Super User

Super User

Rəsm qalereyası: Rəfael Əsədov, “Köhnə Bakı”

“Ədəbiyyat və incəsənət” portalı Nargisin “Gəlsən gələrdin...” hekayəsini təqdim edir. Hekayə fərqlidir, cəsarətlidir, hətta bir qədər risklidir, onun müzakirələrə və mübahisələrə səbəb olacağı şübhəsizdir. Əsl sənət nüminələri həmişə müzakirə və mübahisələri sevir.

 

-Fa’nın insanlaşması məni niyə qorxudurdu?

Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də  məni özümə gətirə bilməyən bu eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş ilahi? İnsan insanı tanrısayağı sevə bilərdimi?

Eşqi bir neçə yerə bölmüşdüm o zamanlar. Ancaq həmin əlyazmada təsvir olunan tamam başqa şey idi. Burada insanın insana duyduğu tanrısal bağ haqqındakı fikirlər var idi. Fikrimcə bu cür sevmək bacarığını Tanrı çox adamın qəlbinə qoymur. Bunu yaşayan şəxs kitabda bu hisləri dərinliyinə qədər təsvir etmişdi.

-Mən onu bir qəpiksizkən də, dünyanın maddi zənginliyinin içində boğularkən də eyni hislərlə sevirdim. Mən onu görən kimi tanımışdım. Gözləntim  sadəcə məni anlaması və sevməsi idi. Sevdiyini deyirdi də. Beləliklə, illərə yayılan böyük bir sevgi, tutqu ikimizi də qırılmaz bağlarla bir-birimizə bağlamışdı. Həm də necə bağlamışdı. Mən bir-birini tanrısal eşqlə sevən iki nəfəri necə anladım axı sizə? Dodaqlarımı ona toxunduranda Tanrıya toxunur kimi soyunurdum fiziki mənliyimi... Ruhum uçurdu tanımadığım məkanlara...

Hər zaman deyilən o idi ki, insan ki, bir-birinə toxunur, sevişir, artıq bu eşq davam etmir. Hər şey adiləşir... Bəlkə də, insani sevgilərdə elə bu cür də olur. Ancaq bizdə elə deyildi. Bir-birimizə toxunmağımız bu hissi daha da gücləndirirdi. Ey insan oğlu, istəyirsən gül, istəyirsən başla, hazıram, yenə danış öz doğruluq nəzəriyyələrini... Çək silahı vur ürəyimdən, zəhərlə məntiqimi uydurma konsepsiyalarınla. Ruhum, ruhumla bacara bilməyəcəksən. Mən onu ruhumla sevirəm. Bu sadəcə bədənlərin görüşməsi deyil, ruhların rəqsidir. Tanrısayağı eşqdir.

Mənə heç kim o cür toxunmağı bacarmadı. Heç kimin baxışları ağlımı başımdan o cür almadı. Heç kimin gülümsəməsi ruhumu o cür sığallamadı, ağrılarıma antidepresant olmadı.

Bəlkə də mən demiseksual idim... Amma yox, bu başqa bir şey idi. Bu haqda düşüncələrimi yazanda belə təkrar-təkrar yaşayıram hər şeyi, küllərindən yenidən doğulur yaşadıqlarım. Bu çox ağrılı prosesdir. Dözmək mümkün deyil... Yaşamaq da olmur, ölmək də... Başqası ilə deyib gülmək də... Ona duyduğum eşq digər bu tərz münasibətlərə qarşı həm məntiqimi, həm ruhumu, həm qəlbimi, həm də vücudumu bloklayırdı. Mən onun ovuclarına buraxmaq istəyirdim bütün aqibətimi...

Nəfəsim kəsilirdi ona doğru atdığım hər addımda. Əlləri saçlarımı hər sığallayanda, ruhumu könüllü təslim etmək keçirdi içimdən... Saatlarca susurduq. Susaraq sevirdik. Susmaq böyüklükdür deyirlər... Qızıldır deyirlər... Fikrimcə susmaq həm də labüd sonu gecikdirməkdir, susmaq həm də itirmək qorxusudur, incitmək qorxusudur...

Susmaq həm də boğulmaqdır, səssizcə hıçqıraraq ağlamaqdır. Susmaq onun adını qeyri-iradi bağırmaqdır, boşluğa baxıb onu səsləməkdir. Susmaq ağlını getdikcə qaçırmaqdır... dəli olmaqdır... Boşluğa təslimiyyətdir...

-Mənə görə eşq də, ədəbiyyat da tabutdakı ölüdür, o ölünü tabutda daşımaq ürküdücü deyil. Nə qədər ki, o, tabutdadır mühafizə olunur, qorunur... Düzü də budur bəlkə də... Ancaq bunu hədəflənən nöqtəyə çatdırmaq üçün güvənilən çiyinlər, qeyri-toksik münasibətlər gərəkdir. Çiynin biri xəfif büdrərsə tabut yerə dəyib parçalanar, bu isə ürküdücü olar... Bütün  hislər muncuq ədası ilə laqeyidcə çıxmazlara səpələnər...

