Super User

Super User

Aprelin 12-də Dmitriy Şevardnadze adına Milli Qalereyada Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi keçiriləcək.

 

AzərTAC-ın məlumatına görə, Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi rəssamın 60 illik müddət ərzində ərsəyə gətirdiyi zəngin yaradıcılığının yalnız bir hissəsini nümayiş etdirir. Sərginin kuratorları Çingiz Fərzəliyev, Könül Rəfiyeva və Məryəm Dvalidir.

Çingiz Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir. 

“Zamanın pillələri ilə” sərgisi çərçivəsində Gürcüstanda nəşr olunan sərgiyə dair kataloq təqdim ediləcək. 

Sərgidə, həmçinin Çingiz Fərzəliyevin müəllifi olduğu çoxsaylı nəfis nəşrlər, kitab və albomlar nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

“1Səhnə” prodüser mərkəzinin nəzdində fəaliyyət göstərən “Səhnə” teatrında R.İbrahimbəyovun “Şirəbənzər” əsəri əsasında Azərbaycanda ilk dəfə “ev teatrı” üslubunda hazırlanmış tamaşanın premyerası olub. 

 

Tamaşanın prodüseri Elçin Hacı, quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Vüqar Məmmədzadə və səs operatoru Nicat Cəbrayılovdur. 

Tamaşada teatrın gənc aktyorları Mirzə Səfərov, Nazlı Quliyeva, Kənan Balakişiyev, Rəhimə Abdinova, Məleykə Cəfərova, Elçin Əmirov, Rəvan Hüseynzadə və Elvin Abbasov çıxış ediblər. 

Yenicə tanış olmuş Rəna ilə Muradın həyatına birdən-birə rəng qatılır. Onlar anlayırlar ki, bir-biri üçün yaranmışlar. Rəna həyat yoldaşı Ramizdən ayrılıb, amma Ramiz hər şeyin bərpa olacağını düşünür və Rənanı rahat buraxmaq istəmir. Murad da subay deyil: ailəsi, üç yaşlı oğlu, uğurlu karyerası var. Murad Rəna ilə görüşə qədərki həyatının sadə vərdişlərdən ibarət olduğunu düşünür və hər şeydən imtina edib qalan ömrünü onunla bağlamağa qərar verir, amma hər iki tərəfə bağlı insanlar, ətraf, cəmiyyət var.

Aktyorların məharətli çıxışı tamaşanı daha baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır

 

Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!

 

 

               Əmir Teymurun yuxuları

 

SSRİ zəncirlərindən qurtaran respublikalar öz müstəqilliyini təldə edəndən sonra, ölkələrin öz tarixlərinə yanaşmaları da dəyişdi. Özbəkistan, eləcə də digər respublikaların tarixçiləri, arxeoloqları Fateh Teymuru və onun dövrünün həqiqətlərinin üzərini toz basmış arxivlərdən çıxarıb, sirr və qürur dolu tarixi olduğu kimi qələmə almağa başladılar. Hətta qolları  dirsəyə qədər türk qanına boyanmış , barmaqlarından qan daman rus imperializminin alimləri də  deyəsən böyük sahibqiranın ruhundan və xofundan qorxub, onun barəsindəki həqiqətlərin bəzi tərəflərini olduğu kimi açıqlamaq məcburiyyətində qaldılar. Bu həqiqətlərə ilk dəfə ayna tutan Aleksandr Vorobyovun "Vokruq sveta" jurnalında "Velikiy Timur" əsəri də həmin illərdə senssaiya yaratdı.  Mənbələrdə və Əmir Teymurun öz Tüzüklərində yazılır ki, o Məhəmməd peyğəmbər (S nəslindəndir. Onda bir övliyalıq və ilahi qüvvə var idi. Hətta Teymur da öz yazılarında müqəddəs ruhlarla görüşdüyünü etiraf edir, ona bir çox xəbərdarlıqların yuxuda verildiyini qeyd edirdi.  

