirirlər;

6. İntrovertlər (daxili dünyasına yönəli insanlar) ən yaxşı yazıçı olurlar;

7. Yazıçı blokunun olması normaldır;

8. Tələbə yazıçılar kənar perspektivdən daha çox faydalana bilirlər;

9. İngilis dili daim dəyişir və təkmilləşir, ingiliscə yazanların perspektivi də iki dəfə digərlərininkindən artıq olur;

10. Yazıçıların qəribə vərdişləri olur və əksərən bu  vərdişlər digər sahələrdə çalışanlara xas olmur.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 13:30

Vətəndaşlarımız geyimə daha çox pul xərcləyiblər

“Açıq portel”də “Ədəbiyyat və incəsənət” portalı Dövlət Statistika Komitəsinə istinad edərək növbəti statistik məlumatı yayır. 

 

Xəbər verdiyimiz kimi, cari ilin 1-ci rübündə, yəni, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq məhsul satılıb. Bunkardan 7,4 milyard manatlığı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlığı isə qeyri-ərzaq malları olub. 

Bıs konkret, vətəndaşlarımız pullarını daha çox nəyə xərcləyiblər? 

Birinci rübdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

2023-cü ilin yanvar-mart aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 3,5 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

İlin 1-ci rübü arxada qallb və rübün ən müxtəlif statistikaları açıqlanır.

“Açıq portel”də “Ədəbiyyat və incəsənət” portalı yenə də Dövlət Statistika Komitəsinə istinad edir və xəbər verir ki, ilin 1-ci rübündə, yəni, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq məhsul satılıb. Bunkardan 7,4 milyard manatlığı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlığı isə qeyri-ərzaq malları olub. 

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz artıb. 

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Понедельник, 17 Апрель 2023 13:00

Kitablarla dostluq etmək də uğur şərtidir

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

 

 Mütləq kitablarla dostluq edin

 Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq.

Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Bu hissədə kitablar barədə danışacağam, sizə kitab oxumaqdan, mütaliə etməkdən ibarət ev tapşırığını məhz motivasiya kitablarına, uğur yolunu göstərən kitablara istinadən verəcəyəm.

 

Uğur yolunu göstərən kitablar

 Birinci Top 10

 

1.     Henri Ford «Mənim həyatım, mənim nailiyyətlərim»

2.     Riçard Brenson. «Çılpaq biznes».

3.     Riçar Brenson «Hər şey cəhənnəmə, giriş və elə!»

4.     Robert Kiyosaki. «Varlı ata, kasıb ata».

5.     Ayn Rend «Atlant çiyinlərini düzəltdi».

6.     Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək».

7.     Qay Kavasaki «Startap».

8.     Napoleon Hill «Düşün və varlan».

9.     Ceyms Allen «Düşünən insan».

10.Stiven Kovi. «Yüksək effektli insanların yeddi vərdişi».

 

İkinci Top 10

 

1.     Entoni Robbins «Özündə nəhəngi oyat».

2.     Robin Şarma. «Titulsuz lider».

3.     Bodo Şefer. «Qaliblərin qanunları».

4.     Tom Piters. «Özünü brendə çevir»

5.     Con Maksvell «Uğurlu insanlar necə düşünür»

6.     Marşal Qoldsmit. «Başından uca tullan»

7.     Brayan Treysi «Maksimuma çatmaq».

8.     Devid C.Şvarts «Masştablı düşünmək sənəti»

9.     Norman Vinsant Ril «Pozitiv düşüncənin gücü».

10.Kennet Blanşar «Bir dəqiqəyə menecer olmaq».

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Понедельник, 17 Апрель 2023 12:45

“Gecə yaman uzundur” Türkiyədə nəşr olunub

İstanbulun “KETEBE” Nəşriyyat Evi Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Gecə yaman uzundur” hekayələr toplusunu çapdan buraxıb. 

