Super User

Super User

Bazar ertəsi, 10 Aprel 2023 14:15

Ucarda ədəbiyyat tədbiri keçirilib

Gənc yazıçı Habil Yaşarın Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxanasında oxucularla görüşü keçirilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalına Habil Yaşarın verdiyi açıqlamaya görə, öncə kitabxananaın müdiri Bəsirə Abbasova tədbiri açıq elan etmişdir. Sonra Ucar Rayon Əlikənd kənd kitabxanasının direktor müavini Lalə Hacıyeva müəllif haqqında öz düşüncələrini bildirmişdir. 

Daha sonra oxucular çıxış edərək Habil Yaşara öz arzularını diləmiş, həmçinin yazara yaradıcılığı ilə bağlı müəyyən suallarını da vermişlər. 

Sonda müəllif tədbirin təşkil edilməsi ilə bağlı rəhbərliyə, eyni zamanda oxuculara öz dərin minnətdarlığını bildirmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı ustad şair Ramiz Qusarçaylının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev barədə yazısını diqqətinizə çatdırırıq. 

 

 

Vətən torpağının əzəmətini əks etdirən relyef formalarından biri də dağlardır,-Şahdağ, Babadağ, Tufandağ, Qoşqar, Kəpəz, Qilincdağ, Çiçəklidaq, Odundağ, Göyəzən kimi bir-birindən gözəl və bənzərsiz  dağlar…

Mənə elə gəlir ki, Vətənin dağ ürəkli, dağ sevdalı alimləri, şairləri, rəssamları, bəstəkarları da doğulduğu ərazinin dağlarına bənzəyir. Elə Səməd Vurğunun “göylərə baş çəkən” Göyəzən dağı kimi…

Bu gün doğum gününü qeyd etdiyimiz dəyərli ziyalı dostumuz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev də mənə elə böyük şairimizin vəsf etdiyi Göyəzən dağına bənzəyir,- öz zirvəsi, öz aşırımı, öz yalı, öz yamacı, öz ətəyi olan Göyəzən dağına…

Yusif müəllim düşünürəm ki, öz elmi yaradıcılığı ilə yanaşı səmimiyyət və ünsiyyət mədəniyyətiylə də Qazaxdakı Göyəzən dağını Qubadakı Şahdağ dağ silsiləsinə qovuşdura bildi.

Qubaya gəldiyi günün ilk anından qubalı olmaq bacarığı ilə hamımızın dostuna çevrilən və mənim üçün həm də Avşar olaraq doğmalaşan Usuf kişini ürəkdən təbrik edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Bazar ertəsi, 10 Aprel 2023 16:30

Tatar ədəbiyyatı nümunələri çap olunub

Tatarıstan Respublikasının Dövlət Şurasının deputatı, Xalq Şairi, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zəydulla bir neçə gündür ki, ölkəmizdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının layihəsi əsasında düzənlənən iki kitabın təqdimatı keçirilib.

Azərbaycan türkcəsinə İlqar Türkoğlunun çevirdiyi  Rkail Zəydullanın povest və hekayələrindən ibarət “Ağ yapıncılı qoca”, eləcə də “Çağdaş tatar hekayələri antologiyası” kitablarının təqdimatında ədəbiyyat xadimləri iştirak ediblər. 

Həm kitabların mahiyyətindən söz açılıb, həm də iki qardaş xalq arasındakı münasibətin inkişaf tendensiyasından bəhs olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin qeydlərini dərc edir

 

 

Dünyada ikiyə bölünən bütün xalqlar bunu öz dövlət adlarında nümayiş etdirir, bir növ, bölünmə faktını daim göz önündə saxlayırlar. Şimali və Cənubi İrlandiyalar, Koreyalar buna sübut deyilmi? Yalnız bir hissəsində müstəqil dövləti olanlar da həmin hissənin adında coğrafi göstəricini daşıyırlar. Məsələn, Şimali Makedoniya kimi. Amma biz - şimallılar 1991-ci ildə dövlət müstəqilliyimiz elan olunanda dövlətimizin adını Şimali Azərbaycan qoymağa cəsarət etmədik. Cənubi Azərbaycana ağalıq edən İrandan çəkindik. 

