Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Mənim bu şəhərdə kimim var axı” şeirinin növbəsidir. Dərindən düşünün, bəs sizin bu şəhərdə kiminiz var. 

 

Mənim bu şəhərdə kimim var axı;

Hər qapı döyməyə əlim gəlməyir.

Üzümü taleyə tutub gedirəm,

Tale də həmişə üzə gülməyir...

 

Ayağım altında tanış səkilər,

Önümdə açılan mənzərə bozdur.

Çoxdan köhnəlibdir əynimdəkilər,

Nə qədər çırpsam da

yenə də tozdur.

 

Gözdən oxuyuram bic tərifləri,

Məqsədli sağlıqdır hirsimi boğur,

Kiminsə başlayır həsəd ağrısı,

Mənimçün telefon hədəsi doğur...

 

Mənim bu şəhərdə kimim var axı;

Taleyin verdiyi paya – paxıllıq,

Boyu ki mən özüm qazanmamışam,

Allahın verdiyi boya – paxıllıq.

 

Mənim bu şəhərdə kimim var axı;

Köhnə məhəbbətin qız tanışları...

Hər səhər gördüyüm oyaq bir yuxu,

Salam tanışları,

üz tanışları...

Bir də ilhamımın tanış nəfəsi,

Onun da küsülü anları çoxdur,

Həftənin beşgünlük qazanc qəfəsi, -

Bəs edər...

Nəfsimin gözləri toxdur...

 

Mənim bu şəhərdə kimim var axı,

Bu ömrün sonuna gümanım azdır.

Səyyah ayaqlarım,

fəhlə əllərim,

Bir də ki dünyaya baxdığım gözdür;

Çiçəkləri görür,

tikanı görmür,

Üstünə fırlanan sükanı görmür,

Uşaq güldürməyə kökə axtarır,

Əlindən alınan tikəni görmür...

Yaxşılar yolunda çıraq kimidir,

Yamanlar tülkütək pusquda durub.

Sevinc də bir şüşə araq kimidir,

Onu da vərdişli əyyaşlar vurub...

 

Sizə güvənirəm, yaxşı adamlar,

Sizin adınıza gəlmişəm bura.

Qardaştək, oğultək qoruyun məni,

Bir insan ömrünü vurum axıra;

Mənim bu şəhərdə kimim var axı...

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, kino dünyasında “Oskar”dan sonra nüfuzuna görə ikinci pillədə qərarlaşan Hollivudun “Qızıl qlobus” mükafatına nominantların adları ötən gün açıqlandı. Kino industriyası hara gedir? Bu suala deyəsən cavab tapmaq üzrəyik. 

Siyahıya nəzər salaq. Öncə ondan başlayaq ki, mütləq lider “Barbi” filmidir, bu film 9 nominasiyada təmsil olunur. Və məşhur çəhrayı gəlincikdən bəhs edən “Barbi” 8 nominasiyada təmsil olunan “Oppenheymer” tarixi dramını 1 punkt geridə qoyur. Bu iki film 2024-cü ilin yanvarında Hollivud mükafatları mövsümünü açacaq “Qızıl qlobus”un təqdimetmə mərasimində müxtəlif kateqoriyalarda yarışacaqlar. Qaliblər yanvarın 7-də, “CBS” və “Paramount+”un efirində birbaşa yayımlanacaq.

Və nəzərə alaq ki, “Qızıl qlobus” mart ayında keçiriləcək “Oskar” mükafatının təqdim edilməsində filmlərə təkan verə biləcək əsas müsabiqələrdən biri və birincisidir.

 

Rejissor Qreta Qerviqin “Barbi”si “Amerika fantastikası”, “Qalıqlar” və s. kimi filmlərlə yanaşı ən yaxşı komediya və ən yaxşı musiqi filmi adına iddiaçı olacaq.

Rejissor Killian Mörfinin atom bombasını yaradan insanı canlandırdığı “Oppenheymer” filmi ən yaxşı kino dramı adına iddialıdır. Bu filmə rəqib Martin Skorsezenin 1920-ci illərdə Oklahomada yerli amerikalıların qətllərindən bəhs edən “Ay çiçəyi qatilləri”dir. Təbii ki, bu film çox səs-küy qoparıb, haqqında da geniş yazmışıq. 

 

Ən yaxşı qadın rolu nominantları arasında “Ay çiçəyi qatilləri” filmində Lili Qladstoun, “Eyni binada qətllər”də Selena Qomes və s. qərarlaşıblar. 

Bredli Kuper “Maestro” filmində ən yaxşı kişi roluna və rejissorluğa nominantdır. Film, eyni zamanda, ən yaxşı dramatik rol nominasiyasında da iddialıdır.

Bu nominasiyada Kilian Mörfi (“Oppenheymer” filmi), Marqo Robbi (“Barbi” filmi”) və məşhur Leonardo Di Kaprio (“Ay çiçəyi qatilləri” filmi) da qərarlaşıblar. 

Televiziya kateqoriyalarında “Varislər” ailə dramı 9 nominasiya ilə bütün seriyalara başçılıq edir, onun ardınca 5 nominasiya ilə “Ayı” filmi gəlir.

Bu il “Qızıl qlobus” “Ən yaxşı kinematoqrafiya nailiyyəti və kassa yığımları” adı altında blokbaster filmləri üçün də yeni kateqoriya əlavə edib. Bu, “Teylor Svift: zamanın turnesi” film-konsertinə nominasiya üçün yol açıb.

Və ən nəhayət, kinoprokatçıların reytinqi: 

“Netflix” (NFLX.O) 13 nominasiya ilə burada liderlik edir. “Warner Bros. Discovery” (WBD.O) və “Max” telekanalları 17 nominasiya qazanaraq televiziya distributorlarının siyahısında birincidir.

Və sonda!

Dünya kinosu macəraçılıq, nağılçılıq və fantaziyaya meyillənir, özü də sürətlə. Belə getsə, deyəsən repertuarda həyat dramlarına yer qalmayacaq.

 

Qapaq şəklində: “Barbi” və “Oppenheymer” filmlərini internet məkanında “Barbenheymer” adı altında cütləmə nümuməsi. 

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburqun aparıcı “Mariinski” teatrının solisti Elnarə Məmmədova Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov tərəfindən təşəkkürnamə ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Sankt-Peterburq hökumətinin “Smolnıy” sarayında baş tutan təqdimat mərasimində xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, hökumət üzvləri, baş konsul Sultan Qasımov və diplomatlar iştirak ediblər. Mərasimdə Elnarə Məmmədovanın Sankt-Peterburqda mədəniyyətin inkişafına verdiyi töhfə xüsusi diqqətə çatdırılıb.

 

Təşəkkürnaməni təqdim edən Yevgeni Qriqoryev Sankt-Peterburq qubernatoru tərəfindən ilk dəfə olaraq xarici ölkənin Əməkdar artistinə təşəkkürnamənin verildiyini bildirib və vurğulayıb ki, azərbaycanlı opera və balet ustalarının “Mariinski” teatrının truppasında fəxri yer tutması Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Y.Qriqoryev “Mariinski” teatrının solistlərinə “Azərbaycan Respublikasının Əməkdar artisti” adının verilməsi təşəbbüsünə görə baş konsul Sultan Qasımova minnətdarlığını bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl baş konsul Sultan Qasımovun təşəbbüsü ilə Sankt-Peterburqda çalışan bir qrup Azərbaycan əsilli incəsənət xadiminin lazımi sənədləri toplanaraq Heydər Əliyev Fonduna təqdim edilmişdi. Azərbaycan mədəniyyətinin təbliği və ölkəmizin imicinin daha da gücləndirilməsi məqsədilə Sankt-Peterburqda yaşayan və aparıcı mədəniyyət mərkəzlərində fəaliyyət göstərən 4 həmvətənimizə, o cümlədən Elnarə Məmmədovaya Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar artist” fəxri adları verilmişdi.

