Super User

Super User

BU İL ŞUŞADA KEÇİRİLƏCƏK MƏDƏNİYYƏT TƏDBİRLƏRİNƏ NƏZƏR YETİRƏK

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planını açıqlayıb.

“Ədəbiyyat və incəsənət” sənədlə sizləri tanış etməkdə davam edir. 

 

 

Türk dünyası xalqlarının adət və ənənələri təbliğ olunacaq

 

İl ərzində qala-şəhərdə türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayişi, eyni zamanda kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin cari il ərzində türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili də gözlənilir.

 

 

Türk dünyasının diaspor gəncləri Şuşada bir araya gələcəklər

 

Bu ilin sentyabr ayında Şuşada türk dünyası diaspor gənclərinin görüşü keçiriləcək.

Tədbirlə bağlı işlərin icrası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

Şuşada beynəlxalq gənclər düşərgəsi təşkil ediləcək

 

Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi təşkil olunacaq. 

İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

Film Festivalı təşkil olunacaq

 

Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı da təşkil olunacaq. 

Oktyabr ayına nəzərdə tutulan festivalın icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

Uşaq Yaradıcılıq Festivalı

 

Bu ilin iyun ayında Şuşada Uşaq Yaradıcılıq festivalı keçiriləcək. 

Festivalla bağlı işlərin icrası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.

 

Və beynəlxalq skaut düşərgəsi 

Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Wonderland Şuşa-2023” beynəlxalq skaut düşərgəsi təşkil olunacaq. 

İşlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

Türk şairləri toplaşacaq

Cari ilin iyul-sentyabr aylarında Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər təşkil olunacaq.

Bu tədbirlərə Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin açılması və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, həmçinin “Məclisi-üns” ədəbi məclisinin təşkili daxildir.

Tədbirlərin icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

Bir çox beynəlxalq konfranslar 

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək.

 

Cari il ərzində qala-şəhərdə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”, “Əhməd bəy Ağaoğlu və Türk dünyası” və “Şuşa Türk dünyası tarixində” mövzularında beynəlxalq konfranslar təşkil olunacaq. Həmçinin “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda Şuşada “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi açılıb. Sərgi Gənc Tamaşaçılar Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Askerov Art” və “Crazy Art” studiyalarının birgə layihəsi çərçivəsində təşkil olunub. 

 

Sərginin ekspozisiyasında Redyard Kiplinqin “Cəngəlliklər kitabı”nın personajlarını əks etdirən müxtəlif səpkidə hazırlanmış 40 əsər yer alıb. Rəsm əsərlərinin rəngarəngliyi ziyarətçilərin marağına səbəb olub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə və “Crazy Art” Studiyasının rəsm dərnəyinin müəllimi Ülkər Hümmətzadə məqsədlərinin uşaqlara incəsənətin bütün növlərini sevdirməklə, onlara mədəni dəyərləri, mədəni tərbiyəni aşılamaq olduğunu qeyd edib. 

Sərginin təşkilində məqsəd uşaqların estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaqdır.

Sərgi çərçivəsində sənət ocağının səhnəsində “Mauqli” tamaşasının premyerası da baş tutub.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.

İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.

Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.02. 2023)

 

Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək yaradıcılıq gecəsinin tarixi qardaş Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar dəyişdirilib.

 

Yaradıcılıq gecəsi fevralın 17-də saat 19:00-da keçiriləcək.

İfaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarından olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq. 

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Sevilən şairimiz Qulu Ağsəsin yeni yazdığı şeiri “Bəxt üzüyü” tamaşasının məşhur şair qəhrəmanı Moşu Göyəzənlinin müasir prototiplərinə ünvanlanıb. Şeiri urvatdan  salanlara çağırış etməklə Qulu Ağsəs şeiri qorumağa çalışır, bu yolda ona həmrəy olanlar da yəqin az deyil. Amma çi fayda. “Şeiri oxucu üstünə qısqırdanlar” öz amplualalrındadırlar. 

 

 

Hara baxıram, şairlər:

bu çığıran şairlər,

bu bağıran şairlər,

bayatı, ağı deyən

ağıstan şairlər,

qayanı, dağı döyən

dağıstan şairlər...

Təşbehi bəndin içinə

iki əllə atanlar,

mikrofon önündə

kəllə atanlar

(qeybət daşıyır taksi qulaqları,

asmaq da olmur bu ipiqırıqları)...