Bu gün tarixi səhvimizi düzəltmək üçün gözəl fürsət yetişib. İran bizə qarşı açıq düşmənçiliyə keçdiyini Ermənistana silah verməsi, sərhədlərimizdə hərbi təlimlər keçirməsi, 44 günlük müharibədən sonra azad etdiyimiz sərhədyanı torpaqlarımızda kommunikasiya qurmağımıza hər cür maneçilik törətməsi, səfirliyimizə silahlı basqın etməsi, Azərbaycanın ürəyi sayılan Təbrizdə erməni konsulluğu açmaq cəhdi, cənublu soydaşlarımıza qarşı təzyiq və təhdidləri artırması ilə müstəviyə çıxarıb.

Azərbaycan dövlətinin adını Şimali Azərbaycana dəyişmək zamanıdır, məhz bugünlərdə bunu etməsək cənublu soydaşlarımızın assimilyasiyasına göz yumacaq, onların fars rejimini devirib azadlığa qovuşaraq ikiyə bölünmüş Azərbaycanın birləşməsi istəklərinə təkan verməmiş olacağıq.

Nəzərə alaq ki, bu gün İran dünya gücləri üçün də persona-non-qrataya çevrilib, bu dövlətin dağılması planı dünya güclərinin masası üzərindədir. 

Heç vaxt belə fürsət olmayıb, bu fürsətdən yararlanmasaq tarix bizləri bağışlamayacaq! 

Biz Azərbaycanın deyil, Şimali Azərbaycanın vətəndaşlarıyıq! 

Yaşasın Bütöv Azərbaycan uğrunda haqq savaşımız!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Xəbər verdiyimiz kimi yay tətilindən sonra ən böyük incəsənət hərracı Pablo Pikassonun bir tablosunu satəşa çıxaracaq və ümumən  ölümündən 50 il sonra da Pikassonun incəsənət əsərlərinə böyük dəyər verilməkdədir, rəssamın özü isə əvvəlki kimi ən populyar fırça ustalarından biri olaraq qalmaqdadır. 

 

 “The Economic Times” nəşri xəbər verir ki, “Agence France-Presse”in hesablamalarına görə, ispan rəssamın 5 əsəri 100 milyon dollardan, 16-sı – 50 milyon dollardan və 39-u – 30 milyon dollardan yuxarı qiymətə satılıb. Pikassonun ən iri hərrac nailiyyəti 1955-ci ildə çəkilmiş “Əlcəzairli qadınlar” (“O” seriyası) adlı rəsm olub. 

Son 20 il ərzində Pikassonun digər iki əsəri - “Qəlyanlı oğlan” və “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” rəsmləri bir rəssamın hərracda satılan incəsənət əsərlərinin sayına görə rekord qazanıb. Orta hesabla hər il hərraclarda fırça ustasının 3 minə yaxın əsəri satılır. 

Qeyd edək ki, kubizmin banisi sayılan Pablo Pikasso dünyada ən bahalı rəssamdır. O, həmçinin heykəltaraş, qrafik, dizayner, keramikaçı-rəssam və teatr tərtibatçısıdır.

 

Şəkildə: “Əlcəzairli qadın” rəsmi

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Bazar ertəsi, 10 Aprel 2023 15:00

“Göyə çöp daşıyan bir quşam, ana…”

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında şair Əlizadə Nurinin “Göyə çöp daşıyan bir quşam, ana…” şeirini təqdim edir

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün…

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana…

 

Göy üzü göstərin, baxım bu gecə,

Axan ulduz ilə axım bu gecə…

Özümü tutacaq ahım bu gecə-

Mən bu gün özümə qarğışam, ana.

 

Sərhədi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib…

Xaraba tikənə xəbər eyləyin-

Mən bu xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş,

Ölüm-iynə imiş, ömür-sap imiş…

…Verdiyin süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Rəsm qalereyası:Aynur Govasary, Hərəm seriyası, “Cariyə”

Xəbər verdiyimiz kimi, bu gün saat 12-də Azər Paşa Nemətovla vida mərasimi keçiriləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında. Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə görkəmli rejissorun həyat yolu barədə bilgi verəcək. 

Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıclıq istiqmətini dəyişib. 

