
Super User
“Nyu-York trilogiyası”nın müəllifi Pol Osterə rekviyem
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kitabserlər nəyə görəsə əcnəbi müəlliflərə daha çox etimad göstərir, onları daha çox oxuyurlar. Çağdaş Amerikada yapon İsiqura, Britaniyada cənubiafrikalı Kutzee, Rusiyada braziliyalı Koelyo, Türkiyədə amerikalı Den Braun, Azərbaycanda əfqan Xalid Hüseyni son statistikada ən çox oxunan müəlliflərdir.
Amma bir ad da var ki, o, bütün ölkələrin reytinqlərində ilk beşlikdə mütləq yer alır. O, Pol Osterdir.
Çox təəssüf ki…
Amerikalı yazıçı və tərcüməçi Pol Oster aprelin 30-da 77 yaşında vəfat etdi. Bu barədə Nyu-York Times qəzeti onun bir dostuna istinadən xəbər verməklə milyonlarla ostersevənləri kədərə qərq etdi.
Bu xəbəri ötən gün dünya mediası, o cümlədən biz də paylaşdıq.
Amma mən, hər halda, bu ölüm faktına biganə qala bilmədim, əllərim klaviaturaya doğru uzandı ki, nəsə yazım.
Yazıçı Bruklindəki evində vəfat edib. Ölümünün səbəbinin ağciyər xərçəngindən sonrakı ağırlaşmalar olduğu qeyd edilib. Bəli, o, uzun illər xərçəngdən əziyyət çəkirdi.
77 yaş əslində elə də çox yaş deyil. Planları çox idi, yeni romanlar yazacaq, oxucularını sevindirəcəkdi.
Pol Oster postmodernizm, absurdizm və ekzistensializm janrlarında çalışırdı. Onun yazdığı təxminən iyirmi əsər var. "Şüşə şəhər", "Xəyallar" və "Kilidli otaq" romanlarını özündə cəmləşdirən "Nyu-York Trilogiyası" (1987) sayəsində dünyaca şöhrət qazanan Oster “Leviafan" (1992) romanına görə Fransanın Medici ədəbi mükafatına layiq görülmüşdü.
Əgər kimsə kitab oxumağa tənbəllik edirsə şiddətlə tövsiyə edirəm, YouTube-dan dahi rus kinorejissoru Andrey Zvyagintsevin çəkdiyi “Leviafan” filmini tapıb izləyin. Dəhşət qarışıq təəccüb! Şərin xeyir üzərində qələbəsinin təntənəsindən doğan məyusluq, amma insanı əsərlə yaşamağa, həyəcan və emosiyalara sürükləmənin ən yüksək nümunəsi.
Pol Oster tərcümə sahəsində də kifayət qədər uğurlu idi, fransızcanı səlist bilməsi
Jean-Paul Sartre və Andre Bretonun əsərləri də daxil olmaqla onlarca kitabı Fransız dilindən tərcümə etməsinə zəmin olmuşdu. O, həm də nüfuzlu Berlin Film Festivalının "Gümüş ayı" mükafatını alan "Tüstü" (1994) filminin ssenaristlərindən biriydi.
Pol Oster çağdaş Amerika nəsrinin ən kütləvi oxunan və sevilən yazarı idi. Xərçəngdən əziyyət çəksə belə media önündə həmişə optimist görünər, ölüm yox, olum barədə düşünərdi. Amma təəssüf ki, alın yazısını yazmaq insanın öz əlində deyil.
Nə deyək, həqiqətən də ağır itkidir.
Şəkildə: Pol Oster 2017-ci ildə.
Foto müəllifi: Vincent West / Reuters
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Bakı Forumu çərçivəsində müasir yaradıcılıq sənayesinə aid panel sessiya keçirilib
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib.
AzərTAC xəbər verir ki, “ArtXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaitenin moderatorluğu ilə keçirilən sessiyada ABŞ-ın “Stirling Fondu”nun prezidenti və İdarə Heyətinin sədri Maylz Hansen çıxış edərək bildirib ki, dünyada millətçilik və qəbiləçiliyin olması münaqişələrin yaranmasına səbəb olan ən təhlükəli səbəblərdəndir. Onun sözlərinə görə, fəaliyyətlərini bu cür ideyalar üzərində quran qruplar və təşkilatlar bəşəriyyəti qütblərə bölür. Bu tendensiya tək Asiyada, şərqdə deyil, özünü ABŞ və Avropada da göstərir.
