
Super User
Fiona Mutesi – şahmat dünyasının dahisi
“Ədəbiyyat və incəsənət” tanınmış naşir Səbuhi Şahmarsoyun maraqlı bir yazısını təqdim edir.
O, Afrikada Uqandanın ən yoxsul bölgələrindən biri olan Katvedə anadan olub. Məktəbli yaşlarında yaza və oxuya bilmirmiş, amma artıq 9 yaşında şahmat oyununda istənilən rəqibini mat etməyi bacarırmış.
Fionadakı fitri istedadı ətrafdakılar da görməyə başlayır. Bu, bir səhv gedişin uduzmaq olduğunu nəzərdə saxlayaraq xeyli gediş qarşını düşünmək bacarığıdır.
Deyilənə görə, o, bu dərsi Katvedə böyüyərkən öyrənir. Bir il ərzində Fiona Aqape kilsəsinin bütün oğlanlarını və hətta məşqçi Roberti də məğlub edir. Sonra məktəb turnirlərində iştirak etməyə və bir-birinin ardınca uşaqları "mat" eləməyə başlayır. Bu yol onu universitet turnirlərinə kimi aparır, orda da rəqib tanımır.
2007-ci ildə 11 yaşlı Fiona Mutesi Uqanda Gənclər Çempionatının, bir neçə il sonra isə milli çempionatların qalibi olur.
2010-cu ildə 14 yaşlı Fiona Uqanda milli komandasının tərkibində dünyanın ən nüfuzlu turnirinə – Ümumdünya Şahmat Olimpiadasına qatılır. Dünya ilk dəfə bu gənc şahmat dahisini onda tanıyır.
“İndi başıma gələnlərin çoxuna inanmaqda çətinlik çəkirəm. Şahmatla məşğul olmamışdan əvvəl gecəqondularda yaşayırdım və düşünürdüm ki, hamı belə yaşayır” – Fiona bir müsahibəsində deyir.
Avropadan qayıdan Fiona vətənində qəhrəman kimi qarşılanır. Onun haqqında CNN və ISPN kanalları süjet hazırlayır. Həyatından bəhs edən kitab nəşr olunur.
Amerikaya səfərində bir çox şahmat turnirlərində iştirak edir, dünya şöhrətli şahmatçılarla görüşdən qələbə ilə ayrılır. Amerikadakı məşhurluğundan sonra "Disney" studiyası onun həyatı haqqında film çəkir.
“Bəzən hisslərim içimdəki boşluğu doldurur. Keçmişdə başıma gələnlərin heç bir əhəmiyyəti yoxdur. Olan olub, keçən keçib. Gələcəyin mənim üçün nə hazırladığını səbirsizliklə gözləyirəm. Şahmat mənə məktəbə qayıtmaq imkanı verdi və göstərdi ki, həyat başqa cür də ola bilərmiş, tamam başqa...”
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
İnancdan totemə -AKTUAL
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Ağac həmişə Tanrı ilə bəndə arasında əlaqəlındirici vasitə olub. Buna görə də ziyarətgahların bir hissəsi ağacla bağlı pirlərdir. Tanrıçılıq dininin yadigarı olan ağac pirləri nəinki Azərbaycanda, digər türkdilli xalqların yaşadığı bölgələrdə də həmişə var olub.
Ulu türklərin inancına görə, el-obanı, Vətəni qoruyan ağac həm də sevgiləri qoruyan bir obraz kimi dəyərləndirilib. Professor Ş.Cəmşidov Qarabağ bölgəsindən rəvayət edərək yazır ki, arana, dağa köç edənlər öz əşyalarını ağacın dibinə əmanət qoyub gedər və heç kəs aylarla sahibsiz qalan əşyalara toxunmazdı. “Manas” dastanında da göstərilir ki, övladı olmayan qadınlar alma ağacının altında rəqs etməklə övladlarının olacağına inanırmışlar. Tapınaqları ziyarət edənlər arzuları hasil olsun deyə ağaca güllü parça, rəngli ip, yaylıq bağlayırlar. Qədim Şumer dastanı “Bilqamıs” dastanında da ağac kultu əsas yer tutur. Qazaxlar səhralardakı tək ağacı, Altay türkləri isə tək-tənha çinar ağaclarını pir hesab edərək ona qurban gətirirdi. Azərbaycanda vaxtilə yaşayan hunlar isə daha çox palıdı müqəddəsləşdiriblər. Vaxtilə Ağqoyunlu hökmdarı Gilan hakimi Şərif Həsənxandan Şah İsmayılın qaytarılmasını dəfələrlə tələb edir, lakin o, İsmayılın öz yanında olmadığına and içir və onu sıx bir meşədə, yüksək ağaclar arasında qurulan bir çadırda gizlədir. Bu da o dövrdə ağacın müqəddəsliyinin rəmzi hesab olunurdu. Azərbaycan Respublikasının Dövlət Gerbində, o cümlədən polis geyim formalarında palıd yarpağının təsviri uzunömürlülük rəmzi olaraq əski çağlardan mövcud olmuş ağac kultu ilə bağlı düşüncənin bir nümunəsidir.
