Super User

Super User

Azərbaycanda felyeton janrının tanınmış ustadı Yunus Oğuz “Ədəbiyyat və incəsənət” oxucularına növbəti felyetonunu təqdim edir.

 

Deyirəm oyan! Zaman üstündən qatar kimi yox, uçaq kimi keçir. Oyanmır. Zalım oğlu elə bil fil qulağında yatıb. Oyansa ətrafına baxacaq, diribaş qonşularını görəcək. Anlayacaq ki, dünya onun beyninə yeridilən dünya deyil. Dünya al-əlvandır; müharibəsilə, sevgisilə, nifrətilə, məhəbbətilə, yeniliyilə, köhnəliyilə. Bunları qəbul edə bilməyəcək.

Odur ki, yuxuda pıçıldayır: "Əl çək məndən! Mən dini məsələlərdə mühafizəkaram. Gərəkdir ki, insan qatı dindar, müsəlman olsun. Çarşabda gəzsin qadınlar. Kişinin qulu olsun qadınlar. Necə ki, Allahın quludur cəmi cümlə. Gərəkdir cocuqlar, qadınlar kişinin tarlasında səssiz və müti olsunlar. Heç bir yeniliyi qəbul etməsinlər. Öl desən, ölsünlər, qal desən, qalsınlar. Kişi onlar üçün yerdə Allah olmalıdır".

Görürəm yatıb yuxuda qalmış adam köhnəlikdən çıxıb, amma özlüyündə. Mollalıq edir, ölülərimizi müsəlman qaydası ilə dəfn edir, "Fatihə", "Yasin" oxuyur, salavat çevirir, amma əbasının altında telefon gəzdirir, surələri, ayələri birbaşa ordan oxuyur. Qeyri-müsəlmanların əleyhinədir, ancaq onların istehsal etdikləri komfort maşının birindən düşüb , o birinə minir. Evində, həyətində işıqdan, hamamda isə onların icad etdiyi ləvazimatlardan istifadə edir.

Soruşuram ki, ay kişi, bəs belə mühafizəkarsansa, bütün bunlardan niyə istifadə edirsən? Get cəhalətin, xurafatın dövründə qal. Telefon əvəzinə göyərçindən, maşın yerinə at, eşşəkdən istifadə et.  Evinə elektrik çəkmə. Romantik ol, evinin hər tərəfinə şam düz, ay işığında surə oxu. Hamamda tavadan, tasdan əlini çəkmə. Daha neyləyirsən kafirlərin istehsal etdiyi "Head&shoulders" şampununu, "Chanel" ətrini?

Cavab verir ki, əşi, deməyimə baxma! Bir çətən külfətim var. Onların ruzusu dindən, xurafatdan, cəhalətdən çıxır. Əlimdən başqa iş gəlir? Bir sənət sahibi deyiləm axı. Nə olsun deyirəm ki, qadınlar çarşab geyinməlidilər ki, bədən cizgiləri görünməsin. Elə onun zibilinə düşmüşəm. Çarşab görəndə ürəyim atlanır. Fikirləşirəm görən onun altında nə var, o bədən cizgiləri necədir? Odur da cocuq-coluq bədənimi zəncirləyib, əlimi-qolumu bağlayıb, bunlardan başqa heç nə fikirləşə bilmirəm...

Başqa birisinə deyirəm, oyan, gözünü aç! İndi gözübağlı yaşamaq vaxtı deyil. Dünyaya gözüaçıq bax. Dünya elm dalınca qaçır. Halal çörək qazanır. Yarıyuxulu dillənir: Nə elm, nə çörək, nə qazanc? Sən "Kazbek"i doldur qoy damağıma, ya da  qəlyanın muştuğunu dodaqlarımın arasından əksik eləmə. Qəlyanın üstündə də tiryəki bol elə. Elə et ki, hallanandan sonra haldan çıxmayım. Elm xırda şeydir. Əsas diplomdur. Gedib pul verib diplom alacam. Sonra qışqıracam ki, ali təhsilli kadrlara bu ölkədə yer yoxdur. Hallı-hallı hökumətlə məzələnəcəm. Dünyaya şikayət edəcəm. O de ...e... nə çoxdur bu hökumətdən narazı qalan dövlətlər. Birinə torpaq vermir, birindən torpaq istəyir. O birinə yol vermir, digərinə neftdən, qazdan faizi az verir..., canım sənə desin, nələr...nələr...

