
Super User
Bir sual bir cavab - Qulu Ağsəs
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Yaşamaq!
- dünyanın ən zor işi!
Yaşamaq!
- irəli qovaraq keçmişi!
Fəqət...
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın.
(Qulu Ağsəs)
Dəyərli Yaradıcımız, ölüm nöqtədir, yoxsa vergül? Şairlərin mənəvi ölümü yoxdur deyək. Yenə də ölüm cismani həyata nöqtə, ruhi həyata isə vergüldürmü? Ölüm haqqında düşüncələriniz necədir?
CAVAB
Mən bir dəfə müsahibələrimin birində demişdim ki, vergül nöqtədən daha işıqlıdır. Nöqtə sanki quyudur, ora düşürsən və Yusif peyğəmbərin adı ilə çıxa bilmirsən. Amma vergüldə bir işıq var. O deyir ki: " Hələ hər şey qurtarmayıb, hələ davamı var."
Ona görə mən çox istəyərdim ki, elə ölüm də vergül olsun, nöqtə olmasın.
Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Bilinməzə dördüncü məktubum
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Taxtadan təməli qoyulan bir evi dəmir hasarları nə qədər müdafiə etsə də, onu zamanı gələndə çürüməkdən xilas edə bilməz. Dağlanmış bir köksə yazılır bu sözlər, “Əgər küsdürəcəyini zənn etmədiyin adamlardan küsmüsənsə, bəzəkli sözlər barışmaq üçün əsla kifayət etməz”.
Məhz elə bu an, bu dəqiqə oturub düşündüm ki, bir çox insanla aramızda günlərə bərabər illər ötür. Nə qədər çalışsam da, ömrü ömrə, günü günə, qəlbi qəlbə calaya bilmirəm. Hər halda bizim ağacımızın budaqları əvvəldən kövrəkdir deyib, yoluma beləcə davam edirəm. Vuruşmaq və mübarizə aparmağın artıq mənim üçün ağır olduğunu qəbul edib öz qaranlıq küncümə qısılmaq və oradan heç çıxmamaq istəyirəm. Özüm də çox yaxşı bilirəm ki, o küncə təslim olsam, bir daha əsla əlindən qurtula bilməyəcəyəm. Doğrusu, nə istədiyimi heç bilməmişəm, yenə də bilmirəm. Lakin həyatdan çox şey istədiyim barizdir. Zəhərli bir ilan, yırtıcı bir heyvan kimi doymadan, əlimdə olanları qəbul etmədən, bütün sovrulan küllərimə məhəl qoymadan mübarizə meydanına atılmaq nə qədər yorucu olsa da, “bu dəfədə olacaq” fikrinə qapılıb şiddətli bir həyəcana aşiq oluram.
Ruhum bir tək onun qarşısında bütün çılpaqlığı ilə özünü təslim edir. Bu, əslində sevgi deyil, amma uçucu bir həvəs olmadığı da bəllidir.
Xatirələri oyatmaq vaxtıdır əziz dost!
Tuturdum onun qabar basmış əllərindən, hər iki əlini əllərim arasına alırdım. Bu istilik onun əllərinin çapıq basmış cığırlarını sızıldadırdı və mən bu sızıltını iliklərimə qədər hiss etmiş olsam da, hər nə qədər ovuc içlərim tərləsə də, o cığırları duzlu tər damcıları yandırsa da, qəlbimi təlaşım bir məngənə kimi sıxsa da, acının fəryadları nə bir sərhəd, nə də bir əngəl ola bilirdi. Bir cəza olmağı da, onun günahlarının hər zərrəsinə damcı-damcı bulaşmağı da özümə yaraşdırmırdım. Fəqət, pis əməllərimdən, kinimdən, kəhanətimdən də geridə qalmırdım. Axı bu mübarizə mənim qələbəm ilə bitməli idi. Nəticə isə təbii ki, onun mənə nifrəti idi. Sakitcə dayanmış və xalçanın ən kobud naxışlarını sayaraq düşünürdüm ki, mən onu itirməyə, həqiqətən də hazırammı? Sonra ətəyimdəki bütün daşları silkərək onun mənim mübarizəmdə heç bir yerinin olmadığını özümə dəfələrlə xatırladırdım. Hətta heç kimin bu mübarizədə yeri yox idi. İtirdiklərim dəhşətli idi və itirəcəklərim daha da dəhşətli olacaq. "Buna hazırsanmı? " -deyə sual verdiyinə əminəm. Hazır olmağa hazır deyiləm, əziz dost!
