
Super User
Mədəni irsimiz olan qurama beynəlxalq səviyyədə nümayiş olunub
Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan dekorativ sənət nümunəsi qurama “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ölkəmizin hüdudlarından kənarda beynəlxalq səviyyədə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, avqustun 22-28-də Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı konfransında ölkəmizi təmsil edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış edib.
O, son dövrlərdə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi, dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrdən, o cümlədən “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda yaradılan Qurama Mərkəzindən, bu il respublikamızda ilk dəfə keçirilən Milli Qurama Festivalından bəhs edib.
“Mən sükutu necə tərcümə etməyi indi öyrəndim” - Jennifer Rathbun-un şeirləri
“Ədəbiyyat və incəsənət” portalı ispan əsilli ABŞ şairəsi Cenifer Rasbunun şeirlərini oxucularına təqdim edir. Anın və əbədiyyətin qarşılıqlı çarpışması, yaşam və ölüm təzadları Cenifer şeirinin əsas leytmotivini təşkil edir. Şeirləri dilimizə Ümid Nəccari tərcümə etmişdir.
Cenifer Rasbun (Jennifer Rathbun) - şair və tərcüməçi, ispan dilinin professoru və İndiana ştatının Ball Dövlət Universitetində Müasir Dillər və Klassiklər Departamentinin sədridir. O, Arizona Universitetində Müasir Latın Amerika Ədəbiyyatı üzrə təhsil alıb. Rasbun, Alberto Blanco və Minerva Margarita Villarreal kimi ispan müəlliflərin və çoxsaylı şeir kitablarının tərcüməçisi, iki poeziya antologiyasının redaktoru və “El libro de traiciones” (Xəyanətlər Kitabı-2021) poeziya toplusunun müəllifidir. Rasbun Amerika Şairlər Akademiyası tərəfindən 2021-ci il Ambroggio mükafatına layiq görülüb. O, Amerika Ədəbi Tərcüməçilər Assosiasiyasının (ALTA) üzvüdür və Ashland Poetry Press-in köməkçi redaktorudur.
Malintzin
Həyat ölçüsündə
Hamınız rənglərə boyanmısınız
Qəsrin günbəzi,
qırmızı qumaşla bəzədilmiş,
sənin səsinin dərisi,
İspanyalı Nahuatl Maya
yeni bir irqin doğulması ilə
tarixi əbədi olaraq qeyd edir.
Mavi gözlər Amerikaya açılır
sənin iyirmi beş illiyin
kral şahzadəsi olsun, ya da qul
-Həqiqətən fərqi yoxdur-
cəsur tərcüməçi
yeni dilin anası
indi sevdiyimdir!
Ayın məbədi
Bu yanar dildən paltar geyinin
Bakirə olaraq məbəddə
mən ilahiliyimi sizə bağışlayacağam.
Qurbanlıq
Geyinmiş
İşıqda
və ulduzlarla parlayır
mən tək-tənha gözləyirəm
daş qurbangahda
sevgidən
bilməməkdən
əgər Günəş
məni alacaqsa
ürək isə...
Obisidian - qara daşdan
Bıçaq....
Tənhalıq
Dodaqlarınız şəkər tozu kimi deyil
və ya təzə kəsilmiş manqo.
Çili tikələri səpilib dodaqlarınıza.
Nəfəsinizdə qırmızı şərabın işarəsi,
ocaq üstdə isti çörək də yoxdur...
Heç bir xatirə şirinləşdirə bilməz
yeməyin acı dadını...
Bazar günü səhər yeməyi tək.
Sükutu tərcümə edin
Evdə olarkən
Bu köhnə dörd künc içində
gips divarlar və taxta döşəmələr
Mendelson zəng edir
salonlar, nəfəs və solo musiqi səs-səsə verir
yüksəlir ürək döyüntüsü.
Barmaqlar klaviatura üzərində rəqs edir.
Qızıl rəngi ilə melodiyalar əhatə olunub,
hər bir söz tərcümə olunub,
salon sənin yoxluğunda əks-səda verir
Mən sükutu necə tərcümə etməyi indi öyrəndim.
