
Super User
UNESCO-da Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun növbəti iclası keçirilib
Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun iclası keçirilib.
AzərTAC xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi iclasda qurumun baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos, eləcə də II Seçki Qrupunun üzv ölkələrinin nümayəndələri iştirak ediblər.
İclasın gündəliyi təsdiqləndikdən sonra Rusiya Federasiyasının UNESCO yanında daimi nümayəndəsi, səfir Aleksandr Kuznetsov UNESCO İcra Şurasının II Seçki Qrupundan vitse-prezidenti qismində İcra Şurasının 212-ci sessiyasının nəticələrinə dair məlumatla çıxış edib.
Sonra UNESCO baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos qurumun Baş Konfransı müddətində rəhbərlik etdiyi sektorun fəaliyyətindən və Baş Konfrans çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib. Süni intellekt etikası üzrə UNESCO-nun tövsiyələrinin qarşıdan gələn Baş Konfransda qəbul ediləcəyinə ümid etdiyini deyən baş direktorun müavini bu tövsiyələrin qəbul edilməsi üçün ölkələri səs verməyə çağırıb.
Mədəniyyətlərarası dialoqa toxunan Qabriela Ramos Azərbaycana “Bakı Prosesi”nə görə təşəkkür edərək, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində UNESCO-ya verdiyi dəstəkdən söz açıb.
İclasda II Seçki Qrupunun növbəti sədri 2022-ci ilin yanvarından Bolqarıstanın olması razılaşdırılıb.
İclas üzv ölkələrin nümayəndələrinin çıxışları, fikir mübadiləsi ilə davam edib.
Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun ad günüdür
Emin Sabitoğlunun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”... Amma təkcə bunlarmı? Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema... Bəs bəstəkarın musiqi çeşməsindən süzülən kino və komediyalar üçün yazdığı musiqilər? Əslində, bunlar da onun yaradıcılığının hamısı deyil...
Bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 84-cü ildönümü tamam olur.
Özü aramızda olmasa da, “bəzən bir ümid, bəzən göz yaşı gətirən” nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq sənətkarın 80 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.
Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, “haradan gəlib hayana gedəcəyini” çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyli adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.
Sonralar o, “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllim işləyib.
Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır. Bəstəkar tanınmış rejissorlardan - Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələyib.
Bu gün - noyabrın 2-si onun ad günüdür - özü aramızda olmasa da, mahnıları dilimizin əzbəri olan Emin Sabitoğlunun... O mahnılar, o musiqilər ki, hər dəfə ifa olunduqca qəlbimizdə romantik duyğular oyadır, bizi bizdən alıb çox-çox uzaqlara aparır. Elə uzaqlara ki, orada yaşıl ada var, “bir axşam taksidən payıza düşüb”, “bahar həsrəti ilə payız axşamında”, “yağışın əlindən qaçıb”, “üzü dənizə sarı dayanır”...
Lakin üz tutub getdiyi dənizdəki yaşıl ada, nə aradan ötüb keçən illər onu – bənzərsiz və qənirsiz musiqilərin bəstəçisi olan Emin Sabitoğlunu bizdən ayıra bilməz, çünki yadigar qoyub getdiyi həmin bəstələr hər gün evimizdə, ekran və efirimizdə və qəlbimizdə səslənir...
Bir də “Dədə Qorqud”da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə, “Evləri köndələn yar”da, “Özgə ömür”də, “Ad günü”ndə, “Gün keçdi”də, “Bəyin oğurlanması”nda, “Otel otağı”nda...
AzərTAC
Dövlət Tərcümə Mərkəzi yazılı və şifahi tərcümə üzrə seçim turları təşkil edir
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, yazılı, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə Seçim Turlarının növbəti mərhələsinə start verib.
Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, turlar ingilis və digər dillər üzrə ictimai-siyasi, elmi sahələrdə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün (Şəxsiyyət vəsiqəsinin surəti, CV) qeyd olunan sənədlərin bu ilin 30 noyabr tarixinədək mərkəzin
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi xahiş olunur.
Turlarda iştirak ödənişlidir.