Sonra..., sonra..., sonra...ovuclarımı açırdım. Duzlu tər damcıları sızıldadan o cığırları indi şiddətli bir çovğun göynədirdi. Və
onun əlləri, mənim isə qürurum çovğun qarşısında daha da şişir və qabarırdı. Arxama belə baxmadan qaçırdım. Məkanı soruşma, çünki bir dayanacağa ehtiyacım olmadığını sən də bilirsən. Ardımda kövrək bir səs, bitməyən cümlələr məni təqib edirdi. Bir müddət sonra eşidə bilmədiyim cümlə sonlarını özüm tamamlayırdım. Dəqiq xatırlamasam da, onun son sözləri təxminən belə idi:
-…Elə isə gözlərini yum və üçə qədər say…
Sənə vədlər verəcəyəm. O vədlər gözlərinə pərdələri asacaq. Yenə səhər olacaq, yenə günəş doğacaq, yenə bu bataqlıqda yaşamağa ümid bəsləyən bir cüt göz tapılacaq. Səni bu xarabalıqdan pərdələr qoruyarkən, mənsə qırpılan göz bəbəklərin arasında tək nəfəsdə donacağam...
Bu bədbəxt bəndəyə -Mən səni sevə bilmərəm, mən yalnız özümü sevə bilərəm, - demək necə də ağırdır, elə deyilmi?! Özümə nifrət edirəm. Əgər bu belə deyilsə belə, hökmən belə olmasını istəyirəm. Əgər xatırlayırsansa, bunu əvvəl də sənə demişdim: "Nifrət çox ali bir hissdir".
Sənə də nifrət edirəm!
Və...kefini belə soruşmadan bu məktubu burada yekunlaşdırıram, çünki sən sadəcə məni dinləməklə hökmlüsən.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
“Biz əks qütblər kimi fərqliydik” - SEVGİ MƏKTUBLARI
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
“Biz əks qütblərik, ona görə çəkdik bir-birimizi"
- Baxanda nəyə aşiq olur insan?
- Özündə olmayana.
- İnsan əksik tərəfinəmi aşiq olur?
- Tamamlayana aşiq olur, möhtərəm..
- Eşq tamamlanmaqmıdır, yoxsa əbədiyyən yarım qalmaqmı?
(“Könül dağı” filmindən)
Bir yerdə oxumuşdum: “Biri ilə anlaşmaq üçün eyni, sevmək üçüm fərqli xüsusiyyətlər gərəkdir”.
İnsan özü kimi olanla anlaşarmış da, lakin fərqli olanı sevərmiş.
Sən də eynən bunu söyləmişdin mənə: “Biz əks qütblərik, ona görə çəkdik bir- birimizi",- demişdin.
Eləydi, biz əks qütblər kimi fərqliydik bəlkə, amma eyni zamanda da ayrılmaz, bir-birinə bağlı və biri digərini tamamlayandıq biz.
Eyniylə gecəylə gündüzün, istiylə soyuğun, günəşlə ayın, yerlə göyün, siyahla bəyazın fərqli olduğu qədər də bir-birini tamamlaması kimi...
Mən hər nə qədər aydın görünsəm də, toxunsan ağlayacaq insan kimi, hər an yağmağa hazır göy üzü, sənsə hər nə qədər quraq görünsən də, bir damla yağış düşsə gülüstana çevriləcək torpaq kimiydin.
Fəqət, mən ağlaya bilməyən insanlar kimi tutdum göz yaşlarımı, o bir damla yağışı belə əsirgədim səndən və sən də bunun müqabilində əbədiyyən o ən sevdiyim yaşıla həsrət qoydun məni.
Bəlkə də həqiqətən də eyni qədər günahkarıq səninlə, amma peşmanlıq duyğusuyla yoğrulub, qartopu kimi yuvarlandıqca böyüyən bu günahın bədəlini ödəmək təkcə mənim payıma düşdü.
Mən indi hər gün gözlərini sıxan səma kimiyəm, fəqət, qışdır, daha gərək yoxdur yağışa...