Razıyam:

yuxarıda,

aşağıda

yerinizi bərkidin,

bircə yaxadan tutub

danışmağı tərgidin,

bircə misranın qulağın

burub qışqırtmayın,

bircə şeiri oxucu

üstünə qısqırtmayın!..

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Bazar ertəsi, 13 Fevral 2023 10:30

Bir könül sındırmışıq…

ŞAİR İSLAM SƏFƏRLİNİN 100-cü DOĞUM GÜNÜ SÜKUTLA QEYD EDİLDİ

 

Düzü, vaxtı ilə bu qədər sevilən, şeirləri dillər əzbəri olan, yüzlərlə ruh oxşayan mahnı mətninin müəllifinin 100 illik yubileyi nin bu qədər səssiz keçməsi könül incitdi. 

 

1972-ci ildə bəstəkar Ramiz Mirişli və şair İslam Səfərli tandemi “Bir könül sındırmışam” adlı bir mahnı ərsəyə gətirdilər. O mahnını Şövkət Ələkbərova ifa etdi. Və 50 ildən artıqdır ki, retro şlyageri olaraq həmin mahnı gündəmdən düşmür. 

Cəmi 51 il ömür sürmüş İslam Səfərli bu qısa ömrünə böyük bir sənətkar irsini sığışdırdı,  poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələndi, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyuldu.  “Ulduzlar sönmür” və “Göz həkimi” kimi iki möhtəşəm film ərsəyə gətirdi. 

 

İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. O, həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqaları kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib.

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.

Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləmişdir. Əvvəla, o, mövcud şeir məktəbi məkanında oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarmışdır. İkincisi, İslam Səfərli şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın “öz rəngini, boyasını” ifadə etməyə çalışmışdır. Üçüncüsü, İslam Səfərli şeirlərinə qanadlı, uca fikirlərdən çox dərin bir insani səmimiyyət gətirməyi zəruri saymışdır. Şair bu qənaətə gəlmişdi: “Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa”. Ədəbiyyatşünaslıqda da İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb etmişdir. Vaxtilə professor Əkbər Ağayev yazmışdı: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun! 

 

Mən onu dan ulduzu

Nazlı şəfəq sanardım

Kimə inanmasam da

Bir ona inanırdım.

 

Qəbahətim böyükdür

Ay ellər, dünən axşam

Billur kimi bir ürək

Bir könül sındırmışam.

 

O, bir qaranquş kimi

Qəlbimdə yuva qurdu

Acı dilim qurusun

Dilim onu uçurdu.

 

Saçlarının gül ətri

Titrəyən ovucumda

İntizar baxışların

Ağlar yol ayrıcında.

 

Qəbahətim böyükdür

Ay ellər, dünən axşam

Billur kimi bir ürək

Bir könül sındırmışam.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Azərbaycanda 6308 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülüb.

Bu barədə Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, abidələr dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri kimi təsnif edilib.

Dünya əhəmiyyətli abidələr 82, ölkə əhəmiyyətli abidələr 2059, yerli əhəmiyyətli abidələr 4167-dir.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Bazar ertəsi, 13 Fevral 2023 08:30

Bakıda Ukrayna şənbə məktəbi açılıb

Rusiyanın silahlı təcavüzünə məruz qalan Ukrayna ilə bütün tərəqqipərvər ölkələr həmrəydilər və bu cəhətdən atılan hər bir addım əhəmiyyətlidir. Bakıdakı Ukrayna mərkəzində “Mriya” şənbə məktəbi fəaliyyət göstərməyə başlayıb. 

 

Ukrayna mərkəzinin məlumatına görə, uşaqlara şənbə məktəbində Ukrayna dili, tarix, mədəniyyət fənləri tədris olunacaq. Məktəbin yaradılmasından başlıca məqsəd uşaqlara Ukrayna dili, ədəbiyyatı və tarixini öyrətməkdir. 

Məktəbə 5-9 yaşlı uşaqlar qəbul olunur. 

Xatırladaq ki, 2021-ci ildən bəri Bakıda fəaliyyət göstərən Ukrayna mərkəzi Ukrayna və Azərbaycanın ali məktəblərinin birgə layihələrini həyata keçirir, tələbə mübadiləsi və tədqiqatlar aparır. Bundan başqa, mərkəzin bazasında sərgilər, art-layihələr və tematik görüşlər təşkil olunur.

