Super User
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Bəxtiyar Vahabzadə, “Ömür”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir.
ÖMÜR
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?
Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.
Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.
«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
POETİK QİRAƏTdə Şəfa Vəlinin “Səni sevmək” şeiri
Poetik Qiraətdə bu gün sizlərə təqvimi nəzərə alaraq bir sevgi şeiri təqdim edirik. Müəllifi şairə, redaktor Şəfa Vəlidir. O, “Səni sevmək” deyəcəkdir.
SƏNİ SEVMƏK
Dünyanın yarısıdı,
Süleymanın qarısıdı.
Bəxt gülünün sarısıdı,
Səni sevmək...
Utanan bir üz tapmaqdı,
Ömrə əbədi qonaqdı.
Quş qanadında uçmaqdı,
Səni sevmək...
Ziyanın yarısı kardı,
Sevən sevilənə yardı.
Xəyalda da bəxtiyardı,
Səni sevən.
Qonaqlı-qaralı ömrüm,
Sevdası qaralı ömrüm.
Günahlı, qaralı ömrü...
Səni sevən...
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Bəli, Liderləri Allah seçir...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin andişmə mərasimi oldu.
Adəmin də, Nuhun da, lap elə həzrəti Məhəmməd peyğəmbərin də vaxtında 2-ni 2-yə vuranda 4 eləyirdi, indi də elədir. Amma bu cəmin 5 olduğunu sübut etməyə çalışanlar və ya necə deyərlər, üç "altı"yla oyunu aparmağı arzulayanlar, üç “tuz”un qarşısında “pas”a atıb, yenə də məğlub oldular...
Bəli, O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…
O, müdrikdir- işıqlı gələcəyə yol açır...
Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…
Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…
Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- bilmir ki, bilmir-lər baş aparır…
Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…
Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…
Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…
Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…
Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və prezident!
Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi növbəti prezidentlik dönəmi münasibətilə təbrik edir, ona növbəti möhkəm can sağlığı arzulayırıq.
Demişdim, deyirəm, yenə də deyəcəm: Liderləri Allah seçir...
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vüqar Nemətin “Eşqin pərdəarxası” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.
EŞQİN PƏRDƏARXASI
Gör bir kimi sevdim mən arxadaş!
Üzümə, üzümə durdu.
Gözləri əsla eşitməz
Və qulaqları kordu!..
Durdum gecə boyu yoxluğunun qapısında
Uçdum sözcüklərin qanadlarında
Özgə-özgə düşünüb
Ağladım öz yerimə
Heç bir kimsə bilmədi
Gülüşlərim qanadı
Mən bir sevda yolçusuydum
Uyur-gəzərlər kimi.
Sətir-sətir gəzərdim
Bu yağış ölkəsini.
Yoluma işıq tutardı onun gözləri
Gözlüyünü saxlamaq üçün
Yaxşıca tasarlanmışdı
Qulaqları və burnu!..
Həsrətdir, kədərdir, acıdır, qəmdir
Eşqin pərdə arxası cəhənnəmdir.
Durmadan qaralar qanlar
Özünü div aynasında görən bunu nə anlar?!
Göy üzünü dilə-dişə saldılar
Ölü göz adamlar.
Aktyor adamlar.
Bir də, adı pisə çıxmış bir ölüm!..
Gör bir kimi sevdim mən arxadaş!
Üzümə, üzümə vurdu.
Gözləri əsla eşitməz
Və qulaqları kordu!
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Azərbaycanı bütöv görən tarixçi, tədqiqatçı, jurnalist - AKİF AŞIRLININ YUBİLEYİNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu bal arısına da bənzətmək olar, çiçəklərin şirələrini çəkib bal hazırlayan zəhmətkeş arıya. Ötən ömrünü elmə, yaradıcılığa həsr edib. Öyrənib bildiklərini təfəkkürünün süzgəcindən keçirərək ortaya sanballı işlər qoyub. Hələ şagird olduğu vaxtlardan başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur. Ciddi tədqiqatçı, istedadlı jurnalist kimi, onu ölkədə çox adam tanınıyır. Adını çəkməsəm də söhbətin kimdən getdiyini bilənlər inanıram ki, az deyillər. Bəli, bu bəstəboy oğlan Akif Aşırlıdır...
Səhv etmirəmsə, mərhum şair Hüseyn Arifin sözləridir- “Adam haralı olar? Əlbəttə Qazaxlı.” O da, 1969-cu ildə söz-sənət beşiyi Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Qayğsız uşaqlıq illərini orada keçirib. Orta təhsilini Daş Salahlı kənd 1 saylı orta məktəbdə bitirib. Əsgərlikdən geri dönəndən bir qədər sonra BDU-nun tarix fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. Bununla kifayətlənməyərək "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.
1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib. 2019-cu ildən Azərbaycan Türk Ocağının başqanıdır...