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
AMEA-nın "Şöhrət" və "Şərəf" ordenli sabiq PREZİDENTİ...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Zarafat deyil, bu yaşında yaddaşını hələ də itirməyib, Azərbaycan, rus klassiklərinin əksər şeirlərini əzbər söyləyə bilir, poeziya vurğunudur. Məktəbdə əlaçı olub, təhsilini gümüş medalla başa vurub...
Deyir ki,- “Babam din xadimi olduğu üçün Allah kəlməsi evimizdən heç vaxt əskik olmazadı. Rəhmətlik bütün günü kitab oxuyardı. Füzuli, Sədi onun sevimli şairlərindən idilər. Sevinirəm ki, ondan çox şey öyrənə bilmişəm...”
Azərbaycan xalqının bu gün də hörmətlə yad etdiyi seyidlərdən Seyidəli ağa Mirmövsümzadənin nəvəsidir. Seyidəli ağa uzun müddət Bakı quberniyası “Şiələr Məclisi”nin sədri olub, nüfuzlu bir şəcərənin nümayəndəsi idi. Bir vaxtlar Azərbaycanın şeyxülislamı, görkəmli din xadimi Axund ağa Əlizadə və Azərbaycan gənclərinə liderlik etmiş Məsud ağa Əlizadə də bu şəcərənin övladları olublar…
“Məşhur Mir Mövsüm ağanın bacısı mənim nənəm olub. Şeyxülislam Axund ağa Əlizadə Nəcəfdə oxuyarkən Mövsümzadənin böyük qardaşı Seyid ağa ilə dostluq ediblər. Bakıya qayıdandan sonra babam Seyid ağanın bacısı Zeynəblə evlənib. Bu evlilikdən atam anadan olub. Atamın üç yaşı olanda isə Zeynəb nənəm vəfat edib.”- söyləyir...
Dostlar, bu gün sizə AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadədən danışıram. 1934-cü ildə tanınmış həkimlər- Ağamehdi və Əfşan xanım Əlizadələrin ailəsində dünyaya gəlib. Uzun yol keçib, savadı, elmi, bacarığı ilə elmin pillələrində irəliləyə bilib. 27 yaşında elmlər namizədi, 35 yaşında isə elmlər doktoru alimlik dərəcələrinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və medallara layiq görülüb...
Deyir ki,- “Etiraf etmək lazımdır ki, Azərbaycan elmi artıq qocalıb. Yəni alimlərizin əksəriyyəti yaşlanıblar. Akademiyanın institutlarında yaşlı nəsli əvəz edən gənc nəsli tapmaq çətin olur. Buna da əsas səbəb 90-cı illər olub. SSRİ dağılandan sonra dərhal bütün əlaqələr qırıldı. Bu zaman elmdə digər sahələr kimi böyük itkilər oldu. İşsizlik yarandı, gənc alimlər və istedadlılar xaricə üz tutdular, biznes sahəsini seçdilər və başqa bir istiqamətə yönəldilər. Bununla da sovet vaxtı yaranmış ənənə pozuldu. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün akademiyamızdan əsər-əlamət qalmazdı və bərpa etmək də mümkün olmayacaqdı. Heydər Əliyev deyirdi ki, akademiya yaşamalıdır. Akademiya yavaş-yavaş bərpa olundu. Hazırda AMEA çox qüvvətli bir qurumdur, burada çox yaxşı kadrlar var. Amma gələcək üçün gənc kadrların hazırlığında çətinliklər yarana bilər. Buna görə də təhsil ilə elmin inteqrasiyası çox vacibdir. Elm təhsilə öz imkanlarını verməlidir, təhsil də elmə cavan kadr yetişdirməlidir. Bunlar bir-birindən ayrılmadan, yanaşı irəliləməlidirlər. Deyirlər, xaricdə elm universitetlərdə inkişaf edir. Bəli, elədir, bizdə isə tərsinə- elmimiz akademiya istiqamətində inkişaf edir. AMEA-nı ləğv edib, hamısını universitetlərə vermək də mümkün deyil. Bunu etsək böyük bir fəlakət olar. Elə bir nöqtə tapmaq lazımdır ki, bu iki vacib humanitar istiqamət şərikli inkişaf etsin. Yalnız o zaman mümkün olar ki, elm tədricən universitetə tərəf gedə bilsin. Onda akademiya da inkişaf edər.”