Hekayələri türk dilinə uyğunlaşdıran İstanbulda çıxan “Türk Ədəbiyyatı” jurnalının Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Türkiyədəki təmsilçisi, yazıçı İmdat Avşardır. 

“Gecə yaman uzundur” hekayələr toplusu Azərbaycan yazıçısının Türkiyədə çıxan sayca ikinci kitabıdır. Kitabda yer alan hekayələr arasında yazıçının son illər qələmə aldığı “Qara nöqtə”, “Ölmək istəməyən adam”, “Mənim sevimli yaddaşım”, “Yarpaqlar töküləndə”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Şopenin sonatası”, “Ana, məni öldürmə” və s. də vardır. 

Kitab onlayn satışa da qoyulub. 

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçının “Müharibə” hekayəsini oxucularına təqdim edir.

 

 

MÜHARİBƏ

 

Kənddə xalama “qarımış qız” deyirdilər. Camaat danışırdı ki, min doqquz yüz qırx birin noyabr ayından sonra onun başına hava gəlib. 

 

Hərdən dükan-bazara çıxan, yaxud məni bağçaya aparıb-gətirən xalamın dalınca xısın-xısın pıçıldaşanlar da olurdu. 

 

Bəziləri Xanım xalanın həddən artıq sakit, qaradinməz, daim fikirli və kədərli olmasını qeyri-adi əlamət kimi qələmə versə də buna qətiyyən inanmaq istəmirdim. 

 

Səbəbini fərli-başlı anlamırdım; hər halda, xalam haqqında gəzən bu söz-söhbətlər məni açmırdı; ona “qarımış qız” deyən adamlardan da zəhləm gedirdi.

 

Xalam bizimlə bir həyətdə, anam və nənəmlə birgə yaşayırdı; onun səliqə-sahmanlı, zəhmətsevər və qıvraq olması məni heyran edirdi. 

 

Heç vaxt onu danışıb-gülən görməmişdim. Hərdən mənə elə gəlirdi ki, o, elə anadangəlmə lal doğulub. 

 

Bir gün anamdan bütün bunların səbəbini soruşdum; ümumiyyətlə, nə üçün evimizdə daim hüznlü bir sükutun yaşanması səbəbi ilə də maraqlandım. 

 

Yaxşı, deyək ki, atam müharibədən qayıtmayıb, buna görə anam iztirab çəkir; ərini cavan yaşında itirməyindən, dul qalmağından, üzünü görmədiyim atamın yeganə yadigarını - məni atasız böyütməyindən ağrılı-əzablı günlər yaşayır. 

 

Bəs xalam? Axı nə üçün ona “qarımış qız” desinlər, hə? Anam kədərli gözlərini mənə zilləyib dedi:

 

- Sən hələ uşaqsan, danışsam, qəlbin paralanar....

 

Çox keçmədi ki, nənəm bəzi mətləbləri mənə anlatdı: bayaq dediyim kimi, hələ müharibə vaxtı Xanım xalanın nişanlısından qara kağız gəlibmiş və o da üz-gözünü cırmaqlaya-cırmaqlaya kəndin mərkəzindəki poçtxanadan payi-piyada ayaqyalın bizim evə tərəf qaça-qaça deyirmiş:

 

- Ay bacı, ay bacı (yəni mənim anamı çağırırmış), Heybət gəlir, Heybət gəlir, toyumuz olacaq! (Heybət mənim əmim, onun isə nişanlısıymış!)

 

Nənəm danışırdı ki, atamla anam müharibədən üç ay qabaq evlənmişdilər; bundan sonra əmimgil xalama nişan gətiriblər, onların da toyları olmalıymış; rəhmətlik babam deyib ki, qoy qalsın payıza; sonra bu lənətə gəlmiş dava başlayıb, kəndin əli silah tutan bütün cavanları kimi atamla əmim də gediblər döyüşə; beş aydan sonra Heybətdən qara kağız gəlib, atamın isə itkin düşdüyünü yazıblar. 

