Super User

Super User

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin qələmə aldığı dahi Azərbaycan şairi Şeyx Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistanın Səmərqənd Vilayət Musiqili Dram Teatrının truppası tərəfindən tamaşaya hazırlanıb və Kattakurqan Dövlət Dram Teatrının səhnəsində uğurlu premyerası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Nizami Gəncəvini bütün türk millətinin ulu babası hesab edən Özbəkistan türkləri dahi şairin bütövlükdə həyat və yaradıcılığını əhatə edən bu ilk monumental səhnə əsərinin özbək sənətkarlarının ifasında canlandırıldığından məmnunluq hissləri keçirdiklərini dilə gətiriblər.

Müəllif premyeradan əvvəl Səmərqənd Vilayət Musiqili Dram, Kattakurqan Dövlət Dram, Səmərqənd Vilayət Rus Dram və Səmərqənd Vilayət Kukla teatrlarının kollektivləri ilə görüşlər keçirib, Nizami Gəncəvi yaradıcılığı və onun təsiri ilə yaranmış “Xəmsə”lər barədə, İrəvan Dövlət Dram Teatrının tarixi haqqında və Özbəkistan Azərbaycan teatr sənətinin qarşılıqlı fəaliyyət proqramına və perspektivlərinə dair geniş məlumat verib. Görüş zamanı İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə Kattakurqan Dövlət Dram Teatrı arasında bağlanmış memorandumun prinsiplərinə aydınlıq gətirilib. Yaxın zamanda böyük özbək şairi, Nizami Gəncəvi irsinin davamçısı Əlişir Nəvai haqqında İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində və İftixarın böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş “Haqq mənəm” əsərinin isə Kattakurqan Dövlət Dram Teatrının səhnəsində tamaşaya hazırlanacağı açıqlanıb. Əlavə olaraq, İftixar Piriyevə “Turan” adlı əsərin yazılması üçün sifariş verilib və Kattakurqan Dövlət Dram Teatrının rəhbərliyi tərəfindən azərbaycanlı dramaturqla kontrakt bağlanıb.  

Tamaşanı Özbəkistan Mədəniyyət Nazirliyinin repertuar şöbəsinin müdiri Şahrüstəm Abidov, Səmərqənd Vilayət Hakimliyi Mədəniyyət və turizm baş idarəsinin rəhbəri Şahzod Eşonkulov, Vilayət mədəniyyət və incəsənət xadimləri, ziyalılar və Nizamisevərlər izləyirdilər.

Azərbaycan – Özbəkistan teatrlarının inkişafına yeni töhfələrin bünövrəsi kimi dəyərləndirilən tamaşasının premyerasından sonra Səmərqənd Vilayət Mədəniyyət şöbəsinin müdiri müəllifə vilayət rəhbərliyi adından diplom və özbək milli geyimi təqdim edib.

Özbəkistana səfər çərçivəsində İftixar Piriyev və tamaşanın yaradıcı heyəti Daşkənddə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və səfirliyin birinci katibi Samir Abbasovla görüşüblər. S. Abbasov dahi Nizaminin həyat və yaradıcılığından bəhs edən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” əsərinin uğurlu təqdimatının xoş əks-səda verdiyini əlamətdar hadisə kimi qiymətləndirib. Eyni zamanda, özbək tamaşaçıları tərəfindən hərarətlə qarşılanması münasibətilə müəllifi və digər qonaqları ürəkdən təbrik edib, Azərbaycan və Özbəkistan teatrlarının daha sıx əlaqələr quracağına inandığını və bu işdə rəhbərlik etdiyi mərkəzin də aktiv mövqe tutacağını, hər cür dəstək göstərəcəyini qeyd edib.

Söhbət əsnasında Samir Abbasov İftixar Piriyevə Xocalı soyqırımına həsr olunmuş və Mərkəz tərəfindən özbək dilinə tərcümə olunaraq kitab şəklində çapdan çıxmış mərhum şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” poemasını təqdim edib və İrəvan Teatrında səhnə həyatı verilməsini arzulayıb.