“Bu gün Azərbaycanda təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər və dinlərin birgə müzakirələr aparmasına şərait yaradır. Bu cür tədbirlər dünya mədəniyyətlərini bir araya gətirir”, - deyə M.Hansen bildirib.
Daha sonra “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva məruzəçi kimi çıxış edərək təmsil olunduğu qurumun ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı danışıb. O əlavə edib ki, “British Councıl” Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə mühüm layihələr hazırlayıb. Bu layihələr nəticəsində Azərbaycan mədəniyyəti Birləşmiş Krallıqda və dünyada tanıdılıb.
“Bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın reallaşdırdığı ekoloji və sosial layihələri dünyaya təqdim etməklə yanaşı, gənclərin geniş təcrübə qazanmasına da səbəb olacaq”, - dəyə N.Hacıyeva vurğulayıb.
“Alove Animasiya” studiyasının həmtəsisçisi və “Plastilin-medianın” həmtəsisçisi və rəhbəri Oktay Yusibov isə qeyd edib ki, Azərbaycan animasiya yaradıcılığını inkişaf etdirib qonşu və digər ölkələrdə nümayiş etdirməsi müsbət nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bunun sayəsində uşaqlar müxtəlif xalqların və ölkələrin mədəniyyətini tanıyacaqlar.
Rəqəmsal mediada baş məsləhətçi Nina Lariçeva ilk olaraq ölkəmizlə bağlı təəssüratlarını bildirib. O, Bakıya ilk dəfə gəldiyini deyərək Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzinin incəsənət əsəri, Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu əlavə edib. N.Lariçeva qeyd edib ki, bu gün dünyanın animasiya və film sənayesində ABŞ məhsulları çoxluq təşkil edib. Qlobal bazara digər mədəniyyətlərə aid yaradıcılıq məhsullarının da olması lazımdır.
Daha sonra UNESCO-nun Banqladeşdəki daimi nümayəndəsi səfir Xondkar Muhammad Talha, “Bazelevs” film şirkətinin baş prodüseri Lalə Rüstəmova, Daxili Məlumat Yayıcıların Sosial təsir şöbəsinin tərəfdaş və rəhbəri Martina Nadal və Türkiyə Yaradıcı Sənayelər Şurasının Prezidenti WDO-nun (Dünya Dizayn Təşkilatı) Avropa üzrə regional müşaviri Sərtac Əray Ərsayın məruzələrlə çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Turan” (13-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. 1921-ci il. Gürcüstan. Sarp.
“Agit teatr” köçü tozlu kənd yolu ilə gedir...
Ravi-aşıqla onbaşı İzzət arabada oturub.
At tanınmaz şəkildə çullanıb...
Mələk qanadlı qız arabanın arxasınca gələ-gələ onbaşı İzzətə sevgi ilə baxır.
Onun baxışlarında gizlədilmiş sevgi qığılcımları dolaşmaqdadır.
Gecədir. Köç yatıb. Ətrafda iri tonqal yanır...
Mələk qanadlı aktrisa arabada yatmış onbaşı İzzətə yaxınlaşıb onu yuxudan oyadır...
Onbaşı İzzət arabadan torpaq üstünə düşür...
Mələk qanadlı aktrisa barmaqları ucunda dikəlib hündür boylu onbaşı İzzətin qulağına: – Səndən igid oğul istəyirəm, – pıçıldayır...
Mələk qanadlı aktrisa yenə barmaqları ucunda dikəlib onbaşı İzzətin dodaqlarından öpür...
Onbaşı İzzət qızı özündən kənara itələyir: – Belə olmaz. Bu, kişilikdən deyil.
O, qızdan uzaqlaşıb arabalara tərəf gedir.
Tonqalın kənarında oturur.
Mələk qanadlı qız ona yaxınlaşır:
– Ya bu gün, ya sabah çıxıb gedəcəksən... Mən kimdən uşaq doğacam?.. Bu yalançılardan?.. Mərdlik və qeyrət atadan oğula keçir... Milli ənənə belə yaranır da... Sabahı düşünmürsən?
Onbaşı İzzət: – Belə olmaz... Ənənəyə uyğun olmalıdır... Qoy Bakını azad edək, evlənərik.
Qız aşağı çömbəlib başını onbaşı İzzətin çiyninə söykəyir.
Mələk qanadlı qız: – Neçə yaşından döyüşürsən?
Onbaşı İzzət: – On dörd yaşımdan.
Mələk qanadlı qız: – Sevdiyin qız var?
Onbaşı İzzət: – Sevdiyim Osmanlı və var olacaq Turandır. Mən torpağımı sevdim.
