Super User

Super User

Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru - “Ədəbiyyat və incəsənət” üçün

 

 

Hər papaq qoyana kişi desəm mən,

Kişilər inciyər səxavətimdən.

Elə qadınlar da böyüdüb vətən,

Günahdır onlara kişi deməsəm.

                     Mirvarid Dilbazi

 

Bütövlüyün, həmrəyliyin, uğurlarımzın təməlini yaradan bu fikir birinci Qarabağ müharibəsinin iştirakçısı, polis, Müdafiə Nazairliyinin Bərdə özünümüdafiə batalyonunda əsgərlərin sosial müdafiəsi üzrə ilk qadın komandir müavini kimi şərəfli vəzifəyə yüksələn Aidə Rəcəb qızı Şirinovanındır. Hər bir uğurumuzun leytmotividir, monolit birliyimizə yoldur bu beş sözlük yığcam ömür proqramı.

Sağlığında əfsanəyə, mifə çevrilən, dastanlaşan, Tomrislərin, Burlaxatunların, Nüşabələrin çağdaş varisləri gerçək qəhrəmanların əhatəsində yaşadığımızın, işlədiyimizin, tez-tez ünsiyyətdə olduğumuzun fərqinə niyə varmırıq? Cabir Novruzun bir misrasını tez-tez təkrarlamaq lazımdır ki, unutmayaq: “Sağlığında qiymət verin insanlara”. Belə əfsanələşən, dastanlaşan, bu günkü qəhrəmanlıq dastanlarının qəhrəmanı olan, ancaq çoxumuzun yaxşı tanımadığımız insanlardandır Aidə Şirinova.

Bu gün onun günüdür, müdriklik yaşındadır. O, qanlı-qadalı döyüş meydanında Vətən oğullarının, döyüş dostlarının “qız qardaşı”, həm də saçlarını oğlansayaq kəsdirdiyinə görə “Qaqa”sı olub. 

Bərdə şəhərində doğulub, Bərdə şəhər 3 saylı orta məktəbini bitirib, 1976-1981-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki İdman Akademiyası) ali təhsil alıb, Bərdə Uşaq-Gənclər İdman məktəbində işləyib, 1988-ci ildə öz xahişi ilə 2 saylı məktəbə idman müəllimi təyin olunub. Qanlı 20 yanvar hadisələrindən, Ermənistanın torpaqlarımıza xaincəsinə təcavüzündən, Xocalı soyqırımından sonra heç kimin, hətta onu yolundan döndərməyə cəhd göstərən anasının sözünə məhəl qoymadan yolunu qətiləşdirib, döyüş meydanına atılıb. Azərbaycanın dilbər guşəsi Qarabağın və onun ətrafındakı ərazilərin quduz düşmənin tamahının təhlükəsinə düşdüyü dövrdə - 1992-1998-ci illərdə ən qaynar nöqtələrdə düşmənlə üz-üzə, göz-gözə dayanıb. Əvvəl Şuşada, Ağdərədə polis şöbələrində çalışıb. Sonra Çaylı əməliyyatından başlanan döyüş yolu Tərtər, Ağdərə, Marquşevan, Marağa, Aşağı və Yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaqauz, Atex, Talış, Kasapet, Dranbom, Çıldıran kəndləri uğrunda qanlı-qadalı, ölüm-itimli döyüşlərdə davam edib. 

Bəli, o, Vətənin hər qarış torpağı uğrunda canını fəda etməyə hazır olan oğulların qız qardaşıydı. Döyüşün ən çətin anlarında ona güvənirdilər.

“Aslanın erkəyi, dişisi olmaz” deyib uzaqgörən babalarımız. O, Azərbaycanın hərb tarixində izi qalan qəhrəmandır. Azərbaycan qadını Vətənin dar günündə xain düşmənə qarşı ölüm-dirim savaşında həmişə igid oğullarla çiyin-çiyinə dayanıb, qazi də olub, şəhid də. Birinci Qarabağ müharibəsinin şəhidləri Milli Qəhrəman Salatın Əsgərova, həmçinin Gültəkin Əsgərova, Qaratel Hacımahmudova  Vətənimizin hərb tarixinə silinməz adlarını yazan Azərbaycan qadınlarıdır.    