Ağaca tapınmanı yazılı ədəbiyyatda M.Ş.Vazeh qoca zahidlə Zərdüşt Peyğəmbərin söhbətində belə təsvir edir: “Bitkilərin kökünü yeməklə 20 ildir ki, insanlardan uzaq, sükuta qərq olmuş səhralarda ancaq Allaha dua edərək ruhən dincələ bilmək üçü nyalqız yaşayıram” – deyən qocaya Zərdüşt Peyğəmbər belə cavab verir: “Sənin iyirmi il insanlardan uzaq düşüb tək-tənha yaşamağındansa, o susuz səhralarda bir ağac əkib-becərməyin, ona qulluq etməyin daha müqəddəs iş olardı”.
Bir çox bölgələrdə olduğu kimi, Naxçıvanda da ağac və kollara parça bağlama inancı hələ də qalmaqdadır. Camaldın kəndi yaxınlığındakı Alməmməd pirində armud ağacına, Havuş pirində armud ağacına, Tənənəm kəndindəki “Pir Süleyman”türbəsində qaraçalı koluna, Ərəfsə pirinin ətrafındakı kola və sair yerlərdə parça bağlama adəti vardır. Müqəddəslik statusunda olan belə tapınaqlardan biri Ərəfsədə ümidsiz insanların üz tutduğu ağac kultudur. “Hər ağaca parça bağlanmaz”,– deyib bura üz tutanların sayı heç də az deyil. Əsasən də, bölgənin sakinləri daha çox bu ağaca üz tutub ondan mədət diləyirlər. Kimisi ondan uşaq, kimisi sağlamlıq, kimisi də yaxşı həyat yaşaması üçün ağaca gecə-gündüz səcdələr edir, dil tökürlər. Bəli, ağaca qulluq lazımdır, sitayiş yox. Ona su vermək, qol-budağını daramaq, qulluq göstərmək, sevmək lazımdır. Yaşıl dünya naminə həmrəy olmaq, yaşıllıqlar salmaq ən ümdə vəzifə olmalıdır. Hərkəsin öz ağacı olmalıdır. Bu inanc isə yaşıl dünya naminə həmrəy olmaqdır. Ağacın qol-budağına bər-bəzək, yaylıq, parça bağlamaqdansa, ona su verməyi və qulluq etməyi daha üstün tutaq. Totem üçün yox, sevgi üçün, inam üçün, yaşıllıq üçün həmrəy olaq. Ağaclara qulluq edək ki, bol-bəhərli olsun. Kölgəsində kök salaq və gələcək nəsillərə izah edək ki, bu inancı totemə çevirməsinlər.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Sarıçiçəkli toyuq kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Sarıçiçəkli toyuq kababının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Toyuq – 187 qr
§ Tomat pastası – 10 qr
§ Bitki yağı – 15 qr
§ Kərə yağı – 10 qr
§ Sarıçiçək şirəsi – 5 qr
§ Sarıkök – 0,2 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti (cəfəri) – 8 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr, lavaş – 15 qr
HAZIRLANMASI:
Toyuq 50-60 qramlıq tikələrə doğ- ranır, dərisi çıxarılır, duz, istiot, sa- rıçiçək şirəsi, sarıkök, tomat, bitki yağı vurulur, qarışdırılır (basdırma olunur), saxlanılır. Manqal yandırılır, kömür közə düşdükdə yayılır. Toyuq əti şişlərə taxılır, manqalda bişirilir. Ardıcıl çevrilir. Qızardıqda manqal- dan götürülür, hər paya 4 tikə olmaq- la boşqaba yığılır. Üzərinə sumaq səpilir və süfrəyə verilir. Toyuğun biş- miş içalatı yanında verilə bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu çölündə oğru,
İçini-çölünü xışla da getsin.
(İbrahim İlyaslı)
Dəyərli şairimiz, "dərininə düşünmək" niyə hər kəsə nəsib olmur? Bəlkə, özləri bu bacarığı görmək istəmir?
CAVAB
Dərininə düşünmək dərinə düşmək kimidir. Düşməyin bir çıxmağı da var axı… Adamların nəyinə lazımdır bu əzaba qatlansın?! Hər kəs dalğıc(qəvvas) olamaz ki, dəryaların dibinə baş burub da geri dönsün. Yarı yolda boğulmaq təhlükəsi var…
Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.
“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki, sol nədi, sağ nədi, bildim.
Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.
Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.
İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
“Bir şairin ağrısız yoxmu yaşamaq haqqı?.. “- Nadir Yalçının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nadir Yalçının şeirlərini təqdim edəcəyik.
Bir bürkülü iyul axşamı
Qonşumuz Əhməd atası ölən gün
qızdırmadan yananda,
başının üstündə
nənəsi ağlayanda,
Qonşumuz Əhməd yerindən dikəlib
məzlum-məzlum baxanda,
baxıb-baxıb
qara yaylıqlara axıb-axıb:
"Məktəbə gedəndə,
uşaqlar atamı soruşanda,
xar tut dəyəndə,
köynəyim bulaşanda,
Alagöz itəndə,
yonca bitəndə
bu qədər camaata nə deyəcəm?"
- Qonşumuz Əhməd hönkürəndə
bayatıların səsi batanda
bir bürkülü iyul axşamıydı.
Bir bürkülü iyul axşamıydı,
iyul axşamıydı lap bürkülü.
Qonşumuz Əhmədin istidən öldüyü,
atasının eləcə öldüyü iyul axşamıydı.
Elə axşamıydı, elə...
Bağda meyvənin yaxşı vaxtı,
ən yaxşı vaxtı,
lap yaxşı vaxtı öldü qonşumuz Əhmədin atası.
Qonşumuz Əhməd sübh çağı -
atasının vida vaxtı
Bağa tərəf boylanıb:
"Meyvənin bu vaxtı adam da ölər?"