 

Görüşün davamında çıxış edən baş konsul Sultan Qasımov xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Diplomat Elnarə Məmmədovanı təbrik edərək bildirib ki, Sankt-Peterburqun aparıcı teatrlarında fəaliyyət göstərən istedadlı həmvətənlərimizin müəyyən edilməsi istiqamətində iş davam etdirilir. Baş konsul Sultan Qasımov Azərbaycanın Əməkdar artistinə göstərilən diqqətə görə qubernator A.Beqlova təşəkkürünü bildirib.

 

 “Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

Litvanın Klaypeda şəhərindəki konsert salonunda Azərbaycan Mədəniyyət Günü çərçivəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun fərdi rəsm sərgisi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, “Azeris” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, Ukrayna, latış, yəhudi, alman, tatar, Belarus icmalarının nümayəndələri və soydaşlarımız iştirak ediblər.

 

“Azeris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycanın zəngin mədəniyyəti barədə qonaqlara məlumat verib.

 

Sonra Rövşən Nur öz yaradıcılığından və təqdim etdiyi əsərlərdən danışıb.

 

Litva Seyminin deputatı Ligita Girskiene və başqaları sərginin keçirilməsi münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan icmasının Klaypedadakı fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Tədbirin gedişində Rövşən Nur ənənəsinə sadiq qalaraq yeni rəsm əsəri çəkib və “Azeris” təşkilatına hədiyyə edib.

 

Tədbirin bədii hissəsində Azərbaycan icmasının üzvü Rafael Rəsulov (tar), Azərbaycan həftəsonu məktəbinin məzunu Andrey Vostryakov (saksafon), Məhəmməd və Mahmud Məmmədovlar (skripka) və “Meliha” rəqs studiyasının solistlərinin ifasında konsert proqramı təqdim edilib.

 

Tədbir çərçivəsində milli geyimlərin nümayiş olunduğu guşədə qonaqlar üçün fotozona təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

Yunus Oğuz yazır

 

"Yeni geosiyasətdə hər kəs maraqlıdır ki, Azərbaycanda etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan, eləcə də etibarlı lider olsun" 

 

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Çünki dünyada və regionda yeni geosiyasi vəziyyət yaranıb. Təbii ki, bu yenilik seçkiləri zəruri edir. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Yeni dönəmdə isə xalqdan yeni mandat almaq lazımdır. Prezident sadəcə seçkinin vaxtını tezləşdirməklə seçkiləri sürətləndirib. Bu onunla əlaqəlidir ki, artıq geosiyasi vəziyyət elə bir dönəmə çatıb ki, Azərbaycan etibarlı geosiyasi məkandadır. Bunu isə  təsdiq etmək lazımdır. Bu gün Azərbaycan etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan və etibarlı lider kimi komponenti özündə birləşdirir.

Hələ 2018-ci ildə seçkilərin vaxtı dəyişdirilərək noyabr ayından aprel ayına keçirildi. Bunun səbəbi  o idi ki, yay aylarında Azərbaycana qarşı kifayət qədər təxribatlar başlayacaqdı. Sonradan Mingəçevir Su Elekrtik Stansiyası partladıldı, Gəncədə polis polkovniki güllələndi, Sumqayıtda dini məsələlərlə bağlı aksiyalar keçirildi və sair. Bunların hamısı hazırlanmışdı ki, noyabr ayında prezident seçkiləri ərəfəsində  narazılıq yaratsınlar. İndi də daxili və xarıcı prosesləri təhlil etdikdə görürsən ki, bu gün Azərbaycan saydığım dörd komponentdə birləşərək yeni dönəmə qədəm qoyur. Nəzərə alaq ki, bizim həm də müəyyən hədəflərimiz var. Əvvəl yaxın hədəfimiz Qarabağ idi, indi yaxın hədəfimiz Zəngəzurdur. Belə demək mümkündürsə, hədəflərimiz artıq dəyişib. Yeni geosiyasətdə isə hər kəs maraqlıdır ki, Azərbaycan etibarlı, təhlükəsiz məkan olsun. Etibarlı lider olsun ki, Avrasiya məkanında "Bir kəmər, bir yol" məsələsində Azərbaycandan rahat keçə bilsinlər. Əminəm ki,  buna nail olacağıq. O baxımdan növbədənkənar prezident seçkilərin keçirilməsi düz vaxtına düşüb. Hələ demirəm ki, əgər seçkilər 2025-ci ilin aprel ayında keçirilsəydi, antiAzərbaycan qüvvələr ölkəni qarışdırmaq üçün hansı təxribatları hazırlamışdılar. 

Azərbaycanın əsas hədəfi Güney Qafqazda liderliyi boynuna götürməkdir. Artıq bu istiqamətdə proses gedir və təsdiqini də tapır. Məsələn, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu o deməkdir ki, təhlükəsiz məkan və etibarlı məkan öz təsdiqini tapır. Artıq dünya bütün beynəlxalq tədbiri  Azərbaycanda keçirmək istəyir. Amma daxildə vəziyyət tamamilə başqadır. Məsələ ondan ibarətdir ki, Azərbaycanın daxilində prezidentliyə namizəd olmaq istəyənlər buna hazırdırlarmı? Hələ ki, bir siyasi partiya cəsarət edib öz namizədini irəli sürməyib. Yadıma bir lətifə düşdü: "Biri hallanaraq  küçəyə çıxır və görür ki, uzun növbədir, quru balıq satırlar. Növbəyə dayanır və  növbəsi çatanda bunun üçün tərəziyə bir əyri balıq atırlar. Həmin şəxs bunu görüb deyir ki, "nə oldu, əyri balıq elə mənə qaldı?". Satıcı da deyir ki, "bunu döngədə tutublar". İndi prezident seçkiləri elan etməklə prezidentlyə namizədlərı də döngədə tutublar. Özləri də bilmirlər nə etsinlər, namizədliklərini versinlər, ya verməsinlər. Onu də nəzərə alaq ki, hazırda İlham Əliyevin reytinqinin ən pik səviyyəsidir. Niyə də seçkilərə getməsin? 

Qarabağ əhalisinin bir qismi əvvəllər İlham Əliyevə səs vermirdi. İndi İlham Əliyevin ən böyük elektoratı oradadır. İnsanları doğma yurduna köçürür, ev tikir, təmir-bərpa işləri həyata keçirilir, insanlara əkib-becərmək üçün torpaq verir, iş yerləri yaradır. O vaxt Qarabağdan təxminən 700 minə qədər vətəndaş qaçqın kimi gəlmişdisə, indi ötən otuz ildə iki nəsil dəyişib. İndi hesablamalara görə, orada haradasa bir milyon iki yüz min əhali  olmalıdır. Bu baxımdan İlham Əliyev üçün ən böyük elektorat qarabağlılardır.  Təbii ki, problemlər hələ də var. Yadıma gəlir ki, ötən əsrin 60-cı illərində İkinci Dünya müharibəsindən 20 il keçmişdi, lakin müharibənin fəsadları bitib-tükənmək bilmirdi. Lakin Azərbaycan cəmi üç ilə görün nələr edib.