Bəli, yüksək mədəniyyəti, əsilzadələrə xas olan davranışı ilə ürəklərdə yuva qurmağı bacaran bu insanın dünən - fevralın 25-də nə az, nə çox 90 yaşı tamam oldu. Barəsində çox danışmaq olardı, amma deyə bilmədiklərimi yəqin ki, nə vaxtsa onun rəhbərliyi altında işləyən alimlər özlərində güc tapıb söyləyəcəklər. Məqsədim, bu işıqlı insanı, qocaman akademiki yubileyi münasibətilə təbrik etmək, ağrı-acısız günlər arzulamaqdır.
Cəddi peyqəmbər dayağı olsun!
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Ən məhsuldar aktyorumuz Bahadur Əliyevin 91-ci ildönümü oldu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Şənbə günü ünlü Azərbaycan aktyoru
Bahadur Atabala oğlu Əliyevin doğum günü idi.
Bahadur Əliyev (24.02.1933, Sığıncaq, Masallı – 16.09.2002, Sumqayıt) mübaliğəsiz deyə bilərik ki, milli kino tariximizin ən məhsuldar aktyorudur.
Bahadur Əliyevin 80-ə yaxın filmdə çəkildiyi bəllidir. Xüsusən, ən sevimli, ən populyar filmlərimizdə o, bir qayda olaraq rol alıb:
“Onu bağışlamaq olarmı?” (1959),
“Böyük dayaq” (1962),
“Sehrli xalat” (1964),
“Ulduz” (1964),
“Uşaqlığın son gecəsi” (1968),
“Mən ki gözəl deyildim” (1968),
“Bizim Cəbiş müəllim” (1969),
“Bir cənub şəhərində” (1969),
“Axırıncı aşırım” (1971),
“Dərviş Parisi partladır” (1976),
“Babək” (1979),
“Nizami” (1982),
“Bəyin oğurlanması” (1985),
“Sizi dünyalar qədər sevirdim” (1985), “Yaramaz” (1988) və s.
Bahadur Əliyevin yaratdığı bütün obrazlar
unudulmaz obrazlardır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
UĞUR QAZANDIRAN KİTABLAR – Entoni Robbins. «Özündə nəhəngi oyat»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Entoni Robbins. «Özündə nəhəngi oyat»
Dünyanın ən tanınmış motivasiya spikerlərindən olan, layf-kouçinqin (mütəxəssislə ondan bilgi almaq zərurəti duyan insanın lazımi nəticə alanadək peşəkar münasibətləri) banilərindən biri hesab olunan Entoni Robbins özü həyatda hər şeyi sıfırdan başlayıb, motivasiya kitablarını öz həyat təcrübəsinə əsasən yazıb. Entoni Robbinsə görə hər bir insan içində yatan enerjini oyatmalı, arzularını, hətta ən fantastik olanları belə reallaşdırmalıdır. Entoni Robbins tövsiyyə edir ki, böyük hədəfləri vurun, heç nəylə kifayətlənməyin. Ən vacibi – özünüzə güvənin, deyin ki, mən bunu bacaracağam!
«Hər gün öz üzərinizdə səylə çalışın, zərərli vərdişlərdən, səhv qənaətlərdən qorunun», - deyir spiker.
Entoni Robbins belə bir deviz də təklif edir: «Öz emosiyalarınızı özünüzə müttəfiq edin». Onun təklif etdiyi digər deviz isə belədir: «Arzulamaqdan dərhal real işə keçin!»
Oxucularıma onu da söyləyim ki, Entoni Robbinsin kouçinq seanslarının (konsaltinq və treninq metodudur ki, kouç öz tələbəsinə konkret hədəfi vurmağı öyrədir) astronomik qiyməti var: 1 milyon dollar!!! Və bu prosedura arzulayanlar 2 il öncədən yazılırlar. Onun müştəriləri arasında isə bir görün kimlərə rast gələcəksiniz: Bill Klintona, Andre Aqasiyə, Opra Uinfriyə... Prezidentliyədək yüksələn siyasətçi, ən yüksək kürsülərdən düşməyən dünyaşöhrətli idmançı, dünyanın ən nüfuzlu qadınları reytinqində yer alan ən məşhur televiziya aparıcısı və şoumen...
