Super User

Super User

Təqdim edir: Heyran Zöhrabova

 

 

Mən öz doğma xalqımın 

Arzusundan yoğruldum. 

Kədərindən yarandım, 

Sevincindən doğuldum. 

Bir xalq ki, mərd yaşayır 

Qədim Şərq torpağında. 

Ayağı Qəzvindədir, 

Başı Qafqaz dağında... 

Mən də - Vətən!

- Xalq! - deyə 

Ona dönüb dartıldım. 

Səsləndim, bir döyüşdən 

Min döyüşə atıldım. 

Sən ey mənim şeirimə 

Qəzəbli deyən insan, 

Bu qəzəb şeirimin yox, 

Savalanındır, inan! 

Sən ey mənim şeirimə 

Nisgilli deyən insan! 

Bu nisgil şeiriminmi? 

Arazınkıdır, inan! 

Sən ey mənim şeirimə 

İnləyir deyən insan!

İnləyən şeirim deyil, 

Ana torpaqdır, inan! 

Mən yanar ürəyimə 

Daim ürək desəm də, 

Bir mürəkkəb qabı tək 

Dolandırdım sinəmdə. 

Zamanın havasında 

Şeirim solmasın deyə, 

Arxivlər bucağında

Qərib qalmasın deyə,

Qələmimin ucunu

Batırıb öz qanıma, 

Mən xalqımın sözünü 

Yazdım hər dastanıma... 

 

II 

 

Baxıram tarixlərə 

Varaqlar qatar-qatar... 

Vətənimin övladı: 

Babək,

Xətai,

Sərdar... 

Dedi: Ya parçalanım

Döyüşdə tikə-tikə 

Ya da tamam birləşsin, 

Parçalanmış bir öikə! 

Vuruşdu... Səngərləri 

Susdurdu hər nərəsi 

Şimşək olub parladı 

Qılıncının tiyəsi! 

Od səpdi hər zərbədə

Sağına, soluna o!

Od səpdi istiqlalın

Qaranlıq yoluna o

Hərdən qibtə edirəm 

Bu böyük mənaya mən. 

Deyirəm ki, o vaxtlar 

Gələydim dünyaya mən. 

Babəkin qılıncını

Bülövə mən çəkəydim. 

Zağlı görünsün deyə 

Gözümdən od tõkəydim

Xətainin önündə 

Qurbani saz çalanda,

Min doğma təranəni 

Dinləyəydim salonda. 

 

Sərdar səngərə gircək 

Sağ yanında duraydım, 

Tüfəngini dalbadal

Yalnız mən dolduraydım, 

Birdən səs eşidirəm, 

Bu sinəmin səsidir. 

Yox, etirazla dolu

Təranəmin səsidir! 

O deyir: Sən bu əsrin 

Vüqarısan elə bil 

Babəki,

Xətaisi, 

Sərdarısan elə bil. 

Sənin kəlmələrin ki, 

Qığılcımlar təkidir. 

Azadlığın yolunda 

Qaranlığı hürküdür. 

Gözü qanlı düşmənin 

Əlinə keçsən əgər, 

O sənin taxsırından 

Bir an keçərmi məgər? 

Yox! Sənin hər misranı 

Bir kəndirə döndərər 

Dar ağacı altında 

Düz boynuna endirər. 

San qaldır hər misranı

Ovxarlı qılınc kimi! 

Yetər ki, istiqlalın 

Yaşadı qaxanc kimi, 

Parçala istiqlalın 

Yolundakı sisiləri! 

Parçala vətənini 

Parçalayan kəsləri!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 19:02

Kağız təyyarələr uçuran xanım

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Kağız təyyarələr uçururam başımın üstə ,

Hava limanına dönən otağım boyu… 

Bir ovuc dən də səpəcəm sən gedən təyyarələrin arxasıyca,

yenidən geri dönüb ovcuma qonsunlar deyə,

səni mənə gətirsinlər deyə...

 

Çox yaxında Aysel Xankarqızı yeni kitabı - “Kağız Təyyarələr” ilə görüşünüzə gələcək…

Elə yuxarıda təqdim etdiyim bənd də sözügedən kitaba adını vermiş eyniadlı şeirdəndir. 

Kitab “Şirvannəşr” nəşriyyatında ərsəyə gəlib, nəşriyyatın rəhbəri yazıçı, naşir Qəşəm İsabəylidir, kitabın redaktoru isə mərhum şair Elman Tovuzdur. 