Deyir ki,- “Bu gün Azərbaycan ədəbi dili şəhərdə yox, kənddədir. Söhbət canlı danışıq dilindən gedir. Var quru dil, var oynaq dil, var şirin dil. Əsl Azərbaycan türkcəsi canlı dildir. Bizim gənc yazarlarımız gedib kəndlərdə oturmalı, kənd adamları ilə söhbət etməlidir. Bu da əsərlərdə özünü göstərməlidir. Şəhər ədəbiyyatından İlqar Fəhmini çox bəyənirəm. Onun “Bakı tarixindən kollaj” əsəri həm dil baxımından, həm faktlar baxımından çox zəngindir. Kənd və şəhər təfəkkürünün sintezini gözəl verib. Yazıçı şəhərdən çıxdı, kənddən gəldi, bunun fərqinə varmaq lazım deyil. “Qazaxşina”, “Qarabağşina”, “Cənubşina” söhbətlərinə son qoyulmalıdır. Ziyalı Azərbaycanı bütöv götürməlidir. Turançı olmalı, türk dünyasının bütövlüyü üçün çalışmalıdır...”
İndiyədək "Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. Türkiyədə "Sarıqamış əsirlərinin dramı- Nargin", "Xocalıda türk soyqırımı", "Azərbaycanda Türk Ocağı", "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı" və s. kitabları çap olunub.
2016-cı ildə AMEA-nın Tarix institunda "Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında" adlı dissertasya işini müdafiə edərək tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var. Mətbuat Şurası idarə heyətinin üzvüdür. Əsərləri Türkiyə, Gürcüstan və Ukraynanın populyar elmi jurnallarında dərc olunub...
“Doğrudur, ömrümün uşaqlıq illəri Sovet dövründə keçib, amma o dövrün də özünün maraqlı cəhətləri var idi. Gəncliyim çox maraqlı keçib, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək üçün tarix mənə də fürsət verdi. Milli Azadlıq hərəkatında iştirak edə bildim. O dövrün qəzet və jurnallarında çıxışlarım çoxdur. Uzun illər “Yeni gün” və “Müxalifət” qəzetlərində çalışsam da, daha sonra “Şərq” qəzetini yaratdım. Belə bir həyat yaşadığım üçün heç də peşman deyiləm. Amma etiraf edim ki, otuz yaşında etdiklərimi indi edə bilmirəm, adama çətin gəlir. Ona görə də geriyə baxanda elə də kədərlənmirəm. Yaşadığım illər ərzində xeyli sayda kitablarım, məqalələrim, araşdırmalarım çıxıb. Düşünürəm ki, o qədər də məhsuldar olmasam da gələcək nəsillər üçün nəsə saxlaya bilmişəm.”- söyləyir...
Ünsiyyətdə çox sadə, təvazökar adamdır. Yaxşı yoldaşlığı, dostluğu var. Vəfalı olduğu üçün xəyanətə dözümsüzdür. Yalançı, aravuran adamlar gözünün düşmənləridir. Onda zərrəcə paxıllıq hissi tapmazsan, xəbislikdən çox uzaqdır. Elə bu xüsusiyyətlərinə görə də sevilir, səmimi hörmətlə qarşılanır.
Çox zəhmətkeşdir. Bundan sonra heç nə etməsə belə saysız-hesabsız məqalələr yazıb, reportajlar hazırlayıb. Cəbhə bölgələrində çox olub, Ağdərə döyüşlərindən, Tərtərdən reportajlar hazırlayıb. 1992-1993-cü illərdə Qazaxın, Tovuzun sərhəd kəndlərindən hazırladığı reportajları bu gün də qoruyub saxlayır. Taleyinə ABŞ-ın 7 ştatına səfərə getmək də yazılıb. Hətta orada jurnalistika kursu da keçib. Bunların hər biri onun həyatında silinməz izlər buraxıb. Söhbətin bu yerində yadıma ABŞ-da yaşadığım illər düşdü. Mən də orada jurnalistika kursu keçən bir adam kimi, yaxşı yadımdadır ki, rusdilli bir yəhudi müəllimdən sovet dövrünün oçerklərini darmadağın edən, portret janrının yeni üslubunu öyrəndim. Onun mənə bir tapşırığı var idi- “Bütün öyrətdiklərimi milliləşdir, öz xalqının dilinə, mentlitetinə uyğunlaşdır.”
Peşəkar jurnalist olmaq üçün öz üzərində çox çalışıb. Mütaliə etməyi heç zaman unutmayıb.
Deyir ki,- “Hər bir qələm adamı yazdıqlarına cavabdeh olmağı bacarmalıdır. Hansı mövzular ki, təmsil etdiyin cəmiyyət üçün maraqlıdırsa, o mövzuları işləməlisən. İndi jurnalistlər məhkəmələrə çox çəkilmir, mənim vaxtımın böyük hissəsi məhkəmələrdə keçib. Yazdığım faktların doğru olduğunu, haqqı tərənnüm etdiyimi, yeri gələndə məhkəmələrdə sübut etmişəm. Doğrudur, məhkəmələrin həm ədalətli, həm də ədalətsiz qərarları da olub, amma bütün bunlar məni ruhdan salmayıb, əksinə əzm və iradəmi mökəmləndirib. Bəli, jurnalist öz üzərində daha da çalışmalıdır. Cəmiyyət görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini doğru ifadə etməyi bacarır, öz fikirlərinin arxasındadır, həmin jurnalistin qələminə hörmətlə yanaşır...”
Arzuları çoxdur. Həyatda yaxşı ömür sürmək, demokratik cəmiyyətdə yaşamaq, ailədə, cəmiyyətdə hüzurlu olmaq onun arzuları sırasındadır. “Xalq arasında məşhur olmaq şans işidir, həm də alın yazısıdır. Amma gərək bunun üçün yorulmadan əmək sərf edəsən, zəhmət çəkəsən. Gərək daim çalışasan ki, cəmiyyətə, yaxın ətrafına xeyir verəsən. İndi bilmirəm, mən buna nə qədər nail olmuşam.”- söyləyir...