- dedi, ağzında şirəni tamsınıb,
əriyi tamsınıb,
gilası tamsınıb,
ağzının dadının son axşamıydı.
Qonşumuz Əhməd qızdırmadan yananda,
Əriyin yanağı qızaranda
sübh çağı qara rəngdə açılanda
Bir bürkülü iyul axşamıydı.
Küknar meşəsindən düşmüşdü axşam,
düşməmişdi,
hardansa gətirib salmışdılar
qonşumuz Əhmədin atası ölən axşamı.
Hava dayanmışdı,
su dayanmışdı,
Allah da dayanmışdı.
Ayaq saxlamışdı küçədən keçənlər.
Əlini əlinə vurub elə hey deyirdilər:
"Yazıq Əhməd, yazıq Əhməd..."
Yetim qaldı qonşumuz Əhməd
Bir bürkülü iyul axşamı.
Sərçələrin iyunu
Günəş pərdəni ram edib
şığıdı yazı masasına.
Hardasa bir qoca
baxarkən əsasına
hovuza tullanan uşaqlar
əl elədi səmaya.
Yuxarı mərtəbədəki qonşu
eyvana çıxıb palaz çırpanda
radiodakı nəğməyə səs verdi.
Gurultuyla gələn leysan
tez səngidi.
Kim isə çağırır kimsəni,
Kim isə salam verir
əvvəlkindən daha tez.
İndi səhər tələsir,
yubanır gecə.
Xəzri əsir...
İyundu.
Qaldırımlar rəngini dəyişir,
Tut boyayır səkini.
Küçələr məst,
insanlar sərməst,
günlər, saatlar xoş.
Payıza qalmayan toyların səsi
təzə ayın bağrından qopur.
Açıq havadakı çayxanalar
söhbətgaha çevrilir.
Fatmayi bağlarında sayrışır meynələr.
Gözləyir qonağını dənizkənarı restoranın
gənc,
yaraşıqlı
universitetin qiyabisində oxuyan ofisiantı.
Fəvvarələrin ecazkar fontanı
çiləyir damcılarını öz kölgəsinə.
İyundu.
Sərçələr tut ruzisini dadıb cikkildəşir,
Boğazlarını qamaşdırır şirə.
Sərçələr gölməçələrdə çimişir,
elə yaraşırlar şəhərə...
Sərçələr yad ölkələrdən qayıdan quşları
doğma nəvazişlə qarşılayır;
daimi sakin kimi...
Bu tut ağacları Allahın sərçələrə ehsanıdı.
İyun sərçələrin iyunudu,
hər yer sərçələrin...
Salam Sarvana məktub
Ey qoca şeirimizin salam-məleyk qapısı,
Nə oldu birdən-birə əcəl buludlarına?!
Yağış yağandan sonra ətri gələn torpağın
Hər qarışı səsləyər təbib nəvazişini.
Çağırmaq istəyəndə ölülərin ruhunu
Köməyə çata bilər Füzulinin nəfəsi?
Qapını örtənlərin yox idimi insafı?
Törəyə bilmədilər min budağ cücərdənlər,
Cücərtdilər baharın ilkin pöhrələrini.
Xatırlamaq ağırdı... hökmü qəti zamanın
Sərəncamı qurutmaz güllərin şirəsini.
Seyr elə, zülmə axan yaşların saflığını
inci dənəsi kimi düzümmü çal zülfünə?
Ey nəzm mülkümüzün biyaban sərgərdanı,
Hanı yüyəng yiyəsi, boz köhlənin cilovu?
Məhəbbət umanların ahı ərşə ucaldı,
Bu dünya vaxtla deyil, sözlə birgə qocaldı.
Bu vəfadan iraqlar hansımızdan öc aldı?
Belə olur görəsən, yaşamağın hesabı?
Bəlkə ümid saxlayaq durnalar qayıdana?
Ki alnımız açılıb qələmin hökmü sarı,
Əzəl-əcəl oynunun kimdi astanasında?
Bəs soruşan olmadı könlümüzün fərəhin -
Uçdu qanadlarında kəmfürsət arzuların.
Vida saatımıza inansaydıq əzəldən,
Nə mənası olardı açılan sabahların?
Nə oldu ki, inandıq ölümün gəlməyinə?
O həmin nəfəs idi - həyatın kandarından
bu qoca kainatı pıçıltısı bürüyən
O həmin qələm idi - öz sivri ucu ilə
kədəri kölgəsində sonsuzluğa sürüyən.
Bir şairin ağrısız yoxmu yaşamaq haqqı?
Adaşım daş
Təkcə adımı həkk etdiyim daş qalıb -
Qalib daş...
Rəngini, duruşunu dəyişməyən
Anam mənə süd verəndə necə var elə,
Qoca nənəm can verəndə necə var elə,
Atamız qışqıranda tək yerini dəyişməyən -
Qəlib daş... Dözümlü daş...
Gedib çıxanda məni salamladı
Məndən sadiq, məndən vəfalı daş.
Hanı biz evimizdən çıxanda
Göydən yerə yağan daş?
Hanı ölənlərim, olanlarım?
Elə bircə daş sağ qaldı?
Dərd daşım,
Sirr daşım,
Qardaşım daş, atam daş,
Məni sinəsində yaşadanım,
Adımı yadında saxlayan daş.
Gördüyüm ən qonaqpərvər,
ən canıyanan, ən qoçaq.
