
Super User
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Bəxtiyar Vahabzadə, “Axı dünya fırlanır”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir.
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazıların üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir.
Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.
İştirakçılar tərəfindən nəşrlər 01 mart 2024-cü il tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.
Müsabiqədə iştirak qaydaları:
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
19 fevral 2024-cü il tarixindən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.
Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.
Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası:
Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 10 (on) gün ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.
Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.
İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
BİRİ İKİSİNDƏ – Əlabbasın “Dərs”i
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Publisistika saatıdır, sizlərə Əlabbasın “Dərs” yazısını təqdim edirik.
Tarixçi olmamağım üzündən bu söz gəzişməsinin xronoloji və təfsilatlı təhlil deyil, uzağı, mozaik bir şərh olacağını indidən deyim.
Çox-çox əvvəl, lap dəqiqi, Şuşa gedəndən sonra yazmışdım: “Qarabağı torpaq yox, oğul itirən kimi itirdik”. Başqalarını bilmirəm, şəxsən məni Şuşanın işğalı şüşə kimi çilikləyib, Allahın evinəcən yandırmışdı və o yanığın yerini heç nə, hətta o oğulun otuz il can çürütdüyü zindandan, düşmən əsirliyindən qayıtmağı da sağaldan deyil. Qalmışdı əlsiz-ayaqsız, dilsiz-ağızsız, dünya işığından məhrum halda dönmüş ola o oğul!
Belə... Bəri başdan onu da deyım: Azərbaycanın Ermənistan üzərində müəzzəm qələbəsinin bünövrəsi, mənim nəzərimdə, on bir il əvvəldən, 2010-cu ilin iyun ayında nakam balamız Mübariz İbrahimov tərəfindən qoyulub. Hadisələrin sonrakı gedişatı da bunu təsdiq etdi: göstərdiyi ağlasığmaz iradə və müstəsna igidliyə görə o, xiyabanların fəxri sayılan yerdə torpağa tapşırıldı, ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü, "İlin adamı" elan olundu, adı, şəkilləri və qısa həyat yolunu panoram edən portret oçerklər dərslik kitablarına salındı, iri fotoları maşınların, reklam şitlərinin, bina fasadlarının bəzəyinə çevrildi, haqqında şeirlər yazıldı, musiqilər bəstələndi və s... Bu həm də öz halal haqqına qovuşan yenilməz bahadıra dövlət-xalq ehtiramının ifadəsi idi. Amma Mübariz əfsanəsinin elə görünməyən tərəfləri var ki, hələlik üzdə olan hər şeyi bir yana qoyub, azacıq da olsa, məhz ona işıq salmaq istəyirəm.
Kim etiraf etməz ki, 90-lardan ta ötən il, noyabrın 10-can özünü azərbaycanlı hesab edən hər bir kəsi daim məğlubiyyət acısı, inamsızlıq və sarsılmış döyüş ruhu müşayiət etməyib? Beynəlxalq aləmdə belə ad və nüfuzu ciddi şəkildə zədələnən Azərbaycan adlı məmləkətin hər yerində etimadsızlıq hökm sürüb. Hər birimizin qəlbinə yenə bilmədiyimiz bir qorxu hakim olub. Erməni-rus xofu illər uzunu gözlərimizdə qorxunc bir yuva qurub...
Kim bilərdi ki, günlərin bir günü (18 iyun 2010-cu il) dünya hərb tarixinin, bəlkə də, ən inanılmaz olayı baş verəcək. Rus və erməni qanı daşıyanlar tərəfindən cırtdan Ermənistan ordusu haqda uzun illərdən bəri qəsdən, bilərəkdən uydurulmuş “məğlubedilməz mif”i darmadağın edən Ağ atlı bir oğlan peyda olub tarixə öz damğasını basacaq!.. On illik qəti fikrimdir ki, şəhadət yolunu şüurlu şəkildə qəbul edib də döyüş əfsanələrini bir gecənin içində təkbaşına gerçəkləşdirən qeyri-adi vuruşu ilə Mübariz hər bir azərbaycanlının qəlbində gəzdirdiyi qisas alovunu (məqsəd və amalını) gerçəyə çevirdi. O ali məqsədin kodu (ştrix kodu) Mübarizin valideynlərinə yazdığı və sonradan Azərbaycan gəncliyinin manifestinə çevrilən sirli məktubdadı. Qəhrəmanımız nə yazdı, nə dedi, xarakter ortaya qoyaraq onu da kişi kimi elədi və o qeyri-bərabər döyüş Azərbaycan gəncliyinin sarsılmış inamını özünə qaytarmaqda inanılmaz dərəcədə müstəsna rol oynadı. "Ağ atlı oğlan" tək böyük bir orduya deyil, bütöv cəmiyyətə Qələbə motivasiyası təlqin etdi. Sanki bircə-bircə adamların yaxasından yapışıb dedi ki, inanın mənə, beyninizə zorla yeridilən fikirləri çıxarıb atın, yenilməz Ermənistan ordusu adında bir şey yoxdu.
O gündən hərə özünü bir Mübariz sandı. Bu artıq dərkolunan mahiyyət idi. Bir xatırlayın: şəxsini Mübariz hesab edən və özünü ona oxşadan şəhid və qazilərimizin aylar-günlər sonra telefonunun arxivindən ata-anasına, sevgilisinə, doğma və əzizinə Mübarizsayağı yazdığı nə qədər məktub üzə çıxdı?! Yurd-yuva sevgisinə bələnmiş o vəsiyyətlərin hər birinin tən ortasından məramı bəlli bir qırmızı xətt keçir: "Qanımı Vətən yolunda halal edirəm, təki Azərbaycan sağ olsun!" Bax buna deyərlər milli xarakter! Buna deyərlər xalqın əbədi və əzəli siması!
İkinci belə bir cəhd o hadisədən altı il sonra, Lələtəpə uğrunda döyüşlər zamanı oldu. Daha dörd il sonra isə Azərbaycanı Tovuz hadisələri silkələdi. Bu artıq son idi!
