Super User

Super User

Bazar ertəsi, 11 Dekabr 2023 11:15

Hüseyn Nihal Atsızı yad edək!

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə bu gün – 11 dekabrda doğulan və vəfat edən çox sayda ünlülərin adları qeyd edilib. Bəzilərinə mütləq nəzər salmağımız gərəkiyir.

 1975-ci ildə İstanbulda çağdaş türk ədəbiyyatının zirvələrindən sayılan, böyük türkçü və turançı Hüseyn Nihal Atsız 70 yaşında dünyasını qeyb edib.

1969-cu ilin 11 dekabrı şahmat üzrə ən güclülərdən biri, dünya çempionu, hindistanlı Vişvanatan Anandın doğum günüdür.

1953-cü ildə “Maşina vremeni” rok-qrupunun solisti Andrey Makareviç dünyaya gəlib, ölkəmizdə onun pərəstişkarları həddən artıq çoxdur.

1945-ci ildə stratosferdə Yer kürəsini zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon qatının olmasını kəşf etmiş fransalı fizik Şarl Fabri dünyadan köçüb.

1933-cü ildə Azərbaycanın görkəmli yazarı, maarifçisi Əbdürrəhman bəy Haqverdiyev dünyadan köçüb.

1918-ci ildə rus dissident yazıçısı Aleksandr Soljenitsin doğulub. Onun “QULAQ arxipelaqı” əsərini yəqin ki, oxuyanlarınız az deyil.

Soljenitsin ilə eyni gündə Azərbaycanın xalq yazıçısı Bayram Bayramov da dünyaya gəlib. Sovetlər dönəmində ulduzu parlayan bu yazıçının müstəqillik dönəmində bəxti gətirməyib. Uzun söhbətdir.

1913-cü ildə bir vaxtların ən kult filmi olan “Fantomas”da baş rol almış məşhur fransız aktyoru Jan Mare dünyaya gəlib.

1882-ci ilin 11 dekabrı Nobel mükafatçısı, kvant mexanikasının banisi, alman fiziki Maks Bornun doğum günüdür.

1864-cü ildə soyğunçu Qaben obrazı ilə tarixə düşmüş fransız yazıçı Moris Leblan anadan olub.

1856-cı ildə marksizm ideoloqu, filosof Georgi Plexanov doğulub.

 1843-cü ildə isə Nobel mükafatçısı, vərəmin müalicəsini tapmış alman mikrobioloqu Robert Kox dünyaya gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələrə diqqətinizi cəlb etmək istəyirik:

11 dekabr.

Beynəlxalq dağlar günü

İnternetional Mountain Day – BMT-nin Baş Assambleyasının təklifi ilə 2003-cü ildən qeyd olunur. Planetin dörddə birini tutan dağlarda dünya əhalisinin 10 faizi yaşayır. Dağlar bir çox unikal bitkilərin, heyvanların təbii qoruğu olmaqla bütün iri çayların da mənbəyidir. Dünyanın ən hündür zirvəsi – Himalay dağlarındadır, 8844 metrlik Everest (Comolunqma) zirvəsidir, ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Kea dağı sayılır.

Cənubi Qafqaz adlandırılan bir ərazidə yerləşməsi artıq Azərbaycanın dağlarla bağlı olmasına bir işarədir. Axı burda söhbət Qafqaz sıra dağlarından gedir. Azərbaycanın ən hündür dağ zirvələri Bazardüzü (4466m) və Şahdağdır (4243m). Kiçik Qafqaz, Zəngəzur, Dərələyəz, Murovdağ, Qarabağ, Şahdağ, Talış dağ silsilələrinə qucaq açıb Azərbaycanımız. Qərbdə Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa, cənub-qərbdə Qubadlı, şimalda Qax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, şimal-şərqdə Qusar, Quba, şərqdə Şabran, Xızı, cənub-şərqdə Yardımlı, Lerik sırf dağ rayonlarıdır.