Eldar Əhədovun küləkdə eşidilən səs barədə nağıl kitabı Bostonda
ABŞ-da, Bostonun Prodigy Published nəşriyyatında Rusiyada yaşayan azərbaycanlı yazıçı, AYB-nin fəxri üzvü Eldar Əhədovun elektron versiyada “About the voice in the wind" (Küləkdə eşidilən səs barədə) nağıl kitabı işıq üzü görüb. İngilis dilinə kitabı beynəlxalq tərcümə bürosu "Corefeey”in əməkdaşı Lily Berkush çevirib. Kitabın ön sözünü Kembric professoru Riçard Baumgarten yazıb.
34-cü Tokio Beynəlxalq kinofestivalı Klin İstvudun "Kişi göz yaşları" filmi ilə açıldı
Hər il keçirilən və sayca 34-cü olan Tokio Beynəlxalq Kinofestivalı uikend günlərində Yaponiyanın paytaxtında açıldı. Öncə ulduzlar və qonaqlar ənənəvi qırmızı xalça üzərindən keçdilər, sonra isə rəsmi açılış mərasimi keçirildi. Hər iki tədbirin yayımı YouTube-dakı festival kanalı ilə nümayiş olundu. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən bildirir ki, açılış törəninə Yaponiyanın Baş naziri Fumio Kisida da qatılmışdı.
"Biz bu il festivalı keçirə biləcəyimizdən çox narahat idik. Ancaq koronavirus ilə bağlı vəziyyət yaxşılaşıb və biz bu festivalı tamaşaçılarla birlikdə keçiririk. Bu il biz əsas meydançamızı dəyişdik və indi festivalı Hibiya və Yurakut rayonlarındakı kinoteatrlarda keçiririk ki bu rayonlar da tarixən kinematoqrafla bağlıdır. Ümid edirəm, yaxın on gün kinoşünaslar üçün bol emosiyalı, maraqlı və zəngin təəssüratlı olacaq", - deyə açılış mərasimində kinofestivalın sədri Hiroyasu Ando bildirib.
Yaponiyanın Baş naziri Fumio Kisida isə öz növbəsində tədbirin koronavirusa qarşı davam edən mübarizə dövründə keçirildiyini, festivalın özünün də həm adi formatı, həm də onlayn formatı özündə birləşdirdiyini vurğulayıb. Hökumət başçısı həmçinin Yapon filmlərinin və animelərinin nümayişlərinin xarici auditoriyaya yaxşı təsir göstərəcəyinə ümid etdiyini bildirib.
Festival proqramı
Şənbə axşamı gecə saatlarında "Kişi göz yaşları" (Cry Macho, 2021) böyük anşlaqla nümayiş olunub. Amerika rejissoru Klin İstvudun çəkdiyi bu filmdə əsas rolu da o özü oynayır. Noyabrın 8-də amerikalı rejissor və yazıçı Stiven Çboskinin çəkdiyi "Əziz Evan Hansen" (Dear Evan Hansen, 2021) müziklinin nümayişi ilə isə kinofestival bağlanacaq. Festivalda cəmi doqquz bölmə olacaq.
Hazırkı baxışdan əvvəl rəhbərlik proqram direktorunu dəyişib, Takesi Kitanonun filmləri də daxil olmaqla ən məşhur rejissorlarla işləyən prodüser Sedzo İtiyama bu vəzifəyə təyin olunub. Proqramın özündə əvvəllər olduğundan daha çox dünya premyerası təqdim olunur. Bu, əsasən Asiya filmlərinə aiddir. Tokioda kinoteatrlara gəliş üçün məhdudiyyətlər indi tamaşaçılar üçün işləmir, lakin dəvət olunmuş xarici qonaqlar və kino ulduzları festivalda iştirak etmirlər, çünki Yaponiya indi, demək olar ki, yeni giriş vizaları vermir.