Bu sırada tarixdə SSRİ dövlətinin, kommunizmin süqutunun memarı hesab edilən sonuncu SSRİ prezidenti Mixail Qorbaçovu da görmək olar, əziz oxucularım.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Bağışla, gecikdiyim üçün… - ESSE
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”
- Salam, necəsən? Mən dünən səni gördüm, gedirdin. Tək deyildin özü də, çox xoşbəxt görünürdün, səmimi gülüşün kənardan çox aydın hiss olunurdu. Sənin yerinə sevindim.
- Hə… xoşbəxtəm, həm də heç vaxt olmadığım kimi. Məni anlayan, dəyər verən, istəklərimə hörmətlə yaxınlaşan birinin yanında necə xoşbəxt olmaya bilərəm ki.
Bilirsən, bəzən həyatda insan sevgidən daha çox anlaşılmağa ehtiyac duyur.
Bağışla ki "bilirsən" dedim, axı sən hardan biləsən, deyilmi?
-Bilirsən, sən də heç dəyişməmisən. İllərin nifrəti hələ də gözlərindədi, sanki bir zamanlar bir-biri üçün ölməyi belə gözə alan insanlar biz deyildik. Bəlkə də sən məni bağışlasaydın, indi xəyalını qurduğumuz evin həyətində üz-üzə oturub sevgi dolu söhbət edirdik ötənlərdən.
- Bağışlamaq? İncimə, amma xəyanəti bağışlamaq özümə edə biləcəyim ən böyük cəza olardı. Unutma, hər kəs bağışlanılmağa layiq olacaq qədər şanslı deyil…
"İlahi bu nə yuxu idi belə? Onun ölümündən artıq 3 ildi keçir, amma mən hələ də onun məni bağışlamağına ümid edirəm. Necə də aciz biriyəm, yanımdaykən onu xoşbəxt edib bir dəfə də olsun, “sevirəm” sözünü dilə gətirə bilmədim. Anlamağı, dinləməyi heç zaman düşünmədim, onu başqasına dəyişmək isə nə qəlbimi, nə də ruhumu incitdi. İndi isə.....
Bağışla məni, bağışla məni, sənə gecikdiyim üçün…”
Necə də qəribə bir həyatdı, deyilmi, Əzizim?
Biz insanlar yanımızda olarkən heç kimin dəyərini bilmirik. Sevsək belə dilə gətirməyə gücümüz yetmir təəsüff ki.
Və bir gün tək həqiqət peşmanlıq olur. Etdiklərin və etmədiklərin üçün peşmanlıq.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
“Bir payız islanır yağışın altda” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
YERİ, ŞƏHƏRİM
Qış donunda necə
yeknəsək görünür şəhər, İlahi,
Hər yandan qorxu, iztirab, kədər,
ayrılıq boylanır,
həsrət yağır üzü Xəzərə.
Ağaclar qollarını qucaqlayıb
oturub küçə boyu,
Xəzəlləşən yarpaqlarından,
lüt-üryan budaqlarından
utanıb başını aşağı dikir
məlul-məlul.
Çılın -çılpaq vücudunu şaxta döyür,
Külək başına uçurur yaz arzularını.
Adamın yazığı gəlir şəhərə.
Tufan qabağına qatıb gedir
küçələri, dalanları,
Binaları, adamları.
Amma qəribə bir əminlik də var
baxışlarında şəhərin,
Nə küləyin dəli uğultusunu,
nə göy üzünün haray-həşirini,
nə də buludların şaqqıltısını vecinə alır.
Ayaqlarını bir az da möhkəm basır torpağa,
Bir az da möhkəm sarılır öz qoca tarixinə.
Soyuna sarılır,
kökünə, divarına, daşına sarılır,
Qışına sarılır.
Dəniz-dəniz ulayır külək şəhərin üstünə,
Adamın zəhri yarılır,
Şəhərsə öz yerindədi.
Külək dalğaları sahilə çırpdıqca
sahil bir az da bərk yapışır
dənizin ayaqlarından.
Şəhər dənizdən, dəniz dalğadan,
dalğa sahildən,
Sahilsə ləpirlərdən tutur.