İllər necə gəlib keçir adam hiss etmir. Budur, 55 də gəlib çatıb. Amma bu hələ o demək deyil ki, qəhrəmanım artıq qocalıb. Bu yaş qocalığa gedən ömür yolunun gənclik çağlarıdır. Yenə də hər zamanki kimi səhər yaradıcılıq ovqatıyla ayağa durub iş başına tələsir, yaradıcılıqla məşğul olur. Hesab edir ki, insan üçün ən yaxşı hal onun sevdiyi peşə ilə məşğul olması və illərlə yol gedəcəyi sədaqətli dostları ilə münasibətlərini qorumasıdır. “Həyat insana həm ailəsi- övladları və həm də dostları ilə maraqlıdır.”- söyləyir.
Bəli, haqqında söhbət açdığım Akif Aşırlı xoşbəxt adamlardandır. Xoşbəxtdir ona görə ki, həyatından razıdır, həmişə ətrafına fayda verib...
Bu gün - fevralın 15-i “Tərəqqi”, "Azərbaycan Xalq Cümhuriyyəti- 100" medallarına layiq görülən, əməkdar jurnalist Akif Aşırlının 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Bu gün “Sevgi”Sizlər” Günü” nümayiş olunacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Açığı, Cəlil Cavanşirin poeziyasını nəsrindən qat-qat çox sevirəm. Bu adam yazan şeirlər qəlbi titrətmirmi, titrədir. İndi Cəlil bəy özünün yaratdığı C.C. Literary Agency ilə prodüsserlikdən başqa, səhnə performansına da keçid alıb. Necə, nə cür? Ətraflı aşağıdakı xəbərdə.
“Qanun” Nəşriyyatı, M Teatr və C.C. Literary Agency birlikdə yeni layihəyə başlayır: “M.Teatr"da yaradıcılıq gecələri! Layihənin ideya müəllifi və rəhbəri tanınmış şair, ssenarist Cəlil Cavanşirdir.
Və layihənin ilk buraxılışı bu gün - 15 fevral, 2024-cü il, saat 19:00-da baş tutacaq və Cəlil Cavanşirin yaradıcılığına həsr olunur. Səhnədə onunla bərabər Röyal Musa da olacaq.
"M. Teatr"ın səhnəsində onlara Cavid Baba, Tamilla Həsən, Ramiz Qəmbər və İlahə Zahid yoldaşlıq edəcək.
Şeirli, musiqili, necə deyərlər sazlı-sözlü bir gecə tamaşıçıları gözləyir.
"Sevgililər Günü"ndən dərhal sonra "Sevgi"Sizlər" Günü"ndə tamaşaçılarla görüşəcək bu layihə üzvləri qeyd edirlər ki, onlar üçün ən böyük sevgi elə tamaşaçılardır. Xüsusilə "Sevgililər günü"ndə kim tək qalıbsa, bu poeziya gecəsi onlar üçün lap yerinə düşəcək.
Biletlər iTicket.AZ saytında (link aşağıdadır) satışda olacaq və qiyməti büdcənizə hökmən uyğundur.
https://iticket.az/events/theatre/sevgi-sizler-gunu/110760?fbclid=IwAR3Bxpajq2rFfFnjFORBD8iITgSEB_Slhf3Oro4jRPYvgmCoVX-IMjmEW2c
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Tanrı kölgə - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni hekayəsini təqdim edir. “Tanrı kölgə” - həmişə olduğu kimi bu dəfə də müəllif insanla Yaradan, insanla təbiət, insanla cəmiyyət arasındakı ziddiyyətləri açmağa çalışır.
Başının üstündə gecə, ayağının altında yer qaçırdı. Adama elə gəlirdi ki, yeriyən o deyil, dünyadı. Məchulluğa üz tutub gedirdi qaranlıq qarışıq. Yaxasını açmışdı. Ürəyinə hava çatmırdı sanki. Təngnəfəs idi. Özü də bilmirdi ki, yolu hayanadı. Hərdən əllərini cibinə salıb dəmir pulları sayırdı. Pulları tanıyırdı barmaqları.
“Bu 5 qəpiklikdi, bu 20, bu 50".
Beynində əlli kərə saymışdı qəpikləri ən azı. Gecənin səssizliyində cingildəyirdi pullar . Yorulmuşdu adam. Arada ətrafına nəzər salırdı ki, görsün bir daşdan-zaddan yoxdu ki, üstündə oturub bir hovur dincini alsın.
Heç nə gözünə dəymirdi. Ayağını sürüyürdü dalınca. Bu yol harda bitəcəkdi, onu da bilmirdi. Köhnə, qupquru çəkmələrdə ayaqları suluqlamışdı. Göynəyirdi barmaqları. Yeridikcə ufuldayırdı. Bircə onu bilirdi ki, tək- tənhadı bu boyda dünyada.
...Qaranlıqda qurda-quşa yem olmaqdan qorxdu birdən-birə. Üşəndi. Özünə sığındı. Telefonunu da unutmuşdu evdə. Guya unutmasaydı nə olacaqdı? Gecə yarısı hansı nömrəni yığıb köməyə çağıracaqdı? Hamı şirin yuxudaydı bu vaxt. Adam evdə təkliyin əlindən otura bilməmişdi. Özünü atmışdı çöllərə gecə yarısı.