Aidə Şirinova müsahibələrinin birində qeyd edir: “Kişilərlə çiyin-çiyinə düşmən üzərinə addımlayan qadınların qələbədə böyük payları var. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilib. Birinci Qarabağ müharibəsini xatırlayaq. O vaxt Uzundərədə olan hərbi hospitalda 40 tibb bacısı və həkim çalışırdı. Onlar cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. Bəzən onlar yaralı əsgərlərə öz qanından qan çəkib vururdular. Qadınların mübarizə apardığını görən əsgərlərdə ruh yüksəkliyi artırdı. Onlar son qanına kimi döyüşürdülər”.

Döyüş meydanında qan-qada, ölüm-itim görsə də, Aidə xanımın qəlbi həm də ilahi sözlə qoşa vurur, könül duyğularını vətənpərvərlik şeirləri ilə oxucularına çatdırır. Döyüşçü-şairin qələm məhsullarının ana xətti Vətəndir, anadır, qəhrəmanlıqdır, düşmənə nifrət hissidir. O, həm silahıyla, həm də qələmiylə Vətənə xidmət edən xanım döyüşçüdür. Onun şeirləri hərb marşları kimi qanımızı coşdurur, qələbəyə səsləyir. Bu döyüş və səngər nəğmələri Aidə xanımın xarakterinin göstəricisidir, Vətən, torpaq, el sevgisinin tərənnümüdür. Bu gün də onun söz silahı xalqın, Vətənin keşiyindədir. Biganələri, fərariləri, yalançı vətənşüvənləri amansızlıqla qamçılayır.

Bir müsahibəsindən: “Həmişə belə düşünmüşəm ki, yaxşı oğlanların çoxu müharibədə həlak olduğuna görə bu gün cəmiyyətimizdə yamanlar at oynadırlar. Mənə elə gəlir ki, heç vaxt qeyrətsizdən qeyrətli oğul törəmir. Ona görə də bizlərin, o həyatı yaşamış insanların, jurnalistlərin, qəzetlərin, televiziyaların üzərinə çox böyük bir missiya düşür: biz gənclərimizi vətənpərvərlik ruhunda yetişdirməliyik. Onları, sözün əsl mənasında, Vətənə layiq övlad kimi böyütməliyik”

     O, şeirlərində avtoportretini çəkərək özünü belə təqdim edir:

 

Vətən mənə doğul dedi,

Anam mənə oğul dedi.

Düşmənlərin başı üstə,

Şimşək kimi çaxıl, dedi.

 

Aidə Şirinova Vətənin çağırışına, ananın ümidinə heç vaxt biganə deyil. Onu Vətən yetişdirib, sevib-seçib hünər, qəhrəmanlıq meydanına göndərib. Ana Vətənin səsinə səs, harayına haray verən Vətən qızı həm mənəvi, həm də fiziki anasının üzünü ağ, başını uca edib. Bayrağımızın Qarabağın neçə-neçə yerində ucaldılmasına vəsilə olub.

 

  Bu xalq üçün alışıb ürəyindən yananlar,

İstəyi qəlbdə qalıb, qəlbi bərbad olanlar,

Bəsdir tapdaq altında inlədi torpağımız,

Bütöv Azərbaycanda ucalsın Bayrağımız!

 

200  idən çoxdur ki, bütövlük arzumuzun yolu ilə addımlayırıq. Arzularımız çin olsun!

Zəfərlə bitən 44 günlük savaşımızda Ali Baş Komandan və Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” hayqırtısı ilə nida işarəsi qoydu. Buna ən çox sevinməyə haqqı olanlardan biri də gənclik illərinin altı ildən çoxunu ön cəbhədə, soyuq və nəmli səngərdə keçirən Aidə Şirinovadır.

 

Bütövlükdür Türk davası,

Bu savaş yox, qana-qandır,

Qarabağ Azərbaycandır!..

