Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İləri,

Bakının zərbəçi ərləri!

İləri, yeni neft planı

Sarsıtsın cahanı!

İləri, yeni ruh, yeni can,

Bu uzun həyəcan

Bakıyı qaplasın,

Qəhrəman divləri bir yerə toplasın!

 

Ey işçi, sən necə saqlısan buruqda,

bu ruhda

Mən dəxi şeirimdə saqlıyım.

Qoy məni tanıyan şeirimdən tanısın,

Ey şeirim, sən mənim işimin canısın.

 

Gediriz.

Gediriz.

 

Getməyir, uçuruz.

Uçuruz.

 

Uçmayıb, bir şimşək olub da çaxırız,

Axırız-axırız!

Keçmişin üzünə sillələr vuraraq axırız.

Möhtəşəm yarını quraraq axırız.

 

İrəli

 

Gediriz,

Gediriz, gediriz,

Getməyir, uçuruz,

uçuruz...

Uçmayır, bir şimşək olub da çaxırız.

Axırız-axırız.

Keçmişin üzünə şillələr vuraraq axırız,

Elliklə yarını quraraq axırız.

 

Zəfər səsləri

 

Repressiya qurbanı olan  Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rus dilini mükəmməl bilən şairi dərs dediyi şagirdlərindən biri belə xatırlayır:

 

Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…

 

Gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş Müşfiq "Küləklər","Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitablarının, 

"Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı"  əsərlərinin müəllifidir. O, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir.

 

 Vətənə bağlı olan şair "zəfər", "irəli" şeirləri də vətənpərvərlik hissi ilə yazılmış şeirlərdir. Amma bir az da zorən, kommunist rejiminin məcburən təqib edilən şairə yazdırtdığı şeirlərdir. 

Feyruz adlı şair tərəfindən "Əhməd Cavadın qanadı altında yaşayan gənc şair" adlandırılan,  Vətənini dərin bir məhəbbətlə sevən, onu hər zaman abad, müstəqil, azad görmək istəyən  Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə qırmızı repressiyanın qurbanı olaraq dünyasını dəyişib. 

 

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır. 

 

P.S - Mənə görə ölümündən sonra verilən bəraət bir məna daşımır, bu bəraət ona yaşarkən verilməli idi, verilməli idi ki o yaşayıb yeni-yeni əsərlər yazsın, xalqının maariflənməsi üçün çalışsın. Heyfki keçmiş dövrdə Müşfiq kimi neçə-neçə vətənpərvər insanları həyatdan məhrum etdilər. Əlbəttə ədalət hər daim yerini tutur və tutacaq.  Xatirəsini hörmətlə anırıq, məkanı Cənnət, ruhu şad olsun Amin.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsinin Füzuli saatları yekunlaşır. Bu gün sizlərə böyük dramaturqumuz Cəfər Cabbarlının yazdığı “Mirzə Fətəli Axundzadə haqqında” məqaləsindən Füzliyə aid hissəni təqdim edirik.

 

 

 

...Bəlli olduğu üzrə, azəri ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi.

Füzuli azəri ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış, dörd yanını sarmış boşluq içərisində yеni doğurmuş ədəbiyyatı çiyinlərinə almış və yеnilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sеntimеntalizm ədəbiyyatı olmaq üzrə ...təqdim еtmişdir. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sеntimеntalist əsərlər bu gün bеlə bütün sеntimеntalizm ədəbiyyatının ilk sıralarında gеdə bilir. O öz mövzularında bəzən böyük ədəbi kеçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə еtmiş, lakin bu yarışda onlardan gеri qalmamış, hər halda, “Lеyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini gеri buraxmış və hamısından yüksəyə qalxmışdır.

Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat vеrdi. Lakin еyni zamanda onun dühası ağır bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb onu öz ağırlığı altında əzməyə başladı. Еl ağzından çıxmış ədəbiyyat, bir dahinin qələmi altında yonuldu və birdən-birə klassik bir yüksəkliyə qalxdı. Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik dеyildi. Azəri ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addımlarla yüksəklərə doğru irəliləməsi üçün həyati bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gеdişi ilə irəliləmək dеyil, bəlkə, yüksəldiyi yеrdə bеlə dayanmadı və sürətli hərəkətlə еnişə doğru yuvarlanmağa başladı...

