
Super User
Arada sevgi yoxdursa, illərinizi dəmir barmaqlıqlar arasında keçirə bilərsiniz
Yevlaxda 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlandığı gündəmə gəldi. Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olundu. Etiraf edək ki, son zamanlar Azərbaycanda erkən nikahın böyük bir problemə çevrilməsi ilə yanaşı, digər hallarda da qızlar qaçırılaraq evlənməyə məcbur edilir.
Mütəxəsislərin fikirncə, qadının razılığı olmadan qaçırılması Cinayət Məcəlləsinin 144-cü (“Adam oğurluğu”) maddəsi ilə tənzimlənir. Hüquqşünas Ramil Süleymanov bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə görə, adam oğurluğu normal şərtlər altında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Burada bir məsələ var ki, əgər evlənmək niyyəti ilə kimisə qaçırırsansa, qızın qaçırılması ilə bağlı valideynləri şikayət edirsə, təbii ki, bununla bağlı fakt üzrə araşdırma başlayır. Tutaq ki, qız da tapıldı və oğurlayan adam da tapıldı. Burada artıq birbaşa cinayətə məruz qalan şəxs qadının özü olduğu üçün ondan soruşulur ki, filankəsin səni qaçırması ilə bağlı hər hansı şikayətin varmı? Qız desə ki, var, o zaman onun ərizəsi alınır və zərərçəkmiş şəxs qismində tanınır. Nəticə etibarilə həmin əmələ 144.1-ci maddə ilə cinayət işi başlanılır, hüquqi qiymət verilir”,– deyən hüquqşünas bildirib ki, onun da sanksiyası Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə görə 5 ildən 10 ilə qədərdir.
Ancaq qaçırılan qadının heç bir şikayəti və tələbi olmursa, o özü qaçdığını etiraf edirsə, belə olan təqdirdə, fakt üzrə başlanılmış material xitam olunur.
“Bu gün onsuz da biz erkən nikah ilə bağlı həyəcan təbili çalırıq və deyirik ki, Azərbaycan Respublikasında çoxlu erkən nikahlar var. Bir çox hallarda yetkinlik yaşlarına çatmayan şəxslər məcburi şəkildə evləndirilir və ya qaçırdılaraq ailə qurmağa məcbur edilir.
Belə olan təqdirdə, həmin cinayəti törətmiş şəxslərin əməlinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Tutaq ki, məsələn, hər hansı bir şəxs gedib hər hansı bir qadını oğurlayır. Sonra əməlindən peşman olur və gətirib qaytarır. Belə olan təqdirdə, əgər həmin şəxsin əməlində başqa cinayət tərkibi yoxdursa, həmin şəxs məsuliyyətə cəlb olunmur”,– deyə hüquqşünas bildirir. Yəni qız qaçıran və ya bunu planlaşdıran hər kəs onu gözləyən cəza barədə də öncədən məlumatlı olmağa çalışmalıdır: “Əgər arada sevgi, istək yoxdursa və qız zorla qaçırılırsa, buna görə illərinizi barmaqlıqlar arxasında keçirə bilərsiniz”.
İlahin Zaman
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Bütün dünyanı güldürən Çarli Çaplindən möhtəşəm çıxış...
Bütün dünyanı güldürən kədərli adamın sevgi fəlsəfəsi bəziləri üçün keşməkeşli həyat yolunda bələdçi rolunu oynayır, bir qrup üçünsə əksinə, katalizator ola bilər. Dahi aktyorun 70 illik yubileyində səsləndirdiyi fikirlərini manifest də adlandırmaq olar.
Görkəmli aktyor, istedadlı ssenarist, bəstəkar, rejissor və on iki uşaq atası olan Çarli Çaplinin zəngin çıxışını oxumağa dəyər.
Dahi aktyorun fəlsəfəsinə görə, insan hamıdan birinci özünü sevməli və inanmalıdır.
Bu gün artıq bilirəm ki, "Özün olmaq" nə deməkdir.
Özümü sevməyə başlayandan sonra anladım ki, darıxmaq və tənhalıq öz həqiqətimə qarşıya-qarşıya olduğuma dair xəbərdarlıq siqnallarıdır.
Özümü sevəndən sonra anladım ki, hazır olmayan insanın boynuna arzularını həyata keçirmək üçün müəyyən vaxt məhdudiyyəti qoymaqla, onu nə qədər incidirik. Və bu insan elə mən özüməm.
Bu gün mən buna "Özünə hörmət" deyirəm.
Özümü sevəndən sonra başqası olmaq arzusundan əl çəkdim və gördüm ki, məni əhatə edən həyat böyümək üçün hər cür fürsət verir.
Bu gün mən buna "Yetkinlik" deyirəm.
Özümü sevəndən sonra anladım ki, şəraitdən asılı olmayaraq, doğru zamandayam, doğru yerdəyəm və hər şey doğru anda baş verir. Mən həmişə sakit ola bilirəm.