Son nöqtəmiz İrəvandır,

Qarabağ Azərbaycandır!

 

Ədəbi mühitdə Aidə xanımın mənalı ömür, cəsur döyüş yoluna həsr olunmuş əsərlər sırasında Ramiz Təmkinin “Bir qız tanıyıram”, Məhbubə Ömürün (Salmanova) “Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün” poemaları,  Canalı Mirzəliyevin “Müqəddəs ruhun təzahürü” sənədli hekayəsi və digər əsərlər birinci Qarabağ savaşı ədəbiyyatının uğurlu nümunələridir.

Pedaqoq şair Məhbubə Salmanova poemasında Aidə Şirinovanı “ölümü gözüylə görən şahid, Vətən yolunda canlı şəhid” kimi təqdim edir.

Həqiqətən də Aidə xanım canlı şəhiddir. Şərəfli tituldur.

Aidə Şirinovanın 60 illik yubiley təntənəsini Mirbvarid Dilbazi Poeziya Məclisi İB olaraq  Atatürk Mərkəzində qeyd etdik. Aidə xanımla görüşdən hamı sevinc duyur, fərəhlə nir. Xüsusi ilə, 2015-ci ildə  Tahir Bağırov adına 59 saylı məktəbdə məktəbin müəllimi, rəhmətlik  Qətibə Talıbovanın təşkil etdiyi tədbir unudulmaz,  tarixi bir gün idi. O görüşdə hələ Qarabağımız azad deyildi. Aidə xanım o görüşdə inamla dedi ki, Qarabağa mütləq qovuşacağıq, Qarabağı qaytaracağıq. Bu gün ömrü bir məktəb olan, vətənə ömründən ömür xərcləyən Aidə xanıma zəfər sevincini  yaşamaq qismət oldu. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasətini uğurla həyata keçirən cənab Prezident İlham  Əliyevin, Şanlı Ordumuzun, xalqımızın ruhunun diriliyi sayəsində.

Dünya yaşadıqca yaşayan şəhidlərimizin ruhları şad olsun.

 Ömrünüz uzun, sağlam və mənalı olsun. Müdriklik yaşınızı təbrik edirəm. 65 yaşınız- 75-ə, 85-ə , 95-ə, düz 105-ə varsın. Dədə Ələsgər, Dünyamalı Kərəm ömrü diləyirəm. Bu  ilin hər günü sizindir. 

Gününüz mübarək, Aidə Şirin!

Mirvarid Dilbazinin şeiri ilə bitirirəm yazımı. Yubiley yaşınıza Mirvarid Dilbazi Məclisindən bir təbrik olsun.

 

Azərbaycan qadını 

 

Ürəyin isti-isti, əqlin soyuq, buz kimi.

Əyilmız dağlar kimi, vüqarlı, təmkinlisən.

Bulud altında qalmış işıqlı ulduz kimi 

Pünhan yanıb-sönmüsən uzun əsrlırlə, sən

Azərbaycan qadını!

 

Yaxşı günün dostusan, yaman günün qardaşı,

Göstərmisən dostluqda möhkəm sədaqətini.

Anası mərd olan kəs heç əyməsin başını.

Dünya analarının ey qoçağı mətini, Azərbaycan qadını!

 

Kiçik bir çay deyilsən coşasan sel gələndə, Dərya qədər sə brinin görünməz sahilləri,

Bükülmədi dizlərin üstünə qəm gələndə,

Vüqarla saldın yola keşməkeşli illəri

Azərbaycan qadını!

 

Alnıaçıq, sözün düz, hər işdə mötəbərsən,

Əyilməzsən heç zaman dünyanın sərvətinə,

İgid ərlər içində sən özün də bir ərsən,

Eşq oısun tarix boyu sənin ülviyyətinə

Azərbaycan qadını!

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Göyə  çöp daşıyan bir quşam, ana...

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana...

 

Daha bundan belə mən kiməm, nəyəm?

Bəxtimin əynində qara köynəyəm.