Beləcə tuta-tuta addımlayır
dəniz-dəniz, bina-bina,
küçə-küçə, dalan-dalan şəhər,
Anam şəhər, yuvam şəhər, qalam şəhər.
Burdan batıb ordan çıxır külək.
İçərişəhərin dolanbac küçələrindən
burula-burula keçir,
Qapılara, pəncərələrə sarıla-sarıla keçir,
Dünyanı şəhərin başına yıxır külək..
Qumla dolur gözləri şəhərin,
Bu masal, bu mələk, bu pəri şəhərin.
Amma yenə saat-saat, addım-addım yeriyir
bahara sarı, dəli şəhərim.
Yeri, yeri, yeri, şəhərim!
YAĞIŞ
Nə yaman ağlayır buludlar bu gün,
Saçlarım yağışdı, yanağım yağış.
Mən kirpik çaldıqca səssiz, səmirsiz
Döyür pəncərəmi qonağım yağış.
Tökür hikkəsini qara buludlar,
Ocağa ağlayır, külə ağlayır.
Göylərin qəribə darıxmağı var,
Demək, buludlar da belə ağlayır.
Kimin ürəyindən su içib axı,
Kimin göz yaşıdı görən bu yağış?
Gözümü açmağa macalım yoxdu,
Qoymur nəfəsimi dərəm bu yağış.
Buludlar ağlayır, torpaq dirçəlir,
Min həsrət cücərir hər daşın altda.
Bir bahar yol gedir payıza sarı,
Bir payız islanır yağışın altda.
KİMDİ YUXUMU QORXUDAN?
Bambaşqa vüsaldı bu,
Bambaşqa görüş.
Ayrılğı özündən qabaq gəlib deyəsən,
Təpə-dırnaq həsrət qoxuyur üst-başımız,
Yarıoyaq, yarısərxoş
Dolanırıq gecənin başına dəlisayaq
Sən və Mən!
Bir az küskünük, bir az qorxaq.
Addımlayırıq səhərə sarı ağır-ağır,
Yox, yox, yerimirik,
Elə ayaqlarımızı sürüyürük arxamızca.
Qaranlıq gözümüzün içində yol gedir ,
Fikirlərimiz gecəyə dağılır,
Üstünü ot basır.
Danışırsan,
Dodaqların havanı ölçür,
Səsini udur gecə,
Heç nə eşitmirəm,
Sözlər havada uçur .
Üzünü görmürəm,
Ürəyinin pıçıltısını eşidirəm sadəcə.
Əllərim özümdən aralı yeriyir ,
İtirirəm yolun ağını,
Gecə yavaş-yavaş, asta-asta əriyir.
…Birdən kimsə güllə atır üzü alatorana,
Diksinib oyanıram bu yarı vüsal,
yarı həsrət yuxudan,
Bilmirəm, qaranlıqla işığın ortasında
kimdi yuxumu qorxudan…
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Şəhidlər barədə şeirlər – Nicat Şükürlü
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nicat Şükürlüyə həsr edilmiş şeirlə tanış olacaqsını
NİCAT AYAZ OĞLU ŞÜKÜRLÜ
(23.10.1991.-11.10.2020.)
Əslən Kürdəmirdən olan, Bakının Badamdar qəsəbəsində anadan olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
BAŞINI DİK TUT, AY ANA
Şəhid Nicat anası Yeganə xanıma müraciətlə:
Başını dik tut, ay ana, Nicat kimi övladın var,
Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.
Sən elə oğul böyütdün, adı düşübdü dillərə,
Elə hünər göstərib ki, müjdə verib səhərlərə.
Uşaqlıqdan zirək idi, çox xoşlayırdı zəhməti,
Məktəbdə əlaçı idi, yalnız “beş” idi qiyməti.
İnsanı şəxsiyyət edən saf əqidə, saf amaldı,
Müəlimlər deyirdilər Nicata əhsən, halaldı.
Nicat həm də idmançıydı, qazanmışdı diplom, medal,
Üz-gözündən tökülürdü mərifət, qanacaq, kamal.
Orta məktəbi bitirib, yollandı hərbi xidmətə,
Əsgəri borcunu verdi bu vətənə, bu dövlətə.
Amma rahat deyildi o, qəlbi elə göynəyirdi,
“Faşistlər qovulmalıdır, yurdumuzdan” - söyləyirdi.