Mələk qanadlı qız: – Qadın deyirəm...
Onbaşı İzzət: – Bu illərdə bircə gün də olsun rahat çarpayıda yatmadım, harda qadın gördüm ki, sevəm də?
Mələk qanadlı qız: – Məni sevdin?
Onbaşı İzzət: – Mənimçün borc sevgidən irəlidir... Sabah ölkəm yaşasın deyə mən bugünümü qurban verdim.
Mələk qanadlı qız köksünü ötürüb onbaşı İzzətin üzünə baxır...
Mələk qanadlı qız: – Mənim günahım nədir bəs?
Onbaşı İzzət: – Türk olmağın.
Mələk qanadlı qız: – Səni kim belə tərbiyə etdi?
Onbaşı İzzət: – Paşam, bir də dost itkiləri...
Mələk qanadlı qız ayağa qalxıb tonqalın kənarında pantomim rəqsi edir...
Onbaşı İzzət maraqla Mələk qanadlı qızın rəqs etməsinə baxır...
***
Titr yazı. 21 oktyabr. 1918-ci il. Bakı.
Hürriyyət meydanı.
Nuru paşa, Mürsəl paşa, Cəmil Cahid bəy, Nazim bəy, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov ön sırada dayanıblar. Məmməd Əmin Rəsulzadə Qafqaz İslam Ordusunun zabit və əsgər heyəti qarşısında çıxış edir.
Məmməd Əmin Rəsulzadə: – Qafqaz İslam Ordusu tarixi görəvini yerinə yetirib tərəfimizdən ləğv edildi. Onun əvəzinə Milli Ordumuz yaradıldı. Ferik Nuru paşa Azərbaycan ordusunun komandanı təyin edildi. Milli Ordu qurduğumuz dövlətin qarantıdır. Nuru paşanın ordu quruculuğu işindəki səriştəsinə güvənib gələcəyə ümidlə baxıram, cənablar.
Məmməd Əmin Rəsulzadə nitqini bitirir.
Nuru paşa Milli Ordu əsgərlərinin qarşısına keçir.
Nuru paşa: – Adımızı düşmənə görə dəyişdik. Dostlar üçün həminiz. Böyük Turan yolunuzu gözləyir, aslanlarım”.
Nuru paşa at belində Milli Ordunun önünə keçir.
Hərbi parad başlayır...
Milli Ordu fəxri qonaqların da dayandığı mərkəzi tribunanın önündən keçib gedir...
Milli Ordu əsgərlərinin mərd üzləri...
***
Titr yazı. Gürcüstan. Axıska. 1921-ci il.
Axıska türklərinin yaşadığı kənd...
Kosa, Mələk qanadlı qız və daha iki aktyor səhnənin tən ortasında dayanıblar...
Kənd sovetinin sədri iki bolşevik komandirlə birlikdə birinci sırada əyləşib.
Səhnədə balaca boylu Mehseti dədəsi şeir deyir:
Murad daday nerədə?
Su axtarır, derədə.
İnci boncuk boynunda,
Bir dənə kızın koynunda.
Dədə şeiri bitirən kimi kəndlilər əl çalırlar.
Mehseti dədəsi keçib yerində əyləşir...
Kosa: – Daha kim şeir demək istəyir?
Ravi-aşıq səhnəyə daxil olub Kosanın sözünü kəsir: – Şeir zamanı bitdi. Bu ildən Gürcüstan Sovet Sosialist Respublikasında sizin üçün rus dilində məktəblər açılacaq. Əskilərdə olduğu kimi, daha türk dilində danışmayacaqsız. Gördünüz Türkiyə sizi necə atıb qaçdı. Onlar indi öz haylarındadırlar. Bizi fikirləşmirlər. Sizi tox və savadlı görmək istəyən ancaq Şura hökuməti oldu. Ona görə ki, bu hökumətin padşahı, mollası yoxdur. Bu hökumətdə hamı padşahdır. Hərə özü üçün həm padşahdır, həm nökər.
Kəndlilərdən biri: – Necə olur bu?
Ravi-aşıq: – Mən də sizə elə bunları anlatmaq üçün tamaşa göstərirəm. Bax, bu qız mələkdir, göydən enib. Kosanı da ki, tanıyırsız da, yəqin? Kosa ilə bu mələk qızın danışığını dinləsəniz, sizə hər şey aydın olacaq. Gəl görüm, qızım. Görün Kosa göy üzünün mələklərini necə komsomola dəvət edəcək.