S. Abbasov İrəvan Teatrının Qərbi Azərbaycanı özündə yaşadan ən böyük sənət ocağı olduğunu əsas götürərək Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu sənət ocağı ilə davamlı əlaqələr quracağına əminliyini ifadə edib.

 Samir Abbasov 2023-cü ilin “Heydər Əliyev İli” olduğuna diqqət yönəldərək bu istiqamətdə bərabər çalışmaların səmərəli olacağına inamını da dilə gətirib. İrəvan Teatrının repertuarında mövzu çərçivəsində yer tutan İftixarın “Qurtuluş” əsəri və digər tamaşalarla yaxın günlərdə Özbəkistan tamaşaçılarının görüşlərinin təşkil olunması istiqamətində konkret addımların atılacağına çalışacaqlarını bildirib.

Sonda qonaqları mərkəzlə yaxından tanış olublar.

İftixar Piriyev Özbəkistan Mədəniyyət və turizm nazirinin birinci müavini Bahadır Əhmədovla da görüşüb. Görüşdə Bahadır Əhmədov İftixar Piriyevə “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” əsəri ilə özbək tamaşaçılarına töhfə verdiyinə görə təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 14:45

Səidə Sübhinin köşəsi

 

Bu dəfə “Ədəbiyyat və incəsənət”in oxucularına Dünyanın ən böyük qonorarı barədə danışacağam.

 

Bu qonorarın verilmə tarixi qədim dövrlərə aiddir. 

Roma imperatoru Mark Avreliy şair Oppiana verib onu. Öz balıq və heyvan ovu barədə iki poemasının hər sətrinə şair qızıl sikkə alıb. İki poemada isə ümumən iyirmi min sətir olub və şairin qazancı iyirmi min qızıl sikkə təşkil edib.

Bu da hədsiz böyük sərvəttdir. 

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 17:00

Məşədi İbad yeni qiyafədə gələcək

 

Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyası martın 18-də Opera və Balet Teatrında nümayiş olunacaq. 

 

Tamaşad rolları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcək. 

Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Quruluşçu rejissoru Hafiz Quliyev olan tamaşa 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyulub. Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 16:30

“Cırtdan” Opera və Balet Teatrında

 

Qarşıdan Novruz tətilləri gəlir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balaca tamaşaçılarıa hədiyyəsi var. Uşaqlar martın 19-da sənət ocağının səhnəsində “Cırtdan” operasını izləyə biləcəklər. 

 

Həmin gün uşaqların zövqünü oxşayacaq səhnə əsərində əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Aynel Mehdiyeva, Mələk İsrafilova, Dilarə Mustafayeva, Esmira Məmmədova və Elmira Qafarova ifa edəcək. 

Opera balacaların bədii-estetik zövqünün formalaşması və onlarda kiçik yaşlarından akademik sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb. Bəstəkarı Nazim Əliverdibəyov olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Qazaxıstanın Litvadakı səfiri Timur Urazayev və Türkiyənin Litvadakı səfiri Barış Tantekin ilə görüşüb.

 

Fonddan verilən məlumata görə, görüşlərdə Fond ilə təşkilatın üzv dövlətləri arasında ümumtürk mədəniyyətinin, ənənələrinin qorunub-saxlanılması istiqamətində sıx əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Türk dövlətlərinin ortaq irsinin, dəyərlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub. Müxtəlif ölkələrdə yaşayan azsaylı türk xalqlarının Türk dünyasına inteqrasiya olunmasının və bu səpkidə Fond tərəfindən həyata keçirilən bir sıra tədbirlərin vacibliyi vurğulanıb. Təşkilatın xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, türk və digər xalqlar arasında qarşılıqlı mədəni mübadilələrə töhfə kimi qiymətləndirilib.