 

Nənəm deyirdi ki, xalamın qara xəbərdən sonra hərəkətlərini seyr edənlər başlarını kədərli-kədərli yellədərək bir-birlərinə deyirmişlər: “Yazıq Xanım, nişanlısının ölüm xəbərini gör necə qarşılayır... Deyəsən havalanıb.”

 

O vaxtdan Xanım xala yaddaşlarda beləcə qalmışdı; dindirməsən dinməz, soruşmasan cavab verməzdi. 

 

Kənddə ən qaradinməz qadın kimi tanınmışdı və müharibədən neçə illər keçsə də hələ də ərə getməmişdi, nişanlısını gözləyirdi; sən demə ərə getməyən qızlara “qarımış qız” deyirmişlər.

 

Xanım xalanın başından qırmızı-qara güllü şal əskik olmazdı. 

 

Yayda da qırmızı-qara güllü şalı başına elə möhkəm bağlayardı ki, bircə gözləri görünərdi; mən hələ də o hüznlü gözləri unuda bilmirəm. Məhəllə uşaqları ondan çəkinirdilər. 

 

Daha doğrusu, ona bir söz deməyə qorxurdular, çünki bir balaca xətrinə dəyəcək söz deyilsəydi, tutub adamı əzişdirə bilərdi. Belə vaxtlarda mən də ondan qorxurdum. 

 

O, əsəbi¬ləşən zaman gərək gözünə görünməyəydin. Xalam haqqında bu qədər bilirdim və düzü onun kədərli taleyi mənim də qəlbimi sızladırdı.

 

Bir dəfə şəhərdə yaşayan Abbas dayım bizə gəlmişdi. 

 

Nənəm onun ən çox sevdiyi yeməklərdən bişirmişdi; səbzi plov, turş kabab və dovğa. 

 

Həyətdə ocağın üstündə yekə bir qazanda buğlanan dovğanın qoxusu ətrafa yayılırdı; dayım deyirdi ki, bu qoxu üçün burnumun ucu göynəyir; ümumiyyətlə, nənəmin dovğası həmişə ləzzətli olurdu; dovğaya təzə-tər pərpətöyün, giləmərzə, nanə və adını bilmədiyim digər göyərtilər qatır, bunlar onu daha ətirli və dadlı edirdi. 

 

Nənəm dovğadan iri piyalələrə töküb məni çağırdı və həmişəki kimi yeddi qapıya göndərdi (hər dəfə bax beləcə, ya turşulu aş, ya da dovğa bişirəndən sonra deyərdi ki, həyətdən iy gəlir, şuğluzumba olarıq, apar qonşuların payını ver).

 

Günorta naharımızı yeyəndən sonra adətən nənəm məni yanına çağırar, eyvanda bardaş qurub söykənərdi qırmızı-qara gülləri olan sandığına; mənə də deyərdi ki, gəl başını qoy dizimin üstə, yıxıl yat. Uşaq nə qədər çox yatsa sağlam böyüyər. 

 

O gün də beləcə dadlı-ləzzətli nahardan sonra anam və xalam həyətə düşüb köhnə kilimləri yumaqla məşğul oldular; nənəmlə dayım isə üzbəüz oturub pürrəngi çay qabaqlarında söhbətləşirdilər. 

 

Mən başımı nənəmin dizləri üstünə qoyub şellənir, onun qıvrım saçlarımda gəzən cod barmaqlarının sığalından xumarlanırdım. Elə təzəcə gözlərimi yummuşdum ki, nənəm dayıma dedi:

 

- Hə, nənə qurban, səni onnan ötrü çağırmışam ki, bir məsləhət eləyək. Axı neyləmişdik ki, başımıza kül töküldü? Bacılarının ikisi də bədbəxt oldu: birinin nişanlısı Heybətdən ölüm xəbəri gələndən bəri havalı olub, o birinin də əri Əkrəmdən xəbər-ətər yoxdu. Nə ölüsündən, nə də dirisindən. Yazıq balam, indiyədək deyir ki, gələcək. Ay gəldi ha! (Bunu mənim atam üçün deyirdi). Nemes köpəyoğlunun əlindən qaçmaq olar? Bu tifil də qalıb atasız... (Əli ilə məni göstərib ah-vay etdi). Bəlkə bunu sən aparasan şəhərə, Məsmə də yazıqdı, istəyəni var, verək ərə, hə?

