Super User
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anım günüdür
Dünən dahi bəstəkarımız Üzeyir bəyin doğum gününü, az öncə dahi bəstəkarımız Arif Məlikovun yubileyini qeyd etdik, bu günsə daha bir qeydetməmiz var: görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun vəfatından 49 il ötür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.
İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.
S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.
1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.
1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.
Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.
1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişib.
O dünyadan köçsə də yaratdığı musiqi irsi daim qalacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
“Məhəbbət əfsanəsi” əfsanə kimi şirin idi
Könül, “Ədəbiyyat və incəsənət”
Nəhayət ki, çoxdan anons etdiyimiz artefak baş tutdu, Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin yeni quruluşda premyerası oldu. Özü də premyera digər bir möhtəşəm hadisəyə başlanğıc verdi. Axı dünənki tarix - 18 sentyabr Milli Musiqi Günü idi. Bu tarix münasibətilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi”ndən keçid aldı. Qeyd edək ki, “Məhəbbət əfsanəsi” bu gün - sentyabrın 19-da da Heydər Əliyev Sarayında təqdim ediləcək.
İndi isə qayıdaq premyeraya. Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib. Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub. Zarafat deyil, balet dünyanın neçə-neçə ölkəsində tamaşaya qoyulub. Və baletun yeni quruluşda növbəti premyerasını işləmək üçün də digər ölkələrdən qonaqlar gəliblər. Onların arasında iki məşhur italyan - İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi və dünyaca məşhur Fazioli royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli xüsusən diqqətimizi çəkdi. Qonaqlar arasında Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Rusiyanın Xalq artisti, dünyaşöhrətli balet artisti Nikolay Tsiskaridze də var idi.
Tsiskaridze, eləcə də Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”nin bir çox məziyyətlərindən söz açdılar.
Mütləq qeyd edək ki, tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib. Belə ki, tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də yer alıb.
Gecəni isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov açdılar.
F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını vurğuladı. Yusif Eyvazov isə bu tarixi anlara şahidlik etdiyi və özünün də bu anların bir parçası olması səbəbindən xoşbəxt olduğunu izhar etdi.
Sonra tamaşaçılara “Məhəbbət əfsanəsi” baleti təqdim edildi.
Səhnədə şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edirdilər.
Tamaşa salonu alqış səslərinə bürünərək səhnədəki xarüqədə ifaya dəstək verirdi.
Sonda bir qədər vikipedik məlumat da verək: Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət isə əsəri görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov faciəli sevgi və fədakarlıqdan bəhs edən əsərə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu iki ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı), bir qədər sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində keçirilib. Haqlı olaraq şedevr adlandırılan bu baletin quruluşçu rejissoru Yuri Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Tsvetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin əsrarəngiz musiqisi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilib.
“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.
Fotolar AzərTAC agentliyinə məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Azərbaycanlı fotoqrafın əsərləri Şotlandiyanın Kelvinqrov muzeyində nümayiş etdirilib
Qlazqo şəhərinin məşhur Kelvinqrov İncəsənət Qalereyasında və Muzeyində təşkil olunan “Putting Ourselves in the Picture” beynəlxalq incəsənət sərgisində azərbaycanlı fotoqraf və siyasi şərhçi Fuad Ələkbərovun əsərləri nümayiş etdirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAC-a bildiriblər ki, Kelvinqrov Muzeyinin Qannoxi zalında Azərbaycan fotoqrafı ilə yanaşı, Belarus, İtaliya, İspaniya və Meksikadan olan fotoqrafların də əsərləri təqdim edilib. Sərgi “Migrant Voice” təşkilatı tərəfindən təşkil olunub.
Sərginin açılış mərasimində Qlazqo şəhərinin meri Caklin Maklaren çıxış edərək layihəni yüksək qiymətləndirib. Daha sonra “Migrant Voice” təşkilatının sədri Nazek Ramadan və layihə rəhbəri Marzanna Antoniak sərgi barədə qonaqlara ətraflı məlumat veriblər.
Sərgilənən əsərlərin həsr olunduğu ictimai mövzular, miqrasiya kimi mühüm məsələlər ziyarətçilərdə böyük maraq doğurub.
Qeyd edək ki, 2002-ci ildən fotoqrafiya ilə məşğul olmağa başlayan Fuad Ələkbərovun əsərləri “OpenDemocracy”, “The Herald”, “The National”, “Daily Record”, “Baku” və digər nəşrlərdə dərc olunub.