Əminik ki, digər kitabları kimi Aysel xanımın bu kitabı da seviləcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

 

unudulmuş bir axşamın melanxolik musiqisi

açır mənim ürəyimin gizli yaralarını

unudulmuş sevdaların

qanı axır açıq yaramdan

ay Allah bitdim mən

ay Allah qurtar məni bu yeknəsəng musiqidən

bir gecə qatarı fit verib keçir

unudulmuş istasiyondan

unudulmuş istasiyonda sonbahar yalnızlığı

yağmur içində gözləyir bizi

orda yağmur altında qoyub gəlmişik

ən gözəl ən şirin xatirəmizi

ay Allah qurtar məni bu yeknəsəq musiqidən

hulqumumda bir hıçqırıq boğulur

bir tamu əzabıyla şair ömrü yaşadıq

bir sirr qalmayıb daha

baxdığımız aynalarda

iki ayna arasında unudulmuş istasyon

göyüzündə görklü ay

ay Allah qurtar məni bu yeknəsəng musiqidən

meyxanə guşələrində

şərab şüşələrində

sevdiyimiz qadınların qüssəli gözlərində

şairlərin nəğmələrində duaların sözlərində

təsəlli aradıq təsəli hanı

hər yerdə girov qoyduq biz şirin canımızı

ay Allah qurtar məni bu yeknəsəng musiqidən

guya xoşbəxt olmalıydıq ulduzların altında

guya səadət gəlib çalmalıydı qapımızı

guya fani dünya aldatdı bizi

hər divar bir qapıymış guya

guya bütün sevdalar

unudulmuş bir röya

ay Allah qurtar məni bu yeknəsəng musiqidən

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Məmməd Nasirinin şeirlərini təqdim edir. 

 

 

AĞ ZƏMİ

 

Ağ zəmilərdə böyüdüm mən

Arayerlərdə böyüdüm mən 

Yaldır uşağı! 

 

Ciblərimi boşaltdım masanın üstünə qarakolda! 

 

- “Arayerçi köpək oğlular! 

Bir paket siqareti vardır, 

Bir də yarımçıq bir kibrit, 

Pul-mul da heç zad!

Kasıb yetimi!” 

 

Suç imiş baxışlarım uzaqlarda

Və məchul imiş baxışlarım uzaqlarda! 

Burda məchulluq yeriməz! 

Şəhər pıçıltılarıyla doludur, 

Və zindanların qapısından o yana dünya 

Qurtarar! 

Sonralar anladım böyüdükcə!

 

Siqaretlərimi verdilər 

Baxdım, altısını götürmüşdülər! 

Tüstü kimi getdi saatlar! 

 

Qapının paslı cırıltısı qazdı beynimi 

Çıxdım eşiyə! 

Günəş almışdı dünyanı ağzına, çeynəyirdi 

- “Keç gəl qızış dayı” 

Bülvar ağzını açmışdı deyirdi mənə 

Sevinirdi 

Bəlkə də sevinmirdi, mənim nəzərimə gəldi! 

 

Bir papirus atdım damağıma 

Günəşin istisini nikotin tüstüsü ilə çəkdim qarnıma

- “Ha h h!!

gün aydın! 

Salam əleyküm yoldan keçənlər! 

Salam əleyküm Mərəndi yaradan divarlar! 

Salam əleyküm!

 

Nə gözəlsiz qızlar! 

Hamınızı sevəcəyəm çadralı, çadrasız! 

Nə gözəlsən insanlıq 

Olsan da, olmasan da! 

 

Nə gözəlsən şəhər! 

Heç bərxod olmamışdım indiyə qədər! 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Parisdə keçirilən olimpiya oyunlarında cüdoçumuz Hidayət Heydərovun parlaq qələbəsi fonunda biz olduqca işıqlı gənc xanım Şəbnəm Tağıyevanın da qələbəsini qeyd etmək istəyirik. 

 

Şəbnəm dünyaca məşhur Oksford Universitetində magistr təhsili alacaq 3 Dövlət proqramı təqaüdçüsündən biri oldu. Digərləri Zaman Heseynov və Sona Abdullayevadır.

 

Böyük Britaniyanın Oksford Universiteti daim dünyanın ən aparıcı 5 unuversitetləri sırasında qərarlaşır. 

Şəbnəm Tağıyeva və Zaman Hüseynovun ixtisas sahəsi dövlət idarəetməsi, Sona Abdullayevada isə hüquqdur.

Gəlin onları alqışlayaq! 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Cümə axşamı, 01 Avqust 2024 17:03

Psixoloji saat. Motivasiya nədir?