 

Dayımın rəngi qapqara qaraldı, qalın qara qaşları çatıldı, dinmədi. 

 

Qabağında buğlanan çay bəlkə də çoxdan soyumuşdu; gözücu gördüm ki, kədərli-kədərli dağlara sarı baxdı, sonra üzünü həyətimizdəki quyudan su çəkən anama döndərib soruşdu:

 

- Özü nə deyir, razıdı?

 

- Nənə qurban, razı olmasa da razı salarıq...

 

- Yox, bir özündən soruş, sora.... Amma ehtiyatla...

 

- Yaxşı, nənə sənə qurban... Axı mən onların ikisini də belə görəndə ürəyim kabab olur. Az qalıram özümü öldürəm... Səni çağırmağımın məqsədi də buydu...

 

Qəhər məni boğdu; birdən məndən elə bir hönkürtü qopdu ki, nənəm diksindi; anam həyətdən eyvana cumdu, dayım başımı sığallayıb məni toxtamağa çalışdı. 

 

Amma məni ovundura bilmirdilər. 

 

Qaçıb evimizin günbatan tərəfdəki pəncərələri yaşıl dağlara açılan otağında üzümü balışa sıxıb o ki var ağladım. Hönkür-hönkür ağladım. 

 

Sonra anamın mehriban, nəvazişli baxışları və nəfəsini lap yaxından duyanda onun boynunu qucaqladım, hıçqıra-hıçqıra soruşdum:

 

- Sən mə-ni a-tıb... ərə ge-dəcək-sən?

 

Anam qəhərləndi və bir qədər qeyzlə soruşdu:

 

- Onu kim deyir, mənim balam?

 

- Nənə...

 

- Yox, mama qurban, nənə zarafat eləyir! Heç elə şey olar?

 

Bu vaxt dayım və nənəm də otağa girdilər. Nənəm amiranə səslə:

 

- Ədə, yekə kişisən, kişi də ağlayar? - deyə mənim kürəyimdən yüngülcə bir şillə vurdu. Anam nənəmə açıqlandı:

 

- Uşağın yanında ağzına gələni danışma da! Nə ərə getmək salmısan? Onu kim dedi? Yığışdır bu söhbətləri birdəfəlik! - deyə məni bağrına basıb o biri otağa apardı.

 

O gecə səhərədək anamla birgə qaldım və anam mənə atamdan xeyli danışdı, dedi ki, o inanır ki, atam ölməyib, gələcək.

 

Mən bu şirin xəyalla yuxuya getdim.

 

Səhəri gün Abbas dayım bizimlə sağollaşıb şəhərə getdi; o, anamın ərə getməmək qərarını bəyənmişdi və xudahafizləşəndə mənə mehribanlıqla baxıb dedi:

 

- Dərslərini oxu, məktəbi qurtar, kişi kimi! Gəl instituta, nə qədər ki, dayın var, əziyyət çəkməyəcəksən! Çörəyə çatarsan inşallah!

 

Aylar ötür, illər biri-birini əvəz elədikcə mən də yaşa dolurdum. 

 

Anamın saçlarına düşən ağ dənlər artdıqca mənim atamı və əmimi görmək ümidlərim də puça çıxırdı. Nənəm lap heydən düşmüşdü, xalam əvvəlki kimi yatanda da güllü şalını başından açmırdı.