 

                   Əmir Teymurun Tüzüklərində yazılır:

 

"Bir dəfə yuxumda gördüm ki, böyük bir çaya böyük tor atdım, tor bütün çayı tutdu. Toru cayın kənarına çəkəndə baxdım ki, çaydakı bütün heyvanlar və balıqlar oradadır . Münəccimləri saraya çağırıb mənasını soruşdum. Dedilər ki, bu böyük və şərəfli bir şahlıq deməkdir. O qədər güçlü bir şahlıq ki, dünyanın bütün xalqları hakimiyyətim altında olacaq". Bundan sonra Şeyx Kamalın məsləhəti ilə yenə övliya Kulyalın yanına getdim. Məni xoş üzlə qarşılayan övliya dedi ki, get, padşahlıq, qələbələr və hakimiyyətlər səninlədir. Xeyir dua verib əlavə etdi ki, bu padşahlıq mənim nəslimdən nəslimə keçəcək. Bu görüşdən sonra mən nə edirdimsə, ancaq xeyir və uğurla qarşılaşırdım. Allah mənə həmişə kömək olurdu. Rumun paytaxtına yürüş etməzdən əvvəl, qələbə qazanmaq üçün Şeyx Yasəvinin məqbərəsini ziyarət etdim. Orada bir yuxu gördüm. Şeyx Yasəvi yuxuda mənə dedi ki, bir işi başlamazdan əvvəl, çətin vəziyyətə düşəndə, narahatlığın olanda bu bəndi oxusan, həmişə xilas olacaqsan:

 

   " Sən ey gecələri gündüz eləyən, Allahım,

    Sən quru torpaqları gülüstana döndərən, Allahım,

    Bütün müşkülləri asan eləyən , Allahım,

    Bu çətin işimdə mənə kömək ol".

 

Bu dörd sətri əzbərlədim. Keysərlə döyüşə çıxmazdan əvvəl 70 dəfə oxudum və qələbə qazandım.

Görəcəyim işlərin, etdiyim yürüşlərin hər birinin sonluğu mənə yuxularımda əyan oldu. Tuqluk Teymur Məvarənnəhrə gəlməzdən əvvəl belə bir röya gördüm ki, bir böyük şahin uçaraq biləyimin üstünə qondu. Elə bu zaman çoxlu inək sürüsü də gəldi, mən onları sağmağa başladım. saray münəcimləri, yuxuyozanlar dedilər ki, şahinin biləyimin üstünə qonması əzəmət rəmzidir, inək sürüsü isə var- dövlət və mənfəətdir. Həqiqətən də Tuqluk Teymurun gəlib mənə qoşulması hakimiyyətimin möhkəmlənməsinə və mənfəətimin artmasına səbəb oldu.

Bir dəfə isə yuxumda guya Səmərqənddən  ağlaya-ağlaya qaçar bir qara qarğa çiynimə qonduğunu gördüm, hər tərəfdən isə üstümə qara milçəklər hücum çəkdi. Milçəkləri qovub ,yuxudan ayıldım... Gördüyüm yuxudan az müddət keçdikdən sonra, Tuqluk Bahadırın ordusunun min atlısı ilə mənim üzərimə hücuma keçdi. Başa düşdüm ki, yuxuda ağlamağım və qara qarğa - gələn bəladan xəbər verirmiş. Çoxlu milçək isə Tuqluk Bahadırın dəstəsidir... Bu döyüşdə də sona kimi vuruşaraq, onun ordusunu darmadağın etdim".

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Müxəmməd Haqverdinin şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

 

Müxəmməd HAQVERDİ

 

 

ETÜD

 

Mayın ortasında,

Təəccüblü olsa da,

Qızmar istinin izi ilə

Soyudu hava.

Bir azdan külək əsdi,

əsdi, əsdi...

Qara-boz hava

Bir az da

Qaraldı.

Axşam yağış yağdı,

O da çox yox ha,

Bir az,

Dəqiqə olmaz.

Göydən ay gülümsədi

Yağışdan sonra

Sakitləşdi gecə...

Elə bil ağappaq sükut

Uddu gecəni.

 

 

***

 

Bulud kimi dolanda

Yaşamağa yerin ola.

Yağasan, yağasan...

Boşalanacan.

Sonra da uçmağa

Göylərin ola,

Uçasan, uçasan...

Quş olanacan.

Nəfəs dərməyə

Otağın ola,

Şeir yazmağa

Hücrən.

Çiçək açmağa

Budağın ola,

Xöşbəxt olmağa

Gecən.

 

 

YAŞANTI

 

Bir az saçımın

Ağlığına,

Bir az alnımın

Qırışlarının sıxlığında,

Atamın yoxluğunu da

Alışdım.

Hərdən

Məndən kiçiklər

Qoca deyəndə

Acığım qaynardı,

Yavaş- yavaş

Daha acığım soyuq,

Alışdım,

Dözə-dözə

Ümidimə dirsəklənə-dirsəklənə

Ömür yaşayıram

Üzü sabaha.