Və normalda prezident seçkilərinə hələ 16-17 ay qalıb, dünya isə çalxalanır. Azərbaycana isə hədəflərinə çatmaq üçün stabillik lazımdır. Ona görə də düşünürəm ki, ən yaxşı vəziyyət seçkilərin indi keçirilməsidir. Həm də 2024-cü ilin dekabrında bələdiyyə, 2025-ci ilin fevralında parlament, apreldə isə prezident seçkiləri nəzərdə tutulur. Bu baxımdan prezident seçkilərinin  irəli çəkilməsi ən düzgün seçimdir. Həm də bizim 7 illik hədəfimiz də bəllidir. Bu hədəflərə çatmaq üçün ilk növbədə Zəngəzurdan başlamaq lazımdır. Çünki Qarabağ məsələsi artıq hədəfimizdən çıxıb. Bir Rusiya sülhməramlıları məsələsi qalıb ki, onlar da  5 il tamam olan kimi çıxıb  gedəcəklər. Əslində indi də gedə bilərlər, çünki qorumağa heç kim yoxdur, onlar da  Xocalıda öz şəhərciklərində oturublar. Qarabağı tərk edən ermənilərin də əksəriyyəti xarici ölkələrdən gələnlər idi. Onlar da gözəl bilirlər ki, 1990-cı ilə qədər kim burada yaşayıbsa, ona vətəndaşlıq veriləcək. Ermənilərin öz xisləti var, onlar qorxularından deyil, ianə almaq üçün Qarabağı tərk ediblər. Məlumdur ki, Qarabağ ermənilərinə ildə bir milyarda qədər ianə gəlirdi. Onun 367 milyonu elə İrəvandan gəlirdi. İndi də təzə qrantlar üçün şərait yaranıb, ona görə Qarabağı tərk ediblər. Ermənistanın özünün məlumatına görə Qarabağı tərk edən ermənilərin 17 mini başqa ölkələrə gedib. Ermənilərin vətəni yoxdur, hardan qrant alacaqlarsa, ora da gedəcəklər. Rusiya Təhlükəsizlik Komitəsinin sədr müavini elan etdi ki, "Ermənistan çox atılıb düşməsin, bilirik ki, Ermənistanda milyon yarımdan artıq erməni yoxdur". Nə olsun ki, 120 min Qarabağda, 3 milyon isə Ermənistanda erməninin olduğunu qeyd edirlər. Bunu yalnız qrant almaq üçün qabardırdılar. Faktdır ki, Qarabağda 25-30 mindən artıq erməni yox idi. Onların da əksəriyyəti xaricdən gələnlər idi. Hamısı da Ermənistan vətəndaşı pasportunu gəzdirirdi. Onlar qaçqın sayılmır, çünki Ermənistan vətəndaşı öz ölkəsinə qayıdıb. Odur ki, həm daxili, həm də xarici siyasət bir daha bizə belə qənaətə gəlmək imkanı yaradır ki, bütün kataklizmlərdən, sosial katastroflardan qaçmaq üçün seçkilərin fevral ayında keçirilməsi daha məqsədəuyğundur.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

Çərşənbə, 13 Dekabr 2023 11:30

Oğlum, ayaq saxla, bir az asta gəz...

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Oğlum, ayaq saxla, bir az asta gəz,

Burda şəhid adlı bir oğul yatır.

Həyata doymamış, dünya gəzməmiş,

Arzusu qəlbində bir cavan yatır.

Oğlum, ayaq saxla, bir az asta gəz,

Burda şəhid adlı bir oğul yatır.

Toyda oynamamış, körpə görməmiş,

Leylisi qəlbində bir məcnun yatır.

Oğlum, ayaq saxla, bir az asta gəz,

Burda şəhid adlı bir oğul yatır.

Övladdan doymamış, onu öpməmiş, 

Həsrəti qəlbində bir ata yatır.

Oğlum, ayaq saxla, bir az asta gəz,

Burda şəhid adlı bir oğul yatır.

Səni tanımamış, məni görməmiş, 

Bizim üçün ölən bir igid yatır.

Soyuq düşünməmiş, qorxu bilməmiş,

Vətən üçün ölən qəhrəman yatır.

(Nəzrin Hacıyeva) 

 

Bəli bir çoxumuzu görməmiş, bir çoxumuzu heç tanımamış, amma yenə də bizim üçün, bizim əmin-amanlığımız üçün soyuq düşünmədən, qorxu bilmədən, bəlkə bir an belə tərəddüd etmədən öz arzularından, öz xəyallarından, canından, ömür payından keçən minlərlə həyata doymamış, dünya gəzməmiş, övladdan doymamış, onu öpməmiş, arzusu, Leylisi qəlbində igid uyuyur bu yurdun topaqlarında. 

Bu igidlərdən biri də Yevlax rayonunun Xaldan kəndindən olan gənc qəhrəman Bəhruz Məmmədovdur. Gəlin Bəhruzu birlikdə tanıyaq. 

Bəhruz Məmmədov 1991-ci il sentyabrın 7-də Yevlax rayonunun Xaldan kəndində dünyaya gəlib. Kiçik yaşlarında valideynlərini itirən Bəhruz əvvəl nənə-babasının, onlar da vəfat etdikdən sonra isə bibisinin himayəsində böyüyüb. Orta təhsilini Xaldan kənd tam orta məktəbində alıb. Təhsil aldığı dövrdə dərslərində yüksək nəticələr göstərdiyinə görə imtahan verərək 2-ci sinifdən 4-cü sinifə keçib. 

O, həmçinin bu dövrlərdə fənn üzrə olimpiadalarda iştirak edib, Respublika üzrə gənc rəssamlar müsabiqəsində 1-ci yerə layiq görülüb.

2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Bəhruz imtahanda 571  bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakultəsinin "İstehlak mallarının ekspertizası və marketinqi" ixtisasına qəbul olub. 

Bəhruz Məmmədov 2013- cü ildə bakalavriat təhsilini bitirib, təhsilini magistranturada davam etdirib. 

Qeyd edək ki, şəhidimiz informasiya texnologiyaları sahəsini və eləcə də rus, inglis, alman və polyak dillərini də mükəmməl bilirmiş.

O, 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən "Təşəkkür" məktubu ilə təltif edilib.

2020-ci il sentyabrın 28-də Yevlax rayon hərbi komissarlığından qismən səfərbərliyə çağrılan Bəhruz Məmmədov Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 

Bəhruz Məmmədov 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı  Daşaltı kəndində qəhrəmanlıqla şəhid  olub və Yevlax rayonunun Xaldan kəndində torpağa tapşırılıb. 

Və sonda onu da qeyd edək ki, Bəhruz Məmmədov şəhadətindən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə",  "Cəsur döyüşçü və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

Çərşənbə, 13 Dekabr 2023 09:00

Onların Heydər Əliyevi yoxdur...

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Ümummilli lider Heydər Əliyevin əbədiyyətə uğurlanmasından 20 ili tamam oldu. 

Builki anım günü öncəkilərdən yalnız 20-ci ildönümü olduğuna görə fərqlənmir; 2023-cü ilin 12 dekabrı Ümummilli liderin əziz xatirəsini Xankəndidə, Xocalıda... da dərin sayğılarla yad edə bilməmizlə əlamətdardır.

 

Gəlin, üç il öncə - 2020-ci il noyabrın 8-də deyilmiş o möhtəşəm sözləri bir daha xatırlayaq:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! – Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev əziz Şuşanın qurtuluşunu belə müjdələmişdi!