 

Mən məktəbi bitirdim, anam məni Bakıya yola salanda qürur və nəm dolu gözlərini əlinin arxasıyla silə-silə dedi:

 

- Sən mənim yeganə ümidim və pənahımsan, oğlum! Bütün ömrüm boyu Əkrəmin iyini səndən almışam, odur ki, səni gözləyəcəyəm. Sən burda daha çox lazımsan...

 

Mən anamın arzusunu yerinə yetirdim. Bakıda universiteti bitirib kəndə qayıtdım, işə düzəldim. Evləndim, uşaqlarım oldu. 

 

Nənəm dünyadan köçmüşdü, amma indi anam nənə olmuşdu və o, bəxtəvər-bəxtəvər nəvələrinə gah atamdan danışır, gah da mənimlə bağlı uşaqlıq əhvalatlarını söyləyirdi.

 

Müharibədən təxminən otuz ilə yaxın bir zaman ötsə də anam hələ də atamı gözləyirdi; ona həmişə elə gəlirdi ki, atam sağdır, o ölməyib. 

 

Anam atamla bağlı uydurduğu əhvalatları hər dəfə danışarkən gah kövrəlir, gah da vüqarla məni göstərib nəvələrinə ərinin mənim kimi cüssəli, boy-buxunlu, nemeslərin dərisinə saman təpən bir igid olduğunu söyləyirdi.

 

Min doqquz yüz altmış doqquzuncu ilin yazı idi. Bir gün işlə əlaqədar şəhərə getmişdim. 

 

Elə oldu ki, dayımgildə gecələməli oldum. Abbas dayım Bakıda tanınmış alim, professor idi. Müharibədən sonrakı illərdə tez-tez kəndə gələr, bizə əl tutar, hərdənbir də mənə zarafatla tənə vurardı ki, niyə ananı qocaltmısan.

 

Dayımla birgə onların bulvara baxan mənzilində səhər yeməyini təzəcə bitirmişdik ki, daydostum Lətafət xala onu bir qadının telefona çağırdığını dedi. 

 

Abbas dayım bir qədər duruxdu. “Səhər-səhər nə məsələdir görəsən?”. 

 

Tələsik telefonun dəstəyini götürdü. Lətafət xala dedi ki, yəqin bu gün kiminsə müdafiəsidir, ya dekanlıqdan, ya da kafedradan olar.

 

Dəstəyin o tayından qadın səsi gəldi:

 

- Professor Quliyev?

 

- Bəli... -deyə dayım tanış olmayan səsi eşidib az qala təəccüblə cavab verdi.

 

- Danışan xalq artisti Zibeydə xanımdır...

 

- Zibeydə xanım?

 

- Bəli, bəli... Gecə özüm narahat etmədim, Abbas müəllim... Gözlədim səhər olsun, xoş xəbərim var sizə.

 

- Buyurun Zibeydə xanım, nə xəbərdi elə?

 

- Professor, məsələ bundadır ki, dünən qastroldan gəlmişəm... Münhendən... Sizin bir uşaqlıq dostunuz var Əkrəm....

 

- Əkrəm???...

 

- Bəli, bəli... Əkrəm... Şahinoğlu... Həəə...

 

- Ola bilməz! - dayımı soyuq tər basdı. Hamımız - Lətafət xala, mən və uşaqlar matdım-matdım onun rəngi ağarmış üzünə baxıb anlamağa çalışırdıq ki, bu xoş xəbərdi, yoxsa pis xəbər. Mən heç bir şey anlamırdım, beləcə evdə hamımız ayaq üstəcə donmuşduq.

 

- Bəli, o sağdı... Mənə məktub verib, sizə çatdır¬ma¬lıyam...

 

- Ola bilməz!!! Zibeydə xanım, Əkrəm 41-də gedəndi...Necə???