İndi buna "Özgüvən" deyirəm.
Özümü sevməyə başlayandan sonra öz vaxtımı oğurlamağa və böyük layihələr barədə xəyal qurmağa son qoydum. Bu gün yalnız mənə sevinc bəxş edən və xoşbəxt edən, sevdiyim və ürəyimi güldürən şeyləri edirəm. Mən bunu istədiyim kimi və öz sürətimlə edirəm.
Bu gün mən buna "Sadəlik" deyirəm.
Özümü sevəndən sonra, mənə ziyan olan şeylər - qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Və mən bunu sağlam eqo adlandırdım.
Bu gün mən buna "Özünü sev" deyirəm.
Özümü sevəndən sonra daha həmişə haqlı olmağa çalışmadım. Bundan sonra daha az səhv etməyə başladım.
Bu gün başa düşdüm ki, bu, "Təvazökarlıq"dır.
Özümü sevəndən sonra keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissindən uzaqlaşdım.
Bu gün mən anla yaşayıram və buna "Məmnuniyyət" deyirəm.
Özümü sevəndən sonra anladım ki, ağlım mənə müdaxilə edə bilər, hətta məni xəstələndirə bilər. Amma onu ürəyimlə birləşdirdiyim üçün o, dərhal dəyərli müttəfiqimə çevrildi.
Bu gün bilirəm ki, buna "Müdrüklik" deyilir.
Aramızda baş verən mübahisələrdən, qarşıdurmalardan anlaşılmazlıqlar və sairdən qorxmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır.
Bu gün bilirəm ki, buna - HƏYAT deyilir...
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Azərbaycan və Moldova arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzərTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
"Sıfırıncı gün" serialının yayım tarixi bəlli olub.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, baş rollarını Engin Öztürk, Aybüke Pusat, Berk Cankat, Damla Colbay, Yiğit Özşener, Sarp Akkaya, Uğur Uzunel, Naz Çağla Irmakın payladığı ekran işinin ilk bölümü dekabrın 28-də yayımlanacaq.
Qeyd edək ki, ekran işi "Tv8" kanalında işıq üzü görəcək.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Dünyaca məşhur repçi Dreyk maraqlı addımı ilə gündəmə gəlib.
Ən çox oxunan: “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, sənətçi uğursuz alınan münasibətlərindən saxladığı 42 brilyant nişan üzüklərindən boyunbağı hazırlatdırıb.
Zinət əşyasını hazırlayan Aleks Moss boyunbağıya "Əvvəlki nişanlar" adını verdiklərini açıqlayıb.
351 əyyardan hazırlanan boyunbağı ağ qızılla örtülüb. Onun dəyəri isə 12.5 milyon dollardır (təxminən 21 milyon 250 min manat).
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
“Qarabağın dünəni, bu günü, sabahı” layihəsində Şuşa sənətkarlığı
Azərbaycan İstiqlal Muzeyi tərəfindən "Şuşa İli" çərçivəsində həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihənin növbəti təqdimatı Şuşanın sənətkarlığına həsr olunub.
Sözügedən təqdimatda şəhərin sənətkarlıq həyatı haqqında ətraflı məlumat verilir.
Şuşa Azərbaycan sənətkarlığının müxtəlif sahələrinin daha çox inkişaf etmiş şəhərlərindən biri idi.
Şuşada sənətkarlığın mühüm növlərindən biri də daşişləmə sənəti olmuşdur. Sənətkarlar daşdan müxtəlif məmulatlar (hörgü daşı, tac və sütun daşı, bəzək daşı, künc və zeh daşı, tavan daşı, minarə və günbəz üçün daş və sair) hazırlayırdılar. Şuşada istehsal olunmuş daşlar İran bazarında çox yüksək alıcılıq qabiliyyətinə malik idi. Azərbaycanda sənətkarlıq məhsulları istehsalının mühüm sahələrindən biri olan metalişləmə sənəti Şuşada da inkişaf etmişdi. Burada silahsızlıq, dəmirçilik, misgərlik və zərgərlik kimi sahələrlə məşğul olan sənətkarlar çalışırdılar.
Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olmuşdur. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər. Qızıl və gümüşdən hazırlanmış məmulatlar (üzük, sırğa, boyunbağı, bilərzik, toqqa və sair) xarici bazarlara baha qiymətə satılırdı. Şuşa zərgərləri özlərinin gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə tanıtmışlar.
Papaqçılıq Şuşa sənətkarlarının qədim sənəti olmaqla, XX yüzillik boyu da davam etmişdir. “Girvənkə”, “Qarabağı”, “Dairəvi”, “Buxara”, “Şirazi” papaqları həm Azərbaycanın müxtəlif bazarlarında, həm də Şərq ölkələrində satılırdı.
Şuşa həm də gön-dəri məmulatı istehsalı mərkəzlərindən biri hesab olunurdu. Gön-dəri aşılayanlar (dabbağlar) öz emalatxanalarını (dabbağxanasını) şəhərin kənar hissəsində axar su üzərində qururdular.