 

Prezident bu il may ayının 10-da – Ümummilli liderin anadan olmasının 100-cü ildönümündə məhz Şuşadan, 30 ilə yaxın müddətdə işğalçıların yuvalandığı inzibati binanın önündəki meydandan Xalqa müraciət edərkən isə belə deyirdi:

“Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi”.

Və nəhayət 15 sentyabr 2023-cü il! – Xankəndi şəhərinin mərkəzində üçrəngli müqəddəs bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan dedi:

“Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq”!..

Bəli, 100 il boyunca, özəlliklə son üç onillik boyunca çox faciələr yaşadıq, dəfələrlə tək qaldıq, bir mənəvi dəstək görüncə onu hadisə olaraq qəbul etdik... Çünki beynəlxalq ictimaiyyətə güclü təsir imkanları olan dövlətlər işğalçının arxasındaydı... Rusiyası da, Fransası da, ABŞ-ı da, bir sürü o biriləri də...

“Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində”...

Böyük faciələrlə üz-üzə qalmış xalqımız, 1 milyon evsiz-eşiksiz soydaşı, həmvətəni, vətəndaşı ölkə üzrə bağrına basdı, dağıdılmış torpaqlarımızın ağrı-acısına dəyanətlə sinə gərdi... Çətin idi ancaq bacardıq! Son illər bizim 90-cı illərdəki kimi hadisələrlə üzləşən dövlətlər haqqında tez-tez belə deyildiyinin şahidi oluruq: “Onların Heydər Əliyevi yoxdur”... 90-cı illərdəki girdabdan Heydər Əliyev dühası sayəsində çıxan ölkəmiz, sonrakı illərdə qarşılaşdığımız mürəkkəb durumlardan da Heydər Əliyev irsi və Heydər Əliyev məktəbinin ən yaxşı yetirməsi sayəsində çıxa bildi. Bütün qardaşlara, dostlara məhəbbət və ən xoş diləklərimizi əsirgəmədən, etiraf edək: Gürcüstan, Ukrayna, Moldava – GUAM (və dərd!) ortaqlarımız hələ girdabdan çıxa bilməzkən, biz nəhayət tarixi uğura imza atmanın qürurunu yaşayırıq. Sağ əlimiz başlarına!

Bəli, xalqımız müdrik xalqdır. Məhz bu müdriklikdir ki, 30 il öncə Heydər Əliyevə, 20 il öncə onun ən layiqli davamçısına güvəndi və bu il əlamətdar yubileyləri ərazi bütövlüyü bərpa edilmiş, suverenliyi təmin olunmuş dövlət olaraq qeyd etdik.

Bundan sonra isə inkişafımız daha da dərin məzmunlu, daha üfüqügeniş olacaq. – İtirdiyimiz onilliklərə görə sürətli və bütün sahələri özündə ehtiva edən bir inkişafdan danışırıq. Danışmırıq, daha artıq dərəcədə inanırıq!

Doğrudur, ömür vəfa etmədi, o böyük insan bu günləri görmədi, lakin heç şübhəmiz yox ki, şanlı Ordumuzun möcüzəvi uğurları, Xocalıda, Xankəndidə qutsal bayrağımızın ucaldılması (və əbədi dalğalanacağına sarsılmaz inamla dalğalanması!) onun ruhuna əyandır.

“Bu günləri görmədi” deyirik, ancaq bu günləri görürdü... bu günlərə inam içində çalışır, yaradır-qururdu.

Bu sözlər O böyük şəxsiyyətə aiddir:

 

“Azərbaycan mənim ürəyimdir,

Azərbaycan mənim nəfəsimdir,

Azərbaycan mənim həyatımdır”!

 

Ümummilli liderimizi əbədiyyətə qovuşmasının 20-ci ildönümündə dərin sayğılarla anırıq.

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş türk ədəbiyyatında xüsusən tineycerlərin sevə-sevə oxuduqları bir yazardır Esra Gül Karagülle. Onunla əlaqə saxlayıb portalımız üçün müsahibə istədik, o da TÜRKSOY tərəfindən İlin media ödülünü almış bir portala məmnuniyyətlə müsahibə verəcəyini bildirdi. 

 

-Salam Esra xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqda azərbaycanlı oxuculara məlumat verərdiniz.

 

-Salam mən yaxşıyam, təşəkkürlər. Siz də yaxşı olun. İstanbulda anadan olmuşam. İbtidai məktəb illərində Dövlət Konservatoriyasının qiyabi tələbəsi kimi balet hazırlığına başlamışam. Klassik baletlə yanaşı, piano, teatr kimi kursları yan kurs kimi görürdüm. Peşəkar karyerama orta məktəbdə oxuyarkən İzmir Dövlət Teatrında tamaşaya qoyulan “Oğlan Dost” adlı musiqili teatrda iştirak etməklə başlamışam.

Biznes təhsilimi bitirdikdən sonra özəl bir şirkətdə işləməyə başladım və hələ də biznes həyatımı davam etdirirəm.

 Qarışıq rəsm sərgilərim olub. Mən təsviri sənətin hər bir hissəsini sevirəm və yaradıcılıq həyatımın mərkəzində yer alır.

 Ən böyük maraq sahələrimdən biri də Psixologiyadır. Əsas, yeniyetmə, ailə... kimi bir çox təlimlərdə iştirak etdim.

Güc mənbəyim  könüllü fədakarlıqdır. “Müasir Həyatı Dəstəkləmə Dərnəyi”nin Zekeriyaköy Şöbəsinin Layihə Koordinatoru və eyni zamanda dərnəyin mentorları arasındayam. Yeniköy Rotary Klubunun müddətli katibi və gələcək prezidentiyəm. Son vaxtlar təhsilimi ədəbiyyata yönəltmişəm.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Ədəbiyyata marağım gənc yaşlarımda müxtəlif mədəniyyətlərin əsərlərini oxumaqla başladı. Orta məktəb illərində ədəbiyyat, incəsənət tarixi və fəlsəfə sahələrində dərinləşmək mənə həmişə zəngin intellektual təcrübə təklif edirdi.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-İlk kitabımı “Yok Artık Çıp Çıp’ın Bale Pabucu”nu qızım Serra və on beş ildir birlikdə yaşadığımız tısbağamız Çıp Çıpdan ilhamlanaraq yazdım. Daha sonra kitabın bütün müəllif hüquqlarını “Müasir Həyatı Dəstəkləmə Dərnəyi”nin “Anadoluda bir qızım var, müəllim olacağam” layihəsinə bağışladım. Daha sonra Türkan Saylanın bütün uşaqları, hətta böyükləri də ruhlandırmaq üçün yazdığım “Bubu Türkan Saylan’ı Anlatıyor” adlı kitabımda onun həyata baxışını, həyat fəlsəfəsini, yaradıcılığını izah etdim. Bu kitabın müəllif hüquqlarını da yenə eyni layihəyə bağışladım. Qızların təhsili mənim üçün ən vacib məsələlərdən biridir.

 Mənim “Kış Gündönümü” adlı böyüklər üçün hekayəm var. Dəyərlərlə bağlı yazdığım 10 kitabdan ibarət “Serra və Çıp Çıp” adlı seriyam çap olunmaq üzrədir.

