Super User

Super User

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videorolik izlənilib.

Daha sonra tədbirdə çıxış edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, Mirvardi Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Nəsimi adına Dilçililik İnstitutunun dissertantı Nağdəli Zamanov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstanın Şərəf ordenli şairi Səadət Buta, Şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, əməkdar mədəniyyət işçisi aşıq Solmaz Kosayeva, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü aşıq Gözəl Kəlbəcərli, Odlar Yurdu Universiteti Filologiya fakültəsinin tələbəsi Səbinə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan yazıçılarına olan diqqət və qayğısından danışılıb. Qeyd olunub ki, Heydər Əliyev fəaliyyətinin birinci dönəmində milli əhəmiyyət daşıyan qərarların verilməsi, Azərbaycan yazıçılarının və ədəbiyyatşünaslarının yubiley tədbirlərinin keçirilməsi öz dövrü üçün böyük əhəmiyyət daşımaqla yanaşı, böyük ədəbi hadisəsi idi. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Ulu Öndər Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət və qayğı göstərmişdir. 

İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır.

Sonda aşıqların ifasında saz havaları səsləndrilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

QUBADA ƏDƏBİYYAT FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

 

 

5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Konfransı keçirilib. 

Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının ev sahibliyi etdiyi Konfransda ölkənin ədəbi elitası, gənc ədiblər, bölgə ədibləri bir araya gəliblər.

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətiriblər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıblar.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, tədbir konfrans iştirakçılarının Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin müşayiəti ilə ulu öndərin abidəsinə gül dəstələri qoymaları ilə başlayıb.

Sonra xüsusi olaraq konfrans üçün hazırlanmış “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş olunub.

Konfransın təşkilatçısı olan Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev konfransı açaraq tədbirin məramı və mahiyyətindən danışıb, çıxış üçün sözü Xalq yazıçısı, AYB-nin sədri Anara verib. Heydər Əliyev obrazını Azərbaycan ədəbiyyatında yaradan ilk iri həcmli əsərin - “Unudulmaz görüşlər”in müəllifi ümummilli lider barədə xatirələrini bölüşüb.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları salamlayaraq Heydər Əliyev şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərini diqqətə gətirib.

Xalq şairi Sabir Rüstəmxanlı ulu öndərin Azərbaycanın azadlıq və müstəqillik hərəkatına münasibətindən söz açıb, ardıcıl görüşləri barədə xatirələrini danışıb.

Heydər Əliyev barədə ən fundamental bədii və sənədli nümunələrin müəllifi, Xalq yazıçısı Elmira Axundova “Əbədiyaşar məhəbbət: Zərifə və Heydər Əliyevlər barədə” kitabının necə yaranmasından, ulu öndərlə ünsiyyətlərindən sğz açıb.

Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyev və Ana dilimiz”, 

Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”, 

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”; Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid “Sözün qədirbiləni”; Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”; Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Aran “Heydər Əliyevlə Yaponiyaya səfərimizin təəssüratları” mövzularında çıxışlar ediblər.

Konfransda habelə AYB Dramaturgiya bölməsinin müdiri Firuz Mustafa, Rəsul Rza mükafatı laureatı, professor Əlibala Məhərrəmzadə, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı, yazıçı, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, AYB Poeziya bölməsinin müdiri İbrahim İlyaslı, AYB Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylı ümummilli liderin sözün və söz adamlarının necə keşiyində dayanması barədə dolğun məruzələr söyləyiblər.

İki günlük Konfrans zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.

Kitabın redaktoru AYB katibi, Əməkdar İncəsənət Xadimi Elçin Hüseynbəyli “Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi barədə danışıb, kitabda xatirələri yer almış Sabir Restəmxanlı, Rəşad Məcid, Elçin İskəndərzadə xatirələrini dilə gətiriblər.

Konfransın gedişini Quba, Xaçmaz, Qusar bölgəsində yaşayıb yaradan yazarlar, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbələri də izləyiblər.