Sərgi 2024-cü ilin sentyabrınadək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
YUNESKO-nun sosial media səhifəsi Yallı ilə bağlı paylaşım edib
Maraqlı Yalli rəqsi ilə birlikdə Azərbaycanın # LivingHeritage zəngin qobeleninə dalın! Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləridir, adətən dairə, zəncir və ya xətt üzrə ifa olunur. Zərif hərəkətlər, mürəkkəb ayaq işləri və rəngli Yalli kostyumları İrs və birliyin mahiyyətini özündə cəmləşdirir. Bu, sadəcə bir rəqs deyil, cəmiyyət və mənsubiyyətin güclü bir ifadəsidir. Bu rəqs 2018-ci ildən təcili mühafizəyə ehtiyacı olan Qeyri Maddi İrs Siyahısına daxil edilmişdir. Birlikdə Yalli rəqsini ifa edib gələcək nəsillərə ilham verməyə davam edə bilərik.
Daha ətraflı: https://on.unesco.org/3sJgFPk
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
“Nəğməmə inan”a az qaldı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan və yeni səhnə əsərlərindən olan “Nəğməmə inan” tamaşası nümayiş olunacaq.
Teatrın rus bölməsində hazırlanan bu musiqili komediya növbəti dəfə sentyabrın 24-də teatrsevərlərə təqdim olunacaq.
Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.
Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Görkəmli şair Şakir Şaqrakın ruskoyazıçnı poeziyası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalı ölkəmizdəki şeir bumunu nəzərə alaraq daim öz səhifələrində şeirə yer verir. Həm beləsinə, həm eləsinə.
Şakir Şaqrak 4 sinif təhsil alıb, latın qrafikalı əlifbanı bilmir, şeirlərini qızına yazdırır.
Onun şair həmkarlarından fərqi odur ki, ruskoyazıçnı poeziya istehsal edir.
Bu gün sizlərə Şakir Şaqrakın “Kuxnada” (yəni mətbəxdə) adlı şeirini təqdim edirik.
Bozbaşlarla dolub efir
Hər axşam içirəm kefir
Sənin bizdə var smetan
Gözəl ərzaqdır smetan
Gəl oturaq biz tetatet
Yeyək kartof, bir də kotlet
Pəncərəyə, eyvana qon
Urusdan al, vur samaqon
Biri topal, biri də şil
Sən makaron, mən vərməşil
Gah təriflə, gah da ki söy
Süfrədə var duz və pəsöy.
Kaş olaydı gözəl lodka
Üzəydik biz, vurub vodka
Bu şeiri kuxnada yazdım.
Kastrulyaya düşüb azdım.
Arvad da bişirdi kaşa.
İnan nifrət etdim aşa.
Hamı quru, mən isə yaş.
Beşinci kalonam, qardaş.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Ölkəmiz Qazaxıstanda keçiriləcək texnologiya forumunda təmsil olunacaq
Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biri “Digital Bridge 2023” forumu keçiriləcək. Forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq ( “Artificial and Human Intelligence: The right balance”).
Bu beynəlxalq forum ənənəvi olaraq dünya şirkətlərinin rəhbərlərinin, İT innovasiyaları sahəsində ən yaxşı beynəlxalq və yerli ekspertlərin, regionun hər yerindən vençur investorlarının iştirakı ilə keçiriləcək. “Digital Bridge 2023” forumu 15 ölkədən 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti, 100-dən çox investor və biznes mələyi, 250 məruzəçi və 100-dən çox startapı öz platformasında bir araya gətirəcək. Bu barədə AzərTAC xəbər yayıb.
Forumun ikigünlük proqramına dövlət başçısının iştirakı ilə plenar iclas və onunla təkbətək görüşlər, beynəlxalq məruzəçilərin iştirakı ilə 30-dan çox panel iclası, sazişlərin imzalanması, dövlət başçısının iştirak edəcəyi “Google for Startups” kimi irimiqyaslı tədbirlər daxildir. Forumda ən yaxşı startaplara, innovativ layihələrə və sahibkarlara verilən beynəlxalq mükafat - “Digital Bridge Awards”un təqdimat mərasimi keçiriləcək. Həmçinin forum çərçivəsində “Startap Xiyabanı”nda xarici texnoloji startaplar və Qazaxıstanın 100-dək startapı öz innovativ həllərini nümayiş etdirəcək.
