Super User
“Çiçəkli ayın qatilləri”nə tutulan divan - OSKAR MÜKAFATLANDIRILMASININ BİR HƏFTƏSİNDƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bəli, Hollivuddakı - daha dəqiq desək, Los-Ancelesdəki Dolbi Teatrında keçirilən Amerika Kino Akademiyasının ali mükafatı olan “Oskar”ın 96-cı təqdimetmə mərasimindən tam bir həftə keçdi. İsti-isti fikir söyləmək, seçimin obyektiv olub olmadığını bilgiləndirmək bir az çətindir, amma indi tam düşünəndən sonra bir kinoman kimi rəy söyləmək, seçimi qiymətləndirmək mümkündür.
Təbii ki, hamınız gözəl bilirsiniz, “Oppenhaimer” filmi 7, “Zavallılar” isə 4 “Oskar” qazandı. Qeyd edək ki, ”Oppenhamier” (Oppenhaymer) filmi 13, “Zavallılar” (Poor Things) 11, “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) 10, “Barbi” (Barbie) 8, “Maestro” (Maestro) filmi isə 7 kateqoriyada namizəd idi.
OSKAR QALİBLƏRİ
ƏN YAXŞI FİLM
Oppenheymer (Oppenheimer)
ƏN YAXŞI REJİSSOR
Kristofer Nolan – Oppenheymer (Christopher Nolan – Oppenheimer)
ƏN YAXŞI ORİJİNAL SSENARİ
Yıxılmağın anatomiyası (Anatomy of a Fall) – Justine Triet, Arthur Harari
ƏN YAXŞI ADAPTASİYA OLUNMUŞ SSENARİ
Amerika ədəbiyyatı (American Fiction) – Cord Jefferson
ƏN YAXŞI AKTYOR
Killian Mörfi – Oppenheymer (Cillian Murphy – Oppenheimer)
ƏN YAXŞI AKTRİSA
Emma Stoun – Zavallılar (Emma Stone – Poor Things)
XARİCİ DİLDƏ ƏN YAXŞI FİLM
Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Rejissor: Jonathan Glazer
İKİNCİ PLANDA ƏN YAXŞI AKTYOR
Robert Dauni Jr. – Oppenhaymer (Robert Downey Jr. – Oppenheimer)
İKİNCİ PLANDA ƏN YAXŞI AKTRİSA
Devayn Coy Randolf – Tərk edilmişlər (Da’Vine Joy Randolph – The Holdovers)
ƏN YAXŞI MUSİQİ
Oppenheymer (Oppenheimer) – Ludwig Göransson
ƏN YAXŞI MAHNI
Mən nə üçün düzəldilmişəm – Barbi (What Was I Made For? – Barbie) – Billie Eilish, Finneas O’Connell
ƏN YAXŞI ANİMASİYA FİLMİ
Oğlan və quş (The Boy and the Heron) – Hayao Miyazaki, Toshio Suzuki
ƏN YAXŞI QISAMETRAJLI ANİMASİYA FİLMİ
Müharibə bitdi (War Is Over! Inspired by the Music of John & Yoko) – Dave Mullins, Brad Booker
ƏN YAXŞI SƏNƏDLİ FİLM
Mariupolda 20 gün (20 Days in Mariupol) – Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson-Rath
ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM
Sonuncu təmir mağazası (The Last Repair Shop) – Ben Proudfoot, Kris Bowers
ƏN YAXŞI QISAMETRAJLI FİLM
Henri Şuqarın (Şəkərin) möhtəşəm hekayəsi (The Wonderful Story of Henry Sugar) – Wes Anderson, Steven Rales
ƏN YAXŞI TƏSVİR REJİSSORU
Oppenheymer (Oppenheimer) – Hoyte Van Hoytema
ƏN YAXŞI RƏSSAM
Zavallılar (Poor Things)
ƏN YAXŞI MONTAJ
Oppenheymer (Oppenheimer) – Jennifer Lame
ƏN YAXŞI SƏS HƏLLİ
Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Tarn Willers, Johnnie Burn
ƏN YAXŞI GEYİM RƏSSAMI
Zavallılar (Poor Things) – Holly Waddington
ƏN YAXŞI QRİM VƏ SAÇ STİLİ
Zavallılar (Poor Things) – Nadia Stacey, Mark Coulier, Josh Weston
ƏN YAXŞI VİZUAL EFFEKTLƏR
Qodzilla minus bir (Godzilla Minus One)
“Oppenheymer”in triumfu əlbəttə ki, gözlənilən idi, bir ilə yaxındır ki, hamı bu filmdən danışırdı. Kristofer Nolan macəranı, fantastikanı, ekşnı və dramı sintez edərək 3-cü minilliyin tələbinə uyğun film təklif edib, bu film kinoprakatın ikinci həftəsində bir milyon dollar gəlir zirvəsini aşaraq öz ambisiyasını ortaya qoymuşdu.