Şuşada keçəçilik də inkişaf etmişdi. Məişətdə çox böyük əhəmiyyət kəsb edən keçə məmulatları Şuşada lazımi səviyyədə istehsal olunur və yerli əhalinin tələbatını tamamilə ödəyirdi.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
“TEAS press” roman müsabiqəsinin qaliblərini elan edib
“TEAS Press” nəşriyyat evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Gənclərin roman müsabiqəsi”nin yekun nəticələri açıqlanıb. Yeddi ay davam edən üçmərhələli seçim prosesinin yekunlarına əsasən 3 gənc yazıçı qalib olub.
Yayın evinin yaydığı məlumata görə, birinci yerə “Gecənin ən qaranlıq anı” romanı ilə Əşrəf Əşrəfov, ikinci yerə “Nikolas Bonnet – Şərqə aparan hekayə” əsəri ilə Seymur Həmzəyev, üçüncü yerə isə “Xanədan” romanı ilə Pərvin İsmayılov layiq görülüb.
Qaliblərə pul mükafatı təqdim olunub. Birinci yerin sahibinin əsərinin “TEAS Press” nəşriyyat evi tərəfindən nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsədi ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni istedadların və imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etməkdir. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
“Milli klassika” festivalının yekunları - orijinal final
“Milli klassika” festivalı başa çatıb. Bağlanış mərasimi Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilib.
Gecənin aparıcısı Xalq artisti Hacı İsmayılov iştirakçıları təbrik edib. Belə ki, münsiflər heyəti rəqabəti aradan qaldırmaq üçün festivalda iştirak edən bütün teatrları xüsusi diplomlarla mükafatlandırıb.
Festival çərçivəsində 11 teatr və 1 təhsil ocağı 13 tamaşa göstərib. Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa Lənkəran Dövlət Dram Teatrın aktyorları tərəfindən festival çərçivəsində müsabiqədənkənar oynanılıb.
Qeyd edək ki, dekabrın 11-dən başlayan festival ittifaqın 125 illiyinə həsr olunub. Məqsəd yaradıcılıq prosesinə dəstək olmaq, teatrların mübadiləsini təmin etmək və klassik səhnə nümunələrinə geniş meydan açmaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Kukla Teatrında 27 gündür uzanan qarşıdurmanın səbəbi bəlli olub
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gündür yoxlama aparır. Kukla Teatrında yoxlamanın bu qədər uzanması artıq narahatlıq yaradıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, yoxlama ilə bağlı prosesin nə vaxt yekunlaşacağı barədə məlumatlı deyillər:
“Yoxlama davam edir. Bitməsi və ya hansısa məsələyə görə uzadılması barədə əlavə əmr yoxdur. Təəssüfedici məqam odur ki, yoxlama ilə bağlı əmrin içərisində müddət qeyd olunmamışdı və bu qədər uzanmasını da təsəvvür etmirdik. Yoxlamanın uzanması müəyyən mənada da işimizə əngəl törədir. Amma biz də gözləyirik”.
Teatrdan adının açıqlanmasını istəməyən əməkdaşın mediaya sızdırdığı məlumata görə, Mədəniyyət Nazirliyinin məsul şəxslərinin məqsədi teatrın direktoru Rəşad Əhmədzadəni tutduğu vəzifədən uzaqlaşdırmaqdır. Bütün bu məsələləri bulandıran da nazirlikdə teatr sektorunun müdiri Könül Cəfərovadır. Onun başqa teatrlarla da insidentləri var. Lənkəran Teatrından Tofiq müəllimi, Qax Kukla Teatrından Seymur Vəliyevi də uzaqlaşdırmaq istəyir. Nazirə yanlış məlumatlar verir, teatrların kollektivlərinin adından anonim məktublar təşkil elətdirir.
Bizim teatr haqqında da yanlış rəyi o yaradıb. Rəşad müəllim sözünü deyən, istedadlı adam olduğu üçün Könül xanıma tabe olmayıb, bu da onun xoşuna gəlməyib. Elə bir şərait yaradır ki, teatrlarda ancaq öz adamlarını yerləşdirsin. Amma bu belə getməz, nazir Anar Kərimov həqiqətləri bilməlidir”.
Amma bizim fikrimizsə, heç bir anonim fikir mediaya sızmamalıdır. İnsan öz adını gizlədirsə, demək, dediklərində həqiqət yükü sıfır dərəcəsindədir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb.
Biz qarşı tərəfin də mövqeyini dərc edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Bu gün “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Səhnə quruluşunda marionet kuklaları aktyorlar Fərizə Babayeva, Əli Allahverdiyev, Aysel Bədəlova, Tatiana Terentyeva, Nazim Hüseynov, Nəsrin Vüsal və Hikmət Aydınoğlu idarə edir.
Tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)