Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının poçtuna  şair Yusif Nəğməkarın növbəti aforizmləri daxil olub. Beləliklə, “YUSİF NƏĞMƏKARIN HİKMƏT BANKOMATINDAN” seçmələrlə tanış olun. 

 

*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.

 

*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...

 

*Bugün, xüsusilə, Vətən haqqında əsərlər təkcə qələm, yaxud digər texniki vasitələrlə yox, həm də gülüş, göz yaşları və qürur hissilə yazılmalıdır...

 

*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...

 

*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...

 

*Qadın gücü ilə deyil, zərifliyi ilə

 güclüdür.

 

*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...

 

*Kəlməbaşı "dostum" deyənlərin çoxunda dostluq hissi olmaz...

 

*İtirdiklərinin alovunda əriməyən  itirmədiklərinin sevincini yaşaya bilməz...

 

*Yiyəsini yıxıb qaçan atın özüylə bərabər üz tutduğu səmti də suçlanmalıdır...

 

*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...

 

*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...

 

*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...

 

*Ən əzablı, üzücü, uzun  yol qəlbən yaxın olmadığınla "yaxın"lığındır.

 

*Söz bir dəfə deyilir, qalanı təkrardır.

 

*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.

 

*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...

 

*Qınaq gələn yerə qonaq gəlməz...

 

*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.

 

*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.

 

*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.

 

*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...

 

*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...

 

  “Ədəbiyyat və incəsənət”

(14.04.2023)

1995-ci ildə yaradılmış Vesul Asiya Filmləri Beynəlxalq Festivalı (FICA- Festival International des Cinémas d'Asie de Vesoul) indiyədək 680 mindən çox ziyarətçi cəlb edib. Bu il 29-cu dəfə təşkil olunan Vesul festivalında 38 film nümayiş olunub. Vesul festivalının 29-cu buraxılışında azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi mükafata layiq görülüb. 

 

AzərTAC xəbər verir ki, Vesul festivalında mükafat qazanmış filmlər Zəfər Tağının yaxınlığında yerləşən Guimet - Paris Asiya İncəsənəti Milli Muzeyində nümayiş olunacaq. 

Nümayiş olunacaq ekran əsərləri sırasında azərbaycanlı rejissorun “Mərmər soyuğu” filmi də var. 

Qeyd edək ki, rejissor yığılan bir-biri ilə heç bir əlaqəsi olmayan əhvalatları, hadisələri, emosiyaları, ideyaları sonda bir filmdə birləşdirib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

ABŞ-da oxuduğu universitetin rəsmi marşını bəstələmiş ilk azərbaycanlı - Şəmsi Tağıyevdir. 

“Ədəbiyyat və incəsənət” portalının “Şərəf lövhəsi” rubrikasında bu gün sizlərə onu təqdim edəcəyik.

 

Şəmsi ABŞ-ın Minnesota Dövlət Universitetində təhsil alır. Hər bir Birləşmiş Ştatlar universitetində olduğu kimi Minnesota Dövlət Universitetində də atletik komandaları var. Hər komandanın da öz maskotu, marşı və atributları var. Mankato komandasının da. 

Bu il yeni marş bəstələnsin deyə müsabiqə keçirdilər. Müsabiqədə Şəmsinin bəstələdiyi marş qalib gəldi. 

Qısacası, hazırda Minnesota Dövlət Universitetinin Mankato komandaaının rəsmi himninin bəstəkarı Şəmsi Tağıyevdir. 

Həmin musiqi növbəti tədris ilindən etibarən hər il keçiriləcək istənilən oyundan öncə marş olaraq şəhər stadionlarında və universitet kampusunda səsləndiriləcək.

Qürurvericidir, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb. 

 

Fonddan verilən məlumata görə, görüşdə türk dövlətləri arasında qarşılıqlı münasibətlərin hazırda yüksələn xətlə inkişafından söz açılıb. 

Türk xalqlarının sahib olduqları ortaq mədəniyyət onların bir-birinə yaxınlaşdırılmasında mühüm amil kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasına məxsus milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq aləmə çatdırılması üzrə aparılan işlərin önəmi qeyd olunub. Fondun bu səpkidəki fəaliyyətinin türk dövlətlərinin mədəni və dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Fond tərəfindən Özbəkistanın mədəniyyətinin tanıdılması ilə bağlı nəşrlərin, o cümlədən özbək xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin təbliği yönündə kitabın yayınlanması yüksək qiymətləndirilib. Təşkilatın “Böyük İpək yolu üzərində türk dövlətləri”, “Türk Dünyası Mirası Osmanlı arxivlərində” və digər layihələrində Özbəkistanın iştirakının vacibliyi vurğulanıb. Daşkənddə həyata keçirilən “Şuşa günləri”nin Azərbaycan ilə Özbəkistanın mədəni sahədə əməkdaşlığına töhfə verdiyi qeyd olunub.

Görüş Fond ilə Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Fondun layihə meneceri Talgat Muxanov iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Kann Film Festivalının 76-cı buraxılışında “Çiçək ayın qatilləri” filmi ilə Martin Skorsez, sevimli aktyorlar Leonardo Di Kaprio , Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir. 