Şairlər, ədiblər Füzulini ötməyə dеyil, bəlkə, ona yеtişməyə, var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və bеləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa, orada bərkitməyə çalışırdılar. Bеləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə, kеçmiş, söylənmiş sözləri, daha doğrusu, Füzulinin dahiyanə şеirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar еdirdi.

Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şеirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idеalı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gеdirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gеdişlə Füzulinin başına hərlənir, haraya gеtdiyini özü də bilmirdi. Füzuli еlə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım bеlə olsun bayıra çıxmır və uzun illər yеni bir şəklə kеçmirdi...

 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin dilogiyası - “Gecədə atlı” povesti və “Poker oyunu” romanı işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitabdakı ilk əsər yazıçı tərəfindən 1981-ci ildə yazılmış, oxucuların geniş rəğbət və məhəbbətini qazanmış məşhur “Gecədə atlı” povestidir. İkinci əsər - 2024-cü ildə yazılmış “Poker oyunu” romanı bu hekayənin davamıdır. Müəllif burada otuz il sonra baş verən hadisələrdən, qəhrəmanının taleyindən, çətin sınaqlardan keçdiyi, lakin sınmadığı, məqsədinə çatdığı ömür yolundan bəhs edir.

 

Natiq Rəsulzadə - Azərbaycanın Xalq yazıçısı, Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, nasir, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni, bir çox yerli və xarici ədəbi mükafatların laureatıdır. O, Bakı, Moskva və Avropa ölkələrində çap olunmuş əllidən çox kitabın, çoxsaylı povestlərin, hekayələrin, ssenarilərin və pyeslərin müəllifidir.

 

Kitabı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Kitab Evindən əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)

Çərşənbə axşamı, 07 Yanvar 2025 11:47

BİR MƏKTUB, BİR ŞEİR – Nail Zeyniyev, “Bilmir”

“Ədəbiyyat və incəsənət”in BİR MƏKTUB, BİR ŞEİR rubrikasında bu gün izlərə Nail Zeyniyevin “Bilmir” şeirini təqdim edirik.

 

 

Ürəyimdə neçə söz var,

Ancaq dilə gələ bilmir.

Ocaq sönüb, hələ köz var,

Yanıb, indi sönə bilmir.

 

Sönüb bu sevginin şamı,

Uçubdur evimin damı.

Yığılıb başıma hamı,

Niyə məni görə bilmir?

 

Başıma dərd ələyir qış,

Nə heç qar var, nə də yağış.

Xoşbəxtliyə qovuşmamış,

Üzüm hələ gülə bilmir.

 

Kömək əli uzadan yox,

Uduzan var, qazanan yox.

Qəlbi satsam heç alan yox,

O heç kəsi sevə bilmir.

 

Dözməliyəm hara kimi?

Həsrət yaman yara kimi.

Geriyə tək çara kimi,

Ölüm qalsa ölə bilmir.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

Çərşənbə axşamı, 07 Yanvar 2025 12:13

Filarmoniyanın yanvar afişası

Azərbaycan Dövlət Akademik Filarmoniyası yanvar ayı üçün tədbirlər planını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Filarmoniyadan məlumat yayılıb. 

 

Məlumatda deyilir ki, ay ərzində sənət ocağının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin çıxışları nəzərdə tutulur.

 

Həmçinin Filarmoniyada 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

 

Eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Qış nağılı” adlı konsert, Abonement 2 və Gənc istedadların konserti təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Bakıda Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevlə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında görüş olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a BTA-dan məlumat verilib. Görüşdə tərəflər cari il üçün əməkdaşlıq planlarını müzakirə ediblər. Şahin Mustafayev BTA-nın ötənilki fəaliyyəti haqqında məlumat verib, qurumun elmi tədqiqatlar, nəşrlər və Türk dünyasının mədəni irsinin təbliği sahəsində həyata keçirdiyi mühüm layihələrdən danışıb.

 

Görüşdə mədəni əlaqələrin möhkəmləndirilməsinə və hər iki tərəfi maraqlandıran beynəlxalq layihələrə dəstək verilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan İsmayıl Pilpayədir.

 

 

İsmayıl Pilpayə

Muğan

 

 

Ağlamağın harasındasan?

Gözlə məni

Gəlirəm

Boğulaq...

 

*

Kölgəmlə üzbəüzəm

Nədən?

Bilmirəm!