 

Ümumdünya bronxial astma xəstəsi günü

Statistikaya görə dünyanın yaşlı əhalisinin 5, uşaqların isə 10 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Ümudünya Səhiyyə Təşkilatı bu günü təqvimə saldırmaqla cəmiyyətin diqqətini bu xəstəliyə yönəltmək istəyir, onun xüsusən uşaqlar arasında sürətli artımının qarşısını almağa yönəli tədbirlər keçirməyi tövsiyyə edir. Allah bütün xəstələrə şəfa versin!

 

Beynəlxalq tanqo günü

İçinizdə çətin ki, tanqosevər tapılmasın. Tanqo XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqsdir. Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Dünyaşöhrətli argentinalı postmodernist Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.

Sözümü qəribçiliyə salmayın, hazırda ən depressiv hallarında insanlar ortaya düşüb saatlarca rəqs edirlər, bu, onların xilasına çevrilir, odur ki, ən küskün və ən kədərli anlarınızda tanqo da olmasa, tutalım, “Qaytağı” oynaya bilərsiniz.

 

Biq Ben saatı niyə dayandı?

Amerikalılar dünən milli lager pivəsi gününü qeyd ediblər, bu günsə onlarda iki bayram birdəndir, “Bublikin (simitin) olsun” günü və milli əriştə günü. Ümumiyyətlə, xoşbəxt amerikalılar xoşbəxtliklərini hər gün bir mətbəxə aid bayramla qeyd edirlər, yeyirlər, içirlər. Sabaha da mütləq bir mətbəx bayramları olmamış olmaz. Amma gəlin hadisələri qabaqlamayaq.

1994-cü ilin bu günündə rus ordusu Çeçenistana soxulub. 1993-cü ildə Nyu-York auksionunda tarixin ən bahalı teleqramının satışı baş tutub: SSRİ rəhbəri Xruşovun 12 aprel 1961-ci ildə kosmosa uçmuş kosmonavt Qaqarinə təbrik teleqramı 68500 dollara satılıb. 1988-ci ildə Leninakan yaxınlığında zəlzələdən zərər çəkən ermənilərə İl-76 təyyarəsi ilə köməyə gedən azərbaycanlılar qəzaya uğradılaraq həlak olublar, bu barədə Spitak zəlzələsi barədə qeydlərimdə ətraflı yazmışdım. 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı olub. Hələ də bu terror hər yerdə təyyarə qəzası kimi qeyd olunur, biz bu erməni cinayətinin üstünün açılmasına əsla cəhd etmirik.

1981-ci ildə Londondakı Biq Ben saatı tarixində ilk dəfə dayanıb, 12:27-də baş verən olay şiddətli şaxta səbəbindən olub. 1963-cü ildə oğlu oğurlanan Frenk Sinatra bundan ötrü quldurlara 240000 dollar ödəməli olub. 1960-cı ildə fransızlar prezidentləri Şarl de Qollun müstəmləkələri olan Əlcəzairə səfəri zamanı protest edən əlcəzairliləri gülləbaran ediblər. 1946-cı ildə milyardçı və filantrop Con Rokfeller Nyu-Yorkda 18 akrlıq torpağı BMT-yə iqamətgah tikmək üçün hədiyyə edib. 1946-ci ildə Böyük Britaniyada ilk proqram kompüteri patent alıb. Həmin il YUNİSEF uşaq fondu yaradılıb. 1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan edib. 1937-ci ildə Moskvada, Böyük Teatrda Stalin “Deputat- xalqın quludur” frazasını işlədib (kaş ki,”deputat – pulun quludur” frazasını işlədəydi). 1894-cü ildə 9 firmanın iştirakı ilə Parisdə dünyanın ilk avtosalonu açılıb. 1872-ci ildə ABŞ tarixində ilk dəfə qaradərili şəxs qubernator olub – Luizanada Pinki Stüart. 1785-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru 2-ci İosif masson lojalarının leqallaşdırılması barədə qərar qəbul edib. Və ən nəhayət, 630-cu ildə Məhəmməd peyğəmbər 10 min nəfərlik ordunu Məkkəyə yeridib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

Beynəlxalq Korrupsiya ilə mübarizə günü

Bilirsiniz, elə mövzular var ki, onlar barədə ya tam təfsilatla danışmalısan, ya da susmalısan. Mən Azərbaycanın bir nömrəli faciəsinə çevrilmiş korrupsiya barədə sadəcə susmağa üstünlük verirəm. BMT-nin təşəbbüsü ilə keçirilən bu günün küləkləri təki gəlib bizim səmanın qara buludlarını da qovaydı.