Çəmən bitirməyən, ot bitirməyən

Səhraya tökülən yağışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin-

Mən o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş, 

Ölüm-iynə imiş, ömür-sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Salam, əziz oxucularımız.

Öncəki psixoloji saatmızda biz sizə Motivasiyanın nə olması haqqında məlumat vermişdik. Bugünkü psixoloji saatmızda isə sağlam motivasiyanın necə qazanılması haqqında məlumat verəcəyəm.  

 

İlk öncə qeyd edim ki, sağlam motivasiya heç zaman özü gəlib bizi tapmır. Biz onu tapmalıyıq. Yəni ilk addım bundan ibarətdir ki, biz hərəkətə keçib, çalışmağa başlamalıyıq ki, motivasiya da bizə gəlsin. 

Motivasiyanın gəlməsini gözləmək sadəcə vaxt itkisidir. İtirən yox, qazanan olmaq istəyirsənsə, hərəkətə keç!!!

Gəlin görək, sağlam motivasiyanı necə formalaşdırmalıyıq??

Yüksək motivasiya üçün:

 

1) İlk öncə daxilimizdəki potensialı ortaya çıxarmağı bacarmalıyıq.

Qeyd: Potensial nədir mövzusu tam ayrı və geniş izah olunacaq qədər geniş mövzudur. Amma qısaca qeyd edim ki, “potensialım var” fikri özü gülüncdür. Potensial hər kəsin içərisində eyni miqdarda olan bir üstiünlükdür. Onu ortaya çıxarmağı bacarmalıyıq. Çünki bu potensial bizim daxilimizdə işləksiz qalarsa, elə motivasiyamıza da birbaşa təsir göstərəcək. 

 

2) Hədəfini düzgün və dəqiq seç. Hədəfi olmayan bir insanın motivasiyası da olmayacaq. 

 

3) Öyrənmə marağı, öyrənmə bacarığı olmayan, hər dəfə uğursuzluqla nəticələnən səylərdən sonra əlbəttə ki, motivasiya olmayacaq. 

 

4) Öyrənmə marağı və bacarığı üzərində işlənməlidir. Bunun üçündə texnika düzgün olmalı, planlı və dəqiq işləmə olmalıdır. 

 

5) Bu planı hər gün üçün yazmaq və s. də boş bir şeylərdir. Sistem bir dəfə sağlıqlı, düzgün qurulur və bu yetərlidir.

 

6) Düzgün sistem olmayanda stress, qorxu kimi hallar da motivasıyani məhv edir. Bu halların olmaması da elə düzgün sistemin olmamasından əmələ gəlir.

 

Qısacası sürətli, sistemli, dəqiq bir sistem motivasiyanın mənbəyidir.

Qeyd: Mənbələr öz təcrübələrimdən, psixoloq və təhsil koçlarının məlumatlarından faydalanaraq ortaya çıxmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

“Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində "Vətən" musiqi qrupu Polşada keçirilən “Podlaski Oktawa Kultur" Beynəlxalq festivalında Azərbaycanı uğurla təmsil edib. Festival artıq 16-cı dəfədir Polşada keçirilir. Festivala Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsi təşkilatçılıq edir.

 

AzərTAC xəbər verir ki, "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov Polşanın bir sıra şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçiblər.

 

Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğam və musiqi əsərlərini onlara sevdirən musiqiçilərimizi ayaq üstə alqışlayıblar.

 

Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbülün mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, mahnılarımızı Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamilli də qatılıb.

 

Sonra musiqiçilərimiz Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılarla bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələrlə təltif edilib.

 

Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibləri olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Bu il Türkiyədə 16 şəhəri əhatə edəcək Mədəniyyət Yolu Festivalının yeddinci dayanacağı Nevşehir olub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi Nevşehirdə Kapadokya Universitetində təşkil olunub.