İsti və rahat kabinetində deyil, toz-torpaqlı səngərdə, ilan-çayanın içində, qısası, döyüş meydanında əbədiyyətə qovuşan general Polad Həşimovun şəhadəti Zəncandan Şəkiyə, Təbrizdən Bakıya, Kərkükdən Naxçıvana bütöv Azərbaycanı ayağa qaldırdı, hamı bir nəfər kimi könüllü olaraq hərbi komissarlıqlara axışdı, neçə illərdən bəri qana susayan, intiqam eşqi ilə alışıb-yanan qurdağızlı igidlərimizin bitib-tükənməyən növbəsi yarandı. Heç deməzdin onlar bir üzü də labüd ölüm olan döyüş meydanına yollanırlar! Təkcə fəxarət hissi keçirirmiş yox, həm də şəhadət şərbəti içməkdə bir xoşbəxtlik varmış kimi deyə-deyə, gülə-gülə gedirdilər. O günlər bir möcüzə sandım bunu mən və bu monolit birliyi görəndən sonra yazdım ki, düzdür, 12 iyulda bir qarış da torpaq əldə etmədik, əvəzində xalqımızın milli ruhu, döyüş əzmi, mübarizə əhvalı, qələbəyə olan sarsılmaz inamı özünə qayıtdı. Bununla Azərbaycan son otuz ilin, istisnasız olaraq strateji əhəmiyyətli ən böyük yüksəkliyini ələ keçirmiş oldu. Millət bir yumruq halına gəldi. İqtidar – müxalifət anlayışı dərhal unuduldu və bu, Dövlət – Ordu – Xalq – Rəhbər birliyinin rəhninə çevrildi. Daima irad və tənqidlərə tuş olan və uzun illər kliniki ölüm keçirdiyi güman olunan Azərbaycan Ordusu silkinib ayağa qalxdı. Necə deyərlər, barometr yalnız fırtına göstərirdi!
Ordumuz düşmənin 27 sentyabr təxribatı zamanı ilk həmlədəcə cəbhəni yarıb keçdi. Məlum oldu ki, öndə Ölkə Başçısı olmaqla ötüb-bitən illər ərzində hərbi və iqtisadi baxımdan müqayisə olunmayacaq bir gücə çevrilən Azərbaycan siyasi və hərbi rəhbərliyin, taktik və strateqlərin böyük səyi nəticəsində regionun yüksək döyüş qabiliyyətli ən güclü ordusunu yaratmağa müvəffəq olub, mütləq yeni siyasi reallıq baş verəcək! Və verdi də! Hadisələrin diktəsi siyasi ekspert Aleksandr Sitinin “Müharibə Azərbaycanın qələbəsi ilə bitəcək” xəbərdarlığının heç də göydəndüşmə bir proqnoz olmadığını təsdiq etdi.
Xoşbəxtlikdən ilk qələbə sevincini dadmaq çox da uzun çəkmədi. Füzuli rayonunun bir neçə kəndi düşməndən azad ediləndə dünənə qədər tərəddüd içində vurnuxanlar belə Böyük Qələbənin möhtəşəm addım səslərini eşitdilər. Artıq kimsə şübhə etmirdi ki, son 200 ilin revanşı başlanıb, işğal tarixini unutmağın tam zamanı gəlib.
Füzuli, ardınca Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonlarının bütün ərazisi ildırım sürəti ilə yağı tapdağından qurtuldu. Qarşıda Şuşanın fəthi dayanırdı. Şuşa olmayınca Qələbədən danışmaq əbəs idi. Şuşa düz otuz il idi Vətən anlamı daşıyırdı. Şuşa deyiləndə Azərbaycan başa düşülürdü. O günlər hər şey bir yana idi, Şuşa bir yana. Vətən sevdalıları Şuşa deyib ləliyirdi. Tək ona görə yox ki, qoca Qafqazın qədim incisinin geri alınması Ermənistandan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə gələn yolun həmişəlik kəsilməsi, iyirmi beş minlik böyük bir ordunun mühasirəyə alınması, onun ərzaq, geyim, dərman, silah-sursat və digər yardımlardan təcrid olunması demək idi. Ona görə də yox ki, o dönəmdə siyasi kluarlarda dolaşan “Şuşa kimdədirsə, Qarabağ ondadır” fikri ictimai rəydə də özünə möhkəm yer eləmişdi. Daha çox ona görə ki, Şuşa Azərbaycan üçün şərəf, milli qürur və heysiyyət məsələsi idi. Əsla şübhə etmirəm ki, Ölkə Rəhbəri “Şuşaya bir nəfəs qədər yaxınıq” deyəndə də məhz bu gerçəyi ifadə etmək fikrində olub. Təsadüfi deyil ki, Qələbəyə təşnə şanlı Ordumuz məhz Şuşaya daxil olan gün – bu, son yüz ildə Azərbaycana üz vermiş ən böyük xoşbəxtlik idi – müqavimət göstərməyin əbəs olduğunu görən Ermənistan kapitulyasiya aktına imza atmalı oldu. Bu, Azərbaycanın möhtəşəm Qələbəsinin düşmən tərəfindən zor-xoş etirafı idi! Beləcə illərlə həsrətində olduğumuz saat gəlib çatdı. Ədalət zəfər çaldı. Azərbaycan xalqı öz halal haqqına qovuşdu. Bütün dünya türkün gücünü və əzəmətini gördü. Düşmən ordusunun 80 faizini cismən məhv etməklə Azərbaycan tək Ermənistanın özünü yox, həm də dünyaca məşhur erməni lobbisini darmadağın etmiş oldu. İllərlə dənizdən-dənizə ideyasının əsiri olanların dizini qatlayıb, biləyini bükdük. Bu şanlı Qələbə dünənəcən Azərbaycana siyasi iradəsini qəbul etdirməyə çalışanlara, onunla güc dili ilə danışanlara da ciddi qulaqburması oldu. Payını və dərsini alanlar aldı.
O vaxt yazdığım bircə cümləlik fikir də çox müdrik bir xalq deyiminin ədəbi formuluna çevrildi: “Şuşa – ilanın gördüyü ulduz”.
Daim haqqın yanında olması ilə xalqımızın rəğbət və ehtiramını qazanan rus jurnalisti, aparıcı və politoloq Maksim Şevçenko Şuşanın fəthi ərəfəsində isti-isti yazırdı: “Azərbaycan Ordusunun qələbələrindən heyranlıq duyuram. Bu hərbi əməliyyat müharibələr tarixində mütləq öz yerini alacaq”
İndi onu deməyin məqamıdır ki, müharibənin yalnız aktiv fazası başa çatıb. Azərbaycan, Rusiya və Ermənistan arasında ilkin razılaşdırılan bəyannamədə nəzərdə tutulan müddəalar artıq diplomatik müstəvidə çözülür. Hazırda savaşın informasiya mərhələsindəyik. Danılmaz həqiqətdir ki, Ali Baş Komandanın xüsusilə 44 günlük Vətən Müharibəsində nümayiş etdirdiyi qətiyyət, sarsılmaz siyasi iradə və prinsipial mövqeyi Azərbaycanı Böyük Qələbəyə daşıdı. Onun müharibə günlərində dünya çapında bir-birini əvəzləyən çoxsaylı müsahibə, çıxış və nitqləri informasiya blokadasının yarılmasında – bir sözlə, haqq işimizin təntənəsində müstəsna rol oynadı. Ərazicə üç böyük rayonumuz (Ağdam, Laçın, Kəlbəcər) bir güllə atılmadan, məhz diplomatik yolla öz əzəli və əbədi sahibinə qismət oldu. Hələ o günlərdə yazmışdım:
“Bu dəqiqə mənim tanıdığım dörd İlham Əliyev var: Azərbaycan, türk, ingilis və rus dillərində mükəmməl danışan alovlu natiq və poliqlot, sarsılmaz siyasi iradəyə malik diplomat, beynəlxalq təcrübə ilə liderlik məharətinə sahib qətiyyətli rəhbər və Qalib Ordunun Sərkərdəsi!”