Bununla belə, az qala bu filmlə dabanbadaban “Çiçəkli ayın qatilləri” filmi gedirdi. Martin Skorzesenin epik kriminal dramı, o filmdəki baş rolu da dünyaşöhrətli aktyor Leonardo di Kəprio oynayırdı, axı həqiqətən də maraqlıdır, tamaşaçını axıradək həyəcan içində saxlayır.
Birinci Dünya Müharibəsindən sonra Ernest Berkhart böyük "oseyc" hindu qəbiləsi rezervasiyasının olduğu Oklahomaya gəlir. Bu ərazilərdə "Kral" ləqəbli əmisi Uilyam Heyl yaşayır. O, torpaq sahibi, maldar, hinduların dostu və böyük insandır. Kral Ernesti zəngin hindu ailəsindən olan Molli Kayl adlı gənc qadınla evlənməyə razı salır. İdeya budur ki, bu ailənin torpaq hüquqları nəhayət Burxarta keçəcək və bunun üçün sadəcə Mollinin anası, bacıları və özü ölməlidir…
Başgicəlləndirici bir ssenari.
Xatırladım ki, ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçəkli ayın qatilləri” ilin ən yaxşı filmi seçilmişdi. Bu ekran əsərinin rejissoru Martin Skorzese isə “Ən yaxşı rejissor” mükafatının sahibi olmuşdu.
Və nominasiyalarda da 13 nominasiyalı “Oppenheymer”ə 10 nominasiyalı “Çiçəkli ayın qatılləri” elə də çox uduzmurdu. Amma o film 13-dən 7 qazandı, bu isə 10-dan 0. Necə oldu? Bir kəlmə ilə deyim, ədalətsiz, qeyri-obyektiv bir yekundur bu, mən deyərdim ki, kino zövqünün tənəzzülü də deyil, sadəcə, Skorzesedən alınan bir intiqamdır. Tək ondanmı?
Yaxşı, filmə və rejissora Oskar verilmədi, bəs necə oldu ki, ən yaxşı kişi roluna görə Di Kəpriosa mükafat ala bilmədi? Filmdə rol almış Lili Qladstoun birmənalı olaraq ən yaxşı qadın rolu ifaçısı hesab edilirdi. Amma o da mükafatsız qaldı. İndi lap təəccüblüsü: ən yaxşı ikinci kişi rolu nominasiyasında çağdaş dünya kinosunun bir nömrəlisi Robert de Nironun qalibiyyətinə hətta lisey və kollec uşaqları da şübhə etmirdi. Amma o da mükafatsız qaldı.
Təkrar edirəm, 10 nominasiyada mükafata iddialı “Çiçəkli ayın qatılləri” bircə Oskar belə qazana bilmədi.
Niyə? Səbəbini araşdırmağa çalışacağıq.
Daha ətraflı növbəti yazılarımızda.
Şəkildə: cəzalanan filmdən kadr.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
POETİK QİRAƏTdə Dəmir Çeşməli
Poetik Qiraətdə bu gün sizlərlə şair Dəmir Çeşməlinin redaksiyamıza ünvanladığı yeni şeirini təqdim edirik. Klassik şeir üslubunda, məşhur şikayətnamə qəlibində yazılmış şeir “Dünya” adlanır. Şairin gəldiyi qənaət (Yoxunam, heçinəm dünya) hardasa həyatın vəfasızlığını isbatlamaqdır.
DÜNYA
Yüküm farmaşa yığılı,
Südüm obaşdan sağılı.
Bu da bir Dünya nağılı,
Bir sürü köçünəm, dünya.
İçi çömçəsiz qazanam,
Dərdimi özüm yazanam?
Gəldi- gedər bir ozanam,
Beşinəm- üçünəm, dünya.
Əsən küləyin, yelinəm,
Başı buraxma dəlinəm.
İçinnən çıxma çölünəm
Çölünəm- içinəm, dünya.
Varıydım, varın bilirdin,
Gül üstə qarın bilirdin,
Korunu karın bilirdin,
Yoxunam, heçinəm dünya.