Əvvəlcə “Eskizlərdən pikselə” rəqəmsal sərgisinə və Naci El-Əlinin “Hanzala” karikatura sərgisinə baxış olub. Animatorlar şou təqdim ediblər.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı bu il dördüncü dəfə keçirilən Mədəniyyət Yolu Festivalının Türkiyənin tanıdılması baxımından dəyərli olduğunu vurğulayaraq deyib: “Nevşehirdə 40 məkanda 500-ə yaxın tədbirdə 1000-ə yaxın sənətçi ilə qastronomiyadan konsertlərə qədər mədəniyyət və incəsənətin bir çox sahəsində qonaqlarımızın əylənəcəyi bir proqram hazırladıq. Turizmdə böyük hədəflərimiz var. 2024-cü ilin sonuna qədər 60 milyon turistin gəlişini hədəfləmişik. Bu festival da bizim üçün çox önəmlidir”.

Nevşehirin Mədəniyyət Yolu Festivalını ikinci dəfə qəbul etdiyini diqqətə çatdıran Nevşehir valisi Əli Fidan bildirib ki, şəhərin tanıdılması baxımından festivalın böyük dəyəri var.

Nevşehirdə avqustun 11-dək davam edəcək festival çərçivəsində konsertlər, sərgilər, teatr tamaşaları, sənətçilərin iştirakı ilə seminar və görüşlər, qastronomiya təcrübələri və hər yaşa uyğun bir çox tədbir təşkil olunacaq.

İyulun 8–dən 11-dək 17 ölkədən fiqurlu isti hava şarları bölgənin səmasında nümunəvi uçuşlar keçirəcək.

Qeyd edək ki, aprel ayında Adanada başlayan Mədəniyyət Yolu Festivalı Şanlıurfa, Bursa, Samsun, Tranzon və Vanda davam edib. Nevşehirdən sonra festivalın növbəti dayanacağı avqustun 17–dən 25-dək Ərzurum olacaq. Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir və İzmirdən də keçəcək Mədəniyyət Yolu noyabrda Antalyada başa çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 17:40

“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın yeni nömrəsində yenə də bir-birindən maraqlı materiallar dərc olunub.

Jurnalın yeni formatda ikinci sayı yazıçı Mirmehdi Ağaoğlunun “Özüylə söhbət”i və hekayəsi ilə başlayır. Ardından “Şeir vaxtı” rubrikasında Rəbiqə Nazimqızının şeirləri yer alıb. Jurnal oxucuları üçün Təranə Dəmir, Pərviz Qurbanlı, Pərviz Axund, Aynur Qafarlı, Cavid Fərzəli, Ceyhun Ötkəm kimi müəlliflərin də şeirlərini bu nömrədə təqdim edir.

“Ulduz”un ənənəvi “Qısa fikirlər xəzinəsi” Məhəmməd Füzuliyə, eləcə də digər görkəmli şəxslərin aforizmlərinə həsr olunub.

Nəsr əsələrinə gəldikdə, Əfsanə Laçının bir neçə hekayəsi, İlahə Səfərzadənin “Lal”, Qafar Cəfərlinin “Gülzəri” adlı hekayəsi, eləcə də Xalq yazıçısı Natiq Rəsulzadənin “Hifz et və bağışla” əsəri bu nömrədə oxucuların görüşünə gəlib.

“Nobel mükafatçıları” rubrikasında ədəbiyyatşünas alim İlham Abbasov görkəmli yazıçı Tomas Elitoun yaradıcılığı barədə araşdırma ilə çıxış edir.

Jurnalının keçirdiyi müsabiqənin finalçıları barəsində filologiya üzrə elmlər doktoru İradə Musayeva əsərlərin tənqid və təhlilini verib.

“Ustad dərsləri” rubrikasında filologiya üzrə elmlər doktoru Məti Osmanoğlu “Təbiətlə ədəbiyyat bir araya gəldikdə” yazısı, eləcə də Herman Hessenin “Sənətkar və psixoanaliz” adlı tərcüməsi yer alıb.

"Yazı masası" rubrikasının budəfəki qonağı Xalq şairi Nəriman Həsənzadədir.

