
Super User
“Comedy Wildlife Photography Awards-2022” mükafatları təqdim olunub
“Comedy Wildlife Photography Awards 2022” (CWPA) mükafatının əsas qalibi məlum olub. Bu ilin ən gülməli vəhşi təbiət fotosu ağaca çırpılan üç aylıq aslan balasını əks etdirən “O qədər də pişiyə aid olmayan refleks” (“Not so cat-like reflexe”) adlı görüntü olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən məlumat verir.
Fotonun müəllifi Cennifer Hedli fotonu Tanzaniyadakı Serengeti Milli Parkında çəkib. Hedli Keniyadakı “Masai Mara” qoruğuna bir həftəlik safari və əl işi olan unikal kubok qazanıb.
Qeyd edək ki, ümumilikdə bu il müsabiqənin münsiflər heyəti 85 ölkədən təqdim olunmuş 5 000-ə yaxın müraciətə baxıb.
Onu da xatırladaq ki, ötən il müsabiqədə elektrik məftili üzərində oturmuş meymunu həkk edən Ken Censen qalib gəlmişdi.
Müsabiqə isə 2015-ci ildən keçirilir. Məqsəd vəhşi təbiətə diqqət etmək, onu qorumaqdır.
Qapaq fotosunda siz 1-ci yerə layiq görülən fotonu, içəridə isə digər üst yerləri tutan fotoları görürsünüz.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Səttar Bəhlulzadənin 113-ü
Təsviri incəsənət tariximizdə doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmayıb. Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın, Soltan Məhəmmədin, Bəhruz Kəngərlinin adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu rəssamlar öz incə təsvirlərilə insanda təbiətə qarşı böyük məhəbbət hissi yaratmağa qadir olmuşlar. Elə buna görə də onların əsərləri xalqın, qədirbilən tamaşaçıların, oxucuların və dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq əbədi yaşayır, xalqın mənəviyyatında, bədii yaradıcılığında, estetik təkamülündə mühüm rol oynayır. Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaradıb. O, doğma təbiətimizi tərənnüm edən istedadlı mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib.
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 113 il ötür.
Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra o, 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. Lakin ustadı ona qabiliyyətini boyakarlıqda sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb.
Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir. Vətənə qayıdar-qayıtmaz rəssam faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, Azərbaycan rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmirlər. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canlarını fəda etməyə hazır olmuş tarixi şəxsiyyətləri təsvir edib. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda, Vətən torpağına məhəbbət hissi aşılayır. Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənir, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir.
Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər. Səttar Bəhlulzadə təəssürat rəssamıdır. Təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları Səttar Bəhlulzadə yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş”, “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.
Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.
Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq” əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdirib, koloritin dekorativliyinə nail olmuşdur. “Xəzər üzərində axşam” mənzərəsi rəssamın geniş şöhrət qazanmış əsərlərindəndir. Mavi, gümüşü dumanlar arasından göy dənizin səthi üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir.
Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir. Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” mənzərələri birmənalı şəkildə təsdiqlənib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb.
Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar”, “Bağlar arasında”, “Çiçəklənən torpaq”, “Torpağın arzusu”, “Nağıl” və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur.
Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.
Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Elteriş Kutluq-Kağan” kompleksinin beynəlxalq təqdimatı keçirilib
Beynəlxalq Türk Dili Günü çərçivəsində Parisdə “Elteriş Kutluq-Kağan” kompleksinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Parisdə UNESCO-nun mənzil-qərargahında Türkiyə Akademiyası Azərbaycan, Qazaxıstan və Qırğızıstan və Türkiyə Milli komissiyalarının Monqolustanla birlikdə “Nomqon” tədqiqatları nəticəsində aşkarlanmış Elteriş Kutluq-Kağanın şərəfinə ucaldılmış kompleksin və yazılı abidənin təqdimatına həsr edilmiş forum keçirilib.
Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qırğız Respublikası UTC Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreya Ər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi, professor Mahmut Erol Kılıç, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Monqolustan Elmlər Akademiyasının prezidenti Duqer Raqdal, qardaş ölkələrin səfirləri və UNESCO yanında daimi nümayəndələri, eləcə də türk ölkələrindən olan ziyalılar, elm adamları iştirak ediblər. Forum çərçivəsində Kutluq-Kağan şərəfinə kompleksdə aparılan arxeoloji qazıntıların fotoşəkillərindən və oradan tapılan tarixi əşyalardan ibarət sərgi təşkil olunub.
Forumda Türk Akademiyanın prezidenti Şahin Mustafayev bu müəssisənin Monqolustanda gördüyü işlər barədə məlumat verib, Nomqon düzündə bu il kəşf edilən Elteris Kutluq-Kağana həsr olunmuş kompleksdən danışıb. Plenar iclasdan sonra forum “Türk sivilizasiyasının yazılı mədəniyyəti: Elteriş Kutluq-Kağan” və “Qlobal dünyada türk dilləri: qorunma və inkişaf məsələləri” mövzularında bölmə panelləri ilə davam edib. Təqdimat zamanı Nomqon ekspedisiyasının üzvləri A.Enxtor və N.Bazılxan bu kompleks və orada aşkar edilmiş qədim türk yazılı abidəsi haqqında ətraflı danışıblar.
Forumda iştirak edən alimlər Nomqon ekspedisiyası tərəfindən Elteris Kutluq-Kağan kompleksinin aşkar edilməsinin türkşünaslıqda əlamətdar hadisə olduğunu qeyd ediblər. Onlar Türk Akademiyasının xidmətlərini yüksək qiymətləndirərək, əldə edilən kəşfin uzun illər aparılan elmi işlərin nəticəsi olduğunu vurğulayıblar. Xüsusilə kompleksdən tapılan daşlardakı qədim türk, soğd və brahmi yazılarının daha dərindən tədqiqi türk tarixinin yeni səhifələrini açacağı qeyd edilib.
Xatırladaq ki, Türk Akademiyasının Kutluq-Kağana həsr olunmuş tədbiri Ulan-Batorda başlayıb, Astana, Bursa, Bakı, Bişkek, Daşkənd və Budapeşt şəhərlərində davam edib. Növbəti gün isə təqdimat UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Gəncə Dövlət Filarmoniyasının kollektivinin Qırğızıstan uğuru
Qırğızıstanın Karakol şəhərində Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtının estafetinin Sankt-Peterburq şəhərinə ötürülməsinə həsr olunan "Karakol 2022" təntənəli mərasim keçirilib.
Azərbaycan, Qazaxıstan, Rusiya, Belarusiya və Qırğızıstandan olan 50-dən artıq bədii və musiqi kollektivlərinin iştirak etdiyi tədbirdə ölkəmizi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı uğurla təmsil edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. “Karakol 2022 - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” ilinə yekun vuran Karakol şəhərinin meri Ermat Cumayev öz çıxışında son bir il ərzində şəhərdə 20-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirildiyini qeyd edib.
Təntənəli hissədən sonra kollektivlərin hazırladıqları bədii proqram təqdim olunub. Konsertdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı öz rəngarəng proqramını tamaşaçılara təqdim edib. Bəstəkar və xalq mahnılarından ibarət maraqlı proqramla bərabər zəngin Azərbaycan rəqs nümunələri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Tədbirin sonunda Qırğızıstan Prezidentinin İssık-Kul vilayətindəki səlahiyyətli nümayəndəsi Azərbaycan nümayəndə heyətinə fəal iştiraka görə öz dərin minnətdarlığını bildirərək Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə “Təşəkkürnamə” təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Mədəniyyətimizə ağır itki
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış bəstəkar Oqtay Məmmədağa oğlu Rəcəbov ömrünün 81-ci ilində vəfat etmişdir.
Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Bəstəkarın çoxşaxəli yaradıcılığı, əksər musiqi janrlarını əhatə edən əsərləri mədəniyyətimizin xəzinəsini bəzəyən nadir nümunələrdəndir. Qələmindən çıxan simfoniyalar, kamera və vokal-simfonik əsərlər, musiqili-səhnə əsərləri, habelə kinofilmlərə yazdığı musiqi yüksək tamaşaçı rəğbəti qazanmışdır.
Ölkəmizin mədəni irsinin, dəyər və sərvətlərinin, o cümlədən uzun illər ərzində vətənin ən ağrılı dərdi olan torpaqlarımızın, bu yolda canından keçmiş qəhrəmanlarımızın yaddaşlara həkk olunması məqsədilə incəsənətə verdiyi töhfə danılmazdır. Qələmə aldığı “Xocalı avazları”, “Çingiz oratoriyası”, “Xocalı” simfoniyası və digər əsərlər xalqımızın qan yaddaşının mədəni aləmə yansımış təzahürüdür.
Bəstəkarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi əzəmətli “Heydər” oratoriyası, fortepiano üçün “Ulu öndər” əsəri yaradıcılığının ölməz nümunələri kimi daim qəlblərdə yaşayacaqdır.
Oqtay Rəcəbovun əziz xatirəsi musiqisevərlərin yaddaşında daima yaşayacaqdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasının təqdimatı keçirilib
Dekabrın 15-də Səttar Bəhlulzadənin ev-muzeyində “Səttar Bəhlulzadə fotolarda” adlı sərgi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbir görkəmli rəssamın anadan olmasının 113-cü ildönümünə həsr edilib.
Səttar Bəhlulzadənin ev-muzeyinin yaydığı məlumata görə, fotosərgidə böyük rəssamın sənətsevərlərə tanış olmayan, əksəriyyəti ilk dəfə nümayiş olunan, rəssamın ailəsinə məxsus nadir fotoları nümayiş edilir. Fotoların bir qismi Səttar Bəhlulzadənin gənclik dövrünə, Moskvada keçirdiyi tələbəlik illərinə aiddir. Digər fotolarda S.Bəhlulzadə məşhur Meksika rəssamı David Sikeyros, həmkarları Xalq rəssamları Toğrul Nərimanbəyov, Tağı Tağıyev, Kamil Xanlarov, Xalq artisti Gülağa Məmmədov və digər tanınmış şəxsiyyətlərlə birlikdədir.
Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasında görkəmli rəssamın həyat və yaradıcılığı janr və mövzu baxımından sistemli təhlil edilib, onun indiyə qədər araşdırılmadığı gündəliklərindəki məlumatların (mətn və rəsmlər) ilk dəfə olaraq rəssamın rəngkarlıq və qrafik əsərləri ilə müqayisəsi verilib.
Tədbirdə “Səttar Bəhlulzadənin yaradıcılığında Qarabağ” adlı video da nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Xalq artisti Emin Ağalarov Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib
Dekabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini pərəstişkarlarına təqdim edib.
Konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxıb
Musiqidə özünəməxsus dəst-xəti olan Emin Ağalarov dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi dühalardan ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don't cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.
Qeyd edək ki, müğənninin növbəti konserti bu gün də eyni məkanda təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Böyük Azərbaycan şairi Nizami” kitabı Çex oxucularının ixtiyarına verilib
Praqada Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir və şair Nizami Gəncəvinin ədəbi irsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şairin 880 illiyi ilə əlaqədar səfirliyin təşəbbüsü və dəstəyi ilə Çex dilində işıq üzü görən Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Çex Respublikasının Mədəniyyət Nazirliyinin, elm, mədəniyyət və təhsil ocaqlarının nümayəndələri, ölkədə akkreditə olunmuş bir sıra səfirlər və diplomatlar, eləcə də həmvətənlərimiz iştirak ediblər.