Konfrans günləri ərzində konfrans işçiləri Quba Soyqırımı Kompleksini də ziyarət ediblər.

Konfransın leytmotivini isə Xalq yazıçısı Anarın bu cümlələri ilə səciyyələndirmək olar: “Bugünkü nəsillərin, Heydər Əliyevin çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”.

 

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyev konfransla bağlı təəssüratlarını portalımızla bölüşüb: “Dünən və bu gün Qubanın  “Şahdağ Quba-Truskavets” sanatoriyası “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı möhtəşəm bir konfransa evsahibliyi etdi.

Başda Xalq Yazıçısı, AYB sədri Anar olmaqla bütün tədbir iştirakçılarına, o cümlədən  Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə, millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlıya, Xalq Yazıçısı Elmira Axundovaya, millət vəkilləri Jalə Əliyevaya, Aqil Abbasa, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə, Milli Kulturologiya elminin banisi, “Simurq” assosiasiyasının prezidenti, professor Fuad Məmmədova, AYB-nin Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Əbədi ömrün yüz ili” kitabını təqdim edən kitabın redaktoru, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə, Heydər Əliyevlə bağlı ən maraqlı xatirə danışan Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Arana, dəyərli qələm əhlinə, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbələrinə, eləcə də başda “Şahdağ Quba-Truskavets” sanatoriyasının sahibi, professor Əlibala Məhərrəmzadə olmaqla bütün sanatoriya kollektivinə dərin təşəkkürümü bildirirəm. 

Konfrans həqiqətən də alındı!

 

 

 

Bazar ertəsi, 08 May 2023 15:00

O, hər iki dünyada yaşamağı bacarır

Elman Eldaroğu yazır

 

Bu ilin sentyabr ayında insanların düşündüyü kimi, vəfatından 45 ötəcək. Hə, qoy elə bilsinlər. Hələlik isə, 113 yaşın tamam olur. Təbrik edirik. 

Düşünmə ki, ölmüsən. Səni də min ilin ölülərinə qatıb, unutmuşuq. Əsla, sən hələ də bizimləsən…

Xoşbəxt adamsan, vallah. Hər iki dünyada yaşamağı bacarırsan. Orada vəziyyətinin necə olduğundan xəbərsizəm, amma bu dünyada öz hörmətin, nüfuzun, şöhrətin var. Yaşadığın filimlərə kim baxırsa zövq alır. Haqqında o qədər xoş sözlər deyirlər ki, yəqin harada olduğundan asılı olmayaraq qulaqların cingildəyir…

Mələklərlə aran necədir, Bərzəxdə nə var, nə yox? İndi sizdə neçənci ildir, gecədir, yoxsa gündüz?..

Bağışla, sən Allah. Üzr istəyirəm, bəlkə də Səni yuxudan elədim. Mövludun mübarək, böyük İNSAN!..

Ehtiramla, bəndəniz.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz tibbə aiddir. Öskürəyin xəbərçisi olduğu qorxulu xəstəliklər barədədir.

 

 

"Öskürək heç də həmişə yoluxucu xəstəliyin əlaməti deyil". Bu barədə Rusiyanın əməkdar həkimi, pulmonoloq Aleksandr Karabinenko xəbərdarlıq edib. Onun sözlərinə görə, öskürək müxtəlif amillərlə əlaqələndirilə bilər, bu, bədənin xüsusi reseptorların qıcıqlanmasına qarşı qoruyucu reaksiyasıdır.

"Qıcıqlanmanın ən çox yayılmış səbəbi yuxarı və ya aşağı tənəffüs yollarının infeksiyasıdır. Xəstələr boğaz ağrısından, səsin xırıltısından şikayət edirlər. Öskürək nəfəs darlığı, çətin nəfəs almaqla müşayiət olunursa, bu, traxeya və bronxlar boyunca şişkinliyin göstəricisi ola bilər".

Həkimin sözlərinə görə, öskürəyin başqa bir səbəbi siqaret çəkməkdir.