 

Beynəlxalq genosid cinayətləri qurbanlarının xatirəsi günü

Genosid cinayətləri barədə xəbərdarlıq Konvensiyasının 2-ci bəndində qeyd edilir ki, hansısa xalqı tam, yaxud qismən məhv etməyə yönəlmiş genosid cinayəti bəşəriyyətin ən qatı cinayəti hesab olunur. Gəlin xalq olaraq xatırlayaq, başımız nə qədər bəlalar çəkib. 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada, 1980-ci illərin sonlarında Qərbi Azərbaycanda, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən, 1937-ci ildə repressiya, 1920-ci ildə 20 yanvar təcavüzü şəklində sovet imperiyası tərəfindən, 20-ci əsrin 70-ci illərindən başlayaraq Cənubi Azərbaycanda soydaşlarımızın amansız təqibi şəklində fars rejimi tərəfindən genosid cinayətinə məruz qalan Azərbaycan xalqı bu gün milyonlarla qurbanını yad etməlidir, öz faciələri barədə dünyaya mesajlar ötürməlidir. Beynəlxalq təqvimləri izləmək, onların təyinatlarından faydalanmaq vacibdir.

 

Unudulan açıqcalar

Beynəlxalq texno günüdür, bu bir musiqi janrıdır. Skandinaviya ölkələrində Anna günüdür, Milad bayramı ərəfəsi bütün evlərdə lütifeks adlanan balıq yeməyi hazırlanacaq; Milad açıqcası günüdür. Hələ də dünyada bu nəsnə insanlar üçün bir-birini təbrik etməyə yetərlidir. Bir vaxtlar bizdə də 8 martda oğlanlar qızlara, 23 fevralda qızlar oğlanlara, Yeni ildə, eləcə də 1 may və 7 noyabr paradları günlərində isə hamı bir-birini açıqca yazaraq təbrik edirdi, üstəlik, ad günlərinin də bir təbrik vasitəsiydi açıqca. Ancaq hazırda açıqca adlı nəsnəni unutmuşuq, arxivin uzaq küncünə atmışıq; Fransada milli miryan günüdür, bu bir məşvərət komitəsidir, Fransa hökumətinin sekulyarizm (dövlətin dindən asılılığına yol verməmək) prinsiplərinə riayət etməsini izləyir, ona dəstək verir; Ruslar 9 dekabrı opera günü kimi qeyd edirlər, belə ki, 1842-ci ildə Peterburqda Qlinkanın “Ruslan və Lyudmila”, 1836-cı ildə isə “İvan Susanın” operalarının premyerası olub. O ki qaldı ABŞ-a, bu gün onlarda Milli qənnadı məmulatları günüdür.

 

Korefey sənətkarımız, Krım tatarları, Van Deyk

1973-cü ilin bu günündə SSRİ xalq artisti, adı çəkiləndə insanların üzünə təbəssüm qonan Lütvəli Abdullayev dünyadan köçüb. Şəkidə dünyaya göz açan, cəmi 59 il ömür sürən bu korifey aktyor çoxsaylı kino və teatr rolları ilə komediyanın və yumorun əsl mahiyyətini ortaya qoyurdu, çox təəssüf ki, yağışdan sonra göbələk kimi artan bugünkü şit və dayaz komediya aktyorları bu mahiyyətdən çox-çox uzaqdırlar.