Vətənə məndən yaxın,
Vətəni məndən çox sevən
Soy daşım,
Ad daşım,
Məndən vəfalı adaşım.
*
Məni unudun
Unutmaq istəməyəndə
Məni unudun.
Guya, heç tanımamısınız.
Unudun, solmuş çiçəklər kimi,
Sonuncu namaz qılan müəzzin kimi,
unudun məni.
Məni unudun
guya kim imişəm bu hamının içində,
Məni unudun
hamı olmayanda, bir mən qalanda
Unudun, kimsəsiz daxmalar kimi,
dükanı bağlayıb səhərə çıxmayan baqqal kimi
unudun məni.
Məni unudun,
səsimi də siləsiniz gərək,
Məni unudun,
barmaqlarım gəzən hərflərin hamısını da.
Unudun, sonsuz adamlar necə unudulursa,
Unudun, bir də qayıtmayan gedənlər kimi.
Məni unudun elə bu saat, bu dəm,
unudun məni, bütün quruyan nəmlər kimi,
bütün köhnəlməyənlər kimi unudun məni...
Əlisəmid Kürə...
Alnının qırışından,
taleyin qarğışından,
şikəstə oxuyan aşığa
ağlamağından tanıyıram mən səni...
ağla, Kürüm, ağla, mən ölüm.
Saçının ağlığı taleyin qara oyunu,
dara atların telini,
ara bu ömrün toyunu -
Bir qol qaldır,
çağla, Kürüm, çağla, mən ölüm.
Torpağımı cadar-cadar
gördüm, böyüdüm,
qarğadım Günəşə,
sonra tez yalvardım Aya,
məni bağışlasın deyə...
Əllərini cadar-cadar görəndə
əlimi əlimə vurub
bir şaqqanaq çəkdim
bu nainsaf dünyaya,
bu naqolay gərdişə.
Açdın qollarını əzaba sarı,
bağla, Kürüm, bağla, mən ölüm.
*
Evlər var, içində ağaclar bitir,
Evlər var, tənhadı qovaqlar kimi.
Evlər var, içində adamlar itir,
İtir, birdən sönən çıraqlar kimi.
Evlər var, qapısı kiliddən qaçır,
Evlər var, kilidi pasın içində.
İlahi, bu adam özündən qaçır,
Min ildi toy qurur yasın içində.
Evlər var, min yerdən pəncərəsi var,
Evlər var, sirri bir, otağı birdi.
Evlər var, damının rəngi min cürə,
Soruşsan, dərdinin ortağı birdi.
Evlər var, içində ağaclar bitir,
Evlər var, dağılır yeri, yağışdan.
Evlər var, səs salır ulduza, aya,
Evlər var, sağ çıxıb qanlı savaşdan.
Bir doğma hənirti evi isitdi,
Pərdə-pəncərəni bağrına basdı.
Bir işıq min evə şölə saçardı
Xoşbəxtlik körpüsün qurmaq olsaydı.
Laçın, 2023
Məmməd İsmayıla
Ömrün-günün bu qovhaqov çağında
bir həkimin bıçağında qan,
kiminsə isti ocağında
soyuq hənirti olmasın...
şairə deyin, ölməsin...
Əgər sıxsa onu şəhər havası,
ruhunu incitsə ambulans səsi,
neçə dəfə qucaq açsa
xəstəxana dəhlizi,
o həmin adamdı, qorxu olmasın...
şairə deyin, ölməsin...
özü kəndin yadındadı,
adı kəndin yadında,
misrası dilimin altında...
neçə ürək döyünür
ürəyinin səsiylə,
bir böyük ocaq isinir
şairin nəfəsiylə...
hicran pəncərəsini örtün, soyuq olmasın...
şairə deyin, ölməsin...
məni gözləyənlərdən biri də sən ol,
mən oldum, olmadım,
bəlkə, öldüm, ölmədim,
gözlə,
gözünə ehtiyac,
sözünə möhtac,
misrana ac olanlar var...
gözlə, kimsə naəlac olmasın...
şairə deyin, ölməsin...
Gəncə, 2023
*
Sağ olun, asta gedin, doymadım,
gedən ayağınıza qurban olardım,
mən siz deyən olmadım, olmadım,
siz də mən deyən olmayın...
Sağ olun, arxaya dönməyin, görməyim,
görsəm, ürəyim yumşalar, naçaram,
üzünüzə bağlı qapı açaram, dinməyin,
hardasız bilməyim, bilməyim.
Yuxalmışam, dolmuşam, sərgərdan...
məni yumşaq bilib yeməyin, ölməyim.
axı ürəyimdə sözüm çox qalıb,
sizə necə deməyim, ölməyin?!.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
“Ağ irqin prestiji və film”- ESSAD BEY
Leo Essad Bey Nusenbaum barədə əfsanələr dolaşmaqdadır. Bir neçə təxəllüslə, o cümlədən azərbaycanlı oxuculara yaxşı tanış olan Məhəmməd Əsəd bəy və Qurban Səid təxəllüsü ilə yazdığı bəllidir. Bu məntiqlə, dünyaşöhrətli “Əli və Nino” romanının müəllifi də odur.
Talehə Əliyeva ötən əsrin 20-ci, 30-cu illərində Almaniya mətbuatında sözügedən müəllifə aid bir neçə məqaləni dilimizə çevirib və redaksiyamıza təqdim edib. Onları diqqətinizə çatdırırıq.