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Salam, əziz oxucularımız. Bu gün, sizinlə motivasiya haqqında olan biliklərimi bölüşmək istəyirəm. Biliklərimi tam olaraq elmi dildə izah etmək kimi fikrim yoxdur. Və qeyd edim ki, fikirlərim həm öz təcrübə və araşdırmalarımın məhsuludur, həm də təhsil  koçlarının, təcrübəli psixoloqların məsləhətlərindən, aldığım məlumatlardan bəhrələnən fikirlərdir.

Motivasiya qazanıla biləcək duyğudur. Amma necə və nə cür? 

Əsas olan budur.

Motivasiya iki-üç video ilə, iki- üç gözəl sözlər ilə qazanılan bir şey deyil. Ümumiyyətlə, iki-üç sözlə qazanılan bir duyğu necə motivasiya ola bilər ki? Səndə olmayan bir şey, bir hiss olsun, ya da başqa bir şey, əgər bu qədər çətin bir durumda iki- üç dəqiqəyə əldə olunsa idi, o zaman elə hamı ən uğurlu olardı. Hamı motivasiyaverici videolar izləyir, hamı əla sözlər eşitmək istəyir və eşidir. Amma arada heç nə yoxdur. Yenə bir müddət sonra köhnə adəti hallar təkrarlanır. Çünki o "motivasiya" adlandırılan "motivasiya" yox sadəcə insanın özünün özünü aldatması üçün olan kiçik bir qurğudur. 

Amma həqiqətən də motivasiya anlayışı var. Onu qazanmaq da olur. Lakin bu belə asan  yolla qazanılan bir şey deyil. Bunu qazanmaq üçün sağlam fikir, sağlam beyin formalaşdırılmalıdır. Daxilən inam formalaşmalıdır. Saxta, kimdənsə alınan, ötürülən bir şey motivasiya olmaz. Motivasiya insanın daxilində olan duyğudur. Və o duyğunu oyatmaq lazımdır. Bunun üçün də bayaq qeyd etdiyim kimi motivasiya duyğusunu öldürən nədirsə, onu tapmalı və aradan qaldırmalıyıq.

Bilirəm, bu yetəri qədər vacib məlumatlar oldu. Amma qanedici yox. Sizin ağlınızda yenə də müəyyən suallar qalmaqdadır. Onların da cavabını sizə gələn psixoloji saatda mən Nigar verəcəyəm. 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

 

 

Qazaxıstanda 2-ci Almatı Beynəlxalq Animasiya Festivalı keçirilib. Ölkəmizi festivalda Azərbaycan Animasiya Assosiasiyasından sədri Rəşid Ağamalıyev və Assosiasiyanın üzvü Nəzrin Ağamalıyeva təmsil ediblər.

Azərbaycan Animasiya Assosiasiyasından AzərTAC-a bildirilib ki, festivalın beynəlxalq münasiflər heyətinə Rəşid Ağamalıyev rəhbərlik edib.

Açılış mərasimində festivalın direktoru Anita Chernykh, proqram direktoru Ivan Ardaşov və təsisçisi Anuar Kenzhibayev çıxış ediblər.

Sonra müsabiqə proqramı üzrə “Ən yaxşı tələbə animasiya filmi” kateqoriyasına daxil olan filmlər nümayiş etdirilib.

Üç gün davam edən festivalda yerli, xarici və Mərkəzi Asiya dövlətlərinin filmləri nümayiş etdirilib, ustad dərsləri təşkil olunub.

Festival çərçivəsində 2023-cü ildə Almatı Animasiya Festivalının “Ən yaxşı vizual həll” mükafatı alan “Hədis” animasiya filminin müəllifi Nəzrin Ağamalıyeva ustad dərsi keçib. Ustad dərsindən sonra “Hədis” animasiya filmi yenidən nümayiş olunub.

Festivalın bağlanış mərasimində beynəlxalq münasiflər heyətinin sədri Rəşid Ağamalıyev və münsiflər heyətinin üzvləri Anna Popova, Çingiz Asanaliev və Almaz Kosobaev qalibləri elan ediblər.