Bu gün “siçan günü”dür həm də. Amma söhbət zəhlətökən boz siçandan getmir, kompüter siçanından gedir, belə ki, ilk dəfə o 1968-ci ilin bu günündə üzə çıxıb. Onu kəşf edən isə amerikalı Karl Enqelbartdır; 1917-ci ilin bu günündə qan qardaşlarımız olan və indi repressiyalar məngənəsində boğulan Krım tatarları qurultay keçirərək Krım xalq respublikasını yaradıblar; 1909-cu ildə dünya futbolunun top klublarından biri – Dortmundun “Borrusiya” klubu yaranıb. Ölkəmizdə “Borrusiya”sevənlər heç də az deyildi, Mxitaryanın transferi onların sayını sıfıra çatdırdı vaxtında; 1717-ci ildə alman incəsənətşünası, antik incəsənətin ilk tədqiqatçısı İoxim Vinkelman dünyaya gəlib. 1641-ci ildə dahi flamand rəssamı, zadəgan və intim portretlərin nömrə bir ustası Antonis Van Deyk, 1048-ci ildə isə Orta Asiyanın dünyaşöhrətli ensiklopediyaçı alimi Əl Biruni dünyadan köçüblər.

 

Yükdaşıyanlar günü

Bu günün daha bir təyinatı var, yükdaşıyanlar günü. İlk baxışdan ağlınıza Məşədi İbaddan bir abbası istəyən hambal gəldi, düzdürmü? Amma günün anlamı daha böyükdür. Sözün hərfi mənasında çiyinlərini ağır yüklərin altına verib ruzi qazanan insanların günüdür bu gün. Tikintidə daş daşıyanlar var, anbarlarda un kisələri daşıyanlar var, onlar gündüzlər işləyirlər, axşamlar da dinclərini alırlar. Amma həm də daha ağır yüklər var, “problem”, “dərd” adlı. Bu yüklərin daşınma müddəti gecəli-gündüzlüdür özü də. Bugünkü Yükdaşıyanlar günündə həmin bu məcazi mənada yükdaşıyanları da gəlin yad edək, hamısına bir ağızdan “yükünüz yüngülləşsin” deyək.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2022)

 

Bazar ertəsi, 11 Dekabr 2023 09:30

Allah və vətən aşiqi, böyük şair

“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabı təqdim olundu

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.

TÜRKSOY-un nəşri olan kitabın Milli Kitabxanada keçirilən təqdimat mərasimində təşkilatın Baş katibi Sultan Raev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, həmçinin ölkənin bir sıra tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.

Kitabın tərtibçisi və redaktoru, giriş yazısının müəllifi, Azərbaycan Yazıçıllar

Birliyinin katibi və TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bildirib ki, kitabın tərcüməçisi gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elşən Mehdidir və kitab Məhməd Akif Ərsoyun yaradıcılığına bu həcmdə müraciətdir, yəni böyük şairin Azərbaycan türkcəsində nəşr olunan ilk kitabdır. Səlim Babullaoğlu deyib:

-Bilirsiniz ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü ilin “Türk dünyasında Məhmət Akif Ərsoy İli” elan edilib. Kitaba Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, habelə TÜRKSOY-un Baş katibi Sultan Rayevin “ön sözləri” var.

Oxucularımız üçün maraqlı olacaq deyə Səlim Babullaoğlunun “Allah və vətən aşiqi böyük şair” giriş yazısını təqdim edirik.

 

Allah və vətən aşiqi, böyük şair

Məhməd Akif Ərsoy poetik və insani əxlaqı ilə Yunus Əmrənin, Füzulinin davamçısıydı. Bəzən “mədəniyyət”lə bağlı söylədikləriylə şair Məhməd Akif Ərsoy səhv anlaşılır, daha doğrusu, yozulur, halbuki bütün böyük və həqiqi şairlər kimi Məhməd Akif Ərsoy kökündə “Xaliq” dayanan “əxlaqın” tərənnümçüsü olub, çağdaş yozumda “mədəniyyət” kateqoriyasının törəmə olduğunu gözəl anlayırdı; bilirdi ki, əxlaq Xəlq Edənlə xəlq olunan arasında, Yaradanla insan arasındakı münasibətlər məcmusu, “kodeks”dir; bütün ruhuyla, yaradıcılığı ilə həmin o ali, ilkin mədəniyyətin, yəni əxlaqın tərəfindəydi, ikincinin zahiriliyinə, nümayişkaranəliyinə qarşı idi. Bəşər tarixi bunu dəfələrlə təsdiq edib, böyük şairi haqlı çıxarıb. Eynən bizim, Azərbaycanın yaxın tarixində olduğu kimi. Çox gördük zahiri mədəniyyətə sahib olanların riyasını.