Qoşulacam beşinci kalona, pul göndərirlər, şey göndərirlər. Etirazımızı edib hallanacayıq. Nəyimizə lazımdır dövlət, xalq, şanlı tarixi keçmişimiz,  İndi hallı, biraz da kal olmaq lazımdır. Bədəbəddə gedib kənd toylarında qafiyə açıb, meyxana deyəcəm. Toylardan gələn pulu televizorlara buraxacam. Məşhur olacam. Pul basıb "xalq meyxanaçısı" adını alacam. Nəyimə lazımdır elm!?

Üçüncüsünə deyirəm oyan, gözünü aç, ayağa dur, silkələn! İndi ayağa durmaq vaxtıdır! Böyrünü narazılıqla yana çevirib şirin yuxusunu davam etdirir.

O da yarıyuxulu deyir ki, qarşıma çox çətin məsələ qoyursan. Ayaqda qalmaq ayağa durmaqdan çətindir. Ayaqda qalmaq üçün hansı yolla olur- olsun pul qazanmaq, yaltaqlıq etmək, ayaqda duran dizlərini kiminsə önündə qattalamaq lazımdır. Dizlərin qattalanmasa ayaqda dura bilməzsən.

Lap elə bil ayağa durdum, dediklərimi həyata keçirdim. Çoxlu pul qazandım. Bəs onları neyləyəcəm? Əttovbə, birdən ağlına gələr ki, bu puldan xəstəyə kömək edəcəm, yetimə dayaq olacam, kasıb tələbənin təhsil haqqını ödəyəcəm, tariximiz haqqında  kitab yazdıracam, film çəkdirəcəm, hansısa qaçqına ev tikdirəcəm. Ağlına belə şeylər gəlməsin.  Biz belə şeylərə öyrəncəli deyilik. Olsa-olsa, "yaxşı oğlan, pul xərcləyən oğlan" adını özümüzdə saxlamaq üçün villamıza üç-beş qız çağırıb kef edəcəyik. Sonra soyundurub şəkillərini, lap elə canlı çəkib internetə qoyacayıq, "Like" yığacayıq. Ayaqda durmaq üçün bundan yaxşı bir şey olmaz ki? Hamı bizdən danışacaq, tərifləyən də, söyən də olacaq, amma ayaqda olacayıq, Mənə bu lazımdır?

Soruşuram ki, bəs zəkanı, ağlını  inkişaf etdirmək istəmirsən? O sənin dayağın, çörək ağacın ola bilər.

Cavab verir ki, hələ zəkanın, ağlın zəmanəsi yetişməyib. İndi öz dilinin əvəzinə üç-dörd əcnəbi dil bilsən sənə bəs edər. Mən də bunları bildiyim üçün ayağa durmaq istəmirəm.

Bu zaman susuram. Bilirəm ki, onların hər üçü haqlı deyil. İndi zəmanə dəyişib, yenilənib, şəffaflaşıb. Görən bunu çoxları başa düşürmü?..

Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir. Yüz illərin ağrı -acısını, toz-pasını üstündən at, silkələn, yenilən. İstəmir. Yüz il bundan öncə necə idisə, indi də eləcə istəmir.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Cümə axşamı, 13 Aprel 2023 16:30

Növbəti qəbul Qobustanda!

Bir elanı diqqətinizə çatdırırıq.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli aprelin 28-də saat 10:00-da Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar aprelin 19-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Cümə axşamı, 13 Aprel 2023 16:00

Gözəlliyin növbəti qaydaları

“Ədəbiyyat və incəsənət” portalının Gözəllik bələdçisi rubrikasının aparıcısı Kəmalə Nəsirova baharın gəlişi ilə bağlı qadınlara əməl etməli olduqları şərtləri izah edir. 

Günəşin öz təsirini göstərməyə başladığı bir zamanda dərini günəşdən və yeni hava şəraitindən qorumaq lazımdır.

Dərinin təravətli və uşaq dərisi kimi görünməsi üçün hansı şərtlərə əməl etmək lazımdır? 

Hava dəyişikliyi və günəş dərini quruda və çatlada bilər. Bunun üçün ən vacib məsələ dərini yaxşı bəsləməkdir. Xüsusən də nəmləndirici və günəş qoruyucu kremləri çəkməyi unutmayın. 

 

1. 

İlk olaraq dərini təmiz saxlamaq lazımdır. Dəri təmizliyində ən vacib məsələ onu səhər tezdən və yatmamışdan qabaq yumaqdır. Beləcə məsamələrin azalmasını təmin etmiş olarsınız. 

