
Super User
“Azərkitab”da “İncəsənət sərhəd tanımır" adlı yaradıcılıq sərgisi açılıb
Xəbər verdiyimiz kimi, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı birgə yaradıcılıq sərgisi təqdim olunub. Tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerləri və memarlıq abidələrinin yer aldığı fotoşəkilləri və gənc rəssam Arzu Əhmədlinin rəsm əsərləri nümayiş olunub.
Sərginin təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova, layihə rəhbəri isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərovadır.
Sərgini Elnurə İsgəndərova açaraq qarşıdan gələn Zəfər Günü ilə bağlı iştirakçılara geniş məlumat verib.
Sərgi ilə bağlı təəssüratlarını Azərbaycan dilində bölüşən səfir Xuan Rodrigo Labardini Flores bildirib ki, Azərbaycan və Meksika arasında geniş mədəni və dostluq münasibətləri mövcuddur və bu mədəni hadisə iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və ikili mədəni əlaqələrin daha da genişlənməsinə böyük töhfə olacaq. Səfir ilk fərdi sərgisinin məhz Azərbaycanda təşkil olunmasından böyük zövq aldığını qeyd edib.
Sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kemal Beyazbayram çıxış edərək Azərbaycana olan sevgisindən bəhs edib.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov , Milli Qəhrəman İbad Hüseynli , gənc rəssam Arzu Əhmədlinin atası Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışlarında belə mədəni tədbirlərin ölkələrarası dostluğun, mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildiriblər. Hər iki sənətkarı bu möhtəşəm sərgi münasibətilə təbrik edən natiqlər hər zaman layihələrinin orijinallığı ilə fərqlənən Elnurə və Aygün İsgəndərovalara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra təşkilatçılar və sənətkarlar səfirlik və "Azərkitab" Kitab Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.
Sərgi sevilən kaman ustası Şəhriyar Musayevin biri-birindən rəngarəng ifaları ilə davam edib.
Sonda iştirakçılar Meksika mətbəxinin ləziz təamları ilə tanış olublar.
Bu gün tanınmış rejissor Oqtay Babazadənin 80 yaşı tamam olur
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirsə də kinoya sevgisi Oqtay Babazadəni 1974-1979-cu illərdə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil almağa yönəltmişdir. O, hələ sovetlər dönəmində onlarla kinofilmlərin rejissoru olmuşdur. Rejissor Tofiq Bəhramov, Ələkbər Məmmədov kimi futbol, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Dmitri Şostakoviç, Mstislav Rostropoviç kimi incəsənət adamlarının obrazlarını lentdə və ekranda əbədiləşdirmişdir. Onun rejissorluq filmotekasına 150-dən çox bədii, musiqili, sənədli filmlər daxildir. O. Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlif beynəlxalq kinovideo festivallarında diplom və mükafatlara layiq görülmüşdür. “Hakim” filmi Tiflisdə “Qran-Pri” və “Yaradıcılıq axtarışlarına görə” priz və diploma, “Leyla və onun dostları” Moskvada keçirilən Beynəlxalq Gənclər forumunun kinofestivalında 2-ci dərəcəli prizə və diploma layiq görülmüşdür. Tammetrajlı “Toğrul” filmi 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş birinci Televiziya filmləri festivalının “TEFİ” – “Birlik” diplomuna layiq görülmüşdir. Oqtay Babazadə 2000-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Təbrik edirik yubilyarı.
Bu gün Müşfiqi, Cavidi və digər repressiya qurbanlarını xatırlayacağıq
30 oktyabr. Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü
1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarskinin təşəbbüsü ilə Mordoviya və Perm düşərgələrinin məhbusları “Beynəlxalq Siyasi Məhbuslar Günü”nü həbsxanada aclıq edərək siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kovalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədlər ictimailəşdirilib və siyasi məhbusların sözləri ictimaiyyətə çatdırılıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kovalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. O vaxtdan bəri həmin tarix əvvəlcə sovet dissidentləri arasında, sonra isə ümumdünya miqyasında repressiya qurbanlarının xatirəsi günü kimi qeyd olunur.
Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya adlı qanlı terror dönəmi Azərbaycanda çox böyük miqyasda ziyalı təbəqəsinin məhvinə səbəb olub. Azərbaycanda repressiya nəticəsində öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 min nəfəri ziyalılar idi. Bu dəhşətli repressiya təkçə öldürülənlərlə yekunlaşmayıb. O qanlı illərdə Azərbaycan ərazisindən intellektual təbəqənin 100 mindən artıq nümayəndəsi - yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri, alimlər, pedaqoqlar, hərbçilər, din xadimləri, eləcə də repressiya nəticəsində öldürülmüş ziyalıların ailə üzvləri, qohumları Qazaxıstanın ilan mələyən çöllərinə, eləcə də ilik donduran soyuq Sibirə sürgün ediliblər. 1937-ci və 38-ci illərdə repressiya amansızlığı etibarilə pik nöqtəsinə çatmışdı. İnsanlar 15-20 dəqiqə çəkən qondarma məhkəmələrin “qərarı” ilə güllələnir, məhv edilirdi. Repressiya qurbanlarına tarixin sonrakı dönəmlərində “bəraətlər” verildi, bu, məhv edilmiş günahsız ömürləri, darmadağın olmuş məsum həyatları geri gətirməsə də, onların xələfləri üçün, bütövlükdə Azərbaycan xalqı üçün kiçik də olsa mənəvi təsəlli idi.