-Hər dəfə çiynin büdrəyir sənin. Bilirsən axı, mən hər dəfə yaralanıram. Hər şeyi hər kəslə rahatlıqla müzakirə etməyə adət etmiş mən, səni heç bir şəkildə paylaşa, danışa bilmirəm. Tanrısal eşqi bir-birini insan sevgisi ilə sevən cəmiyyətdəki fərdlər anlayarmı? Anlamaz, əlbəttə anlamaz. Məni əxlaq, din, doğru, yanlış konsepsiyaları ilə zəncirləyəcəkdilər əzizim... Bundan qorxmuram əlbəttə, sənə olan eşqim mənim ruhuma, məntiqimə, iradəmə, duruşuma  hər gün sıxılan qurşundur. Ancaq o zəncirlər ya sənə gəliş yollarıma əngəl olarsa? Bizi nakam bir sona məhkum edərsə? Bəlkə də elə istədiyin budur. Susmaq bax qorxmaqdır, reallığı öyrənməkdənsə bir uydurmaya təslimiyyətdir... Susmaq əzizim, imitasiya olunmuş cəmiyyətin nəzəriyyəsinə əlimdən axıb gedərkən əllərin danışmamaqdır...Qürurundan ürəyini, mənliyini mühafizə edərək ruhunu deşik-deşik etmək, lezvalamaqdır... Hiss edirəm  axan qanın istiliyini... Tükəndiyimi...

Tanrısal eşqdə belə bir tərəf daha məntiqli olurmuş. O bir tərəf digər tərəfdə unutmurmuş bütün mənliyini. Ara-ara yox, elə tez-tez oyanırmış bu “qəflət” uyqusundan. Sorğulamırmış belə bu oyanışını... Fiziki dünyaya daha çox aludəçiliklə də əlaqələndirmirmiş...

Digər yarısını yuxulu-yuxulu uçurum kənarında unudub gedirmiş öz düzlər nəzəriyyəsinin ardınca.

-Bəli, əlbəttə haqlısan, əziz oxucum... Yuxulu olan, oyanmaq istəməyən, mənim kimi yuxularında qalmağı seçən düşürmüş uçurumun dibinə... Yaralanırmış, məhv olurmuş, qan itirirmiş, hər gün ölüb dirilirmiş... Bir müddət sonra qartalların zirvələri sevdiyi kimi sevirmiş uçurumun ən dibini... Qorxulu gəlmirmiş artıq ona bu dərinliklər. O ruhunu bu dərinlikdə sakitləşdirir, ovundururmuş. Qayıtmaq istəmirmiş insani sevginin hegemaniyasına, qeyri-səmimiliyinə... Onu  artıq maraqlandırmırmış zirvələr, o uçurumun dərinliklərinə məhkum edirmiş könlünü... İnanırmış ki, bu, əslində ikisini də qorumağın ən gözəl yoludur.

Çoxları eşqi daddığını iddia edir. Ancaq uçurumun dibini görmək, fiziki bədəni soyunub birini ruhunla sevə bilmək hər insana nəsib olmur. Çoxları sevir, bəli, ancaq onlar uçurumun kənarlarından baxır diblərə, dərinliklərə... Tanrısal sevgidə hər şey başqa cür olur... Fiziki dünyada qazanılan bütün kimliklərindən soyunur insan, ruhu səmalaşır. İnsanı Tanrıya duyulan eşqlə sevir... Tanrı da Liliti elə sevməmişdimi? Tanrısal eşq həm də yaşayarkən ölmək deyilmi?

Bəli tanrısal eşqdə belə bir tərəf daha məntiqli olur... Öncəlikləri fərqli olur... Gedir, gəlir, gəlir, gedir, gəlmir, gəlmir, gəlmir və gəlmir... Gəlsə belə, gəlmir... Gəldiyini düşünsə belə gəlmir...

Gəlmirsən, əzizim, çoxdandır gəlmirsən... Hiss edə bilmirəm səni... Harda qoymusan ruhunu... Bu fani vücud mənə gərək deyil... Soyuqsan... Ölüm soyuqluğu sığınıb barmaqlarına,..

Tanrısal eşqdə belə bir tərəf daha qəddar olurmuş...

Düşünməzmiş bəs o nə haldadır? Necədir?

- Axı bütün yollarımı əzbər bilirsən...Məni ən çox sən tanıyırsan. Özüm kimi olduğum yeganə yer də, ev də, insan da, dünya da, vətən də sənsən deyilmiydin?