Mələk qanadlı qız sıraların qarşısından keçib Ravi-aşığa yaxınlaşmaq istədiyi zaman ön sırada oturmuş bolşevik komandirlərindən biri onun qolundan tutub özünə sarı çəkir.
Komandir: – Bura gəl görüm... Sən nə dadlı mələksən...
Mələk qanadlı qız dartınıb komandirin əlindən çıxmaq istəyir.
Bunu görən Kosa qorxa-qorxa komandirə yaxınlaşıb qızı onun əlindən xilas etməyə çalışır.
Uzaqdan bu səhnəni izləyən onbaşı İzzətin yumruqları düyünlənir...
Ravi-aşıq da komandirin bu hərəkətindən narahat olub Mələk qanadlı qıza yaxınlaşır.
Ravi-aşıq: – Cənab komandir, mələyimizi buraxın... Sizdən xahiş edirəm, – deyir.
Sözünün yerə düşdüyünü görən komandir tapançasını çıxarıb qolundan tutmuş Kosanı güllə ilə vurur.
Və birdən-birə hamı komandirin aşırı kefli olduğunu görür.
Komandir səndirləyə-səndirləyə ayağa qalxıb tapançanı onbaşı İzzətin atına tuşlayır.
Kosa aldığı güllə yarasından yerdə qıvrılır...
Onbaşı İzzət dözməyib komandirə tərəf gedir...
Komandir bu dəfə tapançasını Mələk qanadlı qızın başına dayayıb: – Mənimlə yatmalısan, – deyə bağıırır.
Onbaşı İzzət komandirə yaxınlaşır.
Bir göz qırpımında komandiri qaldırıb başı üstündən yerə çırpır.
Komandir yerə yıxılan zaman tapançasından atəş açılır...
Güllə Mələk qanadlı qızın başına dəyib onu öldürür...
Mələk qanadlı qız yerindəcə keçinir...
Onbaşı İzzət komandiri əlləri ilə boğub öldürür.
İkinci bolşevik komandiri isə kəndlilər güllə ilə vurub öldürürlər...
Mələk qanadlı qızın dekor qanadlarını çıxaran onbaşı İzzət...
Mələk qanadlı qızın açıq gözləri...
Onbaşı İzzət mələk qanadlarını atının yəhərinə pərçimləyir...
Axıska türkləri öldürülən komandirləri arabaya yükləyib dərəyə tərəf aparırlar...
Kənd sovetinin sədri arabaların qarşısında dizi üstə oturub kəndlilərə yalvarır.
Kənd sovetinin sədri: – Məni də öldürün, sizdən xahiş edirəm... Öldürməsəniz, gedib sizi satacam.
Onbaşı İzzət kənd sovetinin sədrinə yaxınlaşıb onu yerdən qaldırır...
Arabalar yerindən dərəyə tərəf tərpənir...
Onbaşı İzzət: – Sən heç mələklərin göyə çəkildiyi anı görmüşdün?
Kənd sovetinin sədri onbaşının sözlərindən heç nə anlamır...
Onbaşı İzzət: – Sən ancaq insanın itə çevrildiyi anı görmüsən.
Kənd sovetinin sədri yenə heç nə anlamır...
Onbaşı İzzət kənd soveti sədrinin xirtdəyindən tutub Mələk qanadlı qızın cəsədi üstünə gətirir.
Onbaşı İzzət: – Bax, mələklər göyə çəkiləndə belə olurlar. Bax və anla...
Kənd sovetinin sədri dizi üstə yerə çöküb ağlamağa başlayır...
Onbaşı İzzət yerə tüpürüb “Agit teatr”ın arabalarına doğru gedir...
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Dünya Turizm Təşkilatının icraçı direktoru: Sülh şəraitində yaşayan cəmiyyətin qurulmasında turizmin də rolu var
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox yüksək səviyyədə təşkil olunub. Bu vasitə ilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik. Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, iş yerlərinin 10 faizi məhz turizmlə bağlıdır.
AzərTAC xəbər verir ki, bunu BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroşeviç VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiyasında deyib.
"Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, sülh şəraitində yaşayan cəmiyyətin qurulmasında turizmin də rolu var. Bu sahədə etika kodeksi vacib şərtdir. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük”, - deyə o vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Nə yaxşı, dünyada YAXŞI var imiş” - Rasim Kərimlinin doğum gününə
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün tanınmış el şairi Rasim Kərimlinin doğum gününü qeyd etdik (01.05.1932, Düz Qırıqlı, Tovuz - 24.06.1996)
Ruhu şad olsun!