1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 

1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 

1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 

1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 

1991 və 1996-cı illərdə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 

2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 

2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.

Onun barəsində çox danışmaq olar. Bizsə sadəcə ortaya çıxardığı bir iş barədə danışacağıq.

 

“Danabaş kəndinin məktəbi”

 

Azər Paşa Nemətin ilk işi ölməz Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi» oldu. Bütövlükdə düzgün formamalaşmamış teatr prinsiplərini, köhnəliyi, zamanla ayaqlaşmayan metodları rədd edərək, eyni zamanda  meydan teatrının prinsiplərindən qidalanan, çağdaş teatr prosesi ilə ayaqlaşan tamaşalara quruluş verməklə milli teatrımızda yeni dönəmin başlanğıcını qoydu. Tamam yeni, fəqət  milli teatr ənənələrinin ən baxımlı cəhətlərini qoruyan rejissor bu tamaşada da çalarlı və çoxcəhətli yanaşmanı ortaya qoya, kollektivin bütünlüklə yaradıcı potensialını üzə çıxarda bildi. Yeni forma və təfsir geniş yaradıcılıq diapazonuna malik aktyorların istedadlı ifaları ilə uğurlu alındı.

A.Nemət yüksək sənətkarlıqla, həssaslıqla ədəbi materiala yanaşaraq, müəllif fikrini, amalını əsas tutmuşdu. Pyesin özündən, daxili quruluşundan doğan tamaşanın səhnə poetikası daxilində əsərin süjet xəttini daha da canlandırmaq, hadisələrin başvermə məkanının təbii və milli koloritlə uyğunlaşması üçün canlı auranı yaratmaq cəhdləri aydın sezilirdi. Çoxcəhətli, çoxproblemli tamaşa dinamika və təfsirdən doğan temp hesabına maraqlı və baxımlı alınmışdı. Rejissor mövzuları olduqca incə və səhnə hadisəsinə uyğun tellərlə bağlayaraq bütövlük yarada bilmişdi. Hadisələrin inkişafı, ardıcıllığı bir-birini tamamlaya və doğura bilirdi.

Azər Paşa Nemət Mirzə Cəlilin ruhunu, gülüşünü düzgün qiymətləndirərək, bunu tamaşada saxlaya və inkişaf etdirə bilmişdi. Komediyanın meydan tamaşaları, el oyunları ünsürləri ilə üzviləşməsi görüntünü daha baxımlı və bədii cəhətdən güclü edərək, tamaşaçını həqiqətən güldürərək düşündürə bilirdi. Hərəkətlər, oyun tərzi elə xalqın özündən, minilliklər öncə yaratdığı teatr formasından gəldiyi üçün daha yaxın, daha məhrəm idi. Məkan təkcə  geyimlərlə, dekorlarla, danışıqlarla deyil, bütövlükdə ifalarla və yozumla aydınlaşırdı. Tarixən Azərbaycan öz sosial-siyasi problemlərini meydan tamaşalarında səmimi gülüşdən sonra yaddaşında ilişib qalan gerçəklik kimi görməyə alışdığı üçün bu üslub, forma tamaşaçı tərəfindən qəbul edilirdi. «Danabaş kəndinin məktəbi»nin də uğuru məhz səhnəyə tamam yeni nəfəsin gəlməsində idi.

Komediya olması ilə bərabər tamaşadakı ziddiyyətlər, təzadlar obrazların  xarakter ziqzaqları, mürəkkəb psixoloji məqamlarında bütün sərtliyi ilə ifadə edilirdi. Bununla da elə həyatın özü göstərilirdi. Real həyatın mürəkkəbliyi, çoxcəhətliliyi, müxtəliflikləri bir-birini əvəz edən psixoloji məqamlarla, lirik haşiyələrlə, komik epizodlarla və kəskin ziddiyyətlərlə ifadə edərək, daha təbii, real görünürdü. Rejissor bu müxtəlifliyi təkcə təbii aktyor oyununun öhdəsinə buraxmırdı. Quruluşda kəskin keçidlər, kino estetikasına aid olan quraşdırmalar və hadisələrin bir neçə planda gedişini əks etdirirdi. Belə fəndlər tamaşanı daha da dinamikləşdirirdi. Aktyorların başqalşmanı, obraza daxilolmanı birbaşa səhnədəcə etmələri meydan tamaşalarından bəhrələnmiş metod kimi bugünkü teatr estetikasına tabe etdirilməklə ifanı daha təsirli, inamlı edirdi. Səhnədə geyimlərin asıldığı asqılıq və aktyorların obrazlarını təsirli etmək üçün bir neçə elementi bu asqılıqdan götürməsi səhnə həqiqəti və həyat həqiqətinin yaxın olmasını daha böyük incəliklə göstərirdi.