Birdən Tanrı düşdü yadına. Nəsə pıçıldamağa başladı. Dua edirdimi? Yox. Ömründə dua etməmişdi. Heç Tanrı da yadına düşməmişdi axı ömür boyu. İndi gecənin qaranlığında, bu tənha yolda, zülmətin içində Tanrı hardan düşdü yadına? Ömründə ilk dəfə Onu düşünməyə başladı. Nədənsə adama elə gəldi ki, Tanrı da onunla birgə addımlayır.
Qorxusu yavaş-yavaş yox olurdu. Üzündə doğma nəfəs hiss edirdi. Əl atıb yanaqlarını ovuşdurdu. Sonra Tanrı adamdan qabağa keçdi. Yox, dəli olmamışdı. Kölgəni görürdü açıq -aydın. Qaranlıqda kölgə olmaz ki. Amma indi var idi.
Bir az da ürəkləndi. Addımlarını yeyinlətdi. Artıq tək deyildi. Tanrı onunlaydı. Qorxusu keçib getmişdi. Birdən ayağı çökəyə düşdü. Səndirlədi. Tez müvazinətini toplayıb yoluna davam etməyə başladı. Kölgəni gözündən qoymamağa çalışırdı. Qarabaqara izləyirdi kölgəni. Göy üzünə baxdı. Aydınlıq idi. Hiss etdi ki, bir az uyuşan kimidi. Yəqin soyuqdan idi. Birdən gözünün önündə kölgələr çoxalmağa başladı. Bir, iki, üç... 10, 20... Gözlərinə inanmadı. Əlləriylə gözünü ovxaladı. Yuxu deyildi. Qarşıda saysız-hesabsız kölgə var idi. "Bu necə ola bilər axı? Axı Tanrı təkdi. Bu kölgələr hardan çıxdı? Məni hara gətirib çıxarıb Tanrı? Bura haradı? Qorxsa da gücünü toplayıb irəliləməyə başladı. Yaxınlaşdıqca heyrətə gəldi. Hər tərəfdən daş adamlar baxırdı gözünün içinə. Uşaq, gənc, yaşlı…
Hamısı da daşlaşmış, bir boyda. Birdən qulaqlarına qəhqəhə səsi gəldi. Ayaqları yerə kilidlənmişdi. Nə irəli gedə bilirdi, nə geri. Əllərini cibinə saldı. Dəmir pulları barmaqları ilə saymağa başladı bir də.
20, 40, 50... Pullar əlinin təmasından cingildədikcə içindəki qorxu bir az da artmağa başladı. Başını qaldırıb göy üzünə baxdı qorxa-qorxa. Gözünə heç nə dəymədi. Təklikdə gecənin səsi də yeknəsək olurmuş sən demə.
Əllərini cibindən çıxarıb qulaqlarına tutdu. Heç nə eşitmək istəmirdi. Səs bir az da artdı. Bu dəfə başının səsi qulaqlarını batırdı. Nə fikirləşdisə yerindən götürüldü və var qüvvəsi ilə geri qaçmağa başladı. Arada ayağı daşa ilişdi. Üzüqoylu yerə yıxıldı və durub təzədən qaçmağa başladı. Qəribəydi. Bayaqkı yorğunluğundan əsər-əlamət qalmamışdı. Ayaqlarının suluğu da incitmirdi daha onu. Heç nə hiss etmirdi. Eləcə qaçırdı. Zəhri yarıla-yarıla qaçırdı. Kölgəsi də onunla qaçırdı adamın. Bir addım özündən irəli. Sanki ona yol göstərirdi kölgəsi. "Bəs Tanrı hanı? O ki mənlə birgə idi. Hara yoxa çıxdı". Çevrilib arxasına baxdı. Sonra ətrafına. Gözünə görünmədi Tanrı...
Sonra öz kölgəsi də yoxa çıxdı.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Portağal ətirli həyatımız - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Deyəsən yazarın qələm eşqi alovlanıb yenə. Yenə sətirləri dilə gətirmək düşüb könlünə. Gəl üç-beş sətiri canlandıraq o zaman. Nəydən yazım, niyə yazım, bilmirəm düzü. Həyatdanmı yazsam biraz? Düzü, həyat yazılacaq olsa cümlələr yetməz, ya da dünyadakı insan sayı qədər müxtəlif rənglərdə qələmlər olmalı idi ki, hər kəs həyatını yazsın və sonda ortaya rəngarəng mənzərə çıxardı. Tragediyası komediyasına qarışmış bir həyat. Bəzən layiq olmadığımız qədər çox qırılıb- incidildiyimiz,bəzən də layiq olduğumuzdan daha artıq sevildiyimiz və biryerlərdə əlbət bir gün sevib sevindiyimiz həyat.