Şairi özünün dillər əzbəri olan, mahnılar bəslənən şeirləri ilə sayğılarla yad edək:
MİN YAŞASIN
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
QURBAN OLUM
Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum
Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum
Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum
Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum
SƏNDƏN SAVAYI
Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.
Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.
Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.
ƏLİNDƏN
Hər incə mətləbi anlamaz naşı,
Tez düşər, tez düşər kaman əlindən.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.
Ziyarət etdirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş.
Nə yaxşı, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlindən.
Rasim, bu dünyanın nurudur insan,
Kim bilməz qədrini yaratsan, yansan.
Sən elin, Vətənin haqqını dansan,
Yıxılsan tutarmı zaman əlindən?
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“GƏNCƏDƏN BAKIYA” - layihə davam edir
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert Azərbaycanın aparıcı muzeylərindən olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib.
Filarmoniyadan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tədbiri giriş sözü ilə açan sənətşünaslıq elmləri doktoru, muzeyin direktoru Alla Bayramova qonaqları salamlayaraq Gəncə Dövlət Filarmoniyasının solistlərinin muzeydə ilk dəfə qonaq olduqlarını bildirib.
Konsert zamanı Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov, Tural Abdullayev, gənc vokalçılar Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında Asəf Zeynallının “Ölkəm” romansı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin, “Koroğlu” operasından Həsən xanın, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin, “Şah İsmayıl” operasından Aslan şahın, Fikrət Əmirovun “Sevil” operasından Balaşın mahnısı, “Ulduz” romansı, Niyazinin “Arzu” romansı, Kristof Qlük “Aria”, Ernesto de Kurtis “Sorentoya qayıt”, Cakomo Puççini “La Bohema” operasından Müzettanın valsı, Ernesto de Kurtis “Məni unutma” səsləndirilib.
"Gəncədən Bakıya" layihəsi çərçivəsində iki gün ərzində keçirilən konsert proqramları paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
Mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Görüşdə Azərbaycan-UNESCO əlaqələrindən söz açıb Adil Kərimli təşkilatın “Bakı Prosesi” çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi tərəfdaşları sırasında yer almasını məmnunluqla qeyd edib.
Nazir bildirib ki, Azərbaycan dövlətinin “Bakı Prosesi” qlobal platformasının inkişafı ilə bağlı müxtəlif ideyaları var və bunu UNESCO ilə bölüşməyə hazırdır. Ölkəmiz təşkilatla müxtəlif sahələrdə, o cümlədən süni intellekt sahəsində əməkdaşlıqda maraqlıdır.
UNESCO baş direktorunun köməkçisi Qabriela Ramos görüşə görə təşəkkürünü bildirib, Forumda iştirakından məmnunluğunu ifadə edib.
Söhbət zamanı UNESCO-nun bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təmsil olunmasının, tərəfdaş qismində çıxış etməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Əməköməci qovurması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əməköməci qovurması hazırlanma qaydasını təqdim edəcəyik
DÜSTUR:
§ Qazayağı – 130 qr
§ Soğan – 26 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Yamaclardan əməköməci yığılır, yuyulub-təmizləndikdən sonra körpə hissəsi əllə 2-3 hissəyə bölünür. Sonra suda pörtlədilir. Aşsüzənə yığılır və suyu süzülür. Soğan yağda qızardılır. Pörtlədilmiş əməköməcilər qızardıl- mış soğanın üzərinə əlavə edilir. Qaza- nın qapağı bağlanır və vam odda qov- rulur. Yağa düşdükdə oddan götürülür. Sarımsaqlı qatıqla süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Robotun şeiri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Yaxşı, bu robot deyək ki, şairin əvəzinə şeir yazdı. Bəs dostları ilə soobrazim edib saatlarla çayxanada oturmağı, çibuş şüşələrini boşaldıb zapoya getməyi necə, bacaracaqmı?
2.
Hər ölkənin öz səfehləri var.
Ancaq səgehlərin öz ölkələri ki yoxdur?
3.
Kişi ailəsindən getdi və azdı.
4.
Kişi dəlləkxanası barberşop, qadınınkı studio adlandırıldı. Mağaza market, şadlıq sarayı palas, univermaq moll adını aldı. Milis polis, institut universitet, texnikum kollec oldu. 3 və 5 qəpiklik qazlı su kolayla, fantayla əvəzləndi. Küçədə qadının yanında söyüş söyməmək, ictimai nəqliyyatda özündən böyüyə yer vermək, növbəyə durub köşkdən qəzet almaq - daha nələr, nələr arxaikləşdi. “Vay-fay parolunu deyərdiniz də”, “konturun var?” kimi neologizmlər peyda oldu.