 

- Vallah, mən nə deyə bilərəm... Münhendə konsertdən sonra mənə çalsaçlı ucaboy bir cənab yaxınlaşdı, özünü Əkrəm Şahinoğlu kimi təqdim etdi, dedi ki, bu məktubu da mənim uşaqlıq dostum və qaynım Abbas müəllimə verərsiniz.... Mən də gələn kimi öyrəndim ki, siz respublikada tanınmış adamsınız. Bu, mütləq siz ola bilərsiniz.. Bəlkə səhv düşmüşəm, bağışlayın...

 

- Yox, yox... Zibeydə xanım... Düzdü...

 

Dayım cibindən dəsmal çıxarıb alnından süzülən tər damcılarını silə-silə astadan pıçıldadı:

 

- Yaxşı, Zibeydə xanım... Gəlirəm...

 

Bu xəbərə inanmağım gəlməsə də, o gün dünyanı tamam ayrı cür gördüm; mənim atam sağ-salamat idi. Bircə bunu düşündüm ki, görəsən anama necə çatdıraq bu xəbəri və görəsən o, bu xəbəri eşidəndə nə edəcək?

 

Zibeydə xanım bizi mehribanlıqla qarşıladı. O, dayıma uzunsov, lakin kifayət qədər qalın məktub uzadanda mənim canım gizildədi, düşündüm:”Görəsən bu, doğrudan da atamın məktubudu?”

- Abbas müəllim, - deyə Zibeydə xanım narahatlıq ifadə edən zərif səsiylə dilləndi. - Bilirsiz də... mən böyük risk etdim.... Bunu xaricdən bu tərəfə keçirtmək... Bütün məsuliyyəti öz üzərimə götürdüm... Axı məni yoxlamırlar? Həm də bir ailəyə bu şad xəbəri çatdırmaq... Ehhh... O qədər ağlamışam... o qədər... Təsəvvür edin... O Əkrəm qardaş elə göz yaşı tökür... elə yalvarırdı ki... Taleyin işinə bax... Deyirdi... arvadı var... müharibəyə gedəndə hamilə olub.... Mən bu məktubu gətirməyə bilməzdim...

 

Dayımın gözləri dolmuşdu; qalın, uzunsov məktubu aça-aça əlləri əsirdi. Məktubun birinci cümləsini oxuyan kimi hönkürtü ilə ağladı, Zibeydə xanım da ona qoşuldu.

 

- Bu, odur! Əkrəm!- dayım ucadan dedi, sonra məni Zibeydə xanıma göstərib əlavə etdi. - Bu da onun oğludur, Yaşar, heç Yaşarın doğulmasından xəbəri yoxdur!

 

- Allah, allah! Faciədi, nədi bu? -Zibeydə xanım göz yaşlarını silə-silə mənə baxdı. -Oğlum, Yaşar, anan dururmu?

 

- Bəli... Anam indi də onun yolunu gözləyir...

 

- Vay səni, dünya! Niyə dağılmırsan?-bu dəfə Zibeydə xanım əlini-əlinə çırpdı.

 

...O gecə səhərədək yatmadıq. Bilmirdik sevinək ya sevinməyək, bilmirdik kədərlənək, ya kədərlənməyək; Abbas dayı məktubu elə hey oxuyur, göz yaşlarını saxlaya bilmirdi; aradabir Lətafət xala ondan məktubu alıb dalısını oxuyurdu. Mənim üçün tamam təptəzə dünya yaranmışdı; qəribə hisslər bürümüşdü canımı. 

 

Atama olan xiffət, sevgi, həsrət, isti münasibət, uzun illərin ayrılığından doğan anlaşılmaz soyuqluq... bütün bu duyğular biri-birinə elə qarışmışdı ki, bilmirdim ağlayım, yoxsa gülüm... Məktubda kədərli, hamıdan daha çox anam üçün dəhşətli ola biləcək xəbərlər vardı: müharibənin yeddinci ayı atam əsir düşüb, onu Almaniyaya aparıblar; əsir düşərgəsində düz 3 il 23 gün olmazın işgəncələrə məruz qalıb, sonra da müharibənin qurtarmağına az qalmış bir alman qadını ona düşərgədən qaçmaqda kömək edib və həmin qadınla birgə İsveçrəyə gediblər. 

