Super User

Super User

 

Bakıda sentyabrın 7-dən 11-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub. 

Bütün seçilmiş filmlərə beynəlxalq və uşaq münsiflər heyəti baxacaq, qaliblər festivalın açılış və bağlanış mərasimlərində elan olunacaq.

Builki festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan başqa, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.

Xatırladaq ki, builki festival “İqlim dəyişikliyi” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Bilet satışı ilə bağlı məlumat tezliklə elan olunacaq.

 

 

Oktyabrın 7-də Heydər Əliyev Sarayında “Ləzginka havası” adlı konsert proqramı təşkil olunacaq, konsertdə ləzgi xalq mahnıları səslədiriləcək, ləzgi instrumental rəqs ansambllarının təqdimatında rəngarəng rəqs nömrələri ifa olunacaq.

 

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olan filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, filmin İsrail tərəfdən prodüseri hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan tanınmış diaspor fəalı və şair Şaul Siman-Tovdur. 

 

AzərTAC xəbər verir ki, filmin çəkilişləri Azərbaycanda və İsraildə aparılacaq. Film Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi haqqındadır. Rüfət Əsədovun dağ yəhudilərindən bəhs edən budəfəki ekran əsərinin qəhrəmanı İsraildə yaşayan, əslən Oğuz rayonundan olan həmvətənimiz ravvin Şmuel Simantovdur. Filmdə Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi, həyat tərzi Şmuel Simantovun dilndən nəql edilir. 

Qeyd edək ki, ravvin Şmuel Simantov illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır. 

Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri ilə bağlı altıncı filmidir ( “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, “Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam, Yerusəlim”, “Kənddə sonuncu yəhudi. 9 il sonra”).

Yay istirahət mövsümüdür, istirahət məkanını seçəndə isə təbii ki, insanların bəziləri ən qənaətcilinə, bəziləri ən lyuksuna üstünlük verir. Bu zaman köməyimizə ayrı-ayrı reytinqlər yetişir. 

 

Bodrumun ən dəbdəbəli hotellərindən biri olan, Torba rayonunda yerləşən, mövsümdə azərbaycanca danışıqları əsla əskilməyən "Rixos Premium Bodrum" oteli dünyanın ən dəbdəbəli hotelləri sırasında 2 mükafata layiq görülüb.

“Ədəbiyyat və incəsənət” Türkiyə mediasına istinadən xəbər verir ki,  hotel "International Travel Awards" tədbirində qonaqlara təqdim etdiyi yenilənmiş konsepsiyası və tətil təcrübəsi ilə dünyanın "Ən yaxşı 5 Ulduzlu Lüks Resort"u mükafatını alıb.

Müasir dizaynlı arxitekturası və təmirli villaları ilə seçilən hotel həm də "Ən Yaxşı Dizayn Hoteli" kateqoriyasında Türkiyənin ən yaxşısı olub.

 

 

Gətmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı...

 

Sən dəniz qoynuna tullanmış çiçək,

Üstünə dalğalar atılacaqdır.

Saxta məhəbbətin saxta sənədtək

Nə vaxtsa üstündə tutulacaqdır.

 

Döşənib yollartək ayaqlarına

Sənə yalvarımmı?... bu mümkün deyil!

Qoymaram qəlbimtək vüqarım sına,

Alçalıb yaşamaq ömür-gün deyil.

 

Demirəm sən uca bir dağsan, əyil,

Demirəm qalıbdır əlacım sənə.

Nə səndə məhəbbət qara pul deyil,

Nə mən dilənçiyəm əl açım sənə...

 

Getmək istəyirsən... O yol, o da sən...

Bir cüt göz baxacaq arxanca sənin.

Getdinmi... Nə vaxtsa dönmək istəsən,

Tikanlı yastığa dönəcək yerin.

 

Getmək istəyirsən... Nə danış, nə din!

Yox ol uzaqlartək dumanda, çəndə...

Nəyimi sevmişdin? Deyə bilmədin,

İndisə yüz eyib görürsən məndə.

 

Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı...