Qaliblər “Ən yaxşı Mərkəzi Asiya və MDB Animasiyası”, “Ən yaxşı sənədli animasiya” “Ən yaxşı tələbə animasiya”, “Ən yaxşı beynəlxalq animasiya”, “Ən yaxşı eksperimental animasiya”, “Ən yaxşı animasiyalı musiqi videosu” kateqoriyasında mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə müəlliflər Ayşən Sadıqlının “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, Nizami Cəfərovun “Ümumi dilçilik”, Əlistan Əkbərovun “Müasir Azərbaycan dilinin üslubiyyatı”, Rəna Mahmudovanın “Azərbaycan dilinin lüğətçilik tarixi”, Buludxan Xəlilovun “Dil mədəniyyəti”, Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi”, Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” kimi 30-a qədər kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir. 

Bununla yanaşı kitabxanada “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı biblioqrafik siyahı sərgilənməkdədir.

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Ədəbiyyat və incəsənət” portalı  nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar avqustun 24-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

 “Ədəbiyyat və incəsənət”

(01.08.2024)

“Ədəbiyyat və incəsənət” siyasi proseslərə yazıçı baxışını təqdim edir. Tarixi romanlar müəllifi, eyni zamanda siyasi şərhçi Yunus Oğuz İranın hazırkı durumuna aydınlıq gətirməyə çalışır. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi bir sıra versiyalara yol açıb. Hadisənin səbəbi, nəticəsinin necə olacağı isə hələlik qeyri-müəyyən olaraq qalır. 

 

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi hansı anlama gəlir?


HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi sıradan bir hadisə deyil. Təsəvvür edin ki, HƏMAS Lideri Tehranın mərkəzində, şəxsi villasında öldürülüb. Həmin gün Livanda  Hizbullahın komandiri Fuad Şükür də öldürülüb, Bağdadda isə İrana yaxın hərbi hissə bombalanıb. Hələlik məlum olan bu üç hadisənin eyni vaxtda baş verməsi təsadüfi ola bilməz. Həm  də   bu hadisələr İran prezidenti Məsud Pezeşkianın andicmə mərasimi günü baş verib. Xatırladım ki, Məsud Pezeşkian seçki öncəsi bəyan etmişdi ki, İranla Qərb arasındakı soyuq münasibəti yumşaldacaq, qonşu dövlətlərlə əlaqələri genişləndirəcək. Əslində qətl hadisələrinin kökündə bu amillər durur, başqa sözlə, məsələ Məsudun başındadır. Məlumdur ki, islamçılar, radikallar Məsud Pezeşkianı Qərbə yaxınlaşmağa qoymayacaqlar. Əgər İrana yaxın üç qüvvə birdən öldürülübsə, yaxud özləri öldürüblərsə, bu fərq etməz, deməli prezidentdən tələb edəcəklər ki, bunun qisasını almaq lazımdır. Proseslər də onu göstərir ki, hadisələr qisasın alınmasına doğru gedir. Adı  terror qoyulan hadisənin araşdırılması üçün prezident də komissiya yaratdı. İndi yeni prezidentin başında qara buludlar gəzəcək. Bu baxımdan vəziyyət olduqca ağırdır. Güman ki, yeni prezidentin platformasında etniklər üçün nəzərdə tutulan 15-ci bəndi də ləğv edəcəklər.  


Prezident Məsud Pezeşkianın seçki öncəsi vədlərinə baxmayaraq, proseslər tamamilə fərqli istiqamətdə cərəyan edir. Yenə də region dövlətlərdən İran yalnız Ermənistanla əməkdaşlıq edir.

 

Əslində yeni prezident Ermənistanın baş Naziri Paşinyanı qəbul edəndə belə hadisələr olmalı idi.  İran guya bununla  Azərbaycana mesaj verir, ardınca  Seyid Əli Xamenei açıq şəkildə Paşinyana bildirir ki, "Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir". Əslində, bu ideya İranın da maraqlarına cavab vermir. Məlumdur ki, İranda kifayət qədər narkobaronlar, narkotik istehsalçıları var ki, onların təşkilatçılığını himayə edən elə Xameneinin yaxınlarıdır. Belə halda, təbii ki, İran  Zəngəzur dəhlizinin açılmasını istəməyəcək. Çünki Azərbaycan narkotikə qarşı mübarizə aparır, Ermənistanın işğalından azad olunmuş ərazilərdə kifayət qədər narkotik plantasiyalar məhv edilib. İran isə narkotiki Ermənistan vasitəsilə Avropaya keçirir. Bu narkobaronların sırasında erməni də, azərbaycanlı da, fars da var. Onların hamısı Xameneiyə təsir edirlər. Bu marşurut təkcə narkotik deyil, həm də silah, insan alveri, orqan alveri üçün istifadə edilir. Ona görə də İran Zəngəzur dəhlizinin açlmasında maraqlı deyil, çünki bu məsələdə öz maddi gözləntiləri var. İran düşünür ki, Zəngəzur dəhlizi açılmasa onun ərazisindən keçən marşurut beynəlxalq yol olacaq. Ancaq, bu İranın xeyrinə olsa da Ermənistanın vəziyyəti daha da ağırlaşacaq, həmin yoldan Ermənistana keçmək çox çətin olacaq.  Bax, məlum açıqlamadan dərhal sonra İrana yaxın üç qüvvə məhv edilib. 