 

 

Sübh çağı

 

Gecənin ulduz naxışlı

Köynəyi,

Didilər, süzülər...

Anların axarında.

Çılpaqlaşan gecə,

Mürgülü səma

Sübhü eynək kimi

Gözünə taxar...

Bu gözəlliyə,

Bu ilahi ana

Mən baxaram,

Bir də göydən Allah baxar.

Qalmışam gözləyə-gözləyə –

Bəxtimin,

Həsrətimin

Səhəri açılsın deyə.

 

 

HƏQİQƏT VƏ YALAN

 

Həbsdən çıxan

İnsan kimi

Həqiqət sısqa,

Üzgün.

Yalan isə

Şişmiş

Qabaritini

İtirmiş birisi.

Tərəfdaşı çox,

Gileyi yox...

Təpkisi az...

Yaşayır kefli-kefli –

Həqiqətin təzyiqini,

Şəkərini

Artıra-artıra.

 

 

HƏR GÜN

 

Günümüzün

Neçə saatı

Saata baxmaqla

Keçir, görən?

Neçə saat sərf edirik

Darıxmağa,

Tələsməyə,

Dözməyə...

Dəqiqələri az qala

Gözümüzlə çəkirik

İrəli.

Tez “aparsın” deyə bizi...

Beləcə,

Hər gün saat-saat enirik axşama

Saat- saat qalxırıq

Ömrümüzü.

 

 

LİRİK ETÜD

 

Günəş günün sahilində

Qərib çağı,

Qürub çağı...

Üfüqə boylanan

Nəhəng

Al – qırmızı kürənin

Qırmızı təbəssüm

ələyən şüaları

közərdib əridəcək,

itəcək üfüq,

sozalacaq işıq...

Tünd  – qara səma

Sakit-sakit

Göyün nur çiçəklərini –

Ulduzları bitirəcək.

 

 

***

 

Səmada buludların

Naxışı

Təzələnir hər gün,

Bir- birinə bənzəmir

Göylərin təbii ekranı.

İnsana sevgidir

İlahinin rənglədiyi

Göylərin hər anı.

Tanrı düşündürür bizi,

Özünün  

Üfüqdən-üfüqə  uzanan,

Azman tablosuynan.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

 

Çərşənbə axşamı, 11 Aprel 2023 11:15

Sənmisən röyamda məni öldürən?

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikaaından ən yaxşı şeir seçmələrini sizin diqqətinizə çatdırırıq. 

Sırada Arğın Paşadır. O, “Baxıram” deyəcək.

 

 

Gözündə bir qorxu, min bir həyəcan,

İlahi nə duyur xəyalən görən?

Könlündə yaşıl və sıcaq bir muğan,

Sənmisən röyamda məni öldürən?

 

Bir olay sındırıb yenə vüqarı,

Keçmişi büsbütün itirdim daha.

Qaldırıb içimdə yetim divarı,

Çəkilir kimliyim bu gün, sabaha.

 

Gəlib gözlərimin önündə durub,

Baxıram könlünün pəncərəsindən.

Gəlişin sevinci beynimə vurub,

Qopardın tənimi yer kürəsindən.

 

Gözlərin gözümə zillənən çağı,

Elə bil köksümdən güllə sovuşdu.

Dodağın bir anlıq güllənən çağı,

Sürəkli qışımdan çillə sovuşdu.

 

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

Çərşənbə axşamı, 11 Aprel 2023 10:45

Günün sitatı Rəşad Məciddəndir

“Ədəbiyyat və incəsənət” portalı 11 aprel gününün sitatını təqdim edir. Bu günkü sitatın müəllifi gözəl şairimiz, Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məciddir. 

 

“Həqiqi istedadlar həm də böyük ürək sahibi olurlar, kini, nifrəti gizləyə bilir,  bağışlamağı bacarırlar”.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Uğur şərtləri barədə danışmaqda davam edirik.

 

 

Bu bölümdə siz kompaniyanızın təklif edəcəyi məhsul və ya xidmət növlərini dəqiq müəyyən etməli və təsvirini verməlisiniz. Burada sizin məhsulun və ya xidmətin istehsalı üçün tələb olunan texnologiyanın bəzi aspektlərini göstərmək lazımdır. Bu hissənin aydın, dəqiq, qeyri-mütəxəssis üçün anlaqlı dildə yazılması vacibdir. Bu bölüm işlənilərkən bir sıra suallara son dərəcə dəqiq cavab vermək lazımdır.