 

Təbii ki, payız kinonun oyanışı fəslidir. Daha bir mötəbər tədbirə Türkiyə evsahibliyi edəcək. Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan və bu il 10 yaşını qeyd edən Beynəlxalq Boğaziçi Film Festivalına oktyabrın 21-də start veriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Anadolu agentliyinə istinadla xəbər verir ki, festival oktyabrın 21-dan oktyabrın 28-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Festivalda baş mükafat olaraq “Ən yaxşı film”ə layiq görülən “Qızıl delfin” ilə yanaşı, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı operator işi” və “Ən yaxşı montaj” nominasiyaları üzrə mükafatlar təqdim edilcəcək.

Müsabiqəyə sənəd qəbulu üçün son tarix sentyabrın 23-ü müəyyən edilib.

Azərbaycan kinosu da festivalda təmsil olunacaq.

 

İstedadlı gənc dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq" monopyesi qardaş Türkiyədə "Salihli Sardes 7 Uluslararası DİONYSOS TİYATRO ŞENLİĞİ ve TİYATRO EĞİTİM KAMPI"nda nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa açıq havada - antik səhnədə tamaşıçılara təqdim edilib. 

Tamaşanın rejissoru Rasim Aşın, baş rolun ifaçısı Hatice Görçekdir.  

Ülviyyə xanımı təbrik edirik!

 

Azərbaycan Milli Elmlər Akademiyasına  (AMEA) sehirli bir çubuğun işarəsi ilə media hücuma keçdikdən sonra bunun heç də təsadüfi bir hücum olmaması öz təsdiqini tapıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, budur, AMEA-nın birdən-birə üç qurumu- Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmanda yer alıb.

 

Fotolar Milli Azərbaycan Tarixi Muzeyindəndir.

Cümə axşamı, 28 İyul 2022 18:21

Nazir məşhur rejissorla görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dünya şöhrətli rejissor və prodüser Timur Bekmambetovu qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.

 Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə

ADİL İSGƏNDƏROVun (1910-1978) xatirələrini təqdim edəcəyik. 

 

***

“Əhməd haradadır” filminin çəkilişləri gedirdi. O ərəfədə Musiqili Komediya teatrına Lütvəli Abdullayevin dəvəti ilə səhnəciklərdən ibarət komik parçalara baxmağa getmişdim. Səhnəciklərdə Bəşir Səfəroğlu bir-neçə sərxoş obrazı oynayırdı. Düzü, çox bəyəndim. Tamaşdan sonra səhnə arxasına keçib aktyor dostlarımı təbrik etdim. Üzümü Bəşirə tutub:

– Sabah Lütvəli ilə bir yerdə çəkilişə gələrsən, – dedim.

Bəşir də, Lütvəli də çaşıb qaldı. Bəşir:

– Hara gəlim, Adil müəllim? – deyib, xəbər aldı.

– Lütfəli hara gəlmək lazım olduğunu sənə başa salar, -dedim.

Ertəsi gün kostyumerə tapşırdım ki, Bəşirin əyninə bir ağ pencək, ağ köynək, şlyapa və qara şalvar götürsünlər.

Bəşiri “Əhməd haradadır?” filmində epizodik sərxoş roluna çəkdim. Həmin obraz ssenaridə yox idi, sadəcə, Bəşirin koloritli aktyor olmağı, istedadı kiçik bir epizodla bu filmə əlavə rəng qatdı.

***

Bir gün kinostudiyada işləyim vaxtlar idi. Həyətdə gəzişirdim. Birdən bizim orta yaşlı, amma avara aktyorlardan biri mənə yaxınlaşdı. O qədər içmişdi ki, ayaq üstə güclə dura bilirdi. Ailəsindən təzə ayrılmışdı.

Dedi:

– Adil müəllim, mənə təcili 150 manat verməsəz özümü də öldürəcəyəm, iki uşağımı da.

Əl atdım cibimə, cəmi 100 manat pulum var idi.

– Al götür, cəmi 100 manatım var, – deyib, pulu ona uzatdım.

Adam əlini geri çəkdi.

– Yox, nə danışırsız, Adil müəllim, mənə 150 manat lazımdır.

Başımı bulayıb:

– Sən belə elə də, – dedim, – özünü öldür, uşaqlarla işin olmasın. 100 manatı apar uşaqlara ver.

Adam bir də gözümə görünmədi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.