Dəyişməyən tək şey “nə var, nə yox” sualından sonra soyuq duş kimi gələn “özgə nə var, nə yox” sualı oldu.
5.
-Bərxudar kişi rəhmətə getdi. Qara kürü buterbrodu ilə hisə verilmiş nərə balığından yeyib yeddi illik Bordo şərabı içdiyi yerdə ürəktutmasından getdi.
-Nə gözəl ölümdür!
6.
-Əməkhaqları 2014-cü ilə baxmış artıb.
-Harada? Dövlətdə, yoxsa özəl sektorda?
-Arzularda.
7.
İki narkoman söhbət edir:
-Səncə it yaxşıdır, yoxsa pişik?
-Nə bilim. Niyə soruşdun ki?
-Pişik yaxşıdır. İtsə sukadır. İyləyib marihuananın yerini taparaq polisə işləyir.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Bu kabus insan fəlakətləri ilə qidalanaraq ətə-qana dolur…”
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
(Hüseyn Cavid)
Çalxalanmaqda olan, bütövlüyünə şübhələr artan, eniş-yoxuşlu dünyamızın sevgisimi azalıb, ya sevgilərin keyfiyyətimi kövrəkləşib, nazilib, yoxsa estetik zövqün yönümü dəyişib!? Tanrı bəndələrinin bəzəyi olan humanizm hislərinin kəsəri korşaldığındanmı qəlblərdəki bəşəri dəyərlərin yol-rizini, əmin-amanlığa, uğurlu gələcəyə - sadə rahatlıqdan mürəkkəb xoşbəxtliyə gedən cığırı ot-alaq, mamır basmaqdadır, bu duyğusal hisslər qurum bağlamaqdadır.
Hazırkı qarmaqarışıq, əli ətəyindən uzun dünyanı rahat buraxmayan qlobal müharibələrin (İsrail – Fələstin, Rusiya – Ukrayna və s.) törətdiyi ağrı-acılar, bu savaşların kölgəsində güc sahiblərinin gözündə görünməz olan insan hüquqları işığında azadlıq və demokratiyanın göz qamaşdırdığı bir vaxtda bəzi xalqların haqlarının taptanılaraq zülm və əsarət altında inləməsi, hələ də müstəmləkə zəncirində qalması ikili siyasətin nəticəsidir ki, anaların göz yaşını qurumağa, yer üzünü körpə gülüşlərinə qərq olmağa qoymur. Bu, bəlkə də, əxlaqın müəyyən aşınmaya məruz qalmasından və onun dayaq sütunu sayılan təlim-tərbiyəni əhatə eləyən çərçivənin korreziyaya uğramaqda olmasındandır...
Təbiət və insan əməlinin meyvəsi olan qlobal istiləşmənin törətdiyi əngəllərdən, eləcə də, məskunlarının mənfiyə yönəlik əməlləri üzündən yer kürəsinin nəfəsi daralmaqdadır. Təbii və süni maneələrlə yüklənən yer kürəsi sakinlərinin ərköyünlüyündən, şıltaqlığından təngə gələrək deyəsən, ürəyi köksünə sığışmayır, darıxmağa başlayır, insan şüurunun ifrat zövqün, sonsuz tamahın quluna çevrilməsinə dözməyir, qarşılayıcı tədbirlər görmək məcburiyyətində qalır. Gah demokl qılıncının, gah geliotinin, gah da qanadlı raketlərin tədbiqi ilə üzbəüz dursa da, insan nəfsinin bəhrəsi olan kütləvi can almağa hesablanmış silahların gündən günə təkmilləşməsinin şahidi olur. O isə yer kürəsinə, təbiətə sevgisi özü də bilmədən azaldığından laqeydləşən, yaşamağa, qurub yaratmağa, maddi və mənəvi həzzinin tələblərini ödəməyə istəkləri artan sakinlərinə qarşı Qəzəbini təlatümlər - zəlzələlər, daşqınlar və s. kimi təbii hadisələrlə, ya da ki, məzlumların ah-naləsi ilə ifadə edir. İlk baxışda bilmək olmur bunlar zərurətdənmi, yoxsa təsadüfdəndir. Bunlar hamısı istər təsadüfdən, istərsə də zərurətdən olsun, nəticə etibarı ilə insan övladı öz başına gələnlərdən, yaxud şahidi olduğu hadisələrdən müəyyən bir nəticə çıxarması, ondan ibrət alması aksiom kimi qəbul olunmalıdır. Görünür ki, dünyamızın