Axı mən üz çevirməmişəm günəşə!

 

*

Fəlakət

Yağışdır, isladır.

Fəlakət

Qurşundur, toxtadır.

Gözlərin

İsladır

Sonra, toxtadır...

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.

 
Mütaliəyə marağınızdan xəbərim var. Hansı mövzuda kitablar oxuyursunuz? Bir də, Siz Tanrıya inanclı bəndəsiniz. İnanmayanlarla mübahisəniz olurmu? Yoxsa onları öz mənəvi dünyaları ilə baş-başa buraxırsınız?

 

Mənim əsasən mütaliə etdiyim kitablar böyük dahi şairlərin qəzəlləri, şeirləri, həyat-yaradıcılıqları olur. Bəzən indiki dövrdə bəzi kitablar var ki, onlar müasir insanı anladan kitablardı. Məsələn bizə bəzi şeyləri vaxtı ilə yanlış aşılayan bu gün isə doğru aşılayan kitablar var. İstər övlad tərbiyyəsində, istər insanlara qarşı mövqelərdə, istər şəxsi maraqları əks etdirən kitablar olsun. Əlbəttə oxumağa həvəsim var.

 

O da bizə Allahın böyük lütfüdür ki, Allah hər bəndəsinə öz sevgisini verməz. Əgər Allah bizə öz sevgisini verməsə biz əsla onu sevə bilmərik. Çünki Allah bizim görmədiyimiz bir varlıqdır ki, o, öz məhəbbətini bizə hədiyyə edir və biz onu sevirik. Mən də Allahın  lütf qazanmış bəndələrindənəm ki, Allah təala mənə öz sevgisini bəxş edib. Allah təki bu sevgini əbədi etsin. İnanmayanlara mənim heç bir sözüm ola bilməz. Əstağfurallah. Əsla! Çünki mən haşam. Artıq söz deyə bilmərəm. Çünki həyat çox qəribədi. Mən bəzi şeylərdən çox qorxuram. Mən bu gün Allahı sevdiyimə görə o qədər şükr edirəm ki. Bu məhəbbətin məndə əbədi qalmasını ancaq Allahdan diləyirəm. Sevməyənlərə isə Allahdan şəfa diləyirəm.

 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Mənə bir qələm əhli göstərin ki, cəmiyyət və tənqid tərəfindən aldığı qiymətlə razılaşsın, buna qane olsun. Məncə, belə bir adam tapmaq mümkün deyil. Qane olmamaq qələm əhlinin az qala “vəzifə borcu”dur.

2.

Özümüzü dünyanın içində yox, dünyanı öz içimizdə görməyi bacarmalıyıq.

3.

“ Gəldiyim yolla da qayıdacağam.

Yolun başlanğıcı – yolun sonucu.

Mən qayıtmalıyam nə qədər sağam.

Mən nə birinciyəm, nə də sonuncu.”

4.

İnsanın fiziki cəhətdən canı ağrıyanda bəziləri dərman, bəziləri isə hətta narkotik vasitəsilə bu ağrıdan yaxa qurtarırsa, yazıçı öz yorğun ruhuna dolaşmış ağrıdan yalnız yazmaqla xilas ola bilir.

5.

Təklik-tənhalıq, ürək-qəlb, iz-ləpir... Dilimizdə belə cütlüklər az deyil. Cütlüyün bir üzvü fiziki, o biri üzvü isə mənəvi dəyər daşıyır. Təklik fiziki anlayışdır, tənhalıq – mənəvi. Heç kimin olmaz və sən tək olarsan. Yanında hamı olar, amma sən yenə də tənhasan. Ürək fiziki orqandır. Qəlb isə ürəyin elçisidir. Ləpir ayağın yerdə buraxdığı oyuqdur. İz isə gedəcəyin yerlərin istiqaməti.

6.

“ Salın məni itirin qaranlığın içində,

Bəlkə onda bilərəm mən işığın qədrini.”

7.