 

Müharibə qurtarandan sonra isə Sovet İttifaqına qayıda bilməyib; orada deyirmişlər ki, Stalin qayıdanların hamısını Vətən xaini adı altında güllələtdirir. 

 

Atam bu ad altında ölməkdənsə naməlum qalmağı daha şərəfli bilib. Sonralar atam həmin alman qadını ilə evlənib, üç uşağı var - iki oğlan, bir qız. 

 

Deməli, mənim bacım və qardaşlarım da varmış?! Aman Allah! Bu yuxu¬durmu? 

 

Bütün bunlar bir yana, bu xəbəri anama necə çatdıracağıq? Bu barədə xeyli düşünüb-daşındıq, Abbas dayım qərara aldı ki, kəndə birlikdə gedək.

 

Kəndə az qalmış ürəyim guppultu ilə döyünməyə başladı. Günəş dağların arxasında gizlənsə də hava hələ tutulmamışdı. 

 

Dağların başı ağappağ çənə bürünmüşdü. O anlarda mənə elə gəlirdi ki, dağlar kədərlidir; onlar da bizim Qum kəndinin adamlarına bənzəyir; gah düşüncəli, gah qayğılı, gah kədərli, gah da parlaq günəş şüalarından işıq saçır, sanki bununla kənddəki toy-bayram əhval-ruhiyyəsini nümayiş etdirirlər.

 

Bu dəfə isə elə bil ətəklərindəki yaşıllıqlar və meşəliklərın üstünə nəhəng bir kölgə qonmuşdu; həmişə başını dik və məğrur, qarlı və təmiz saxlayan bizim dağların başı görünməz olmuşdu.

 

Kəndə girəndə evimizin qabağındakı məscidin minbərin¬dən əzan səsi gəldi. 

 

Məşədi Şıxəlinin yanıqlı və həzin səsi bütün kəndi başına götürmüşdü. Şıxəli əmi uzun illər idi ki, demək olar ki, hər gün üç dəfə minbərə çıxıb azan verirdi. 

 

Kənddə danışırdılar ki, minbərə çıxmağa ixtiyarı olan yeganə molla Şıxəli əmidir; ona ilahidən elə bir avaz, elə bir səs verilmişdi ki, bu avazı eşidəndə (istər sübh tezdən, istər günorta namazında, istərsə də axşam namazı vaxtı) adamın tükləri biz-biz qalxır, istər-istəməz onu dinləmək, ona qulaq asmaq istəyirsən. 

 

Mən isə hələ uşaqlıqdan bu səsin sehrinə düşmüşdüm: Şıxəli əminin azan səsi mənim içimi tərpədirdi; elə bilirdim ki, kənddə nəsə bir hüznlü hadisə baş verir. 

 

Bu dəfə də bu hisslər məni tərk etmədi. Onun azan səsinin həzin sədaları altında dayımla mən həyətə girdik. Həmin axşam bütün qohum-əqrabanın bircə göz qırpımında bizə yığışması, onların maraq və sonsuz müəmma dolu baxışları altında dayımın anama həyəcan dolu titrək səslə müraciət etməsi yadıma düşdükcə ondan sonrakı səhnələri danışa bilmirəm. 

 

Bircə onu deyə bilərəm ki, xalam otuz il əvvəl poctxanadan qara kağız alanda kəndin mərkəzindən ayaqyalın, başaçıq qaça-qaça necə gəlmişdisə, indi də beləcə həyətin tən ortasında o tərəf-bu tərəfə vurnuxur, hönkürtü vuran anama deyirdi:

 

- Ay Məsmə, gördün, demədimmi mənim Heybətim də sağdı, ölməyib? O gələcək, baxarsan? Əkrəm onu harda olsa tapıb gətirəcək! Bəs axı əmanət aparmışdı onu!?