Qəribə aroma hiss edirəm burnumda hal-hazırda. Təzə yetişən portağal dolu ağacın xoş aroması kimi, məsələn. Bilirsən, məncə həyat elə aroması ilə tamamlanan portağal ağacı kimi idi. Turş aromanın ahəngində şirin qoxu, qabığının acılığından içəri süzüləndə isə meyxoş portağal ləti. Həyatın qısa bənzətməsini bir meyvə ağacından yola çıxaraq etməyə çalışıram. Çölü sərt və acımasız görünən həyatın daxili dərin mənəviyyat və hüzurla doludur, düzünə qalsa. Necə ki, portağala qabığını soyandan sonra dəyər veririk, həyatın da dəyərini acı-ağrıların dadına baxaraq hiss edirik. Zaman-zaman yorulub tükənsək belə xoş aroma vardır əlbət biryerlərdə, qoxunu düzgün almağımızı gözlər. Bəzən doğru zaman, bəzən doğru məkan, bəzən də doğru insan gətirər o ağacın ən seçmə portağalını özü ilə.
Önəmli olan biraz səbr, biraz dözüm və bir xeyli ümidin olmasındadır. Önəmli olan hörmət edib anlayış göstərməkdir.
Zatən həyat alnına yazılanları yaşadacaqdır sənə..
Cümlələrim yarım kəsilir nədənsə. Duyğularıma bənzətməyə çalışırlar sanki özlərini.
Tamamlanmamış cümlələrin, tamamlanmamış sözlərin, tamamlanmamış həyatların xətrinə tamamlayıram son sətirlərimi.
Ümidini üzmədən daim həyat dolu olman diləyi ilə yaşanılacaq həyata doğru.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Günahkar kağız parçası
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
-Əzizim, mən səni sevirəm. Sevgililər günümüz də mübarək olsun. Hər zaman bir-birimizin yanında olaq.
- Sən məni doğrudan sevirsən ?
-Əlbəttə, əzizim. Sən mənim ilkimsən. Mən hələ indiyədək heç kimə "səni sevirəm" deməmişəm. Sənin yanında özümü çox xoşbəxt hiss edirəm. Sənsiz yaşaya bilmərəm.
Ofisiant: -Üzr istəyirəm müəllim, bu kağız parçası bayaq içəri girəndə sizdən düşüb.
-Nə kağız parçası, başa düşmədim?!
Ofisiant: -Üzərinə Nara yazılıb, nömrə var, bir də dodaq boyası ilə öpüş şəkli.
- Əzizim, nə danışır bu?! Nə nömrə, nə Nara, nə dodaq ?!
-Bi bi bi bilmirəm…
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
BİRİ İKİSİNDƏ - Ay Bəniz Əliyarın pyesi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Dərgidə kitab təqdim ediləcək. Kitabdakı isə Ay Bəniz Əliyarın “Xarıbülbül” pyesidir.
XARIBÜLBÜL
(üç pərdəli pyes)
Vətən müharibəsinə həsr olunur.
ixtisarla
İştirak edənlər: Baba- kənd adamı, ağsaqqal
nəvə- 15-16 yaşlı oğlan uşağı
hərbi geyimli bir zabit
Hikmət - əsgər, nişanlı oğlan
Yasəmən – Hikmətin nişanlısı
Xatun- Yasəmənin rəfiqəsi
Nənə, bir neçə qadın, gənclər.
I Pərdə
Axşamüstü. Hava xoşdur. Gül gülü çağırır, bülbül bülbülü. Baba bağda odun doğramaq havasında. İndi dincini almaq üçün bir kötüyün üstünə oturub. Bu dəm 15-16 yaşlı nəvəsi qaça-qaça gəlir:
– Baba, baba, televizorda eşitdim,
“Səfərbərlik elan oldu”, dedilər.
Xəbərlərə sonacan diqqət etdim,
“Müharibə” deməkdimi bu xəbər?
Baba döyüküb baxır. Oğlan isə babasından cavabını gözləmədən sevincək davam edir:
– Televizorda, qulağımla eşitdim,
Səfərbərlik elan etdi Prezident.
Müharibə başlayacaq, can, ay can,
Biz bu dəfə gedəcəyik sonacan.
Baba qulaqlarına inanmırmış kimi:
– Müharibə? Doğrudanmı, ay bala?
Lap eşitdin? Birdən yalan duyarsan?
Nəvə:
– Heç elə şey olar axı, ay baba?
Çağırışa gedir artıq hər insan!
Baba əllərini göyə açıb haray çəkir:
– Yalandırsa, doğru olsun, İlahi!
Sonra üzünü yenə nəvəsinə tutaraq:
– Belə xəbər deyilərmi qəfildən?
Can, ay bala, gəl gözləyək sabahı,
Atan, yəqin, zəng eləyər cəbhədən.
Düşmən çoxdan acıq verir bizlərə,
Yallı getdi, yeyib-içdi Şuşada.
Əvvəl-axır öləcəyik bir kərə,
Heç olmasa yurd yerlərin yaşadaq.
Nəvə:
Həə, ay baba, atam, yəqin, zəng edər,
Deyər, mənə yaxşı-yaxşı qulaq as.
Düşmənləri eyləmişik dərbədər,
Qiyamətə qalmadı heç bu qisas.
Baba:
– “Çör-çöp köz saxlamaz, yağı dost olmaz”,
Bunu yaddaşında bir yerlərə yaz.
Düşmənin dizinin üstədir çörək,
Ona qapımızı açmazdıq gərək.
Ordumuz sınaqdan çıxsın üzüağ,
Coşsun qələbəylə üçrəngli bayraq.
Başlasın xalqımın savaş səfəri,
Mən də ölməmişdən görüm zəfəri.