30 oktyabr. Frankenşteyn günü
Bu tanınmış bir obrazdır, Meri Şellinin “Frankenşteyn, yaxud müasir Promotey” romanının baş qəhrəmanı, müxtəlif kitabların, bu süjetə dramatik və kinematoqrafik adaptasiyaların personajı olan bu şəxs həyat ziddiyyətlərinin simvoludur. Peşəcə kimyaçı olan Frankenşteynin ilkin fikri insan cisminin gözəlliyini qaçırılmaz bir çirkinliyə məruz qoyan ölüm mövhumunu yer üzündən silmək olur. Bu fikri bir müddət sonra tamamilə yeni bir məxluq yaratma düşüncəsi əvəz edir. Qəti olaraq bu fikrə yiyələnən kimyaçı gecə saatlarında gizlincə qəbirləri eşərək müxtəlif insan qalıqlarını toplayır. Nəhayət iki illik bir fəaliyyətin bəhrəsini görmək üçün həvəslə planını həyata keçirməyə niyyətlənir. Topladığı insan qalıntılarını evin döşəməsinə düzərək əldə etdiyi qarışımla fikrindəki məxluqu yaratmaq üçün ilk addımı atır.
Düşüncələrində gözəl görünüşə malik və daim yaxşı işlərlə məşğul olacaq bir varlıq yaratmağı təxəyyül edən kimyaçı, realda ərsəyə gələn məxluqu görcək dəhşətə gələrək yaşayış yerini tərk edir və uzun müddət xəstə yatır. İnsanlara yaxınlaşma cəhdi daim uğursuzluqla nəticələnən həmin məxluq isə daxilində tədricən bütün insanlığa qarşı nifrət bəsləməyə və fürsət tapdıqca onlara zərər vurmağa başlayır. Nəticədə onu yaradan Frankenşteynin bütün sevdiklərini yox edəcəyinə and içir.
Frankenşteyn günü xeyirxah məqsədlərin bədxah məqsədlərə çevrilə biləcəyi barədə düşüncələrə varmaq, belə hallara yol verməmək məqsədi daşıyır.
Varisin “Həftənin təqvimi” yazısından
Naxçıvanda Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş onlayn respublika konfransı keçirildi
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AzərTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetdə keçirilən “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika elmi konfransında bu fikirləri ali təhsil ocağının rektoru Elbrus İsayev səsləndirib.
Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədovun moderatorluq etdiyi konfransda çıxış edən Elbrus İsayev konfrans iştirakçılarını Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğunu vurğulayıb. Bildirib ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır.
Rektor diqqətə çatdırıb ki, “Nizami Gəncəvi İli” çərçivəsində Nizami irsinin tələbələr arasında daha geniş təbliğ olunması, dahi mütəfəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələri gənc nəslə aşılamaq məqsədilə universitetdə silsilə tədbirlər – konfranslar, müzakirələr, müsabiqələr, dəyirmi masalar keçirilir. Universitetin Elmi Kitabxanasında dahi şairin ədəbi irsi, onun haqqında yazılmış əsərlərin sərgisi də nümayiş olunur.
“Nizami Gəncəvinin söz dünyası” adlı çıxışında Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb, şairin bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.
Mingəçevir Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik” mövzusunda çıxış edərək bildirib ki, Nizaminin poeziyası əsrlərdən bəri öz aktuallığını saxlayıb, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş edib. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.
“Naxçıvan folklorunda Nizaminin “Xosrov və Şirin” poeması ilə səsləşən rəvayətlər” mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov dahi şairin yaradıcılığında folklor məsələlərinə toxunub, bəzi maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans “Nizami Gəncəvi yaradıcılığında dil və ədəbiyyat məsələləri”, “Nizami Gəncəvi yaradıcılığında elm, əxlaq və tərbiyə” adlı bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Şamaxı və Şəki filialı, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşları elmi məqalələrlə çıxış ediblər.
Vətən müharibəsi haqqında yeni film
İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır.
AzərTAC xəbər verir ki, müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır.
Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcək.
Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.
Artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.
Psixoloji dramda əsas rolları Xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.
“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb.
Cari ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsi əsasında çəkilir.