 

2. 

Dəridə yaranan qara nöqtələri və yağları təmizləmək üçün həftədə bir dəfə təmizləyici maska çəkmək lazımdır. Əks halda məsamələr dolar və ləkə kimi qala bilər. 

 

3. 

Səhər yuxudan durduqdan sonra mütləq üzünüzə nəmləndirici çəkin. 

 

4. 

Yaz aylarına girərkən daha çox çiy su içmək lazımdır. Bu zaman dəri daha parlaq və canlı olur. Günə su qəbul edərək başlayın. 

 

5. 

Qızartmalardan və doymuş yağlardan hazırlanan qidalardan uzaq durun. 

 

6. 

Həddindən artıq kofein, çay və siqaretdən istifadə dərini korlayan təsirlər arasındadır. Davamlı olaraq qidalanmalı və meyvə, tərəvəzlər yemək lazımdır.

 

7. 

Çox yağlı dəriniz varsa, masəmələri təmizləyən toniklər istifadə edin. 

 

8. 

E vitamini ilə zəngin olan kosmetik məhsullar alın. E vitamini dərini hər cür mənfi təsirlərdən qoruyur.

 

9. 

Hər həftədə 2 dəfə dərinizə kremlərlə masaj edin. Bu, qan dövranını yaxşılaşdırdığına görə dəri gənc göstərir. 

 

10.

Qazlı şirin içkilərdən mütləq uzaq durun! 

 

Bu maddələri tətbiq etdikdən sonra dəriniz təravətli olacaq. Baxımlı və sağlam dəri bir az çəhrayı olur. Dərhal dərinizə baxın və müqayisə edin. 

Sizlərə gözəl görünmək arzusu ilə.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Günün fotosu: Pentaqondan məxvi məlumatların sızması ciddi təşviş yaradıb

 

Foto: Vaşinqtonda mətbuat konfransı-Müəllif Hüquqları Manuel Balce Ceneta / AP

 

“Ədəbiyyat və incəsənət” Euronews-a istinadən xəbər verir ki, ABŞ hakimiyyəti gizli sənədlərin geniş miqyaslı sızması ilə bağlı cinayət istintaqı aparır. Bir çox analitik 2013-cü ildə Vikileaks ("Vikiliks") nəşrlərindən sonra sızmalar barədə ən əhəmiyyətli hadisələrdən biri kimi danışır. 

Pentaqon "sızma mənbələri və miqyası aşkarlanana qədər hər daşın üstünü altına çevirəcəyini" vəd edir. 

ABŞ müdafiə naziri Lloyd Austin bildirib: 

"Mən cavab tədbirlərimizi müzakirə etmək üçün hər gün baş departament rəhbərlərini toplayıram. Mən də təcili sahələrarası səylər barədə göstəriş verdim. Bu məsələni cinayət istintaqına başlayan Ədliyyə Nazirliyinə verdik. Ancaq biz buna çox ciddi yanaşırıq. Və Amerikanın təhlükəsizliyini təmin etməyimizə heç nə mane ola bilməz."

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Cümə axşamı, 13 Aprel 2023 15:00

Sədaqətli həyat yoldaşını necə seçməli?

“Ədəbiyyat və incəsənət” portalının Gənc ailə buraxılışının növbətçisi Uğur Mətləb bu gün sizləri maraqlı bir mövzu ilə baş-başa qoyur. Beləliklə:

 

SƏDAQƏTLI HƏYAT YOLDAŞI SEÇMƏK ÜÇÜN ÖZÜNÜZƏ BU SUALLARI VERIN

 

 

Xoşbəxt evlilik və düzgün münasibət üçün partnyorun doğru insan olub-olmamasına əmin olunmalıdır. Həyatınıza girən biri ilə çətinlik çəkmədən, asanlıqla söhbət edə bilməlisiniz. Onunla vaxt keçirməkdən bezməməli, danışmaqdan zövq almalısınız.

Qarşınızdakının sizin üçün doğru insan olduğunu bilmək üçün özünüzü bir neçə sual verin.

Beləliklə, həmin sualları təqdim edirik: 

 

Maraqlarınız oxşardırmı?