Baba oturduğu yerdən qalxmağa çalışır, nəvəsi də ona yardım edir.
Baba nəvəsinə yorğun-arğın səslə, həm də bərk-bərk tapşırırmış kimi:
– Doğru, doğru, bir dikəldim belimi,
Çıxım kəndə, görüm nələr var daha.
Can, ay bala, farağat tut dilini,
Nə anana, nə nənənə demə haa!
Babanın yenə ürəyi dözmür:
– Gir içəri, televizorun al səsin,
Bir gözləyək atan da zəng eləsin.
Səhnə dəyişir. Kənd içidir. Uşaqlar bir-birinə qoşularaq, əllərində xırda bayraqlar, əslində, müharibənin nə olduğunu anlamadan, bilmədən sevinclə çığırışırlar:
– Müharibə başladı! Müharibə başladı!
– Qarabağ bizimdir! Bizim olacaq!
Yavaş-yavaş tufan yaxınlaşırmış kimi uğultu qopmağa başlayır.
Uğultunun içindən zəng səsi glir. Cəbhədəndir. Eşidən olmur. Zəng kəsilir. Televizordan Ali Baş Komandanın səsi yüksəlir:
– Qarabağ Azərbaycandır! Və NİDA!
***
Yeni səhnə.
Bulaq başıdır. Beş-üç qadın xısın-xısın söhbət edir,
Yasəmənlə Xatun da kənarda öz aralarında danışır.
Yasəmən
Müharibə gedir artıq cəbhədə,
Eşidərsən, doğrudurmu, ay Xatun?
Xatun
Həə, deyirlər, yetişibdi o vədə,
Alınmalı qisası var Poladın.
Yasəmən
Həə, General Həşimovdu o Polad,
Biri də vardı, polkovnikdi, deyəsən?
Xatun
Qoy həkk olsun yaddaşlara həmin ad,
Sən polkovnik Mirzəyevi deyirsən,
Elə oğul az-az doğur analar,
Yasəmən
Nə yaxşı ki, Mübarizlər hələ var!
Yerdə qalmaz Şəhidlərin al qanı!
Xatun
Ay qız, axı cəbhədədir nişanlın?
Yasəmən
Həə, nə olsun, az qalıbdır o günə,
Qələbəni müjdə verəcək mənə.
Bunu deyən qızın xəyalı bir anlıq əsgər nişanlısının yanına gedir. Son görüşlərini xatırlayır. Uzaqdan sevgilisinin səsi gəlir:
– Yasəmənim, gül ətirli mələyim,
Bilirəm ki, çin olacaq diləyim.
Vətən bizi öz qoynunda bəsləyib,
naz-nemətlə çatdırıbdı bu yaşa.
İndi isə dar günündə səsləyir,
biz getməsək, kim gedəcək savaşa?
Alacağıq torpaqları yağıdan...
(bir anlıq nəfəsini dərib sevincək)
Deyirlər ki,
silahını yerə atıb qorxudan,
Düşmən qaçır, bir görəsən,
Yasəmən!
Yasəmən boynubükük baxır,
sanki indidən ayrılıq ona güc gəlir,
kövrək səslə:
Hikmət... axı... darıxacam,
darıxacam, vallah, mən... – deyib ağlamsınır,
göz yaşlarını gizləməyə çalışır.
Hikmət
Darıxma sən...
Ey ətirli çiçəyim,
Bilirsən ki, yanındadır ürəyim.
(şövqlə)Səndən də ki heç nigaran deyiləm.
Tez bitəcək bu həsrət də,
etmə qəm...
Bu gün üçün doğulubdu oğullar,
İndi məndə yüz aslanın gücü var,
Sevgin ilə atılacam döyüşə,
Gözlə məni, gözlə... gələn görüşə...
Hüznlu sükut çökür. Əsgərin xəyalı uzaqlaşır...
II pərdə
Uzaqdan Qarabağ şikəstəsi səslənir... Müharibə ab-havası duyulur.
Otaqda bir zabit, bir də Hikmət. Zabit var-gəl edərək söyləyir:
– Bu da sonuncu şans, bu da öhdəlik,
Dalana dirənib düşmənin başı.
Aşkar edilibdi girdiyi dəlik,
Qalib gələcəkdir haqqın savaşı.
Bu haqda, de görüm, sən nə deyirsən?
Hikmət
Tez düşər özgənin atına minən!
Zabit:
Zəfər müjdəsini bizimçün yazıb,
Tarix yolumuzda çıraq yandırıb.
Tanrı neçə ildir səbrini basıb,
Bizi bu gün üçün silahlandırıb.
Zabir bu dəfə əlini əsgərin çiyninə qoyaraq əlavə edir:
Zəfər səninlədir, haqq səninlədir,
Heç zaman basılmaz haqqın səngəri.
Adın bir tarixi şərəfli edir,
Yolun açıq olsun, cəsur əsgərim!
***
Səhnə dəyişir...
Cəbhədə qızğın döyüşlər gedir. Bir-bir kəndlər, şəhərlər azad edilir, bu xəbərlər arxa cəbhədəki insanlara ruh, qanad verir. Böyük ruh yüksəkliyi var.
Döyüşdən əvvəl... Əsgərlərdən birinin əlində qızının məktubu var:
– Bax, qızımın məktubudur,
yazır dərslər başlayıb.