“Dərgidə kitab”da Mənsurə Qaçayqızının bir neçə əsəri, “Dərgidə sərgi” rubrikasında isə rəssam, musiqişünas Təranə Nurinin üç rəsm əsəri dərc olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən - avqustun 5-də Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov növbəti ad gününü qeyd etdi. Təbii ki, ona səmimi təbriklərimizi çatdırdıq. Mənsə Xalq rəssamımızın ad gününü hollandların qeyri-adi şəkildə təbrik etmələri barədə danışmaq istəyirəm. 

Dahi Rembrantın həmvətənləri üzərində Sakit müəllimin çəkmiş olduğu rəsm əsərini açıqca olaraq kütləvi şəkildə cap eləyiblər. Əlbəttə ki, bu, az iş deyil. 

 

Məlumat üçün bildirək ki, Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin 5 avqustunda Neftçalada anadan olub, 2018-ci ildən Azərbaycanın xalq rəssamıdır, professordur.

YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür. 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:22

Azərbaycanın rəqs qrupu Ankarada çıxış edib

 

Ankarada keçirilən “Mədəni qarşılıqlı fəaliyyət üzrə paytaxtda beynəlxalq görüşlər” proqramı çərçivəsində 11 ölkədən olan rəqs qruplarının çıxışları olub.

 

AzərTAC xəbər verir ki, Ankara şəhər bələdiyyəsi tərəfindən Gənclər parkında təşkil olunan tədbirdə ölkəmizi “Nuray” rəqs qrupu təmsil edib.

Rəqs qruplarının çıxışlarından əvvəl Ankara sakinlərinə və şəhərin qonaqlarına müraciət edən Türkiyə paytaxtı bələdiyyəsinin sədri Mansur Yavaş dövlətlərarası mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. O deyib: “Xalqlarımız mədəni irsi qorumalı, onu gələcək nəsillərə miras qoymalıdır. Biz, həmçinin bu prosesə öz töhfəmizi verməyə çalışırıq”. Mansur Yavaş mədəniyyəti xalqları birləşdirən mühüm körpü adlandırıb.

Türkiyə paytaxtının Keçiören rayon bələdiyyəsinin sədri Mesut Özarslan çıxışında bildirib ki, ötən ay Ankaranın bu məkanında türk dövlətləri nümayəndələrinin iştirakı ilə beynəlxalq mədəniyyət tədbiri də keçirilib. O vurğulayıb: “Fəxr edirik ki, bu gün növbəti böyük mədəniyyət tədbirində iştirak edirik”.

Sonra Türkiyənin üç vilayətindən, həmçinin Azərbaycan, Gürcüstan, Rusiyanın regionları, Özbəkistan, Rumıniya və digər ölkələrdən gəlmiş rəqs qruplarının çıxışları olub.

Milli geyimdə çıxış edən Azərbaycan rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:52

STATUS YAĞIŞI - Kənan Məmmədli ilə

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını öz əməkdaşımız Kənan Məmmədli üçün açır. Buyurun.

 

Məncə, bu xəbərə bütün Azərbaycan sevinir. Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb.

O, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-ın "Purdue” universitetində davam etdirəcək.

Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub, bunu xüsusən qeyd etməliyəm!

Yolun açıq olsun, Davud!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Çərşənbə axşamı, 06 Avqust 2024 16:06

Divar adamın coğrafiya sevgisi

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Yamyaşıl bağçada oturmuşdu, ətrafı seyr edirdi. Baxırdı, amma görmürdü sanki, dünyadan qopmuş halda beynindəki suallara cavab axtarırdı Ayaz. Birdən xəfif meh əsməyə başladı, o, sakitcə yavaş əsən küləyi hiss etməyə başladı. Həmin an içindən keçirdiyi bir sual var idi: “Görəsən, külək niyə əsməyə ehtiyac duyur?”

Elə həmin an külək yavaşlığını yerə qoyub sürətlənməyə başladı. Sanki Ayaza nələri isə izah etmək üçün əsirdi. 