yeni düzəmə ehtiyacı olduğu kimi cəmiyyətlərin yaşam tərzi də yönünü dəyişərək qloballaşma axarında yeni istiqamət almaqdadır. Belə olmasaydı, insan talelərini cənginə alan qeyri-təbii fəlakətlərlə yüklənmiş müsibətlər bəşəriyyətin vətəni sayılan, zaman ötdükcə barıt qoxusu artan yer kürəsini müxtəlif cür yeni-yeni silahların səs-küyü bürüməzdi. Bizə görə, buna başlıca səbəb insan ömrü adlanan onun doğumu ilə ölümü arasındakı zaman, vaxt məsafəsinin rüşeymini təşkil edən arzu dənizinin təlatümlü, həvəs və nəfsdən, zövq və ləzzətdən ibarət olması və insan övladının dünyaya qeyri-müəyyən bir pəncərədən baxmasıdır. Buradan aydın olur ki, müasir insan zövqü və həzzi yeni məna daşıyaraq indi əsasən, eqo hadisəsinə çevrilərək hər kəsin öz həqiqəti şüarını boyalarla təbliğ edən ikili həqiqət prinsipi fövqündə dünya düzəminə daxil olmaqdadır. İnsan firəvanlığı, rifahı naminə öz Tanrısına deyil, digərlərinin qənimi olacaq yeniliklərə- hörmətli yazar Aqşin Yenisey demişkən: “mühərriklərə”- meyillənməkdədir. Əksəriyyətimiz bu zövq və həzzin başqalarının xoşbəxtlik və bədbəxtliyinə, sevgi və nifrətinə gətirib çıxara biləcəyinin, cəmiyyətlərin psixologiyasına, əxlaqına, yaşam tərzinə hansı təsir göstərəəcəyinin təm mahiyyətinə varmırıq. Heç kəs öz ayranına turş deməyərək hamı özünü haqlı sayır. Bu məqamda Yəhudi əsilli nevroloq, psixo-analitik Ziqmund Freydin: “İnsan hər zaman xoşbəxt olmaq istəyir və elə buna görə də bədbəxt haldadır.” - kəlamı fikrimizi tamamlayır. Ömür adlanan çərçivədə təşəkkül tapan insan xislətinin yaxın və uzaq arzuların axınına düşərək həmişə hərəkətdə olması, daim hər zaman anında bir neçə şeyə cəhd etməsi göründüyü kimi, bəşər övladının rastlaşdığı faciələr, düçar olduğu bədbəxt hadisələr, yaxud içində üzdüyü xoşbəxtlik dəryası sandığı səadət dolu günlər, bütün həyatı boyu qurub yaratdığı hər şey istənilən mənada onun arzusu, nəfsi və həzzinin mənəvi və maddi tələbləri ilə bağlıdır.
Təssüflər olsun ki, başqa canlılardan fərqli olaraq insanların mövcudluğunu şərtləndirən şüur və düşüncənin, hiss və duyğularının balası olan bu həzlərin təlabatından doğub törəyən hərəkət və tərpənişlər sülh və əmin-amanlıq, səadət və xoşbəxtlik istəyi ülviyyətdən, bəşərilikdən çox indi bəzi hallarda barıt və qan qoxuyur, ölüm saçır. İnsan mübarizə aparmaq qabiliyyətiylə birgə doğulduğundan o, yaşa dolduqca onun mübarizə metodları da böyüyərək zənginləşir. Heyiflər ki, bu zənginlik bəzi məqamlarda onun özünə də baha oturur. Ümumilikdə şəxsi rifah üçün istər işğalçılıqlara son qoymaq üçün mübarizə adı altında aparılan milli müharibələr, istərsə də ölkə sərhədlərinin dəyişdirilməsi məqsədi güdən siyasi müharibələr olsun. Hər iki halda bu kabus insan fəlakətləri ilə qidalanaraq ətə-qana dolur, əcaib bir varlığa dönür. Məşhur fransız yazıçısı və filosofu Jan Pol Sartra görə, “Müharibəni varlılar törədir, amma orda kasıblar ölür.” Bizə görəsə, müharibələr söz və səlahiyyət sahibi olan insanların tamahının, nəfs ləzzətinin, fəlakətlərdən zövq alan həzz karxanasının xətasıdır, yaxud da siyasət dəllallarının naşılığıdır. O, qəsbkarların içini didib parçalayan müalicəsi hələ də tapılmayan virusdur, bəladır.