Sənə duyduğum  hislər məni aşıb, okeanlaşıb... səmalaşıb...

-Mənim qədər sevir inancı ilə hər gün yemləyirəm məntiqimi. Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi... Mən o keçidlərdə hər gün gözləyirəm səni... Ruhunun zindanlarına qapatmışam ruhumu...

 Ölüm də diləmək olmur.

-Ölüm ruhun gedişi deyilmi?  Getmək istəməyən ruhu Tanrı aparmaq iqtidarındamı?

-Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi...

Gəlsən gələrdin, əzizim, gəlsən gələrdin, əzizim...

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə kolleksiyaları İsveçrədə nümayişə çıxarılıb. Bu barədə

QSC-nin açıqlamasında deyilir.  

 

Məlumata görə, qızıl sikkə kolleksiyaları İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib. Milli pavilyonda, həmçinin xüsusi geyimlər, xalçaçılıq və ipəkçilik sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, müxtəlif arxeoloji tapıntılar, qədim sənət növlərinə məxsus alətlər, o cümlədən dulusçuluq nümunələri nümayiş olunub.

Azərbaycan qızılları yarışları izləyən İsveçrə vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Pavilyonu ziyarət edənlərə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa” və “Xurşidbanu Natəvan” qızıl sikkə kolleksiyaları ilə bağlı ətraflı məlumatlar verilib. 

Qeyd edək ki, sərgi yanvarın 29-da qapanıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 08:30

54 tarixi eksponat bərpa ediləcək

Bu il yanvar ayı ərzində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə (MSXƏEBM) müxtəlif muzeylərdən bərpa edilmək üçün 54 tarixi eksponat daxil olub. 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə AzərTAC-ın sorğusuna cavab olaraq Mərkəzdən bildirilib. 

 

Verilən məlumata görə, bərpa olunaraq təhvil verilən məmulatlar Mərkəzə Azərbaycan Milli İncəsənət Muzeyi, Şabran, Quba, Gəncə tarix-diyarşünaslıq muzeyləri və Şəki şəhərindəki M.F.Axundzadənin ev-muzeyindən gətirilib. 

Bundan başqa, yanvar ayı ərazində Mərkəzdə bərpa edilərək muzeylərə təhvil verilən eksponatların sayı 48-ə çatıb. Qaytarılan eksponatlar Mərkəzə Azərbaycan Dövlət Rəsm Qalereyası, Şəki şəhərindəki S.Rəhmanın ev-muzeyi, M.F.Axundzadənin ev-muzeyi və Bərdə, Masallı, Gəncə tarix-diyarşünaslıq muzeylərindən daxil olub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 17:30

“Yuğ” Teatrının fevral repertuarı

Azərbaycan Dövlət “Yuğ” Teatrı fevral ayı üçün maraqlı repertuar tərtib edib. 

Kollektiv fevralın 4-də “Toy dəstgahı”, 5-də “Quş dili”, 11-də isə “Lənət” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. 

Bundan başqa, fevralın 12-də “Kloun Bizzz”, 18-də “Şəbədə”, 19-da “Mənəm mən”, 25-də isə “Vəsvəsə” tamaşaları göstəriləcək. 

Səhnə əsərləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq. 

Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 17:00

Azərbaycanda ilk abidə hansıdır?

Soruşun, cavab verək: 

Sual: Azərbaycanda insana ucaldılan ilk abidə hansıdır?

Vavab: 101 il bundan əvvəl böyük ədib, satirik şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış abidə Azərbaycanda ilk abidə  hesab olunur. Bu abidə 1922-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının I Qurultayı münasibətilə yəhudi mənşəli heykəltaraş Yakov Keylixis tərəfindən hazırlanmışdı. Sabirin abidəsi təkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman şərqində insana qoyulan ilk abidə sayılır. 

1958-ci ildə bu abidə dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki müasir abidəsi ucaldılır. Əvvəlki abidədə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakında oturaq vəziyyətdə təsvir olunmuşdu. Bu yeni abidəninsə müəllifi heykəltaraş Cəlal Qaryağdıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 16:30

Gül Camallı yubiliyar

Elman Eldaroğlu yazır

 

Gülnarə Camaləddin imzası poeziyasevərlərə çoxdan tanışdır. Bir xanım şair kimi geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Onun yaradıcılığına baş vuranda, gözəl poeziya nümunələrinin şahidi olursan. Bu nümunələrdə həm vətən sevgisi, insanlara məhəbbət, təbiət lövhələri, ülvi hisslər, saf duyğular qabarıq şəkildə əksini tapıb. Bir sözlə, onun şeirləri rəngarəngdir, hər bir mövzunu əhatə edir...