Odur ki, təkcə Azərbaycan üçün deyil, elə Türkiyə üçün də bu əlamətdar, Zəfər havası ilə dolu günlərdə, Azərbaycanın gözü olan Qarabağın, qədim türk yurdunun işğaldan azad olunduğu bir vaxtda “İstiqlal marşı” ilə başlayıb “Çanaqqala şəhidlərinə” şeiri ilə bitən bu şeir kitabının nəşri çox qiymətlidir. Əlbəttə, böyük şairin irili-xırdalı 35 seçmə şeirinin toplandığı və müəllifinin yubileyi, anadan olmasının 150 illiyi ərəfəsində işıq üzü görməsi də çox vacib xüsusdur və həm də bir ilkdir. Çünki Azərbaycan türkcəsində şairin şeirləri bu həcmdə, təəssüf ki, indiyədək təqdim olunmayıb. Başqa tərəfdən, istedadlı gənc şair, əruz bilicisi və tərcüməçi Elşən Mehdinin “təqdimatında” işıq üzü görən bu kitab böyük şairin azman yaradıcılığını, yaradıcı miqyasını və ali missiyasını bütünlüklə anlamağa imkan verən daha müfəssəl növbəti kitabın ərsəyə gəlməsi yolunda bir işarədir həm də.

Məhməd Akifin dili bir tərəfdən, “Osmanlı türkcəsi” idisə, o biri tərəfdən, sələflərindən, klassiklərdən fərqlənən bir dil hadisəsi, XX əsr Osmanlı-türk poeziyası faktı idi. Və gənc tərcüməçi ,əlbəttə, çox rahat yol seçib, yalnız Türkiyə və Azərbaycan “türkcələrindəki” fərqli yazılışları və səslənmələri aradan qaldırıb , yalnız saysız izahlarla, “dipnot”larla da keçinə bilərdi. Amma bu doğru olmazdı. Tərcüməçi orta bir yol tutdu: o yerdə ki, yalnız uyğunlaşdırmaq lazım gəldi – elə də etdi; o yerdə ki, tərcümə etmək, ekvivalentləri tapmaq, üstəgəl tərcümə olunan dilin klassik ədəbiyyata münasibətdəki “vərdişlərini və gerçəkliyi” nəzərə almaq lazımdı- nəzərə aldı.

Həqiqi Allah və vətən aşiqi, böyük şair və böyük vətəndaş olan Məhməd Akif Ərsoy Türkiyə və Azərbaycan var olduqca, bütün türk elləri durduqca anılacaq, oxunacaq.

Məhməd Akif Ərsoy həmişə o azsaylı şairlərdən olacaq ki, onu məktəblərin həyətlərində və sinif otaqlarında, ali salonlarda və kürsülərdə, toylarda, şənliklərdə və daha harda və harda ayaq üstə, dik dayanaraq qürurla oxuyacaqlar. Hər gün, günərzində dəfələrlə. Ən başlıcası isə ürəklərdə, bəzən isə kövrələrək.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2023)

 

Mədəniyyət  Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimindən sonra TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf”, “TÜRKSOY Medalı” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edilib.

Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu türk mədəniyyəti və sənətinə verdiyi töhfələrə görə “TÜRKSOY Medalı” ilə təltif olunub.

Medalı Səlim Babullaoğluna TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

 

 

 

 

 

 

 

 

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçirilib. 

 

Konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, BDU-nun Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi, ali məktəbin müəllim və tələbə heyəti iştirak edib.