Qızım belə məktubları
yazmağı çox xoşlayır.
– Mənim oğlum balacadır,
təzəcə ayaq açır.
Bir görəsən, şipşirindi,
lap ördək kimi qaçır. (gülüşürlər)
– Bəs sənin, sənin nəyin var, Talıb?
– Yeddi ildir gözləyirik,
doğulacaq, az qalıb.
Atəş səsləri söhbətlərini yarımçıq kəsir.
Döyüşdən sonra... Əsgərlər qan-tər içində, yaralı halda söhbətləşir:
– Üç sutkadır döyüş gedir,
vaxt da çıxıb yadımdan.
– Vaxt nəyinə lazımdı ki?
İndi savaşdır hər an.
– Ürfanı da vurdular,
Şükürü də... Oxx! (yarasından tutur)
– Beyrəkdənsə xəbər yox,
Ayağından
yaralandı Eliş də...
– Əlikram da vuruldu,
amma əla döyüşdü.
– Ya sən ölməlisən,
ya da öldürməlisən...
– Öldürsən, nə əla,
ölsən...
Sağ olsun Vətən!
– Vətən sağ olsun!
Qanımızla, canımızla alacağıq torpağı,
Şuşaya özüm sancacam bu üçrəngli bayrağı.
(döş cibindən bükülü bir bayraq çıxarıb öpür,
alnına toxundurur, qaytarıb yerinə qoyur)
Ayağa qalxaraq Koroğlu kimi nərə çəkir:
– And olsun Tanrıya ki, qisas alacağam mən,
Qisas! Qisas! Ancaq qisas!
Qorxum yoxdu ölümdən!
***
Hikmət yaralanmış vəziyyətdə qayıdır, bir ayağını mərmi kəsib...
Qan içində ağrı çəkir:
– Bir tilsim var, bilmirəm ki, nədəndi,
Qəhrəmanlıq elə bircə an olur.
Dilimdəki bu son mahnı Vətəndi,
Zümzüməmdən neçə ürək qan olur.
Bilirəm ki, qorxum yoxdur ölümdən,
Yerim yenə ən birinci sırada.
Mərmi kəsən ayağım var əlimdə,
Avtomatla səhv salıram arada.
Son döyüşdü, bitirmişəm gülləmi,
Şəhid olub üzü bəri gələnlər.
Sanarsan ki, acımışam qurd kimi,
Aclığımı basdırıram ölümlə.
Əsgərin ölümünə yas tuturmuş kimi səhnənin işıqları sönür... Qaranlıq...
Səhnəyə bir qadın gəlir. Şəhid anasıdır. Ananın harayı eşidilir:
– Mən dağ görməmişəm bu dağdan betər,
mən hələ bu boyda dərd görməmişəm.
Mən hələ, mən hələ bu günə qədər
bu xalqı bu qədər mərd görməmişəm.
Gördüm, İlahi...
Dünyada nə qədər zülm var, ah var,
dünyada nə qədər sönmüş ocaq var.
Dünyada nə qədər şər var, günah var,
yaşlı göz, xəstə ruh, soyuq qucaq var.
Vardım, İlahi...
Nə qədər gözlədim, gözlədim elə,
dünya taleyimə başın buladı.
Nə yaxşı, sükanı saxladım belə,
Nə yaxşı, deyirəm, axır, uladı
Qurdum, İlahi...
Hələ dirçəlirəm, hələ qalxıram,
bu zəfər tarixim hələ körpədi.
Açıqdı məzarım, qanlıdır yaram,
Təpədən-dırnağa qəlpə-qəlpədi
Yurdum, İlahi...
III Pərdə
Bir nənə də öz sandığının başında, qaçqın düşəndə evindən gətiribdi bu sandığı,
otuz ildi o sandığın geri qayıdacağı günü gözləyir. Nənə mürgüləyir.
Sonra hüznlü bir musiqi, səhnəyə dörd qara paltarlı qadın gəlir...
Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik SÜKUT...
Qatarlar, gəmilər, avtomobillər fit verir...
I qadın
Sükut... fit səsləri... uçunur bədən,
Vətən qarşısında sən üzüağsan.
Bu dərin, bu ağır sükut içindən
Uca bir vəhy gəlir, deyir ki, sağsan!
II qadın
Bu bir dəqiqəyə sığmayan nə var?
Şəhadətin haqdı, zəfərin haqdı.
Vətəni uğrunda ölən oğullar,
Ölümün özünü ucaldacaqdı.
III qadın
Yox, yox! Hüzn yoxdu, qürur var ancaq!
Bir də ruhunuza şərəf, ehtiram!..
Haqqın şəhidləri müqəddəs qonaq,
Cənnət qapıları açılsın tamam!..
IV qadın
Sükut bir dəqiqə, haray milyon il,
İnsan bu sükutda özün unudur.
İki min yeddi yüz səksən üç şəhid...
Bax, VƏTƏN sözünün anlamı budur!
Mahnı dəyişir. Nənə sandığını açıb,
içindəkiləri çırpıb təzədən yığmağa başlayır,
sanki geri dönüş əlamətləri görünür.
I qadın
Nənə yenə kilid salıb açara,
Sandığında olanlara baxır haa...