Bir an boş dayanmazdı, oxuyurdu, çalışırdı,
İntiqam, qisas hissiylə o, yanırdı, alışırdı.
İnsan necə xoşbəxt olur halallıqla ucalanda,
Ali təhsil diplomunu çox sevinmişdi alanda.
Polad bəyin şəhidliyi onu sarsıtmışdı yaman,
Dua edirdi Allaha: - Baş Komandan versin fərman.
Atılaraq döyüşlərə, məhv edəyin ermənini,
Bizim bircə əsgərimiz şil-küt eyləyər minini.
Könüllütək yazılmışdı döyüşlərə getmək üçün,
O müqəddəs savaşlarda qələbəyə yetmək üçün.
Arzusuna çatan zaman, necə sevinirdi Nicat:
-Bu savaş bizə qələbə, torpağa qurtuluş, nicat.
Manqa komandiri oldu, Vətən ona arxalandı,
Düşmənə sübut eylədi erməni, mifdi, yalandı.
Füzulidə döyüşərkən göstərdi nə qədər hünər,
Əsgərlərinə deyirdi bizimdir qələbə, zəfər.
Hadrut uğrunda döyüşdə Nicat əsil cəngavərdi,
Elə burda o, cənnətdən, solmayan gül-çiçək dərdi.
Doğma torpaq, haqq yolunda candan keçənlər ölməzdir,
Şəhidlərin xatirəsi xalq qəlbindən silinməzdir.
Başını dik tut, ay ana, Nicat kimi övladın var,
Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
TABUTMU, TAXTMI… - Çikaqoda sürgünlük həyatı yaşayan güneyli şair Məmmədrza Ləvayinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla sizə növbəti Güney Azərbaycan şairinin yaradıcılığını təqdim edir. Məhəmmədrza bəy Ləvayinin şeirlərini. Əli Çağla qeydlərində yazır: “Bu şair mənim ən çox sevdiyim şairlərdən biridir. Məhəmmədrza Ləvayi Təbrizdən olsa da, indi sürgündə - Çikaqoda yaşayır. Portalımızın oxucularının şairi sevəcəklərini ümid edirəm”.
RÖYALAR CALANAR, SEVGİLİM
Röyalar Atlantikdən acı çay çıxarar
Təbrizliyim tökülər bütün şəhərlərin üstünə
Balı qaymağa qatdığını düşün, elə bir şey
Sən Təbrizdə Batını ək Eynalıya.
Burda qızların çənəsindəki Urmu dərələrinə göm məni
Hə
Röyalar calanar baş-gözümüzdən, sevgilim.
Dəniz quşlarının boğazında cırılan gecədən düşər röyalar
Sənə baharın Atlantikini Qaradağ yapacağam istədiyin an
Gəmilər ala dağlarda çapdırdığın atlar olacaq
Təbrizi dərələrdən yığışdırıb dağlıq sinənə uzadacağam
Əmzik-əmzik əməcəyəm dağlarını, sonra yenə əməcəyəm
Bu uşaq böyüməz ki, böyüməz.
Bu gün üzünün iki min on altıncı ilinin
Otuzuncu gününü öpüb divara asıram yenə
Üç şey qalıb bütün o həyəcanlardan;
Bu güneyli rəsmin
O qaradərili çantam
Bu, ya da o Məmmədİrza çağırdığın dodaqlarının Batısı.
Röyalar calanır, sevgilim
Röyalar üşüdür, isladır, yatağa salır adamı
Uzaqlaşdığımız yaxınlıqdan yenə uzaqlaşmaq gərək
Yenə sən vətəni basdır qırx qapılı sirlərdə, sükutlarda
Yenə mən vətəni çiynimə alıb düşüm Batılara
Biz röyalarımızı calaya-calaya yaşadıq
Yenə yığıb-yığışdırması arxamızdakılara qaldı, gözəlim!
QORXURAM
Qorxumdan tez-tez içirəm
Vətəni içib qusuram tez-tez qürbətdə
Şəhər keflənir
Ayaqqabılarımın ürəyi bulanır
Dörd yanım yaman boşalıb
Yoldaşlarımı öldürdülər
Və məzarlarını mənim şeirlərimdə qazdılar...