 

-Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Həyatımda hər şeydə ehtiras və maraq var. Həyatınızda heç bir həyəcan yoxdursa, bu, ehtirasınızın olmadığını göstərir. Körpə olanda anam məni həmişə klassik musiqi ilə yatırırdı. Uşaqlıqdan təsviri sənətlə məşğul olduğum üçün təxəyyülüm, yaradıcılığım mənimlə iç-içədir. Qəza məni balet karyeramı bitirməyə məcbur edəndə düşündüm ki, bu işıqlı dünyadan uzaqlaşa bilərəm. Ancaq bu, müvəqqəti bir müddət idi. Sənətkar insan nəticədə öz yaradıcılığını əks etdirir,  onu daxilində saxlaya bilməz.  Bu bəzən, rəqs ayaqqabısı geyinməklə, bəzən fırça ilə, bəzən piano düymələri və ya qələmlə...

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Təəssüf ki, mücərrəd bir anlayış olan zaman qeyri-maddi və görünməzdir. Bildiyiniz kimi, zaman anlayışını tarixdə ilk dəfə misirlilər (qum saatı) işlətmişlər. Vaxtın idarə edilməsi çox əhəmiyyət verdiyim bir şeydir. Mən prioritetlərimi çox yaxşı bilirəm. Kitab yazdığım dövrlərdə xarici dünya ilə əlaqəm minimuma enir. Çox intizamlıyam. Səhər saat 5-6 radələrində personajlar beynimdə danışmağa başlayanda mən kompüter qarşısında oluram. Gündə 9-10 saat işləyirəm. Bəzən bazar günləri də daxil olmaqla hər gün növbə ilə işləyirəm.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Məktəbəqədər yaşda kitab oxumağı sevən uşaqların ədəbiyyat oxucusu olmaq ehtimalı həmişə daha yüksəkdir. Ona görə də bu dövrdə uşaqlar üçün hazırlanan şəkilli kitabların çox təsirli olduğunu düşünürəm. Uşaq sizi aural olaraq dinləyərkən şəkillərə baxaraq vizual olaraq da oxuyur.

Orta məktəbdə və liseydə buna alışmaq bir az daha çətin və uzaq bir ehtimaldır. Bu baş vermir, olur, amma məktəbəqədər təhsildə bir səylə qurulursa, digər tərəfdən zəhmət tələb olunur. Müşahidə edirəm ki, kitab oxuyan anaların övladları da kitab oxumağı sevirlər. Bütün ailənin iştirakı ilə mütaliə vaxtının təşkili və oxunan kitablar haqqında danışılması gərəkdir. Uşaqlar üçün evdə kiçik kitabxananın yaradılmasını səmərəli hesab edirəm. Həmçinin, dağınıqlığa yol vermək, seçimlərinə hörmətlə yanaşmaq lazımdır...

Bunlardan başqa, mütəmadi olaraq kitab mağazalarına, kitab sərgilərinə baş çəkmək, orada müsahibələrdə iştirak etmək, müəlliflərlə ünsiyyət qurmaq balaca oxuculara müsbət təsir edir, onları həvəsləndirir. Bunu yarmarkalarda müşahidə edirəm. Uşaq jurnallarına abunə olmağın da təsirli olacağını düşünürəm.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Təəssüf ki, Türkiyədə cəmiyyətin müntəzəm kitab oxuma səviyyəsi aşağıdır. Uşaqlara kitab hədiyyə etmək vərdişi də unudulub. Təəssüflər olsun ki, son illər kitab oxumaq üçün maliyyə imkanlarına çata bilməyənlərin sayı kifayət qədər çoxdur.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatı, incəsənəti məni maraqlandırır. Biz artıq eyni coğrafiyada yaşayırıq və dillərimiz çox oxşardır. Azərbaycan yazıçıları sözündə qətiyyətlidirlər. Məncə, onlar çox aydındır. Ağlıma gələn adlardan biri də Azərbaycanın ən önəmli qadın şairlərindən Xurşidbanu Natəvandır. Yadımda qalan odur ki, o, şeirlə yanaşı, xəttatlıq, aydınlandırma, rəssamlıq kimi sənətin bir çox sahələrinə maraq göstərirdi və çoxşaxəli idi.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Planlarımda yazmaq istədiyim çoxlu hekayələr var. Hələlik diqqətimi uşaq ədəbiyyatına yönəldirəm. Böyüklər üçün kitablar, ssenarilər və reklamlar kimi mövzular da məni maraqlandırır. Görək zaman nə göstərəcək.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Məncə, kitabın bədəni var və o, kağızdan ibarətdir. Kitaba toxunmaq mənim üçün önəmlidir. Kitab;  görmə, qoxu, toxunma, eşitmə və dad beş duyğunun ilk üçünə müraciət etdiyi halda, elektron kitab yalnız görmə və eşitmə duyğumuza müraciət edir. Bəzən bir kitabı açıb vərəqləmək belə məni xoşbəxt edir.

 

- Bir  yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Oxumaq yazı səyahətinin vacib hissəsidir. Hətta, bu, müxtəlif dünyalara qapıları açmağın ən yaxşı yoludur. Fərqli perspektivlər təqdim edir. Düşünürəm ki, müxtəlif dövrlərə, müxtəlif mədəniyyətlərə mənsub olan müəlliflərin əsərlərini oxumaq dil biliklərimizi, söz ehtiyatımızı, yaradıcılığımızı və hətta dünya haqqında anlayışımızı zənginləşdirə bilər. Bir yazıçı kimi özünü daim təkmilləşdirmək, daha geniş auditoriya ilə ünsiyyət qurmaq istəyirsinizsə, ədəbiyyat dünyası ilə əlaqədə yaşamaq vacibdir.

 

-Dəyərli vaxtınızdan bizlər üçün zaman ayırdığınız üçün minnətdaram, Esra xanım!

 

-Xoşdur Habil bəy! Mən də sizə və bütün əməkdaşlara təşəkkür edirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

Toğrul Bayram oğlu Abbasov

 

Toğrul Bayram oğlu Abbasov 1990-cı il, dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub.

Şəhidin atası Bayram Abbasov bildirib ki, Toğrulun ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi: "Öz arzusuna çatdı. Onu heç kəs məcbur etmədi. Torpaqları yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu".

Toğrul Abbasov şəhadətə ucalmasından 7 ay əvvəl ailə həyatı qurmuşdu. Ata olmağa hazırlaşırdı. Bu barədə şəhidin bibisi Asya Şəmmədova danışıb: “Övladını görmək nəsib olmadı. Arzusu var idi, əgər qızı olarsa, adını Yağmur qoyacaqdı. Biz onun arzusunu yerinə yetirdik. Vətən sağ olsun".

Şəhidin qardaşı Cavad Abbasov Toğrulun mərd, cəsarətli, vətənpərvər olmaqla yanaşı, həm də ailəcanlı olduğunu qeyd edib: "Axırıncı dəfə atamla danışanda deyib ki, hər şey yaxşıdır. Narahat olmayın. Vətən müharibəsinin ilk günündə şəhid oldu. Mən qardaşımla fəxr edirəm", - deyə Cavad bildirib.

Toğrul Abbasov doğulub boya-başa çatdığı doğma kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Kiçik yaşda öz ananı itirdin, 

Bu vətəni ana bildin, şəhidim.

Anaların otuz illik həsrətin

Göz yaşını özün sildin, şəhidim.

 

Hamı bilir, qəhrəmanlıq etmisən,

Şəhid olub ürəklərdə bitmisən.

Savaşların ilk günündə getmisən,

Allahamı tələsirdin, şəhidim?

 

Necə olur şəhidliyin dünyası?

Şəhidlikdir bu dünyanın mənası.

Arzun olub torpaqların xilası,

Bu zəfəri özün yazdın, şəhidim.

 

Öz ömrü var çiçəyin də, yazın da.

Çiçək bitməz boranında, buzunda.