Xoşbəxtlikdən müzəffər Azərbaycan Ordusunun mənəvi-psixoloji durumu, döyüş əzmi və ruh yüksəkliyi Ermənistanı bürümüş siyasi və iqtisadi böhranla üst-üstə düşdü. Hərbi və siyasi rəhbərlikdə yaranan qalmaqallar, hərbçilər arasındakı özbaşınalıq, ordudan fərarilik, idarəetmənin itirilməsi, gün-gündən dərinləşən siyasi və iqtisadi böhran Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Lakin 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi müəzzəm Qələbənin sirri əsla bunda deyil. Ordumuzun intellektual səviyyəsi, zaman-zaman qazanılan peşəkarlıq, düzgün taktika və strategiya, son nəsil silah-sursat, hərbi texnika və dünya müharibələri tarixində ən yeni döyüş standartlarından istifadə və üstəgəl bizi işğal ləkəsindən, məğlub damğasından əbədilik qurtaran dəliqanlı gənclərimizin hər düşündüyümüzdə gerşəkləri bir daha gözlər önünə sərgiləyən sonsuz Vətən sevgisi! Hələ o zaman fb-də tanklar barədə ironik bir fikir yürüdüb demişdim ki, inşallah, belə getsə, Qarabağ dünya hərb sənətinə son nəsil texnologiyaların ilk ünvanı kimi düşəcək.
Baxın, Amerikanın Quru Qoşunlarının Baş Qərargah rəisi Ceyms Makkonver o günlərdə verdiyi bir müsahibədə qəribə də olsa, nə deyirdi: “Azərbaycan Ordusunun dron və pilotsuz uçuş aparatlarından istifadəsini dünya döyüş tarixində əsas yeniliklərdən biri hesab etmək olar. Bu müharibə ənənəvi silah növlərindən istifadəni belə sual altına qoyur”.
Bu fikrin kimə məxsus olduğunu xatırlatmağın, məncə, xüsusi bir anlamı var: Ceyms Makkonver sıradan bir şəxs və siyasi icmalçı yox, NATO-nun ordu generalıdır. NA - TO - nun!
Gərək Amerikanın sabiq Dövlət katibinin SSRİ üzrə keçmiş müşaviri Pol Qobl, İqor Korotçenko, Sergey Markov, Oleq Kuznetsov, Abdulla Ağar, Hikmət Hacıyev və digər məşhur siyasi simaların haqq səsimizi və Azərbaycan barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda nəhəng bir institutun görə biləcəyi həcmdən heç də az tutuma malik olmayan mükəmməl çıxışlarını da hesabdan silməyək. Haqq haqlığında qalır.
Azərbaycanı bu müqəddəs savaşda tək qoymayan Türkiyə, hüquqi legitim mübarizədə mənəvi dəstəyini bir an belə əsirgəməyən Pakistan və İsrail haqda da nə desək, azdır. Xüsusən də canbir qardaşımız Türkiyə barədə!
Sonda qaranlıq gecələrimizi Qələbə sevinci ilə aydınladan Tanrıya çox dərin bir şükranlıqla bu işdə İlahi bir nizam olduğunu da xatırladıb Zaman və Tarixin təsdiqindən keçən bir gerçəyi də deyim ki, Azərbaycan gecə-gündüz şeir-şüar deyənlərin, yalançı patriotların və nağıl danışanların yox, bu halal torpağı öz qızıl qanıyla suvaranların Vətənidir!
Göz yaşları hələ də qurumayan mələk analarımızın, sağlamlığını itirən mətin qazilərimizin, şəhid düşən qəhrəman oğullarımızın müqəddəs və nigaran ruhu qarşısında baş əyən yazıçı!
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
“O sevda solub, soluxub, öləziyib, külü qalıb...” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
yağış, bəlkə, sən mənsən?
xəbərin varmı, yağış,
ruhuma ruh olan kim?
özü bir nur yağışı,
mənim qəlbimə hakim.
o sənin vurğunundu,
mənsə onun vurğunu...
yağış, kim qurub belə,
bu ilahi qurğunu?
bəlkə, mən yağış olum?
bir dəfə də sən mən ol,
indi o uzaqdadı,
həsrətə tapaq bir yol.
ümidimə yağ, yağış,
ümidim pöhrələnsin,
qəlbinə güman düşsün,
eşqimlə cilvələnsin
yağış, səsin kədərli,
elə sandım özümsən...
yarın uzaqlardadıda,
sən yazıq da dözmürsən...
Yıxıldım
Sərv nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.
Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar,
Varağından yıxıldım.
Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...
Hərdən qalmadı ümidim,
Qəlbim qırıq, didim-didim,
Körpü saldım, gəldim...gəldim...
Qırağından yıxıldım.
Min sahilə atdı məni,
Tonqallara çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.
Axı nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım, nə vaxt bitər bunlar?
Marağımdan yıxıldım.
Dindirmə məni
Danışdırma məni, nolar...
Qəm buludu qatar olur.
Səsindəki hər soyuqluq,
Bil, ölümdən betər olur.
Mən səni özüm bilirəm,
Səndən ötəri ölürəm.
Yolunda nə eləyirəm,
Qiyməti yox, hədər olur.
Bilmirsən, qədrimi bilmə,
Qəlbim yanır ilmə-ilmə...
Sən Allah, məni dindirmə,
Nə olsa sonu kədər olur...
Eşqdən o yana
Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...
Eşq də bir göy üzüdü, yol aldım kahkəşana...
İşıqlar vadisində həzin meh hardan əsir?
Elə bil, sübh üzüdü, qəlbim hara tələsir?
Yaxında gülüstan var, qırxlar aləmi bura?
Nələrsə gah görünür, gah da qərq olur nura.
Uçur işıqlar hərdən bir ayrı aləmlərə,
Ordan gələn işıqlar nizam verir nələrə?
Bütün bu aləmdən bal kimi eşq süzülür,
Bir damla kimə dəysə, yer üzündən üzülür.