Ağ irqin prestiji və film
(şərh)
İngilis kolonial mətbuatı neçə müddətdir ki, müstəmləkələrdə nümayiş olunan
filmlərə xüsusi senzuranın tətbiq olunmasını qızğın şəkildə təbliğ edir. Avropa və
Amerika məişət həyatını əks etdirən filmlər ağ irqin nüfüzuna ciddi xələl gətirə
bilər. İndiyə qədər çinli, malaziyalı və yaxud hindlinin əsl Avropa münasibətləri
haqda təsəvvürü yox idi. İndi filmlərdən görürlər ki, sən demə ağ sahiblər arasında
da cinayətkarlar, oğrular, qatillər olurmuş, necə ki, 1-ci Dünya müharibəsi zamanı
şərqliliərə məlum oldu ki, avropalı xalqların heç də hamısı eyni deyilmiş.
Şərqdə nümayiş olunan əksər amerikan filmləri dedektiv və kriminal
mövzudadırlar. Bu minvalla tamaşaçılar ağ irqin adətlərini, maraqlarını əyanı
olaraq görürlər.
Mətbuat əmindir ki, beləliklə ağ irqə nifrət getdikcə artır və bu da milliyətçi və
kommunist ideyalara rəvac verir. Ag irqin nüfuzuna, həmcinin filmlərdəki sevgi
səhnələri də təhlükə yaradır. Məsələn, Uzaq Şərqin bəzi xalqlarına öpüşmək
yaddır, digərləri üçünsə “əxlaqsızlığın ən yüksək həddi”dir. Film izləyən asiyalı
publikanın sevgi səhnələri haqda şərhlərini eşidən avropalı ayağını bir daha kinoya
basmaz. Asiyalılar üçün ağdərili qadın artıq əxlaqsızlığın simvolu olmuşdur.
Filmlərin təhlükəli olmasını başqa bir fakt da təsdiqləyir ki, nəinki avropalılıar,
hətta yerli knyazlar da senzuranın tətbiqini tələb edirlər.
Essad-Bey
“Ədəbi dünya”(“Die literarische Welt”) qəzeti, 5/1929 , Nr.7, (1/2)
Almancadan tərcümə etdi:
Talehə Əliyeva
Müəllif hüquqları qorunur.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
Bu gün dünyaşöhrətli Riki Martinin Bakı konsertidir
Bələdçiniz: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
İnanılmaz! Dünya şöhrətli pop musiqiçi Riki Martin möhtəşəm solo konserti ilə ilk dəfə Bakıda çıxış edəcək.
Bəli, bəli!
Adı musiqi dünyasının simvoluna çevrilən əfsanəvi müğənni və aktyor Riki Martin bu gün Sea Breeze Resort-da çıxış edəcək! Konsert saat 20-dən 23-dək davam edəcək. Biletlər 120 manatdan 2500 manatadəkdir. Fanzona biletləri isə 80-150 manat civarındadır.
Həqiqətən də Sea Breeze Resort ölkənin musqiq tamaşaları mərkəzi statusuna yiyələnməkdədir.
Dünyada 95 milyondan çox albomu satılan, iki Grammy, dörd Latın Grammy qazanan və bir çox Billboard mükafatçısı olan bu müğənninin Bakıda konsertini təşkil etmək böyük hünərdir.
İllər öncə - 90-ların sonlarında “Livin la vida loca” mahnısı ilə puerto-rikolu gənc bir oğlan səhnədə parladı. Bu mahnını bütün dünya zümzümə edirdi. Çoxları Mərkəzi Amerikadakı Puerto-Riko adlı ekzotik ölkəni məhz Riki Martinə görə tanıdı.
İndi isə həmin müğənninin 52 yaşı var və o, ilk dəfə bakılılar qarşısında çıxış edəcək.
Konsertə tamaşa edəcək bütün bəxtəvərlərə içi özüm qarışıq xoş seyrlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
Top-10: Yay fəslinin ən çox oxunan detektivləri və trillerləri
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sirr deyil ki, bədii ədəbiyyat nümunələri arasında detektivlər çoxoxunma statistikası ilə öyünürlər. Elə bizim ölkədə ən çox satılan kitablar listəsinə baxanda orada Çingiz Abdullayevlə Elxan Elatlının detektivləri həmişə ön sıralarda olur. Bu yay günlərində istirahət zamanı təbii ki, yüngül ədəbiyyat janrı hesab olunan bu janrlara müraciət edənlər çoxdur. Bəs indi ən çox hansı detektiv və triller nümunələri oxunur? Dünyanın ən populyar kitab platformalarından biri olan “Litres”in bu sahədə araşdırmasını “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə təqdim edirik.
1. Aleksandra Endryus, "Mod Dikson kimdir?"
Florens Mod Dikson təxəllüsü altında gizlənən bir yazıçının köməkçisi olaraq çalışır. Bir gün qadınlar Mərakeşdə qəzaya uğrayırlar. Mod itir və Florens xəstəxanada özünə gəldikdən sonra özünü Mod kimi qələmə verməyə qərar verir. Patrisiya Haysmitin milyonlarla oxucusu olan "İstedadlı Mister Ripli" romanı ruhunda yazılmış psixoloji trillerdir.