İranın Azərbaycan və Türkiyə ilə yaxınlaşması mümkündürmü?


Biz əvvəldən xəbərdarlıq etmişdik ki, bölgə dövləti olaraq İran Azərbaycan və Türkiyəyə yaxınlaşmalıdır. İranın xilası, nicat yolu bundadır. Lakin yenidən gedib Ermənistana yaxınlaşdı. Əgər İran bunu başa düşmürsə vəziyyəti çox çətin olacaq. SEPAH prezidentdən tələb edəcək ki, qisas alınsın, artıq ilkin açqlamalarda qeyd olunur ki, hadisəni törədənlərə cavab veriləcək, qisas yerdə qalmayacaq. Ancaq bu cavabın nə dərəcədə effektli olacağı sual altındadır. Vaxtilə İsrailə göndərilən dronlar  elektrik xəttinə ilişib qaldı. İranın cavab zərbəsi bundan ibarətdir. Baş verənlər deməyə əsas verir ki, bu üç hadisə İranın xarici siyasəti üçün ciddi məsələdir. 


Baş verən hadisələrlə bağlı hansı versiyalar özünü doğrulda bilər?


Baş verən hadisə ilə bağlı bir sıra versiyalar irəli sürmək olar. Tutaq ki, deyilə bilər ki, bu hadisələri İsrail törədib. Bəs, İranın təhlükəsizlik qüvvələri niyə hadisənin qarşısını ala bilməyib? İlkin yayılan görüntülərdə əks olunur ki, İsmayıl Haniyə HƏMAS-ın qərargahından çıxıb villasına gedir və orada öldürülür. Əgər onun villası bombalansaydı, dərhal görüntülər yayımlanardı ki, bundan sui-istifadə edə bilsinlər. Sonradan yayılan görüntülərdə isə heç bir fakt məlum deyil. Bilinmir ki, hadisə harada, hansə ölkədə, hansı şəraitdə baş verib. Bunu ona görə edirlər ki, Yaxın Şərqdə vəziyyət yenidən qarışsın. 
Versiyalardan biri odur ki, hadisəni İrandakı radikal qüvvələr törədib. Məqsəd ondan ibarətdir ki, yeni prezidenti sıxsınlar və istədiklərini həyata keçirə bilsinlər. İndi  Məsud ya həmin qüvvələrin sözünə qulaq asmalıdır, ya da özünü aradan götürəcəklər. Belə halda İran mütləq Azərbaycan və Türkiyəyə sığınmalıdır. Başqa bir versiya odur ki, radikal islamçılar hadisəni törədiblər ki, İranın Qərbə, Azərbaycan və Türkiyəyə yaxınlaşmasının qarşısını alsınlar. Yuxarıda qeyd etdik ki, ola bilsin hadisəni İsrail törətsin. Yaxşı bəs, İranın xüsusi təhlükəsizlik qüvvələri harada idi? Öldürülən şəxs  prezidentin xüsusi dəvətilə ölkəyə gələn qonaqdır. Əgər onu qoruya bilmirsənsə, deməli İranda özbaşınalıqdır. İsrail isə hələ ki, rəsmi olaraq hadisəni boynuna götürməyib. Sadəcə, miras naziri deyib ki, "elə terroristin getməyi yaxşıdır". İsrail Hizbullahın komandirini vurdu və boynuna götürdü ki, mən eləmişəm. Amerika dedi ki, İraqda vurulan hərbi düşərgəni biz eləmişik. Amma bunu heç kim boynuna götürmür. Rəisinin ölümünü də heç  kim boynuna götürmədi, axırda məlum oldu ki, onun aradan götürülməsini özləri qabaqcadan planlaşdırıblar. Faktlar deməyə əsas verir ki, İran idarəolunmaz vəziyyətə gətirilib. Sənin beş yüz mindən çox ordun, daxili təhlükəsizlik qüvvələrin olduğu halda prezidentin qonağına qarşı terror törədilirsə, onların hamısını buraxmaq lazımdır.         

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.