Pedro Almodovarın yeni qısametrajlı filmi "Qəribə həyat tərzi" rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Festivalda qısametrajlı və uzunmetrajlı məşhur filmlərin rejissorları və aktyorlarının iştirakı gözlənilir. Ancaq tanınmış rejissor və aktyorların bəzilərinin seçilməsi hələ də sual altındadır. 

Festivala seçkilərdə qadın rejissorların yeri də araşdırılacaq. 

Netflix Kann Festivalı qaydasına əməl etməkdən imtina edərək, “La Mostra de Venise” İtaliya film festivalında iştiraka üstünlük verir.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) X.K.Andersen mükafatını 1956-cı ildə təsis edib. Bu mükafat ədəbiyyat sahəsində çalışan müəllif və rəssamlar üçün ən nüfuzlu beynəlxalq mükafat olub. “Uşaq” müəllifləri üçün bu mükafat ən nüfuzlu beynəlxalq mükafatdır, o, çox vaxt “Kiçik Nobel mükafatı” adlandırılır. Mükafat yalnız hazırda həyatda olan yazıçılara və rəssamlara verilir. 

 

Solmaz Amanova AzərTAC-a bildirib ki, mükafata namizədlər Beynəlxalq Uşaq Kitabı Şurasının milli bölmələri tərəfindən irəli sürülür. Azərbaycanda mükafata namizədlər F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən irəli sürülür. Qaliblər bir qayda olaraq Bolonyada Beynəlxalq uşaq ədəbiyyatı yarmarkasında IBBY-nin mətbuat konfransında elan olunur. 

Ənənəvi olaraq qızıl medallar IBBY-nin milli bölmələri olduğu ölkələrdən birində iki ildən bir keçirilən Ümumdünya IBBY Konqresləri günlərində təqdim olunur. IBBY-nin qərarı ilə aprelin 2-si, X.K.Andersenin doğum günü, 1967-ci ildən bütün dünyada fəal şəkildə qeyd olunan Beynəlxalq Uşaq Kitabı Günü elan olunub. Hər il IBBY-nin milli bölmələrindən biri Beynəlxalq Uşaq Kitabı Gününün təşkilatçısı olur. 

2022-ci il sentyabrın 5-dən 8-dək Putradjaya şəhərində 38-ci Ümumdünya Beynəlxalq Uşaq Kitabı Şurasının konqresi (IBBY) keçirilib. Konqresin əsas təşkilatçısı kimi IBBY-nin Malayziya Milli Bölməsi çıxış edib. 

Konqresin proqramı çərçivəsində sentyabrın 6-da Şuranın milli bölmələri tərəfindən irəli sürülmüş qaliblərin təqdimatı və IBBY Fəxri Siyahısının diplomlarının təqdimatı olub. 

Mükafatın laureatları arasında uşaq yazıçısı, professor, “İrs” Nağıllar evinin rəhbəri, “Everest” Nəşriyyat evinin baş redaktoru Solmaz Amanovanın “Qoçaq ayı balası və onun dostları” kitabı da yer alıb (illüstrator İsgəndər Məmmədov). Kitab “Everest” Nəşriyyat evi tərəfindən nəşrə hazırlanıb. Nağılda həm uşaqların, həm də intellektual ayı balası oyuncağının hissləri əks olunur. “Qoçaq ayı balası və onun dostları” uşaqlara xalqının irsi və ənənələrinə məhəbbət və xeyirxahlıq, hörmət hisslərini aşılayır. Bütün bunlar barədə siz “Qoçaq ayı balası və onun dostları” kitabçasını oxuyub öyrənə bilərsiniz. Bu kitab bütün məktəb kitabxanalarında Azərbaycan və ingilis dillərində vardır. 2022-ci ilin Fəxri Siyahısına 53 ölkədən 47 müxtəlif dildə 163 nominasiya daxildir. 2022-ci ilin Siyahısı üçün “Müəllif” kateqoriyasında – 63, “İllüstrasiya” kateqoriyasında - 52 və “Naşir” kateqoriyasında - 48 iş seçilib. Azərbaycan hər üç kateqoriya üzrə Fəxri diplomlar alıb. 

Diplomlar və kataloq Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli və Milli Kitabxanasının direktoru Kərim Tahirov tərəfindən qaliblərə təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

 

Dünənki Kosmonavtika gününün ardınca təqvimdə bu gün bir mədəniyyət günüdür. Belə ki, 13 aprel Ümumdünya Rok-n-Roll günü elan olunub.

Rok deyiləndə də, rok-n-roll deyiləndə də ilk öncə yada məşhur Bitlz qrupu düşür. Amma bugünkü qeydetmənin mənbəyində heç də məşhur ingilis qrupu dayanmayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə 13 aprel - Ümumdünya Rok-n-Roll günü barədə bilgilər verəcək. 