2. Viktor Metos, "Gecə məxluqatları”
Bu, “Qatilin arvadı" adlı bestsellerin davamıdır. Jessika Yardli - Federal prokurorun köməkçisidir. Onun həyat yoldaşı isə seriya qatilidir və o, bunu başa düşməkdə acizdir. Cesika layiq olduğu vəzifəni daşıdığını sübut etmək üçün şəhəri lərzəyə gətirən növbəti manyakın tutulmasında iştirak etməyə başlayır. Manyak qurbanlara hədsiz əzablar verir və cinayətlərin yerlərində Sarpong rəsmləri ruhunda iz qoyur. Jessika növbəti qanlı bir qurban olmağa risk edir. Və görəndə ki, manyak onun həyat yoldaşıdır... Gerisini sadəcə oxumaq gərəkdir.
3. Meri Kubik, "Digər xanım"
Netflix-in ekranlaşdırmağa hazırlaşdığı, The New York Timеs-ın bestsellerləri sırasında qərarlaşan bu roman dedikcə maraqlı və çəkicidir, həyəcan verir və nəfəs kəsir. Uill və Seydi Foust uşaqlarıyla birlikdə Uillin dədə-babadanqalma köhnə evində məskunlaşıblar. Uillin bacısı illər öncə çardaqda özünü asaraq öldürüb, qardaşsa keçmişin mistikasına qapanmaq haqda düşünmək istəmir. Amma nahaq. Gələcəkdə bu evdə yaşadıqca ailəni yaxşı bir şey gözləməyəcək. Bir gün Seydi bir mesaj alacaq: "Ölməlisən". Başqa bir gün kimsə onların qonşusunu öldürəcək...
4. Cennifer Mikmaxon, "Məni qorxutmayın”
“Qış insanları” və "Məni içəri dəvət edin" trillerlərinin müəllifindən yeni bir şedevr. Neptun ləqəbli seriya qatili kiçik bir şəhəri qorxu içində saxlayır. O, qadınları oğurlayır, sonra isə cəsədləri polis binasının yaxınlığında qoyur. Reginanın anası beləcə itir, lakin 20 il sonra onu evsizlər üçün sığınacaqda sağ tapırlar. Bu bir mesaj deyilmi? Neptunun yeni məqsədi Taranı ovlamaqdır, Reginanın dostunu.
5. Nita Prouz, "Qulluqçu"
Kanadalı ədəbi redaktorun debüt romanıdır. Molli Grey erkən valideynlərini itirib və nənəsinin nəzarəti altında böyüyüb. Qız qapalıdır, insanlardan qaçır, amma tapmacaları sevir. Bəli, bəli. Tapmacaları sevir. Oteldə qulluqçu işləyən Molli bir dəfə iş növbəsi zamanı otelin nömrələrindən birində Mister Blekin meyitini aşkar edir. Polis Mollini əsas şübhəli hesab edir. O, təqsirsizliyini necə sübut etsin?
6. Jan-Kristof Qrange, "Tanrıların vədləri"
Berlində, 1939-cu ildə yüksək zümrədən olan qadınları öldürməyə başlayırlar. Onların hamısı qapalı kluba gedirlərmiş və hansısa Mərmər insan barədə yuxu görürmüşlər. İşi gizli polisə və mülki psixiatrlara verirlər, çünki ənənəvi təhqiqat üsullarına bu cür işdə etibar etmək olmaz. Nəticə başgicəlləndirici olur...
Tarixi dekorasiyalarda triller yazmaq tanınmış Fransa detektiv ustası Qrange üçün bir sınaq olub. Deyək ki, çox maraqlı və canlı çıxıb.
7. Tani Frenç, “Feytful-Pleys”
Məşhur müəllifdən çoxdan gözlənilən daha bir yenilik. Frenç janrın pərəstişkarlarına "Arxasında kölgə" və "Gizli yer" kimi bestsellerlər hədiyyə edib. Buna görə də bu növbəti romanı çoxları oxumaq həsrətində olublar. Feytful-Pleys küçənin adıdır və buradakı tərk edilmiş evlərdən birindən bir köhnə çamadan tapılır. Dublində yaşayan detektiv Frenk Makki çamadandakı ilk sevdiyi qızın əşyalarını tanıyır. 20 il əvvəl o, səhərə qədər Rozini gözləmişdi. Sevgililər birlikdə xoşbəxtliklərinin ardınca qaçmaq istəyirdilər, amma qız gəlməmişdi. Nə baş verdiyini anlamaq üçün Frank keçmişə qayıtmaq məcburiyyətində qalır...
8. Stiven Kinq, "Billi Sammers"
Qəhrəman – Billi Sammers ABŞ dəniz piyadalarının keçmiş snayperidir, eləcə də əxlaq kodeksinə malik muzdlu qatildir. O, yalnız pis insanları təmizləyir. Sammers bu işdən uzaqlaşmağa qərar verir, amma son əmri yerinə yetirmək lazımdır – prinsipsiz killer Alleni öldürmək.
9. Kamilla Lekberq və Henrik Fekseus, "Mentalist".
Stokholmda qılınclarla deşilmiş sirk qutusu tapılır. İçində də qadın cəsədi. Kim özündən dəhşətli bir sehrbaz obrazı təsəvvür edib?
Müfəttiş Mina Dabiri məsləhətçisi qismində illüzionçu Vinsenti cəlb edir. Hər ikisi komandada işləməyə öyrəşməyiblər, amma indi ortada çox məsuliyyətli bir iş var: günahsız həyatın qırılması.