 

...Atamın o məşum məktubundan iki ay sonra anam qəflətən vəfat etdi. O, bu dərdi özüylə qəbirə apardı. 

 

Abbas dayım Bakıda “KQB”də işləyən bir general dostuna bu məktub barədə məlumat vermişdi. 

 

Ondan xahiş etmişdi ki, atama vətənə, öz oğlu, qohum-əqrabası ilə görüşmək üçün Sovet İttifaqına gəlməkdə kömək göstərsin. 

 

Dayım danışırdı ki, KQB generalı bu əhvalatı ürək ağrısıyla qarşılamış, dayıma söz vermişdi ki, Moskva ilə danışıb bu məsələdə əlindən gələn köməyi göstərəcək.

 

Günlərin bir günü dayım kəndə gəldi; o qədər sevinirdi ki, gəl görəsən. Bizə dedi ki, tədarük görün, Əkrəm gəlir. Dəqiq vaxtını da dedi. Onu da əlavə etdi ki, atamı o, özü qarşılayacaq, sonra öz maşınında kəndə gətirəcək...

 

Kənddə həmin gün, demək olar ki, balacadan tutmuş böyüyədək hamı mərkəzi meydana toplaşmışdı. 

 

Dayımın qəhvəyi “Pobeda”sı klubun qabağında dayanan kimi camaat maşını dövrəyə aldı; əvvəlcə atam, sonra dayım gülərüzlə maşından düşdülər; kənd ağsaqqalları, qohumlar ucaboylu, çalsaçlı atamla qol-boyun qucaqlaşır, ağlayan ağlayır, sevinən sevinir, bir-birlərinə gözaydınlığı verənlər əllərini məscidin minbərinə uzadıb: “O minbərin sahibi səni qorusun!” - deyirdilər. 

 

Atam məni tanımadı; dayım işarə ilə məni göstərəndən sonra atam qollarını açıb məni bağrına basdı. 

 

Camaat ağlayırıdı, sonra atam dizləri üstə yerə yıxılıb torpağı qucaqladı; göz yaşları içində soruşdu:

 

- Məsmə hanı?

 

Heç kəs ürək eləyib anamın ölüm xəbərini ona demək istəmirdi. Elə bu vaxt lap uzaqdan xalam qırmızı-qara güllü şalını əlində yellədə-yellədə adamları yara-yara, tövşüyə-tövşüyə, hıçqıra-hıçqıra özünü atamın ayaqları altına atdı.

 

- Əkrəm, başına dönüm, bəs mənim Heybətim hanı?

 

Camaatdan elə bir uğultu qopdu ki, deyirdin bəs, bu dəqiqə yer titrəyib aralanacaq. Arvadların oxşaması alqışlara qarışmışdı. 

 

Xanım xala otuz il bundan qabaqkı kimi əlindəki qırmızı-qara güllü şalını yellədə-yellədə oynamağa başladı. Atam bircə anın içində büküldü; mənə elə gəldi ki, o, inildədi, Abbas dayımın göz yaşlarını görüb astaca:

 

- Qəbiristanlıq bu yandadı? -deyə əli ilə üzü qibləni göstərdi. Abbas dayım göz yaşlarını silə-silə başını tərpətdi. Aman Allah, nə dəhşətli səhnə baş verdi! Atam qəflətən dizi üstə yerə çökdü; hamı elə bildi ki, o, müvazinətini itirdi. 

 

Amma yox, o, üzü qibləyə- qəbiristanlığa doğru inildəyə-inilədyə iməkləməyə başladı. Dayım və mən nə qədər çalışdıqsa onu durquza bilmədik. 

 

Camaat da bizim dalımızca düşmüşdü; ağlaşma, hönkürtü, uğultudan başqa qulağım heç nə eşitmirdi. Atam düz anamın qəbrinə kimi beləcə iməklədi. 

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.