Nə qədər çox ortaq tərəfləriniz varsa, bir o qədər bir-birinizə tez uyğunlaşacaqsınız. Bu o demək deyil ki, bütün maraqlarınız, hobbiləriniz eyni olsun. Amerikalı psixoloq Sima Hinqorani məsələ ilə bağlı bu sözləri deyib:

“Həyatınızı kiminləsə keçirməyə qərar verdiyiniz zaman, ikinizin birlikdə nə etmək istərdiklərinə baxmalısınız. Məsələn, əgər siz kino həvəskarısınızsa, bu zaman filmlərdən zövq alan biri ilə birlikdə olmaq istərdiniz. Bu həyatınızı daha da maraqlı edəcək”.

 

Standartlarınız uyğun gəlirmi?

Yaxşı həyat yoldaşı seçərkən həm özünüzün, həm də ailənizin standartlarını nəzərə almalısınız. Sizinlə eyni sosial təbəqədən və ya eyni ailə mədəniyyəti olan birini seçmək mümkün olmasa da, bu uyğunluğu nəzərə almaq vacibdir.

 

Bir-birinizə hörmət edirsiniz?

Sizə, arzularınıza, məqsədlərinizə və şəxsiyyətinizə hörmət etməyən biri ilə həyatınızı keçirə bilməzsiniz.

 

Etibarlı insandır, ona güvənirsinizmi?

Etibar edə biləcəyiniz birini seçmək son dərəcə vacib məqamdır. Bir-birinizə güvənməsəniz və ya inanmasanız, xoşbəxt bir evlilik ola bilməz.

 

Birlikdə yaxşı vaxt keçirirsiniz?

Birlikdə vaxt keçirməkdən zövq almaq eyni maraqlara sahib olmaq qədər vacibdir. Sizə kifayət qədər vaxt ayıran və vaxt keçirməkdən bezməyən biri ilə sevgili olmalısınız.

 

O, dəyişməyə açıqdırmı? 

Fərqli mədəniyyətlərdən olan insanların evliliklərində diqqət etməli olan məqam onların bir-birindən nə qədər fərqli olduqları deyil, tərəflərin dəyişməyə açıq olub-olmamasıdır.

Bir tərəf  “mən beləyəm, dəyişmərəm” deyirsə, qarşı tərəf çətin vəziyyətə düşür. Münasibətdə hər iki tərəf vərdişlərindən tam olmasa da, bir az ödün verə bilər. Bununla da ikili ortaq nöqtədə görüşərsə, mədəni fərqliliklər evliliyə təsir etməz.

 

Evliliklə bağlı özünüzə verməli olduğunuz digər suallar:

Özümü tanıyırammı? 

Evlilik üçün özümü hazır hiss edirəm?

Bu insan evlilik üçün yetkin biridirmi?

Bu insan mənim yaxşı və pis günümdə yanımda olacaqmı?

Qarşılıqlı sevgi, hörmət və sədaqəti təmin edə biləcəyikmi?

Həyata fərqli tərəfdən baxıb ortaq bir məxrəcə gələ bilərikmi? 

 

Şəkildə: Joakim Lafossun “Ər-arvad” filmindən kadr

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Rəsm qalereyası: Elvira Elve, “Şəhər mənzərəsi”

Cümə axşamı, 13 Aprel 2023 14:00

Ramiz Qusarçaylının çəkdiyi dağ

“Ədəbiyyat və incəsənət” portalının “Poetik qiraət” rubrikasında ustad şair Ramiz Qusarçaylı “Bu dağı mən çəkmişəm” deyəcək.

 

Bu dağı mən çəkmişəm,

Məni də çox dağ çəkib.

Ömür sürüşür əldən,-

Saatına yağ çəkib.

 

Dalımca daş olanlar,

Daşında çaş olanlar,

Ayaqda baş olanlar

Başında ayaq çəkib.

 

Yolunda öldüklərim,

Nəyim var böldüklərim,

Ən yaxın bildiklərim,

Məni ən uzaq çəkib.

 

Anam bilir işini,-

Dəyişmir vərdişini,

Mən yaşında kişini

Gözündə uşaq çəkib.

 

Bu yazı, bu həkk kimin,-

Qəm suvarır lək kimi.

Fələk də son şəklimin

Üstündə torpaq çəkib.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Bu gün Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılacaq. 

 

Devrim Erbilin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb, bu günədək yüzlərlə sərgisi açılıb. 

Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının beynəlxalq xətt üzrə növbətçisi Kənan Məmmədli mart ayı üçün dünyanın aparıcı mediasında gedən manşet xəbərlərinin analizini apararaq  ən çox oxunan xəbərləri müəyyənləşdirməyə çalışmışdır və belə xəbərlərdən ikisini seçmişdir.