Mədəniyyət naziri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov avqustun 25-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qonağı salamlayan Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin yüksək templə inkişaf etdiyini və bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistanın otuzillik işğalından azad edildiyini qeyd edən Anar Kərimov Mədəniyyət Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında Dünya Bankı ilə birgə müştərək layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası haqqında məlumat verən nazir deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. Bu çağırış həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır. O, Dünya Bankının bu qlobal kampaniyaya dəstək verməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Dünya Bankının mədəniyyətin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsində hər zaman hazır olduğunu qeyd edib.
Sara Maykl "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasının həyata keçirilməsini yüksək qiymətləndirib və Dünya Bankının da bu təşəbbüsə qoşulmaqda maraqlı olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Nazir Anar Kərimov Tamara Sinyavskayaya “Şərəf” ordenini təqdim edib
Xatirinizdədirsə, Azərbaycan Respublikası Prezidenti 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdı. .
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 26 avqust tarixində mədəniyyət naziri Anar Kərimov böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya ordeni təqdim edib. Nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.
Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.
Kerri bacı dahimi idi? – Drayzerin doğum gününə
Bu günlərdə sosioloji sorğular bəşər tarixində ən çox iz qoymuş yazıçıları müəyyənləşdirməyə yönəlmişdi, ilk sıralarda dahi amerikalı yazıçı Teodor Drayzerin də adına rast gəldik. Bu gün onun anadan olmasının növbəti – 51-ci ildönümüdür. “Ədəbiyyat və incəsənət” portal yazıçının tərcümeyi halı ilə sizləri tanış edir.
Teodor Drayzer 1871-ci il avqust ayının 27-də İndiana ştatının Teppe-Xot şəhərində anadan olmuşdur. 1886-1891-ci illərdə Çikaqoda çalışmışdır, 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoymuş, 1892-1894- cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi ədəbi fəaliyyətə başlamışdır. 1894-cü ildə Nyu-Yorka köçmüş və burada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışmışdır. Sonra sifarişlə “Metropoliten”, “Harpers”, “Kosmopoliten” əsərlərini yazmışdır. İlk oçerk və hekayələri 1897-ci ildə çap olunmuşdur. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı”, 1911- ci ildə “Cenni Herhardt” romanlarında sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdir. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında Amerika inhisarçı kapitalizmi ifşa olunmuş, 1915-ci ildə yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilmişdir. 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başlayır. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil edir.
1927-ci ildə dəvətlə SSRİ-yə gəlmiş, 1928-ci ildə “Drayzer Rusiyaya baxır” kitabını yazmışdır. Həmin vaxtdan fəhlə sinifinin mübarizəsinə qoşulmuş, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratmışdır. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmamışdır. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etmişdir. Drayzer faşizm əleyhinə mübarizədə iştirak etmiş, 1945-ci ildə ABŞ Kommunist Partiyasına daxil olmuşdur.
Ünlü yazar 1945-ci il dekabr ayının 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.
Az.TV-nin ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr etdiyi iki yeni film dünən nümayiş olunub
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə bağlı hazırladığı iki yeni film dünən televiziyanın efirində nümayiş olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mehriban xanım Əliyevaya həsr olunan “Humanist missiya” sənədli fiımi saat 21.30-da efirə gedib. AzTV-nin Avropa təmsilçisi Elzar Ağayevin hazırladığı sənədli filmdə bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondu İtaliya və Fransada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələrin bərpasına dəstək göstərib. Roma və Strasburqda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir. Həmin layihələr Azərbaycan-Vatikan əlaqələrinin inkişafında da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq dinlər və mədəniyyətlər arasında platformaya mühüm töhfələr verir, Azərbaycanın bu sahədəki fəaliyyəti üçün böyük önəm daşıyır. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsini bərpa edib. Həmçinin Fondun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Müqəddəs Sebastian Bazilikasında yeni muzey yaradılıb və sarkofaqlar restavrasiya edilərək həmin muzeydə qorunur. Hazırda isə Müqəddəs Komodilya katakombalarının bərpası işləri həyata keçirilir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Kinoproqramlar və Dublyaj redaksiyası da birinci xanım Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film hazırlayıb. Birinci vitse-prezidentə həsr olunmuş film “Bir anın qəhrəmanı” adlanır.
Sözügedən filmdə müxtəlif illərdə Mehriban xanım Əliyeva ilə görüşən şəxslər öz təəssüratlarını bölüşür.