O üzünü görmədiyin qızın da

Sənin ilə fəxr eləyir, şəhidim.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

 

 

Çərşənbə, 13 Dekabr 2023 15:00

QİRAƏT SAATInda “Eşq mələyi”

“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

10-cu hissə

 

Ailə həyatı

 

Bəmbəyaz rəngli “Audi Q-7” avtomobilində (o vaxt dəb idi, ən bərkgedənlər gəlini kirayəyə götürülən “Hammer”lərlə gətirərdilər, amma Q-7 Madarın öz avtomobili idi, qiyməti heç də “Hammer”dən əskik olmadığından bəy-gəlin maşını kimi onu seçmişdilər) Ülkərlə Madar şadlıq evindən Madargilin Neftçilər prospektindəki mənzilinə yollandılar. Şadlıq evinə Q-7-sini özü sürən Madarı indi az qala sürüyüb arxa oturacağa atmışdılar, avtomobili sürücü idarə edirdi.

O qədər özündə deyildi ki, yaxasındakı “baboçka”sını da haradasa salmışdı.

Ülkəri yengə otağa salıb soyundurub zifaf gecəsinə hazırlayanda bircə anlıq da gözünün yaşı qurumadı. Hey ağlayır, ağlayırdı. O, bu anlarını Rüfəti ilə təsəvvür etmişdi həmişə. Həsrətlilər təki bir-birinə sarmanıb sevişməkdən doymamış, kam verib, kam almışdılar. İndisə bu köntöy, yonulmamış, öz toyunda “bəsdir” demədən, ar etmədən bir şüşə araq boşaldan nanəcibin qisməti olurdu…

Bu da Madar.

Madar içəri girən kimi soyunmağa başladı, şalvarını çıxaranda müvazinətini saxlaya bilməyib yıxıldı da. Ülkər pıq eləyib gülümsədi, amma bu gülüş tezcə ikrah hissinə keçdi. Birtəhər soyunub Madar özünü Ülkərin üstünə atdı.

Spirt və tütün qoxuyan nəfəsi ilə Ülkərin üzünü qarsırdı, ruhunu, iç dünyasını basıb əzməkdəydi bu həmlələri ilə.

Hayqıra-hayqıra, tövşüyə-tövşüyə nələrsə eləməyə çalışsa da, edə bilmirdi, əsəbiləşirdi, söyüş söyürdü. Yenidən cəhdlər edir, yenə də alınmırdı. Ülkəri acılayırdı, onu təşəbbüs göstərməyə məcbur edir, kobudluq göstərirdi.

Bir qədər sonra Madar tam yorulub əldən düşdü, üzüqoylu yatağa uzanıb balışı qucaqladı, xorultuyla yatmağa başladı.

Ülkər hönkürərək ağladı. Budurmu onun ailə həyatının başlanğıcı?

Həmin gün Ülkərin göz yaşları səhərəcən qurumamışdı. Vəziyyətdən agah olan qayınanası Nazəndə xanım onu səhərədək ovuda bilməmişdi. Ülkər ağlayıb-sısqayıb söyləmişdi:

-- Adam toyunda sərxoş olarmı?

-- Adam həyat yoldaşının yanında murdar söyüşlər söyərmi?

-- Adam həyat yoldaşı ilə bu qədər qaba, sərt rəftar edərmi?

-- Elə bil, siz də məni bağışlayın, bir fahişə ilə rəftar edirdi.

Növbəti günlərdə də Ülkər bakirə qalmışdı, Madar gah içkili, gah yorğun, gah da tam fərqli bir durumda, gözü-başı şişmiş gələrdi (sonradan Ülkər biləcəkdi ki, həyat yoldaşı nəşə çəkirmiş),bəzən də heç nədən Ülkərlə sözləşər, onu acılayardı, zifaf gecələri yenə də alınmazdı.

Madarın anası Nazəndə xanım olduqca yaxşı qadın idi, mehriban, xoşsima. Oğlu ilə baş verənlərdən çox üzülər, nə yollasa məsələni yoluna qoymağa çalışardı. Qadın göz yaşları içində Ülkərə yalvarardı ki, bu çağa kimi bakirə qaldığını, Madarın hələ də “öz işini görə bilmədiyini” heç kəsin yanında danışmasın. Əlbəttə ki, hamı Madarın gücsüz, zəif, hətta üzdəniraq olmasını təxmin edəcəkdi, haqqında şayiələr, söz-söhbət dolaşacaqdı, aləmdə biabır olacaqdılar. Axı Madar elə birisi deyildi.

Yazıq qadın, Madarı qabağına qoyub danlayırdı, öyüd-nəsihət verirdi, amma bir xeyri olmurdu.

Ülkər dərdini özü çəkir, anasına, bacısına belə demirdi. Əlbəttə, ata-anasına “bir görün məni necə bədbəxt elədiniz” deməsinə, onların üstünə getməsinə əlinə əla bir girəvə düşmüşdü, bununla belə, Nazəndə xanımın insanlığını, Ülkərə ilk gündən necə dəyər verdiyini, ona qızı kimi yanaşdığını əsas tutub bu qadının göz yaşlarına qıymırdı, onun “heç kəs bilməsin” xahişinə axıracan əməl etməkdə israrlı idi.

Yazıq Nazəndə xanım, özü dünyəvi bir insan olsa da, əlacsızlıqdan, çarəsizlikdən mövhumata da əl atmalı olmuşdu, oğlunun “bağlandığını” zənn edib falçıya, cadugərə də pənah aparmışdı.

Yalnız toylarından iyirmi iki gün keçəndən sonra həmin o zifaf gecəsi baş tutdu. İki gün evdən çıxmayan, içib-çəkməyən, canına qulluq edən Madar həmin gecə işinin öhdəsindən, axır ki, gəldi.

Oraya kimi isə Ülkər tərəddüdlər içində qalmışdı, hətta bakirə qalmasına sevindiyi də olurdu, deyirdi, yəqin, Allahın qisməti beləymiş, mən bakirə qalıb hər halda öz Rüfətimə qismət olacağam.

Ailə həyatı çox cansıxıcı keçirdi, qayınanasının və qayınatasının mehribançılığı Madarın kobudluğu, vecsizliyini heç də sığorta eləyə bilmirdi. Bu adam həyat yoldaşını bir dəfə küçə-bayıra çıxarmır, kinoya-konsertə aparmırdı. Yalnız ailəvi toya, nişana, ad günlərinə gedəndə Ülkər bəzənib-düzənib Mərdanzadə ailəsinin bir üzvünə çevrilirdi.

Madar universiteti bitirib prokurorluqda vəzifə alandan sonra bir az da sərtləşdi, qabalaşdı. Bəzən evə gecəyarısı gəlir, yenə spirt və tütün qoxusu ondan əskik olmur, üzün-gözün şişməsi halları da təkrarlanırdı. Bəzən Ülkər onun ağ köynəyində qadın pomadası izləri görür, ondan qadın ətrinin qoxusunu duyurdu. Bir neçə dəfə bunu ona irad tutmuş, bir dəfəsində ərinin gecə bir qadınla intim danışığına belə şahid olmuş, özünü təhqir edilmiş sanaraq çıxıb Gənclikdəki evlərinə qayıtmışdı. Qardaşı dərhal rayona zəng edib ata-anasını çağırtdırmış, onlar da zorla Ülkəri ər evinə qaytarmışdılar.

Qələndərov sərt şəkildə qızına demişdi:

-- Qulaqlarını aç, yaxşı-yaxşı eşit. Sənin ər evindən ancaq meyidin çıxa bilər!