10. ANONUMİS layihəsindən ikinci roman, "Mixail Bulqakovun gizli gündəliyi” Bu layihənin kitabları ikiqat xəfiyyəçilik vərdişləri tələb edir. Müəllifliyi göstərilmədən çıxan kitabları oxuyan oxucular yalnız cinayətkarın kimliyini deyil, müəllifin də kimliyini axtarmış olurlar. Orest Volinin yeni istintaqı - Moskva Muzeyindəki bir qətldir. Bıçaqlanmış bir naməlumun cəsədi aşkar edildikdən sonra mistik bir şəkildə yoxa çıxıb. Bunun arxasında kim dayanır və Bulqakovun qeydlərinin bura nə dəxli? Oxuduqca heyrətlənir və heyrətlənirsən.
“Ədəbiyyat və incəsənət “
(02.08.2024)
“Xudavi” – Rəvan Cavidin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalın sizlərə Rəvan Cavidin “Xudavi” hekayəsini təqdim edir.
XUDAVİ
...Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan...
Adı Xudaviydi. Xudadan gələn, Xudaya gedən, Xudada yaşayandı. İllər bu kişini qocaltmamışdı, sanasan, alnının, əllərinin qırışını ilmə-ilmə toxuyub nağılların Allah babasının canlı rəsmini çəkmişdi. Saqqalının salxımları, saçlarının düyünlü ucları, seyrək kirpikləri, qalın qaşları, cod dərisi, qabar əlləri, div ayaqları vardı Xudavi babanın. Kəndin uşaqları ondan qorxmurdu, kəndin kişiləri, arvadları onu bəsləyirdi, kəndin itləri onu qoruyurdu. Mən Xudavini tanıyandan kənd onu unudana qədər küçələrdə “Pepsi”, “Kola”, “Fanta” qutuları yığırdı. Məktəbdən evə gedən uşaqların dalınca gəzir, dar su arxlarına tullanan plastik tör-töküntünü çiynindən aşırdığı çirkli boğçasına atırdı. Sonra o qutuları hara aparırdı, kimə satırdı, aldığı pulu hara xərcləyirdi, bilmirdik. Günəş səmanı qucaqladımı, Xudavi baba da yay-qış, fərq etməz, düşürdü küçələrin canına. Onun sayəsində kəndimizin küçələri, arxları, yekə-yekə kəhrizləri təmiz qalırdı.
Deyirdilər ki, onu evdən qovan arvadı, iki də oğlu var. Oğlunun biri traktor sürürdü. Biçin vaxtı kənd camaatı Xudavinin oğlu Öməri qapı-qapı axtarırdı. Evinin önündə bığıburma kişilər növbə tuturdu. Həmin iki-üç ayı Ömərin cibi pulun qalınlığından, sinəsi də zəhmətin verdiyi qürurdan şişirdi. Əli cibində o kafedən çıxıb bu kafeyə girirdi. Dükanlara olan borcunu sıfırlayırdı. Evə əsl kişi kimi bazarlıq edirdi. Di gəl, atasını küçələrdən yığıb-yığışdıra bilmirdi. Qarılar Ömərin üzünə gülüb arxasınca danışırdılar ki, pul qazanmaqla deyil, vallah, dədəsi bütün günü zibil eşəliyir, dədə qədri bilməyən köpəyin oğlu. Bir Ömər, bir Xudavi, bir də Allah bilirdi ki, Ömər dədə qədri bilən köpəkoğlu idi. İntəhası, Allah Xudavinin ağlını başından almışdı.
Kiçik oğlu Əli hərbi xidməti bitirəndən sonra “maxe” kimi qalmışdı dağların başında. Muzdlu əsgərlik edirdi. O, bu gün vətəni qorumaq, sabah da ölmək üçün maaş alırdı. Ayda bir dəfə, iki aydan bir evə gəlirdi. Anasını, qardaşını görüb, nişan verdiyi qızla görüşüb, küçədə rastına çıxsa, atası ilə salamlaşıb qayıdırdı Murova. Murov nə Murov. Qar dizdən, şaxta da balta kimi. Ayağını atmağa düz yeri, baxmağa göz yeri yox. Uzandıqca uzanan sonsuz dumanlıq. Kəndin qarıları Xudavinin sonbeşiyi haqqında danışırdılar ki, bu da getdi özünü oda-alova atdı, camaatın qızına nişan taxıb, Allah bilir, nə vaxt qayıdıb gələcək. Amma bir Allah bilirdi ki, Əli o nişanlı qızın yanına qayıda bilməyəcək.
İllər keçdikcə keçdi. Fəsillər kəndimizin dağdağan ağaclarını gah yaşıla boyadı, gah da lüt-üryan qoydu. Mən böyüdüm, Xudavi qocaldı, kəndin qarıları öldü, anamın, atamın yadından çıxdı Xudavi. Ruh kimi gəzirdi. Kəndimizin körpə uşaqları indi bellərində çanta, ciblərində telefon rayon məktəblərinə gedirdilər. Kənd məktəbindən evə qayıdan uşaqların əllində fanta qutuları yox, əl boyda telefonlar olurdu. Ömrün elə günü qaralırdı ki, Xudavinin boğçası heç dolmurdu da. Hansısa qapıda qatıq, çörək yeyib qarnını doyurur, sonra da gedirdi kənddə bircə nəfərin də tanımadığı komasına. O vaxt nənəm deyirdi ki, Xudavi qəbiristanda yatır. Mənim də ağlımda elə qalmışdı.