Söhbətlər zamanı Fondun qurucu üzv dövlətləri Qazaxıstan və Türkiyə ilə iş birliyi əlaqələrinin prioritetləri nəzərdən keçirilib, gələcək planlar, mümkün birgə layihələr haqqında ümumi müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 14:15

"Avroviziya"da səslənəcək mahnımız təqdim olunub

Azərbaycanın builki "Avroviziya" mahnı müsabiqəsində zaqatalalı ekiz qardaşların TuralTuranX dueti ilə təmsil olunacağı barədə məlumatlı idiniz. Budur, onların müsabiqədə səsləndirəcəkləri mahnı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, mahnı “Avroviziya”nın rəsmi "Youtube" səhifəsində yayımlanıb.

Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. 

 

Şəkildə: Klipdən fraqmentlər

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 13:45

85 illik ömrün zirvəsi

 

“Ədəbiyyat və incəsənət” portalı filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akımovanın Xalq yazıçısı Anarın 85 illiyi ilə bağlı “Ömrün zirvəsi” yazısını təqdim edir. 

 

Ömrünü, tərcümeyi-halını millətin yaddaşına çevrilə biləcək şəxsiyyətlərin olmadığı illər zamanın yaddaşında boşluğu ifadə edir. Anar yaradıcılığı bu mənada tarixi-milli özünüdərkin faktıdır, milli təfəkkür sivilizasiyasının epizodu deyil, hadisəsidir. Tarixin, idrakın hansı tərəfindən - uzağından, ya yaxınından baxsaq qarşımızda yarım əsrdən artıq bir dövrün tərəqqi hərəkatında iştirak edən bir ömür dayandığını görərik. 

Anar mənim uşaqlıq yaddaşımdır, onun bir parçasıdır. Bütövləşən, formalaşan ədəbi zövqümün, ədəbiyyata baxışımın təməlində dayanan yazıçılardandır. Bizim evdə ən çox oxunan əsər "Sizsiz" olub. Atamın səliqə ilə düzdüyü kitabların arasında özünün də tez-tez əlinə götürüb nəfəsi ilə tozunu aldığı "Dünya bir pəncərədir" kitabı da var idi. Amma mən "Ağ liman"la sevdim Anar nəsrini. Ümumiyyətə, o dövrün ab-havasını əks etdirən iki-üç əsər oxuduğum gündən bu yana cazibəsini itirməyib: “Adamlar və ağaclar" (Ə.Əylisli), "Ağ liman" (Anar), "Baladadaşın ilk məhəbbəti" (Elçin)... Ömrün daha saf, daha qatqısız anları kimidi bu əsərlər. Oxuduqca durulur, həyatın xeyir-şər, işıq-qaranlıq arifmetikasından qurtulub metafizik bir huzura qovuşursan.

Bu bir faktdır. 60-cı illər ədəbiyyatımızın istiqlala aparan zaman kəsimi oldu. Uzun müddət öz tarixi yaddaşından uzaq düşmüş xalqı yenidən yaddaşına qaytarmaq vəzifəsi, bu vacib missiyanın milli şüurda ideya-bədii dərki və labüdlüyü məsələsi 60-cı illər bədii nəsrinin əsas problematikasını təşkil etdi. Anar nəsri bu prosesə yeni düşüncənin ifadəçisi olaraq qatıldı, tarixi yaddaşın təhrifsiz təlqin olunması, xalqın gen yaddaşına ötürülmüş məlumatların milli mövqedən yenidən bərpa edilməsi istiqamətinin episentrində dayandı.