O dönəmlərdə Ülkərin yeganə təsəllisi universitet idi. Dərslərə gedib-gəlir, eyni xeyli açılırdı. Yenə də ümidliydi ki, bəlkə təsadüfən Rüfətini görə biləcək, yenə də ümidliydi ki, bəlkə tale onu cəzalandırdıqdan sonra, bu qədər bədəl ödədikdən sonra bəlkə necəsə bəxti açılacaq. Hətta bir dəfə küçədə ürəyi döyünərək birinin dalınca qaçıb “Rüfət” deyə çağırmış, həmin şəxs geri qanrılanda səhv etdiyini görüb məyus olmuşdu.

Amma daha pisi baş verdi. Bir dəfə dərsdən qayıdanda Madarevdəydi, kefliydi, onun üzərinə şığıdı. Qışqırdı:

-- Harda sülənirdin?

Madarın ata-anası evdə yox idi deyə Ülkər onun sərtliyinin qabağında əsla dinməz qalmadı:

-- Əvvəla ağzının danışığını bil, mən küçə qadını deyiləm ki, sülənəm. İkincisi də, guya bilmirsən hardaydım? Universitetdən başqa harda olasıyam ki?

Ülkər daha artıqlarını dedi, həyat yoldaşını tərbiyələndirməyin qeydinə qaldı:

-- Kişi öz həyat yoldaşına kölə kimi baxmaz, xanım kimi, dost kimi baxar, lap elə şahzadəsi kimi baxar, ona güvənər, inanar, arxalanar. Onunla məsləhətləşər, gələcəyi birgə qurarlar.

Amma Madarın tərbiyələnmək fikri yox idi, çox azğındı həmin gün. Ülkərə əl qaldırdı, dedi, bu gündən daha universitet-filan yoxdur.

Ülkər bu sözləri ciddiyə almadı, düşündü, yəqin, Madar sərxoşdur deyə deyir, sabah unudacaq bu dediklərini. Amma belə olmadı. Madar ertəsi gün universitetə gedibÜlkərin əyani təhsilini qiyabiyə çevirtdirdi.

Ülkər dörd divar arasında dustaq oldu. Üzü gülmədi, hey fikir çəkdi, xəlvətə düşəndə ağladı.

Oğullarının bivecliyini duyan valideynlər onunla danışır, onu düz yola qaytarmaq istəyirdilər, di gəl, nə illah eləsələr də, buna nail ola bilmirdilər.

Bir dəfə Ülkər ailəvi şam yeməyi zamanı belə bir söhbətin də şahidi oldu. Əflatun müəllim oğluna dedi:

-- Madar, sənə daha demədiyimiz söz qalmadı. Heç inanmazdım ki, sən gəlib bu cür olacaqsan. Bir bax, Rüfət də bir kişinin oğludur, biz atalar uşaq vaxtı onlar rayondan bura gələndə sizi güləşdirərdik, sizə müxtəlif suallar verərdik, öz aramızda mübahisə edərdik ki, kimin oğlu güclüdür. Onda ağlıma belə gəlməzdi ki, Rüfətin axırı hara gedib çıxacaq, sənin axırın hara. Madar Mərdanzadə gərək belə olmayaydı. Sənin haqqın yoxdu belə olmağa.

Söhbət Ülkərin Rüfətindən gedirdi, onun adını eşidəndə Ülkər hıçqıraraq ağladı, Nazəndə xanımla Əflatun müəllim də elə bildilər, ərinin danlanması, valideynlərini yarıtmaması səbəbindəndir onun ağlaması.

Oğullarını tərbiyələndirə bilmədikcə valideynlər tamam ruhdan düşürdülər. Belədə xoş sözlərlə, təsəllilərlə, hədiyyələrlə Ülkərin qəlbini almaq istəyirdilər. Hərdən oğlunun etmədiyini etməyə çalışan Nazəndə xanım Ülkəri bulvara çıxarar, gəlin-qayınana yorulunca gəzər, həyat barədə fikir mübadiləsi aparardılar.

Ülkər bu ali təhsilli, son dərəcə savadlı və mədəni qadınla öz yaşantılarını birəbir bölüşərdi, ailə, kişi-qadın münasibətləri barədə bildiklərini, oxuduqlarını, təxmin etdiklərini danışardı. Onu “Madarı çox ərköyün böyütdük, çox sərbəst böyüdü, indi yığıb-yığışdıra bilmirik, amma bir balanız oldumu, bala şirin şeydir, hər şey yoluna düşəcək” sözləri ilə azacıq da olsa ümidləndirən qayınanasına qız vaxtı özünün düşündüyü “xoşbəxtlik əmsalı”nı da açıqlayırdı:

-- Həmişə toyumu, “Vağzalı” sədaları ilə evdən uzaqlaşmağımı təsəvvür edirdim. Atamla qardaşım mənə göz verib, işıq vermirdilər, hər addımım izlənilirdi, heç bir azadlığım, sərbəstliyim yox idi. Həmin o qadağaların içində yeganə ümidim ağ atlı bir oğlana idi, düşünürdüm ki, həmin ağ atlı oğlan məni zülmün, istibdadın əlindən götürüb aparacaq, xoşbəxt edəcək. Toy günümüzü hər bir xırdalığına kimi təsəvvür edirdim. Toy insan ömrünün ən xoşbəxt günü olsun deyə bəylə gəlin gərək bir çox detalları nəzərə alsınlar. Xoşbəxtliyə atılan addımlar var ki, ondan xəbərdar olmaq vacibdir. Dəbdəbəli toy, yoxsa sadə? Minlərlə insan üçün toy, yoxsa yalnız iki sevən üçün? Hiss-həyəcanlı toy, yoxsa tam təmkinli, sadə? İnanın, mən ən təmtəraqsız, ən sadə toyu seçərdim, o toyu ki, sadəcə mənə xoşbəxtlik gətirsin. Mən kabab, qara kürü yeyən dedi-qodulu ailəni yox, şor-çörəklimehribançılığı seçərdim. Nə yazıq ki, bu mənə qismət olmadı.

Nazəndə xanım Neftçilər prospektində sıralanan brend butiklərdən Ülkərə bahalı geyim-kecim almağı da xoşlayırdı. Bu libaslarda Ülkər özünü tam dəyişilmiş, gözəllikləri bir az da qabardılmış hiss edərdi, di gəl, aldığı həzzin yerini tezcə də Madarın ona qarşı münasibətlərini xatırlamaq tuturdu, səmasının ağ rəngini qara buludlarla qaraldırdı.

Nazəndə xanım fikirlərini açıq-aşkar ifadə edirdi, sanki Madarın deyil, Ülkərin anasıydı, daim ona qahmar çıxırdı, üstəlik, bəzən Ülkərə görə hətta onun günahkar valideynlərini də, öz həyat yoldaşını da suçlayırdı:

-- On altı-on səkkiz yaşlı qızları ərə vermək olmaz. Həyat filmlərdəki kimi deyil. Elə iyirmi-iyirmi iki yaşlı oğlanları da evləndirmək olmaz. Valideynlər toplantı edirlər, uşaqlarının əvəzinə qərar verirlər, öz planlarını reallaşdırırlar, birinin hədəfi özünə arxa tapmaq, birinin hədəfi nəsil-qohum çevrəsindən kənara çıxmamağı təmin etmək, birininki varlanmaq, birininki də, bizimkilərdəki kimi, dostluqlarını qohumluğa çevirmək olur. Nəticədə onlar öz bəsit istəkləri sayəsində övladlarını bədbəxt edirlər. Əksərən bir-biri ilə tanış belə olmayan, bir-birinə heç bir hiss bəsləməyən uşaqları zorla bir-birinə pərçimləyib bədbəxt edirlər. Bilirsən, qızım, indi əlli-altmış il əvvəlki zəmanə deyil. Bəlkə də bu prinsip haçansa məqbul olub, amma indi məqbul ola bilməz. İndiki kompüter, internet əsrində uşaqlar ovaxtkı uşaqlar deyillər. Təfəkkür, məfkurə, bilik, savad, elm – hər şey dəyişib, di gəl, mental qanunlar dəyişməyib ki, dəyişməyib.