Qəhrəmanlar içərisində “Ümid yeri” uşaq sığınacağının sakinləri, qocalar evində məskunlaşmış ahıllar, Azərbaycanı beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edən güləşçi Mariya Stadnik, Mehriban xanımın evində qonaq olduğu Kürdəxanı qəsəbə sakini, şəhid ailəsi, Vətən müharibəsi qazisi və digərləri var.
“Bir anın qəhrəmanı” filmi isə dünən saat 17:40-da AzTV-də yayımlanıb.
Qeyd edək ki, filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissor Vasif Məmmədzadə, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.
Bu gün və sabah Bakıda bluz gecəsi keçiriləcək
Avqustun 26-27-də “27qm-Tarana's small gallery and cafe”də Bluz gecəsi keçiriləcək.
Gecədə Natiq Kamilov öz stratokasterində bluz dünyasının populyar mahnılarını ifa edəcək.
Həmin gün bluz həvəskarları kiçik qalereyada səslənəcək musiqidən həzz ala biləcəklər.
Yusif Məmmədəliyev, Heydər Hüseynov, Səməd Vurğun, İsa Həbibbəyli...
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranması günüdür
1921-ci il avqust ayının 26-da xalqımızın böyük maarifpərvər oğlu, görkəmli dövlət xadimi, məşhur yazıçı Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılmışdır. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olmuşdur. ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olmuşdur. Bu illər ərzində ADPU böyük və şərəfli inkişaf yolu keçərək zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmışdır.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, ADPU respublikamızda yüksəkixtisaslı pe-daqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərmişdir. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Hazırda universitet öz şərəfli və müqəddəs missiyasını uğurla yerine yetirir. Eyni zamanda fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamışdır. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali təhsil müəssisəsinin nüfuzunun daha geniş miqyasda artmasında, yüksəlməsində mühüm rol oynamışlar. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü– Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.
Universitetin məzunları bu gün respublikamızın müxtəlif ali məktəblərində, elmi-tədqiqat institutlarında, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında, həmçinin dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində uğurla fəaliyyət göstərirlər. ADPU-nun bölgələrdə 5 filialı var. Xüsusən Quba filialının məqsədyönlü fəaliyyətini diqqətə çəkmək olar. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir.
ADPU-də indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlanmışdır. Hazırda universitetdə Filologiya, Tarix və Coğrafiya, Riyaziyyat və İnformatika, Kimya və Biologiya, Fizika və Texnologiya, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə və ÇQH, İbtidai təhsil, Məktəbəqədər təhsil, Psixoloji Xidmət və Korreksiyaedici təlim ixtisasları üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 12 fakültə və 55 kafedra fəaliyyət göstərir. Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru və professor, 329 nəfəri isə fəlsəfə doktoru və dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının 4 nəfər üzvü fəaliyyət göstərir. Hazırda universitetin əyani və qiyabi şöbələrində 21 minədək tələbə təhsil alır.
ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Məzunlara Təhsil Nazirliyinin təqdim etdiyi təhsil işçilərinə tələbat bölgüsü əsasında təyinat verilir.
Doğum günün mübarək, ADPU!
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunmuşdur. Və şübhəsiz ki, Azərbaycan muğamı gününün məhz 26 avqusta təyin edilməsi Azərbaycan muğamının yorulmaz təbliğatçısı olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu gün doğum günü olması ilə əlaqəlidir.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, Muğam Azərbaycanın qədim musiqisi olub, 1975-ci ildə YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilmişdir. Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzillik lərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynamışdır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə, dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər.
Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil etmişdir. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənmişdir. Bütün bunlarla yanaşı muğamlarımız təkcə Yer kürəsi sakinlərini deyil, həm də göy cisimlərini özünə cəlb etmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərmişdir. Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb etmişdir.
Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. YUNESKO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir. Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçılara təqdim edirlər.
Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır!
Günün fotosu: Almaniyada mühacirlərə müharibə elan edilib
Günün fotosu: Almaniyada mühacirlərə müharibə elan edilib
Bir neçə gündür ki, Almaniyanın Rostok şəhərində məskunlaşmış mühacirlərə qarşı zorakılıq halları müşahidə edilir. Hadisələr bu gün də səngiməyib.
Almanlar iqtisadi böhranın, inflyasiyanın gəlmələrə görə baş verdiyini iddia edirlər.
Foto: Euronews