Elnur Əliyev: “Ermənilərin Qarabağdan çıxardıqları muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik”
Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib: “Ermənilərin işğaldan azad olunmuş ərazilərdəki muzeylərdən apardığı eksponatlarla bağlı ciddi işlər görülür.”
Elnur Əliyevin sözlərinə görə, hazırda faktların toplanması prosesi gedir: "Qarabağ bölgəsindən çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Bu, kifayət qədər uzun çəkən prosesdir. Faktların yığılması və lazımı müraciətlərin edilməsi istiqamətində ciddi işlər görülür. Hazırda əlimizdə rəqəmlər var. Onların dəlil və sübut bazasının yığılması ilə məşğuluq”.
Moskvada “Şəhidlik əbədi zirvədir” kitabının təqdimatı olub
Rusiyadakı Azərbaycan diasporunun fəallarından biri, iqtisadiyyat elmləri namizədi, dosent Aybəniz Rüstəmovanın “Şəhidlik əbədi zirvədir” (“Stalo veçnoy slavoy qeroyskaya smert”) kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, kitabda 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar yer alıb. Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiyadakı Azərbaycan diasporunun, eləcə də iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, Rusiyanın fəxri vəkili İlqar Hacıyev qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad edib. Bu tarixi qələbəyə görə biz həm də şəhidlərimizə borcluyuq.
Kitabın hələlik yalnız birinci cildinin nəşr olunduğunu bildirən müəllifi A.Rüstəmova deyib: “Birinci cilddə Qarabağ uğrunda canından keçən şəhidlərimizdən 577-si haqqında məlumat yerləşdirilib. Bu kitabın növbəti cildlərində hissə-hissə üç minə yaxın şəhidimiz haqqında ətraflı məlumat verəcəyik. Heç bir şəhidimizi unuda bilmərik. Ümumilikdə şəhidlərimizə həsr olunan beş cildlik kitab nəşr etməyi planlaşdırırıq”.
A.Rüstəmova vurğulayıb ki, harada yaşamağımızdan asılı olmayaraq, biz tariximizi, Qarabağ uğrunda şəhid olan soydaşlarımızı unutmamalı, onların adlarını gələcək nəsillər üçün əbədiləşdirməliyik.
Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik Qarabağ müharibəsinin şəhidlərindən bəhs edən kitabın orijinal xatirə janrında yazıldığını bildirib: “Kitabda hər bir şəhid haqqında ətraflı məlumat yer alıb. Məhz bu səbəbdən kitab olduqca qiymətlidir. Müəllif kitabda Azərbaycanda Vətəni üçün canından keçməyə hazır olan gənc nəslin yetişdiyini qürurla ifadə edə bilib. Sözsüz ki, bu, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün görülən işlərin bəhrəsidir”
Tədbirdə çıxış edən Rusiyanın xalq rəssamı Nikas Safronov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, rəssam Rauf Məmmədov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, politoloq Ruslan Səfərov və başqaları Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Hacıbaba Bağırov xəstəxana palatasından necə qaçdı
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə mərhum aktyorumuz Hacıbaba Bağırovun (1932-2006) bir xatirəsini təqdim edəcəyik. Səhnədə daim bizi güldürən komedik aktyorumuz həyatda da zarafatcıl, şən birisi idi, Allah ona rəhmət eləsin.
***
Xəstə vaxtlarım idi. Teatrda “Bankir adaxlı” tamaşası gedirdi. Biletlərin hamısı satılmışdı, mənsə xəstəxanada müalicə alırdım.
Tamaşaya iki saat qalmış hələ xəstəxanadakı palatamdaydım, qəfil ayağa qalxıb geyinməyə başladım. Həkim içəri girəndə geyindiyimi görüb başını buladı.
– Nə edirsiz, Hacıbaba müəllim, sizə ayağa qalxmaq olmaz.
Niyyətimi gizləmədim:
– Mən teatra getməliyəm, axşam tamaşam var.
Həkim narahatçılıqla dedi:
– Siz tamaşanı düşünürsüz, biz isə sizi. Olmaz! Ölərsiz!
Mənsə geyinməkdə davam edərək həkimə baxıb gülümsədim.
– Öləndə də heç olmasa səhnədə ölərəm, daha xəstəxana palatasında yox, – deyib, xəstəxananı tərk etdim.
Heydər Əliyev Sarayı “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşunu təqdim edəcək
Heydər Əliyev Sarayı Vətən müharibəsində şanlı qələbəmiz nəticəsində tariximizə qızıl hərflərlə yazılan Zəfər Gününə həsr olunmuş möhtəşəm layihə təqdim edəcək. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə, görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun, şair, publisist Teymur Elçinin sözlərinə yazdığı “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşu noyabrın 6-da tamaşaçılara təqdim olunacaq.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı AzərTAC-a bildirib ki, layihənin rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeysteri Xalq artisti Gülbacı İmanova və quruluşçu rəssamı Fərid Nəcəfovdur. Layihədə solistlər Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar) və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası iştirak edəcək.