(Bakı- 2024, mart)
Ədəbiyyat və incəsənət”
(18.03.2024)
“Cansıxıcıdır saatlar” - Nemət Kamranın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc şair Nemət Kamranın şeirlərini təqdim edirik.
Nisbilik
Xoşbəxtlik andır,
Bədbəxtlik isə zaman.
Kimyəvi reaksiya
Partlayışa hazır ən xırda zərrəcik -
məişət qayğılarının sıxdığı insan.
Saatlar
Uzunçuluğa hövsələm qalmayıb,
Cansıxıcıdır saatlar.
Necə də dəyərli imiş, sən demə,
qısa cümlələr,
qısa sevgilər,
qısa həyatlar.
İsinmə hərəkətləri
Əsgər idik,
İdmanda iki qol arası seyrəlməyi öyrəndik
bir-birimizə toxunmamaq üçün.
Praktikamız isə çətin keçdi.
Haradan biləydik,
Mülkidə iki qol arası ayrılmaq var imiş
sevdiklərimizdən.
Sıra hazırlığı
Qarışqalar buğda dənlərini daşıyırdılar
təntənəli marşla.
Quş dili
Göyərçinlər doluşmuşdu
təzə şumlanmış əkin sahələrinə.
Sanki bununla demək istəyirdilər -
"Sülh əməkdən başlayır".
Tibbi sığorta
"Heç kim keçmişinə görə sığortalanmayıb"
- dedi tibb bacısı.
"Bağışlayın, mənəvi yaralarınızı
biz sağalda bilmərik".
Təsadüflər və determinizm
Xoş təsadüflərə ehtiyacım var.
Universitet bufetində baxışdığım qızla
qarşılaşmalıyam kafelərin birində,
ya da kitab sərgilərində.
Sevdiyim mahnıları eşitməliyəm
manatlıq taksilərdə.
Heç nəyə marağım olmayanda
zəng etməlidir köhnə bir dost,
Görüşməliyik hərdən.
Xoş təsadüflərə ehtiyacım var,
Buralar isə olduqca deterministdir.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Rəsm qalereyası: Aytac Suanverdiyeva, “Kişi portreti”
ABŞ-ın 4-cü prezidenti ilə eyni gündə dünyaya gələn yazıçı-dramaturq
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ayın 16-sı qeyri-iş gününə düşdüyündən, mən də 16 mart yazısını 18 martda təqdim etməli oluram. Qəhrəmanım kasıb bir ailədə doğulub boya-başa çatıb. Ailənin ehtiyacı o qədər böyük olub ki, on yaşında işləməyə məcbur qalıb, evə maddi kömək etməyə çalışıb. Bu acı təcrübə onu bacarıqlı bir insan kimi yetişdirə bilib. Və bu bacarıqla o, həyatda çox şeyə heç bir arxa-dayağı olmadan nail olub...
Martın 16-cı günü dünyaya bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə martın 16-da anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm;
Onlardan birincisi Ceyms Medisondur. 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində dünyaya gəlib. Boyu 1 metr, 62 santimetr olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarına rəhbərlik edib, ABŞ-ın 4-cü prezidenti olub...
Ağalar İdrisoğlu isə Ceymsdən yüz doğsan doqquz il sonra- 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür...
Bu insanları təkcə doğum günləri birləşdirmir. Həm də iti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq hər ikisinə də məxsus olan xüsusiyyətlərdəndir. Ən böyük oxşarlıqları isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda vermək xüsusiyyətləridir...
Nə isə, Ceyms Medison uzaq keçmişdə qaldı. Bu gün bizimlə eyni dövrdə yaşayan, yazıb yaradan Ağalar İdrisoğluya Allah Ceyms Medisondan da çox müsbət xüsususiyyətlər bəxş edib, sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu xüsusiyyətlərini çoxdan kəşf ediblər...
Bəli, martın 16-sı gözəl günlərdən biridir, Novruz bayramına saylı günlər qalır. Bu ərəfədə dünyaya gələn insanlar da gözəl olurlar...
Hörmətli Ağalar müəllimin ad günündən xəbər tutub qələmə aldığım bu kiçik təbrik yazısı qoy onun 74 yaşına SÖZ ərmağanım olsun!
Yeni yaşı mübarək!
Şəkillərdə: Yox, qapaq şəklindəki Ceyms Medisondur. Ağalar İdrisoğlu bax burada, iç fotodadır.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Günün fotosu: Hamus möcüzəsi
Günün fotosu: Hamus möcüzəsi
Təqdim etdi: Əkbər Qoşalı
Qardaş Türkiyədə - Hamus çayında (Osmaniyə) sular çəkilincə ortaya çıxan mənzərə:
SU İÇƏN ƏSGƏR qayası!..