Hər gəlişin bir missiyası olur. Mənə elə gəlir ki, 60-cı illərdə itmiş, güdaza verilmiş tarixi yaddaşın bərpası üçün böyük bir missiyaya tapınan Anar bunu bütün yaradıcılığının amalına çevirməyə nail oldu. Namizədlik dissertasiyamın üzərində çalışdığım vaxt Anarın 1985-ci ildə yazdığı "Dədə Qorqud dünyası" araşdırması keçmişdi əlimə. Sovet dövrünün hələ bitmədiyi illərdə Anar "Dədə Qorqud dünyası"nda qədim abidənin mənşə, dil, ərazi nöqteyi-nəzərindən Azərbaycan xalqına aid olduğuna diqqət çəkir, Dədə Qorqud dövrü oğuzlarının qədim kökə malik olması, öz torpaqlarında qədim zamanlardan məskunlaşması, mənəvi-əxlaqi dəyərləri ilə seçilməsi məsələlərini diqqətə çatdırırdı. Üstündən onilliyin və təlatümlü dalğaların ötdüyü bir dönəmdə, 1995-ci ildə yazılan "Otel otağı" əsərini oxuyanda mən nədənsə, bu araşdırmanı xatırlamışdım. Yazıçı baş qəhrəmanın - Kərimin şəxsində retrospeksiya vasitəsilə tez-tez keçmişə qayıdaraq yaddaşa müraciət edirdi: "Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər uşaqlıq çağının ayrı-ayrı səhnələri, mənzərələri, sifətləri də bir-bir xəyalında canlanırdı. ...İstisuda üç yerdə su püskürüb yerdən çıxırdı, amma bu su yoldakı bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə, tərkibiylə şəfalı idi... indi buraların yer adları - sanki kimsə qulağına bircə-bircə pıçıldayırmış kimi - yaddaşında səslənirdi: Yağlı bulaq, Qızıl qaya, Keçili dağı, Pəri çınqılı, Ayğır qayası, Şiş qaya, Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu bulaq. İndi bütün bu yerlər ermənilərin əlindəydi".

Anarın digər - "Yaşamaq haqqı" traktatı, "Gecə düşüncələri" esselər toplusu, "Ağ qoç, qara qoç", "Göz muncuğu" və s. kimi əsərləri də tarixə, milli yaddaşa və keçmişimizə çəkilən illüstrasiyalardır. Nə deyirsiz-deyin, yazıçı üçün tarixi qata aludəlik, bağlılıq və bələdlik çox şeydi. A.V.Mixaylovun çox sevdiyim bir fikri var: "Bizim mədəniyyət barədə bilik səviyyəmiz - bu "tarix" anlamıdır”. Anarın əsərlərindəki tarix konsepti - yaddaşa bağlılıq və meyar sabitliyi ilə mənəvi-əxlaqi dəyərlərimizin sabitliyi arasında birbaşa əlaqə var. Bu əlaqə nə sxolast bolşevik şüurun və vulqar sosioloji psixologiyanın hakim olduğu sovet epoxasında pozuldu, nə də ən çətin məqamlarımızda - total siyasi stress, sosial böhran, xaos və deqradasiyanın ölkə həyatını bürüdüyü 90-cı illərdə məhvərindən ayrıldı. Qlobal təfəkkürün bütün ərazilərimizi zəbt etdiyi qaçılmaz olan indiki zamanda da Anar yaradıcılığı milli ahəngə xidmət edir, yeni fəlsəfə axtarışına milli əxlaqın özündən başlayır, onu oriyentir seçir, onu meyara çevirir.

Bəli, böyük bir epoxa həm də Anar nəsrindən keçir, durulur. İctimai və milli- mədəni həyatımızın son 60 ilində Anar faktoru vardır. Ya əsərləri danışıb, ya incə yumoru, ya ağrısı, ya da sükutu. Amma bütün hallarda öz "mən"i ilə estetik fenomenlər arasında simmetriyanın pozulmasına imkan verməyib.

Anar yaradıcılığındakı yaddaş özülü ilə çox mənəviyyat və ənənə aşınmalarını dəf etmək mümkündür.

85 yaş tarixə və zamana daha ucada dayanıb baxmaq üçün gözəl fürsətdir. Mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 13:15

Günün fotosu: Yava vulkanı oyanıb hamını qorxutdu

Günün fotosu: Yava vulkanı oyanıb hamını qorxutdu

 

İndoneziyanın Yava adasında Merapi vulkanı  oyanıb və dəhşətli püskürtüsü ilə insanları qorxuya salıb. Eoronews xəbər verir ki, lava  kütlələri kraterdən bir kilometr yarım məsafəyə səpilib, səmaya tüstü və küldən qatı bulud təbəqəsi yüksəlib.

Əhaliyə Merapinin 7 kilometrliyindən o yana keçmək qadağası qoyulub.

Son dəfə vulkan 2010-cu ildə oyanmışdı. 

 

Foto: RIYADI/Copyright 2023 The AP. 