·        Sizin məhsul hansı tələbatları ödəmək üçün nəzərdə tutulub?

·        O nə ilə seçilir, alıcılar onu niyə digər kompaniyaların təklif etdikləri əmtəələrdən  fərqləndirəcək və ona üstünlük verəcəklər?

·        Siz nə üçün bu məhsulu və onun reallaşması üçün bu yeri və bu zamanı seçmisiniz? Onlar sizin üçün nə ilə cəlbedicidir?

·        Əmtəənin həyati dövriyyəsi necədir, başqa sözlə, mənəvi köhnəlmə nə dərəcədə tez baş verəcək?

Əgər sizin biznes-planda yüksək texniki məmulatdan söhbət gedirsə, satışdan sonrakı servis sistemini xarakterizə etməyi unutmayın. Bütövlükdə biznes-planın bu bölümündə alıcıya məmulatı alarkən ona təklif olunan əlavə xidmətlər kompleksini, yəni firmanın buraxdığı əmtəənin başqa firmaların buraxdıqları analoji əmtəələrlə rəqabət mübarizəsində qazandığı əlavə «yardımı» təsvir etməyə çalışın. Çünki Harvard Universitetinin məşhur professoru Teodor Levitt demişkən, «bugünkü rəqabət – firmaların öz zavod və fabriklərində istehsal etdikləri əmtəələrin bir-biri ilə apardıqları rəqabət deyil, onların öz məhsullarını əlavə olaraq qablaşdırma, xidmət, reklam, müştəri konsultasiyaları, maliyyələşdirmə, tədarük xüsusiyyətləri, anbara yığma üzrə xidmətlər və insanların qiymətləndirdiyi digər şeylər arasında gedən rəqabətdir».

Biznes-planın bu bölümünün yekun ştrixləri əmtəənin ehtmal edilən qiyməti, onun istehsal xərcləri və hər əmtəə vahidinin gətirəcəyi gəlirin ölçüsü haqqında məlumatlar məcmusudur.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

 

Dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin aprel ayında Lozanna, Brüssel, Venesiya, Mərakeş, Avstriya və Fransada sərgiləri və konfransları keçiriləcək.

 

Bu barədə fotoqraf mediaya məlumat verərək bildirib: “Sərgi və konfranslarda otuz il ərzində Azərbaycanda baş verənlər, Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqqında danışacağam. Qarabağ həqiqətləri dünyada böyük rezonans doğurmalıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

“Ədəbiyyat və incəsənət” bu adı dəfələrlə çəkib. Fəxrəddin Qurbanov (Qasımoğlu)! O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıdır. Polkovnik-leytenant 30 ildən çoxdur ki, Azərbaycanın daxili işlər orqanlarında çalışır və bu müddətə rəğmən, bütün məsuliyyəti və peşəsinə olan sevgisi ilə çalışmaqda davam edir.

 

Bu yaxınlarda onun “Son gecə” romanının ardınca növbəti - ikinci kriminal detektivi cap olunub. “On ikiyə işləmiş...” adlı bu kitabın da maraqla qarşılanacağı şübhəsizdir.

“Ədəniyyat və incəsənət” portalı Daycest bölümündə Fəxrəddin Qurbanovun Oxu.Az-a verdiyi müsahibəsinin maraqlı məqamlarını diqqətinizə çatdıracaq.

 

Fəxrəddin Qurbanovun kitablarında həqiqi cinayət işlərinin epizodlarından bəhs edilir. Yazıçı 30 il ərzində daxili işlər orqanlarında topladığı təcrübədən istifadə edir, amma əsərdə yer alanlar, əsasən, təxəyyülün məhsuludur. Oxucuya təkcə cinayətin tarixi yox, həm də bu cür hallarda özünü necə müdafiə etməyin lazım olduğu barədə məlumat verir. 

Qəhrəmanımız uşaqlıqdan oxumağı, xüsusən də detektiv janrlı kitabları sevir. Fəxrəddin Qurbanov hesab edir ki, növbəti maraqlı detektivi oxuduqdan sonra ona ilk kitabını yazmaq ilhamı gəlib. 

 

- Kitabınız nə barədədir?

- Roman polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizəsindən, onların istefaya çıxdıqdan sonra da həyatlarını həsr etdikləri bu yolda əqidələrinə sadiq qalaraq mübarizə aparmalarından bəhs edir.