Təkcə eşqdən danışma, axtar eşq yaradanı,
Zərrədən asimana sən o qüvvəni tanı...
Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,
Sən tək sirr açanlar göydə ulduzlar sanı...
nə sən, nə də kimsə bilmir...
həmən alov yoxdu daha,
yerində şəkili qalıb.
o sevda solub, soluxub,
öləziyib, külü qalıb.
o sevdanın gözəlliyi
dalğa-dağla işıqlanır,
qəlbimdə dinən arzular
tək o işığa bağlanır.
illər keçib, ömür keçib,
elə baxma, kövrəlirəm.
xəbərin yox, kimsə bilmir
mən o eşq ilə ölürəm.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
UĞUR QAZANDIRAN KİTABLAR - Qay Kavasaki, “Startap”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:
Qay Kavasaki, “Startap”
Bu kitabın alt başlığı belədir: Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass (11 master-klassov ot eks-evanqelista Apple i samoqo derzkoqo kapitalista Kremnievoy dolinı).
Qay Kavasaki adı əminəm ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.
Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.
«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.
O yazır:
- Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.
- Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.
- Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.
- Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.
- Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.
Oxucularıma onu da söyləyim ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!
Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.
O, inandırmağı gözəl bacarır. Oxucularım, sizi əmin edirəm ki, «Startap»ı oxusanız Qay Kavasaki özünün uğura doğru getmək qaydalarına və şərtlərinə sizləri mütləq inandıracaq.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
-Müşavirəyə başlamaq olar,-ağ saçlı general hamının toplandığını görüb müşavirəni açıq elan etdi.
Bu, son dərəcə məxfi saxlanılacaq əməliyyatın müzakirəsinə Nazirliyin əməliyyat aparatından cəmi beş nəfər cəlb olunmuşdu. Onlar ən təcrübəli, əməliyyat işini incəliklərinə qədər bilən, oddan-alovdan keçmiş zabitlər idilər.
General bir daha hamını baxışları ilə süzüb sözünə davam etdi:
-Bizim hörmətli qonağımız polkovnik Bondaryovu təqdim etməyə ehtiyac yoxdur. Onu hamınız tanıyırsınız. Rusiyalı kolleqalarımızın aylar əvvəl aldıqları məlumat əsasında yaranmış şübhələri artıq təsdiqlənməyə başlayıb. Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilərək xüsusi hazırlıq keçmiş Solomin soyadlı qatı cinayətkarın Bakıda olduğunu düşünməyə əsas verən sübutlar ortaya çıxıb. Onun məhz kriminal keçmişə malik biri və residivist olduğunu nəzərə alan rəhbərlik bu əməliyyatda bizim də təcrübəmizdən istifadə etməyi qərara alıb. Biz də öz növbəmizdə ən yaxşıları cəlb etmişik. Hər birinizin çiyinləri arxasında illərin təcrübəsi dayanır. Məqsəd «Koramal» ləqəbli bu cinayətkarın vərdişlərini, ata biləcəyi addımları təhlil etmək, bunun əsasında ola biləcəyi yeri və yaxud niyyətini müəyyənləşdirməkdir. Mən digər xidmətlərlə birgə yaradılmış qərargahın rəhbərinin müaviniyəm, siz həmin qərargahın üzvlərisiniz. Qərargahda gündəlik informasiya mübadiləsi aparılacaq, siz də hər bir yeni alınmış məlumatı biləcək, öz öyrənə bildiklərinizi isə, aidiyyəti üzrə ötürmək üçün mənə məruzə edəcəksiniz. Bütün işlər tam məxfilik şəraitində görüləcək. Onun şəkli və lazım olan məlumatlar qrupun rəhbəri polkovnik Mahir Vəliyevə verilib. O, sizi bu məlumatlarla tanış edəcək. İndi isə polkovnik Bondaryovun sizə deyəcəkləri var.
Sözünü tamamlayan general çönüb qonağa baxdı…
***
Hər işimi ehtiyatla tutmağa öyrəşdiyim üçün maşını aldığım gündən bir dəfə də olsun, Gülanənin yaşadığı binanın həyətinə sürməmişdim. Qonşu binalardan birinin həyətindəki pullu dayanacaqda saxlayır, sonra piyada tanış binaya gəlirdim. İndi də maşını saxladıqdan sonra gözətçiyə uzaqdan əl edib yük yerindəki, bayaq gələrkən tələsdiyim üçün maşında qalmış zənbilləri götürdüm və binaların arası ilə üzüyuxarı qalxmağa başladım. Xalçanı sonra götürəcəkdim.
Qapını açan Gülanə zənbilləri əlimdə görüb ucadan güldü:
-Lap bazarlıqdan gələn çoxuşaqlı atalara oxşadın, keç içəri.
Dəhlizə keçib zənbilləri yerə qoydum.
-Oxşayaram da, o qədər şey yığmısan ki, elə bil İsmayıllıya üç günlük yox, üç aylığa getmişdik,-mən də gülüb cavab verdim.
-Bəs qonağın necə oldu?-Gülanə söhbətin mövzusunu dəyişdi.
-Bir az işi var idi. Axşam görüşəcəyik. Fikirləşirəm ki, evdə otursaq yaxşıdır.
-Elə mən də onu deyəcəkdim. Vaxta xeyli var. Mən tədarük görüm, sən də duş qəbul elə, bir az dincəl, yol gəlmisən. Sonra gedib dostunu gətirib gələrsən.
-Yaxşı,-deyib ayaqqabılarımı çıxarıb içəri keçdim. Uzaq yoldan sonra bir qədər dincəlmək pis olmazdı.