Ümumilikdə 100-dək qonağın qatıldığı tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Şair Gəncədə doğulub və bütün ömrünü bu şəhərdə yaşayıb, ərəb və fars dillərini mükəmməl bilib, yunan tarixi və fəlsəfəsi, astronomiya haqqında müfəssəl məlumata malik olub. A.Məmmədov, Nizami Gəncəvinin poemalarının onlarla dilə tərcümə edildiyini, orta əsrlərdən üzü bu yana Şərqin müxtəlif söz ustalarının şairin əsərlərinə oxşar əsərlər yaratdıqlarını bildirib. Şərqin və Avropanın böyük mütəfəkkirlərinin Nizami haqqındakı fikirlərindən sitatlar gətirən sədr onun dünya ədəbiyyatının sönməz günəşi olduğunu vurğulayıb.
Azərbaycan xalqının öz doğma övladının irsinə həmişə hörmətlə yanaşdığını qeyd edən səfir ölkəmizdə Nizaminin adı və irsinin yaşadılması üçün müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi bildirilib.
Səfir “Böyük Azərbaycan şairi Nizami” kitabı vasitəsilə Çexiya oxucularının böyük şairin həyat və yaradıcılığı haqqında daha ətraflı məlumatlarla tanış olacağına, habelə bu kitabın akademik dairələrdə də daha çox araşdırmaları təşviq edəcəyinə ümidvar olduğunu bildirib.
Kitab Azərbaycanda Çex dili üzrə mütəxəssislərdən biri hesab olunan Şəbnəm Əsədova tərəfindən tərcümə edilib. Kitabın redaktoru isə tanınmış dilçi-alim Aleksandra Qonçarenkadır.
Tədbirdə digər çıxış edənlər də dahi Nizaminin Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.
Sonra çexiyalı aktyorlar tərəfindən Nizaminin şeirləri səsləndirilib. Gənc xanəndə Gunay İmamverdiyevanın rəhbərliyi ilə muğam üçlüyü Nizami irsinə müraciət etmiş Azərbaycan bəstəkarlarının əsərlərini, muğam və təsniflərimizi ifa edib.
Tədbirin sonunda kitabın nüsxələri iştirakçılara paylanılıb.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Azərbaycanın turizm potensialı Yaponiyada təbliğ edilir
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, beş yerli tərəfdaşın və ATB-nin əməkdaşlarının iştirak etdiyi seminar təkbətək görüşlərlə başlayıb. Sonra ölkəmizin turizm potensialı və müxtəlif turizm məhsulları iştirakçılara təqdim edilib. Təqdimatlarda ATB, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Paşa Travel, Vahid Azərbaycan Turizm Agentliyi və ENC Tours şirkətlərinin nümayəndələri yapon qonaqlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumat veriblər.
Seminardan sonra Azərbaycan mədəniyyətinin təbliğ edilməsi məqsədilə qala gecəsi təşkil edilib.
Gecədə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb. Qeyd edib ki, ötən dövr ərzində ölkələrimiz həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurub.
Gecədə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yapon turizm şirkətlərinin nümayəndələrini Tokioda salamlamaqdan məmnun olduğunu bildirib. Son iki gündə keçirilən tədbirlərin iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Gecədə dünyaca məşhur pianoçu İsfar Sarabski, o cümlədən tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti Şəhriyar Qəribov öz triosu ilə çıxış ediblər.
Nümayəndə heyətinin Yaponiya səfəri davam edir.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Mədəniyyət naziri Xorvatiyanın səfiri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebici qəbul edib. Görüşdə Xorvatiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında söhbət açılıb.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, nazir Anar Kərimov iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Xorvatiyanın sənət adamları, musiqi kollektivləri arasında birbaşa təmasın yaradılması mədəni əməkdaşlıq üçün vacib əhəmiyyət daşıyır.
Səfir Barnko Zebic qəbul üçün nazirə minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı baxımından uğurlu bir addım olduğunu diqqətə çatdırıb.
Diplomat xorvat şairi və diplomatı Draqo Stambukun Azərbaycan dilində çap olunan “Zefir” şeirlər kitabını Anar Kərimova hədiyyə edib.
Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)