Pandemiyanın əsas nominasiyasından imtina etmək qərarına gəlinmiş ötən ildən fərqli olaraq bu il müsabiqə proqramı bərpa olunub. Onun çərçivəsində 15 film nümayiş olunur. Biz azərbaycanlılar üçün sevindirici bir fakt. Əsas mükafata iddiaçılar arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Durna fənəri" (Crane Lantern, 2021) filminin də adı çəkilir. Film hüquq fakültəsinin tələbəsi olan bir qızdan və dörd qadının oğurlanması səbəbiylə həbsə alınan bir kişinin münasibətlərindən bəhs edir.
Həmçinin izləmənin əsas mükafatı üçün Qazaxıstandan olan rejissor Darejan Omirbayevin "Şair" (Poet, 2021) filmi yarışacaq. Film XIX əsrdə yaşamış və hakimiyyət tərəfindən edam edilmiş Didar adlı tanınmamış şairin həyat hekayəsini izah edir. Bundan başqa, əsas proqrama Çindən, Cənubi Koreyadan, Yaponiyadan, Albaniyadan, İrandan olan rejissorların əsərləri daxil edilib.
Ənənəvi olaraq, Tokio kinofestivalında müasir yapon filmləri və animelər, eləcə də klassik filmlər təqdim olunur. Bu il həmin klassik bölməyə bir neçə film daxil edilib, buraya yapon kult aktrisası Kinue Tanakanın rejissor ampluasında çıxış etdiyi, 50-ci, 60-cı illərdə şəkilmiş 3 film daxil edilmişdir. Bunlar "Hələ ay çıxmadı" (Tsuki vay noborinu, 1955), "Avara şahzadə" (Ruten no ohi, 1960) və "O-Gin-sama" (Ogin-sama, 1962) filmləridir.
Beləliklə, bütün diqqətlər Tokiodadır. Azərbaycan kinosu noyabrın 8-də - Zəfər günündə tarixində ən böyük zəfərə imza atıb Tokio kinofestivalının baş mükafatına sahib ola bilər.
Gəlin bunu hamılıqla arzulayaq və həyəcanla gözləyək.
“Səhnə” teatrının ilk premyerası olub
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında “Səhnə” teatrında hazırlanan “Bir dəfə Qarabağda” tamaşasının premyerası keçirilib.
AzərTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb.
Premyerada teatr tənqidçiləri, teatr ictimaiyyəti və teatrsevərlər iştirak ediblər. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandırıblar. Tamaşadakı musiqiləri qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblı ifa etdi. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Tamaşanın noyabr ayında yenidən nümayiş olunacağı gözlənilir.
Mədəniyyət nazirimiz Türkiyənin ən məşhur seriallarının çəkildiyi məkanda olub
Mədəniyyət naziri Anar Kərimov, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Türkiyənin məşhur ssenari müəllifi və film prodüsseri Mehmet Bozdağın müşaiyəti ilə "Diriliş Ərtoğrul", "Quruluş Osman", " Bozkır Arslanı Cəlallədin", "Dastan" kimi milyonlarla tamaşaçının sevərək izlədiyi ekran əsərlərinin çəkiliş meydançasını ziyarət ediblər.
Mədəniyyət Nazirliyinin məlumatına görə yaradıcı heyətlə görüşüb, çəkilişlərin gedişatı ilə yaxından tanış olan Anar Kərimovunun son illər türk seriallarında rol alan həmyerlimiz, məşhur idmançı Zabit Səmədovla da səmimi söhbəti baş tutub.
Maraqlı səfər çərçivəsində Mehmet Bozdağın yaradıcısı olduğu film şirkətinin mədəniyyət nazirliyi ilə kinematoqrafiya sahəsində gələcək əməkdaşlığı da müzakirə olunub.
Dərbənddə “Nizami Gəncəvi” tamaşasının premyerası olub
Rusiyaya aid Dərbənd şəhərində, Azərbaycan Dövlət Dram Teatrında “Nizami Gəncəvi” tamaşasının premyerası olub.
TASS agentliyi xəbər verir ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş tamaşanın müəllifi İftixar, quruluşçu rejissor Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir.
Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov TASS agentliyinə müsahibəsində bildirib ki, aktyorların nümayiş etdirdiyi istedadlı oyun və gözəl dramaturgiya tamaşaçıların zövqünü oxşayıb. Tamaşaçılar bu əsərə xüsusi sevgi ilə baxıblar. F.Əsgərov deyib: “Burada, Dağıstanda, xüsusən Dərbənddə böyük şair Nizaminin yaradıcılığına xüsusi sevgi var. Axı Nizaminin xanımı məhz bizim doğma Dərbənddən olub. Onun əsərlərində Dərbəndin adı dəfələrlə çəkilir”.
Qənirə Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın mədəniyyət xadimləri ilə görüş keçirib
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkənin elm, mədəniyyət, incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və jurnalistlərlə görüşüb.
AzərTAC xəbər verir ki, tədbiri AMM-nin direktoru Samir Abbasov açaraq Qənirə Paşayevanın jurnalist və deputat kimi fəaliyyəti haqqında məlumat verib, bu günlərdə Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində yüksək səviyyədə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini diqqətə çatdırıb. Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində səmərəli görüşlərin, konsert proqramlarının keçirildiyini, Qənirə Paşayevanın “Addım-addım Özbəkistan” kitabının təqdimatının baş tutduğunu vurğulayan S.Abbasov AMM-nin fəaliyyəti haqqında da söhbət açıb, indiyədək mərkəzin xətti ilə 90-a yaxın kitabın çap edildiyini bildirib.
Direktor böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi “Xəmsə”nin Daşkənddə təqdimatının keçirildiyini də diqqətə çatdırıb.
Qənirə Paşayeva Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə özbək xalqını təbrik edib, Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında, iqtisadi inkişafın dərinləşməsində dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Deputat xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın, digər şair və yazıçılarımızın dostluğunun bir örnək olduğunu söyləyib. Belə səfərlərin həm Özbəkistanda, həm də Azərbaycanda müntəzəm olaraq keçirilməsinin vacibliyindən danışıb. Komitə sədri vurğulayıb ki, bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsində Özbəkistan Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib.
O, belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.
Tarixçi alim Şuxrat Barlas 44 günlük müharibədə Azərbaycanı parlaq Qələbəsi münasibətilə xalqımızı təbrik edib, Azərbaycanın müharibə təcrübəsinin böyük dövlətlər tərəfindən öyrənildiyini bildirən tarixçi bu yaxınlarda Qarabağda və Şuşada olduğunu, işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinin aparıldığını vurğulayıb.
Şair Gülzira Şaripova, professor Niqina Şirmuxammedova, jurnalist Şərafəddin Tulaqanov, musiqiçi Firuza Abduraxmanova və başqaları 44 günlük müharibədə özbək xalqının Azərbaycanın haqq işini dəstəklədiyini bildiriblər. Onlar AMM-nin bu istiqamətdəki təbliğat işini də yüksək qiymətləndiriblər.
Sonra iştirakçılar Azərbaycan milli yeməklərinə qonaq edilib, “Özbegim yoşları” ansamblının üzvləri Azərbaycan və özbək mahnılarını ifa ediblər.
Müharibə iştirakçıları olan şairlər “İgidlərin sözü” layihəsində bir araya gələcəklər
Beynəlxalq Muğam Mərkəzi “Söz” ədəbi layihəsi çərçivəsində “İgidlərin sözü” adlı proqram təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, noyabrın 5-də reallaşacaq tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən şeirlər və esselər səsləndirəcəklər.
Layihə rəhbəri Nigar Həsənzadə bildirir ki, proqrama regionlardan olan qazilər və müharibə iştirakçıları da qatılacaq və bir çox bölgələrimizdən olan döyüşçü-şairlər qələmə aldıqları şeirlərini geniş kütləyə çatdırmaq imkanı qazanacaqlar. Bu şeirlər arasında birbaşa döyüşlər zamanı qələmə alınan nümunələr də yer alır. Müharibə iştirakçısı olmuş şairlərin qələmə aldıqları bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var.
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər nümayiş olunacaq və hər kəs bu od-alov içindən çıxan igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış olacaq.
Qeyd edək ki, Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl təşəbbüslərdən olan “İgidlərin sözü” proqramı Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan tanıdacaq.