* * *
Yarızirzəmi mənzildəki adam evin divarına vurulmuş bədənnüma güzgünün qarşısında dayandı. Sonra nə fikirləşdisə köynəyini çıxarıb bir qədər sağ tərəfə döndü və sol qoluna həkk olunmuş döyməyə baxdı. Döymədəki tac şəkli idi. İllər əvvəl ilk dəfə həbsxanaya düşərkən öz qanunları ilə yaşayan məhbus kütləsinin arasında avtoritetini təsdiq etmək üçün çox çətinliklərdən keçmiş, ancaq bu çətinliklərə dözüb onların gözündə özünü təsdiq edə bilmişdi. Elə bundan sonra hakimiyyət mənası verən bu döyməni qoluna döydürmüşdü və heç kim bunu ona irad tuta bilməmişdi. Sonradan özünün bəyəndiyi və hərəsinin öz mənası olan bir neçə döymə də döydürmüşdü bədəninə. İnsanın insanı diddiyi, canavar qanunlarının hökm sürdüyü bu məkanda heç kimin layiq olmadığı döyməni gəzdirmək hüququ yox idi. O, bu hüququ qısa müddətdə qazanmış, sonrakı illərdə avtoritetini daha da möhkəmlədib cinayət aləmində söz sahibi ola bilmişdi. Ancaq bundan o yana getmək istəməmiş, iki dəfə eyni maddə ilə həbs olunub üst-üstə on doqquz il həbsxana həyatı yaşadıqdan sonra, daha azadlığın dadını çıxarmağı qərara almışdı. Niyyəti tropik ölkələrdən birinə köçüb həyatını orada başa vurmaq idi. Bununçün isə ona xeyli pul lazım idi. Bu pulusa aldığı tapşırığı yerinə yetirdikdən sonra ona verəcəkdilər. Həyatında heç zaman görmədiyi qədər pul vəd etmişdilər ona. Vəd olunan məbləğ, nəinki, xaricə köçüb orada ev almağa, hətta bütün həyatını dəyişməyə bəs edəcəkdi. Sevgilisini də özü ilə aparacaqdı. Birlikdə olarkən gündüzlər onun başına fırlanan, gecələr isə ən ağlagəlməz istəklərini sözsüz yerinə yetirən, ona dünyanın həzzini yaşadan bu qadına çox bağlı idi, özünü onsuz təsəvvür edə bimirdi. Bir anlıq onunla okean sahilində necə dincələcəyini gözünün qabağına gətirdi. Bunları fikirləşə-fikirləşə baxışlarını qolundakı döymədən çevirib güzgüdə özünə baxanda üzündə qeyri-ixtiyari yaranmış bir təbəssüm olduğunu gördü. Cəld güzgünün qarşısından çəkilib köynəyini geyindi və xəyallarını bir anda başından qovdu. Emosiyaya qapılmaq onun xarakterinə uyğun deyildi. İndi, yalnız və yalnız verilən tapşırığa köklənməli idi…
* * *
Daxili İşlər Nazirliyinin Əməliyyat aparatında keçirilən məxfi müşavirə yekunlaşsa da, polkovnik Bondaryov və polkovnik Vəliyev generalın otağını hələ tərk etməmişdilər. Stepan Bondaryovun onlara təklikdə deyəcəyi bir şey var idi.
General köməkçisinin gətirdiyi çayları masanın üzərinə düzüb çıxmasını gözlədi və dedi:
-Sizi eşidirik, Stepan Alekseyeviç. Bizə təklikdə deyəcəyiniz məsələ nə idi?
Qonaq qarşısına qoyulmuş çaydan bir qurtum içib stəkanı yerinə qoyduqdan sonra aramla danışmağa başladı:
-Cənab general. Bilirsiniz ki, məni bu gün hava limanında dostum qarşıladı. Yəqin onu da bilirsiniz ki, o mayor rütbəsində istefaya çıxmış, hazırda detektiv fəaliyyəti ilə məşğul olan keçmiş polis zabitidir.
General susub heç nə demədi. Bu, onun deyilənlər barədə məlumatlı olmasının təsdiqi idi. Polkovnik Bondaryov sözünə davam etdi:
-Mənə bu məsələnin bizə aid hissəsi ilə bağlı istənilən qərarı qəbul etmək barədə rəhbərliyimiz tərəfindən tam səlahiyyət verilib. Mən də bu səlahiyyətimdən istifadə edib mayor Nəzərlini bu əməliyyata cəlb etməyi düşünürəm. Yaxın dostum olmaqla yanaşı, onun necə bir peşəkar əməliyyatçı olduğunu sizə xatırlatmaq istəyirəm. Hesab edirəm ki, güclü intuisiyaya, iti zəkaya, qarşı tərəfin bir neçə addımını qabaqcadan hesablaya bilmək qabiliyyətinə malik və cinayətkarların psixologiyasına tam bələd olan mayor Nəzərlinin bu əməliyyatda iştirakı ümumi işimizin xeyrinə olar. Ancaq onun qrupa daxil edilməsinə mütləq qaydada sizin razılığınızın olmasının vacibliyini də başa düşürəm. Səlahiyyətlərim nə qədər geniş olsa da, Azərbaycanda qərar qəbul etmək hüququnun, elə qəbul edilən hər bir qərarın yaratdığı məsuliyyətin də birbaşa sizə aid olduğunu dərk edirəm. Odur ki, Nəzərlinin bu əməliyyata cəlb olunmasını mənim şəxsi xahişim kimi qəbul etmənizi istəyirəm.
Ağsaçlı general vərdişi üzrə əlini saçlarına çəkib fikrə getdi. Polkovnik Bondaryovun Bəxtiyar Nəzərlinin peşəkarlığı haqqında dedikləri ilə o, tam razı idi. Belə peşəkarlar illərlə yetişir. Ancaq polis sıralarından xeyli müddət əvvəl istefaya çıxmış birini belə bir ciddi, həm də məxfi əməliyyata cəlb etmək barədə qərar qəbul etmək, əlbəttə ki, böyük məsuliyyət idi. Polkovnik Bondaryov da təklifində israrlıdır…
Generalın fikrə getdiyini görən Bondaryov əlavə etdi:
-Əgər razılıq verərsinizsə, yalnız yuxarı rəhbərliyi bu barədə məlumatlandıracaqsınız. Nəzərlinin qrupa cəlb edilməsini isə, bu otaqda olanlardan başqa heç kim bilməyəcək. Təyyarədən düşəndən sonra onunla görüşməzdən əvvəl lazımi tədbirləri görmüşəm. Kənar heç kim onunla görüşdüyümü bilmir. Sizin əməkdaşlar isə, yəqin ki, onun kursant yoldaşım və yaxın dostum olduğunu aydınlaşdırmaqla kifayətləniblər. Sərbəst fəaliyyət göstərmək imkanı olan bir peşəkarın qrupda olması yalnız işimizin xeyrinə olacaq.
Qonağın son arqumentlərini dinləyən general soruşdu:
-Qrupa daxil edəcəyimiz halda onun funksiyası nədən ibarət olacaq?
-O, sərbəst işləməyə öyrəşib. Mənimlə daim telefon əlaqəsində olacaq. Burada isə zəruri hallarda polkovnik Vəliyevlə əlaqə saxlayacaq. Onun tərəfindən verilmiş, qrupun topladığı məlumatları təhlil edib analitik iş aparacaq. Özü əldə edə biləcəklərini də Mahir müəllimə ötürəcək.
-Yəqin başa düşürsüz ki, məxfiliyini nəzərə alaraq məlumat sızmasının qarşısını almaq üçün bu əməliyyata maksimum az əməkdaş cəlb etmişik. Onu da başa düşürsüz ki, burada işləyənlər hamısı öz işinin peşəkarlarıdırlar. Ancaq biz onların da içərisindən ən yaxşılarını seçmişik. Mayor Nəzərli də bizim aparatın yetişdirdiyi ən yaxşılardan idi. Ümid edək ki, onu cəlb etməyimizin bir nəticəsi olacaq.