"Siqaret çəkənlər təxminən 5 ildən sonra öskürməyə başlayırlar. Onlar, adətən səhər oyanıb boğazlarını təmizləyirlər. İnsan siqaret çəkəndə öskürək azalır, lakin bu, aldadıcı bir haldır. Siqaret çəkmək sonda xroniki bronxitə gətirib çıxarır. Ən əsası isə siqaret çəkənlərin əksəriyyətində xroniki obstruktiv ağciyər xəstəliyinə tutulma riski yaranır", - deyə Karabinenko izah edib.

O əlavə edib ki, bəzi dərmanlar da öskürəyə səbəb ola bilər.

"Bu öskürək adətən gecələr başlayır, bir neçə dəqiqə davam edir və dayandırmaq olmur. Simptomdan xilas olmaq üçün dərmanı ləğv etmək lazımdır", - deyə Aleksandr Karabinenko izah edib.

Həkimin sözlərinə görə, bəzən öskürək ürək-damar xəstəlikləri ilə əlaqəli olur.

"Xroniki ürək çatışmazlığı zamanı öskürək baş verir. Belə xəstələrdə öskürək daha ağır fəsadların - ağciyər ödemi və ürək astmasının xəbərçisi ola bilər. Perikardit də öskürəklə müşayiət oluna bilər", - deyə o xəbərdarlıq edib.

Karabinenkonun fikirlərinə portalımızın tibbi eksperti Ruslan Quliyevsə belə şərh verib: “Heç zaman həkimə müraciət etmədən öskürək dərmanı qəbul etmək olmaz. Əvvəlcə müayinədən keçmək, simptomun səbəbini təyin etmək və onu aradan qaldırmaq lazımdır".

 

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

 

Rəsm qalereyası: “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

Bazar ertəsi, 08 May 2023 14:20

Bəşər tarixinin 7 ən məşhur rəsmi

“Ədəbiyyat və incəsənət” portalı arts.com-a istinadən dünya mədəni irsinin qızıl fondunu təşkil edən 7 ən məşhur rəsm əsərini təqdim edir, o əsərləri ki, Qərbdə onları hansısa bir savadlı adamın tanımaması nöqsan hesab edilir.

 

1.”Ulduzlu gecə”. Van Qoq.

     Yerləşdiyi yer: Nyu-York, Müasir İncəsənət Muzeyi.

2.”Veneranın doğulması”. Sandro Bottiçelli.

     Yerləşdiyi yer: Florensiya, Uffitsi qalereyası.

3.”Mona Liza”. Leonardo da Vinçi.

    Yerləşdiyi yer: Paris, Luvr muzeyi.

4.”Adəmin yapılması”. Mikelancelo Buonarotti.

    Yerləşdiyi yer: Vatikan, Sikst kapellası.

5.”Sikst madonnası”. Rafael.

    Yerləşdiyi yer: Drezden, Əski Ustalar Qalereyası.

6. “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

    Yerləşdiyi yer: Paris, Orse muzeyi.

7.”Yerüstü həzzlər bağçası”, İeronim Bosx.

    Yerləşdiyi yer: Madrid, Prado muzeyi.

 

Fotolarda: .”Sikst madonnası”, ”Ulduzlu gecə”, “Günəşdə Ruan kilsəsi”.

 

Mayın 5-6-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Muzeyə

İstinadən xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə baş tutacaq.

Çağdaş dünyada hər bir xalqın mədəni özünəməxsusluğunu, milli-mənəvi dəyərlər sistemini, maddi irsini, tarixi yaddaşını qoruması qarşıda duran mühüm vəzifələrdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə, o cümlədən Azərbaycan xalqının milli kimliyinin mühafizəsi, adət-ənənələrinin yaşadılmasında muzeylərin rolunu nəzərə alaraq, onların inkişafı istiqamətində mühüm işlər görüb, sözügedən məsələləri siyasi fəaliyyəti müddətində daim ön planda saxlayıb.