Əlqərəz, bir gün xəbər gəldi ki, Xudavinin oğlu Öməri erməni snayperi düz alnından vurub. Biçin vaxtı tez-tez olurdu belə atışmalar. Tap-Qaraqoyunlu kəndi sərhəd idi. Ermənilər hərdən zəmiləri yandırır, hərdən camaatı güllə-baran edirdi. Sonra bizimkilər də o tərəfə atırdı. Yarım saatdan-zaddan sonra sakitləşirdilər. Olan da il boyu biçini gözləyən kəndliyə olurdu. Bu dəfə güllə Xudavinin oğluna dəymişdi. Dəyib öldürmüşdü. Öldürüb Xudavinin əlindən Öməri almışdı. O gün kəndin camaatı yığıldı Xudavinin arvadının evinə. Qapısında traktor üçün növbə tutan bığıburma kişilərin çiynində o dünyaya getdi Ömər. Hamı Ömərin qəbrinin üstündə idi, Xudavidən başqa. Xudavi yox idi. Xudavi neçə gün görünmədi. Qeyb olmuşdu. Camaat deyirdi ki, gecə Xudavi Ömərin gorunu qazıb girib içinə. Nə bilim, hərə bir şey danışırdı. Mən onda Bakıda o restorandan çıxıb bu paba girirdim. Düzünü desəm, Ömər ölməsəydi, Xudavi hamının yadından çıxacaqdı. Atam deyirdi ki, Ömər öləndən sonra arvadı Xudavini tapıb, deyib ki, gəl evinə. Biz də bir ailə olaq. Camaat ağzına gələni danışırdı. Xudavi də heç nə demədən çirkli boğçasını çiyninə atıb getmişdi yenə zibil yığmağa.
Gün o gün oldu, müharibə başladı. Kəndin cavan oğlanları davaya getdi. Kənd boş qaldı. Qocalar namaz üstündən durmadı, atalar, analar gözü yollarda oğlunu gözlədi. Həmin payız bizim kəndin pəncərələrini gah yağış yudu, gah anaların göz yaşları. On dörd şəhidi var idi kəndimizin müharibə qurtaranda. Balaca bir kənd igid-igid ərlərini dilbilməz gülləyə qurban vermişdi. Əli də şəhid olmuşdu. Dəfn günü Xudavini heç kim tanımadı. Saqqalı yox, saçı yox. Kostyumda, bəy libasında. Min il cavan görünürdü. Bircə yerişindən, bir də heç nəyə, heç kimə baxmayan gözlərindən tanıdılar Xudavini. İkinci oğlunu da vətənə qurban eləmişdi. Arvadı gah Ömərin, gah da Əlinin adına ağı deyirdi. Gah da Xudaviyə qarğış edirdi. Elə bilirdi ki, hər şey onun küçə-küçə sülənməyindən sonra başlayıb. Xudavidən bir səs çıxmırdı. Ağlamırdı. Gözləri dolmamışdı. Heykəl kimi tabutun başındaca gözləyirdi. Həmişə boğça salladığı çiynini oğlunun tabutu altına verdi. Getdi hər gün getdiyi yolla. Hər gün yatdığı yovşanlığa Əlini basdırdı. Qayıtdı. Yenə qeyb oldu.
Xudavinin arvadı çərlədi öldü. O ki öldü, kənddə hamı yadırğadı Xudavini. Sanasan, belə adam yaşamayıb dünyada. Kəndin hər tərəfində “Pepsi”, “Kola”, “Fanta” qutuları peydə oldu. Arxlar zibillə dolub-daşırdı. Camaat əkini suvaranda kanalların ağzını zibildən zorla təmizləyirdi. Biçin vaxtı traktor qəhətə çəkilirdi. Dava düşürdü. Qızlar əsgərliyə gedib gəlməmiş oğlanlara könül vermirdi. Xudavinin oğlanları öləndən, özü də qeybə çəkiləndən sonra kəndin mizanı pozuldu.
Dövlət, bəlkə, Xudaviyə ev də verərdi. Şəhid oğluna görə hamı ona hörmət də edərdi. Camaatın güzəranı pis idi, müharibədən sonra dolanışıq lap çətin idi, amma Xudaviyə verməyə hamının bir parça çörəyi var idi. İstəmədi. Hara getdi, hara yox çıxdı, bilən olmadı.
Adı Xudaviydi. Xudadan gəlmişdi, Xudaya gedəcəkdi, Xudada yaşamaq üçün.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)
KİTABLARI TANIDAQ – Anar, “Söz dünyası”
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Söz dünyası" kitabı barədə sizlərə bilgi verəcəyik.
Kitaba kitabın üz qabığında şəkilləri həkk olunmuş 22 nəfər haqda yazılar və onların müxtəlif vaxtlarda Anar haqda yazdığı yazılar və ya yazılardan, müsahibəlrədən parçalar daxil edilib.
Burada kimlər yoxdur?
Yazıçılardan Kamal Abdulla, Mövlud Süleymanlı, Çingiz Abdullayev, Natiq Rəsulzadə, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Pərvin, şairlərdən Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Önər, Rəşad Məcid, Səlim Babullaoğlu, tənqidçilərdən və alimlərdən Nizami Cəfərov, İsa Həbibbəyli, Rəfael Hüseynov, Əsəd Cahangir...
Əsəd Cahangir qeyd edir ki, “Kitabı son 30 ilin ədəbi-bədii prosesinin güzgüsü adlandırmaq olar. Bu güzgüdə hər kəs öz dəqiq əksini tapır. Kitaba daxil edilən materiallarda müəllifin sərt, güzəştsiz obyektivliyi və ədaləti aydın görünür”.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)