 

Gülnarə xanım təkcə gözəl şair deyil, həm də səriştəli təşkilatçı və bacarıqlı inzibatçıdır. Onun, kənardan yaradılan hansı çətinliklərə sinə gərərək, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinə rəhbərlik etdiyindən məlumatım var. Necə deyərlər, mərdiməzar olmasa yaşamağa nə var ki? Amma buna baxmayaraq, təşkil etdiyi bütün tədbirlər gözəldir, yerində və vaxtında baş verir...

Gülnarə xanım bir inzibatçı kimi də yerində olan adamdır. Özünəməxsus xarizması var. Polad kimi sərt, əyilməzdir. Qərar verdisə, onu yolundan döndərmək mümkün deyil. Bütün maneələri dəf etməyi bacarır. Nəticədə işi və əməli ilə yerində olduğunu ortaya qoyur...

Uşaqlıq illərini ucqar dağ rayonu Yardımlının Bərcan kəndində keçirib. Bərcan dünyanın cənnət guşələrindən biri olduğu üçün Gülnarə Camaləddinin yaradıcılığı da cənnət ətirlidir. O kənddən olan dostlarıma həmişə zarafatla- Bərcan Yardımlının Avropasıdır-deyirəm. Məcazi mənada olsa da, bu kənd zaman-zaman ölkəmizə mütərəqqi düşüncəli insanlar bəxş edib. Bəli, onlardan biri də Gülnarə xanımdır...

İnsan real həyatı romantik duyğularla yaşayanda ömür daha maraqlı, daha doğrusu, şirindən də şirin- şipşirin olur. Bəli, Gülnarə xanım bu sintezdən yararlanıb daha gözəl ömür sürür...

İllər ötdükcə insanın xarici görkəmi də dəyişir. Axı biz körpə, uşaq vaxtlarımızda bir başqa cür, yeniyetmə, gənclik çağlarımızda ondan da fərqli görünürük. Heç şübhəsiz ki, 60 yaş qadın üçün gənclik dövrünün növbəti mərhələsidir. Bu mərhələ özündə müdrikliklə gözəlliyin harmoniyasını ehtiva edir...

Ötən gün onun yubileyi idi. Ömrünün bu əlamətdar günündə onu ürəkdən təbrik edir, Allahdan möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirik.

Çox yaşayın!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bakıdakı Rus Evində “Gənc istedadlar sərgisi” layihəsinə start verilib. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Xanım Tapdıqova, Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının artisti Olqa Arsentyeva, yeni başlayan rəssamlar üçün təsviri sənət müəllimi Aysel Məhərrəmovanın əsərləri nümayiş olunur.

Tədbir Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Bazar ertəsi, 30 Yanvar 2023 15:00

Günün fotosu: Natanyaxu qisas almağa söz verdi

Günün fotosu: Natanyaxu qisas almağa söz verdi

 

İsrail matəm içindədir. Qüdsdə, Sinaqoqun yanında kütləvi şamyandırma mərasimidir. Həmin yerdə fələstinli şəxs 7 nəfər yəhudini qətlə yetirib və bu hadisə bütün İsraili ayağa qaldırıb. Tel-Əvivdə kütləvi nümayişlərdə yəhudilər Baş nazir Benyamin Natanyaxunun istefasını tələb edirlər. O da mütləq qisas alacaqlarına nəhayət, söz verib.

Foto: Tel-Əvivin gecə mənzərəsi/AP

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həsənağa Turabovdur.

 

 

HƏSƏNAĞA TURABOV

(1938-2003)

***

Bir gün jurnalistlərdən biri məndən soruşdu:

– Həsən müəllim, necə rolda oynamağı xoşlayırsınız, böyük, ya kiçik?

– O baxır pyesə, – dedim, – yaxşı pyes olanda məmnuniyyətlə böyük rolda oynamaq istəyərəm, yox əgər, pyes zaydırsa, heç kiçik rolda da oynamaq istəməzdim…

 

***

 

İnsənət İnstitutunda dərs deyirdim, bir gün siqaret almaq üçün bufetə girib pul verdim. Xırda pulum olmadığı üçün cibimdən iri pul çıxartdım. Bufetçi:

– Həsən müəllim, xırdam olmayacaq, – dedi.

Elə bu vaxt arxamda dayanan cavan tələbələrdən biri tez əlindəki pulu uzadıb:

– Həsən müəllim, narahat olmayın, mən ödəyərəm, – deyəndə, üzümü çevirib tərs-tərs ona baxdım.

– Ədə, tələbə, – dedim, – adamsan, puluvu qoy cibivə, – sözümü bitirib oranı tərk etdim.

Sonra “Bəyin oğurlanması” filmi çəkiləndə aktyor Füzuli Hüseynov həmin hadisəni mənə xatırladaraq, pulumu ödəmək istəyən tələbənin özü olduğunu söylədi.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.