Generalın cavabını eşidən qonaq ayağa qalxıb əlini ona uzatdı.
-İnanırdım ki, təklifimə yox deməyəksiniz. Sizə təşəkkür edirəm, cənab general. İndi isə icazənizlə mən gedim.
-Yoldaşlar sizi qalacağınız otelə düşürəcəklər.
-Buna ehtiyac yoxdur. Oraya mən yalnız yatmağa gedəcəyəm.
Qonağın cavabını eşidən general selektorun düyməsini basıb köməkçisini çağırdı. İçəri girən zabitə məruzə etməsi üçün imkan verməyib dedi:
-Cənab polkovniki maşına qədər müşayiət et. Sürücü qonağı gedəcəyi ünvana düşürsün.
-Oldu, cənab general!
Generalla da, Mahir Vəliyevlə də sağollaşan qonaq köməkçi ilə birlikdə kabineti tərk etdi.
Onun ardınca baxan general üzünü polkovnik Vəliyevə tutub gülümsədi.
-Bu Nəzərli işlədiyi vaxtlarda heç vaxt ipə-sapa yatmayıb. Bildiyimiz qədər elə istefaya çıxdıqdan sonra da sakit dayanmaq fikri yoxdur. Detektiv kimi boynuna götürdüyü neçə ağır cinayəti açıb. Heç birində məğlub olmayıb. Məncə, Bondaryov haqlıdır. Belə birisinin qrupa cəlb edilməsi yalnız işin xeyrinə olar.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
Şəhidlər barədə şeirlər – Murad Yunusov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Murad Yunusova həsr edilmiş şeirlə tanış olacaqsınız.
MURAD BAYRAM OĞLU YUNUSOV
(10.09.2001.-04.11.2020.)
Kürdəmirin Şahsevən kəndindən olan Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
MURAD
Bizə doğma, əzizdir hər bir şəhidin adı,
Dostlar, yaxın oturun, tanıyağın Muradı.
Kürdəmirin Şahsevən kəndində doğulmuşdu,
İllər keçib böyüyüb, cəsur əsgər olmuşdu.
Anaya, həm ataya şirindir hər bir övlad,
Üç qardaşın içində ən balacaydı Murad.
Allah verdiyi ömrü aqillər verməz bada,
Hamıya əziz idi doğma eldə, obada.
Müharibə başladı namus, torpaq uğrunda,
Vətənin bir parçası – xan Qarabağ uğrunda.
Döyüşsüz azad olmaz, “Vətən!”, “Vətən!” deməklə,
İgidlər atıldılar bu döyüşə ürəklə.
Vətən, sənin nə qədər övladın varmış, mətin?!
Murad da bu məqamda göstərdi şücaətin.
Al Günəşli, buludsuz səhərə inamıyla,
Düz qırx gün döyüşdü o zəfərə inamıyla,
Döyüşdü Füzulidə, Xocavənddə nər kimi,
Zoğalbulaqda mərdlik göstərdi o, şir kimi.
Şəhadətə qovuşdu, belə qisməti varmış,
Yəqin Tanrı yanında sonsuz hörməti varmış.
On doqquz il yaşadı, qısa, mənalı ömür,
Həyatın mənasını çox vaxt illər də demir.
Murad, qalmadı sənin qisasın, qanın yerdə,
Ordumuz düşmənləri saldı sağalmaz dərdə.
Şüşa artıq bizdədir, Şuşanı almışıq biz,
Murad, ruhun şad olsun, qələbə çalmışıq biz.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
Yaradıcı qurumlarda nə var, nə yox? - AŞIQLAR BİRLİYİ
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə yolumuzu Azərbaycan Aşıqlar Birliyindən saldıq və qurumun işləri ilə maraqlandıq. Qurumdan məlumat aldıq ki, bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Və hazırda Azərbaycan Aşıqlar Birliyi bu yubileyə hazırlaşır.
Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə Birlik ayrıca tədbirlər planı da hazırlaylb.
Həyata keçiriləcək tədbirlər planı çərçivəsində aşığın şeirlərindən ibarət nəfis bir kitabın nəşr olunması ptioritetdir.
“100 illiyə 100 şeir ərməğanı” adlanacaq kitabda Mikayıl Azaflının yaradıcılığından seçmə şeirlər – əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alacaq. Hər şeirin sonunda həmin poetik nümunəni müşayiət edə biləcək saz havalarının, o cümlədən də ustadın özünün bəstələdiyi havaların verilməsinin isə sənətsevərlər, xüsusilə də gənc aşıqlar üçün böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Bu, onlara ustad aşığın şeirlərini öz repertuarlarına daxil etməyə kömək edəcək.
Qeyd edək ki, kitab üzərində iş, demək olar ki, tamamlanmaq üzrədir və yaxın günlərdə nəşriyyata təqdim olunacaq.
Kitabın elmi məsləhətçisi və redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar isə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.
XX əsr Azərbaycan aşıq sənətində adı hörmətlə yad olunan ustadlar arasında olan Mikayıl Azaflınıb ömür yolu hamar olmasa da, xalqın alqış və sevgisini qazanan sənətkar dəyərli şeirlər müəllifi kimi tanınıb.
Mikayıl Cabbar oğlu Zeynalov 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində dünyaya göz açıb. Hələ kiçik ikən atası qəflətən vəfat edir. Mikayıl əmisi Həsənin himayəsində qalır. Deyilənə görə, onda aşıq sənətinə maraq əmisindən qaynaqlanır. Mikayıl orta məktəb illərində istedadlı bir gənc kimi diqqət çəkir. “Solğun” və “Coşqun” təxəllüsləri ilə şeirlər yazır. Daha sonra doğma kəndinin adını özünə təxəllüs götürür.
Araşdırmalarda Mikayıl Azaflının keşməkeşli tale yaşadığı qeyd edilir. Bildirilir ki, yeddinci sinifdə oxuyarkən Stalinin şəkilini kitabının üzərinə yapışdırır. Şagirdlərdən biri şəklin üzərinə mürəkkəb tökür. Bundan xəbər tutan məktəbin direktoru ondan qaçıb canını qurtarmasını məsləhət görür. Beləliklə, Mikayıl məktəbdən ayrılır. Bir müddət Goranboy rayonunda qohumlarının evində qalır. Onun qaçmaq səbəbi bilinəndən sonra qohumları da evlərində saxlamır. Çətin də olsa, ailə qurur, təvəllüd tarixini dəyişdirir. Bir başqa gəncin əvəzinə Goranboy rayonundan müharibəyə gedir. Müharibənin çətinliklərinə dözməyib Bakıya qayıdır və dərhal həbs edilir...