 

Tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin magistrı Lamiə Sarıyeva “Bakı şəhərinin tarixinə dair sənəd axını” mövzusunda təqdimat ilə çıxış edib. Məruzəçi təqdimatında paytaxt Bakının qədim tarixini, özəlliklərini özündə əks etdirən “Azərbaycanın Milli Ensiklopediyası”, “Bakının memarlıq ensiklopediyası” kimi ensiklopedik nəşrlər, “Bakı şəhərinin tarixi”, “Bakı tarixin səhifələrində”, “Bakı 1501” kimi kitablar, dövrü mətbuat nümunələri, elektron baza və Xalq yazıçısı Anarın “Gürcü familiyası” əsərinin motivləri əsasında lentə alınan “Gün keçdi” filmi haqqında məlumat verib. Tədbirin sonunda Lamiə Sarıyeva Respublika elmi konfransında uğurlu iştirakına görə Sertifikat ilə təltif edilib.  

Bu barədə “Ədəbiyyat və incəsənət” pprtalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından məlumat verilib. 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

8 dekabr 2023-cü il tarixində “YAŞAT” Fondunun 3 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat daxil olub. 

 

Öncə Fondun 3 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. 

Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsini icra edən millət vəkili Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsəverməyə çıxarılaraq qəbul edilib.

Deputat Ülviyyə Həmzəyeva isə komitənin sədr müavini seçilib.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin əvvəlki sədri mərhum Qənirə Paşayeva idi.

Fazil Mustafaya ölkə mədəniyyətinin çiçəklənməsi naminə uğurlu fəaliyyət arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Səfurə Həsənovanın müəllifi olduğu Ulu Öndər Heydər Əliyevə həsr olunan “Mənəvi atam” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib. 

 

Məlumatda bildirilir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü Elnurə İsgəndərova Bakı şəhəri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəb-Muzeyinin yaradıcısı və direktoru Səfurə Həsənovanın qələmə aldığı “Mənəvi atam” kitabının müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin tərəqqisinə yönəlmiş tarixi xidmətlərindən, dövlət gənclər siyasətindən, onların hərtərəfli inkişafında və formalaşmasındakı rolundan bəhs etdiyini söyləyib.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verib. Kitabxananın “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsinin Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirildiyini bildirib. O, Ulu Öndərin elm, təhsil, ədəbiyyat, mədəniyyət sahəsinə olan qayğısından, müəllim peşəsinə, kitab və kitabxana məfhumuna bəslədiyi dərin ehtiramdan danışaraq, Heydər Əliyevin bütün həyatı və varlığı ilə Vətəninə, xalqına bağlı olan dahi dövlət xadimi, Zəfər Tarixinin banisi olduğunu söyləyib. Ulu Öndərə həsr edilən hər bir tədbirin, təqdimatın, qələmə alınan əsərin dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiram əlaməti olduğunu bildirərək, Səfurə xanıma bu şərəfli yolda yaradıcılıq uğurları arzulayıb.

Müəllif Səfurə Həsənova rəhbərlik etdiyi Heydər Əliyev Məktəb-Muzeyinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verərək, “Mənəvi atam” kitabının bu muzeydə dəyərli eksponatlardan birinə çevriləcəyini bildirib. Ulu Öndərə olan sonsuz ehtiramından söz açaraq, Heydər Əliyevin daim Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru apardığını, Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda qətiyyətlə, böyük müdriklik və əzmkarlıqla çalışdığını və xalqımızın bunu heç bir zaman unutmayacağını, nəşr edilən kitablar, qələmə alınan əsərlər və digər incəsənət nümunələri sayəsində bu tarixi faktların gələcək nəsillərə ötürüləcəyini bildirib.

Tədbir iştirakçıları “Mənəvi atam” kitabının böyük sevgi ilə yazıldığını, çox maraqlı üsluba malik olduğunu və “Heydər Əliyev İli”nə dəyərli töhfə olduğunu bildirdilər.

Tədbirin sonunda Səfurə Heydər “Mənəvi atam” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu dekabrın 8-də Naxçıvan şəhərində gerçəkləşib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə  istinadən məlumat verir. 

 

Məlumata görə, qəbuldan əvvəl nazir Ümummilli Liderin Naxçıvan şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli Lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.