Doğa hadisəsimi, yoxsa, qaya insan əliyləmi şəkillənib? - qəti fərq etməz.
MÖHTƏŞƏMDİR!
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
İlham Əliyevin Azərbaycanda əmək fəaliyyətinə başlamasından otuz il ötür...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yeni yetişən gənclik o dövrdə baş verən hadisələri görməyiblər deyə, bundan istifadə edən bəzi müxalif qüvvələr yanlış arqumentlərlə gəncləri xəyal qırıqlığına sürükləyirlər.
Ötən əsrin 90-cı illərində Azərbaycan büsbütün təlatümlər məngənəsində boğulurdu. Bir yandan Sürət Hüseynovun qiyama cəhdi, siyasi hərc-mərclik, yarıtmaz idarəçilik, digər tərəfdən ermənilərin torpaqlarımızı işğal edə-edə irəliləməsi ölkəni əməlli-başlı sarsıtmışdı. Necə deyərlər, müstəqilliyimiz təhlükə altında idi. Belə bir vaxtda az qala başını itirən respublikanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy məcbur qalıb Naxçıvana zəng vurdu və Heydər Əliyevi mərkəzə, ölkəni xaosdan xilas etməyə yardım üçün dəvət etdi. Bu dəvəti qəbul edən Ulu Öndər 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəldi. Altı ay Azərbaycan Ali Sovetinə rəhbərlik edəndən sonra, növbəti seçkilərdə Azərbaycan Respublikasının prezidenti seçildi. Və az qala məhv olan Azərbaycanda dövlətçiliyi bərpa etdi...
Aydındır ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə əlaqədar, ailə üzvləri Bakıya döndülər. Bax, elə o zamandan indiki prezidentimiz İlham Əliyev cənabları zəngin tərcübəsi olan bir şəxs, iqtisadiyatı dərindən bilən bir mütəxəsis kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə vitse-prezident təyin edildi və çox keçmədi ki, şirkətin birinci vitse-prezidenti oldu. O, bu vəzifədə ölkənin iqtisadi vəziyyətinin dirçəlməsində əhəmiyyətli rol oynayaraq, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etməyə başladı. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi oldu. Siyasi elmlər doktoru kimi onun bu istiqamətdə xidmətləri çox böyükdür...
Bəli, hazırda müstəqil respublikamıza rəhbərlik edən İlham Əliyev cənabları ölkəmizdə əmək fəaliyyətinə 1994-cü ildə, məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən başlayıb. Ötən otuz ildə Azərbaycan çox dəyişib. Abadlıq-quruculuq işləri göz qabağındadır. İşğal altında olan ərazilərimiz tamamilə düşmən tapdağından təmizlənib. Azad Qarabağımız bu gün inanılmaz şəkildə dirçəlir. Yeni ağıllı kəndlər, qəsəbələr tikilir, aeroportlar, müasir yollar, körpülər salınır. Bir sözlə, Azərbaycan öz bəxtəvər dövrünü yaşayır...
Deyirlər ki, dağın əzəmətini yaxşı görməkdən ötrü, geriyə çəkilmək, ona uzaqdan baxmaq lazımdır. İlham Əliyev Azərbaycan xalqının elə bir əzəmətli oğludur ki, onun qələbəsini tarix heç zaman unutmayacaq. İkinci belə bir yenilməz SƏRKƏRDƏNİ yetişdirmək üçün, Azərbaycana ən azı illər lazımdır…
Fürsətdən istifadə edib sıravi bir qələm adamı kimi, cənab ALİ BAŞ KOMANDANI Azərbycanda əmək fəaliyyətinə başlamasının 30 illiyi münasibətilə təbrik edir, tezliklə qeyd edəcəyi Novruz bayramına- MÜBARƏKDİR!- deyirəm...
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Çin orijinal, alman və yapon - saxta?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əgər sənin sualının qarşısında susublarsa, bu o demək deyil ki, sənə cavab verməyiblər.
2.
-Əgər sən saatlarsa başqalarını dinləyib onların ağzına baxsan, həyatda heç nəyə nail olmayacaqsan.
-Ay ana, mən stomatoloqam, neynəməliyəm bəs?
3.
Mənim həyat yoldaşımın moll-da irəliləmə sürəti saatda 200 dollara bərabərdir.
4.
-Çin avtomobili sürürəm. Ona ehtiyat hissələrini orijinal alım, yoxsa bənzərini?