Bayramın mənşəyi ötən əsrin əllinci illərinə və Amerikaya gedib çıxır. Bill Heylinin məşhur "Rock around the clock" mahnısı ilə çəkildiyi film ABŞ ekranlarına çıxdığı gün - 1954-cü il aprelin 13-ü rok-n-roll rəqsinin rəsmi yaranma günü hesab olunur.

1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərindəki bu musiqi istiqaməti ABŞ-ın cənubunda qaralar və ağlar arasında uzunmüddətli mədəni qarşılıqlı əlaqə nəticəsində yaranıb.

Ümumdünya Rok-n-Roll Günü dünyada bu musiqini öz həyat tərzinə və üslubuna çevirənlərin bayramı kimi qəbul olunur. Rock around the clock” sinqlı cəmiyyətə və ənənələrə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşıb, bütün ölkələrə və qitələrə yayılıb. Musiqidə bu istiqamətin yaradıcılarından biri də əfsanəvi Elvis Presli olub. Onun geyim üslubu, hərəkətləri və davranışları onu yeniyetmə və gənclərin kumirinə çevirib. 1960-cı illərin əvvəllərində rok-n-rollun yeni üslubu olan pop-rok meydana gəlib. Onun əsas nümyəndələri öndə adını vurğuladığımız “Bitlz” qrupunun üzvləri, liverpullu dördlük olub. Ötən illərin geniş yayılan rok musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur.

1964-cü ildə sürətli, güclü və texniki səslənməsi ilə “Rolling Stones” meydana gəlir. 1970-ci illərdə isə psixodepik rok yaranır, onun parlaq nümayəndələri “Pink Floyd”, “Deep Purple”, “Led Zeppelin”, “Black Sabbath” idi. Bu onilliyi rok mədəniyyətinin Qızıl dövrü hesab edirlər. Yetmişinci illərin sonu pank-rokun (“zəhlətokən rok”) meydana gəlməsi ilə fərqlənib. Sadə musiqi stemi vokalı və mətnləri ön plana çəkir. Burada tez-tez hökumətlərin, siyasətin və cəmiyyətin varlı təbəqələrinin tənqidinə rast gəlinir. Pank dalğasında “Sex Pistols”, “The Clash”, “Stooges”, İqti Pop qrupları məşhurlaşıb. 1980-cı illərdə qadın roku meydana gəlir, praktiki sayılan 90-cı illərdə isə ən parlaq rok-n-rollçu Kurt Kolbeyn və onun “Nirvana” qrupu fəaliyyətdə olub.

Bu gün rok musiqisi yüngül rəqs rok-n-rolundan başlamış brutal aqressiv qrayndkora qədər çoxsaylı istiqamətlərə malikdir. Mahnıların mətnləri dərin və fəlsəfi məzmundan ibarətdir. Çox vaxt rok musiqisi ilə pop musiqisini qarşılaşdırırlar, hərçənd bu iki anlayış arasında görülə bilən elə bir sərhəd yoxdur. 

Onu da vurğulayaq ki, Klivlend şəhərində Rock-n-Roll Hall of Fame adlı bu istiqamət üzrə bir muzey də var.

O ki qaldı Azərbaycana, Azərbaycanda ümumən rokun, o cümlədən rok-n-rollun və hard-rokun yaradıcıları sumqayıtlı gənclər olub. İbrahim Eminin başçılıq etdiyi “Yuxu” qrupu bizim bir əfsanəmizdir.

Onlardan sağ olanları portalımız adından təbrik edir, vəfat edənlərəsə Allahdan rəhmət diləyirik.

 

Şəkildə: “Bitlz” və “Yuxu” qrupları

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərə həsr edilmiş "Hekayələr toplusu" adlı yeni kitabının təqdimatı keçirilib.

 

Kitabxananın yaydığı məlumata görə, tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevlə bağlı fikirlər səsləndirilib. 

Bədii hissədə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdlərinin ifasında musiqi nömrələri, rəqslər təqdim olunub. 

 

Şəkildə: Təqdimat mərasimindən bir görüntü

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı günümüzün ən aktual sitatını təqdim edir:

“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycanın milli süni intellekt strategiyası üçün Yol xəritəsi hazırlayıb.

Yaxın zamanlarda süni intellekt satınalmaları layihəsinin təqdimatını planlaşdırırıq. Qurum Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi şəbəkəsinin Azərbaycandakı mərkəzinə də ev sahibliyi edir. Mərkəz Dünya İqtisadi Forumu ilə 3 platforma - süni zəka və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, həmçinin rəqəmsal ticarət üzrə əməkdaşlıq edir. Mərkəzin əsas istiqamətləri Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat sahəsində strategiyaların, təşəbbüslərin, layihələrin koordinasiyası həyata keçirməkdir"

Sitatı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda keçirilən tədbirdə işlədib.

 

Şəkildə: Tamerlan Tağıyev çıxış edərkən

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb. Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.

Yarışmanın birinci turu aprelin- 24-25-də, ikinci turu isə aprelin 26-27-də keçiriləcək. Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək.

Müsabiqənin yekun konserti aprelin 30-da təşkil olunacaq. 

Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.