Öncə nikbin, sonra bədbin xəbər gələcək.

 

 

TÜRK HƏR YERDƏ TÜRKDÜR

Xəbərlərdən biri sensasion və olduqca təəccüblü idi. Belə ki, iddia olunurdu ki, italyan intibah dövrünün ustad sənətkarı, dünyaşöhrətli rəssam Leonardo da Vinçinin anası çərkəz imiş. Bu barədə italiyan yazıçı və ədəbiyyat professoru Karlo Veççe məlumat yayıb.

L'Orientale Neapolitan Universitetində italyan ədəbiyyatı professoru kimi çalışan Veççe dahi rəssam Da Vinçi üzrə əsas mütəxəssis hesab olunur.

O, Florensiya Dövlət Arxivində Leonardonun doğulmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalı sənəd aşkar edib. Notarial aktda qadının Yaqub adlı çərkəz knyazının qızı Katerina olduğu yazılıb. Sənədi notarius Pyero da Vinçi (Leonardonun atası) imzalayıb.

Alimin fikrincə, Katerina Qafqazdan Venesiyaya, ordan da Florensiyaya qul kimi gəlib. Toskana şəhərində o, toxucu kimi işləyib.

Bundan başqa o, muzdlu süd anası olub. Veççenin kəşfi Leonardonun qadının ilk övladı olmadığını deməyə əsas verir.

Mən isə əlavə olaraq onu deyə bilərəm ki, çərkəzlər Şimali Qafqazada – Qaraçay-şərkəz diyarında yaşayan etnik türklərdir, bizlərə dil qohumluqları da çatır. Düzdür, mən bununla Leonardo da Vinçiyə azərbaycanlıları şərik çıxarmıram. Amma dünyanın ən dahi rəssamının türk qanlı olmasından, hər halda, məmnunam.

 

DÖRDLƏR TƏHLÜKƏ ALTINDADIR

           "15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər".

Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər.

Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar Hindistan, Pakistan, Peru və Çindir.

Tədqiqat göstərir ki, 15 milyona yaxın insanın yaşadığı ərazilər su altında qalma təhlükəsi ilə üzləşə bilər.

Ən böyük təhlükə isə Pakistan və Çini gözləyir. Xüsusilə Pakistanda çatlaya biləcək buzlaq gölünün yaxınlığında 2 milyondan çox insan yaşayır, Çində isə bu rəqəm bir milyondur. Bu təhlükə reytinqində Peru üçüncü, Hindistan isə dördüncü yerdədir.

Tədqiqatçılar qeyd ediblər ki, buzlaq gölünün dəqiq olaraq nə vaxt daşacağını proqnozlaşdırmaq olduqca çətindir, alimlər hələ yalnız təhlükə barədə xəbərdarlıq edə bilərlər.

Onların fikrincə, buzlaq göllərinin çatlaması irimiqyaslı daşqınlara səbəb ola bilər. Dağıntı baş verən ərazi isə 100 kilometrdən çox məsafəni əhatə edə bilər.

Təbii ki, bu üzücü xəbər məni məyus etdi. Necə də olmasa, söhbət insanlıq üçün qlobal təhlükədən gedir. Və əsas təhlükə riskini daşıyan ölkənin Pakistan olması  faktoru da var. 44 günlük müharibə vaxtında bayrağını dalğalandırdığımız, mənfur ermənilərə bizə görə qatı düşmən kəsilmiş dost Pakistanın başının üstünü qara buludların alması əlbəttə ki, məyusedicidir. Kaş ki bu buludları külək qovub Sevan gölünün ətrafınacan aparaydı.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

 

 

 

 

Azərbaycanın turizm imkanları aprelin 12-də Türkiyədə işinə başlayan “EMITT 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.

 

AzərTAC xəbər verir ki, dörd gün davam edəcək sərgidə Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi 2 yerli turizm şirkəti, hotel və mehmanxana qrupu və "Azərbaycan Hava Yolları" QSC təmsil edir.

Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir və qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.

26-cı dəfə keçiriləcək və dünyanın 30 ölkəsindən 600 iştirakçı tərəfindən turizm məhsulları tanıdılacaq sərgi dünya üzrə 5 ən böyük sərgidən biri hesab olunur. Ötən il sərgi 110 ölkədən 33 595 nəfər ziyarətçi qəbul edib. 

Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə arasında 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 min 880 nəfər olub ki, bu da 2019-cu il rəqəmlərinin 99 faiz bərpası deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.