Qeyd edək ki, “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluş Azərbaycan xalqının işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini əks etdirir.
“Ölkələrin uğurlarını fərqləndirən onların mədəniyyətidir”
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilir.
Oktyabrın 28-i sammit çərçivəsində “Baku Marriott Boulevard Hotel”də “Gələcək sərmayələrdə mədəniyyət müstəvisi” mövzusunda daha bir panel iclası gerçəkləşdi.
Giriş sözü ilə çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İCYF) baş məsləhətçisi Fadila Grine qonaqları salamladı, məruzəçiləri təqdim etdi.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, mədəniyyət bizi beşikdən məzara kimi müşayiət edən faktordur: “İnanırıq ki, mədəniyyət, sadəcə, mahnı, şeir, ədəbiyyat, teatr, kinodan ibarət deyil. Bunlar mədəniyyətin konkret bir təzahürüdür. Bugünkü iclasın əsas məqsədi mədəniyyətlə iqtisadiyyatın əlaqəsini vurğulamaqdır. Hər bir ölkənin iqtisadi uğuru həm də onun mədəniyyəti ilə bağlıdır. Çünki ölkənin iqtisadiyyatı şirkətlərdən, banklardan ibarətdir. Şirkət və bankların fəaliyyəti isə öz növbəsində orada dominant olan mədəniyyətə bağlıdır. Demək olar ki, bütün ölkələr bu sahə üzrə eyni qaydanı tətbiq edir. Lakin eyni qaydaları tətbiq edən ölkələrin uğurları fərqlidir. Çünki bu qaydalar müxtəlif mədəniyyətlər çərçivəsində tətbiq olunur. Bu ölkələrin də uğurlarını fərqləndirən onların mədəniyyətidir. Bu baxımdan Azərbaycan Mədəniyyət Nazirliyi olaraq istəyərdik ki, mədəniyyətimiz də daha geniş anlamı ifadə etsin. Azərbaycan cəmiyyəti bizi Qələbəyə aparan mədəniyyəti yalnız müharibə zamanı yox, gündəlik həyatda da tətbiq etsin. Biz istəyirik ki, yalnız müharibə vaxtı öz bayrağımız, dəyərlərimiz, mədəniyyətimiz ətrafında səfərbər olmayaq. İndi sülh zamanında dəyərlərimiz ətrafında səfərbər olmalıyıq. Biz Azərbaycanın uğurlu gələcəyini təmin etməliyik. Yeganə çıxış yolu məsuliyyətli mədəniyyəti tətbiq etməkdir. Bunu tətbiq etmək üçün kifayət qədər dəyərli mədəni irsimiz var. Özümüz dahilərimizə, dəyərlərimizə sahib çıxsaq, ölkəmizi gələcəkdə də uğurlu edə bilərik. Biz heç kimin gözləmədiyi halda Qələbə qazandıq. Bu, demək olar ki, bizim mədəniyyətimizin qələbəsidir. Bizim mədəniyyətimizdi ki, belə Ali Baş Komandan, Vətən uğrunda canını fəda edən oğullar yetişdirib. İstəyirik ki, cəmiyyət olaraq bu işdə vətəndaşlarımız Mədəniyyət Nazirliyinə dəstək versinlər”.
"Türk Hava Yolları" (THY) baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay bildirdi ki, təmsil etdiyi qurumun ən böyük uğuru insan resurslarıdır: “Biz dünyada uçuş üçün ən çox istifadə edilən hava yolu şirkətiyik. Şirkətimizdə 140-dan çox fərqli millətdən olan insan çalışır. Pandemiya dövründə bütün dünyada qazanc əldə edən yeganə hava yolu şirkəti Türk Hava Yolları oldu. Bunun ən böyük səbəbi insan resursları və onların sahib olduğu mədəniyyətdir”.
Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Elməddin Mehdiyev agentlik haqqında məlumat verdi. Bildirdi ki, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AİDA respublikamızın xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir.
Keçmişdə insanların fərqli sahələrə investisiya yatıranda ola bilsin ki, mədəni aspektlərin gözardı edildiyini vurğulayan E.Mehdiyev iqtisadi səbəblərdən fərqli olaraq mədəni səbəblərin investisiyanın uğur qazanmasına mütləq təsir edəcəyinə inamını bildirdi.
Tatarıstan İnvestisiya İnkişafı Agentliyinin (Rusiya) nümayəndəsi Alina Ravzutdinova ölkəsinin mədəni həyatı haqqında danışdı. O, Tatarıstanda 170-dən dövlətin vətəndaşlarının sülh şəraitində yaşadığını bildirdi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı.