
Super User
O həm də sədaqətli dost idi…
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bu vəfasız ömür, bu coşqun dərə
Gərək boş-boşuna axıb keçməsin!
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə baxıb keçməsin.
Belə deyirdi şair. O şair ki, həyatının çiçək açan dönəmində çiçəyini soldurub, özünü əbədi yoxluğa çəkə biləcəklərini düşünmüşdülər. Amma onlar fərqində deyildi ki, bu xalqın qəlbinə əbədi Müşfiq izi vurdular. Müşfiq həm də çox yaxşı dost idi.
Müşfiqin həbsindən öncə onu yanına çağıran Ayna Sultanova onun Hüseyn Cavid əleyhinə bir-iki mənfi rəyi yazması ilə qurtula biləcəyini söyləyir. Ardınca isə Hüseyn Cavidi onsuz da itirmişik deyir. Amma bunun cavabında Müşfiq deyir ki, mənim sağ əlim Hüseyn Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram. Ayna Sultanova bu dostluğun, mərdliyin qarşısında dözməyib ağlayır.
Mənim könlüm deyir ki, hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər hələ qarşımızdadır!
Bu gün Müşfiqin ruhu şaddır, vətənin şad günlərini görmək Müşfiq sevənlərə görmək qismət oldu.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
Əməkdar artist Aygün Bəylər vəfat edib
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istunadən məlumat verir.
“Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə nazirliyin məlumatında bildirilir.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
Sümüyü öz qabaqlarına çəkmək üçün boğuşan itlər - AKTUAL
Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb gedə bilərsən, oğurladıqlarınla birlikdə?
Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay adam, lüt zəngin, çoxbilmiş məcnun. Məsələn dəniz qırağını, dağı, meşəni çəpərləyən kəs, bunlar hardan, necə sənin olur? Ümumiyyətlə bir qum dənəsi, ağac yarpağı, 500- 1000 illik, nəhəng bir çinar necə sənin ola bilər? Eynşteyn qum dənəsinin sirrini aça bilmədi, Timiryazev fotosintezdən, Navaşin ikiqat mayalanmadan vəcdə gəldi.
Anlamaq üçün deyim ki, sən bütün bunlara necə sahib ola bilərsən? Nə yaratmısan, nə onu sənə veriblər, nə də ki, dərk edirsən, o nədir, niyə mövcuddur. Elə gəlib durub, yanında mənimdir deyirsən. Gör o nəhəng ağacda nə qədər yuva var, ağacdələn nə edir, milçəyi, arısı, göbələyi, qurdu- quşu var o ağacın. Sən də ən yaxşı halda onlardan biri...
Dünyada nə varsa ümumidir, bir- birləri və insan üçün yaradılıb, məxsusi tək bir fərd üçün deyil. Dənizi yaradan harda dedi ki, bunu sən adlı biokütləyə verib? Məsələn, günəş, ay, ulduz, hava, su... O dənizin adam udmağl da var axı..
Demək ki, meşəni zəbt edən, gücü çatsa, günəşi də torbasına atıb, "mənimdir" deyər.
Anlamır ki, öz ürəyini, böyrəyini görməyən, dərk etməyən, bir sözlə, sahib ola bilməyən bir kəs, özündə nə qədər görünən-görünməyən canlıların - mikroflora, mikrofauna, qurd, həşərat, virus oylağı daşıyan, nələrsə tərəfindən "çəpərlənmiş" bir kəs anlamır ki, bu dünyada heç nə onun ola bilməz, bu mümkün deyil axı.
Sənin onu götürüb getməyə yerin yoxdur, hara getsən, elə bu dünyanın içindəsən. Uşaq oyuncağının yanında durub, mənimdir deyən kimi, sən də dörd ətrafı özününkü bilərsən. Kresloda, bəzəkli otaqda oturub, zamanı həmişə o nöqtədə zənn edərsən, ruhən, düşüncə, danışıq və əməldə gicləyərsən, bicləyərsən, təkəbbürlü, guya ki, böyük filan olarsan, axıb öz kiçikliyinə dolarsan. Ancaq bir azdan Əzrayıl əmi gəlib deyər ki, "ta böyümüsən, at bu oyuncağı gedək, xötəy!".
Elə bu vaxt öz ən yaxınların tökülüşüb üstünə nəyin var əlindən alar, hətta paltarını soyundurub, dişin-zadın bahalıdırsa söküb, çıxardarlar. Deyim ki, sağ olsan, bərk- bərk paltarını, tumanını tutarsan... Təzədən ürəyin partlayar ki ayə, bu görməmişlər niyə belə edirlər…
Məzarın da ölçüsü "mənimdir" dediyin torpaq, meşə, dəniz və s. dən çox kiçikdir, çox.
Ancaq bu da sənin deyil, ümumidir, ilanı, çayanı var torpağın, qurdu, böcəyi var yerin- yurdun...
Yerdə və göylərdə hər nə varsa ALLAHA məxsusdur.
Bu dünyada insanın şəxsən özünə məxsus, onun olanı mənəviyyatı, elmi, ALLAHA inamı ola bilərdi, boğuşursansa, zəbt edirsənsə, oğurlamağa cəhd edirsənsə, göyə çatmaq, yeri vurub yarmaq istəyirsənsə, demək, o da yoxdur, bu görünməyən nəsə də sənin deyilmiş... Acınacaqlı dərəcədə kasıbsanmış...
Səfil gündə, çarəsiz, səhradasan, dəniz qırağında, meşədəsən. Qum adam, su adam, meşə adam... Səs eşidirsən... İtlər sümüyü öz qabaqlarına çəkmək üçün boğuşurlar...
Bu sənin aləmlər, oğurlayıb getmək istədiyin məkanlar arasında öz- özünü görməyin, səsini eşitməyindir.
“Ədəbiyyat və incəsənət”
(07.01.2023)
“Hisslərimin qatili olmaq istəyərkən…” - ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
“Səma dünyanın bir parçası olduğu kimi, bəzi hisslər də ruhumuzun əbədi parçasıdır”
Bəziləri göyqurşağına bənzəyir. Baxdıqca, aldanır, qərq olursan rənglərinin gözəlliyinə. O göyqurşağınının sadəcə bir müddətlik dünyaya baş çəkdiyini, bəzi hisslərin də ruhuna müvəqqəti toxunduğundan xəbərsiz olursan. Gecə dünyaya bağlı olduğu kimi, ruhumuza da dustaq olmuş qaranlıqlar vardır. Bəzən biz bu qaranlıqlarda yolumuzu itiririk. Bu zaman da səmanın yerə nur bəxş etdiyi kimi, ruhumuzu aydınladır bəzi hisslərimiz..
Əslində iki dünyam var idi. Cismən yaşadığım və ruhən var olduğum 2 dünya. Bəzən içimdə ölən hisslərimdən ibarət məzarlıqdan qaçmağa çalışırdım. Və fərq edirdim ki, qaçdıqca, uzaqlaşmaq əvəzinə yaxınlaşırdım sanki, tərk etmək istədiyim yerə. Hisslərimin qatili olmaq istəyərkən, ruhumun qatili olmuşdum sən demə.
Bəzən sanki ruhuma dəfn etdiyim hisslərim məzarından çıxır, bir dairə ətrafında qaçır, dövr edirdi. Bu döngü bitmir, mən isə tükənirdim. Dəfələrlə itirdiyimi sandığımı taparkən tapırdım özümü. Hisslərim tez-tez öz rolunu, başqasına verir, əvəzləyirdi. Necə ki, yer öz oxu ətrafında fırlanır, dövr edir və keçən saatları təkrarlayırdı, mənim dünyam da, ruhum ətrafında fırlanır və keçdi zənn etdiyim hisslərimi təkrar-təkrar mənə xatırladırdı.
Faciəlisi də mənim bunun fərqində olmağım idi...
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sevər Şəhabinin “Kürəyimə palan qoyun” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin şeirlərini təqdim edir.
Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.
Pambıqları təpməmişdən
Qulağıma yalan qoyun.
Altıma əqrəb döşəyin,
Üstümə də ilan qoyun.
Yalanlara alışmışam,
Zəhər ilə qarışmışam,
Taleyimlə barışmışam,
Baş altıma saman qoyun.
Burda minlər endilər,
Nədənsə çox sevindilər!
Bəlkə orda da mindilər!
Kürəyimə palan qoyun.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
“ZAQS” idarəsində bəyə nə desələr yaxşıdır?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
“ZAQS” idarəsində:
-Bəy, sən hazırsanmı ki, ölüm barədə şəhadətnamə sizi ayırmayınca, ömür boyu pulsuz, dostlarsız, günahkar, borclu və yarıac olasan?
Müğənni xanımın etirafı:
-Mən arıqlamaq qərarı verib pəhrizə keçdim və bu barədə də instaqramda paylaşım edib şəklimi də qoydum, altından “əvvəl” yazdım. Bir aydan sonra yeni şəklimi qoyub altından “sonra” yazmaq istəyirdim ki, gördüm, indi əvvəlkindən də kökəm. Məcbur qalıb şəklin altından “lap əvvəl” yazdım.
Heç də hər bir it qəlbində çoban iti kimi yırtıcı olmur, amma hər bir pişik qəlbində pələngdir.
Aksiomdur. Varlılar həmişə kasıblardan az yeyirlər.
Rus məktəbində korporativdə coğrafiya müəllimi qlobusu, nəğmə müəllimi qarmonu, fizruk topu, tarix müəlliməsi isə reputasiyasını satıb puluna araq alıb vurdular.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
“Ömür uzundur, səbr etməyə məcburuq” - Hümbət Həsənoğludan 10 aforizm
1.Allah Öz ruhunu insanlarla bölüşüb ki, insanlar da öz sevgilərini bir-biri ilə bölüşsünlər.
2.Xəstə təfəkkürlü insanlar artdıqca sağlam fikirli insanlara təhlükə də artır.
3.Ağıl ona görə lazımdır ki, mürəkkəb düşünüb, sadə çatdırasan.
4.Ömür uzundur, səbr etməyə məcburuq.
5.Qadın kişini qurban seçibsə, kişinin qiblənin istiqamətini aramaqdan savayı heç bir şansı qalmır.
6.Laqeydlik elə bir xüsusiyyətdir ki, o varsa, insanın digər xüsusiyyətlərinin heç bir əhəmiyyəti olmur.
7.Sözdə insanları həqiqətə inandırmaq yalana inandırmaqdan çətindir, çünki təcrübə yalanın tərəfindədir.
8.Zaman insan üçün var, insan zaman üçün yoxdur.
9.Müəllimin işi qulaq asanların içində başa düşənləri görməkdir.
10.Barışıq üçün atılan hər addım Allaha tərəf atılan addımdır.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Qəbrimi örtəndə…”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2013-cü ildə yazılıb.
Qəbrimi örtəndə üstü düz olsun...
Çiçəyim, sən məni haçansa atsan,
gör, canım zarıncı neçə il yatar?!
Ən çılğın kamanın telini tutsan
barmaqlar altında bəmə zil yatar,
Ağlatsan haçansa – ağlat ürəksiz,
sənsiz bir sarayam damsız, dirəksiz,
görsən söndürüblər sanma gərəksiz –
bu dəli ocaqda odlu kül yatar.
Borc nəymiş! – ilk dəfə kim aldı kimnən?
Kimlərin nələri getdi əlinnən?
Zindan da özünü unudar hərdən –
içində gah bayquş, gah bülbül yatar,
Fərq etməz – yaş yarı, ya da yüz olsun,
torpaqlıq olmaqçün gərək uz olsun,
qəbrimi örtəndə üstü düz olsun –
elə bilərlər ki, bir qozbel yatar,
Havası belə ki, dərd kimi yıxmaz?!
taleyi gətirən haraya çıxmaz?!
Namərd badalağı mərd kimi yıxmaz –
üz-üzə aşanda yerə bel yatar.
Bəm-bəyaz ipəkmiş yazın köynəyi,
təlaşlı bir öpüş nazın köynəyi,
baxtavar başına, sazın köynəyi-
köksündə bilməzsən neçə tel yatar.
Baxma qocalmışam, ruhum dənizdir,
mənə dalğa-dalğa sahili gəzdir,
sənə möhtac olan Vahid ƏZİZdir –
içində sərgərdan bir səfil yatar...
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
“Yenə də çaşdırdı nağıllar məni” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı sizlərəTəranə Dəmirin şeirlərindən daha iki yarpaq yəqdim edir.
BU ŞƏHƏR
Bu şəhərin adamların don vurub,
Bu şəhərin küçələri yel çəkir.
Bu şəhərin ayaqları yorulub,
Bu şəhərin baxışları yol çəkir.
Qapısında növbədədi maşınlar,
Qonaqlıdı, qaralıdı bu şəhər.
Həsrəti var, hicranı var, dərdi var,
Ayrılığa sevdalıdı bu şəhər.
Başı üstə əksik olmur qovğalar,
Bu şəhəri hərə bir cür şərləyir.
Göyərçinlər, sığırçınlar, qarğalar
Bu şəhərin göz yaşını dənləyir.
Bina-bina betonlaşır bu şəhər,
Hər çiynində bir göydələn ucalır.
Keçmişiylə vidalaşır bu şəhər,
Dükan-dükan, kafe-kafe qocalır.
Sümürürlər torpağını, daşını,
Bu şəhərin qəsdinəmi durublar?
Qəpik-qəpik tovlayıblar başını,
Bu şəhəri manat-manat yorublar.
Bu şəhərin adamların don vurub,
Bu şəhərin sevgiləri yalavac.
Bu şəhərin köpəkləri qudurub,
Bu şəhərin pişikləri acdı, ac.
BİR YARPAQ DA DÜŞDÜ…
Bir il də aldatdım ömrün başını,
Bir il də oynadım zaman atıyla.
Bir il də yubatdım qişı beləcə,
Bir il də sevildim payız adıyla.
Arzudan arzular doğdu yenə də,
Gah borana düşdüm, gah qara düşdüm.
Gah xəzan oynadı payız saçımda,
Gah da allı-güllü bahara düşdüm.
Sarıldım ağ-qara tənhalığıma,
Yordu bu suallar, cavablar məni.
Keçdim ayrılığın neçə üzündən,
Sındıra bilmədi əzablar məni.
Məni qorxutmadı payız küləyi,
Könlümdən təptəzə sevgilər keçdi.
Başımın üstündən qara buludlar,
Yolumun üstündən kölgələr keçdi.
Bir il də böyüdüm öz təkliyimdə,
Bir il də böyütdü ağrılar məni.
Yenə gizlətdilər həqiqətləri,
Yenə də çaşdırdı nağıllar məni.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
Multikulturalizm Mərkəzi ötən il Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı 5 kitab çap edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2023-cü ildə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.
BBMM-dən AzərTAC-a bildirilib ki, ötən il Mərkəz tərəfindən “Həqiqətin Onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” (rus dilində), “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” (ingilis dilində), “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı çap olunub. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)