Hefsiman bağında İsa peyğəmbəri tutmağa gələn romalı əsgərlər üçün onu tanımaq və tutub həbs eləmək çətin bir məsələ deyildi. Bunun üçün vacib deyildi ki, onun həvarilərindən biri olan İuda hamının arasında yalnız İsaya yaxınlaşıb onu öpsün. Amma “buna lüzum yox idi” deməyə də tələsməyək. İncili yaradanlar bununla bütün zamanlar və mədəniyyətlər üçün ilk və ölməz satqın obrazı yaradırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

 

 

Çərşənbə axşamı, 07 Yanvar 2025 11:00

“Əllərimi buraxma, qıyma ruhum çirklənsin...”-ESSE

Harun Soltanov və Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Çıxaq on dörd mərtəbəli binanın başına (Sumqayıtda uzun illər ən hündür bina məhz 14 mərtəbəli bina olub -red.), buraxaq özümüzü səmanın 16-cı qatına.Çox möhkəm gülək o anda, elə gülək ki, külək hər yerə yaysın xoşbəxtliyimizdə gizlənən kədəri.

 

Gedək dağları, dənizləri, meşələri kəşf edək, əllərimizdə kəsik izləri, dizlərimizdə yara, üst-başımız toz-duman olsun. Qıraqdan baxanlar dəli desinlər qoy bizə. Qoy bizə bizdən başqa heç kim inanmasın, heç kim sevməsin bizi.

Hə, arada lağa qoyub avara desinlər bizə, amma biz yenə də, köklərimizi eyni torpağa bağlayaq. Üzümüzə eyni-gülüşlərimizə bulaşmış külək və ya küləyə bulaşmış külək vursun, eyni yağışın altında islanaq biz.

Hər kəsdən küsək, hər şeydən qaçaq, amma bir-birimizə hər zaman doğma olaq. Bəlkə birgə böyüyək, bəlkə hər zaman sonsuz uşaqlıq yaşayaq. Amma ruhumuzu çirkləndirməmək üçün əllərimizi ayırmayaq.

Yağış yağanda çətirdən imtina edək, soyuq damcıların üzümüzə toxunmasına icazə verək. Yeməklərin dadını yox, onların arxasındakı hekayəni hiss edək. Yaxşı ya pis, fərqi yoxdur – bir loxma belə bizi uzaq bir yerə apara bilər.

Səhər tezdən maşının baqajında oturub gün doğumuna baxaq. Buludlara baxıb dünyanın fırlanmasını sorğulayaq. Dənizin sahilə vuran ləpələrini qovuşmamış birinin eşq nəğməsi kimi dinləyək; necəki sahil və dəniz qovuşa bilmir.

Həyatı sorğulayaq. Sahildəki kənd yollarında qaranlığı deşən işıqların arxasından gələn səslərə qulaq asaq. Yad insanlara baxıb onları başa düşməyə çalışaq – ya da sadəcə özümüzü daha yaxşı anlayaq.

İtirilmiş gücləri axtarmayaq-bəlkə də onları süd dişlərimizi salanda itirdik deyə heç vaxt qazanmamışıq. Amma indi tapdıqlarımız daha dəyərlidir – susub dinləmək, sadəcə nəfəs almaq. Çarpayının altının qaranlığını bir daha unutmayaq-qorxmaq bəzən ən dürüst hissdir.

Gecənin ortasında qalıb yuxunun bizi harasa aparmasına icazə verək. Birlikdə yuxularımızı paylaşaq, hər biri yeni bir macəranın başlanğıcı olsun.

Küçədə dayanıb əllərimizi havaya qaldıraq, dünyaya meydan oxuyurmuş kimi gülək. Dostların yaratdığı oyunlara qoşulmayaq; öz qaydalarımızı tapaq.

Təpələrdən yuvarlanmaq əvəzinə, zirvələrdə dayanıb küləyin necə sərt olduğunu hiss edək. Hər kəsin izah etdiyi nağıllara qulaq asmayaq, öz hekayəmizi danışaq. Sərxoş olub, sərxoşlara baxıb gülək. Yaxşı valideyn olub övladlarımızı özümüzdən qorumağı öyrənək.

Təsadüflərdən qorxaq, amma onlardan qaçmayaq. Çünki hər təsadüf bizi bir möcüzəyə aparır.

Hər kəsdən küsək, hər şeydən qaçaq, amma bir-birimizə hər zaman doğma olaq. Yaxşı ya pis, fərqi yoxdur – bir-birimizin yanında olmaq, həyatın mənası olsun.

Bəlkə birgə böyüyək, bəlkə də hər zaman sonsuz uşaqlıq yaşayaq.

Amma ruhumuzu çirkləndirməmək üçün əllərimizi heç vaxt ayırmayaq...

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.