Azər Paşa Nemət qədim teatr ənənələrini yalnız göstəri naminə yenidən səhnəyə gətirmir, onun Avropa teatr estetikası və poetikası ilə tamam fərqli vəhdət düsturunu ortaya qoyurdu. Meydan tamaşalarının poetikası və estetik çalarları yeni yozumda, yeni düşüncədə səhnəyə çıxarılırdı. Əkinçinin yer şumlamasını olduqca maraqlı şəkildə təqdim edən rejissor, kotanı dartan öküzü başına buynuz qoymuş aktyorun ifasında versə də, əkin ritmi və plastika real vizual görüntü yaradırdı. Bu kotanın səhnənin bir tərəfindən digərinə ləngərli hərəkəti o qədər inadırıcı və eyni zamanda təəccüblüdür ki, tamaşaçı öz xəyalında əsl mənzərinin necə olduğunu canladıra bilirdi. Göz önündə iki estetikanın birləşməsi baş verirdi.

Aktyorların, tamaşa başlanarkən adi bir vətəndaş kimi Cəlilsayağı yumor və nisgillə nə vaxtsa ucqar kəndlərdən birində baş verənləri danışması və hadisələri canlandırmaq üçün səhnədəcə görkəmlərini dəyişib, asqılıqdan müxtəlif detallar götürərək dərhal başqalaşmaları və bu hadisədə iştirakı olmayan digər aktyorların indinin şahidi kimi seyrləri, səhnədə nağılçı, iştirakçı və seyrçi üçlüyünü, onun üzvi vəhdətini yaradırdı.

Əsərin ideyası səhnə bədiiliyi ilə qabardılırdı. Tamaşada nə obrazların, nə səhnələrin xüsusi qabardılması yox, bunların birliyinin üzə çıxması baş verirdi. Əvvəldə məmurların gəlişini canlandıran səhnədə aktyorlar obrazların çaşqınlıqlarını, təşvişlərini, qorxularını, təəccüblərini daxili psixoloji yaşantılarla, mimikalarla çatdırırdılar. Tamaşaçı bütün hiss həyacanı ilə səhnədəkilərə inanır və onu bilincindən, düşüncəsindən keçirirdi. Bu səhnədə Kərbəlayi Mirzalı – Ağaxan Salmanov,  Kəblə Heydər – Nazim İbrahimov, Əsəd – Yasin Qarayev, Qasım baba – Mübariz Əlixanoğlunun ifaları təbii və təsir ediciliyi ilə seçilirdi.

Rus məmurlarının dilmancı, Vahid Əliyevin ifasında komik məqamlarla, müxtəlif çalarlarla, gerçəkliklə təqdim olunurdu. Naçalnik – Süleyman Ələsgərovun, Molla Mövlamverdi – Məmmədağa Dadaşovun ifaları olduqca rəngarəng və çalarlı olduğundan yaddaqalan idi. Hər iki aktyor ifalarına təbiilik, özünəməxsusluq verməklə bərabər çeşidlilik və psixoloji çalarlar baxımından müəllif amalını üzə çıxarmağa xidmət edirdilər.

Bütövlükdə yaradıcı heyətin Zülfəli – Əlisəftar Quliyev, Səbzəli – Mübariz Həmidov, Mustafa-Loğman Kərimov, Cəfər- Musa Eyyubov, Həsənqulu – Azər Mirzəyev, Tanrıqulu Sadıq –  Sadıq Cəlilov, Qulamhüseyn – Sabir Məlikovun və b. ifaları olduqca orijinal, maraqlı və təkrarolunmaz alınmışdı. Hər bir obrazın xüsusi incəlikləri, daxili təzadları tamaşanın ümumi kompozisiyası ilə üzviləşmişdi. Məhz bu istedadlı aktyor heyətinin fədəkar əməyi ilə milli teatr səlnaməsində yeri olan tamaşa ərsəyə gəlmişdi.