Beş il ardıcıl olaraq İT ictimaiyyətinin xüsusi diqqətini cəlb edən və geniş ictimaiyyət arasında maraq doğuran forumun maraqlı hadisəsi “Astana Hub Battle” - ən yaxşı İT startaplarının ən böyük yarışıdır. Bu il yarışın mükafat fondu 4 dəfə artırılıb. Qaliblər üç kateqoriya üzrə mükafatlandırılacaqlar – “Best Social Impact”, “The Most Innovative”, “Exponential Growth”. Mükafat fondu isə 75 min ABŞ dollarına qədər artırılıb ki, bunun da hər nominasiya üzrə 25 min ABŞ dolları təşkil edəcək. “Digital Bridge 2023” çərçivəsində “Astana Hub Battle”da iştirak üçün müraciətlər sentyabrın 20-dək digitalbridge.kz saytında qəbul ediləcək.
İlkin seçim mərhələsindən sonra seçilmiş 100 ən rəqabətədayanıqlı layihə münsiflər heyətinə təqdim olunacaq. Onlar forumun ilk günündə yarımfinalda bir dəqiqəlik təqdimatla çıxış etmək imkanı əldə edəcəklər. Münsiflər heyəti forumun ikinci günündə baş tutacaq finalda ən yaxşı adı uğrunda mübarizə aparacaq 10 startapı seçəcək.
Xatırladaq ki, “Digital Bridge” beynəlxalq texnologiya forumu 2018-ci ildən etibarən hər il Astanada keçirilir. Rəqəmsal Körpünün təşkilatçıları Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub beynəlxalq texnoparkıdır. 2022-ci ildə keçirilmiş “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” MMC və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 23-də açacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr repertuarını açıqlayıb. Teatr builki 96-cı mövsümünü ayın 23-də səhər və axşam tamaşaları ilə açacaq.
Saat 12.00-də Kiplinqin “Mauqli”, saat 19.00-da isə İlqar Fəhminin “Balaca kişilər” tamaşaları nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş, İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında tamaşaya qoyulmuş eyni adlı tamaşanın premyerası 95-ci mövsümdə reallaşıb.
“Balaca kişilər” teatrın ən çox rəy alan və ən çox bəyənilən tamaşaları sırasında yer tutur.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Opera və Balet Teatrı mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açacaq
Sentyabrın 25-də Azərbaycan Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını təqdim edəcək.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Atəş Qarayev (Əsgər), Fatimə Cəfərzadə (Gülçöhrə), Xalq artisti Gülyaz Məmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asiya), Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa edəcəklər.
Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.
Biletləri Mərkəzləşdirilmiş və "ASAN xidmət"in kassalarından və Itıcket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, “Arşın mal alan” 1913-cü il oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulub. O, həm də librettonun müəllifidir.
Səhnə əsəri dünyanın bir sıra ölkələrində – ABŞ, Fransa, İngiltərə, Almaniya, Türkiyə, İran, Misir, Polşa, Çin, Bolqarıstan, Rusiya və digər ölkələrdə nümayiş edilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan” 1997-ci ilin sentyabrında Əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərəfindən səhnəyə qoyulub.
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)
Nədir axı sevgi?
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ulduz Qasim İmanovanın yaradıcılığından bir nümunəni diqqətinizə çatdırır.
Sevgi hansısa əyləncə deyil, keçiçi həvəs də deyil. Kimdənsə xoşlanmaq da deyil. Belə hissləri sevgi adlandırmayın. Sevgi dözüm və səbir istəyən, əziyyətə qatlaşan və mübarizə tələb edən bir hissdir.
Hər insan sevə bilməz. Sevmək çirkini də gözəl gözlə görməkdi. Onu qəlbinin ən dərinliklərində qoruyub saxlamaqdı. İncə və şüşə kimidi. Onu qırmamaq, itirməmək üçün çox ehtiyyatlı olmalısan. Üstündə əsməlisən. Ona çatmaq üçün qarlı, çovğunlu dağlar aşmalısan. Susuz səhralar, dənizlər, çaylar keçməlisən... Yorulub, yolda qalanları sevməz o hiss. O canlıdı, o ancaq yaşatmağı, yaşamağı sevir.
Qışda qarları əridir, hər yeri yamyaşıl edir. Çiçəklər açır hər yerdə. Tək bahar fəsli olur həyatında. Qurumuş ağaclar cana gəlir. Yarpaqlayır, çiçək açır. Dərmanı tapılmayan xəstələr sevgiylə sağalır.
Sevgi mövcuzələr yaradır. Əgər belə deyilsə kimsəyə “sevirəm” demə. Deyib qəlbini qırma, incitmə, yaralama. Yarı yolda qoyub qaçma...
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)