Müharibələr fəryadlarla aşıb daşan ah-nalələrin ərşə dirəndiyi yerdi. Ora əməllərin elə bir nöqtəsidir ki, Dünyada müxtəlif bəlaların, epidemiyaların tüğyan etməsinə, dəhşətlərin intişar tapmasına, konfliktlərin gərginləşməsinə, əxlaqsızlığın, vicdansızlığın genişlənib dərinləşməsinə, ruhi düşkünlüyün artmasına səbəb olan zaddır. Baiskarsa yaşından, dinindən, irqindən, sənətindən və yaşayış yerindən asılı olmayaraq hər bir şeyə qadir peşə və ixtiyar sahibi insanların özlərini çox istədiyi qədər amansız olmalarıdır. Bu amansızlıqların törətdiyi müharibələr, terrorlar, müxtəlif döyüş və toqquşmalar, ağılagəlməz qəddarlıqlar, saya-hesaba sığışmayan müxtəlif psixoloji travmaların demoqrafik inkişafı ləngitməsi, kənd və şəhərlərin viran edilib xarabalıqlara çevrilməsi, ölkələrin bombardmana məruz qalmasıdır. O, başı üzərindən daim buxar dumanı əskik olmayan dibiyox, eni-boyu görünən bataqlıqdır, ora düşəni özünə çəkir.
Müharibələr təbiətin düşməni, flora və faunanın məhvidir, vəhşiliklərin məcmusudur, minlərlə evlərin yanması, evsiz-eşiksiz sakinlərin faciələrinin əks-sədası, ayaqyalın, başıaçıq, qarnı ac, küçələrdə gecələyən uşaqların, susuzluqdan can verən çağaların, əlacı hər yerdən üzülmüş qocaların fəryadı, ah-vayıdı, seyirçilər üçün ölümün adiləşməsidir. Ölümə açılan qapı olan müharibələr Öz övladlarını itirən anaların sinə dağıdır, ürəkparçalayan çığırtı və iniltiləridir, insanların qətliyamıdır, yaşam mənbəyi olan oksigenin qənimidir. Müharibələr qanunların aciz qaldığı şeydir…
Müharibə - İsanın çarmıxımı?!
Tamahın yaraşığımı?!
Müharibə- sonu sülhə gedən arxdı,
Bazarların təzə nırxı.
Məmləkətlərin qarışığı.
Ölüm-itim, qan-qada
udanın və uduzanın yarağıdı.
Raketlərin qanadında yanıb sönür fişəng kimi
Neçə-neçə uşaq ömrü.
Qaraldır yer üzünü cəsədlərin kömürü.
Əsir ala bilsəydik insan nəfsini,
Sülh geyərdi əyninə bütün yer kürəsini.
Bağlanardı silahların bazarı,
Səngiyərdi qəfil ölüm azarı.
Əsir ala bilsəydik insan nəfsini,
Yox olardı səmadan,
Asılmazdı fəzadan
Ana fəryadı dolu,
Körpə imdadı dolu
Ərşi çarıq eləyən körpələrin uçurulmuş məzarları.
Buxovlasaydı insan həzzini,
Torpağın qolları çağa cəsədlərinə
Beşik olub yırğalanmazdı,
Fəryad dolu ah-nalələr
Göylərin qulağında sırğalanmazdı.
Gülüş dolu çöhrələrdə qaranlıqlar dənizlənib dalğalanmazdı.
(müəllifdən)
Bütün dediklərimizə rəğmən, bu da həqiqətdir ki, dünya durduqca müharibələr, terror hadisələrin baş verməsi, irili və xırdalı cinayətlərin törədilməsi hər zaman olub və olacağı labüddür. Əfsuslar olsun ki, dünya birləşib bunların qarşısını ala bilmir. Cəmi bəşər övladı istəyir ki, külli aləm, eləcə də vətəndaşı olduğu ölkəsi sülh və əmin-amanlıq şəraitində yaşasın, insanlar bir-birini qəlbən sevsinlər, bir-birinə “can” deyib “can” eşitsinlər, qonağı olduqları dünyanı gülüş bəzəsin, könülləri körpələrin gözlərində sevinc göz yaşı oxşasın. Məhz buna görə də, firəvan yaşamaq istəyən hər bir dövlət, ya millət, xalq güclü olmağa məhkumdur. Güclü olmağın yolu isə hər şeydən öncə, elmdən, təhsildən, vətəndaşların dünyagörüşündən keçir. Ali baş komandan, möhtərəm prezidentimizin çıxışlarının birində dediyi kimi: “…bunun üçün güclü iqtisadiyyat, yenilməz və müasir orduya malik olmalıyıq”.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)