Yamandan yaman qorxuram
Hər külüng səsini eşitdiyimdə Fərhad oluram
Hər körpü gördüyümdə Domrul oluram
Adım səsləndiyində əllərimi qaldırıb təslim oluram
Polislər xalqımdan daha çox məni səslədilər...
Yatmaqdan qorxuram
Yatarsam səni sevməkdən qırıla bilərəm
Heç bir evdə rahat deyiləm
Hər bir ev bir iqtidar müxalifət savaşıdır
Pəncərələr ziyalı, divarlar diktator...
Yatarsam dağları itirə bilərəm, ceyranlığını itirə bilərəm
İkimiz də dağları yaxşı bilirik
Ovçuları atlamaq üçün
Çox ceyran olmalısan o dağlarda...
Nə yazıq ki, o dağların ətəyində
Toplum
Başını baltanın sinəsinə qoyub yatan meşə...
Qorxuram
Oturub-durduğumuz yerlərdən qorxuram
Cəhalət ilə cəsarəti ayırd edə bilmədiyimiz dönəmdəyik
Kəpənək qurbağanın dilini çiçək sanar...
ATLANTİKDƏ URMU GÖLÜNÜ AXTARIRAM
Uçurtdular, uçdurdular, qaçırtdılar Urmu gölünü
Azərbaycanın boğazını qurutdular
Kərbəlaya ağlayanlar, Kərbəlaya çevirdilər torpağımızı.
Bir də belə sansınlar, yansıtsınlar bizi
Ağladıqları Əliəsğər boğazım
Sızladıqları Hüseyin, başımız
Çağırın bağırdıqları Əbilfəzl, qollarımız.
Həm o səbəbdən əmmamələri Yezid
Əbaları Şümür
Həm o səbəbdən minbərləri Hərmələ.
Sonu bəlli idi
Zindanda o tutuqlanan şairin üzünə işədiklərində
Flaminqolar dimdiklərinə alıb Urmu gölünü uçdular
Sonu bəlli idi
Təbriz Müsəllasında sazları yandırdıqları gün
Urmu gölü qəlb krizi keçirdi.
Dostlarım "Urmu gölünə şeir yaz" - deyir
Yazdığım şeir quruyur, duz fırtınası olur.
Soyqırım edir dinləyənləri, dinləməyənləri
Yazdığım şeir Urmunu, Ərdəbili, Təbrizi görmür tarixə
Yazdığım şeir Azərbaycanı məhv edib dağıdır.
Düşmən torpağımızı bizə qarşı düşmən etməyi bacardı
Bunu cəhalətimin hansı divarına yazım unudulmasın deyə?
Cəhalət, amma unutdurar hər şeyi.
Urmu gölünü də...
ZAMAN
Zaman alnında, üzündə qırışa dönür yavaş-yavaş
Bir zamanlar söykəndiyin o ağacın indi nə olduğunu hardan bilə bilərsən ki?
Tabutmu? Taxtmı? Qələmmi? Baltamı?
Zaman yavaş-yavaş diş tökür sənin üzündə
Çikaqodan uzanıb ayaqlarını Azərbaycana sallayırsan
Başını Uilles Tauerin şominəsi qızışdırır
Ayaqlarını Azərbaycan kəndlərindəki kürsülər.
Bu qış da belə keçəcək sürgünüm...
ÖZGÜRLÜYƏ DARIXAN VAR
Artıq parklar səndə hava alır Ortadoğuda
Hakimlər insanı ümumi tualetə dönüşdürmüş
Çirkinliklərini insana boşaldıb dincəlirlər.
O zamanlar açıq kitablar idik gənclər əllərində
Bizi də, kitablarımız kimi yığışdırdılar xiyabanlardan.
O zamanlar binalar balıq olub sıçrayardı üstümüzə
Şəhərlər qurudu, balıqlar qurudu, sevgi qurudu.
Mən sürgün edildiyim gün gözlərin yalnız Təbriz idi
İndi isə gözlərində Azərbaycan atışıb-tutuşur bu ayrılığı, bu sevdanı
Eşqimizi zorlaşdıran sınırları hələ də sındıranmıram.
Gözəlim, Çikaqodakı qucağıma yaxınlaş Təbrizdə
Bu fantastik filmə biraz od qoyaq öpüşlərimizlə
Baxan var, axan var, yaxan var
Özgürlüyə darıxan var...
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)