Külək əsə-əsə havaya öz səsin buraxaraq: “Ayaz, mənim var olma səbəbimi bilmək istəyirsənsə, coğrafiya fənnini oxumalısan”-dedi. Həmçinin, külək ona bir sirrini də buraxıb getdi. Onun bu sirri isə belə idi: “Mən ona görə varam ki,

insanlara haqsızlıq qarşısında susmamağı, mənim kimi əsib-coşmağı öyrədirəm. Əgər sən də haqsızlıq görsən, susma. Həmişə haqlılığın üçün insanlara əs-coş.”

Bu, Ayaz üçün maraqlı idi, həm də çox maraqlı idi. Uşaq anladı ki, bu dünyada baş verən şeylər səbəbsiz deyil. Bir az sonra anası təkidlə Ayazı evə çağırdı, lakin Ayaz hələ istirahət saatının bitmədiyini dilə gətirdi, haqlıykən əsib-coşdu. Küləyin bir sirrini öyrənmiş, təkcə coğrafiyadan oxumaq qalmışdı. 

Külək yatışdı, bu dəfə isə yağış damlaları Ayazın üzünə düşməyə başladı. İndi isə onun fikrini qarışdıran yağışın var olma səbəbi idi. Yağış bir az sonra yeri tamamilə islatdı və danışmağa başladı: “Ayaz,ey maraqlı uşaq, mənim varlığımın səbəbi yenə də coğrafiya kitabındadır, coğrafiyanı tap və oxumağa başla”-dedi. 

Və davam etdi:

-Amma yenə də sənə bir sirr açım. Mən yağmağa başlayanda insanlar qırağa çəkilir,

təbiəti seyrə başlayır, sanki özlərinə qapanırlar. Bunun səbəbi isə odur ki, mən yağmaqla insanlara insan olduqlarını xatırladıram. Yadında saxla, əzizim, insan olan yerdə cuzi də olsa pis düşüncələr vardır, mən də o düşüncələri yuyur, təmizləyirəm. O pis düşüncələr yuyulduqca insanlar səssizləşir, özlərinə yer tapmadıqları üçün, utandıqları üçün qaçmağa başlayırlar. 

Ayaz bunları öyrəndiyi üçün özünü çox xoşbəxt hiss etdi və yağışa: ”Sən hər zaman sağ ol”,-dedi. 

Ayazı yenə çağırırdılar, bu dəfə o çox əsəbləşdi və içində ailəsinə qarşı pis düşüncələr keçirtdi. Bunun səhv olduğunu bilən Ayaz bu pis düşüncələri yox olsun deyə, yağışın altında tamamilə islandı və özünü günahsız hiss etdi. Çünki o hamı kimi qaçmamışdı. İndi isə geriyə qurulanmaq qalırdı, onun islanma səbəbini kimsə bilməməli idi, çünki o, anasına bu olanları izah etsə, anası özünü pis hiss edərdi. Ona görə də yolunu gözlədiyi gün artıq çıxmağa başladı.

Günəşin şüaları o qədər çox idi ki, Ayaz on dəqiqəyə qurudu. O, günəşin də var olma səbəbini coğrafiyadan öyrənəcəyini təxmin etdi. Bu çoxbilmiş uşağa gülən günəş isə ona əlavə bir sirr vermək istədiyini,

bu sirrin kitabda yazılmadığını dedi. Maraqla dinləyən Ayaz günəşdən belə bir cümlə eşitdi:

-Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur. Yəni, Ayaz, sənin səhv düşüncəni yuyan yağışdır, heç kim xəbər tutmadan səni təmizə, əvvəki sənə çevirən isə mənəm. Elə indi təmizə çıxardığım kimi.

Ayaz çox təsirlənmiş, fikrə getmişdi ki,

artıq istirahət saatı bitdi, o, evə qayıdıb dərs oxumalı olduğunu xatırladı. 

Qapıdan içəri girər girməz anasına salam verən Ayaz: “Ana, sabah coğrafiya fənnindən dərsim var, zəhmət olmasa,o kitabı şkafdan mənə ver”, -dedi...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.