-Nə danışırsan? Mütləq Çin istehsalı orijinal ehtiyat hissələri almaq lazımdlr. Ağlına belə gətirmə ki, Almaniyanın, yaxud Yaponiyanın bənzərlərini alasan.
5.
Anekdotı.ru saytında həftənin lətifəsi:
Xalqa müraciətdə prezident vəd verdi ki, 3 ay müddətinə öz əməkhaqqını, müavinlərinin, nazirlərin, nazir müavinlərinin, komitə sədrlərinin və müavinlərinin əməkhaqlarının üçdə biri qədər azaldacaq və bu pulu virusla mübarizəyə yönəldəcək. O, dövlət idarə və müəssisələrinin, böyük kompaniyaların rəhbərlərini də analoji addımı atmağa səsləyib.
Heyif ki, bu, CAR-ın prezidentidir.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Bir sual, bir cavab - İqbal Nəhmət ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Gəl sevgi qoymayaq bunun adını,
Eləcə biz- bizə vurğunuq deyək.
Daha savaşmayaq ayrılıq ilə,
Çəkilək kənara yorğunuq deyək.
(İqbal Nəhmət)
İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?
CAVAB:
-Mən başqa bir şeirimdə yazmışam ki:
Səni sevmək bir ağacı sən bilərək
gövdəsinə sarılmaqdı,
budaq -budaq qırılmaqdı,
yorulmaqdı, yox olmaqdı.
Səni sevmək
bəlkə, bir az da ölməkdir...
Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Həqiqətən də, nədir axı bu Xoşbəxtlik?
Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”
“O gün yanvarın otuzu, fəsillərdən qış fəsli, günlərdən bazar günü idi. Hər kəs evdə öz işinin başındaydı, mən də hər zamankı kimi balaca oyuncağımla oynayırdım. Anam çöldə yağan qarı görüb yenə bikef halda danışır, atamsa sakitcə filmə baxırdı. Sanki söhbətini dinləyib təsdiqlədiyimi bəyan etsəm də, ürəyimdə qarın yağdığına necə sevindiyimi dilə gətirə bilməzdim, axı böyüklər əylənməyin nə demək olduğunu bilmirdilər, deyilmi?
Saatın keçməyini gözləyirdim atam işə getsin və mən də uşaqlarla oynamağa, soyuqdan donsam da saatlarla qarın yağmasına seyr edib dostlarımla əylənməyə gedim. Bir neçə dəqiqə anamı dilə tutduqdan sonra axır ki, icazəni alıb bayıra çıxmağı bacardım. Dostlarım da məni gözləyirdi. Qar o qədər yağmışdı ki, kəndimizdə olan balaca evlər üstlərinə qar qalaqlandığından, daha da maraqlı görünürdülər. Yalnız rəngləri ilə bir-birindən fərqlənən evlərin ən oxşar cəhəti bacadan çıxan odun dumanı idi. O günü həyatımda ən maraqlı günlərdən biri idi".
-Yəni, həqiqətən də unudulmaz günlərdən biri olub, bəy? Bəs sizcə, indi xoşbəxtsiz?
- Bilirsiniz, xanım. Həyatda pulun olmağı hələ xoşbəxt olmaq demək deyil. Xoşbəxt olmaqçün ilk növbədə sevməyi, sevilməyi, sevdirməyi bacarmaq lazımdır. Bu gün mənim hər şeyim var, amma mən özümü xoşbəxt zənn etmirəm, çünki yanımda nə mənə dəstək olan atam, nə də mənə sevgi ilə qayğını daddıran anam var. Düşünürəm, bəlkə də əlində bir çörəklə hər axşam övladının, ailəsinin yanına sağ salamat gedən insan məndən daha xoşbəxtdir, kim bilir...”
Bəli, xoşbəxtlik əslində bu qədər asan əldə olunacaq bir məvhumdur. Lakin biz bunu necə əldə edəcəyimizi bilmirik. Xoşbəxtliyi bəzən birinin səbəbsiz gülüşündə, bəzən bir insanın davranışında, bəzən zəhmətkeş bir atanın əlinin qabarında, bəzən övladını fərəhlə məktəbə aparan ananın işıqlı gözlərində, bəzən də bir-birlərinə eşqlə yanaşan insanların duyğularında görmək mümkündür. Çalışaq, xoşbəxtliyi bu qədər saf, təmiz hisslərdə görməyi bacaraq.
Belə, əziz dost. Sənə də qəlbən xoşbəxt olmağı arzu edirəm.
Sağlıqla qal.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)