Bunu nəzərə alaraq, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək konfransda “Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin dirçəldilməsində rolu”, “Etnik müxtəliflik və mədəniyyətlərarası dialoq”, “Xalq sənətkarlığının dirçəlməsində etnoqrafik muzeylərin rolu”, “Qloballaşma dövründə etnik mədəniyyətin əksi”, “Lokal etnik qrupların ənənəvi mərasim mədəniyyəti” mövzularını əhatə edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Beynəlxalq tədbirə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar qatılaraq elmi məruzələrlə çıxış edəcək.

İkigünlük konfransda akademik sessiyalarla yanaşı, qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Dünya Gənc Türk Yazarlar Birliyinin və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda mərhum şairə Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsi keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, çıxış edən hər kəs "Söz dünyamızın mənəvi anası Fərqanə Mehdiyevaya” rəhmət diləyərək böyük ehtiramla, dərin hüznlə andı. 

Müsabiqə qaliblərinə, müsabiqə iştirakçılarına Fəxri Fərman və müxtəlif hədiyyələr verildi. Mükafatçıları təqdim edirik:

 

Arzu Hüseyn  1-ci yer,

Gülnar Hüseynova  2-ci yer,

Səddam Laçın 3-cü yer.

 

Belə gözəl tədbirin araya-ərsəyə gəlməsində başda Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı  İntiqam Yaşar və Fərqanə Ədəbi Məclisinin təsisçisi Qabil Ədalət olmaqla, bütün əməyi olan hər kəs  dərin təşəkkürlər qazandı.

Əkbər Qoşalı, Ibrahim İlyaslı, Kənan Hacı, Vahid Aslan, Rəsmiyə Sabirdən ibarət Münsiflər heyəti bu ağır və olduqca məsuliyyətli işi öz üzərlərinə götürdükləri üçün, çəkdikləri əməyə görə bütün müsabiqə iştirakçıları adından alqışlar qazandılar. 

İştirakçılar bir ağızdan dedilər ki, bir daha Fərqanə Mehdini böyük ehtiramla anır, mərhum şairimizin övladlarına dərin hüznlə başsağlığı veririk!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

 

Yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.

Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 1-ci yerdə qərarlaşan lətifə təqdim olunur.

 

1-ci yer

Bir dəfə Moskvaya azyaşlı oğluyla qonaq gələn bir erməni Puşkinin heykəlinin önündə “Qazon Zaseyan” (ruscadan tərcüməsi öt örtüyü əkilmişdir) yazısını görəndə heykəlin önündə diz çökür, oğlunu da diz çökməyə vadar edərək deyir:

-Akop, bu heykəl erməni xalqının böyük oğlu Qazon Zaseyana qoyulub. Ona təzim eləmək borcumuzdur.

 

Xatırladaq ki, 3-5-ci yerlərdə bu lətifələr qərarlaşıb.

 

5-ci yer:

 

Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.

Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:

-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?

Pərt olan tenor söyləyir:

-Mən Karuzoyam. Tanımadız ki məni?

Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.

-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:

-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş. 

 

4-cü yer:

 

Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır. 

Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:

- Ustad, mən necə kamança çalıram...?

Habil Əliyev gülümsəyərək deyir:

- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.

 

3-cü yer

 

Temza çayının sahili ilə axşam gəzintisinə çıxan Şerlok Holmsla Doktor Vatson suların qoynunda çabalayaraq onlara əl eləyən bir qadın görürlər. 

Onlar da öz növbələrində centlimencəsinə qadına əl eləyirlər. 

 

2-ci yer

Hüseyn  Arif  yazar dostlarından birinin övladı ilə görüşüb hal-əhval tutur:

- Nə var nə yox, atan necədir?

- Çox sağ olun, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardılar.

Dostunun övladı gözləyir ki, Hüseyn Arif ona ürək-dirək verəcək. Amma əvəzində qəribə “təskinlik” eşidir:

- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.