Romanın süjet xətti biri otuz il əvvəl, digəri isə yenicə törədilmiş iki qətl hadisəsinin paralel olaraq araşdırılması üzərində qurulub. Əsərin baş qəhrəmanı, mayor rütbəsində istefaya çıxdıqdan sonra fəaliyyətini detektiv kimi davam etdirən peşəkar polis zabiti Bəxtiyar Nəzərlinin bu araşdırmalar zamanı hər iki cinayətin açılması istiqamətində istifadə etdiyi üsullar, düşünürəm ki, oxucu üçün çox maraqlı olacaq. Onun psixoloji və məntiqə söykənən gedişlərinin həm səbəbləri, həm də nəticələri bir çox hallarda əsərin sonunadək oxucu üçün müəmma olaraq qalır ki, bu da əsəri daha maraqlı etməyə xidmət edir.

Polis sıralarında xidmət etməyin şərəfli olmaqla yanaşı, nə qədər maraqlı olduğunu da gənc nəslə təlqin etməklə, eyni zamanda, cinayətkarların xislətlərini də onlar üçün bir daha açıqlamağa çalışmışam. Əsər boyu nümunələr gətirdiyim xəyanətlər, qəddarlıqlar qətiyyən mübaliğə deyil. Bu, cinayətkarların yaşam tərzidir və mən də bunu olduğu kimi göstərməyə çalışmışam.

Əsər bundan əvvəl sizə təqdim etdiyim, eyni janrda yazılmış “Son gecə” romanının davamı kimi də, ayrıca bir roman kimi də oxuna bilər. Ancaq səmimi olaraq bildirirəm ki, “Son gecǝ”ni oxuyaraq əsərin baş qəhrəmanını sevmiş və sonrakı hadisələrin necə cərəyan edəcəyini, peşəkar polis zabitinin daha hansı cinayətləri açacağını səbirsizliklə gözləyən oxucularım üçün bu kitab daha maraqlı olacaq. Bunu mənə ünvanlanmış çoxsaylı oxucu rəylərinə və onların kitabın ikinci hissəsi barədə verdikləri suallara əsasən deyirəm. 

 

- Potensial oxucunuz kimdir?

- Kitabımın hər nəslin oxucusu üçün maraqlı olduğunu deyə bilərəm. Bunu da oxucularımın rəylərinə əsasən deyirəm. Hər şeydən əvvəl bir polis əməkdaşı olaraq gənc nəslin maariflənməsinə diqqət ayırmışam, çalışmışam ki, narkomaniya və ondan irəli gələn digər cinayətlərin bütün nəticələrini oxucuya, xüsusilə də gənclərə çatdırım.

 

- Kitabınızın davamını gözləyək?

- Bəli, “On ikiyə işləmiş...” romanını başa vurduqdan sonra, düzdür, əvvəlki kitablarımda mən vətənpərvərlik mövzusuna toxunmuşam, amma bu dəfə qərara almışam ki, üçüncü romanım sırf 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan polisinin arxa cəbhədəki fəaliyyətini obrazlaşdırılmış şəkildə əks etdirən detektiv olsun. 

Bu kitab da eynilə “Son gecə”, “On ikiyə işləmiş...” romanlarının davamı və ayrıca əsər kimi oxuna bilər. Düşünürəm ki, o da digərləri kimi, oxucuların marağına səbəb olacaq. Mən bunu trilogiya adlandırardım.

Eyni zamanda, oxuculara məlumat verim ki, “Son gecə” romanı 2023-cü ilin yanvar ayında yeni tərtibatda təkrar nəşr olunaraq oxuculara təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2023)

Çərşənbə axşamı, 11 Aprel 2023 10:00

İkisi birdən

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan  klubu"nda yazıçı-şair Damət Salmanoğlunun birdən-birə iki kitabının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunlar “NƏĞMƏ DİNSİN DODAQLARDA" və "SOLMUŞ ÇİÇƏYİN TUMURCUĞU"  kitablarıdır. Bunlardan birincisində yazarın seçmə şeirləri, ikincisində hekayələri yer alıb. 

Tədbirdə AYB-nin katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi, Elçin Hüseynbəyli, yazıçı Kənan Hacı, Narıngül Nadir və digərləri çıxış ediblər, müəllif və yeni kitablar barədə xoş sözlər söyləyiblər.

Damət Salmanoğlu tədbirə qatılanlara xoş sözlərlə minnətdarlığını ifadə edib. 

 

Fotolar: Fərrux Səfəroğlu FS Press

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.