Ukrayna ilə bağlı ölkəmizdə olduqca səmərəli fəaliyyət göstərən daha bir ünvan isə Ukrayna Ticarət Evidir. 

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

Bazar ertəsi, 13 Fevral 2023 09:00

94 ildən sonra

Buna sözün həqiqi mənasında qayıdış deyə bilərik. 94 il əvvəl nəşr olunan Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. 

 

XX əsr Azərbaycan dilçiliyinin – şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Müəllifin 1928-ci ildə qələmə aldığı bu əsər bir il sonra ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü.

Əsərin tarixi əhəmiyyəti və mövzu aktuallığı onun yenidən oxuculara təqdim olunması zərurətini doğurub. 

Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. 

İki yüz dörd səhifəlik çapa hazırlanan bu əsərə Almaz Ülvi “Vəfa borcu” adlı giriş söz yazıb: “Xalid Səid Xocayevin Kanadada yaşayan yeganə 95 yaşlı övladı Bəhicə xanım bu əsərin çapını həsrətlə gözləyirdi. “O, kitabın nəşrini görsəm, bu dünyadan rahat köçərəm”, – arzusu ilə yaşayırdı. Kitabın nəşr olunması xəbərini axşam eşitdi, sevindi, yerə-göyə sığmadı, ata məhəbbətinə həsrət övladın son arzusu və atasına son övladlıq borcu. Mənim isə əziz Bəhicə xanıma bir kitab borcum vardı. Çox heyf xəbərini aldığı kitabı əlinə ala bilmədi, zaman fürsət vermədi. Həmin günün səhəri o, artıq bu dünyaya vida etmişdi”. Bəli, əslində bu nəşr həm də bir vəfa borcudur.

Oxucuları görkəmli türkoloq alimin tərcümeyi-halı ilə bir daha tanış etmək, xatırlatmaq mənasında kitabın sonunda Almaz Ülvinin “Xalid Səid Xocayev” adlı tədqiqat yazısı da təqdim edilir.

Yeni nəşrdə Xalid Səidin qızı Bəhicə xanım Məmmədova-Xocayevanın yeni nəşrə ürək sözləri – minnətdarlıq duyğuları “Xoşbəxtəm ki, Xalid Səid kimi qeyri-adi şəxsiyyətlər unudulmur. O, mənim atamdır” adlı yazısında yer alıb. Məqalədə onun atası Xalid Səidin həyat və yaradıcılığı ilə bağlı bir sıra faktlar işıqlandırılıb.

Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir. 

Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir. 

Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir. 

Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2023)

 

“Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə-sanatoriya kompleksi qardaş Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə sanatoriyada xidmət göstərmək məqsədi ilə Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksinin sahibi - iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə açıqlama verib.

O bildirib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi Azərbaycan xalqını kədərləndirir və ölkəmizdə hamı bu anlarda Türkiyə ilə nəfəs alır:

“Hər bir Azərbaycan vətəndaşı təbii fəlakət qurbanlarına yardım əli uzatmaq üçün əlindən gələni etməyi özünə borc bilir.

Özəl sektor da yardım kampaniyasında aktiv iştirak edir. Bu baxımdan biz də “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksi olaraq ilkin olaraq, zəzələdə xəsarət alan 200 nəfərin təmənnasız reabilitasiyası üçün tam hazırıq.

Bununla əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik və cavab gözləyirik. Bizim üçün Türkiyədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına töhfə vermək böyük şərəfdir. Gələnlərin reabilitasiyası üçün bütün imkanlar səfərbər ediləcək.

Müalicə-sanatoriya kompleksinin həkim kollektivi ən müasir metodlardan istifadə etməklə həmin şəxslərin cəmiyyətə daha tez və rahat inteqrasiyası naminə var gücü ilə çalışacaqlar.

Ciddi stres keçirən, endikronoloji xəstəliklərdən, ürək çatımazlığından əziyyət çəkənlər, əzilənlərə və bir çox xəstəliklərlə bağlı xidmət göstərə bilərik. 175-dən çox fizioterapiya proseduralarımız var ki, onların hamısını təqdim edə bilərik”.

Təsisçi onu da qeyd edib ki, kurs müddəti gələcək insanların vəziyyətindən asılı olaraq, 14-21 gün ərzində davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.