Bu dəm dağlar bürünür dümağ qara,
Bu dəm düşmən Kəlbəcərdən çıxır haa…
II qadın
Qərib ürək gecələri duyuqdu,
Nənə o vaxt itirmişdi hər şeyin.
Sandığında nə vardı ki...
Nə yoxdu?
Sandığında gizləyib öz gəncliyin.
III qadın
Ədalətin tərəzisi düz deyil,
Otuz ildə nənə yüz il qocalıb.
Əsən əli toxdayıbdı elə bil,
Əlindədir evlərinin açarı.
(Nənə əllərində evin açarlarını tutub)
IV qadın
İllər keçmiş, ağarıbdı telləri,
Məhkum ruhu bu sandığa əsirdi.
Nənəmizin qabar tutmuş əlləri
Neçə ildi bu gün üçün əsirdi.
Birdən çox uzaqlardan sanki “Sarı gəlin” havası səslənir, qadınlar rəqs etməyə başlayır…
Nənə öz-özünə zümzümə edir:
“Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin...”
Mahnı səsi kəsilir, nənə bu dəfə hər şeyini itirmiş, qeyzlənmiş kimi:
– Bəli...
Deyirlər, “Arxalı köpək qurd basar”,
Bu basqın, bu talan nə vaxt bitəcək?
Göynəyən ürəyim, çətin ki, susar,
Oğullar Vətəni xilas edəcək,
Bu basqın, bu talan onda bitəcək!
Bitəcək bir xalqın qara günləri,
Alnındakı ləkə silinəcəkdir.
Kim kimdir, nəçidir, soy-kökü, yeri,
Nəsil-nəcabəti bilinəcəkdir.
Torpağın sahibi dönəcək geri,
Axır ki, arzumuz haqqa yetəcək.
Günəş qızdıracaq həmin günləri,
Bitəcək fəryadım, ahım bitəcək.
Sonra əlini ağarmış saçlarına çəkib əlavə edir:
Ədalətin tərəzisi düz deyil,
Kim nahaqdı, kim haqlıdı, bilinməz.
Bu otuz il yurd-yuvasız ötən il
Saçlarımda dən olubdu, silinməz.
Hanı mənim topdağıtmaz ocağım?
Həm talandı, həm də viran olundu.
Üç min oğul qurban verdi gəncliyin
Göz qırpmadan bu azadlıq yolunda.
Bu sandıqda nə gəzirəm, axı nə?
Ağrı ilə dolub-daşır gen sinəm.
Hər şeyimi sığdırmışam içinə,
Gözüm kimi qorumuşam onu mən.
***
Qalib bir ölkənin qalib əsgəri qürurla,
əlində bayraq, marş sədaları altında fəxrlə addımlayır.
Səhnə arxasında da xoş bir səslə sevgili bir qız səsi gəlir.
Yasəməndir:
Qələbə müjdəli dilək
daşıyar əsgərim mənim,
Yağma yağış, əsmə külək,
üşüyər əsgərim mənim.
Qaçmaz savaş meydanından,
Ümman olsa da qanından.
Qəhrəmanlıq dastanında
yaşayar əsgərim mənim.
Öz toruna düşdü yağı,
Yayıldı zəfər sorağı.
Sancdı üçrəngli bayrağı
Şuşaya əsgərim mənim.
Hikmətin ölməz ruhu canlanır...
Monoloq əvəzi...
Müharibə başladı, bitdi bu müharibə,
Neçə atalar getdi, neçə oğullar getdi.
Gedib düşmən bağrına vurdular neçə zərbə,
Nə yaxşı, tez başladı bu savaş, tez də bitdi,
Neçə atalar getdi, neçə oğullar getdi...
Müharibə başladı, qanadlandıq sabaha,
Yeganə xalq idik ki, bu xəbərə sevindik.
Yoxdur "Qarabağ" adlı bir münaqişə daha,
Bizimçün halal olan bu zəfərə sevindik,
Yeganə xalq idik ki, bu xəbərə sevindik.
Kəndlər alındı bir-bir, gözlərimiz sevindi,
Artdı Şəhid xəbəri, ürəyimiz ağrıdı...
Neçə qəhrəman oğul gen düşdü öz səfindən,
Kədərləndik, doğrudu, qüssələndik, doğrudu,
Şəhid xəbərlərinə ürəyimiz ağrıdı...
Anaların duası yetişdi haqq yerinə,
Müharibə başladı, bir olduq, birlik olduq.
Qədəm basdı Ordumuz yeni zəfərlərinə,
Biz qürurlu xalq kimi savaşlarda doğulduq,
Müharibə başladı, bir olduq, birlik olduq.
Dostlar baxıb sevindi, düşmənin gözü çıxdı,
Axır, şər yuvasını dağıtmağı bacardıq.
Şuşadan biz qovmuşduq, Laçından özü çıxdı,
Düşməndən, necə lazım, qisas aldıq, öc aldıq,
Axır, şər yuvasını dağıtmağı bacardıq.
Yasəmən xarıbülbül obrazında. Hamı onun ətrafına toplaşır.
Pərdə yenidən işıqlanır və qapanır.
Yasəmən önə çıxır, son dua kimi bu bir bəndi səsləndirir:
– Ölçülməzdi Şəhidliyin dəyəri,
Bir qəlb sönər, alovlanar min ocaq.
Qar altında son nəfəsim göyərir,
Yazağzında XARIBÜLBÜL olacaq.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)