Aşıq həbsdən qurtardıqdan sonra dövrdən, quruluşdan gileyli şeirlər yazır. Bu isə onu növbəti dəfə həbsə aparırdı. Bir gün dostunun ona “bağışladığı” bahalı palto ilə Tiflis şəhərində gəzərkən tutulur. Bir nəfər gəlib deyir, bu palto mənimdir, cibində adım yazılıb. Yoxlayırlar ki, düz deyir. Evində də axtarış aparılır. Evdən ona məxsus silah tapılır. Mikayıl Azaflı 1961-ci ildə yenidən həbs olunur.
El şənliklərində daim hörmət-izzətlə qarşılanan aşıq xalqdan ayrı düşür, zindan həyatı yaşayır. Vaxtsız ağaran saçlarından təsirlənir və yazır:
Olmazmı ki, qəm çəkincə güləsən, Nədən oldu yanıb döndün külə sən. Qırx yaşına çatmamısan hələ sən, Ağarmayın, ay saçlarım, amandı.
“Zindan şeirləri” adlı kitabında müəllifin 150-dən artıq qoşması yer alıb. “Bülbül”, “O mənəm”, “Sən demə”, “Deyəmmərəm”, “Ağlama”, “Döndü körpələrin qana yaşları”, “Bənzər”, “Dar günü”, “Əlaman, aman”, “Ağlar, ağlar”, “Zindan”, “Mən qocalmazdım” kimi bir çox şeirləri həbs həyatının çətinliklərindən yaranıb. Qəm-kədər yüklü misraları şair zindanda ikən onun hüdudlarını aşır. Hər kəsin duyğularını sarır və öz sehrində saxlayır.
Bəli, belə bir aşıq idi Mikayıl Azaflı.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
Şər atmağın cəzası - HEKAYƏ
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Xeyirxahlığa qarşı çıxmaq mümkün deyil. Əgər siz ən fəhmsiz insana daima xeyirxah münasibət göstərirsinizsə, o sizə nə edə bilər?
(Mark Avreli)
Həqiqətin açarı ədalətdir. Ədalətli insan bütün həqiqətlərin açarını öz xarakterində gizlətmişdir. Bəs sizin ən gözəl libasınız hansıdır? Mənim ən gözəl libasım ədalətdən geydiyim dondur. Mənə qarşı edilən istənilən münasibətə ən gözəl cavabım xeyirxah münasibət göstərməkdir.
Mənim yaratdığım yeni obrazım da belədir.
Mənim obrazım Akif sinfin ən çalışqan şagirlərindən idi. Ancaq dostları tərəfindən hər zaman xoş qarşılanmazdı. Onun ədəb-ərkanı, yerini bilməsi, davranış və nitqi qarşısındakı insanları hövsələdən çıxarardı. Çünki gəlin razılaşaq ki, günümüzdə də hamı tərəfindən seçilən, böyüklər tərəfindən sevilən, böyüklərə hörmət edən gənclər əsla bu gözəl toxumları ürəklərində becərə bilməyən, zamanın ağuşuna düşüb bu həyatı sadəcə mənasız səbəblər üçün yaşayan digər gənclər tərəfindən xoş qarşılanmır, gülüş mənbəyinə çevrilirlər. Bir səhər Akif yenə də həmişəki kimi dərslərinə hazırlıqlı halda məktəbə gedir. Müəllimləri yenə də onu tərifləyir, gözəl sözlər deyirlər. Bu uğurlu şagirdi sinif uşaqlarının gözü götürmür. İçlərində ən nadinci Arifdir. Arif tənəffüsdə Akifə yaxınlaşır. Akifi kinayəli baxışlarla süzdükdən sonra deyir:
- Akif, ay qaqa, sən heç uşaqlığını yaşamırsan ki. Nəyinə lazımdır bu müəllimlərin tərifi. Bu yaşın bir də qayıtmaz, gəl bu gün dərsdən sonra kompüter olan bir kafeyə gedək.
- Yox, Arif, çox sağ ol, mən istəmirəm. Dərslərim çoxdur. Sabaha çatdırmalıyam.
Akifin bu cavabı Arifi yaman əsəbiləşdirir. Akifi ən çox dəstəkləyən müəllimləri Sevda müəllim idi. Arif beynində qurduğu iyrənc planla Sevda müəllimin yanına yollanır. Müəllimlər otağına yaxınlaşır, qapını döyür, icazə alıb içəri keçir. Sevda müəllimə yaxınlaşaraq “müəllim, sizə bir şey demək istəyirəm, olarmı” deyir.
Sevda müəllim: -Buyur, Arif, səni dinləyirəm.
Arif: -Sevda müəllim, Akif haqqında sizi bir şey demək istəyirəm. Leyla vare bizim sinifdə. Akif onun əşyalarını qırır, tənəffüsdə onunla dalaşır, qızı lap narahat edir. Leyla mənə ondan şikayət etdi. Dedi ki, sən danış Akiflə, yoxsa mən anama deyəcəm ki, anası ilə danışsın. Mən də danışdım. Amma Akif məni dinləmədi. Dedi ki, özüm bilərəm.
Mən də çarəni sizə deməkdə gördüm. Siz ki, onun sevimli müəllimisiniz.
Sevda müəllim: -Ay Arif, mənim sevimli tələbəm niyə belə nadinclik etsin ki? Mən əvvəl özü ilə, sonra isə valideynləri ilə danışaram. Uşağın tərbiyəsi ilə ciddi maraqlanmaq lazımdır. Valideynlər uşaqları məktəbə göndərir, hər şeyi də biz müəllimlərin boynuna qoyur, bəs evdən cücərməyən toxumu biz necə çiçək edək? Valideynlər də bizə kömək etməlidir. Xoş dillə danışıb, uşaqları ilə dost olmağa səsləyəcəm onları.
Bir gün sonra Sevda müəllim Akiflə danışır. Akif boynuna almır. Müəllim Akifin etdiyi hərəkətin məsuliyyətini dərk etmədiyini düşünüb qəzəblənir. Leyla da xəstə olduğundan məktəbə gələ bilmir. Ona görə Sevda müəllim birbaşa valideynlərlə əlaqəyə keçir. Akif valideynlərinə də eyni sözləri deyir. Valideynləri ona inansalar belə müəllimin bu söhbəti bu qədər böyütməyinin səbəbsiz olduğuna inana bilmirlər. Ona görə Akiflə daha ciddi məşğul olur, həftədə bir neçə gün verdikləri telefonu da ona qadağan edirlər. Akif həftə sonları özünə maraqlı məlumatlar əldə etmək üçün istifadə etdiyi telefonunu itirdiyinə görə çox heyfslənir. Çünki onun fikri indi yeni əsərin təhlilini səsli formada dinləyib, biliklərini genişləndirmək idi.