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 15:30

İlaxır çərşənbə, Novruz və mətbəx ənənələri

 

“Ədəbiyyat və incəsənət” portalı bit daha sizin İlaxır çərşənbənizi təbrik edir. İndi şərh edəcəyimiz mövzu bu gözəl bayramlarımızda süfrələrə düzülən nazü-nemətlər barədədir. Kulinariya rubrikasının daimi aparıcısı Göyçək Nəsirova şərh edir. 

 

İlaxır çərşənbənin və Novruz bayramının ənənələrindən də biri “Yumurta boyamaq” adətidir. İnsanlar ilboyu yumurta qaynadıb yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla bağlı xüsusi mənası vardır. İlaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.

Bayramın mərasimi simvolikası “Yeddi ləvin”, yaxud “Yeddi sin” adlanan adətdə xüsusi ifadə olunur. “Yeddi ləvin” yeddi növ yemək deməkdir. Yeddi növ yemək hazırlamaq və ya bayram süfrəsinə eyni hərflə başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti olmuşdur. Yeddi ləvində süfrəyə çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurta kimi yeddi növ yemək, nemət, əşya qoyulur. Bunların hər birinin öz mənası var. 7 müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir. Bunun 7 növ ərzaqla ifadə olunması süfrənin simvolikası, ümumiyyətlə, yeməyin simvolikası ilə bağlıdır. Yəni Novruz süfrəsi də bayramın yaradılış ideyasına xidmət edir. Bayram süfrəsinə qoyulan 7 nemət artıq mərasimi məna daşıyır.

Süfrələriniz ruzi-bərəkətli olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 10:00

Bu gün İlin axır çərşənbəsidir

Bu gün torpağın və həyatın oyandığı  İlaxır çərşənbə dediyimiz ilin axır çərşənbəsidir - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Üçünü yola saldıq, bu da dördüncü. “Ədəbiyyat və incəsənət” portalı olaraq sizləri təbrik edirik, əziz oxucularımız!

İlaxır çərşənbədə səhər ertədən başlayıb bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Və yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, inanca görə, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

 

İndi isə ilaxır çərşənbə barədə daha geniş:

Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə öncə qeyd etdiyimiz kimi, həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir.

Bu tipli yenilənmənin – təmizlənmənin əsas vasitələrindən biri üzərlikyandırmadı. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. 

İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqalqalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu zaman nəğmələr də oxunur. 

Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir.

İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri də “səməni nəziri” adətidir. Qəlbində bir niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunub. 

“Barışıq” adəti çox mühüm adətdir və insanlar buna böyük əhəmiyyət verirlər. “Bayramlaşma” adəti isə çox geniş tərkibli mərasim aktıdır.

İlaxır çərşənbələrdə icra edilən oyunların bir çoxu heyvanlarla bağlıdır. Məsələn, “Xoruzdöyüşdürmə”, “İtboğuşdurma”, “Qoçdöyüşü” oyunları. “Xoruzdöyüşdürmə” oyunu Novruz bayramı günlərində, adından da göründüyü kimi, xüsusi cinsdən olan və xüsusi bəslənmiş xoruzların döyüşdürülməsidir.

Novruz bayramının ən mühüm və geniş yayılmış oyunlarından biri “Yumurta döyüşdürmək”dir. Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Qeyd etmək lazımdır ki, bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter daşımışdır. Keçmişdə dövlət başçıları da bu oyuna biganə qalmamışlar. Burada döyüşdürülən yumurtalar iki dünyanın – qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdədir.

 

Novruz falları

“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. 

Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.

İlaxır çərşənbənin fallarından biri də güzgü ilə falabaxmadır. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində ilaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, “sevdiyi oğlana gedər” deyərlər. Burada iki əsas element var: güzgü və ay. Məlumdur ki, güzgü ruhlar aləmi ilə bağlıdır. Bu halda oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir. Ay obrazına gəlincə, onun oğlan obrazı ilə bağlılığı diqqəti çəkir.

Ümumiyyətlə, Novruz falları say və məzmunca zəngindir. Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.