Bir ara Madar lap azğınlaşdı, bəzən günlərlə evə gəlmirdi, sorağı gah İstanbuldan, “Reyna” diskotekasından, gah Batumidən, “İveriya” kazinosundan gəlirdi. Valideynləri də Ülkərlə birlikdə kədərə batmışdılar.

Hamiləlik dönəmində Ülkər Madardan hər halda qayğı gözlədi, qışın oğlan çağında alça arzulayan, arzusunu həyat yoldaşına söyləyən, həyat yoldaşının da gedib yerin altından da olsa həmin alçanı tapıb gətirməsindən xoşhal olan bəxtəvər hamilə xanımlar barədə çox eşitmişdi, təəssüf ki, buna bənzər bir şeyi Madarda görə bilmədi. Yalnız hərdən onun günbəgün irilənməkdə olan qarnına baxıb “Hə, oğlum haçan dünyaya gələcək” sualını ünvanlamaqdan başqa Madarda bir dəyişiklik sezə bilmədi.

2005-ci ilin 11 aprelində qızı dünyaya gəldi.

Analıq hissi necə də təkrarsızdır, gözəldir. Körpə qığıltısı onu özündən alıb apardı. Körpənin qoxusu onu necə də məst elədi. Leyla Şıxlinskayanın Doğum evinə Madar yenə də sərxoş halda gəldi, böyük gül dəstəsi və bahalı şokoladla gəlmişdi, sevincək idi, Ülkər xəstəxanadan çıxanda da dostları üçün böyük bir ziyafət təşkil elədi.

Ata olmasının sevincini cəmi bir neçə gün yaşadı, sonra uşaq da onun üçün adiləşdi.

Hətta bir dəfə Ülkəri təhqir də elədi ki, ay ləçər, canın çıxardı oğlan doğsaydın?

Ülkər Rüfətlə sevişdiyi dönəmdə əhd eləmişdi ki, sevgi ilə doğulan oğluna Elvin, qızına Aylin adını qoysun. Əhdinə əməl elədi, Madarın uşağa hansı adın qoyulmasını vecinə belə almadığını görüb Nazəndə xanıma dedi ki, Aylin adından çox xoşum gəlir, istəyirəm qızıma Aylin adını qoyum.

İlk nəvə sevincindən qanad açıb uçmağa hazırlaşan Nazəndə xanımla Ərəstun müəllimin öz qərarları var idi, onlar da özlüklərində gələcək nəvələrinə adlar seçmişdilər, amma onsuz da talesiz olan gəlinlərinin ziddinə getməmək, onu bir az da əzməmək qərarı verib Aylin adıyla razılaşdılar.

Nəvəsini görməyə gələndə Qələndərov Zöhrəyə dedi ki, nəvəm kopya özümə oxşayır. Gör bir necə ciddi və qaraqabaqdır.

Həmin an evliliyindən bəri ilk dəfə Ülkər təklikdə qalanda atasına necə də bədbəxt olduğunu dilə gətirdi, onu əşya kimi satmaqda ittiham elədi. Dedi, dünyada ən gözəl dad sevginin dadıdır. Allah insanı sevgidən yaradıb.

Dedi, bax, sən ev alanda da, maşın alanda da, sevdiyin, bəyəndiyin evi, maşını alırsan. Amma daha önəmli şey ailə qurmaqdır. Sən ata olaraq məni sevgi ilə ailə qurmaqdan məhrum elədin.

Ülkər ilk dəfə ailə həyatının bütün acılarını ətraflı olaraq atasına danışdı, onu qızını bədbəxt eləməkdə ittiham etdi.

Qələndərov həmişə odlu-alovlu, hikkəli görünsə də, bu dəfə qızının üstünə getmədi, onu səbirlə dinlədi, sonda da “Sən daha anasan, balanın xatirinə hər şeyi yoluna qoymalısan, Madar da başı daşdan-daşa dəyəndən sonra sakitləşəcək, ailəcanlı olacaq” deyib qızı ilə xudahafizləşdi.

Bir dəfə isə lap dəhşətlisi oldu. Gecə Ülkərin yuxusu qaçmışdı, Rüfətin verdiyi kitabı götürüb vərəqləyirdi, şeirlərlə baş-başa idi.

 

Başımda tufan var, könlümdə çovğun, 
Arzu da, fikir də qaldı yarıda, 
Gör necə güclüsən, 
sənin yoxluğun 
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı, 
Dərdimdə, qəmimdə yaşarsan mənim. 
Yoxluğun gör necə qələbə çaldı, 
Bugünüm ölüdür, 
yaşar dünənim! 
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

 

Kitabı oxuyub sinəsinə sıxır, göz yaşı axıdırdı. Birdən başının üstündə ərini gördü, Madar onun əlindən kitabı qapdı, açıb Ülkər oxuyan şeirə göz gəzdirdi:

 

Fərəhim, sevincim dünəndə qaldı, 
Dərdimdə, qəmimdə yaşarsan mənim. 
Yoxluğun gör necə qələbə çaldı, 
Bugünüm ölüdür, yaşar dünənim! 

 

Gecənin bir aləmi necə çığırdısa, səsi dərin sükutda əks-səda verdi:

-- Demək, eşqə düşmüsən? Keçmiş sevgilini unuda bilmirsən?! Fahişəymişsən sən, xəbərimiz yox imiş!

Madarın valideynləri də gözlərini ovuşduraraq qaçıb gəldilər. Bu boyda həngaməyə səbəb yalnız Madarın Ülkəri bir kişi ilə tutması ola bilərdi, görəndə ki, Ülkərin kitab oxuması səbəbindən Madar bu cür oyun çıxarır, valideynləri ona dişlərinin dibindən çıxanı dedilər. Amma Madar sərxoşdu, hallı idi, özündə deyildi. Kitabı cırdı, pəncərəni açıb oradan küçəyə vızıldatdı.

Ülkər ərinin çıxardığı bu oyundan daha da əzildi, daha da sındı. Sanki kitabı yox, ürəyini cırdılar, pəncərədən çölə vızıldatdılar.

O arada Ülkərin yeganə təsəllisi balasını sinəsinə sıxıb ağlamaq idi. Bəzən fərqinə varırdı ki, körpənin üst-başını da yamyaş edib gözünün yaşları ilə.

Aylin günlə, ayla yox, sanki saatla, dəqiqə ilə böyüyürdü. Dil açması, yeriməsi də özünü çox gözlətmədi. Baba-nənə, bir də ana sevgisi ilə tam əhatə olunmuş uşağın çarpayısı, kolyaskası, paltarı ən bahalılarından idi. Onun əmziyi belə Amerikadan gətizdirilmişdi, qiyməti iki yüz qırx dollar idi.

Amma nə olsun?! Zahiri xoşbəxtlik arxasında böyük bir daxili nigarançılıq vardı, bu da atanın balaya diqqətsizliyi idi.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.