Üstündən nə az, nə çox, bir ay keçir. Arif artıq bir hətədir ki, məktəbə gəlmir. Məlum olur ki, onların evi yanıb və özü də xəsarət alıb. Bunu eşidən Akif sinifdə yardım kampaniyası başladır. Arifə bacardıqları qədər dəstək olmağa çalışırlar. Hətta bu hadisəni evdə danışan Akif atasının ev alqı- satqısı ilə məşğul olan bir dostunun olduğunu bildiyi üçün atasından dostu ilə danışıb Arifgilə bir neçə aylıq qalmağa ev tapmada köməklik etməsini istəyir.
Arif xəsarətlərdən bir neçə gün xəstəxanada qalır. Və xəstəxanadan çıxıb kirayələnmiş bir evə gəlir. Arif bilir ki, atasının o qədər imkanı yoxdur, bu tezlikdə bu qədər yaxşı kirayə ev tapa bilməz. Atasından bu evi kim vasitəsilə tapdıqlarını soruşanda, atasının “sənin bir dostun vare, o atasına başmıza gələnləri deyib, onun atası köməklik göstərdi” deyir. Atasından “hansı dostum, İlhammı?” deyə soruşur. Atası yox, Akif deyir. Bu zaman Arifin gözlərindən gözyaşları süzülür. Arif gözlərini yumub , əlini Allaha açır, söyləyir:
-Sən hər şeyi duyur və eşidirsən. Mən bunu unutmuşdum. Sənin verdiyin bəlanda belə bir xeyir var, mən bunu təəssüf ki, gec anladım. Verdiyin bəla məni həyatda edəcəyim başqa, daha böyük bəlalardan hifz etdi.
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)
“Düşündükcə utanırıqsa, demək, dəyişmək üçün hələ də bir şans var - AKTUAL
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Biz uşaq olanda 2-ci sinif Azərbaycan dili dərsliyində Əhmədin nağılı var idi.
Əminəm ki, bir çoxları bu nağılı çox yaxşı xatırlayır. Balaca Əhməd nənəsi ilə birgə yaşayan, daim onun qulluğuna gedib, kəndində sevilən bir oğlan idi. Ancaq dövran dəyişdi və nağıldakı hər kəsin sevimlisi Əhməd ilə bu gün bütün xəbər saytlarının paylaşdığı Əhməd eyni olmadı. Əhməd cəmiyyət üçün dərin bir sarsıntı, xəyal qırıqlığı və bütün ümidlərin tükənişi oldu. Yəqin ki, bir çoxumuz sözügedən hadisədən xəbərdarıq. Böyük bir ailə faciəsi bir ailənin beş üzvünün qətlindən daha böyük məna kəsb etmişdi. Varis kitabında “sonuncu ölən ümidlərdir” deyərkən, bizlər Vahabzadənin “bir gün insanlıq deyə bağırılsa, ölən insanıqlar içində cismani yaşayan insan kütləsində” sonuncu ümidi elə Əhmədlə birgə itirdik. Və çox təəssüf ki, bəlkə də, bu nəsil "o vaxt belə şeylər olmurdu" , "bizim vaxtımızda böyük-kiçik yeri bilinirdi", "biz sizin yaşınızda olanda" kimi ifadələrlə cümlə qura biləcək ən son nəsil olduğumuzun belə fərqində deyilik.
Diqqətlə müşahidə etsək, əksər Asiya ölkələrində olduğu kimi Azərbaycanda da, dərin sosial çürümə gedir. Bu yaxınlarda qonşu Türkiyədə keçirilən küçə reportajında müxbir təsadüfən mikrofonu akademik Zehra Bürketə uzadır. İlk öncə xanımı tanımayan birisi olaraq sırf xanımın xarici görünüşünü nəzərə alanda onun fikirləri absurd gəlsə belə cəmiyyətin sosial sferasında baş verən köklü dəyişiklikləri, bir yaraya düşmüş kimi çürüyən gəncliyimizi və əslində hər kəlməsinin qiymətini dərk etmək bir yandan düşündürür, bir yandan isə utandırırdı.
Sosial çürümə dedikdə nə nəzərdə tutulur? Sosial çürümə insanlar arasında şəxsi keyfiyyətləri formalaşdıran amillərin çirklənməsi nəticəsində insanların etika, mədəniyyət, estetika və incəsənət kimi meyarları unutmasına gətirib çıxaran sosioloji problemdir. Əfsuslar olsun ki, müasir dövrdə yaranan sütunsuz ideologiyalar sosial çürümənin manipülativ tərəfidir. Bu manipülyasiyanın əsas qaynağı isə Tiktok sosial platformasıdır. Çünki hal hazırda çox kiçik bir kütlə bu platformda düzgün əylənməyi və keyfiyyətli məhsullar hazırlamağı bacarır, çox zaman isə kor bir kütlə özü də fərqində olmadan, cinsi azlıqların təbliğatını normallaşdırır, çılpaqlığı müasirlik zənn edənlərə böyük heyranlıq bəsləyir, ailəsinin gözü önündə əxlaqsızca davranan kişi və qadınlara gülür və təəssüf ki, bir çoxları məhz elə bizim gülüb lağa qoyduğumuz, qınadığımız üçün qınanarıq deyə düşüncələrimizi əsirgədiyimiz, nə olduğu bəlli olmayan insan kütləsinə çevrilməyə can atır.
Ümumilikdə isə son zamanlar ölkənin hər yerindən cinayət, intihar, cinsdəyişdirmə əməliyyatları, erkən nigahlar, uşaq yaşlarındakı qızların abort etmə kimi hallar baş alıb gedir və biz hələ də çürüdüyümüzün fərqində deyilik.
Cəmiyyəti dəyişmək istəyirsənsə davranışlarını dəyiş, davranışlarını dəyişmək istəyirsənsə düşüncəni dəyiş, düşüncəni dəyişmək istəyirsənsə düşdüyün cəmiyyəti dəyiş. Cəmiyyətin başı da, sonu da düşüncələrdən formalaşdığı kimi, düşüncələrdə məhv olur.
Ən sonda isə hər kəsin izləməsini məsləhət gördüyüm Zehra Bürketin müsahibəsinin linkini yerləşdirəcəyəm. Düşündükcə utanırıqsa, demək, dəyişmək üçün hələ də bir şans var.
https://youtu.be/wKbwFrHuYq0?si=iPXpAR-WFtV5DphU
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)