Tamaşanın bədii tərtibatı da olduqca orijinal və maraqlı idi. Burada reallıqla şərtiliyin üzviliyi hökm sürürdü. Arxa pərdə tamaşanın özündə olduğu kimi, zaman arasının göstəricisidir. Pərdə üzərində xalqın maariflənməyə gedən yolu təsvir edilir, xalqın mənəvi, estetik inkişafı aydın sezilirdi. Danabaş kəndinin evlərinin kiçik qutu biçimində verilməsi səhnəni dərinləşdirir və çoxplanlı edirdi. Tamaşaçı vizual cəhətdən bu ümumilikdən ayrı-ayrı vətəndaşların seyrinə, sonra kəndlilərin taleyinə doğru gəlirdi. Bu görüntü effekti tamaşanın bədii gücünü artırır, onu təsirli edirdi. İstedadlı teatr rəssamı Elçin Məmmədovun səhnə tərtibatı tamaşanın ideyasından, rejissor yozumundan doğur, onu tamamlayırdı. Rəssam tamaşadakı zaman aralarını yüksək bədii fəndlərlə, dolğunluqla çatdırırdı. Həcm etibarı ilə müxtəliflik təkcə səhnəyə deyil, tamaşanın özünə dərinlik verirdi.

Tamaşanın bəstəkarı Cavanşir Quliyevin musiqiləri xalq musiqisindən qidalanan təbii, axıcı bir çağdaş səs kimi tamaşanın daha ifadəli edirdi.

«Danabaş kəndinin məktəbi» təkcə keçmişdə baş vermiş hadisəni göstərmirdi, o xalqın cəhalətdən işığa doğru keçdiyi yola nəzər salmaqla keçmişlə bu gün arasında körpü salmağa çalışırdı. Tamaşaçını, xüsusən də gənc nəsli xalqın keçmişinə, tarixinə qaytarır, müqayisə etməyə, düşünməyə çağırırdı. Məhz rejissor Azər Paşa Nemət  vətəndaş, ziyalı kimi öz yaradıcılığı ilə dünənlə bu günün, keçmişlə çağdaşın orijinal vəhdətini yaratmaqla həm görk, həm də təbliğatçı olurdu. Kütləvi sovetləşdirmə nəticəsində kosmopolit, kökündən, mənəviyyatdan uzaq, yabançı nəslin yetişməsinin qarşısını almaq, milli ənənələri yaşatmaq uğrunda Azərbaycan aydınları sərasər çalışmışdılar. 1950–  Tamam yeni, milli teatr prosesinə keyfiyyətli təsir göstərən işi ilə seçilən Azər Paşa Nemət novator, meydan tamaşalarının estetik platforması üzərində köklənən və klassik teatr zaman və məkan çərçivəsinə salınmış fərqli poetikanı səhnəyə gətirdi.

 

Şəkildə: “Danabaş kəndinin məktəbi” tamaşasından görüntü.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Azərbaycan mədəniyyətinə və teatr ictimaiyyətinə ağır itki üz verib. Milli teatr sənətində müstəsna xidmətləri olmuş görkəmli rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov dünən - aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Heydər Əliyevin 100 illiyinə həsr ediımiş Teatr forumunun vaxtı dəyişdirilib.

Bu barədə forumun təşkilatçılarından olan Mədəniyyət Nazirliyi məlumat verib. 

Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.

Azər Paşa Nemətovla vida mərasimi bu gün - aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. 

Azər Paşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.

Allah rəhmət eləsin. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Bazar ertəsi, 10 Aprel 2023 14:00

Gülnarə Xəlilova Osloda zövqləri oxşayır

Osloda tanınmış Azərbaycan kuturyesi Gülnarə Xəlilovanın “Cizgi”nin Şimal hekayələri" adlı ekspozisiyasının açılışı olub. 

 

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələri) adlı ekspozisiyasının açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovaya istinadən xəbər verir ki, tədbir Oslodakı “Azərbaycan Evi” və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub. 

Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər. 

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.